Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-241/2024 01.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2001-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi PX-in Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edib daşıyaraq üzərində saxlamışdır. Belə ki, o, şəxsiyyəti istintaq məlum olmayan şəxsdən 10 manata satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda 0, 973 qram çəkidə narkotik vasitə heroini əldə edib daşıyaraq üzərində saxlamış, 03 noyabr 2023-cü il tarixdə saat 14.30- da Binəqədi RPİ-nin 7-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr, Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin qarşısında saxlanılaraq ünvan 2 ünvanında yerləşən Binəqədi RPİ 7-ci PB-nə gətirilib orada şübhəli şəxs qismində tutulduqdan sonra üzərinə baxış keçirilən zaman əynindəki göy rəngli cins şalvarın sol arxa cibindən bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,973 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Zərifə Əliyeva adına xəstəxananın yaxınlığında svetofordan sol tərəfdə yolun qırağında dayanarkən iki maşın ona yaxınlaşmış, ondan üzərində narkotik vasitə olub-olmamasını soruşmuşlar. O, üzərində narkotik vasitə olmadığını dedikdə ona inanmayıb, polis bölməsinə aparmışlar. Onun saxlanılma vaxtı xx.xx.2024-cü il saat 14:30 olaraq qeyd edilsə də, həmin tarixdə lakin başqa saatda saxlanılımışdır. Onu təxminən saat 12 və ya 12:30 radələrində saxlayıb polis bölməsinə aparmışlar. O, bölmədə olarkən ona təzyiq olunmuş, daha sonra müvəqqəti saxlanma yerinə aparılmışdır. Polis bölməsində olarkən onu narkotik vasitə istifadəçisi kimi sənədləşdirəcəklərini demişlər. Sonra onu müvəqqəti saxlanma yerindən prokurorluğa aparmışlar, yenidən müvəqqəti saxlanma yerinə aparıb daha sonra məhkəməyə gətirmişlər. Məhkəməyə aparan zaman ona məhkəmədə 48 saat tamamlandığında evə buraxılmasını, sonra yenidən məhkəməyə gəlməsini deməyi tapşırmışlar. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, narkotik vasitə istifadəçisidir, narkotik vasitələrdən heroin istifadə edir. O, narkotik vasitələrdən bir gündən bir istifadə etmişdir. Onun elə maddi imkanı yoxdur ki, 3 gün qabaq üçün də narkotik vasitə əldə edib saxlasın. O, narkotik vasitəni tanımadığı şəxslərdən 10 manat almış, lakin saxlanıldığı gün almamışdır. Saxlanıldıqdan sonra ona təzyiq edilmiş, 4-5 nəfər tərəfindən döyülmüşdür. Onu məhkəməyə gətirəndə buraxılcağını vəd etmişlər, o, da həmin vədə inanmışdır. Onun ailə üzvlərinə bu barədə məlumat verilməmişdir. Ona polis bölməsində çox çəkidə olan narkotik vasitəni üzərinə götürməsini demişlər. O, da razılaşmadığı üçün onu 3 saat döymüşlər. O, məhkəmədən barəsindən bəraət hökmünün çıxarılmasımı xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Bakı şəhəri Binəqədi RPİ-nin 7-ci PB-nin cinayət axtarışı üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə polis bölməsinə Təqsirləndirilən şəxs narkotik vasitələrdən qanunsuz istifadə etməsi ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında Zərifə Əliyeva adına göz xəstəxanasının yaxınlığında Təqsirləndirilən şəxs tərəflərindən saxlanılaraq 7-ci polis bölməsinə gətirilmişdir. Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış zamanı üzərindən şəxsi istifadəsi üçün aldığı narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs polis bölməsinə gətirilərkən heç bir tabesizlik göstərməmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir zorakılıq hərəkətlərinə yol verilməmişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs saxlanılan zaman çaşqın vəziyyətində olmuş, sonradan nəyə görə saxlandığını başa düşmüşdür. Təqsirləndirilən şəxs özü etiraf etmişdir ki, narkotik vasitəni üzərində saxlamışdır. Onlar tərəfdən Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki və psixi təsir göstərilməmişdir. Təqsirləndirilən şəxs saxlanılan zaman tək olmuşdur. Təqsirləndirilən şəxs saxlanılmasında ondan başqa əməliyyat müvəkkili Hüseyin İbişov iştirak etmişdir. Təqsirləndirilən şəxs tərəfindən heç bir müqavimət göstərilməmişdir. Narkotik vasitə Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın cibindən aşkar edərək götürmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid2 əlavə ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs saxlanılmasında 2 nəfər iştirak etmişdir. Onun istifadəsində 3 mobil telefon olmuşdur. ***-***-**-** saylı mobil nömrə onun istifadəsində olmuş, lakin Təqsirləndirilən şəxs saxlanılan zaman mobil telefonu xarab olmuşdur. Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra vəkillə, video çəkilişlə təmin olunmuşdur. O, bu günə qədər polis bölməsində kiməsə zor tətbiq olunduğunu görməmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən o, orada olmuş, sonuncunun əynində göy rəngli cins şalvarda olmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Bakı şəhəri Binəqədi RPİ-nin 7-ci PB-nin cinayət axtarışı üzrə əməliyyat müvəkkili, polis leytenantı X5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə polis bölməsinə daxil olmuş əməliyyat məlumatı əsasında xx.xx.2023-cü il tarixdə saat 14 radələrində Təqsirləndirilən şəxs tərəflərindən Zərifə Əliyeva adına göz xəstəxanasının yaxınlığında saxlanılmışdır. Onlar Təqsirləndirilən şəxs yaxınlaşıb, özlərini təqdim etmiş, həmçinin özünü təqdim etməsini bildirmişlər. Təqsirləndirilən şəxs özünü təqdim etdikdən sonra Binəqədi RPİ-nin 7-ci polis bölməsinə gətirmişlər. Polis bölməsində Təqsirləndirilən şəxs üzərində videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanın Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol arxa cibindən qəhvəyi rəngli tozşəkilli maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs üç ildir ki, narkotik vasitələrdən istifadə etdiyini bildirmişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, əməliyyat məlumatında Təqsirləndirilən şəxs narkotik vasitələrin həm satışı ilə məşğul olması, həm də istifadə etməsi qeyd edilmiş, lakin satışla bağlı hər hansı sübut müəyyən edilməmişdir. Onlar tərəfdən Təqsirləndirilən şəxs qarşı hər hansı bir fiziki və psixi təsir olmamışdır. Təqsirləndirilən şəxs Zərifə Əliyeva adına göz xəstəxanası ilə üzbəüz yerləşən parkın qarşısında saxlanılmışdır. Onlar Təqsirləndirilən şəxs xx.xx.2023cü il tarixdə saat 14 radələrində saxlamışlar. Saxlanıldıqdan sonra ayağında elektron qolbaq olduğunun müəyyən etmişlər. Əməliyyat zamanı onun üzərində olan mobil telefonun nömrəsi ***-***-**-** olmuşdur. Həmin mobil telefon və nömrə ona məxsus olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə heroin əldə edərək üzərində saxlaması barədə Binəqədi RPİ-nin 7-ci PB-yə daxil olmuş məlumat əsasında sonuncunun müəyyən edilib ifşa edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır. xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 03 noyabr 2023cü il tarixdə 14:30-dan şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Binəqədi RPİ-nin 7-ci PB-nin inzibati binasında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılan zaman, sonuncunun əynindəki tünd göy rəngli cins şalvarın sol arxa cibindən şəffaf sellofan bükülmüş 01 ədəd büküm aşkar edilərək götürülmüşdür. xx.xx.2023-cü il tarixli, 3-16-16/2-6/5890 nömrəli Məhkəmə Ekspertizası Mərkəzinin rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 176” dairəvi möhür əksləri olan, “imza Təqsirləndirilən şəxs” və digər ad, soyad, imzalar qeyd edilmiş bir ədəd zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,973 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin”in İ siyahısına daxildir. Qeyd: Heroinin təmiz çəkisi – 0,973 qram, tədqiqata sərf olundu – 0,050 qram, qalıq – 0,923 qram. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(001)- 1113/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətə həbs qətimkan tədbiri seçilərək, həbsdə saxlanılma müddətinin əvvəli 03 noyabr 2023-cü il tarixdən hesablanmışdır. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən, eləcə də müvafiq hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(007)-482/2023 nömrəli hökmü ilə CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, CM-in 69.3-cü maddəsinə əsasən qəti olaraq 2 (iki) il 2 (iki) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş diskdən görünür ki, Binəqədi RPİ-nin 7-ci PB-nin inzibati otağında Təqsirləndirilən şəxs üzərində aparılan şəxsi axtarış və götürmə zamanı sonuncuya üzərində olan əşyaları təqdim etməsi təklif olunmuş, o, əynindəki göy rəngli cins şalvarın sol arxa cibindən şəffaf sellofana bükülmüş 01 ədəd bükümü çıxarıb təqdim etmiş, həmin bükülünün içərisində “kakos” adlanan narkotik vasitə olduğunu bildirmiş, bundan başqa Təqsirləndirilən şəxs üzərindən heç bir qanunsuz əşya və ya maddə aşkar edilməmişdir. xx.xx.2023-cü il tarixli, 7916 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar edilir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Bakı şəhər Probasiya İdarəsinin xx.xx.2024-cü il tarixli, 21-1/3863-16nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(007)-482/2023 nömrəli hökmü ilə məhkum olunduğu olaraq 2 (iki) il 2 (iki) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını xx.xx.2023cü il tarixə qədər 19 gününü çəkmiş, olaraq 2 (iki) il 2 (iki) ay 7 (yeddi) gün çəkilməmiş cəzası qalmışdır. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş təmiz çəkisi 0,973 qram olan narkotik vasitə heroin iş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra heroinin 0,923 qram qalmış qalığı saxlanılması üçün Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilmiş, şəxsi axtarış və götürmə zamanı qeydə alınmış video görüntülərin köçürüldüyü 1 (bir) ədəd disk sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(001)-88/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 20 gün müddətinə uzadılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Probasiya Xidmətinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(007)-482/2023 nömrəli hökmü ilə 2 (iki) il 2 (iki) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs xx.xx.2023cü il və xx.xx.2023-cü il tarixlərdə izləmə məlumatları barədə elektron nəzarət sistemindən çıxarışlar məhkəməyə təqdim edilmiş və baxış zamanı iş üçün əhəmiyyət kəsb edən mühüm hallar aşkar edilməmişdi. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 may 2024-cü il tarixli 1(001)- 241/2024 saylı qərarı ilə xx.xx.2023-cü il tarixə saat 00:01-dən 23:59-a qədər olan müddət ərzində X3 istifadəsində olan ***-***-**-** və Şahid2 istifadəsində olan ***-***-**-** nömrəyə dair anten məlumatları ələ keçirilməsi qərara alınmış, qərarın icrası aidiyyəti üzrə "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC-yə həvalə edilmişdir. Binəqədi RPİ-dən məhkəməyə təqdim edilmiş “Şəhər, rayon xətt polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyatı” kitabından, Binəqədi RPİ-nin MSY-yə gətirilmiş şəxslərin qeydiyyatı kitabından müvafiq səhifələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs Akid oğlu xx.xx.2024-cü il tarixdə saat 14:45-də Binəqədi RPİ-nin 7-ci polis bölməsinə gətirilmiş, həmin gün saat 17:45-də Binəqədi RPİ-nin MSY-yə təhvil verilmişdir. "xxxx" MMC-dən daxil olmuş xx.xx.2024-cü il tarixli məktubla X3 istifadəsində olan ***-***-**-** saylı nömrə ilə bağlı məlumatlar məhkəməyə təqdim edilmiş və baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hallar aşkar edilməmişdi. "xxxx" MMC-dən daxil olmuş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, ***-***-**- ** və ***-***-**-** saylı mobil nömrələr sorğulanan tarixdə "xxxx" şəbəkəsində istifadə edilməmişdir. "xxxx" MMC-dən daxil olmuş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, ***-***-**- ** saylı mobil nömrələr sorğulanan tarixdə "xxxx" şəbəkəsində istifadə edilməmişdir. Bakı İstintaq Təcridxanasından daxil olmuş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına daxil olmuş və təlimata uyğun olaraq təcridxananın Tibb-sanitar hissəsində ilkin tibbi müayinədən keçirilərək onun adına tibbi kitabça açılmışdır. Müayinə zamanı bədənində xəsarət aşkar edilməmiş, hər iki yuxarı və aşağı ətrafda, hər iki qasıq büküşündə postinyeksion döyənək müşahidə olunmuşdur. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ibtidai istintaq və məhkəmə istintaqı zamanı verfdikləri ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək, üzərindən aşkar edilmiş narkotik vasitənin ona məxsus olmaması və polis bölməsində törətmədiyi cinayəti etiraf edilməyə məcbur edilməsi barədə ifadəsinə məhkəmə hüquqi qiymət verilməsini zəruri hesab edib qeyd edir ki, istintaq hərəkətlərinin aparılması haqqında protokolların və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutların qarşılıqlı şəkildə tədqiqi belə qənaətə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs tərəfindən elan edilmiş ittiham üzrə öz hərəkətlərinin faktiki xarakterini dərk edərək cinayətin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və təqsirləndirilən şəxsin məhkəmə araşdırması zamanı heç bir mötəbər hala əsaslanmayan ifadəsi ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Yəni başqa sözlə desək, ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihamda göstərilən cinayət əməlini törətməsi məhkəmə tərəfindən tədqiq edilmiş sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı elan edilmiş ittihamda 01 noyabr 2023cü il tarixdə günorta saatlarında Bakı şəhəri, «Kubinka» adlanan ərazidə şəxsiyyəti istintaq məlum olmayan şəxsdən 10 manata satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda 0, 973 qram çəkidə narkotik vasitə heroini əldə edib daşıyaraq üzərində saxlaması göstərilsə də, məhkəmə istintaqı zamanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Probasiya Xidməti tərəfindən təqdim edilmiş məlumatlara Təqsirləndirilən şəxs qeyd edilən tarixdə «Kubinka» adlanan ərazidə olmadığı müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadə verərkən üzərindən aşkar edilmiş narkotik vasitəni xx.xx.2023-cü il «Kubinka» adlanan ərazidə tanımadığı şəxsdən 10 manata aldığını bildirdiyinə görə ona elan edilmiş ittihamda qeyd edilən xüsusat əks edilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə «Kubinka» adlanan ərazidə olmaması və üzərindən aşkar edilmiş narkotik vasitəni qeyd edilən ünvanda əldə etməməsi ona CM-in 234.1-ci maddəsi elan edilmiş ittihamın əsaslı olmasını şübhə altına ala bilməz. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahının təsdiq edilməsi haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş siyahıdan görünür ki, heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qramdan 2 qramadək müəyyənləşdirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(007)-482/2023 nömrəli hökmü ilə məhkum edildiyi azadlığın məhdudlaşdırılması cəzasını tam çəkməmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(007)-482/2023 nömrəli hökmü ilə təyin edilmiş cəza azadlıqdan məhrum etmə cəzası ilə bağlı olmadığından CM-in 18.4.4-cü maddəsinə əsasən onun əməlində cinayətlərin residivi yoxdur. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (əvvəllər məhkum olunmasını və həmin məhkumluq üzrə cəzanı çəkməməsini), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Belə ki, məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Bununla yanaşı məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, CM-in 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(007)-482/2023 nömrəli hökmü ilə məhkum olunduğu və çəkilməmiş 2 (iki) il 2 (iki) ay 7 (yeddi) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının iki günü, azadlıqdan məhrum etmə cəzasının bir gününə, yəni 1 (bir) il 1 (bir) ay 3 (üç) gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmalı və CM-in 67.1-ci maddəsinə əsasən həmin cəza hazırkı hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. CM-in 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 03 noyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(001)-1113/2023 nömrəli qərarı ilə barəsində 03 ay müddətə həbs qətimkan tədbiri seçilərək, həbsdə saxlanılma müddətinin əvvəli 03 noyabr 2023-cü il tarixdən hesablanmış və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(001)-88/2024 nömrəli qərarı ilə həbsdə saxlama müddəti 20 gün müddətinə uzadılmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs 03 noyabr 2023-cü il tarixdən hazırkı vaxtadək həbsdə saxlanılmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti ona təyin olunacaq cəza müddətə daxil edilməli və cəza müddətinin əvvəli 03 noyabr 2023-cü il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CM-in 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Odur ki, CM-in 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 0,923 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197 və 198-ci maddələrinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 89 (səksən doqquz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 55 (əlli beş) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 55 (əlli beş) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 55 (əlli beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 330 (üç yüz otuz) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(007)-482/2023 nömrəli hökmü ilə məhkum olunduğu və çəkilməmiş 2 (iki) il 2 (iki) ay 7 (yeddi) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının iki günü, azadlıqdan məhrum etmə cəzasının bir gününə, yəni 1 (bir) il 1 (bir) ay 3 (üç) gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən həmin cəza hazırkı hökmlə təyin edilmiş 1 (bir) il azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilsin və Təqsirləndirilən şəxs qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli 03 noyabr 2023-cü il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 0,923 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 89 (səksən doqquz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X2 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ **********0000003944 S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 55 (əlli beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 330 (üç yüz otuz) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №1(001)-241/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-241/2024
01.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver