Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-248/2025 20.02.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Bəbirov Qədir Nadir oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Lamara Akhmedovanın və onun nümayəndəsi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X2 və onun müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1, X3 müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 iştirakları ilə, X1 və X3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 147.1, 147.2 və 148-ci maddələri ilə məsuliyyətə cəlb edilməsi haqqında Lamara Akhmedovanın xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: Xüsusi ittiham qaydasında şikayət vermiş Lamara Akhmedova məhkəməyə müraciət edərək, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X1 və X3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Xüsusi ittiham qaydasında verilən şikayət onunla əsaslandırılmışdır ki, anası X1 vasitəsi ilə tanıdığı Tehran Lətifov artıq 3 (üç) ilə yaxındır ondan aldığı 150000 (bir yüz əlli min) ABŞ dolları pulu qaytarmaq istəmir. Həmin pulu Tehran Lətifovdan almaq üçün o, Azərbaycan Respublikasının bütün orqan və təşkilatlarına müraciət etmişdir. O, Gürcüstan Respublikasının vətəndaşı olduğu üçün hətta Gürcüstan Respublikasının da müvafiq orqanlarına müraciət etmişdir. Təəssüf ki, Tehran Lətifov ona olan borcunu qaytarmaq əvəzinə ona qarşı xüsusi ittiham qaydasında şikayət vermişdir. Həmin şikayəti verməklə Tehran Lətifov onu qorxutmaq istəyir. İlk öncə xüsusi ittiham qaydasında şikayət verən şəxsin istinad etdiyi Cinayət Məcəlləsinin 147.1-ci və 147.2-ci maddələrində qeyd edilən əməllər onun tərəfindən törədilməmiş, əksinə onun Tehran Lətifov barəsində etdiyi çoxsaylı əsaslı və doğru şikayətlərdən çəkindirmək məqsədi daşıyır. X5 əvvəllər bir neçə dəfə ona borclu olduğu pulu qaytarmaq istədiyini bildirmiş, lakin Sevil Səlimova adlı qadının onu müflis etdiyinə görə pulu qaytarmaq üçün vaxt istəmişdir. O, şikayət etdikdən sonra isə guya borcunun olmadığını, hətta onu ümumiyyətlə tanımadığını bildirmişdir. Tehran Lətifovun ona 150000 (bir yüz əlli min) ABŞ dolları borcunun olduğu səs yazıları və sənədlərlə tam sübuta yetirilir. O, Tehran Lətifova qarşı ziyan tələbinə dair iddia ərizəsi ilə Şəki Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində yazdığı bütün xüsusatlar barədə onda səs yazıları vardır. Onun yeznəsinin və özünün qapısına pulunu istəmək üçün getmişdir. Eyni zamanda o, müvafiq dövlət orqanlarına da rəsmi müraciət etmişdir. Onun şikayəti əsasında Tehran Lətifovun barəsində qəbul olunmuş Şəki ŞRPŞ-nin 24 sentyabr 2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd olunması barədə Qərarından” şikayət vermişdir. Şəki ŞRPŞ-nin 24 sentyabr 2023-cü il tarixli Cinayət işinin başlanmasının rədd olunması barədə Qərarı xx.xx.2024-cü il tarixdə Şəki Rayon Prokuroru, baş ədliyyə müşaviri Mehman Xankişiyev tərəfindən ləğv edilmişdir. Bundan sonra həmin material araşdırmanın davam etdirilməsi üçün BMCMİ-nə göndərilmişdir. Etdiyi şikayətlərdən sonra Tehran Lətifov anası ilə əlbir olaraq onu öldürməklə hədələyir, söyür, təhqir edir, şərəf və ləyaqətini alçaldır. Həmin şəxslər 2 ilə yaxın müddətdə ona göstərdikləri təzyiqləri davam etdirirlər. Bütün bunların səbəbi kimi anası “onun əmlaklarını” əlindən almaq niyyətində olduğunu, Tehran Lətifov isə pulu ondan yox, anasından aldığını və qaytardığını bildirir. X5 dəfələrlə onun barəsində yalan məlumatlar yaymış, yazmağa və deməyə belə çətinlik çəkdiyi və utandığı sözlər danışmışdır. X3 bu hərəkətlərə son qoymasını və pulunu qaytarmasını dəfələrlə ona bildirsə də heç bir nəticəsi olmamışdır. Barələrində xüsusi ittiham qaydasında şikayət verdiyi həmin şəxslər son vaxtlarda xüsusi aktivlik göstərirlər. Belə ki, həmin şəxslər sosial şəbəkələrdə onun barəsində yalan və böhtan xarakterli məlumatlar yayırlar, ən təhqiramiz formada onun şərəf və ləyaqətini alçaldırlar. Lətifov Tehran anasından aldığı video müraciəti Şəki Rayon Məhkəməsinə təqdim etmək istəsə də, məhkəmə qəbul etməmiş, o isə həmin müraciəti onun şəkli ilə birlikdə sosial şəbəkədə paylaşmışdır, onu nalayiq ifadələrlə təhqir etmişdir. Bundan başqa Lətifov Tehran anası ilə əlbir olaraq onun barəsində təhqiramiz sözlər demiş, şər və böhtanlar söyləmişdir. Belə ki, onlar guya anasını döyməyi barədə polisə müraciət etmişlər. Gecə saatlarında o, polis bölməsinə aparılmışdır. Araşdırmanın nəticəsi barədə ona heç bir rəsmi məlumat verilməsə də, uzun illər böyük zəhmətlə yaratdığı və işlədiyi mağazadan zorla çıxarılmış və bütün malları küçəyə atılmışdır. Qeyd edir ki, o, uzun illərdir Bakı şəhərində ticarətlə məşğul olur. Tehran Lətifovdan tələb etdiyi pul onda olsaydı xeyli gəlir əldə edə bilərdi. Onu da qeyd edir ki, o, həmin pulu ev almaq üçün toplamış və hal-hazırda evsiz qalmışdır. Həmin pulu Tehran Lətifova anasının təkidi ilə vermişdir. Qeyd etdiklərinin sübutu kimi şahidlərin də dəvət olunaraq ifadələrinin alınmasını məhkəmədən xahiş etmişdir. Odur ki, göstərilənlərin nəzərə alınıb onun barəsində “Tik Tok” sosial şəbəkəsində böhtan xarakterli məlumatları dəfələrlə yayaraq onu təhqir etdiklərinə, ünvanına təhqir dolu ifadələr işlədərək, böhtan xarakterli məlumatlar yayaraq onu təhqir etdiklərinə görə 25 yanvar 1951-ci ildə anadan olmuş, fərdi sahibkarlıqla məşğul olan, ünvan 1 ünvanda qeydiyyatda olan X1 və ünvan 2 ünvanda qeydiyyatda olan X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci, 147.2-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmələri barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Lamara Akhmedova məhkəmə yazılı ərizə ilə müraciə edərək xüsusi ittiham qaydasnda vermiş olduğu şikayətini geri götürdüyünü və xüsusi ittiham qaydasında şikayət və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X2 və onun müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 hər biri ayrıayrılıqda xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Lamara Akhmedova tərəfindən verilmiş ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmənin hazırlıq iclasının vaxtı və yei barəsində barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4 rəsmi qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin üzrlü səbəbi haqqında məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasının barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X3 iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. Məhkəmə hesab edir ki, şikayətçi Lamara Akhmedova tərəfindən məhkəməyə ərizə ünvanlanaraq, şikayət geri götürüldüyündən məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayət icraata qəbul edilməsindən imtina edilməlidir. CPM-in 302.2-ci maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək aşağıdakılar barədə qərarlar çıxarır: CPM-in 302.2.3-cü maddələrinə əsasən bu Məcəllənin 302.1.2—302.1.4, 302.1.6— 302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə.... CPM-nin 302.1.8-ci maddəsinə əsasən şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edir. Göründüyü kimi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Lamara Akhmedova tərəfindən şikayətdən imtina olunduğundan, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməsi qənaətinə gəlmişdir. Qeyd olunanlara əsasən və CPM-in 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 və X3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə məsuliyyətə cəlb edilməsi haqqında Lamara Akhmedovanın xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərar elan edildiyi vaxtdan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №1(001)-248/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-248/2025
20.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver