Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-244/2021 14.07.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1997-ci il tarixdə Saatlı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Cəbrayıl rayonu, Alıkeyxanlı kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi döngə 5-də yerləşən fərdi yaşayış evində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, 10 noyabr 2020-ci il tarixdə saat 15 radələrində ünvan ünvanda Zərərçəkmiş şəxs ona məhəllədə avtomobili sürətlə sürməsinə irad bildirməsini bəhanə edib, heç bir əsaslı səbəb olmadan ictimai qaydalara qarşı etinasızlıq göstərərək, əxlaq normalarını və cəmiyyətə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarını kobud surətdə pozub, bilərəkdən özünü ictimai qaydalara qarşı qoyaraq, gücünü nümayiş etdirməklə, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə, orada toplaşan insanların gözü qarşısında əli ilə yumruq zərbələri ilə qəsdən A.Zərərçəkmiş şəxs sifət nahiyəsindən vuraraq sonuncunun üst dodağın selikli qişasının əzilmiş yarası ilə müşayiət olunan və sağlamlığın qıza müddətə pozulmasına səbəb olan yüngül zərərvurmaya aid xəsarət yetirmiş, bundan sonra avtomobilinin salonundan dəstəyi yaşıl rəngli plastmas materialdan olan vintaçanı götürün silah qismində istifadə etməklə zərərçəkmiş A.Zərərçəkmiş şəxs zor tətbiq edib vuraraq sonuncuya sağ əlin İİİ barmağının səthi əzilmiş-deşilmiş yarası ilə müşayiət olunan ümumilikdə və ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin olunmayan xəsarət yetirməklə xuliqanlıq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 221.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 10 noyabr 2020-ci il tarixdə saat təxminən 15 radələrində yaşadığı məhəllədə özünə məxsus “LADA VAZ 2107” markalı, **-ZP-*** dövlət qeydiyyat nişanlı avtomobillə yaşadığı evə gedən zaman avtomobilin yanacaq çənində yanacağın az olması səbəbindən surətlə hərəkət edib avtomobili söndürmək istəmiş və bu zaman avtomobilin təkərləri sürüşmüşdür. Bu zaman qonşuluqda yaşayan Sərxan adlı şəxs onu saxlatdırmış və o, avtomobildən düşmüşdür. Həmin zaman Sərxan onun üzərinə gəlmiş və o, sonuncunun onu vurmaq istədiyini zənn edib yumruqla Sərxanın sifət nahiyəsinə vurmuşdur. Artıq o, əsəbiləşdiyi üçün özünü cilovlaya bilməmiş və Sərxanı qorxuzmaq üçün avtomobildən vintaçanı götürərək sonuncuya tərəf gedib vintaçanı sağa və sola hərəkət etdirmişdir. Bu zaman ətrafda olan şəxslər onu və Sərxanı aralamışdır. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, ibtidai istintaq zamanı özünü müdafiə xarakterli ifadə vermiş və hadisə məhkəmədə verdiyi ifadəsinə göstərdiyi kimi olmuşdur. Zərərçəkmiş şəxs ilə aralarında barışıq olmuş, sonuncuya vurulmuş ziyan tamamilə ödənilmiş, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbi yoxdur. Hazırda törətdiyi cinayət əməlindən peşmandır və məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, qonşuluqda yaşayan Təqsirləndirilən şəxs mütəmadi olaraq özünə məxsus “LADA VAZ 2107” markalı avtomobili yaşadıqları küçədə surətlə hərəkət etdirmişdir. O, Təqsirləndirilən şəxs dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq sonuncu bu əməlindən çəkinməmişdir. 10 noyabr 2020-ci il tarixdə saat 15 radələrində Təqsirləndirilən şəxs yenidən surətlə yaşadığı küçədən keçən zaman o, sonuncunu saxlatdırmışdır. Turala irad bildirərək küçədə oynayan uşaqların həyatını təhlükəyə atdığını demişdir. Təqsirləndirilən şəxs surətlə avtomobili sürməsinə görə məhəllədə olan balaca uşaqlar çox qorxmuş, hətta, bir neçə azyaşlı uşaq çəkilib qıraqda hönkür-hönkür ağlamışdır. Təqsirləndirilən şəxs onun sözlərinə biganə yanaşaraq onun üzərinə gəlib yumruq ilə sifətin nahiyəsinə zərbələr endirmiş, bu azmış kimi həmin zaman avtomobildən vintaçan götürüb ona tərəf hərəkət etdirməyə başlamışdır. O, bu zaman əli ilə özünü qorumuş və Təqsirləndirilən şəxs vintaçanla əlinə xəsarət yetirmişdir. Bu zaman küçədə olan qonşular araya girərək Təqsirləndirilən şəxs ondan aralamışdır. Bundan sonra Təqsirləndirilən şəxs həmin yerdən aralanaraq getmiş və o, daha sonra bu barədə polisə müraciət etmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmış, cinayət hadisəsi nəticəsində ona dəymiş maddi-mənəvi ziyan tamamilə ödənildiyindən onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB-nin sahə müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, 10 noyabr 2020-ci il tarixdə saat 15-16 radələrində ona dislokasiya üzrə təhkim olunmuş ərazidə xidmətdə olan zaman ünvan ünvanın qarşısında bir neçə şəxsin yığışmasını, səs-küy gəlməsini görmüşdür. Kütlənin içərisinə daxil olan zaman bir tərəfdə bir neçə şəxsin Təqsirləndirilən şəxs tutmasını, digər tərəfdə isə Zərərçəkmiş şəxs dayanmasını görmüşdür. Həmin zaman Turalın əlində yaşıl rəngli vintaçan olmuşdur. Bu zaman nə baş verməsini soruşanda qonşular ona, Turalın özünə məxsus olan “VAZ 2107” markalı avtomobili surətlə idarə etdiyinə görə Sərxanın ona irad bildirməsini və bundan sonra Turalın Sərxanı yumruq və vintaçanla vurmasını demişlər. O, hadisə yerində olan zaman ətrafa çox sayda insanların yığışmasını və baş vermiş hadisədən orada olan uşaqların qorxmasını görmüşdür. O, dərhal hadisə yerində Sərxanın əvvəlcə həkimə, sonra isə bölməyə gedərək ərizə verməsini, xəsarət aldığı təqdirdə ekspertizadan keçməli olmasını demişdir. Həmçinin o, Turala bölməyə getməli olduğunu demiş, sonuncu vintaçanı ahadisə yerində olan anasına verərək bölməyə gedəcəyini deyib oradan uzaqlaşmışdır. Məhkəmə iclasına çağırılmış Şahid1 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 26.01.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs sağlamlığının qısa müddətə pozulmasına səbəb olan yüngül xəsarət alması faktına görə CM-in 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. 10.11.2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, 10.11.2020-ci il tarixdə olan hadisə Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Binəqədi şosesi ərazisində baş vermişdir. 11.11.2020-ci il tarixli, 1892 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” publik hüquqi şəxsin rəyindən görünür ki, A.Məmmədovun bədənində aşkar edilmiş xəsarətlər-Üst dodağın selikli qişasının əzilmiş yarası və sağ əlin İİİ barmağının səthi əzilmiş deşilmiş yaraları bərk küt əşyanın ( əşyaların ) təsirindən müayinədən bir günə qədər müddətə uyğun gəlirlər, dərəcələrinə gör üst dodağın selikli qişasının əzilmiş yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olan Yüngül zərərvurmaya aiddir, sağ əlin İİİ barmağının səthi əzilmiş-deşilmiş yaraları isə ümumilikdə və ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin olunmur. 08.02.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 08 fevral 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. 09.02.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Şahid1 könüllü olaraq təqdim etdiyi 1 ədəd vint açan ibtidai istintaq zamanı götürülmüşdür. 09.02.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Şahid1 götürülmüş vintaçan Zərərçəkmiş şəxs tanıma üçün təqdim olunmuş və o, həmin əşyanı digər vintaçanlar arasında tanıyaraq hadisə zamanı həmin vint açanla vurulduğunu bildirmişdir. 09.02.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Şahid1 götürülmüş vintaçan Təqsirləndirilən şəxs tanıma üçün təqdim olunmuş və o, həmin əşyanı digər vintaçanlar arasında tanıyaraq hadisə zamanı istifadə etdiyini bildirmişdir. 09.02.2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və Zərərçəkmiş şəxs istintaqa verdiyi ifadəni təsdiq etməklə Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. 10.02.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli CM-in 128-ci maddəsindən həmin Məcəllənin 221.3-cü maddəsinə tövsif edilmişdir. 10.02.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. 10.02.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilərək saxlanıldığı Binəqədi RPİ-nin MSY-dən azad edilmişdir. 18.02.2021-ci il tarixli, 551 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 Şəxsi Ambulator X1 rəyindən görünür ki,Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir və narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. 05.04.2021-ci il tarixli, 3/581 nömrəli Məhkəmə Ekspertiza Mərkəzinin rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd predmet zavod üsulu ilə istehsal edilmiş, təsərrüfat təyinatlı alətdir (vintaçandır) və soyuq silah hesab edilmir. 19.04.2021-ci il tarixli qərardan görünür ki, iş üzrə 1 (bir) ədəd zavod üsulu ilə istehsal edilmiş, təsərrüfat təyinatlı alət (vintaçan) maddi sübut kimi tanınmış və saxlanılması üçün Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. 22.04.2021-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. 28.06.2021-ci il tarixli notarial qaydada təsdiq edilmiş Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs vurulmuş maddi və mənəvi ziyan tam ödənilmiş, onlar barışmışlar və zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eləcə də ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 221.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 221.3-cü maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsini, həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini, yenə həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini səmimi etiraf edərək əməlindən peşman olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, cəzasını yüngülləşdirən hallar ilə yanaşı, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 221.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 08 fevral 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və 10 fevral 2021-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilərək, saxlanıldığı Binəqədi RPİ-nin MSY-dən azad edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs 2 (iki) gün müddətə şübhəli və təqsirləndirilən şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Həmçinin məhkəmə, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirilmiş törətdiyi cinayət əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə edərək, vurulmuş ziyanı tamamilə ödəməsini, habelə cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində CM-in 70-ci maddəsinə əsasən sınaq müddəti təyin edilməklə, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməlidir. Belə ki, CM-in 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. CM-in 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Beləliklə, məhkəmə qeyd olunan qanunvericiliyin tələblərini rəhbər tutub, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını çəkmədən islah olunmasını mümkün sayaraq, həmin cəzanın şərti olaraq tətbiq edilməsi qənaətinə gəlmişdir ki belə olan halda onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə, CM-in 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsinin qoyulmasını məqsədə müvafiq hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, məhkəmə CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan 1 (bir) ədəd zavod üsulu ilə istehsal edilmiş, təsərrüfat təyinatlı alət (vintaçan) hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs təhvil verilməlidir. Bununla yanaşı, məhkəmə CPM-in 197 və 198-ci maddələrinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 64 (altmış dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə cəmi 40 (qırx) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 30 (otuz) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 180 (bir yüz səksən) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia, maddi sübut və ekspertiza xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunaraq təyin olunan azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməklə 1 (bir) il 6 (altı) ay sınaq müddəti müəyyən edilsin. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra qurumuna həvalə edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan 1 (bir) ədəd zavod üsulu ilə istehsal edilmiş, təsərrüfat təyinatlı alət (vintaçan) hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs təhvil verilsin. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 64 (altmış dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X2 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 180 (bir yüz səksən) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №1(001)-244/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-244/2021
14.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver