Məhkəmə qərarları › İş №1(001)-251/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-251/2025

18.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-251/2025 18.08.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş (zərərçəkmiş) şəxs X5, onun nümayəndəsi və vəkili “Medleks” Vəkil Bürosunun vəkili Nümayəndə, müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4, barəsində xüsusi ittiham qaydasında şikayət verilən (təqsirləndirilən) şəxs Əsədova Dəniz Elman qızının iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Saatlı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində azyaşlı uşağı olan, ali təhsilli, müğənni, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsi 1, Binəqədi Rayon Polis İdarəsinin inzibati binasında qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 4 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Əsədova Dəniz Elman qızının Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 147.2 və 148-ci maddələri ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin faktiki halları:

1. X14 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, xüsusi ittihamçı qismində tanımaqla, şərəf və ləyaqətini alçaldan, nüfuzunu ləkələyən, onu ağır cinayət törətməkdə ittiham ədən, barəsində böhtan xarakterli və təhqiredici yalan məlumatlar yayan Əsədova Dəniz Elman qızının CM-in 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi və barəsində həmin maddələrin sanksiyalarında nəzərdə tutulan ən yuxarı həddə cəzanın təyin edilməsi barədə ittiham hökmü çıxarılmasını xahiş etmişdir.

2. Xüsusi ittiham qaydasında şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Əsədova Dəniz Elman qızı CM-in 147.2 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi onunla təsdiq olunur ki, o, müxtəlif tarixlərdə (xx.xx.2023 saat 18:00, xx.xx.2023 saat 19:00, xx.xx.2023 saat 20:00, xx.xx.2023 saat 20:15, xx.xx.2023 saat 18:00, xx.xx.2024 saat 03:00, xx.xx.2024 saat 09:40, xx.xx.2024 saat 13:30, xx.xx.2024 saat 13:20, xx.xx.2024 saat 02:20, xx.xx.2023) ünvan 2 ünvanında yerləşən evində olarkən öz şəxsi “instagram” sosial şəbəkə hesabında barəsində təhqiredici və böhtan xarakterli məlumatlar yaymış, onu ağır cinayət törətməkdə ittiham etmiş, barəsində yalan məlumatlar dərc etdirərək cəmiyyətdə nüfuzdan salmışdır. Belə ki, Dəniz Əsədova tərəfindən paylaşılan və dərc edilmiş xəbər tipli yazılarda barəsində heç bir sübut və dəlil əsas gətirilmədən, şərəf və ləyaqəti alçaldan, ağır cinayət törətməkdə əsassız yerə ittiham edən məlumatlar dərc edilmişdir. Barəsində yayılmış təhqiredici və böhtan xarakterli məlumatları aşağıda qeyd edilmişdir. O, deniz_esedova_official adlı özünə məxsus İnstagram sosial şəbəkəsində aşağıdakı xarakterdə məlumatlar paylaşmışdır. xx.xx.2023cü il tarixdə saat 18:00 radələrində eyni tipli paylaşımlar edir – “Gedib hər yerdə məlumat verdilər ki, Dəniz at oynadır, ailəsi durub arxasında, ay fahişələr dəniz at oynadanda saxta sənəd verib? Dövlət büdcəsinə zərər verib? Rüşvət alıb? Neyləyib Dəniz ki, məndən hüquq-mühafizə orqanlarının xəbəri olmamışdır? Həə? Ticarətçinin dəniz yeri biznesdir, mən nə etmişəm ki, at oynadanda? Sənin kimi fahişəyə pul yedizdirməli idim ki, məni satmayasan? Vallah səninlə bərabər nə rüşvət almamışdım? Nə saxta iş görməmişdim, nə də yetim xəstələrə dərmanı pulla satmamışdım. Halal yolla, əziyyətimizlə pulumuzu qazanırıq, kimdən nədən qorxmalıyıq? Həə, Mehparə kimi şərəfsizin şantajına 700 000 dollar pul verməmişəm deyə torbam tikilməli idi. Ama tikilən torbaların sapı çürük imiş.” Bununla da onu həm ağır cinayət törətməkdə ittiham edir, həm də ağır formada təhqir etmişdir. 28 oktyabr 2023-cü il tarixdə saat 18:00 radələrində ona və qızına məxsus fotonu özünə məxsus olan sosial şəbəkə hesabında paylaşaraq yazmışdır ki, “Anası mənim kimi vətəndaşa yüzlərlə pul atıb.” Bununla da həm ona böhtan atır, həm də övladı ilə birlikdə onu təhqir etmişdir. xx.xx.2023-cü il tarixdə saat 20:15 radələrində həmin sosial şəbəkə hesabında onu nəzərdə tutaraq həmin instagram profilində yazır – “Fəxr edirsən ADA-ya girib? Bəs o xəstələrin ahı yox idi? Ahlarını alırdın bax həyat budur bumerang. Bilmirdin bir mənim kimi güclü biri çıxıb zibili yığacaq ağzınıza? Get ölə-ölə yaşamağ nədir sənə yaşadaram fahişə.” Yenidən barəsində təhqiredici məlumatlar yaymışdır. xx.xx.2023-cü il tarixdə saat 20:00 radələrində onu nəzərdə tutaraq həmin instagram profilində yazır – “Səhiyyə Nazirliyinə cəhənnəm olsun deyən fahişə nə atdırır vəzifədə? Həmin Nazirlikdən balana çörək aparırsan, ay fahişə, səni kim saxlayır vəzifədə bu cinayət əməllərinlə həə?” yenidən onu cinayət törətməkdə ittiham edərək ağır küçə söyüşləri ilə təhqir etmişdir. 27 oktyabr 2023-cü il tarixdə özünə məxsus olan sosial şəbəkə hesabında onu nəzərdə tutaraq paylaşım edir – “deməli 2018-ci ilin axırlarıdır. Mehparəyə dedim ki, pullarımızı qaytarmasan səndən Prokurorluğa şikayət verəcəyəm. Bu mənə zəng edib bir restoranın adını dedi ki, ora 250 000 manat qoymuşam getsin müdirindən götürsün sürücü, sürücü göndərdik restoranın sahibi dedi ki, nə Mehparə, nə pul? Nə isə evdən danışdılar ki, ay qardaş Mehparə filan qadın deyir ki, filankəsin restoranına pul qoymuşam, gedin götürün, qardaş o, xanım bizə pul atıb, vermir, tələb etdik ki, şikayət veririk, deyir pulu sizin restorana qoyub, bəs indi zəng edirik, Mehparəyə Bizə demişdi ki, telefonun zaryatkası bitib sönülüdür. Restoranın sahibi dedi ki, qardaş o Mehparə bura sevgilisi ilə şam yeməyinə gəlir, mənim dostumun sevgilisidir. Qələt edib deyir mənim restoranıma pul qoyub. Restoranın hər yeri kameradır, mənim restoranıma gəlməyib, biz şoka düşdük ki, nə sevgili, biz bunu ailəli bilirdik, bununla da Mehparəyə zəng çatmadı inin Allaha” – Barəsində guya cinayət törətməsi, pul alması barədə əsassız məlumatlar yaymış və onu təhqir etmişdir. 14 avqust 2023-cü il tarixdə onun şəkilini öz intagram profilində ayrıca post formasında paylaşaraq altında yazır: - “X14, keçmiş Kəlbəcər rayon Mərkəzi Xəstəxanasının baş həkimi, hal-hazırda icbari sığortada koordinator vəzifəsində işləyir. Bir milyondan çox pulunu mənimsəyib. Barəsində ifadəm alınsa da hələ də məsuliyyətə cəlb olunmayıb. Həbsini təlb edirik. Dələduz.” Göründüyü kimi şəxs onu açıq aşkar cinayət törətməkdə ittiham və təhqir edir. 01 dekabr 2024-cü il tarixdə saat 13:20-də ona məxsus fotonu paylaşaraq özünə məxsus sosial şəbəkə hesabında paylaşmışdır – “Bunun əyninə geyindirmişəm e ağır maddələri sübut etmişəm ki, cinayəti törədən bu qəhbə olub. Sadəcə məndən cinayətin ört-basdır edilməsi üçün pulları götürüb bu qəhbə. Bu mənim qapıma boynu buruq gəlibsə, mənə möhtac olubsa, deməli mən güclü qadın olmuşam da” – Barəsində yenidən ağır təhqirlər yazaraq onu yenidən cinayət törətməkdə ittiham etmişdir. 01 dekabr 2024-cü il tarixdə saat 13:30-da ona məxsus fotonu paylaşaraq üzərində yazmışdır ki, “Dövlətə milyonlarla zərər verən bu qəhbəni qorumağa çalışırınız??? Bu qəhbə mənə qalib gələ bilirdisə burada cinayət işi açıla bilərdi? İki maddə ilə cinayət işinin məhkəməyə göndərilməsinə çalışırdınız? Ölüb elə dəniz. Rüşvət digər vəzifəsi ilə bağlı törətdiyi cinayət əməllərinə görə ağır maddələrlə ittiham veriləcək. Çünki bunu qayıranın mənə gücü çatmadı. Fahişə” – yenidən onu cinayət törətməkdə ittiham edərək ağır küçə söyüşləri ilə təhqir etmişdir. 22 noyabr 2024-cü il tarixdə saat 03:00 radələrində ona məxsus fotonu paylaşaraq yazmışdır ki, “bu qəhbə mənə qalib gəlib? Bunun mənə qalib gəldiyini sübut etməyənin qızı ves Bakının olsun! Mən əmin olmadığım məsələni paylaşmıram.” Yenidən bütün paylaşımları özünün etdiyini bildirərək onu təhqir etmişdir. 06 dekabr 2024-cü il tarixdə saat 02:00-da ona məxsus fotonu paylaşaraq yazmışdır ki, “Sənə dayaq duranları Cekadan betər günə qoyacağam. Hələ gözləyirəm görüm nə hoqqa verirlər, mən adamı öz silahı ilə bədbəxt edirəm?” – Yenidən ona hədə gələrək barəsində təhqiredici məlumatlar yaymışdır. Qoşmaya əlavə etdiyi 03.09 saniyəlik video yazıda filan tarixdə həmin instagram səhifəsindən onun və qızının foto şəklinin üzərinə paylaşım edərək yazır: “bu verəngül dövlətə milyonlarla zərər verib, kim buna kömək edə bilər? Bu gün ən üstün vəzifə məndədir, 2 dəq sosiallaşır, dərsi rəsmi verilir. Get o, qayıranına de ki, məni Dənizin əlindən yalnız onun zərərlərini qaytarmağ qurtara bilər, mən adamı sirkələyəndə, bərk sirkələyirəm. Qucağlarda gəzən qəhbə. Mən kiçik adam deyiləm ki, sənin kimi peysərin qızı mənə qalb gəlsin, sənin ananın çıxardığı deşiyə soxaram. Hamı yaxşı bilir ki, sənə kömək olunsa qasırğa qopar, bir adam qoymaram qala, cırığ qızı, cırığ”. “Rüşvətlə səs yazıların, sms yazıların, əl yazın, vəzifənlə törətdiyin min cinayətin var, sən haranın qəhbəsisən ki, mənim kimi savadlı qıza qalib gələsən, sənin başını bədənindən ayıraram. Səninlə mənim düşmənçiliyim var. Bunu yaxşı bilirlər. Sənə kömək etmək olar??? Çölün fahişəsi, dalını dağıtdıraram sənin, sənin mənim yanımda qarışqa qədər ola bilmərsən! Sən heç kimsən verəngül”. “O zay edəninə de ki, belə dallı oğlandı, gətirsin 1 milyon 116.200 manatımı qoysun ortaya səni göndərmiyim sroka, əgər sənə sahib çıxırsa mən ayağa qalxanda, sənn o adamın kresloda oturmayacaq. Bağında ağac əkəcək. Tak çto, mənim beynimi çevirməyin, sənin elə səs yazıların məndə var ki, səni kül edərəm, bir çırtmama, necə ki, yerlivi elədim”. “Sənin bizə gücün çatırdısa, Raufu çıxarardın azadlığa, sənin və sənin arxanda dayanan xiyarların başı üçün deyil, bizə qalib gəlmək, mən meydanda at oynadanda, sən ortalığda çöplədirdin.” – Göründüyü kimi paylaşımlarda ağır formada təhqir edilmiş və cinayət törətməkdə ittiham edilmişdir. O və ailəsi barəsində bu tip əsassız xəbərlərin yayılması onun həyat və fəaliyyətinə ciddi surətdə mənfi təsir göstərmişdir. Göründüyü kimi Dəniz Əsədova özünə məxsus olan “İnstagram” sosial şəbəkəsində deniz_esedova_official hesabında barəsində əsassız və böhtan xarakterli məlumatlar yaymaqdadır. Yəni, şəxs barəsində təhqir və böhtan xarakterli məlumatı bilərəkdən qərəzli olaraq yaymış və yaymağa davam etmişdir. Həmçinin məlumatların yayıldığı “İnstagram” sosial şəbəkəsi Dəniz Əsədovaya məxsusdur və hazırda 95 000-dən çox izləyicisi vardır. CM-in 147-ci maddəsi ilə olan böhtan əməli ilə əlaqədar cinayət məsuliyyətinin yaranması üçün müəyyən edilməli olan hər 3 hal hazırkı faktda mövcuddur. Belə ki, bu hallar: məlumatın hər hansı şəxsin şərəf və ləyaqətini ləkələməsi və ya nüfuzdan salması, həmin məlumatın doğru olmaması, belə məlumatların yayılmasıdır. İlk başda məlumatın şərəf, ləyaqəti alçaltmağı, nüfuzdan salması ilə bağlı hissədə qeyd edilməlidir ki, törətmədiyi fərqli ağır cinayətlərdə ittiham olunması Səhiyyə Nazirliyi Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə institutunda çalışan müəllimhəkim kimi ölkə ictimaiyyətində, onu tanıyan şəxslər, səhiyyə sahəsində çalışan şəxslər arasında nüfuzdan düşməsinə və ləyaqətinin alçaldılmasına kifayət etməkdədir. Həmçinin şərəf və ləyaqəti ləkələyən məlumatlar dedikdə, əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradan məlumatlar başa düşülür. Məlumatın yalan olması ilə bağlı qeyd edilməlidir ki, barəsində heç bir məhkəmə hökmü çıxarılmamışdır. Həmçinin şəxsə qarşı da heç bir cinayət əməli törətməmişdir. Belə olan halda onun ağır və xüsusilə ağır cinayətdə ittiham olunması qəbul edilməzdir. Hal-hazırda xüsusi ittiham qaydasında şikayətə əlavə etdiyi fotoşəkillərdən görünür ki, Dəniz Əsədova özünə məxsus olan deniz_esedova_official adlı hesabında barəsində “dövlətə milyonlarla zərər verən, Mehparə kimi şərəfsizin şantajına 700 000 dollar” vermə kimi ifadələrdən görünür ki, Dəniz Əsədova onu CM ilə nəzərdə tutulan hədə-qorxu ilə tələb etmə və mənimsəmə və israf etmə cinayətini törətməkdə ittiham etmişdir. 700 000 dollar məbləği CM-in 177-ci maddəsinin qeyd hissəsinə əsasən 500 000 (beş yüz min) manat məbləğdən artıq olduğu üçün xüsusilə külli miqdar hesab ediliri. Xüsusilə külli miqdarda hədə-qorxu gəlmək isə CM-in 182-ci maddəsinin tövsifedici tərkibi baxımından xüsusilə ağır cinayətlər kateqoriyasına aiddir. Həmçinin “dövlətə milyonlarla zərər vurma” ifadəsini işlətməklə onu mənimsəmə və israf etmə cinayəti törətməkdə ittiham etmişdir. CM-in 177-ci maddəsinin qeydi baxımından 500 000 manatdan yuxarı məbləğ mənimsəmə və israf etmə cinayətinin xüsusilə tövsifedici tərkib əlamətidir. Milyonlar isə ən azı 2 milyon manatdan yuxarı məbləğ hesab edilir. Bu isə CM-in 179-cu maddəsinin tərkibi baxımından 500 000 (beş yüz min) manatdan yuxarı məbləğdə mənimsəmə və israf etmə cinayətini törətmək isə xüsusilə ağır cinayətlər kateqoriyasına aiddir. Göründüyü kimi iş materiallarına əlavə edilmiş sənədlərlə Dəniz Əsədovanın onu xüsusilə ağır cinayət törətməkdə ittiham etməsi və bununla da onun CM-in 147.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi rəsdiq olunur. Yekun olaraq məlumatın yayılması hissəsinə dair qeyd edilməlidir ki, şəxsə məxsus “İnstagram” sosial şəbəkə hesabının 95 000-dən çox izləyicisi vardır və olduqca aktiv “public” bir hesabdır. Davamlı olaraq yüzlərlə, minlərlə şəxs hesabın paylaşımlarına baxır. Dəniz Əsədovanın əməlindəki bir digər tərkib isə CM-in 148-ci maddəsidir. Belə k, başqa şəxsin şərəf və ləyaqətini nalayiq formada alçaltma həmin şəxsin şəxsiyyətinə mənfi qiymət verməklə onu əhatənin (dostlarının, tanışlarının və s.) gözündə nüfuzdan salan hərəkətlərlə xarakterizə olunur. Barəsində yazılmış paylaşımlarda olduqca ağır küçə söyüşləri vardır. Hansı ki, həmin söyüşlər onun fotoşəkilinin üzərinə, adının və şəxsi sosial şəbəkə hesabının yanına yazılaraq paylaşılmışdır. Həmin paylaşımlarda onunla yanaşı ilə üzvləri də ağır formada təhqir olunmuşdur. Bu da onun şərəf və ləyaqətini ağır formada alçaltmışdır. Barəsindəki bu təhqiredici yazılar dərc olunduqdan sonra ona saysız hesabsız zənglər gəlmiş, məsələ ilə əlaqədar ondan soruşulmuş, bu isə onda olduqca ağır mənəvi stres yaratmışdır. Barəsində sadalanan təhqirləri bir daha təkrarlamağa zərurət yoxdur, lakin yuxarıda müfəssəl formada paylaşımların məzunları qeyd olunmuş, həmçinin qoşma vasitəsi ilə olunan foto şəkillərdə də həmin təhqirlər mövcuddur. Həmçinin, cinayəti törətmiş şəxsin şəxsiyyəti də məhkəmə tərəfindən nəzərə alınmalıdır. Dəniz Əsədova dəfələrlə müxtəlif şəxslər barəsində eyni formada təhqir və böhtan xarakterli məumatlar yayması səbəbindən barəsində şikayətlər olmuşdur. hətta bir dəfə CM-in 178-ci maddəsində bir dəfə də təhqir və böhtan cinayətinə görə Dəniz Əsədova məhkum olunmuşdur. Dəfələrlə Binəqədi Rayon Məhkəməsində şəxs barəsində xüsusi ittiham qaydasında hökmlər çıxmışdır. Hazırda da şəxs barəsində xüsusi ittiham qaydasında verilmiş şikayətə dair axtarış elan olunmuşdur. Edilən paylaşımlarda da onun bugunki gündə də islah olunmaması, eyni əməllərə davam etməsi açıq-aşkar görünür. Hətta paylaşımlarda sanki meydan oxurmuşcasına bu hərəkətlərinə davam edəcəyini və sözün əsl mənasında ona heç kimin heç bir şey edə bilməyəcəyini bildirmişdir. Hesab edir ki, bu hərəkətlərin artıq qarşısı alınmalıdır. Dəniz Əsədova dəfələrlə hökumət nümayəndələrini, prokurorluq əməkdaşlarını və məhkəməni təhqir etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində açıq-aşkar göstərilmişdir ki, heç kəs məhkəmə hökmü olmadan cinayətdə təqsirli sayıla bilməz. X30 konstitusion normaları belə nəzərə almır. Həmin məlumatların yayılması nəticəsində onun şərəf və ləyaqətinə olduqca ağır zərər vurulmuş və cəmiyyət içində nüfuzdan salınmışdır. Onun əməli CM-in 147.2 və 148ci maddələrində qadağan edilmiş əməllərə uyğun gəlir. Beləliklə, Dəniz Əsədova ona böhtan atmaqla və təhqir etməklə cinayət əməli törətmiş və qanuna müvafiq şəkildə cəzalandırılması labüddür. əks təqdirdə haqqında əsassız yazdığı məlumatlar cəzasız qalacaqdır ki, bu da cəmiyyətdə cəzasızlıq mühiti yaradacaqdır. Bunun da nəticəsində həm həmin şəxslər, həm də başqaları bu cür əməl törətməkdə davam edəcəkdir. Proses iştirakçılarının ifadələri:

3. Məhkəmə iclasında xüsusi ittihamçı X14 çıxış edərək bildirmişdir ki, təqsirləndirilən şəxs Əsədova Dəniz Elman qızı illərdir onun timsalında bütün Kəlbəcərliləri, Laçınlıları sosial şəbəkələrdə təhqir etməklə məşğuldur. O, heç vaxt Dəniz Əsədovaya cavab verməmişdir. Çünki özünü onun səviyyəsinə düşürməyi özünə layiq bilməmişdir. Bu vaxta qədər məhkəmə iclaslarında iştirak etməməyinin isə əsas səbəbi o olmuşdur ki, çox vaxt beynəlxalq tədbirlərlə əlaqədar ölkə hüdudlarından kənarda olmuşdur. Bu proseslərə görə həyat yoldaşı 2 dəfə ağır infakt keçirtmişdir. Dəniz Əsədova övladının da şəklini paylaşaraq, nalayiq ifadələr işlətmişdir. Mehparə Kazımova daha sonra çıxışına davam edərək bildirmişdir ki, göstərilən maddələr üzrə ən ağır qərar nədirsə, onun verilməsini gözləyir. Heç kimin kimisə təhqir etməsinə ixtiyarı yoxdur. Hər kəs qanun qarşısında bərabərdir. Tərəzinin bir gözündə 3 diplomu, tərəqqi medalı olan, cəmiyyət üçün layiqli işlər görən özü, tərəzinin digər gözündə cəmiyyətə mənfi emosiya, motivasiya verən, hətta öz övladı ilə birlikdə videoçəkilişlərdə oturan nalayiq ifadələr işlədən Əsədova Dənizdir. Təqsirləndirilən şəxs şantajla məşğul olan ünsürdür, barəsində 5 dəfə qərar çıxarılan qadındır. Hansı Azərbaycan qadınının haqqında bu qədər qərar çıxarılır? Deməli bu insan islah olunmur. Ona insan deməyə dili gəlmir, o ünsürdür. Bundan başqa X22 Əsədova ilə işləyib daha sonra ondan imtina etmiş vəkilləri də təbrik etdiyini, vaxtında ondan canlarını qurtardıqlarını bildirmişdir. Çünki bu qadın kiminlə münasibət qurursa onu videoya çəkib şantaj edir. Biz hüquqi dövlətdə yaşayırıq, hüquqin aliliyinə sığınırıq. Bir vətəndaş olaraq cəmiyyətin layiqli vətəndaşı olduğunu bildirən Kazımova Mehparə bu cür ünsürlərin layiqli cəza almalı olduğunu vurğulamışdır. Sonda xüsusi ittihamçı məhkəməyə müraciət edərək, bir daha məhkəmədən təqsirləndirilən şəxs barəsində ən yüksək həddə cəza verilməsini xahiş etmişdir.

4. Məhkəmə iclasında xüsusi ittihamçı X5 nümayəndəsi və vəkili Bakı şəhəri Qanunçuluq Vəkil Bürosunun vəkili Müdafiəçi3 bildirmişdir ki, Dəniz Əsədova hüquqlarını müdafiə etdiyi Mehparə Kazımova barəsində xüsusi ittiham qaydasında vermiş olduğu şikayətdə qeyd etdikləri məlumatları yaymışdır, bununla da Mehparə xanımı ağır cinayətlərdə ittiham etmiş, eyni zamanda onun şərəf və ləyaqətini kobud şəkildə alçaltmış və təhqir etmişdir. Dəniz Əsədovanın etdiyi əməllərdə CM-in 148 və 147-ci maddələrinin tərkibi əlamətləri mövcuddur. Bu səbəbən də məhkəmədən ona layiqli cəza verilməsini xahiş edirlər.

5. Məhkəmə iclasında xüsusi ittihamçı X5 nümayəndəsi və vəkili Medleks Vəkil Bürosunun vəkili Nümayəndə bildirmişdir ki, təqdim etdiyimiz şikayət ərizəsindən və ona əlavə edilmiş sübutlardan da göründüyü kimi təqsirləndirilən şəxs Əsədova Dəniz Elman qızı CM-in 147.2 və 148-ci maddələri ilə ittiham olunur. Ona görə ki, təqsirləndirilən şəxs hüquqlarını müdafiə etdikləri şəxsə qarşı tam 27 dəfə cinayət törətmişdir. Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X14 Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Həkimlərin Təkmilləşdirilmə İnstitunun kafedrasında çalışmaqla, tibb üzrə fəlsəfə doktoru olan, ali təhsilli, cəmiyyətin ziyalısı olan bir xanımdır. Ona qarşı bu cür təhqirlər olunur. Hal-hazırda Dəniz Əsədova tərəfindən onun barəsində yayılan bu formada məlumatlara görə Mehparə Kazımovaya gələn zəngləri, hər kəsin ona bununla bağlı verilən suallarını düşünərsək ona vurulan zərəri təsəvvür etmək heç də çətin deyil. Təqsirləndirilən şəxs bu əməllərinə davam etməkdən yayınmır. Bu da onu göstərir ki, şəxs islah olunmayıbdır. Cəzanın məqsədi şəxsin islah olunmasıdır. Cəza verilərkən təqsirləndirilən şəxsin şəxsiyyəti nəzərə alınmalıdır. Dəniz Əsədova vəkil Adəm Məmmədovdan artıq deyil ki, onun barəsində azadlıqdan məhrum etmə növündə hökm çıxarılmasın? Hansi ki, Dəniz Əsədova barəsində bizim cinayət işində 27 epizod vardır. Daha əvvəllər Cabbar Musayevin şikayəti üzrə Dəniz Əsədova barəsində də ittiham hökmü çıxmışdır. Ondan əvvəl də təqsirləndirilən şəxs barəsində CM-nin 128-ci maddəsilə də hökm çıxmışdır. Bundan əlavə, vəkil Asim Abbasovun müraciəti üzrə də məhkəmə işi yekunlaşmışdır, vəkil Cavidan Osmanovun isə xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə prosesləri davam etməkdədir. Bu da onu göstərir ki, təqsirləndirilən şəxs residivdir, bu əməllərini davam etdirir və islah olunmur. Barəsində çıxarılmış məhkəmə hökmlərinə baxmayaraq, təqsirləndirilən şəxs öz əməllərini davam etdirir. Sonda nümayəndə bir vəkil olaraq, Binəqədi Rayon Məhkəməsinin cəza siyasətini qəbul etmədiyini, belə ki, bir müddət əvvəl bir hadisə baş verdiyini, yolda bir neçə şəxsin bir nəfərə qarşı hücum etdiyini, Binəqədi Rayon Məhkəməsinin həmin şəxslər barəsində ev dustaqlığı qətimkan tədbiri seçdiyini, həmin məsələ sosiallaşdıqdan sonra isə ev dustaqlığı qətimkan tədbirinin dəyişdirilərək şəxslər barəsində həbs qətimkan tədbiri seçildiyini bildirərək, məhkəmədən ədalətli cəza üçün onların da bu məsələni sosiallaşdırmalı olduğunu soruşmuş, təqsirləndirilən şəxs Əsədova Dəniz Elman qızına ən ağır cəzanın verilməsini, yəni ona 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasının verilməsini istəmişdir. Nümayəndə ancaq bu yolla təqsirləndirilən şəxsin islah oluna biləcəyini, əks halda bütün xüsusi ittihamçılar Cabbar Musayev də daxil olmaqla, birgə mətbuat konfransı keçirəcəklərini və bu məsələni ictimailəşdirməkdən çəkinməyəcəklərini bildirmişdir.

6. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilən, təqsirləndirilən şəxs Əsədova Dəniz Elman qızı xüsusi ittiham qaydasında ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, qarşı tərəfin məqsədi budur ki, vaxtilə vəkilləri olmuş hazırda isə ona qarşı xüsusi ittiham qaydasında şikayət verən vəkillər Asim Abbasov və Ceyhun Yusifovla birləşərək onu tutdursunlar. Buna da nail olublar. Ceyhun Yusifovun əvəllər vəkili olaraq Mehparə Kazımova barəsində məlumatlı olduğunu bildirmiş, kifayət qədər Mehparə Kazımovanın cinayət törətməsinə, pulunu ələ keçirməsinə, dövlət büdcəsini talamasına və rüşvət qarşılığında saxta əlillik dərəcəsinin verilməsinə dair sübutlarını vəkilləri ilə birgə prokurorluğa təqdim etdiyini, amma sonradan vəkillərinin onu satdığını, qarşı tərəfə- şikayətçi olduğu Mehparənin tərəfinə keçdiyini bildirmişdir. Əsədova Dəniz onu da ifadəsinə əlavə etmişdir ki, hazırda mövqeləri odur ki, onu birləşərək həbs edirməklə səsini kəssinlər, o şikayətini davam etdirməsin. Faktiki olaraq Mehparə Kazımova barəsində cinayət işi olduğunu, xanımın əlbir olduğu həkimin də hazırda həbsdə olduğunu və o iş üzrə də özünün zərərçəkən kimi tanındığını bildirmişdir. Dəniz Əsədova vəkili olmuş Asim Abbasovla birgə Mehparə Kazımovaya qarşı “Space” TV kanalında “Gəl Danış” verlişində böyük çıxışının olduğunu, ona təzyiqlər olduğu üçün dövlətdən kömək istədiyini, təbii ki, zərərçəkmiş olaraq da, satılan əmlaklarını və vəsaitini tələb etdiyini, xanımın ona qarşı şikayətinin əsassız və şər xarakterli olmaqla, onu şikayətindən geri çəkindirmək məqsədi daşıdığını bildirmişdir. Kazımova Mehparə cinayət məsuliiyətinə cəlb olunmasın deyə belə addımlar atdığını, bu addımın ona qarşı atılmış böhtan olduğunu, sosial şəbəkəsi olmadığını, buna dair əlində məhkəməyədə təqdim etdiyi sənədinin olduğunu, xanımdan rəsmi şikayətçi özünün olduğunu, onun gördüyü işlərə görə özünün vaxtilə məhkumluq yaşadığını, dələduzluq maddəsi ilə 2019-cu ildə şərləndiyini, Kazımova Mühparının işçisi Əfsanə ilə birgə hüquq mühafizə orqanlarına yalan məlumat verdikləri üçün, öz aralarında gördükləri işi ona yüklədiklərini buna dair əlində olan zəruri sübut və sənədləri hüquq mühafizə orqanlarına təqdim etdiyini ifadəsinə əlavə etmişdir. Kazımova Mehparənin onun 350.000 dollar pulunu ələ keçirdiyini, keçən ilə qədər araşdırma aparılan prokurorluqda o xanıma zərəri ödəməklə bağlı təkilf olunduğunu, Mehparə xanımın isə vəkillərlə əlaqəyə keçərək, bütün vəkillərlə birgə ondan şikayət etdiyini bildirən Dəniz Əsədova pulunu geri istədiyini, 3 aydır prokurorluq orqanının prosessual pozuntuya yol verərək, Kazımova Mehparə barəsində əlində sübutlar olmasına baxmayaraq məsuliyyətə cəlb etmədiyini, ona qarşı əvvəllər vəkilləri olmuş şəxslərlə əlbir olub şikayət verilməsinə şərait yaratdığını ifadəsinə əlavə etmişdir. Daha sonra illər keçsə də öz bəraət qərarını alacağanı, Mehparə Kazımovanın ona milyon da versə bu işdən əl çəkməyəcəyini bildirərək, sonda yetkinlik yaşına çatmayan uşaqlarının olduğunu və onların xəstə olduğunu, özünü təqsirli bilmədiyini bildirərək məhkəmədən barəsində bəraət verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş:

7. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2025-ci il tarixli tələbnaməsindən görünür ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilən (təqsirləndirilən) şəxs Əsədova Dəniz Elman qızı Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə CM-in 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 04 il 09 ay 14 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və həmin cəza 02 il sınaq müddəti tətbiq edilməklə şərti hesab edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə şərti məhkum etmənin çəkilməmiş qalan hissəsindən azad edilərək həmin tarixdə qeydiyyatdan çıxarılmışdır. Bundan başqa, Əsədova Dəniz Elman qızı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə CM-in 147.1 və 148-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, CM-in 66.2-ci maddəsinə əsasən qəti olaraq aylıq qazancından dövlət nəfinə 20% məbləğində pul tutulmaqla 06 ay müddətə islah işləri cəzasına məhkum edilmişdir. Bundan başqa, Əsədova Dəniz Elman qızı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə CM-in 147.1 və 148-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, CM-in 66.2 və 66.5-ci maddələrinə əsasən qəti olaraq aylıq qazancından dövlət nəfinə 20% məbləğində pul tutulmaqla 08 ay 20 gün müddətə islah işləri cəzasına məhkum edilmiş və xx.xx.2024-cü il tarixdə cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmışdır.

8. Xüsusi ittiham qaydasında şikayət vermiş (zərərçəkmiş) şəxs X14 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli ərizə, içərisində təhqir və böhtana məruz qalmasına dair sübutlar olan 4 (dörd) ədəd disk təqdim edilmişdir.

9. Zəngilan Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(034)-13/2016 nömrəli qətnaməsindən və nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, X6 ilə X16 arasında bağlanılmış nikahın pozulması, xx.xx.2010-cu il təvəllüdlü X11 və xx.xx.2011-ci il təvəllüdlü X12 adlı iki uşaq anası X7 yanında saxlanılması qət edilmişdir.

10. Adın, ata adının və soyadının dəyişdirilməsi haqqında xx.xx.2018-ci il tarixli AZ-İ 023103 nömrəli şəhadətnamədən görünür ki, X3 ad və soyadı Dostalıyeva Aygün-dən Əsədova Dəniz-ə dəyişdirilmişdir.

11. Doğum haqqında şəhadətnamələrdən görünür ki, Əsədova Dəniz Elman qızının himayəsində biri yetkinlik yaşına çatmayan xx.xx.2010-cu il təvəllüdlü X11 və digəri azyaşlı xx.xx.2011-ci il təvəllüdlü X12 olmaqla iki uşağı vardır.

12. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Bakı Baş Səhiyyə Mərkəzi” X25 21 nömrəli Birləşmiş Şəhər Xəstəxanası tərəfindən verilmiş xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixli ambulator kitabçadan çıxarışlardan görünür ki, X4 hər iki beyin yarımkürəsində periventrikulyar periatrial nahiyədə, semioval sahələrdə 6 mm. ölçüdə bir neçə ədəd gliotik ocaq aşkar edilmişdir.

13. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubudan görünür ki, Baş İdarəsinin İstintaq idarəsində istintaq olunan ********* nömrəli cinayət işi üzrə əvvəllər Əsədova Dəniz Elman qızı tərəfindən verilmiş şikayət və müraciətlərə əsasən Nərimanov rayon Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin sabiq sədri Şahin Verdiyevə 712000 manat və Kəlbəcər rayon Mərkəzi Xəstəxanasının sabiq baş həkimi Mehparə Kazımovaya 300 000 ABŞ dolları məbləğində pul vəsaiti təqdim edilməsinə dair xüsusatlar üzrə araşdırma aparılmaqdadır və istintaqın gedişi zamanı qanunamüvafiq qərar qəbul olunması təmin olunacaqdır.

14. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(001)- 226/2025 nömrəli hökmündən görünür ki, Əsədova Dəniz Elman qızı CM-in 147.2 və 148ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, CM-in 147.2-ci maddəsi ilə 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası, CM-in 148-ci maddəsi ilə aylıq qazancından dövlət nəfinə 20% məbləğində pul tutulmaqla 6 (altı) ay müddətə islah işləri cəzası təyin edilmiş, CM-in 66.2-ci maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə üzərində qəti olaraq 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır.

15. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(103)-948/2025 nömrəli qərarından görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(001)-226/2025 nömrəli hökmü dəyişdirilərək, Əsədova Dəniz Elman qızına CM-in 147.2ci maddəsi ilə təyin edilmiş 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının müddəti artırılaraq 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası, CM-in 148-ci maddəsi ilə aylıq qazancından dövlət nəfinə 20% məbləğində pul tutulmaqla 6 (altı) ay müddətə islah işləri cəzasının müddəti artırılaraq 9 (doqquz) ay müddətə islah işləri cəzası təyin edilmiş, CM-in 66.2-ci maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə üzərində qəti olaraq 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır.

16. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(001)- 227/2025 nömrəli hökmündən görünür ki, Əsədova Dəniz Elman qızı CM-in 147.2 və 148ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, CM-in 147.2-ci maddəsi ilə 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 148-ci maddəsi ilə 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.2-ci maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə üzərində qəti olaraq 4 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, CM-in 66.5-ci maddəsinə əsasən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(103)- 948/2025 nömrəli qərarı ilə Əsədova Dəniz Elman qızının məhkum olunduğu 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası CM-in 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü, azadlıqdan məhrum etmə cəzasının bir gününə, yəni 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmaqla qəti olaraq 7 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 15 may 2025-ci il tarixdən hesablanmışdır.

17. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(103)-1408/2025 nömrəli qərarından görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(001)-227/2025 nömrəli hökmü dəyişdirilərək, CM-in 66.2-ci maddəsinə əsasən Əsədova Dəniz Elman qızına CM-in 147.2-ci maddəsi ilə təyin edilmiş 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə və CM-in 148-ci maddəsi ilə təyin edilmiş 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzaları qismən toplamaq yolu ilə qəti olaraq, 4 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Əsədova Dəniz Elman qızına Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(103)-948/2025 nömrəli qərarı ilə təyin edilmiş 1 (bir) müddətə azadlığın məhdudlaşdırılması cəzası CM-in 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü, azadlıqdan məhrum etmə cəzasının bir gününə, yəni 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq CM-in 66.5-ci maddəsinə əsasən təyin edilmiş 4 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla qəti olaraq 7 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 15 may 2025-ci il tarixdən hesablanmışdır. Məhkəmənin əsaslandırması və mövqeyi:

18. Məhkəmə, təqsirləndirilən şəxs Əsədova Dəniz Elman qızı tərəfindən xüsusi ittiham qaydasında şikayət vermiş (zərərçəkmiş) şəxs X5 şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yayması və ona böhtan atması ilə bağlı xüsusi ittiham qaydasında şikayətin dəlillərinə münasibət bildirərək hesab edir ki, həmin dəlillər əsaslıdır və məhkəmə araşdırması zamanı tədqiq olunmuş, biri digərini tamamlayan mötəbər sübutlarla açıq-aşkar təsdiq olunur.

19. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli qərarının 5ci bəndində göstərilmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-in 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun.

20. Azərbaycan Respubikası Konstitusiyasının 46-cı maddəsinə əsasən hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz.

21. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfıyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür.

22. Belə olan halda aydın olur ki, təqsirləndirilən şəxs Əsədova Dəniz Elman qızı xüsusi ittiham qaydasında şikayət vermiş (zərərçəkmiş) şəxs X14 barəsində sosial şəbəkələrdə böhtan və təhqir xarakterli məlumatlar yaymışdır. Belə ki, xüsusi ittiham qaydasında şikayətə əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş Əsədova Dəniz Elman qızının “deniz_esedova_official” adlı sosial şəbəkə hesabında 27 oktyabr 2023-cü ildən başlayaraq müxtəlif tarixlərdə etdiyi paylaşımlardan görünür ki, o, kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatında Mehparə Kazımovaya qarşı “şərəfsiz”, “fahişə”, “ona-buna pul atan”, “ağzınıza zibil yığacam”, “verəngül”, “qucaqlarda gəzən” “peysərin qızı” kimi söz və ifadələrdən istifadə etmişdir.

23. Məhkəmə hesab edir ki, həmin ifadələrin məna, məzmun və ifadə tərzi baxımından şəxsin şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələməsinin xüsusi bilik tələb edilmədən (məhkəmə-linqvistik ekspertizası keçirmədən) cəmiyyətdə mövcud olan sosialəxlaqi dəyərlər baxımından qiymətləndirmə aparmaqla müəyyən edilməsi mümkündür və təqsirləndirilən şəxs Əsədova Dəniz Elman qızının özünə məxsus “deniz_esedova_official” adlı sosial şəbəkə hesabında X14 barəsində bildirdiyi söz və ifadələr təhqir xüsusiyyətli olmaqla CM-in 148-ci maddəsinin təsiri altına düşür.

24. Bundan başqa xüsusi ittiham qaydasında şikayətə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Əsədova Dəniz Elman qızının “deniz_esedova_official” adlı sosial şəbəkə hesabında 27 oktyabr 2023-cü ildən başlayaraq müxtrəlif tarixlərdə etdiyi paylaşımlardan görünür ki, o, kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatında Mehparə Kazımovanı hədəf alan “rüşvət, vəzifəsi ilə bağlı törətdiyi cinayət əməllərinə ağır maddələrlə ittiham veriləcək”, “Mehparə kimi şərəfsizin şantajına 700.000 dollar verməmişəm deyə torbam tikilməli idi”, “əri ilə əlbir olub törətdiyi ağır cinayətlərin, rüşvətin səs yazılarını, dəst xəttinlə yazdığın siyihıların sübutları var məndə, ola bilər siz özünüzü ağıllı hesab edəsiniz, amma mən sizə hüquqdan dərs deyərəm”, “Raufun ailəsinə nə cavab verəcəksən? Keçən il dekabrda Raufa rüşvət və digər maddələri hədiyyə etdim, bu dekabrda da sənə həmin maddələri hədiyyə edirəm. Dəvədən böyük fil var, gördün? Çox savadsız qadınsan”, “sən dövlətə 3 milyondan çox zərər vurmusan” kimi ifadələr işlətmişdir.

25. Məhkəmə həmin ifadələrlə bağlı qeyd edir ki, iş materiallarında olan Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən Bakı Ağır Cinayətlər Məhkəməsinə ünvanlanan xx.xx.2024-cü il tarixli, 2-2-083/2-Ə-123/2024 nömrəli məktubun məzmunundan müəyyən edilir ki, Əsədova Dəniz Elman qızının Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsinə ünvanladığı sorğular X2 barəsində aparılan ********* nömrəli cinayət işinə əlavə edilmiş, Əsədova Dəniz Elman qızı tərəfindən 2023-cü ildən Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsinə dəfələrlə ünvanlanan məktublara isə eyni məzmunlu cavablar verilmiş, bugünədək şikayətçi olduğu X14 barəsində hər hansı bir cinayət işi başlanılmamış, barəsində təqsirləndirilən şəxs qismində cəlb qərarı qəbul edilməmişdir.

26. Göründüyü kimi Əsədova Dəniz Elman qızı sosial şəbəkə hesablarında yaydığı məlumatlarda X8 dövlət büdcəsini milyon manatlarla zərər vurmaqla mənimsəmə cinayətində, o cümlədən 700.000 dollar hədə-qorxu ilə tələb etmə ilə bağlı cinayətdə ittiham etmişdir. Məhkəmə araşdırılması zamanı isə bu hallar öz təsdiqini tapmamışdır. Məhkəmə onu da bildirmək istəyir ki, məhkəmənin elektron məhkəmə informasiya sistemi üzərindən əldə edilən məlumat zamanı da xüsusi ittihamçı X14 barəsində məhkəmənin qanuni qüvvəyə minmiş hər hansı bir hökmü olmadığı müəyyən edilmişdir.

27. CM-in 179.4-cü maddəsinə əsasən (mənimsəmə və ya israf etmə) bu Məcəllənin 179.1-179.3-cü maddələrində nəzərdə tutulmuş əməllər xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə on ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə, CM-nin 182.4 –cü maddəsinə əsasən (hədə qorxu ilə tələb etmə) isə bu Məcəllənin 182.1-182.3-cü maddələrində nəzərdə tutulmuş əməllər xüsusilə külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə on üç ildən on yeddi ilədək cəzalandırılır.

28. Həmin məcəllənin 15.5-ci maddəsinə əsasən həmin Məcəllənin 179.4-cü və 182.4 maddəsində nəzərdə tutulmuş əməllər xüsusilə ağır cinayət hesab olunur. Məhkəmə xüsusilə vurğulamaq istəyir ki, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.1-ci maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır.

29. Beləliklə, məhkəmə qeyd edilənləri, qanunvericiliyin tələblərini və konstitusion prinsipləri əsas götürərək hesab edir ki, təqsirləndirilən şəxs Əsədova Dəniz Elman qızının xüsusi itithamçı X14 barəsində qəbul edilmiş hər hansı məhkəmə hökmü olmadan həmin cinayətləri törətməkdə ittiham etməsi onu ağır cinayətdə ittiham etməklə böhtan atmadır və bu ifadələr kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatında yayıldığından CM-in 147.2-ci maddəsinin təsiri altına düşür.

30. Məhkəmə bildirir ki, təqsirləndirilən şəxs Əsədova Dəniz Elman qızı öz əməlini sosial şəbəkə vasitəsilə həyata keçirmişdir. Lakin sonradan yuxarıda qeyd olunan ifadələrin yayıldığı sosial şəbəkə hesablarının ona məxsus olmaması barədə ifadələr işlətsə də məhkəmə onun əsaslandırmasını nəinki məqbul hesab etmir, əksinə dediklərinə tənqidi yanaşaraq hesab edir ki, Dəniz Əsədova bununla cinayət məsuliyyətindən və cəzadan yayınmağa çalışır. Belə ki, təqsirləndirilən şəxs Əsədova Dəniz Elman qızının zərərçəkmiş şəxs barəsində istifadə etdiyi xüsusi ittihamda qeyd edilən ifadələri “deniz_esedova_official” adlı “instagram” sosial şəbəkəsində olan hesabın “story” bölməsində paylaşmışdır. Dəniz Əsədovaya məxsus rəsmi “youtube” kanalının açıqlama hissəsində isə sonuncunun sosial şəbəkə hesabları qismində “deniz_esedova_official” adlı “instagram” profilinə keçid linki yerləşdirilmişdir. Bundan əlavə, zərərçəkmiş şəxs tərəfindən təqdim olunmuş diskdə yerləşən videogörüntüyə məhkəmə iclasında baxış zamanı müəyyən olunmuşdur ki, Dəniz Əsədova həmin “instagram” hesabında canlı yayımda olmuşdur. Bütün bu hallar sözügedən hesabın Dəniz Əsədovaya məxsus olmasını təsdiq edir.

31. “İnsan hüquq və azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın “Fikri ifadə etmək azadlığı haqqında” 10-cu maddəsində göstərilir ki, hər kəs öz fikrini ifadə etmək azadlığı hüququna malikdir. Bu hüquqa öz rəyində qalmaq azadlığı, dövlət hakimiyyəti orqanları tərəfindən hər hansı maneə olmadan və dövlət sərhədlərindən asılı olmayaraq, məlumat və ideyaları almaq və yaymaq azadlığı daxildir. Bu maddə dövlətlərin radioyayım, televiziya və kinematoqrafiya müəssisələrinə lisenziya tələbi qoymasına mane olmur. Həmin maddənin 2-ci bəndində isə bu hüququn məhdudlaşdırıldığı və sanksiyalara məruz qaldığı hallar müəyyən edilmişdir. Belə ki, maddənin 2-ci bəndində birbaşa olaraq göstərilmişdir ki, bu azadlıqların həyata keçirilməsi milli təhlükəsizlik, ərazi bütövlüyü və ya ictimai asayiş maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün, digər şəxslərin nüfuzu və ya hüquqlarının müdafiəsi üçün, gizli əldə edilmiş məlumatların açıqlanmasının qarşısını almaq üçün və ya ədalət mühakiməsinin nüfuz və qərəzsizliyini təmin etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən rəsmiyyətə, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər.

32. Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq isə barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən yayılmış məlumatlarda fikrin və ya faktın əks etdirilməsi fərqləndirilməli və bu hala əhəmiyyət verilməlidir. Faktların mövcudluğu nümayiş oluna bilsə də, fikirlərin həqiqiliyi sübut oluna bilən deyildir. Fikirlərin həqiqiliyini sübut etmək tələbinə riayət etmək mümkün deyil və bu tələb Konvensiyanın 10cu maddəsi ilə təmin edilmiş hüququn əsas hissəsi olan fikir azadlığının özünü pozur. Eyni zamanda, üçüncü tərəfin davranışı barədə iddialar irəli sürüldüyü hallarda bəzən faktın təqdimatı ilə fikirlər arasında fərqi müəyyən etmək çətin olur. Buna baxmayaraq, hətta fikirlər faktlara əsaslanmadıqda onlar olduqca əsassız ola bilər. Nəzərə almaq lazımdır ki, bugün Avropa İnsan hüquqları Məhkəməsinin əsas yanaşması odur ki, təhqir tənqiddən fərqləndirilməli, xüsusilə şəxsi həyata müdaxilə, şəxsi həyatın toxunulmazlığı prinsipi baxımından dəyərləndirilməli, sonuncunun müdafiəsi isə hər zaman üstünlük təşkil etməlidir. AİHM-si diffamasiya (ləkələmək, böhtan, təhqir) hesab edilən bəyanatların həqiqiliyinin sübutu ətrafında dərin yurisprudensiya inkişaf etdirmişdir. Məhkəmənin diffamasiya ilə bağlı ilk çıxardığı qərarlarından birində “Lingens Avstriyaya qarşı” (1986) iddiaçı Federal Kansleri tənqid edərkən bir sıra sərt ifadələrdən istifadə etmiş olduğu üçün məhkəmə onu tənqid deyil təhqir hesab etmiş, hətta məhkəmə sonda bildirmişdir ki, təhqir qəbulolunmaz olmaqla yanaşı, cavabdeh bu zaman öz bəyanatlarının həqiqiliyini sübut edə bilməmişdir. Bu qərarı ilə AİHM-si diffamasiya sahəsində üzv ölkələr tərəfindən də bu formada məhkəmə işlərində qiymətləndirmə üçün yeni tələblər formalaşdırmışdır. Məhkəmə bu zaman bildirmişdir ki, faktın bəyan edilməsi ilə rəyin bəyan edilməsi və ya subyektiv qiymətləndirmə arasında fərq mövcuddur və məhkəmələr sübutların qiymətləndirməsində mütləq bunları dəyərləndirməlidirlər. Məhkəmənin qənaətinə görə, faktlar və subyektiv qiymətləndirmələr arasında diqqətli şəkildə fərqləndirmə aparılmalıdır. Faktların mövcudluğu nümayiş etdirilə bilər, subyektiv qiymətləndirmələrin həqiqiliyi isə sübut oluna bilməz. Əgər məhkəmələrin icraatında olan belə şikayətlərdə öz bəyanatlarının həqiqiliyini təqsirləndirilən şəxslər sübut edə bilmirlərsə o zaman onların qanunvericiliyə uyğun olaraq ittiham olunmaları qaçılmazdır. Qeyd edilən hallarla bağlı AİHM-si öz mövqeyini1992-ci il tarixli “Gastells İspaniyaya qarşı” məhkəmə işində daha da genişləndirirək, məhkəmələrə belə mübahisələrdə cavabdeh tərəfin üzərinə faktların təsdiqi ilə bağlı öz sübutlarını təqdim etmədə zəruri imkan və şəraitin yaradılmalı olmasını bildirmiş, bu sübutların məhkəmənin qərarına təsir edəcəyini vurğulamış, diffamasiya ilə bağlı məhkəmə proseslərindəki cavabdeh tərəfin səsləndirdiyi bəyanatların həqiqi olduğunu münasib səviyyədə sübut etməsi tələbinin Konvensiyanın 10-cu maddəsinin ayrılmaz tərkib hissəsi kimi vurğulamışdır. Qeyd edilən məsələyə münasibətdə Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsi də Konvensiya ilə eyni mövqedən yanaşaraq bildirmişdir ki, Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarının və onların vəzifəli şəxslərinin, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, habelə ayrı-ayrı vətəndaşların fəaliyyətini və ya işini tənqid etmək hüququ vardır. Tənqidə görə təqib qadağandır. Təhqir və böhtan tənqid sayıla bilməz. Beləliklə, məhkəmə həm milli qanunvericiliyin, həm beynəlxalq qanunvericiliyin tələblərini əsas götürərək hesab edir ki, xüsusi ittihamçı X5 təqsirləndirilən şəxs Əsədova Dəniz Elman qızı tərəfindən özünəməxsus sosial şəbəkədə “öz zənnincə fəaliyyətinin subyektiv qiymətləndirilməsi” tənqid hesab edilə bilməz, həmin ifadələr təhqirdir. Bundan başqa təqsirləndirilən şəxs Əsədəova Dəniz tərəfindən xüsusi ittihamçı Kazımova Mehparə barəsində faktların mövcudluğuna dair hər hansı bir sübut məhkəməyə təqdim edilmədiyindən, təqsirləndirilən şəxsin kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatında verdiyi ifadələr Kazımova Mehparəyə qarşı onu ağır cinayətdə ittiham etməklə, böhtan atmadır.

33. Məhkəmə Əsədova Dəniz Elman qızına istinad edilən (CM-in 147.2 və 148-ci maddələri ilə) cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, xüsusi ittihamın əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu xüsusi ittihama qiymət verilməsi baxımından kifayət edir.

34. Məhkəmə təqsirləndirilən şəxsin barəsində bəraət hökmü çıxarılmasına dair xahişinə də münasibət bildirirək qeyd edir ki, CPM-in 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin Məcəllənin 42.1-ci maddəsinə əsasən isə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda, əməldə cinayət tərkibi olmadıqda, şəxsin cinayətin törədilməsinə aidiyyatı olmadıqda və təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Məhkəmə bildirmək istəyir ki, bu siyahı konkret olmaqla hazırki cinayət işində bu hallardan heç biri mövcud deyildir.

35. Təqsirləndirilən şəxs Əsədova Dəniz Elman qızı ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməsə də, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin ifadələri özünümüdafiə xarakteri daşıyır, CM-in 147.2 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində isə Əsədova Dəniz Elman qızının təqsirliliyi tam sübuta yetirilir. Əsədova Dəniz Elman qızının hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, o, təqsiri sübuta yetirildiyinə görə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır.

36. Məhkəmə xüsusi ittihamçı və onun nümayəndələrinin təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın yuxarı həddə, 3 (üç) il müddətinə təyin edilməsinə münasibətdə isə aşağıda qeyd edilənləri şərh verməyi zəruri hesab edir.

37. Məhkəmə ilk öncə bildirmək istəyir ki, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinə görə ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir və bu zaman hər hansı bir şəxs tərəfindən və hər hansı bir səbəbdən bilavasitə, yaxud dolayı yolla məhkəmə icraatına məhdudiyyət qoyulması, qanuna zidd təsir, hədə və müdaxilə edilməsi yolverilməzdir. Məhkəmə çəkişməsi nəinki qanuna, eyni zamanda ədalətə əsaslanmalıdır.

38. Bundan başqa məhkəmə vurğulamaq istəyir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyriinsani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair” 10 fevral 2012-ci il tarixli Qərarında göstərilmişdir ki, CM-in 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır.

39. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm cinayət törədən şəxslərə cəza təyini zamanı xeyirxahlıq münasibətini ifadə edir. Qeyd olunanlara əsasən, belə nəticəyə gəlmək olur ki, bütün hallarda təqsirləndirilən şəxsə təyin edilən cəza heç bir mənada təqsirləndirilən şəxsin nə özünə, nə də onun ailəsinə, yaxınlarına əzab vermək məqsədi daşımamalı, yalnız onun islah olunmasına xidmət etməlidir.

40. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Qeyd edilən məsələ ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli Qərarında göstərilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmçinin “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu Cinayət Məcəlləsinin vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir.

41. Beləliklə məhkəmə xüsusilə vurğulamaq istəyir ki, təqsirləndirilən şəxs barəsində cəza tədbiri seçilərkən bu məsələyə fərdi yanaşma prinsipinə əsaslanılmalı, məsələnin həllinə bu və ya digər şəkildə təsir göstərə bilən hallar nəzərdən keçirilməli, təyin olunan cəza isə törədilmiş cinayətin ağırlığına, ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə, təqsirləndirilən şəxsin özünün şəxsiyyətini və ailə vəziyyətini səciyyələndirən, habelə onun cəzasını yügülləşdirən və ya ağırlaşdıran hallara mütənasib olmalıdır. Bu tələblər nəzərə alınmadan qeyd olunan hallara uyğun olmayan sərt cəzanın təyin edilməsi isə həmin cəzanın işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıyan cəza kimi qiymətləndirilməsinə əsas olar.

42. Təyin edilmiş cəza ilk növbədə ədalətli olmalıdır. Cəzanın ədalətli olması dedikdə isə həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə və ailə vəziyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi haqda müəyyən nəticəyə gələrkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraitini və mərhələsini, ağır nəticəyə səbəb olubolmamasını, cinayətin iştirakçılarından hər birinin iştirakçılıq dərəcəsini və xarakterini kompleks halda qiymətləndirməlidir.

43. Belə tələblər isə cinayət qanunvericiliyi normalarının tələblərindən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyindən və Ali Məhkəmənin Plenum Qərarlarında məhkəmələrə ünvanlanmış izah və tövsiyələrdən irəli gəlir.

44. Beləliklə, məhkəmə Əsədova Dəniz Elman qızına cəza təyin edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur: - CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. - CM-in 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ görə (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. - CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. - CM-in 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz.

45. Məhkəmə, qeyd edir ki, xüsusi ittiham qaydasında şikayət verilən (təqsirləndirilən) şəxs Əsədova Dəniz Elman qızına cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır.

46. CM-in 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, CM-in ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir.

47. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.

48. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, əvvəla bu məsələlər üzrə məhkəmə qənaəti CM-in 59 və 61-ci maddələrinin müddəaları ilə uzlaşsın, ikincisi də CMin 58.3-cü maddəsində göstərilən digər məsələlər nəzərdən qaçırılmasın, yəni təyin olunan cəza və yaxud digər cinayət hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin.

49. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarında məhkəmələrə hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etmələri tövsiyə edilmiş və həmçinin göstərilmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin CM-in 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir.

50. CM-in 147.2-ci maddəsinə əsasən, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bu cinayət əməli CM-in 15.3-cü maddəsinin tələbinə görə, az ağır cinayətlər kateqoriyasına aiddir. CM-in 148-ci maddəsinə əsasən, təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd olunan cinayət əməli isə CM-in 15.2-ci maddəsinin tələbinə görə, böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir.

51. Cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. CM-in 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunvericiliyin bu anlayışı ilə müəyyən olunur ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumun yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyillərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür.

52. Cəza törədilmiş cinayətə görə yalnız tənbeh deyildir, o, məhkumu qanunlara dəqiq riayət, ümumyaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlıdır, əməli törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir.

53. “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş çıxarışdan görünür ki, xx.xx.2010-cu il təvəllüdlü X13 və xx.xx.2011-ci il təvəllüdlü X1 Dəniz Elman qızının övladlarıdır.

54. Məhkəmə Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxs Əsədova Dəniz Elman qızının himayəsində azyaşlı uşağının olmasını və CM-nin 59.2-ci maddəsinə əsasən uşaqlarının səhhətində xəstəliklər olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.

55. Məhkəmədə Əsədova Dəniz Elman qızının əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir.

56. Bununla belə iş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2025-ci il tarixli tələbnaməsindən görünür ki, Əsədova Dəniz Elman qızı Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək, 04 il 09 ay 14 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və həmin cəza 02 il sınaq müddəti tətbiq edilməklə şərti hesab edilmiş, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən CM-nin 147.1 və 148-ci maddələri ilə təqsirli bilinərək 06 ay müddətinə islah işləri cəzasına və yenə həmin məhkəmənin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 147.1-ci və 148-ci maddələri ilə təqsirli bilinərək, 08 ay 20 gün müddətinə işlah işləri cəzasına məhkum edilmiş, xx.xx.2024-cü ildə cəza müddəti başa çatdığına görə qeydiyyatdan çıxarılmışdır. Bundan başqa, təqsirləndirilən şəxs X19 barəsində Binəqədi Rayon Məhkəməsinin icraatında olan 4 xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə çəkişməsi yekunlaşmış, Əsədova X15 Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarına əsasən, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü dəyişdirilərək, ona qəti olaraq 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, digər xüsusi ittiham qaydasında olan cinayət işi üzrə isə təqsriləndirilən şəxs X27 Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə 07 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarına əsasən, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü dəyişdirilərək, ona qəti olaraq 07 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir.

57. Məhkəmə təqsirləndirilən şəxs Əsədova Dəniz Elman qızının daha əvvəl də analoji cinayətlərə görə məhkum olunmasını onun şəxsiyyətini səciyyələndirən hal kimi nəzərə alır.

58. Beləliklə, məhkəmə, təqsirləndirilən şəxs Əsədova Dəniz Elman qızına cəzanın təyin edilməsi məsələsinə baxaraq cəzasını yüngülləşdirən hallarla yanaşı, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (böyük ictimai təhlükə törətməyən, az ağır), təqsirkarın şəxsiyyətini (əvvəllər məhkum olunmasını), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini (ailəsində yeganə qazanc gətirən şəxs olmasını) nəzərə alır və hesab edir ki, təqsirləndirilən şəxs Əsədova Dəniz Elman qızının islah olunması istiqamətində daha ciddi tədbirlər həyata keçirilməli, ona törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 10.3-cü maddəsinin birinci cümləsində göstərilmişdir ki, həbsin cəza sistemində məhkumlar üçün əsas məqsədi onları islah etmək və sosial baxımdan yenidən tərbiyə etməkdir.

59. CM-in 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir.

60. CM-in 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz.

61. CM-in 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır.

62. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” qərarında göstərilir ki, cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 iyul 2022-ci il tarixli qərarında isə “hökm çıxarılmazdan əvvəl”, “hökm çıxarıldıqdan sonra”, “məhkum” ifadələrinin mənası açıqlanaraq, həmin maddədə qanuni qüvvəyə minmiş hökmün nəzərdə tutulduğu bir daha vurğulanmışdır.

63. Beləliklə, məhkəmə qeyd olunan qanuvericiliyin tələblərinə əsasən hesab edir ki, təqsirləndirilən şəxs Əsədova Dəniz Elman qızına cəza təyin edilən zaman CM-in 66.5ci maddəsinin tələbləri rəhbər tutulmalı, onun Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025ci il tarixli qərarı ilə məhkum edildiyi 7 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzası, hazırkı hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti cəza təyin edilməlidir.

64. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir.

65. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Əsədova Dəniz Elman qızı, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.

66. Bundan başqa, iş materiallarından müəyyən edilmişdir ki, təsirlənidirilən şəxs Əsədova Dəniz Elman qızı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-227/2025 nömrəli, xx.xx.2025-ci il tarixli hökmü ilə 07 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 1(103)-1408/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarına əsasən, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü dəyişdirilərək, ona qəti olaraq 07 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzanın əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmışdır.

67. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətə daxil edilir.

68. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Əsədova Dəniz Elman qızının cəzaçəkmə müddətinin əvvəli 15 may 2025-ci il tarixdən hesablanmalıdır.

69. CPM-in 155.3.3-cü maddəsinə əsasən həbs qətimkan tədbiri əvvəllər seçilmiş digər qətimkan tədbirinin şərtlərini pozmuş şəxsə və ya hökmün icrasını təmin etmək məqsədilə, barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilmiş şəxsə tətbiq oluna bilər.

70. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Əsədova Dəniz Elman qızı Bakı Apellyasiya Məhkəməsinin 1 (103)-1408/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarına əsasən Ədliyyə Nazirliyi PX-in 4 saylı cəzaçəkmə müəssisəsində cəza çəkdiyindən, onun barəsində çıxarılan hökmün icrasının təmini məqsədilə qətimkan tədbirinin seçilməsi məqsədəmüvafiq deyildir.

71. CPM-in 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 33.2 və 32.4-cü maddələrinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-in 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər,) cinayət təqibi üzrə sübutlar hesab olunur.

72. CPM-in 145.1-ci maddəsində göstərilir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir

73. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanunamüvafiq yəni, qanuni yolla əldə olunmuş olsun.

74. “Məhkəmə hökmü haqqında” Ali Məhkəmənin 24 dekabr 2021-ci il tarixli Plenum qərarında göstərilir ki, CPM-in 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bu maddələrin tələbinə görə məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan sübutlara istinad edə bilməz.

75. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, 4 (dörd) ədəd disk, iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmalıdır.

76. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə cəmi 50 (əlli) saat vaxt sərf etmişdir.

77. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir.

78. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir.

79. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən təqsirləndirilən şəxs Əsədova Dəniz Elman qızının hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə ümumilikdə 50 (əlli) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Əsədova Dəniz Elman qızına göstərdiyi cəmi 50 (əlli) saat hüquqi yardımın 45 (qırx beş) saatı üçün hər iş saatına görə 6 (altı) manat hesab edilməklə 270 (iki yüz yetmiş) manat, 5 (beş) saatı üçün hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə 55 (əlli beş) manat olmaqla, cəmi 325 (üç yüz iyirmi beş) manat pul Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir.

80. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia və ekspertiza xərci yoxdur.

81. CPM-in 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin.

82. CPM-in 351.2-ci maddəsinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır.

83. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi).

84. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında isə göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır.

85. Beləliklə, məhkəmə hesab edir ki, məhkənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmışdır. Bu sübutlar xüsusi ittiham qaydasında verilmiş şikayətin qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara tam uyğun gəlir.

86. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə

hökm etdi:

Əsədova Dəniz Elman qızı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə 4 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə 4 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Əsədova Dəniz Elman qızına təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 5 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Əsədova Dəniz Elman qızının Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(103)-1408/2025 nömrəli qərarı ilə məhkum edildiyi 7 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılsın və ona qəti olaraq 8 (səkkiz) ay müddətə azalıqdan məhrumetmə cəzası təyin edilsin. Əsədova Dəniz Elman qızı cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Əsədova Dəniz Elman qızına təyin edilmiş cəzanın əvvəli 15 may 2025-ci il tarixdən hesablanmaqla həbsdə olduğu müddət ona təyin olunmuş cəza müddətə daxil edilsin. Hökmün icrası Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi PX-in 4 saylı Cəzaçəkmə Müəssisəsinə həvalə edilsin. İş üzrə sübut kimi tanınmış 4 (dörd) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Əsədova Dəniz Elman qızına göstərdiyi cəmi 50 (əlli) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 325 (üç yüz iyirmi beş) manat pul ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Əsədova Dəniz Elman qızına isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Hakim: Aytəkin İbrahimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar