Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-248/2024 14.03.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, 21 avqust 1987-ci ildə İmişli rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli himayəsində üç azyaşlı uşağı olan, orta təhsilli, “Deja Vu” restoranında administrator işləyən,əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 30 oktyabr 2023-cü il tarixdə saat 00:30 radələrində ictimai yerdə ünvan 2 ünvanın qarşısında Zərərçəkmiş şəxs bir qədər əvvəl idarə etdiyi avtomobil ilə Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsində hərəkətdə olan zaman ondan idarə etdiyi avtomobilini kənara çəkib yol verməsini və yol vermədikdə ona irad tutmasını bəhanə edib, heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tədbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətləri ilə cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış qaydalarına və ədəb qaydalarına əməl etməyib Zərərçəkmiş şəxs üzərində zor tətbiq edərək üz nahiyəsindən yumruq ilə vurub yerə yıxdıqdan sonra əl və təpiklə bədəninin müxtəlif nahiyələrinə vuraraq üst dodağın sağ yarısının selikli qişasına qansızma, sağ üst göz qapağının, sağ almacıq nahiyəsinin, sağ qaş nahiyəsinin, sağ çənə bucağı nahiyəsinin, sol yanaq nahiyəsinin, üst dodağın dərisinin qançırları, sağ üst göz qapağının, sağ said nahiyəsinin, sağ və sol diz oynağı nahiyələrinin sıyrıqları ilə müşayiət edilən həm ümumilikdə, həmdə ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmayan və burun sümüyünün yerdəyişməyən sınığı ilə müşayiət olunan burun belinin və burun əsasının qançırları, alt dodağın sağ yarısının selikli qişasının əzilmiş yarası ilə nəticələnən həm ümumilikdə həm də ayrı ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirərək xuliqanlıq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, “Deja Vu” restoranda administrator vəzifəsində işləyir. 29 oktyabr 2023-cü il tarixdə axşam saatlarında işdə olan zaman xanım müştərilərdən biri ondan, içkili olduğuna görə onu yaşadığı ünvana aparmasını xahiş etmişdir. O da heç bir problem olmadığını deyib, həm də iş vaxtı bitdiyinə görə onunla razılaşmışdır. Artıq 30 oktyabr 2023-cü il gecə saat 00:30 radələrində o, həmin adını xatırlamadığı bir nəfər qadını, yanında olan başqa bir nəfər qadın müştərilə yaşadıqları ünvana idarə etdiyi “Mercedes Benz E220” markalı **-ZN-*** dövlət qeydiyyat nişanlı avtomobillə aparan zaman Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi ilə hərəkət edərkən “Tərlan” şadlıq sarayının qarşısında olan işıqforun sarı işığı yandığına görə avtomobili dayandırmışdır ki, yaşıl işıqda hərəkətə davam etsin. Bu zaman arxadan gələn sonradan gördüyü “Toyota Prius” markalı avtomobilin sürücüsü adını sonradan bildiyi Zərərçəkmiş şəxs avtomobilin uzaq işıqlarını qoşub söndürməyə və avtomobili ilə səs siqnalı verməyə başlamışdır. O da ona heç bir əhəmiyyət vermədən, işıqforun yaşıl işığı yandıqda hərəkəti davam etdirmiş və “Favorit” marketin qarşısında geriyə dönmə yerindən avtomobili geriyə döndərərkən arxası ilə gələn boz rəngli “Toyota Prius” markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs avtomobilinin qarşı hissəsində sol tərəfdən döndüyünü, sonra isə avtomobilin şüşəsini aşağı salaraq “Sən eşşəksən, eşşək kimi maşın sürürsən, belə maşın sürmək olar, sənə pravanı kim verib” deyə qışqıraraq onu təhqir etməyə başlamışdır. O da ona cavabında “Bağırma, maşında qadın var” deyib cavab vermişdir. Bundan sonra o “Tərlan” şadlıq sarayının dördyolundan sağa dönmə əməliyyatı edib, üzü yuxarı istiqamətdə hərəkətə davam etmiş, bu zaman həmin “Toyota Prius” markalı avtomobilin sürücüsü qarşısında ziqzaqvari hərəkətlər edərək yüksək sürətlə avtomobili hərəkət edərək onlardan uzaqlaşmışdır. Bundan sonra müştərinin ona göstərdiyi ünvana yaxınlaşdıqda, görmüşdür ki, həmin “Toyota Prius” markalı avtomobili idarə edən Natiq öz avtomobilini park edib avtomobildən enir, o, müştərini düşürməyə çalışdıqda, Natiq onu görüb yenidən ona yaxınlaşaraq ona “Sən mənə deyirdin bağırma? Səni bilirsən nə edərəm?” deyib onu yenə təhqir etməyə başlamışdır. Bu zaman o, artıq dözməyib avtomobildən enib onu kənara çəkib təkrar qışqırmamasını, avtomobildə qadın olduğunu ona bildirmişdir. Bundan sonra o, ona əl-qol atmağa, yaxasından tutub dartmağa və təhqir etməyə başlamışdır. O, yenə ona maşında xanımlar olduğunu xatırladıb, “nömrəmi verim sonra zəngləşək” deyəndə, Natiq ona “sən haranın küçüyüsən” deyib üstünə gəlmişdir. O da artıq əsəblərini cilovlaya bilməyib Natiqin yumruqla üz nahiyəsindən bir neçə dəfə vurmuşdur. Onun yerə yıxıldığını görüb aralanmış, avtomobilə yaxınlaşmış, lakin Natiq yenidən gəlib onu yaxasından tutmağa, vurmağa başlamış, bu zaman o, Natiqi bir daha vurmuşdur. Hadisə gecə vaxtı, qaranlıq hava şəraitində baş verdiyindən konkret olaraq harasından vurduğunu xatırlamır. Sonra bildiyinə görə Natiqin arvadı Təranə gəlib onları ayırmışdır. O, avtomobilə oturub gedərkən Natiq sürücü tərəfdən əlini uzadıb onun sükan arxasından yaxasından tutmuşdur. O, məcbur qalıb yoluna davam edərkən Natiq onun yaxasından tutulu vəziyyətdə bir neçə metrə sürünmüşdür. Sonra o, əlini yaxasından çəkdiyi üçün avtomobili idarə edib oradan uzaqlaşıb yaşadığı evə getmişdir. Hadisədən sonra Zərərçəkmiş şəxsla barışmış, ona dəymiş ziyanı tamamilə ödəmişdir. Zərərçəkmiş şəxs ona qarşı heç bir şikayət və tələbi yoxdur. Əməlindən peşmandır. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Rəşad oğlu ifadəsində göstərmişdir ki, 30 oktyabr 2023-cü il tarixdə gecə saat təxminən 00:30 radələrində işlərini bitirib yaşadığı ünvan 3 ünvanına gəlmişdir. Həmin vaxt “UBER” şirkətində taksi sürücüsü işlədiyinə görə ona etibarnamə əsasında verilmiş boz rəngli “Toyota Prius” markalı avtomobili idarə etmişdir. Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi ilə hərəkətdə olan zaman, “Tərlan” şadlıq sarayının qarşısında olan işıqforda qarşısında hərəkət edən “Mercedes Benz” markalı **-ZN-*** dövlət qeydiyyat nişanlı avtomobil işıqforun yaşıl işığında avtomobili qəfil saxladığına görə ona iki dəfə avtomobilin uzaq işıqları ilə işarə etmişdir ki, yaşıl işıqdır hərəkətə davam etsin, lakin, həmin sürücü avtomobili hərəkət etdirməmişdir. Gözləyib, bundan sonra yaşıl işıqda hərəkətə başlamış, qarşıda olan geriyə dönmə döngəsində hər ikisi avtomobilləri geriyə hərəkət etdirmiş, bu zaman işıqforun qırmızı işığında avtomobillər yan-yana dayandığından o, yan pəncərəni aşağı endirib “Mercedes Benz” markalı **-ZN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü sonradan adını bildiyi Təqsirləndirilən şəxs “sənin fikrin nədir?” deyə soruşmuşdur. Cavabında isə Cabbar “mən belə sürürəm, yeri cəhənnəm ol” demiş, o da fikir bildirmədən işıqforun yaşıl işığında hərəkətinə davam etmişdir. Bundan sonra o, yaşadığı məhəllədə avtomobili park edəndə görmüşdür ki, həmin “Mercedes” markalı avtomobilin sürücüsü avtomobilin yanında dayanıb və onu gözləyir. Avtomobildən düşəndə Cabbar “bayaq sən mənə nə deyirdin?” deyə ondan soruşmuş, o da cavabında ona demişdir ki, “qardaş avtomobili elə idarə etmək olar? Adamın qarşısında maşını elə qəfil saxlamaq olmaz axı”. Cavabında isə Cabbar ona bildirmişdir ki, “sən bilirsən mən kiməm? Bu saat səni məhv edərəm. Bu saat sənin başına oyun açaram”. O, Cabbara cavab verdikdə ki, “onun kim olmasının heç bir əhəmiyyəti yoxdur”, Cabbar onu kənara çəkib nə dediyini soruşmuş, ona onu tanımadığı halda hansı səbəbdən söydüyünü dedikdə, bu zaman Cabbar onu qəfildən yumruqla üz nahiyəsindəndən vurmuşdur. O, üzünü tutub yerə yıxıldıqda Cabbar təpiklə onu vurmağa davam etmişdir. Ayağa qalxıb onu vurmaq istədikdə Cabbar onu yumruqla bir daha vurmuşdur. Bundan sonra səs-küyə həyətə düşən arvadı Şahid Caharı qızı onları ayırmaq istəmişdir. Cabbar avtomobilə əyləşib getmək istəmiş, lakin Cabbarın heç bir əsaslı səbəb olmadan onu vurmasından qəzəbləndiyi üçün avtomobildə oturmuş Cabbarın yaxasından tutmuş və Cabbar avtomobili hərəkətə gətirərək asılmış vəziyyətdə bir neçə metr onu sürümüşdür. Artıq özünü saxlaya bilməyib Cabbarın yaxasından əlini buraxmış, yerə yıxılmış, Cabbar isə həmin yerdən uzaqlaşıb getmişdir. Sonra arvadı onu mənzilə qaldırmış, orada əlininüzünün qanını yumuş, daha sonra isə Binəqədi RPİ-in 7-ci polis bölməsinə yaxınlaşıb baş vermiş hadisə barədə ərizə yazmışdır. Hazırda təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Onunla barışmışdır. Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tamamilə ödəmişdir. Zərər çəkmiş şəxs N.R.Camalov verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, təqsirləndirilən şəxsi “sən eşşəksən, eşşək kimi maşın sürürsən, belə maşın sürmək olar, sənə pravanı kim verib” deyə təhqir etməmiş, ona belə sözlər deməmiş, Cabbarın idarə etdiyi avtomobilin qarşısına keçib ziqzaqvari hərəkətlərə yol verməmiş, sonradan müştərini düşürərkən Cabbara yaxınlaşıb “səni bilirsən nə edərəm?” deməmiş, Cabbar özü ona yaxınlaşmışdır. Hadisə ifadəsində ətraflı təsvir etdiyi kimi cərəyan etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun əridir. Əri Zərərçəkmiş şəxs “UBER” şirkətində taksi sürücüsü fəaliyyəti ilə məşğul olmaqla etibarnamə əsasında boz rəngli “Toyota Prius” markalı avtomobil idarə edir. 30 oktyabr 2023-cü il tarixdə gecə saat təxminən 00:20 radələrində Natiq ona zəng vurub evə gəldiyini bildirmişdir. Təxminən 10 dəqiqə sonra küçədən səsküy gəldiyini eşidib, yaşadıqları evin pəncərəsindən baxanda bir nəfər şəxsin Natiqin üzərinə gəlib əl-qol atdığını görmüş, tez yaşadığı evdən həyətə düşmüşdür. Həyətə düşərkən Natiqin sifətinin qan içində olduğunu görmüşdür. Natiqlə mübahisə edən şəxsin Natiqi yenidən vurduğunu görüb araya keçib ona irad tutmuş, onu ayırmaq istəmiş, həmin şəxs idarə etdiyi avtomobilə əyləşib əri Natiqin ünvanına söyüş söyərək getmək istəmişdir. Bu zaman Natiq maşının pəncərəsindən əlini uzadıb onun yaxasından tutmuş, o, Natiqi sürücü tərəf pəncərədən asılmış vəziyyətdə bir neçə metr sürümüşdür. Sonra Natiq özünü saxlaya bilməyib yerə yıxılmışdır. Sonra həmin şəxs Natiqi döydüyü yerdən uzaqlaşmışdır. Bundan sonra Natiqi evə gətirmiş, evdə Natiqin üz-gözünün qanını yumuşdur. Natiq özünə gələndən sonra Binəqədi RPİ-in 7-ci polis bölməsinə gedib ərizə ilə baş vermiş hadisə barədə müraciət etmişdir. Natiqin sonradan deməsinə görə həmin şəxslə “Tərlan” şadlıq sarayının qarşısında olan işıqforda qarşılaşmış, belə ki, həmin şəxs idarə etdiyi “Mercedes” markalı avtomobil ilə işıqforun yaşıl işığında dayanıb maşını sürmədiyi üçün Natiq ona avtomobilin uzaq işıqları ilə işarə verərək, hərəkətə davam etməsini istəmiş, lakin həmin sürücü avtomobili hərəkət etdirməmiş, bu səbəbdən Natiq ona irad tutmuş, Natiqin irad tutmasından qəzəblənən şəxs onu arxasınca məhəlləyə gələrək Natiqi döymüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Cinayət işi başlanması barədə 09 noyabr 2023-cü il tarixli qərardan görünür ki, faktla bağlı Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə cinayət işi başlanılıb icraata qəbul edilmişdir (cild 1, i.v 1). Məhkəmə-tibbi ekspertizasının 30 oktyabr 2023-cü il tarixli 2079 nömrəli rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər - burun sümüyünün yerdəyişməyən sınığı ilə müşayiət olunan burun belinin və burun əsasının qançırları, alt dodağın sağ yarısının selikli qişasının əzilmiş yarası, üst dodağın sağ yarısının selikli qişasına qansızma, sağ üst göz qapağının, sağ almacıq nahiyəsinin, sağ qaş nahiyəsinin, sağ çənə bucağı nahiyəsinin, sol yanaq nahiyəsinin, üst dodağın dərisinin qançırları, sağ üst göz qapağının, sağ said nahiyəsinin, sağ və sol diz oynağı nahiyələrinin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən bir neçə saat əvvəl əmələ gəlmişdirlər. Qeyd olunan xəsarətlərdən burun sümüyünün yerdəyişməyən sınığı ilə müşayiət olunan burun belinin və burun əsasının qançırları, alt dodağın sağ yarısının selikli qişasının əzilmiş yarası dərəcəsinə görə həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığı qısa müddətə pozan sağlamlığa yüngül zərərvurmaya aiddirlər, digər xəsarətlər isə həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. Vətəndaş Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin xarakterlərini və lokalizasiyalarmı nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarda göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə insan bədəninin hissələri (əl, yumruq, təpik və s.) ilə endirilmiş zərbələr nəticəsində əmələ gələ bilərdilər. Vətəndaş Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin bədənin əl çatan nahiyələrində yerləşmələrinə baxmayaraq şəxsin özü tərəfindən yetirilmələri və eləcə də onun öz boyu hündürlüyündən yıxılaraq yerin bərk səthinə dəyməsi nəticəsində əmələ gələ bilmələri inandırıcı deyildir (cild 1, i.v 23-26). Sübutların qiymətləndirilməsi haqqında 09 fevral 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl Cinayət Məcəlləsinin 128-ci maddəsindən həmin Məcəllənin 221.1-ci maddəsinə tövsif edilmişdir (cild 1, i.v 73-74). Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 10 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (cild 1, i.v 83-84). Qətimkan tədbiri seçilməsi haqqında 10 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (cild 1, i.v 97-99). Azərbaycan Respublikası DİN-dən verilmiş Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, i.v 52). Elektron Məhkəmə Sistemində Təqsirləndirilən şəxs qohumluq məlumatlarından görünür ki, onun himayəsində xx.xx.2019-cu il təvəllüdlü Mələk, xx.xx.2021-ci il təvəllüdlü Əli və Əkbər adlı uşaqları var. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Onunla barışmışdır. Ona vurulmuş ziyan tamamilə ödənilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Bu mənada məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi öz ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxsin və şahidin ifadələri və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Ona düzgün olaraq Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür. Onun hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar və əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Məhkəmə müdafiə tərəfinin Təqsirləndirilən şəxs düzgün olmayaraq Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə ittiham irəli sürülməsi, onun əməlinin həmin məcəllənin 128-ci maddəsinin təsir dairəsinə düşdüyü ilə bağlı bildirdiklərini əsaslı hesab etmir. Cinayət qanunveriliciyinə əsasən xuliqanlıq obyektiv cəhətdən CM-in 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır, ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir, üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Cinayət hüququnda ictimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. Zor tətbiq etmə dedikdə isə döymə, sağlamlığa zərər vurma, eləcə də zərərçəkmişə fiziki təsir göstərən digər zorakı hərəkətlər başa düşülməlidir. Təqsirləndirilən şəxs hərəkətlərinə nəzər yetirdikdə görünür ki, birincisi, onun hərəkətləri ictimai qaydanı kobud surətdə pozmuş, ikincisi, onun hərəkətləri cəmiyyətə açıqca hörmətsizlik ifadə etmiş və üçüncüsü onun hərəkətləri zor tətbiq olunması ilə müşayiət edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs hərəkətlərində xuliqanlıq cinayətinin hər üç əlaməti mövcuddur. Bu səbəbdən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hərəkətləri xuliqanlıq kimi qiymətləndirilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011ci il tarixli qərarları) Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən cinayət törətmiş Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşaqların olmasını, CM-in 59.1.12-ci maddəsinə əsaslanmaqla zərər çəkmiş şəxslə barışıq əldə edilməsini, CM-in 59.1.13-cü maddəsinə əsaslanmaqla cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini onun cəzasını yüngülləşdirən hallar kimi müəyyən edir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza növü ilə bağlı qeyd edir ki, o böyük ictimai təhlükə törətməyən cinayətdə təqsirləndirilir, himayəsində üç azyaşlı uşaqları var, zərər çəkmiş şəxslə barışıq əldə etmiş, ona dəymiş ziyanı könüllü olaraq tamamilə ödəmişdir. Bu baxımdan məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sankiyasında daha yüngül cəza növü kimi nəzərdə tutulmuş cərimə cəzasının təyin edilməsi daha məqsədəmüvafiqdir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cərimə cəzası cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalı, təyin edilmiş cərimə cəzasının icrası yaşayış yeri üzrə müvafiq probasiya idarəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia verilməmişdir, maddi sübut və məhkəmə xərci yoxdur. Həmçinin qeyd edilməlidir ki, Müdafiəçi cinayət işi üzrə Təqsirləndirilən şəxs cəmi 30 (otuz) saat müddətində hüquqi yardım göstərmiş, o cümlədən məhkəmədə - iclaslarda iştirak etmiş, cinayət işinin materialları ilə tanış olmuş və digər hərəkətlərdə onun hüquqlarını müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azrbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə təqsirli bilinib 1500 (min beş yüz) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Cəzanın icrası yaşadığı ərazi üzrə Sumqayıt şəhər Probasiya İdarəsinə həvalə edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı – 180 (yüz səksən) manat ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən Elçin Ağayev
Məhkəmə qərarları › İş №1(001)-248/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-248/2024
14.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver