Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-242/2024 09.07.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş (zərərçəkmiş) şəxs X7 nümayəndəsi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, barəsində xüsusi ittiham qaydasında şikayət verilən (təqsirləndirilən) şəxs X2, müdafiəçi Şəmkir rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, himayəsində iki azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 148-ci maddəsi ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Xüsusi ittiham qaydasında şikayət ərizəsindən görünür ki, barəsində xüsusi ittiham qaydasında şikayət etdiyi X6 ilə əvvəllər evli olmuşdur. Binəqədi Rayon Məhkəməsinin 2(001)-1492/2023-008 nömrəli qətnaməsi ilə aralarında olan nikah pozulmuşdur. Barəsində şikayət verilən şəxs X6 tərəfindən İnstagram internet resurslarında onun barəsində müxtəlif xarakterli, o cümlədən təhqir edici məlumatlar yaymaqla cinayət törətmişdir. Həmin məlumatlarda şərəf və ləyaqətini ləkələyən, işgüzar nüfuzuna xələl gətirən məlumatlarla yanaşı, təhqir xarakterli məlumatlar da yer almışdır. Buna görə o, cinayət məsuliyyətinə cəlb olunmalıdır. Hesab edir ki, o, CM-in 148-ci maddəsi ilə məsuliyyətə cəlb edilməlidir. Belə ki, xx.xx.2024-ci il tarixdə barəsində İnstagram internet informasiya ehtiyatının şəxsi səhifəsində “mənim keçmiş ərim Vasif insan deyil, kişi deyil” ifadəsi ilə barəsində şikayət verilən şəxs X6 onu təhqir etmişdir. Dəfələrlə bu işlərdən uzaq durmasını, belə qanunsuz hərəkətlərə yol verməməsi üçün onu xəbərdar etmişdir. Lakin o, daha da irəli gedərək, eyni təhqiredici məlumatları müxtəlif ictimai yerlərdə yaymaqla cinayət törətməkdə davam etmişdir. Hesab edir ki, bu böhtanlar ona qanunsuz təsir etmək məqsədini güdür. Ona görə də, xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Barəsində yayılan təhqir xarakterli məlumatların X6 tərəfindən yayılması aşkar və mübahisəsiz şəkildə də məlumdur. Hesab edir ki, yuxarıda qeyd olunanlara əsasən barəsində şikayət etdiyi şəxsin əməlində CM-in 148-ci maddəsində nəzərdə tutulmuş təhqir cinayətinin tərkibi vardır. Təhqir cinayətinə görə məsuliyyəti yalnız təhqir məzmununu təşkil edən məlumatları yayan şəxs daşıyır. Bu cinayətin motivi müxtəlif ola bildiyindən hansı səbəbdən İnarənin onu təhqir etməsinin əhəmiyyəti yoxdur. Ona görə də, hazırkı cinayətin motivi əməlin tövsifinə təsir göstərmir. Onun təhqir cinayətini törətməsi mötəbər sübutla təsdiq edilir. Məhkəmə iclasında barəsində barəsində xüsusi ittiham qaydasında şikayət verilən (təqsirləndirilən) şəxs X6 ifadəsində bildirmişdir ki, xüsusi ittiham qaydasında ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilmir və ona şər atılmışdır. Ona görə də, məhkəmədən ona bəraət verilməsini xahiş etmişdir. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş (zərərçəkmiş) şəxs X13 ifadəsində X2 cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Həmçinin ona verilən suala cavab olaraq bildirmişdir ki, təhqir yazısından sonra İnarəni görməmiş və bu məsələ ilə bağlı onunla danışmamışdır. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş (zərərçəkmiş) şəxs X7 nümayəndəsi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 bildirmişdir ki, təqsirləndirlən şəxs və zərərçəkmiş şəxs əvvəllər nikah münasibətində olmuşlar. Biri qız, biri oğlan olmaqla 2 övladları vardır. Binəqədi Rayon Məhkəməsinin qətnaməsi ilə aralarındakı ailə münasibətləri pozulmuşdur. Aralarında əmlakın bölünməsi ilə bağlı mübahisələr yaranmışdır. Belə ki, verilən borcun qaytarılması ilə bağlı iddia qaldırılmış, Binəqədi Rayon Məhkəməsinin qətnaməsi ləğv edilmişdir. 1 gün sonra təqsirləndirlən şəxs öz İnstagram səhifəsində təhqiramiz ifadələr yaymışdır. Bunu da ortaq tanış olan şəxslər görmüş və bununla maraqlanmışlar. Ondan sonra xüsusi ittihamçı məcbur qalıb, bu barədə şikayət vermişdir. İnstagram səhifəsinin əvvəlki “İnaraslanov” olmuş, nikah pozulduqdan sonra “İnaraimrani” olaraq dəyişdirmişdir. Məhkəməyə şikayət verilərkən, İnstagram səhifəsi ümumiyyətlə silinmişdir. Təqsirləndirilən şəxs bunu qəbul etməsə də, şahidlər var və bunu təsdiq edəcəklər. Bu o demək deyildir ki, İnarənin İnstagram səhifəsi silinibsə, hadisə baş verməmişdir. Çünki İnstagram sosial şəbəkədir, orada istifadəçilərin dostları olur və dostları da hansı istifadəçi adı ilə daxil olduğunu bilirlər. Yazılan motiv mübahisənin predmetidir. Aralarında olan borc məsələsinə görə mübahisə yaranır və ortada təhqiramiz ifadələr istifadə olunur. Ortaq tanışları vardır və xanımın səhifəsinin adını da bilirlər. Əgər təqsirləndirlən şəxs desə ki, onu adından uşaq yazıb, bu zaman motiv dəyişər. Əgər motivi rədd edirsə, deməli gizlətmək üçündür. Hər bir məlumat, ərizə, şəkil kağız parçasındadır. Bunlar ya kağız üzərində, ya da elektron formatda olacaqdır. Sübutetmə onların üzərindədir və həmin İnstagram səhifəsinin təqsirləndirlən şəxsə aid olması sübut ediləcəkdir. Ortada yazışmalar, şəkilləri bəyənmək kimi münasibətlər vardır. Təqsirləndirlən şəxs özünü təqsirli bilə bilərdi və yaxud ərizəni geri çəkməsini xahiş edə bilərdi. Ona görə digər prosseslərdə şahidləri dəvət etmək istəyirlər. Təqdim etdikləri sənəd şəkildir və həmin şəkil sistemdən çıxarılmışdır. Təqdim etmə səbəbləri ekspertin rəy verərək, buna müdaxilə olub-olmamasını sübut etməkdir. Təqdim olunan kağızlarda möhrün olması vacib deyildir. Şəxsin adı və imzasının olması da, kifayətdir. Qeyd olunanları nəzərə alaraq məhkəmədən X2 cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 bildirmişdir ki, Vasif Aslanov onun dostudur. Onu 2007-ci ildən tanımış və ailəvi dost olmuşlar. Millətin 90%-i sosial şəbəkələrdən istifadə edir. Bu təhqiri sırf özü də görmüşdür. Xarici dostları da bu məsələ ilə bağlı soruşurlar. Vasifi hamı tanıyır, niyə təhqir edilsin ki?! Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, X6 ilə görüşümüş və söhbət etmişdir. Ona demişdir ki, uşaqlarının atasıdır, təhqir etmək düzgün deyildir. Onun öz instagram səhifəsinin adı “aziz513”, xanımın İnstagram səhifəsinin adı isə dəyişdiyindən xatırlamıram, lakin əvvəl adı “İnaraslan” olmuş, sonuncu “inaraimrani” olmuşdur. Sonradan onu dostluqdan çıxardığından nə olduğunu deyə bilmir. İnarənin etdiyi təhqiri konkret olaraq İnstagram sosial şəbəkəsində görmüşdür. Həmin yazı hələ də telefonunda olmalıdır. “İnaraimrani” adlı instaqram səhifəsinin X2 adına qeydiyyatdan keçməsi ilə bağlı onda heç bir sübut yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-4/747 nömrəli məhkəmə-liqnvistik ekspertizası rəyindən görünür ki, ekspertizaya təqdim olunan materialda X2 X13 barəsində işlətdiyi “kişi deyil”, “insan deyil” kimi söz, söz birləşməsi və ifadələr təhqiredici xarakterə malikdir. Ekspertizaya təqdim olunan materialda X2 X13 barəsində işlətdiyi “Əmlakın bölünməsi haqqında iş üzrə mənimlə məhkəmədə çəkişir və bu mənzilin alınmasına mənim anam tərəfindən verilən pulları mənimsəmək istəyir.” kimi söz, söz birləşməsi və ifadələr onun barəsində mənfi rəy yaratdığından böhtan olduğu təqdirdə şərəf və ləyaqətini ləkələyən məlumatlar hesab edilir. Həmin məlumatların böhtan olub-olmamasının araşdırılması ekspertin səlahiyyətinə aid deyildir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilən (təqsirləndirilən) şəxs X6 əvvəllər məhkum olunmamışdır. AZ-İİ 718431 nömrəli və AZ-İİİ 468708 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X2 himayəsində xx.xx.2011-ci il təvəllüdlü X9 və xx.xx.2014-cü il təvəllüdlü X11 adlı iki azyaşlı uşağı vardır. Məhkəmə, barəsində xüsusi ittiham qaydasında şikayət verilən (təqsirləndirilən) şəxs X6 tərəfindən xüsusi ittiham qaydasında şikayət vermiş (zərərçəkmiş) şəxs X7 şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yayması ilə bağlı xüsusi ittiham qaydasında şikayətin dəlillərinə münasibət bildirərək hesab edir ki, həmin dəlillər əsaslıdır və məhkəmə araşdırması zamanı tədqiq olunmuş, biri digərini tamamlayan mötəbər sübutlarla açıq-aşkar təsdiq olunur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli qərarının 5ci bəndində göstərilmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-in 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Azərbaycan Respubikası Konstitusiyasının 46-cı maddəsinə əsasən hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfıyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Belə olan halda aydın olur ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilən (təqsirləndirilən) şəxs X6 tərəfindən İnstaqram sosial şəbəkəsində xüsusi ittiham qaydasında şikayət vermiş (zərərçəkmiş) şəxs X13 barəsində təhqir xarakterli məlumatlar yaymışdır. Bununla da X2 törətmiş olduğu bu əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsinin təsiri altına düşür. Belə ki, X6 məhkəmə çıxışında özünü təqsirli bilməməsi və ona şər atılmasını qeyd etsə də, iş materiallarında olan və məhkəmə iclasınd toplanmış sübutlarla X2 X13 barəsində təhqir xarakterli məlumatlar yayması öz təsdiqini tapmış, həmçinin məhkəmədə həmin məlumatların təhqir xarakterli olmasını istisna edəcək sübuta rast gəlinməmişdir. Belə ki, “Aslanov Vasif, mənim keçmiş ərim kişi deyil və insan deyil” ifadəsi paylaşılmış “inaraimrani” adlı profilin X2 istifadəsində olması iş materiallarına əlavə edilmiş çıxarışlar (ekran görüntüləri şəkilləri) ilə sübuta yetirilir. X1 və X6 arasında mülki mübahisənin olması sonuncunun X10 qarşı qeyd olunan profil ilə təhqir xarakterli sözlər işlətməsini istisna etmir. Bununla yanaşı qeyd edilməlidir ki, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-4/747 nömrəli məhkəmə-liqnvistik ekspertizası rəyi ilə X2 X13 barəsində işlətdiyi “kişi deyil”, “insan deyil” kimi ifadələrin təhqiredici xarakterə malik olması sübuta yetirilir və həmin ifadələrin təhqir olmamasına dair səsləndirilən fikirləri təkzib edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.1-ci maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Məhkəmə X5 istinad edilən (CM-in 148-ci maddəsi ilə) cinayət əməlinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, xüsusi ittihamın əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu xüsusi ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, CM-in 148-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində X2 təqsirliliyi tam sübuta yetirilir. X2 hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri sübuta yetirildiyinə görə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Məhkəmə X5 cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CM-in 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ görə (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, xüsusi ittiham qaydasında şikayət verilən (təqsirləndirilən) şəxs X2 himayəsində iki azyaşlı işağın olmasını CM-in 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, qeyd edir ki, xüsusi ittiham qaydasında şikayət verilən (təqsirləndirilən) şəxs X5 cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, xüsusi ittiham qaydasında şikayət verilən (təqsirləndirilən) şəxs X2 əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, xüsusi ittiham qaydasında şikayət verilən (təqsirləndirilən) şəxs X5 cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən halla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini (qadın olmasını), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X5 CM-in 148-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə cərimə cəzası təyin edilməlidir. Bundan başqa, məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 150 (yüz əlli) manat məbləğində pul vəsaiti xüsusi ittiham qaydasında şikayət verilən (təqsirləndirilən) şəxs X3 tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: X6 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 1000 (min) manat məbləğində cərimə cəzasına məhkum edilsin. X5 təyin edilmiş cəzanın icrası onun yaşayış yeri üzrə icra qurumuna həvalə edilsin. İş üzrə məhkəmə-liqnvistik ekspertizasının keçirilməsinə xərclənmiş 150 (yüz əlli) manat məbləğində pul vəsaiti X3 tutularaq X4 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Fərid Əmirəliyev
Məhkəmə qərarları › İş №1(001)-242/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-242/2024
09.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver