Məhkəmə qərarları › İş №1(001)-240/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-240/2023

12.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-240/2023 12.04.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs, xx.xx.1969-cu il tarixdə Əlibayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Əli Bayramlı şəhər Məhkəməsinin 01 noyabr 2002-ci il tarixli hökmünə əsasən AR CM-nin 234.2-ci maddəsi ilə təsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum edilmiş, hal-hazırda məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, döngə 7 ünvanında yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci (təsviri-əsaslandırıcı hissədə CM) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Binəqədi Rayon Məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə etmiş, üzərində saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 26 oktyabr 2022-ci il tarixdə saat 04:30 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən, 18-ci korpus, «Nicat» marketin yanında istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroin əldə edib, özündə saxlayaraq daşımış, xx.xx.2022-ci il tarixdə saat 05:00-da Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən, 18-ci korpus, «Nicat» marketin yanında Binəqədi RPİ-nin 43-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı saxlanılaraq ünvan 3 ünvanında yerləşən Binəqədi RPİ 43-cü PB-nin inzibati binasına gətirilmiş, orada onun üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 0,795 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə verən Təqsirləndirilən şəxs CMnin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 26 oktyabr 2022-ci il tarixdə saat 05:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən, 18-ci korpus, “Nicat” marketin yaxınlığında piyada gedən zaman iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özlərini təqdim etmişlər və üzərində narkotik vasitə və psixotrop maddə olmasından şübhə edildiyi üçün üzərinə şəxsi axtarış aparılması məqsədi ilə onu Binəqədi RPİ-nin 43-cü PB-yə dəvət etmişlər. Bundan sonra onun razılığı ilə Binəqədi RPİ-nin 43-cü PB-yə aparılmışdır. Orada ona müdafiəçi təqdim edilmiş və müdafiəçinin iştirakı ilə hüquq və vəzifləri izah edilmişdir.Bundan sonra öz razılığı ilə müdafiəçinin iştirakı olmadan video çəkiliş vasitəsilə üzərinə baxış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərində olan geyimində qeyri-qanuni əşyanın olubolmadığı soruşulduqda o, əynində olan qara rəngli cins salvarın sağ yan cibindən bir ədəd şeffaf rəngli sellofan bükülünü masanın üzərinə qoymuşdur.Bundan sonra ona üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edildikdə, o, üzərində hər hansı bir əşya olmadığını bildirmişdir.Sonra üzərinə baxış keçirilmiş, lakin üzərindən başqa heç nə aşkar olunmamışdır.Ondan üzərindən aşkar olunan bükülüdə nə olduğu soruşulduqda o, həmin sellofanda narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitə olan heroini xx.xx.2022ci il tarixdə saat 04:30 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən, 18-ci korpus, “Nicat” marketin yanında tanımadığı şəxsdən 20 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir.Bundan sonra üzərindən aşkar edilmiş büküm zərfə qoyularaq qablaşdırılmış, bu barədə protokol tərtib edilmiş, zərfin üzəri və protokol tərəfindən imza edilmişdir.Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs təqsirini etiraf etməsini, əməlindən səmimi peşman olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Binəqədi rayon polis idarəsinin 43-cü polis bölməsində əməliyyat müvəkkili, polis leytenantı Şahid1 bildirmişdir ki, Binəqədi rayon polis idarəsinin 43-cü polis bölməsinə Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitələrin gəzdirməsi, istifadə etməsi və saxlaması barədə etimad doğuran və qərəzsiz mənbədən məlumat daxil olmuşdur.Təqsirləndirilən şəxs cinayət əməlinin digər təhqiqat üsulları ilə ifşa edilməsi mümkün olmadığından, şəxsin cinayət başında yaxalanmasının təmin edilməsindən ötrü «Əməliyyat-axtarış fəaliyyəti» haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əməliyyat tədbirinin keçirilməsi zərurəti nəzərə alınaraq 26 oktyabr 2022-ci il tarixli qərar qəbul edilməklə, 43cü polis bölməsinin rəisi, polis polkovnik-leytenantı Nəriman Bayramov tərəfindən 26 oktyabr 2022-ci il tarixdə təsdiq edilmiş, əməliyyat qrupunun tərkibi müəyyən edilməklə Binəqədi RPİ-nin 43-cü PB-nin sahə inspektoru, polis kapitanı Şahid2 həmin qrupa daxil edilmişdir.Sahə inspektoru Şahid2lə birlikdə 26 oktyabr 2022-ci il tarixdə saat 05:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən, 18-ci korpus, “Nicat” marketin yaxınlığında Təqsirləndirilən şəxs görüb bir qədər onu gizli müşahidə edib əlverişli şərait yarandığı üçün ona yaxınlaşıb özlərini ona təqdim edib polis əməkdaşı olduqlarını bildirmişdilər.Bundan sonra onlar Təqsirləndirilən şəxs üzərində narkotik vasitə daşımasında şübhəli olduğunu deyərək onu saxlayıb 43-cü polis bölməsinə gətirmişdirlər.Bu barədə polis bölməsinin rəisi, polis polkovnik-leytenantı Nəriman Bayramovun adına raport tərtib edərək, bölmə rəisinin göstərişi əsasında Təqsirləndirilən şəxs Binəqədi RPİ-nin 43-cü PB-nin təhqiqatçısı, polis mayoru Rza Nəzərova təhvil vermişdilər.X5 tərəfindən müdafiəçi və videoçəkilişin aparılması üzrə mütəxəssis dəvət edilərək, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, bundan sonra təhqiqatçı tərəfindən bütün iştirakçıların hüquqları izah edilməklə, videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs şəxsi axtarışı aparılmışdır.Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir.Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins salvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükülünü masanın üzərinə qoymuşdur.Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edilmiş, o, üzərində hər hansı bir əşya olmadığını bildirmişdir.Bundan sonra Təqsirləndirilən şəxs üzərində ümumi axtarış aparılmağa başlanılmış, lakin hər hansı bir əşya aşkar edilməmişdir.Sorğu sual zamanı Təqsirləndirilən şəxs bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükümün içərisində narkotik vasitə heroin olduğunu, həmin bükümü həmin gün təxmini saat 04:30 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən, 18-ci korpus, “Nicat” marketin yanında tanımadığı şəxsdən 20 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir.Bundan sonra həmin büküm zərfə qoyulmuş, zərfin ağzı möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanmışdır.Bu barədə protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında ifadəsi elan olunan şahid Binəqədi RPİ-nin 43-cü PB-nin sahə inspektoru, polis kapitanı Şahid2 ifadəsinə əsasən məlum olur ki, o, eyni məzmunlu ifadə verərək digər Şahid1 göstərdiklərini təsdiq etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/6219 nömrəli rəyinə əsasən məlum olur ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs üzərindən götürülmüş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №243” dairəvi möhür əksi, “1.Şübhəli şəxs(imza)...” sözləri, soyad və imzalar olan bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi – 0,795 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə -heroindir.Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində döyriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına (Siyahı İ) daxildir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 Şəxsin keçirilmiş məhkəmə narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 6429 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur.Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır.Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Əli-Bayramlı şəhər Məhkəməsinin xx.xx.1997-ci il tarixli hökmü ilə AR CM-nin 226-1-ci maddəsinin 1-ci hissəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Əli- Bayramlı Rayon Məhkəməsinin xx.xx.2002-ci il tarixli hökmü ilə AR CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, hal-hazırda məhkumluğu ödənilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi məhkəmə iclasında tədqiq olunmuş sübutlar məcmusu ilə tam sübuta yetirilmişdir. Bu isə onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq təqsirləndirilən şəxsin əməli CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini etiraf etməsini, törətdiyi cinayət əməlindən səmimi peşman olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxsə məhz hansı növ cəzanın təyin olunmasını müzakirə edərək CM-nin 234.1-ci maddəsinin sanksiyasına uyğun olaraq azadlığın məhdudlaşdırılması cəzası təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Belə ki, iş materiallarından görünür ki, təqsirləndirilən şəxs təqsirini etiraf edir, əməlindən səmimi peşmandır, əməlində cəzanı ağırlaşdıran hallar isə ümumiyyətlə, yoxdur.Məlum olduğu kimi, Azərbaycan Respublikasında cəza siyasətinin humanistləşdirilməsi məqsədilə aparılan islahatlar çərçivəsində 20 oktyabr 2017-ci il tarixli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə bir sıra dəyişikliklərin edilməsi barədə qanuna əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasına cəza növü olaraq bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması cəzası əlavə edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarında göstərilmişdir ki, cinayət qanunun sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı, başqa daha yüngül cəza tədbiri tətbiq etmənin mümkünlüyünü nəzərdə tutursa, məhkəmə hökmündə nə üçün müttəhimə məhz azadlıqdan məhrum etmə cəzasının tətbiq olunmasının əsasları göstərilməlidir. Eyni mövqe, Azərbaycan Respublikası Ali Məhkəməsinin «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında da təsbit olunmuşdur.Belə ki, həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır.Məhz həmin qərarda göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir.Baxılan cinayət işi üzrə isə məhkəmə cəzanı yüngülləşdirən halların məcmusunu və heç bir cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq təqsirləndirilən şəxsə məhz azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə uyğun hesab etmişdir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 26 oktyabr 2022-ci il saat 05.50 tarixdən 28 oktyabr 2022-ci il saat 10.45 tarixədək tutulduğu 02 (iki) gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə 01 (bir) günə 02 (iki) gün olmaqla təyin edilmiş cəzadan çıxılmalı və ona qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir.Belə ki, iş materiallarında olan Binəqədi RPİnin 43-cü PB-nin təhqiqatçısı, polis mayoru Rza Nəzərov tərəfindən qəbul edilmiş 26 oktyabr 2022-ci il tarixli qərara əsasən məlum olur ki, Təqsirləndirilən şəxs 26 oktyabr 2022-ci il saat 05.50 tarixdə tutulmuşdur.Həmçinin, Binəqədi rayon prokuroru, baş ədliyyə müşaviri Fuad Məmmədov tərəfindən qəbul olunmuş 28 oktyabr 2022-ci il tarixli qərara əsasən məlum olur ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqin vəsatətinin müdafiəsindən imtina edilmiş, 28 oktyabr 2022-ci il tarixdə saat 10.45-də o, tutulmadan azad edilmiş və həmin tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşadığı – Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, döngə 7 yerləşən fərdi yaşayış evdə çəkməli və təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməlidir. Eyni zamanda, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 06.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə yaşadığı Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyəcəyi və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilməlidir. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs narkomanyadan məcmuri müalicəyə ehtiyacı olduğuna görə ona narkomaniyadan məcmuri müalicə təyin olunmalı və qeydiyyatda olduğu yerin narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Həmçinin, CPM-nin 353.4.11-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan və Binəqədi RPİ-də saxlanılan narkotik vasitə heroinin 0,745 qram olan qalığı məhv edilməli və iş üzrə maddi sübut - təqsirləndirilən şəxsin üzərinə baxış keçirilməsinə dair görüntüləri özündə əks etdirən 1 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin, CPM-nin 353.4.10-cu maddəsinə əsasən iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 55 (əlli beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, müdafiçəsi məhkəmə prosesində təyinatla iştirak etdiyindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli Qərarına əsasən hüquqi yardımın göstərilməsinə görə, hər iş saatı üçün 6 manat miqdarında Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesabına keçirilməlidir. Müəyyən edilir ki, Müdafiəçi hazırki iş üzrə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı 40 saat vaxt sərf etmişdir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 318.1, 344-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 02 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs 26 oktyabr 2022-ci il saat 05.50 tarixdən 28 oktyabr 2022-ci il saat 10.45 tarixədək tutulduğu 02 (iki) gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə 01 (bir) günə 02 (iki) gün olmaqla təyin edilmiş cəzadan çıxılsın və ona qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşadığı - Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, döngə 7 ünvanında yerləşən fərdi yaşayış evində çəksin. Təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 06.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə yaşadığı Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat erməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, qeydiyyatda olduğu yerin narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Binəqədi RPİ-də saxlanılan narkotik vasitə olan heroinin 0,745 qram qalığı məhv edilsin. İş üzrə maddi sübut - 01 ədəd təqsirləndirilən şəxsin üzərinə baxış keçirilməsinə dair görüntüləri özündə əks etdirən CD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 55 (əlli beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına - VÖEN **********, X2 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilsin. Cinayət işi üzrə Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı sərf etdiyi 40 saat hüquqi xidmətin dəyəri 240 (iki yüz qırx) manat "xxxx"ASC-nin Binəqədi filialına (kod 200156,VÖEN **********, m/hAZ37NABZ**********00********. S.W.İ.F.T.B.İ.K:AİİBAZ2X,hesab№AZ48AİİB********************, VÖEN-1000 597151) Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar