Məhkəmə qərarları › İş №1(001)-249/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-249/2025

02.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-249/2025 02.09.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, X7 Novruz oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Müdafiəçi – Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi1, Müdafiəçi – Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx.xx.1973-cü il tarixdə Qax rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, məhkumluğu olmayan, işləməyən, orta təhsilli, Qax rayonu, Tasmallı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Nəsimi rayonu, Namiq Əliyev küçəsi, nömrəsiz fərdi evdə yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə, xx.xx.1978-ci il tarixdə Ermənistan Respublikası Krasnoselsk rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli-himayəsində 3 yetkinlik yaşına çatmayan uşağı olan, əvvəllər məhkum olunmuş, işləməyən, orta təhsilli, ünvan 1 ünvanda qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Subtropik Sovxozda yerləşən fərdi yaşayış evində yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışları Şahid3 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək Zərərçəkmiş şəxs oğlu Şahid1 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xaçmaz Regional şöbəsinin Xüsusi Riskli Xilasetmə dəstəsində xilasedici vəzifəsinə işə qəbul olunmasına köməklik göstərilməsi ilə əlaqədar 2022-ci ilin aprel ayında özünə müraciətindən sonra yüksək vəzifədə işləyən şəxslərlə yaxın münasibətlərinin olduğunu və həmin şəxslər vasitəsi ilə qeyd olunan məsələni həll etmək imkanına malik olmasını yalandan vəd edərək, həmin məsələnin müsbət həlli üçün Zərərçəkmiş şəxs Şahid1 vasitəsi ilə Xaçmaz rayonu, Müzəffəroba kəndində yerləşən “MilliÖn” ödəniş terminalından adına olan 4174********8468 nömrəli bank hesab kartına 19 yanvar 2021-ci il tarixdə, saat 16:13-də göndərdiyi 1000 manat, eyni niyyətlə, 21 yanvar 2021-ci il tarixdə, saat 15:50-də göndərdiyi 700 manat, eyni niyyətlə, 26 yanvar 2021-ci il tarixdə, saat 16:20-də göndərdiyi 2800 manat, eyni niyyətlə, 2021-ci ilin may ayının əvvəlində göndərdiyi 1000 manat pulu, eyni niyyətlə, Zərərçəkmiş şəxs Şahid1 vasitəsi ilə 2021-ci ilin mart ayının əvvəlində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küçəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin Poliklinikasının qarşısında ona verdiyi 6000 manatı, eyni niyyətlə, cinayətkar qrupun digər üzvü Şahid3 2021-ci ilin oktyabr ayının sonlarında Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsində Zərərçəkmiş şəxs qardaşı Şahid2 vasitəsi ilə verdiyi 2000 manatı, eyni niyyətlə, Zərərçəkmiş şəxs Şahid1 vasitəsi ilə Xaçmaz rayonu, Müzəffəroba kəndində yerləşən “Uğur” marketdəki 147 nömrəli eManat ödəniş terminalından təqdim etdiyi 4169********1204 nömrəli bank hesab kartına 08 sentyabr 2022-ci il tarixdə, saat 11:19-da göndərdiyi 800 manatı, eyni niyyətlə, 2022-ci ilin sentyabr ayında Xaçmaz rayonu Müzəffəroba kəndində yerləşən “Uğur” marketdəki ödəniş terminalından cinayətkar qrupun digər üzvü Təqsirləndirilən şəxs2 istifadəsində olan bank kartına hissə-hissə göndərdiyi cəmi 1200 manatı, eyni niyyətlə, Şahid3 və Təqsirləndirilən şəxs2 ilə birlikdə cinayətkar əməllərini davam etdirərək həminki tarixədək verdikləri pul vəsaitlərinin əvəzində Bakı şəhəri, Maştağa qəsəbəsində yerləşən 0,3 ha torpaq sahəsini Zərərçəkmiş şəxs adına özəlləşdirilməsi üçün sonuncunun Şahid1 vasitəsi ilə Xaçmaz rayonu Müzəffəroba kəndində yerləşən “Uğur” marketdəki 147 nömrəli eManat ödəniş terminalından Təqsirləndirilən şəxs2 adına olan ********62099803 nömrəli bank hesab kartına 08 oktyabr 2022-ci il tarixdə, saat 19:23-də göndərdiyi 200 manatı, eyni niyyətlə, 10 oktyabr 2022-ci il tarixdə, saat 14:19-da göndərdiyi 300 manatı, eyni niyyətlə, 2022-ci ilin oktyabr ayının sonlarında Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsində Zərərçəkmiş şəxs qardaşı Şahid2 vasitəsi ilə cinayətkar qrupun digər üzvü Təqsirləndirilən şəxs2 verilən 1500 manatı, eyni niyyətlə, Şahid3 və Təqsirləndirilən şəxs2 ilə birlikdə cinayətkar əməllərini davam etdirərək yenidən Zərərçəkmiş şəxs oğlu Şahid1 qeyd olunan vəzifəyə işə qəbul etdirəcəklərini söz verib yenidən inandıraraq eyni niyyətlə, Zərərçəkmiş şəxs Şahid1 vasitəsi ilə Xaçmaz rayonu Müzəffəroba kəndində yerləşən “Uğur” marketdəki 147 nömrəli eManat ödəniş terminalından Təqsirləndirilən şəxs1 istifadəsində olan 4******4366 nömrəli nömrəli bank hesab kartına 12 may 2023-cü il tarixdə saat 13:03-də göndərdiyi 1000 manatı, eyni niyyətlə, 2023-cü ilin may ayının ortalarında göndərdiyi 1500 manatı və Zərərçəkmiş şəxs 2023-cü ilin may ayının sonlarında Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küçəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin Poliklinikasının yaxınlığında özünə şəxsən verdiyi 2000 manat nağd pulu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək, Şahid3 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında etibardan suiistifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs ümumilikdə 22.000 (iyirmi iki min) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Qax rayonu Tasmallı kəndində anadan olmuş və Bakı şəhərində yaşamışdır. O, Zərərçəkmiş şəxs nümayəndəsi X5 rayon polis idarəsinə ünvanladığı xx.xx.2023-cü il tarixli ərizənin məzmunu ilə tanış olmuşdur. Təxminən 20 ildir o, ev-tikinti işlərində qeyri-rəsmi olaraq briqadir vəzifəsində işləmişdir. O, Zərərçəkmiş şəxs təxminən 4-5 ildir Quba şəhərində tikintidə işləyən zaman tanımışdır. Onun Cabirlə qohumluğu, aralarında ədavət, düşmənçilik olmamışdır. Həmin vaxt o, X2 tikintisində briqadir işləmiş, Cabir isə tikintinin sahə rəisi vəzifəsində işləmişdir. Həmin tikintidə təxminən 6-7 ay müddət ərzində işləyərkən onun Cabirlə yaxın münasibəti yaranmışdır. 2020-ci ilin sentyabr ayında Cabir ona oğlu Babəyin işsiz olduğunu, Babəyi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xaçmaz rayonunda yerləşən idarələrindən birinə işə düzəltmək istədiyini, lakin, Babəyi işə düzəldə bilmədiyini, bunun üçün tanış adamının olmadığını demişdir. Cabir oğlu Babəyi işə düzəltməkdə kömək etməsini ondan xahiş etmişdir. O, Cabirə Bakı şəhərinə gedərkən Fövqəladə Hallar Nazirliyinə işə düzəlməklə bağlı vasitəçi adam tapacağını demişdir. Təxminən bir ay sonra o, öz işləri ilə bağlı Bakı şəhərinə gəlmişdir. Həmin ərəfədə o, Cabirin oğlu X8 Nazirliyinin Xaçmaz rayonunda yerləşən idarəsinə işə düzəltmək üçün vasitəçi şəxs tapa bilməmişdir. Lakin, o, Babəyin sənədlərini toplayıb Fövqəladə Hallar Nazirliyinə müraciət etməyi, bunun üçün Cabirdən pul almağı, Babəyin qanuni şəkildə işə qəbul olunacağı halda Cabirdən alacağı pulun ona qalmasını fikirləşmişdir. O, Quba rayonuna qayıtdıqdan sonra Cabirə yalan olaraq vasitəçi şəxs tapdığını, həmin şəxsin vasitəsi ilə Babəyi işə qəbul etdirəcəyini bildirmək qərarına gəlmişdir. Bir neçə gün sonra o, Quba rayonuna getmiş və işdə olarkən Cabirlə görüşmüşdür. O, Cabirə yalan olaraq Fövqəladə Hallar Nazirliyində işləyən mayor rütbəsində Asim adlı bir nəfər şəxslə tanış olduğunu, Asimin Babəyi işə qəbul etdirməyə söz verdiyini demişdir. O, Cabirə Babəyin hərbi biletini, şəxsiyyət vəsiqəsini, attestatını özündə hazır vəziyyətdə saxlamasını, Babəyin barəsində sağlamlıq haqqında arayış və tərcümeyi-hal almasını demişdir. O, Cabirə oğlu X9 Nazirliyinin rəsmi internet səhifəsinə daxil olub onlayn qaydada müraciət etməsini tapşırmışdır. Müəyyən müddət sonra Cabir ona Babəyin sənədlərini hazırladığını və Fövqəladə Hallar Nazirliyinin rəsmi internet səhifəsindən işə qəbul olunmaq üçün onlayn qaydada müraciət etdiyini demişdir. O, Cabirə 2021-ci il tarixdə Babəyin tibbi komissiyadan keçməli və sonra idman normativi verməli olduğunu demişdir. O, həmçinin, Cabirə oğlu Babəyin işə qəbul edilməsi ilə bağlı 12000 manat pul alacağını demişdir. O, Cabirə yalan olaraq həmin pulu Fövqəladə Hallar Nazirliyində işləyən Asim adlı şəxsə verəcəyini demişdir. Cabir Babəyin işə qəbul olunması ilə bağlı 12000 manat pul verməyə razı olmuş, lakin, Cabir pulu Babəyin işə rəsmi qəbul olunmasından sonra verəcəyini demişdir. Cabirin narazılıq etməməsi üçün o, sonuncu ilə razılaşmışdır. 2021ci ilin yanvar ayında o, Cabirə Babəyin işə qəbul olunması ilə bağlı kadr xidmətinə, sənədləri işləyən bəzi şəxslərə pul verməyin lazım olduğunu bildirib 12000 manatı hissəhissə ona verməsini demişdir. Cabir həmin puldan hissə-hissə verə biləcəyini demişdir. O, istifadə etdiyi 4169 7388 1896 8079 nömrəli “Kapital bank” kartının fotoşəklini Cabirin telefonuna göndərmiş və pulu həmin karta göndərməsini demişdir. 2021-ci ilin yanvar ayının sonlarında Cabir onun həmin kartına əvvəlcə 1000 manat, bir neçə gün sonra 700 manat və sonra 2800 manat olmaqla cəmi 4500 manat pul göndərmişdir. O, həmin pulu kartının balansından bankomat vasitəsi ilə məxaric etmişdir. 2021-ci ilin fevral ayında o, Fövqəladə Hallar Nazirliyinin Kadr xidmətinə zəng edərək Babəyin işi ilə maraqlanmışdır. Oradan ona 2021-ci ilin mart ayında Babəyi tibbi komissiyaya gətirməsini demişdir. 2021ci ilin mart ayında xatırlamadığı gün o, Bakı şəhərində olarkən Cabirə zəng edərək Babəyi göndərməsini, Babəyi tibbi komissiyadan keçirəcəyini demişdir. Bundan başqa o, Cabirə Babəyin tibbi komissiyadan keçməsi üçün 6000 manat pul lazım olduğunu, həmin pulu da Babəklə göndərməsini demişdir. Bir neçə gün sonra, yəni 2021-ci ilin mart ayının əvvəlində xatırlamadığı gün Babək Bakı şəhərində gəlmiş və o, sonuncu ilə Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin Poliklinikasının qarşısında görüşmüşdür. O, Babəyi müayinə olunması üçün Poliklinikaya aparmışdır. Bir neçə saat müddətində o, Poliklinikanın qarşısında Babəyi gözləmiş və sonuncu çıxaraq müəyyən analizlər verdiyini və tibbi müayinədən keçdiyini demişdir. Həmin Poliklinikanın qarşısında Babək ona 6000 manat pul vermişdir. Bundan sonra Babək Xaçmaz rayonuna qayıtmışdır. Bir gün sonra Cabir ona zəng edərək Babəyin telefonuna sonuncunun tibbi komissiyasının nəticələrinin yaxşı olması barədə sms gəldiyini demişdir. 2021-ci ilin mart ayının ortalarında Cabir ona zəng edərək Babəyin telefonuna Fövqəladə Hallar Nazirliyindən sms göndərildiyini, həmin sms-lə Babəyin xx.xx.2021-ci il tarixdə idman normativinə çağırıldığını demişdir. xx.xx.2021-ci il tarixdə səhər saatlarında o, Babəklə görüşüb sonuncu ilə birlikdə ünvan 4 ünvanında yerləşən X4 hissəsinə getmişlər. Babək özü ilə onun qeyd etdiyi sənədlərini də gətirmişdir. O, Babəyə sənədlərini götürmüş və özünün təqdim edəcəyini demişdir. Babək turnik və 100 metr məsafəyə qaçış üzrə idman normativləri vermişdir. Həmin gün Babək yaşadığı kəndə qayıtmışdır. O isə Babəyin sənədlərini Fövqəladə Hallar Nazirliyinin kadrlar xidmətinə təqdim etmişdir. 2021-ci ilin aprel ayının sonlarında Cabir ona Babəyin telefonuna idman normativinin yaxşı olması barədə sms gəldiyini demişdir. O, Cabirə Babəyin işinin həll olunduğunu, qısa müddət ərzində sonuncunun işə qəbul olunma əmrinin veriləcəyini və qalan pulu da verməsini demişdir. 2021-ci ilin may ayının əvvəlində xatırlamadığı gün Cabir onun bank kartına 1000 manat pul göndərmişdir. O, həmin pulu da bankomatdan məxaric etmişdir. Cabir hər dəfə ondan Babəyin işə qəbul olunma əmrinin nə vaxt veriləcəyini soruşan zaman o, gözləməsini demişdir. Bir neçə ay keçsə də, Fövqəladə Hallar Nazirliyi Babəyin işə qəbul olunması ilə bağlı müsbət cavab gəlməmişdir. 2021-ci ilin oktyabr ayının əvvəlində Cabir ona artıq Babəyin 30 yaşının tamam olduğunu, həmin vaxtdan sonra Babəyin işə qəbul olunmasının mümkün olmayacağını deyib ona verdiyi 11500 manat pulu qaytarmasını tələb etmişdir. O, Cabirə Babəyin 30 yaşı tamam olsa da sonuncunun sənədlərini təqdim edən zaman 30 yaşının tamam olmadığını, Babəyin işinə problem olmadığını demişdir. Bundan sonra o, Babəyin işinin alınmamasını tanışı Şahid3 demişdir. Dostu Sədrəddinin yanında Azər ona yaxın qohumunun Fövqəladə Hallar Nazirliyində yüksək vəzifədə işlədiyini, həmin qohumunun vasitəsi ilə Babəyi işə qəbul etdirə biləcəyini demişdir. O, Azərdən Babəyi hansı məbləğlə işə qəbul etdirə biləcəyini soruşmuşdur. Azər ona Babəyi 8000 manata işə qəbul etdirə biləcəyini demişdir. Sədrəddin Azəri yaxşı tanıdığını, Azərin verdiyi sözü yerinə yetirə biləcəyini demişdir. O, Babəyin işə qəbul olunmasını Azər adlı şəxslə danışdığını Cabirə demişdir. X13 işə qəbul etdirə biləcəyi halda onda olan pulu Azərə verməsini demişdir. 2021-ci ilin yay fəslində xatırlamadığı gün o, Qax şəhərində olarkən Sədrəddinin yanında Azərə 8000 manat pul vermişdir. O, qalan 3500 manat pulu özündə saxlamışdır. Həmin ərəfədə Azər Babəyin işə qəbul olunması ilə bağlı əlavə olaraq 2000 manat pul istəmişdir. O, Azərin 2000 manat da pul istədiyini Cabirə demişdir. Cabir 2000 manat pulu Bakı şəhərində yaşayan qardaşı Ədalətdən götürmələrini demişdir. Bundan sonra Azər Sədrəddin ilə birlikdə Ədalətin yaşadığı ünvana gedib sonuncudan 2000 manat pul götürmüşdür. Azər 20 gün müddətində Babəyi işə qəbul etdirəcəyini demişdir. Danışılmış vaxtdan bir ay müddət keçsə də Azər Babəyi işə qəbul etdirməmişdir. O və Cabir telefon vasitəsi ilə Babəyi nə səbəbə işə qəbul etdirmədiyini Azərdən soruşmuş, sonuncu isə hər dəfə bir neçə gün gözləmələrini desə də, onları aldatmışdır. Onlar Azərin yalan danışdığını, onları aldatdığını görüb sonuncudan 10000 manat pulu qaytarmasını tələb etmişlər. Həmin ərəfədə Sədrəddin Azərlə birlikdə Ədalətdən götürdüyü 2000 manat pulu Azərdən almışdır. Bununla da Azərdə 8000 manat pul qalmış olmuşdur. O, Azərdən qalan 8000 manat pulu qaytarmasını tələb etmişdir. Lakin, Azər onun verdiyi 8000 manat pulu ona qaytarmamışdır. Sədrəddin Azərdən aldığı 2000 manat pulu ona vermişdir. Həmin ərəfədə o, Qaraçuxur məscidində namaz qılarkən “əxi” ləqəbli Eynur adlı şəxslə tanış olmuşdur. O, Cabirin oğlu Babəyin işə qəbul olunması ilə bağlı başına gələn hadisələrin hamısı Eynura danışmışdır. Eynur ona Babəyin işə qəbul olunması üçün çalışacağını, tanış adam tapıb həmin şəxsin vasitəsi ilə Babəyi işə qəbul etdirəcəyini demişdir. Bir neçə gün sonra Eynur ona zəng edərək Fövqəladə Hallar Nazirliyində yüksək vəzifədə işləyən tanışının olduğunu, Babəyin işə qəbul olunmasını həmin şəxslə danışdığını, qısa müddət ərzində həmin şəxsin vasitəsi ilə Babəyi işə qəbul etdirəcəyini, bunun üçün 8000 manat pul alacağını demişdir. O, Eynura Babəyin atası Cabirin ümumilikdə 13500 manat pul verdiyini, həmin pulun 8000 manatının Azərdə, 5500 manatının onda olduğunu demişdir. O, Eynura Cabirlə danışıb məlumat verəcəyini demişdir. Bundan sonra o, mobil telefon vasitəsi ilə Cabirlə əlaqə saxlamışdır. O, Eynur haqqında Cabirə ətraflı məlumat vermiş və Babəyin işə qəbul olunması ilə Eynurun məşğul olub müsbət nəticə əldə edəcəyini, bunun üçün Eynura əlavə olaraq 8000 manat pul verməsini demişdir. Lakin, Cabir onlara inanmadığını, daha pul verməyəcəyini demişdir. O, bu barədə Eynura dedikdən sonra sonuncu Cabirlə görüşüb sonuncudan pul almasının yolunu tapacağını demiş, həmçinin onda olan puldan da istəmişdir. Həmin vaxt xatırlamadığı gün o, Bakı şəhəri 3-cü mikrorayon ərazisində Eynura 2000 manat pul vermişdir. O, özündə olan puldan 2000 manatını Eynura verdiyini mobil telefonla zəng edərək Cabirə demişdir. Sonra Eynur ona birlikdə Xaçmaz şəhərinə getmələrini, Cabirlə, həmçinin, həmin şəhərdə yerləşən Fövqəladə Hallar Nazirliyinin idarəsində rəislə görüşəcəyini demişdir. 2022-ci ilin sentyabr ayının əvvəlində o, Eynur və Eynurun dostu ilə birlikdə Xaçmaz şəhərinə getmişlər. Onlar Cabirlə görüşmüş, Eynuru Cabirlə tanış etmişdir. X11 Nazirliyinin idarəsinə girmiş, sonra çıxaraq onların yanına gəlmişdir. Eynur həmin idarədən kadr çatışmamazlığı barədə məktub alacağını, bundan sonra Babəyi işə qəbul etdirəcəyini demiş və həmin məktubu almaq üçün Cabirdən 1500 manat pul istəmişdir. Cabir 1500 manat pulunun olmadığını, 800 manat pul verə biləcəyini demişdir. Onlar geri qayıdarkən Cabir onun bank kartına 800 manat pul köçürmüşdür. Bakı şəhərinə çatdıqdan sonra o, həmin 800 manat pulu xatırlamadığı ünvanda yerləşən bankomatdan məxaric etmiş və hamısını Eynura vermişdir. Həmin vaxtdan sonra Eynur Babəyin işə qəbul olunması ilə bağlı onun vasitəsi ilə və ya birbaşa olaraq Cabirdən hissə-hissə olmaqla müxtəlif məbləğlərdə pul istəməyə başlamışdır. 2022-ci ilin sentyabr ayında Cabir Eynura hissə- hissə olmaqla 1200 manat pul göndərdiyini ona demişdir. Lakin, Eynur Babəyin işə qəbul olunması ilə bağlı heç bir iş görməmişdir. Bu səbəbdən Cabir ondan və Eynurdan verdikləri bütün pullarını qaytarmalarını tələb etmişdir. Eynur ona Ramana qəsəbəsində torpaq sahəsinin olduğunu, pulun əvəzində həmin torpağı Cabirin adına keçirəcəyini demişdir. O, bu barədə Cabirə demişdir. Cabir gedib torpağa baxmağını, torpaq sahəsini qardaşı Ədalətin adına keçirməsini demişdir. O, Eynur və Ədalətlə birlikdə gedib həmin torpaq sahəsinə baxmışdır. O, torpağın təxminən 10 sot olduğunu görmüşdür. Eynur aldığı pulun müqabilində Cabirə 0,3 ha torpaq sahəsini etibarnamə sənədi əsasında verəcəyini demişdir. Ədalət torpağı bəyənmişdir. Eynur torpağın bələdiyyə sənədi ilə sonuncuya məxsus olduğunu demişdir. Bundan sonra onlar birlikdə Nərimanov rayonunda yerləşən notarius ofisinə getmişlər. Eynur 0,3 ha torpaq sahəsinə dair Ədalətə etibarnamə sənədi vermişdir. Eynur torpağı Cabirin adına sənədləşdirib çıxarış almaq üçün sonuncudan ümumilikdə 2000 manat pul istəmişdir. 2022-ci ilin oktyabr ayında Cabir Eynurun bank kartına 500 manat pul göndərmişdir. Qalan 1500 manat pulu isə Eynur Əmircan qəsəbəsinə gedib Cabirin qardaşı Ədalətdən götürmüşdür. Lakin, Eynur həmin torpağı Cabirin adına keçirməmişdir. Təxminən iki ay sonra Eynurun Ədalətə verdiyi etibarnamə sənədini ləğv etdirdiyi məlum olmuşdur. O, bu barədə Eynurdan soruşmuşdur. Eynur torpaq sahəsini Cabirin adına keçirə bilmədiyini, bu səbəbdən də etibarnaməni ləğv etdirdiyini demişdir. Cabir onlardan pulunu tələb etsə də onlar pulu qaytarmamışlar. O, mobil telefonla Cabirə zəng edərək Babəyin işi üçün xeyli miqdarda pul xərclədiyini, həmin pulun batmaması üçün Babəyi çalışıb işə qəbul etdirəcəyini demişdir. Bunun üçün o, Cabirdən sonuncu dəfə 2500 manat pul istəmişdir. 2023-cü ilin may ayının əvvəlində Cabir onun bank kartına 1000 manat, bir neçə gün sonra isə 1500 manat pul göndərmişdir. 2023-cü ilin may ayının sonlarında o, Cabirə zəng edərək Babəyin işi ilə bağlı Bakı şəhərinə gəlib onunla görüşməsini demişdir. Xatırlamadığı gün o, Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən Poliklinikanın yanında Cabirlə görüşmüşdür. O, Cabirə yalan olaraq Babəyin işinin tam hazır olduğunu, bir neçə gün sonra işə qəbul olunma əmrinin veriləcəyini demiş və əmrin verilməsi üçün Cabirdən sonuncu dəfə 2000 manat pul istəmişdir. Həmin vaxt orada Cabir ona 2000 manat pul vermişdir. Bununla da, Babəyin işə qəbul edilməsi ilə bağlı Cabir ona 8000 manat, Azərə 8000 manat və Eynura 6000 manat olmaqla ümumilikdə 22000 manat vermiş olmuşdur. Lakin, onlar Babəyi işə qəbul etdirə bilməmişlər. Cabir onlardan pulunu istəmiş və əks halda şikayət edəcəyini demişdir. 2023-cü ilin avqust ayının əvvəlində o, Cabirin onun, Azərin və Eynurun barəsində şikayət etdiyini bilmişdir. O, vurduğu ziyanı tam ödəmiş, zərər çəkmiş şəxslə barışıq əldə etmişdir. Habelə vurduğu ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etmişdir. Qeyd edilənləri nəzərə alıb cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi Maştağa qəsəbəsi Subtropik Sovxozdə yaşamışdır. O, Zərərçəkmiş şəxs nümayəndəsi X6 rayon polis idarəsinə ünvanladığı xx.xx.2023-cü il tarixli və Zərərçəkmiş şəxs Bakı şəhəri Binəqədi rayon polis idarəsinin 6-cı polis bölməsinə ünvanladığı xx.xx.2023-cü il tarixli ərizələrin məzmunu ilə tanış olmuşdur. O, Zərərçəkmiş şəxs 2022ci il tarixdə tanımışdır. Cabiri onunla tanışı Təqsirləndirilən şəxs1 tanış etmişdir. Belə ki, həmin ərəfədə o, Mahirlə birlikdə ev-tikinti işləri görməyi planlaşdırmışlar. Mahir Azər adlı şəxslə tikinti işlərini artıq başlamış və ona xərclədikləri pulun Xaçmaz rayonu Qadaş-Oba kəndində yaşayan Zərərçəkmiş şəxs məxsus olduğunu demişdir. X3 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xaçmaz rayonunda yerləşən idarələrindən birinə işə qoymaq adı ilə təxminən 13000 manat pul aldığını demişdir. X14 birlikdə aldadıb Cabirin oğlu Babəyi işə qoymaq adı ilə həmin pulu aldıqlarını, lakin, Babəyin işə qəbul olunması ilə bağlı heç bir iş görmədiklərini, Cabirin pulunu tikintiyə xərclədiklərini, Cabirin oğlu Babəyin işə qəbul olunmasını və ya pulu qaytarmasını tələb etdiyini demiş və onlara kömək etməyini xahiş etmişdir. O, Mahirə maraqlanıb tanış şəxs tapa biləcəyi halda Babəyin işə qəbul olunmasına kömək edəcəyini demişdir. Mahir mobil telefon vasitəsi ilə Cabirə zəng edərək Babəyin işə qəbul olunma işi bağlı danışmışdır. Mahir Cabirə “yanımda bir qardaş var, o, sənə kömək edəcək” demişdir. O, Mahirin telefonu ilə Cabirlə danışmışdır. O, Cabirə Mahiri sıxmamasını, vaxt verməsini, Mahirdən verdiyi pulu istəməməsini, Babəyin işə qəbul edilməsi ilə bağlı kömək edəcəyini demişdir. O, Mahirlə birlikdə əllərində olan tikinti işini yekunlaşdırdıqdan sonra aldıqları pulla Cabirin pulunu qaytarıb məsələyə son qoymalarını qərara almışlar. Lakin, onlar tikintini yekunlaşdıra bilməmiş və onlara yenidən pul lazım olmuşdur. O, X10 işə qəbul olunması ilə bağlı ümumilikdə 8000 manat pul alacağını, həmin pulla tikintini yekunlaşdırmalarını demişdir. Mahir onunla razılaşmışdır. O, istifadə etdiyi ***-***-**-** nömrəli mobil telefon vasitəsi ilə Cabirə zəng edərək Babəyin işə qəbul olunması ilə bağlı müəyyən şəxslərə pul verəcəyini yalan olaraq deyib Cabirdən hissə-hissə olmaqla pul istəmişdir. O, əvvəlcə Cabirdən 2000 manat pul istəmişdir. Cabir 2000 manat pulunun olmadığını, Azərə verdiyi puldan 2000 manatı Sədrəddinin geri qaytardığını, Sədrəddinin isə həmin pulu Mahirə verdiyini demişdir. X15 danışmış və Mahir 2000 manat pulu ona verməyə razı olmuşdur. Xatırlamadığı gün Mahir Bakı şəhəri 3-cü mikrorayon ərazisində ona 2000 manat pul vermişdir. 2022-ci ilin sentyabr ayında xatırlamadığı gün o, Mahirə birlikdə Xaçmaz şəhərinə gedib Cabirlə görüşmələrini, həmçinin Babəyin işə qəbul olunması ilə bağlı Fövqəladə Hallar Nazirliyinin Xaçmaz şəhərində yerləşən idarəsinə getmələrini, oradan vakant yerin olub-olmaması barədə məlumat alacağını demişdir. Mahir onunla razılaşmışdır. Səhəri gün o, Mahirlə birlikdə Xaçmaz şəhərinə getmiş, orada Cabirlə görüşmüşlər. O, Cabirə ona və Mahirə müəyyən müddət ərzində vaxt verməsini, Babəyin işə qəbul olunmasına nail olacaqlarını, Fövqəladə Hallar Nazirliyinin Xaçmaz şəhərində yerləşən idarəsinə gedib müəyyən şəxslərlə görüşəcəyini demişdir. Cabir onunla razılaşmışdır. Bundan sonra onlar həmin idarəyə getmişlər. O, tək olaraq həmin idarəyə daxil olub kadr xidmətinin əməkdaşından vakant vəzifənin olub-olmamasını soruşmuşdur. Oradan ona vakant yerin olmadığını demişlər. Bundan sonra o, idarədən çıxıb Cabirə yalan olaraq rəislə görüşdüyünü, rəisdən vakant yerin olması barədə arayış alacağını demişdir. O, pul almaq məqsədi ilə Cabirə yalan olaraq rəisin arayış verməsi üçün pul istədiyini demiş və Cabirdən 2000 manat pul istəmişdir. Cabir həmin pulu ona verməyə razı olmuşdur. Onlar Bakı şəhərinə qayıtdıqdan sonra X12 kartına 800 manat pul göndərdiyini demişdir. Sonra Mahir həmin pulu bankomatdan məxaric edərək hamısını ona vermişdir. O, qalan pulu da Cabirdən istəmiş və pulu ona məxsus 62099803 nömrəli bank kartına göndərməsini demişdir. 2022-ci ilin sentyabr ayında ayrı-ayrı vaxtlarda hissə-hissə olmaqla Cabir ona məxsus 62099803 nömrəli bank kartına ümumilikdə 1200 manat pul göndərmişdir. Lakin, o, Babəyin işə qəbul edilməsi ilə bağlı heç bir iş görməmişdir. Bu səbəbdən Cabir mobil telefonla ona zəng edərək Mahirə və ona verdiyi bütün pulları qaytarmasını tələb etmişdir. O, Cabirdən aldığı pulları şəxsi ehtiyaclarına xərclədiyi üçün sonuncunun pulunu qaytara bilməmişdir. Bu səbəbdən o, Cabirə Sabunçu rayonu Maştağa qəsəbəsində 0,10 ha torpaq sahəsinin olduğunu, həmin torpağın 0,3 ha hissəsini Cabirə verə biləcəyini demişdir. Cabir ona və Mahirə verdiyi pulun əvəzində həmin torpaq sahəsini götürmək istədiyini demişdir. xx.xx.2022-ci il tarixdə o, Cabirin razılığı ilə 0,3 ha ölçüdə torpaq sahəsini sonuncunun qardaşı Ədalətə təhvil vermiş və bu barədə sonuncuya rəsmi etibarnamə sənədi vermişdir. Sonra Cabir ona torpağı sonuncunun adına sənədləşdirməsini və adına çıxarış almasını bildirmişdir. Torpağı Cabirin adına sənədləşdirib çıxarış almaq üçün o, Cabirdən 2000 manat pul istəmişdir. Bir neçə gün sonra Cabir ona məxsus bank kartına əvvəlcə 200 manat, bir neçə gün sonra isə 300 manat pul göndərmişdir. O, qalan 1500 manat pulu da Cabirdən istəmişdir. Cabir ona Əmircan qəsəbəsinə gedib qardaşı Ədalətdən 1500 manat pul götürməsini demişdir. 2022-ci ilin oktyabr ayının sonlarında xatırlamadığı vaxt o, Ədalətin yaşadığı ünvana gedərək sonuncudan 1500 manat pul almışdır. Lakin, o, həmin pulu şəxsi 10 ehtiyaclarına xərclədiyi üçün 0,3 ha ölçüdə torpaq sahəsini Cabirin adına sənədləşdirə bilməmişdir. Bu səbəbdən də Cabir torpaqdan imtina etmiş və ondan pulunu tələb etmişdir. O, torpağı başqa şəxsə satıb Cabirin pulunu qaytarmaq məqsədi ilə Ədalətə verdiyim etibarnaməni ləğv etdirmişdir. O, torpağı başqa şəxsə də sata bilməmiş, bu səbəbdən də Cabirin pulunu qaytara bilməmişdir. 2023-cü ilin may ayında Mahir ona Cabirlə danışıb Babəyin işə qəbul edilməsi ilə bağlı yenidən pul almalarını demişdir. O, heç bir etiraz etməmişdir. 2023-cü ilin may ayının əvvəlində Mahir Cabirdən 2500 manat pul istəmişdir. Həmin vaxt Cabir Mahirin bank kartına bir dəfə 1000 manat və sonra 1500 manat pul göndərmişdir. 2023-cü ilin may ayının sonlarında Mahir Cabirdən sonuncu dəfə 2000 manat pul istəmişdir. Cabir Bakı şəhərinə gələrək Binəqədi rayonu ərazisində Mahirlə görüşmüş və sonuncuya 2000 manat pul vermişdir. Lakin, o və Mahir Babəyin işə qəbul olunması ilə bağlı heç bir iş görməmişlər. Cabir isə mütəmadi olaraq mobil telefon vasitəsi ilə həm onunla və həmdə Mahirlə əlaqə saxlayıb pulunu qaytarmasını tələb etmiş, əks halda onların barələrində şikayət edəcəyini bildirmişdir. O, Cabirə onlara vaxt verməsini, bankdan kredit götürüb sonuncunun pulunu qaytaracağını demişdir. Lakin, o, bankdan kredit pul götürə bilməmiş və Cabirin pulunu qaytarmamışdır. O, Cabirin onların barələrində tezliklə şikayət edəcəyini görüb 2023-cü ilin iyul ayının əvvəlində dostu Bəxtiyarla birlikdə Xaçmaz şəhərinə gedib Cabirlə görüşmüşdür. O, Cabirə şikayət etməməsini, pulunu qaytaracağını demişdir. Lakin, Cabir həmin ay onların barələrində şikayət etmişdir. O, vurduğu ziyanı tam ödəmiş, zərər çəkmiş şəxslə barışıq əldə etmişdir. Habelə vurduğu ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etmişdir. Qeyd edilənləri nəzərə alıb cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslərin ifadəsinə uyğun ifadələr vermişdir. Əlavə olaraq qeyd etmişdir ki, hər iki təqsirləndirilən şəxs ona vurduğu ziyanı tam şəkildə ödəmişlər, ona görə də təqsirləndirilən şəxslərə qarşı hər hansı şikayəti və tələbi yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Cinayət işinin başlanması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə cinayət işi başlanmışdır (cild 1, i.v 1-2). Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 sonuncu dəfə Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə 306.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən təyin olunmuş cəza 01 il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilmiş, xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatmışdır (cild 1, i.v 171-172). Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu yoxdur (cild 1, i.v 173-174). Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri qüvvəsində saxlanılmışdır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq Təqsirləndirilən şəxs1 tərəfindən ona vurulmuş ziyanın ödənildiyini bildirərək, ona qarşı heç bir şikayəti və tələbi olmadığını qeyd etmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixdə məhkəməyə teleqram ünvanlayaraq Təqsirləndirilən şəxs2 tərəfindən ona vurulmuş zərərin tam ödənildiyini bildirərək, ona qarşı heç bir şikayəti olmadığını qeyd etmişdir. xx.xx.2025-ci il tarixli Qəbzdən görünür ki, Təqsirləndirilən şəxs2 cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında – 1500 manat məbləğində dövlət büdcəsinə ödəniş etmişdir. xx.xx.2025-ci il tarixli Qəbzdən görünür ki, Təqsirləndirilən şəxs1 cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında – 2000 manat məbləğində dövlət büdcəsinə ödəniş etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası CM-in 178.2.1 və 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təqsirlilikləri öz ifadələri, zərər çəkmiş şəxsin və şahidin ifadələri və işin digər materialları ilə tam sübuta yetirilir və düzgün olaraq onların əməli Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir. Onların hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ifadələrini dinləyib, zərər çəkmiş şəxsin ərizəsini və təqsirləndirilənlərin zərər çəkmiş şəxslə barışıb, zərər çəkmişə dəymiş ziyanı tamamilə ödəyib, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etmələrini nəzərə alıb, iş materiallarını araşdırıb hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq olunmaqla, onlar cinayət məsuliyyətindən azad edilməli və cinayət işinin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinin tələbinə görə bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Qeyd edilən Məcəllənin 43.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu məcəllənin 39.1.11-ci maddəsində nəzərdə tutulmuş hallar (cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda) olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Həmin Məcəllənin 43.3-cü maddəsinin tələbinə görə məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 40.2.2-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 zərər çəkmiş şəxslə barışıb, dəymiş ziyanı tamamilə ödəyib, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etmələrini nəzərə alaraq hesab edir ki, onlar cinayət məsuliyyətindən azad olunmalı və işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən, qətimkan tədbiri təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verildikdən sonra qüvvədən düşmüş sayılır. Buna görə təqsirləndirilən şəxslər barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri qüvvədən düşmüş sayılmalıdır. Həmçinin qeyd edilməlidir ki, müdafiəçi– Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 cinayət işi üzrə Təqsirləndirilən şəxs1 cəmi 40 saat, müdafiəçi – Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 cinayət işi üzrə Təqsirləndirilən şəxs2 cəmi 40 saat müddətində hüquqi yardım göstərmiş, o cümlədən məhkəmə iclaslarında iştirak etmiş, cinayət işinin materialları ilə tanış olmuş və digər hərəkətlərdə onların hüquqlarını müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Həmin Qərara edilmiş 28 aprel 2025-ci il tarixli dəyişikliyə əsasən isə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Belə olan halda, məhkəmə dövlət büdcəsi vəsaiti hesabına hüquqi yardım göstərmiş vəkillərin hesabatlarını əsas götürərək, vəkillərin hüquqi yardıma görə sərf etdiyi ayrıayrılıqda 22 saatın hər iş saatının 6 manatdan, 18 saatının hər iş saatının isə 11 manatdan hesablanmaqla, dövlət büdcəsindən hər vəkilə cəmi 330 manat (22 saat x 6 AZN + 18 saat x 11 AZN) məbləğində vəsaitin ödənilməsi qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40, 43.1, 43.3, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən zərər çəkmiş şəxslə barışıb, dəymiş ziyanı tamamilə ödəyib, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyindən Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri qüvvədən düşmüş sayılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən zərər çəkmiş şəxslə barışıb, dəymiş ziyanı tamamilə ödəyib, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyindən Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri qüvvədən düşmüş sayılsın. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş əməlini törətməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Maddi sübutlar – xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli ödəniş qəbzləri cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs1 göstərdiyi hüquqi yardıma görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı – 330 (üç yüz otuz) (22 saat x 6 AZN + 18 saat x 11AZN) manat ödənilsin Təqsirləndirilən şəxs2 göstərdiyi hüquqi yardıma görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı – 330 (üç yüz otuz) (22 saat x 6 AZN + 18 saat x 11AZN) manat ödənilsin Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar