Məhkəmə qərarları › İş №1(001)-250/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-250/2024

27.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-250/2024 27.03.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1971-ci ildə Şəmkir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Şəmkir rayonu Zəyəm qəsəbəsində qeydiyyatda olmaqla həmin ümvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 180.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs həyat və ya sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə özgənin əmlakını açıq talamaq məqsədilə xx.xx.2023-cü il tarixdə saat 05 radələrində ünvan 1 ünvanda Zərərçəkmiş şəxs sifət nahiyyəsindən yumruqla vurub sol qaş nahiyyəsinin səhti əzilmiş yarası, sol almacıq nahiyyəsinin və sol diz oynağı nahiyəsinin sıyrıqları kimi dərəcəsi təyin olunmayan xəsarət yetirməklə əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 800 manat pulunu və dəri gödəkcənin iç sol cibindən 200 manat dəyərində olan “Redmi 3” markalı mobil telefonu ələ keçirib Zərərçəkmiş şəxs 1000 manat məbləğində maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 180.2.4-cü maddəsi ilə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə axşam saat 10 radələrində Bakı şəhərində Fəvvarələr meydanında həmkəndlisi Şahid2 ilə təsadüfən görüşmüş, birlikdə şəhərdə bir neçə saat gəzdikdən sonra Biləcəri dairəsinə gəlmişlər. Şirxanla birlikdə küçədə olan zaman gecə saat 03 radələrində Arzumanla tanış olmuş, tanışlıqdan sonra üçü birlikdə yaxınlıqda olan “Oba” marketə getmişlər. Marketdə Arzuman iki butulka çaxır almış və çaxır alan zaman onun cibində pul olduğunu görmüşdür. Onlar aldıqları çaxırları götürüb yaxınlıqda küçədə əyləşib içməyə başlamış, həmin vaxt o, Arzumanın solunda, Şirxan isə onunla üzbəüz əyləşmişdir. Təxminən iki saata yaxın çaxır içib söhbət etdikdən sonra o, ani olaraq özlüyündə fikirləşmişdir ki, Arzumanı vurub cibindən pulu götürsün. Ona görədə qəfil yumruqla Arzumanın üz nahiyyəsinin sol tərəfindən vurmuş, Arzuman içkili olduğu üçün zərbənin təsirindən yerə yıxılmışdır. Arzumanı vurduqdan sonra Şirxan qışqıraraq “neylədin, niyə vurdun” dedikdə, ona “sənlik deyil” deyib Arzumanın şalvarının cibindən pulunu, gödəkcəsinin iç cibindən isə bir ədəd mobil telefonu götürərək oradan uzaqlaşmışdır. O, pulu və telefonu götürən zaman Şirxan nə qədər mane olmağa çalışsada ona bir daha sənlik deyil deyib pulu və telefonu götürüb oradan uzaqlaşmışdır. Oradan uzaqlaşıb qaçan zaman sərxoş olduğundan yolda telefon cibindən düşərək itmişdir. Pulu isə sayan zaman 800 manat olduğunu görmüşdür. Əldə etdiyi pulu özü üçün xərcləmişdir. Sonradan Binəqədi rayon polis idarəsinin əməkdaşları tərəfindən saxlanılan zaman etdiyi cinayəti etiraf etmişdir. Əməlindən peşmandır. Zərər çəkmiş şəxsə vurduğu maddi ziyanı tamamilə ödəmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, “Turbo.az” saytından VAZ-2107 markalı avtomaşın bəyəndiyi üçün onu almaq məqsədi ilə 08 dekabr 2023-cü il tarixdə oğlu İlqar ilə birlikdə Şəki şəhərindən Bakı şəhərinə gəlmişdir. Saat təxminən 20 radələrində Bakıya çatıb maşın alacağı şəxsə zəng edərək onu Bakı Avtovağzalının yanına çağırmışdır. Həmin şəxs gəldikdən sonra avtomaşına baxıb onu 2100 manata almışdır. Lakin gec olduğu üçün avtomaşına etibarnamə ala bilmədiyindən razılaşmışlar ki, Bakıda qalsın və səhəri gün görüşüb maşına etibarnamə alsın. Bundan sonra o, oğlu ilə birlikdə avtovağzalın yaxınlığında Şəki kafesində oturub yemək yemiş və yemək yeyən zaman 200 qram araq içmişdir. Saat təxminən 01 radələrində oğlu ilə birlikdə maşına gəlmiş, lakin bir qədər maşında oturduqdan sonra oğluna piyada gəzmək istədiyini bildirmişdir. Bundan sonra o, bir qədər piyada gəzdikdən sonra yolda üzbəüz hərəkətdə olan tanımadığı iki nəfərdən birinin çiyin nahiyyəsinə dəymişdir. Həmin vaxt o, çevrilərək üzr istəyəndə həmin şəxslərdən biri şəkili olduğunu dedikdə ona “bəli şəkiliyəm, nə qulluğunuz” demişdir. Bundan sonra həmin şəxslərdən biri çaxır ala bilərsən içək dedikdə o, onlarla razılaşmış və yaxınlıqdakı “Oba” marketə gedərək oradan iki butulka çaxır alıb elə yaxınlıqdakı küçədə oturub içməyə başlamışlar. Təxminən 2 saata yaxın birlikdə oturub çaxır içib söhbət edən zaman anidən üzünün sol tərəfinə zərbə dəydiyini hiss etmiş və zərbənin təsirindən huşunu itirmişdir. Bir qədər keçdikdən sonra özünə gəlmiş və üstünə baxdıqda əynində olan göy rəngli cins şalvarının sağ yan cibində olan 800 manat pulun və dəri gödəkcənin iç sağ cibində olan “Redmi 3” markalı mobil telefonun üstündə olmadığını müəyyən etmişdir. Bundan sonra oğlunun yanına gəlmiş və bu barədə oğluna dedikdən sonra oğlu İlqar hadisə barədə DİN-in 102 zəng xidmətinə zəng edərək məlumat vermişdir. Sonradan polis bölməsində ona məlum olmuşdur ki, pulunu və telefonunu cibindən götürüb qaçan şəxs Təqsirləndirilən şəxsdur. Ona vurulmuş ziyan tam ödənildiyi üçün Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1, habelə Şahid2 zərər çəkmiş şəxsin ifadəsinə uyğun ifadə vermişlər. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Cinayət işi başlanması barədə 13 dekabr 2023-cü il tarixli qərardan görünür ki, faktla bağlı Azərbaycan Respublikası CM-in 180.2.4-cü maddəsi ilə cinayət işi başlanılıb icraata qəbul edilmişdir (cild 1, i.v 1). Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 2340 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlər - sol qaş nahiyəsinin səthi əzilmiş yarası, sol almacıq nahiyəsinin və sol diz oynağı nahiyəsinin sıyrıqları bərk küt əşyanın təsirindən müayinədən bir neçə saat əvvəl əmələ gəlmişdirlər, həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur (cild 1, i.v 20-21). Şübhəli şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 15:00-da Azərbaycan Respublikası CM-in 180.2.4-cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, i.v 47). Şəxsin tanınmaya təqdim edilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs 3-cü sırada dayanan Təqsirləndirilən şəxs tanıyaraq onu həmin şəxsin vurduğunu bildirmişdir (cild 1, i.v 75-76). Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-in 180.2.4-cü maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (cild 1, i.v 88-89). Qətimkan tədbiri seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir (cild 1, i.v 106-110). Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur (cild 1, i.v 114-116). Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, ona vurulmuş maddi ziyan tam olaraq ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur (cild 1, i.v 117). Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Bu mənada məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 180.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi öz ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Ona düzgün olaraq Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi ilə ittiham irəli sürülmüşdür. Onun hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar və əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004cü il və 17 mart 2011-ci il tarixli qərarları) Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsaslanmaqla cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi müəyyən edir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi CM-in 180.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, təyin ediləcək cəza Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş az ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün müəyyən edilmiş ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, cəzaçəkmə müddətinin əvvəli 13 dekabr 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalıdır. İş üzrə məhkəmə xərci və maddi sübut yoxdur, mülki iddia verilməmişdir. Cinayət işinə əlavə edilmiş vəkil Müdafiəçi tərəfindən məhkəmədə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, müdafiəçi Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi cinayət işi üzrə Təqsirləndirilən şəxs cəmi 30 (otuz) saat müddətində hüquqi yardım göstərmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 192- 193, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 180.2.4-cü maddəsi ilə təqsirli bilinib 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli 13 dekabr 2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı – 180 (yüz səksən) manat ödənilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar