Məhkəmə qərarları › İş №1(001)-252/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-252/2023

18.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-252/2023 18.04.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, işləməyən, subay, orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2il 167-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 180.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını açıq talamaq məqsədi ilə 05 noyabr 2022-ci il tarixdə taksi fəliyyəti ilə məşğul olan sərnişin kimi əyləşərək saat 22:45 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, “Mərkəz” adlanan ərazidə, “Rec Elektroniks” mağazasının qarşısına çatdıqda orada avtomobilin ön panelində saxlanılan sonuncuya məxsus, daxilində 25 manat dəyərində “Nar Mobile” şəbəkəsində istifadə olunan ***-***-**- ** saylı mobil nömrə olan 450 manat dəyərində 3566xx/xx/836975/7, 3566xx/xx/836975/4 İMEİ kodları olan “Samsung Galaxy A 50” markalı “SM-A505FN/DS” modelli mobil telefon aparatını açıq talayıb ələ keçirərək Zərərçəkmiş şəxs1 ümumilikdə 475 manat məbləğində maddi ziyan vuraraq soyğunçuluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını açıq talamaq məqsədi ilə 23 noyabr 2022-ci il tarixdə taksi fəliyyəti ilə məşğul olan Zərərçəkmiş şəxs2 idarə etdiyi “Opel” markalı “Astra” modelli **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobilə sərnişin kimi əyləşərək saat 04:10 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci Mədən, “Al” Marketin yaxınlığına çatdıqda orada avtomobilin sağ sərnişin oturacağının üzərində saxlanılan sonuncuya məxsus dəyəri 700 manat təşkil edən, **********52799 və **********66959 İMEİ kodları olan “İphone” markalı “XR” modelli mobil telefon aparatını açıq talayıb ələ keçirərək Zərərçəkmiş şəxs2 ümumilikdə 700 manat məbləğində maddi ziyan vuraraq soyğunçuluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını açıq talamaq məqsədi ilə 26 noyabr 2022-ci il tarixdə taksi fəliyyəti ilə məşğul olan Zərərçəkmiş şəxs3 idarə etdiyi “Chevrolet” markalı “Cruze” modelli **-NC-*** dövlət qeydiyyat nişanlı avtomobilə sərnişin kimi əyləşərək saat 02:40 radələrində ünvan 3 ünvanın qarşısına çatdıqda orada sürücü Zərərçəkmiş şəxs3 14 manat nağd pulunu talayıb ələ keçirərək Zərərçəkmiş şəxs3 ümumilikdə 14 manat məbləğində maddi ziyan vuraraq soyğunçuluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 180.2.2-ci maddəsi ilə elan edilmiş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, maddi durumu yaxşı olmadığına görə, taksilərə sərnişin kimi oturaraq tamah niyyəti ilə sürücülərin pul və əmlaklarını cinayət törədib ələ keçirmək qərarına gəlmişdi və bu məqsədlə 05 noyabr 2022-ci il tarixdə, təxminən saat 22:20 radələrində yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsi, Zəngilan şəhərciyindən “Uber” taksi şirkəti vasitəsi ilə taksi sifariş vermişdir. Həmin vaxt sifariş etdiyi ünvana “Toyota” markalı “Prius Hibrid” modelli **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobil gəlmişdir və o, həmi avtomobilin qabaq sağ oturacağına əyləşərək, sürücüyə, araşdırma zamanı anket məlumatlarının Zərərçəkmiş şəxs1 olduğunu bildiyi şəxsə əvvəl Binəqədi qəsəbəsi, Tufandağ küçəsinə, oradan isə Xırdalan şəhəri, “Kristal Abşeron” yaşayış kompleksinə gedəcəyini demişdir. Binəqədi qəsəbəsinin ərazisini yaxşı tanıdığına görə sifarişini oraya vermişdir. Yolda olan müddət ərzində sürücüdə iki ədəd mobil telefonunun olduğunu, bir ədəd “Samsung” Galaxy A 50” markalı mobil telefonun avtomobilin panelində olduğunu, markasını görə bilmədiyi digər telefonun isə sürücünün əlində olduğunu görmüşdür. Həmin tarixdə, saat 22:45 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, “Mərkəz” adlanan əraziyə çatdıqda “Rec Elektroniks” mağazasının qarşısında o, sürücü Ruslanı aldadıb fikrini yayındırmaq üçün demişdir ki, mühərriki söndürməsin, indi gəlir və avtmobildən düşən zaman panelin üzərindəki “Samsung” Galaxy A 50” markalı telefonu da götürmüşdür. Avtomobildən düşüb təxminən 10 metr aralananda avtomobilin sürücüsü onun mobil telefonunu götürdüyünü bilib arxasınca qışqıraraq, telefonunu qaytarmasını bildirmişdir. Lakin, o, arxaya baxıb sürücünün arxası ilə gəldiyini görüb sözlərinə məhəl qoymayaraq, hadisə yerindən qaçaraq uzaqlaşmış və evlərin arasına girmişdir. Sonra o, telefonun daxilində olan mobil nömrəni tapa bilinməməsi üçün çıxarıb atmışdır. Bundan təxminən bir-iki gün sonra əvvəldən tanıdığı Rəşad adlı şəxsi Binəqədi qəsəbəsi, “Mərkəz” deyilən yerdə təsadüfən görüb söhbət zamanı ona pula ehtiyacı olduğundan özünə məxsus olan telefonu satdığını sonuncuya bildirmişdir. Rəşada telefon lazım olduğundan həmin “Samsung” Galaxy A 50” mobil telefonu 55 manat müqabilində ona satmışdır. Bu zaman tanışı Rəşad onu tanıyıb sözlərinə inanaraq həmin telefonun hansı yolla əldə olunduğunu bilməmişdir. Bundan başqa, 23 noyabr 2022-ci il tarixdə, təxminən saat 04 radələrində Masazır qəsəbəsində sifariş verərək taksi kimi gəlmiş “Opel” markalı “Astra” modelli **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobilə sərnişin kimi qabaq oturacağa əyləşmiş və sürücüdən onu Binəqədi qəsəbəsinə aparmağı xahiş etmişdir. Bu zaman arxa oturacaqda tanımadığı başqa sərnişin də oturmuşdu. Yolda söhbət edərkən sürücünün Seymur adlı şəxs olduğu bilmişdir. Həmin gün saat 04:05 radələrində Binəqədi qəsəbəsində əvvəl həmin sərnişin düşmüş, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci Mədən ərazisinə, “Al” Marketin yaxınlığına çatdıqda o, oturacağının üzərində olan “İphone” markalı “XR” modelli mobil telefonu götürüb avtomobildən düşmüşdür. Lakin o, avtomobildən düşüb uzaqlaşanda sürücü bunu başa düşərək onu arxadan səsləyərək telefonunu qaytarmasını bildirmişdir. O, sürücünün avtomobilin yanında olduğunu görmüş və o, qaçıb avtomobildən uzaqlaşmışdır. Həmin mobil telefonun içərisində nömrəsi olmamışdır, telefon çox işlənmiş olmuş, sonrakı günlərdə o, həmin telefonu tanımadığı şəxsə 20 Yanvar metrosunun yanında özünə məxsus telefon kimi bildirib 80 manata satmışdır, pulunu öz ehtiyaclarına xərcləmişdir. Bundan başqa, 26 noyabr 2022-ci il tarixdə o, “Uber” şirkəti vasitəsi ilə taksi sifariş edərək təxminən 02:00 radələrində Masazır qəsəbəsinə gəlmiş “Chevrolet” markalı “Cruze” modelli, **-NC-*** dövlət qeydiyyat nişanlı avtomobilə sərnişin kimi əyləşərək sürücüdən onu Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsinin “Mərkəz” adlandırılan yerə aparmasını xahiş etmişdir. Həmin tarixdə, saat 02:40 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsinin “Mərkəz” adlandırılan yerinə çatdıqda o, sürücüyə pulunun olmadığını, ona pul lazım olduğunu və ona pul verməsini bildirmişdir. Sürücü özünü itirərək tutulmuş və heç bir etiraz etmədən üzərində olan 14 manat pulu çıxarıb ona vermişdir. O, pulu götürərək çıxıb getmişdir. Bu zaman o, sürücünü hədələməmiş və heç bir hədə-qorxu etməmişdir. Binəqədi RPİ-nin 43-cü PB-də aparılmış araşdırma zamanı o, həmin sürücünün Zərərçəkmiş şəxs3 olduğunu bilmişdir, bir-birlərini görəndə tanımışlar. O, zərərçəkmiş şəxslərlə barışmış, onlara dəymiş ziyanlar ödənilmişdir Ona görə də, deyilənlərin və əməlindən peşman olmasının nəzərə alınaraq məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 180.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, "xxxx" MMC-nin 15 dekabr 2021-ci il tarixli etibarnaməsi əsasında “Toyota” markalı “Prius Hibrid” modelli, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobillə “Uber” şirkətində taksi fəliyyəti ilə məşğul olur. 05 noyabr 2022-ci il tarixdə, təxminən saat 22:20 radələrində bir nəfər, araşdırma zamanı anket məlumatlarının Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxs, taksi sifariş verərək Masazır qəsəbəsi, Zəngilan şəhərciyinin yanında idarə etdiyi “Toyota” markalı “Prius Hibrid” modelli **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilə sərnişin kimi əyləşmiş və əvvəl Binəqədi qəsəbəsi, Tufandap küçəsinə, oradan isə Xırdalan şəhəri, “Kristal Abşeron” yaşayış kompleksinə gedəcəyini bildirmişdir. O, həmin gün saat 22:45 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, “Mərkəz” adlanan əraziyə çatdıqda Tural avtomobilin mühərrikini söndürməməsini, indi gələcəyini bildirərək düşüb getmişdir. Tural gedəndən təxminən 5 saniyə sonra o, avtomobilin panelində saxladığı, daxilində “Nar Mobile” şəbəkəsində istifadə olunan ***-***-**-** saylı mobil nömrə olan “Samsung” markalı “Galaxy A 50” modelli mobil telefonunun olmadığını görmüş, Tural isə tələsik avtomobildən uzaqlaşırdı. O, avtomobildən düşüb Turalın dayanması və telefonu qaytarması üçün səsləmiş sonuncu bu zaman onu eşitmiş və arxasınca getdiyini gördüyündən qaçıb avtomobildən uzaqlaşaraq evlərin arasına girmişdir. O, isə Turalın arxası ilə qaçsa da, çata bilməmişdir. Odur ki, dərhal sonra bu hadisə barədə DİN-in “102 Xidmətinə” məlumat vermişdir. Bununla bağlı Binəqədi RPİ-nin 43-cü PB-də aparılmış araşdırma zamanı o, Təqsirləndirilən şəxs görüb dərhal tanımışdır və bu zaman Tural öz cinayətini etiraf etmişdir.. Cinayət əməli nəticəsində daxilində 25 manat dəyərində “Nar Mobile” şəbəkəsinin ***-***-**-** saylı GSM mobil nömrəsi olan 450 manat dəyərində “Samsung” markalı “Galaxy A 50” modelli mobil telefonu Təqsirləndirilən şəxs tərəfindən açıq talanmışdır, bununla ona cəmi 475 manat məbləğində maddi ziyan vurmuşdur. Mobil telefonun içərisində danışıq konturu olmamışdır. Ona dəymiş ziyan ödənildiyidən təqsirləndirilən şəxsə heç bir şikayət və tələbi yoxdur. Odur ki, təqsirləndirilən şəxs barəsində ədalətli qərar verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o, 2022-ci ilin iyun ayından etibarnamə ilə idarə etdiyi “Chevrolet” markalı “Cruze” modelli **-NC-*** dövlət qeydiyyat nişanlı avtomobillə “Uber” şirkəti ilə mobil əlaqə yaradaraq taksi fəliyyəti ilə məşğul olur. 26 noyabr 2022-ci il tarixdə, təxminən 02:00 radələrində Masazır qəsəbəsində bir nəfər, araşdırma zamanı anket məlumatlarının Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxs, idarə etdiyi “Chevrolet” markalı “Cruze” modelli **-NC-*** dövlət qeydiyyat nişanlı avtomobilə sərnişin kimi əyləşərək Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsinin “Mərkəz” adlandırılan yerə aparılmasını xahiş etmişdir. Həmin tarixdə, saat 02:40 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsinin “Mərkəz” adlandırılan yerə çatdıqda Təqsirləndirilən şəxs ona pulunun olmamasını bildirmiş və qətiyyətlə ona pul verməsini istəmişdir. O, özünü itirərək tutulmuş və heç bir etiraz etmədən üzərində olan 14 manat pulu çıxarıb Turala vermişdir, sonuncu pulu alıb çıxıb getmişdir. Bu zaman Turalın əlində olan əşyanı görməmişdir, həmin əşya mobil telefon ola bilərdi. O, hadisədən dərhal sonra həyəcanlı olduğundan DİN-nin “102 Xidmətinə” zəng edəndə bu əşyanı alət kimi deyib Turalın hərəkətləri barədə bu cür məlumat vermişdir. Habelə səhvən ələ keçirilmiş 14 manatı 18 manat kimi göstərmişdir. Həmçinin, o, ilkin ərizəsində guya Təqsirləndirilən şəxs pulunu alanda onu hədələdiyini yazmış, lakin əslində Tural onun pulunu alan zaman ona qarşı heç bir hədə-qorxu tətbiq etməmişdir, sadəcə Turalın qətiyyətlə ondan pul tələb etməsini o, hədə kimi qəbul edib hadisədən dərhal sonra həyəcanlı və hirsli olaraq ərizəsində belə yazmışdır. Lakin əslində hadisə onun indiki ifadəsində gösətərdiyi kimi baş vermişdir. Binəqədi RPİ-nin 43-cü PBdə aparılmış araşdırma zamanı o, Təqsirləndirilən şəxs görüb dərhal tanımışdır və bu zaman Tural cinayətini etiraf etmişdir. Habelə ona məlum olmuşdur ki, Tural başqa taksi sürücülərini də soyaraq mobil telefonlarını ələ keçirmişdir. Təqsirləndirilən şəxs cinayəti nəticəsində ona cəmi 14 manat məbləğində maddi ziyan dəymişdir. Hazırda Təqsirləndirilən şəxs ziyanı ödədiyindən sonuncu ilə barışmış, onun barəsində şikayət və tələbi yoxdur. Odur ki, təqsirləndirilən şəxs barəsində ədalətli qərar verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasına çağırılmış Zərərçəkmiş şəxs2 məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə göndərərək hazırda Rusiya Federasiyasında yaşadığı üçün məhkəmə iclaslarında iştirakının mümkünsüzluyünü bildirmiş, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqləmişdir. O qeyd etmişdir ki, Təqsirləndirilən şəxs ziyanı ödədiyindən sonuncu ilə barışmış, onun barəsində şikayət və tələbi yoxdur. Odur ki, təqsirləndirilən şəxs barəsində ədalətli qərar verilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs2 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 onun qızının həyat yoldaşıdır. “Opel” markalı “Astra” modelli **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobili o, etibarnamə ilə idarə edir. Vaxtı olanda Zərərçəkmiş şəxs2 ona kömək edərək “Uber” şirkəti ilə əlaqə saxlayıb taksi fəliyyəti ilə məşğul olurlar. Belə olan halda o, Seymurun yanında olaraq arxada otururdu. 23 noyabr 2022-ci il tarixdə, təxminən saat 04 radələrində Masazır qəsəbəsində bir nəfər, araşdırma zamanı anket məlumatlarının Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxs, Seymurun idarə etdiyi “Opel” markalı “Astra” modelli **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq oturacağına sərnişin kimi əyləşərək Binəqədi qəsəbəsinə aparmağı xahiş etmişdir. Həmin gün saat 04:05 radələrində Binəqədi qəsəbəsində əvvəl o, marketlərin birindən siqaret alması üçün düşmüş, sonra həmin sərnişin düşməli idi və Seymur gəlib onu götürməli idi. Lakin Seymur biraz gec qayıtdı və onun deməsindən məlum oldu ki, saat 04:10 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci Mədən ərazisinə, “Al” Marketin yaxınlığında çatdıqda orada avtomobilin sağ sərnişin oturacağının üzərində saxlanılan Seymura məxsus dəyəri 700 manat təşkil edən “İphone” markalı “XR” modelli mobil telefonu Təqsirləndirilən şəxs götürüb ələ keçirmişdir. Həmin telefon “blutooth” vasitəsi ilə avtomobilə qoşulmuşdu. Tural avtomobildən düşüb uzaqlaşanda mobil bağlantının kəsilməsindən Seymur telefonunun götürüldüyünü başa düşüb Turalı səsləmişdir. Bu zaman Tural Bunyatov bilmişdir ki, Seymur telefonun onun tərəfindən götürdüyünü başa düşmüş və Tural qaçıb avtomobildən uzaqlaşmışdır. Seymur isə tanımadığı yerdə avtomobili qoyub Turalı təqib edə bilməmişdir, odur ki, dərhal sonra bu hadisə barədə DİNin “102 Xidmətinə” məlumat vermişdir. Bununla bağlı Binəqədi RPİ-nin 43-cü PB-də aparılmış araşdırma zamanı onlar Təqsirləndirilən şəxs görüb dərhal tanımışlar və Tural öz cinayətini etiraf etmişdir. Cinayət əməli nəticəsində Seymura 700 manat dəyərində maddi ziyan vurulmuşdur. Məhkəmə iclasına çağırılmış Şahid2 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 180.2.2-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və icraatına qəbul edilərək ibtidai istintaqı aparılmışdır. (i.v 1) xx.xx.2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və fotoşəkillərdən görünür ki, 05 noyabr 2022-ci ildə saat 22:45 radələrində olan soyğunçuluq hadisəsi Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, “Mərkəz” adlanan ərazidə, “Rec Elektroniks” mağazasının qarşısında Zərərçəkmiş şəxs1 idarə etdiyi “Toyota” markalı “Prius Hibrid” modelli **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobildə baş vermişdir. (i.v. 7- 9) xx.xx.2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və fotoşəkillərdən görünür ki, 23 noyabr 2022-ci ildə saat 04:10 radələrində olan soyğunçuluq hadisəsi Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci Mədən, “Al” Marketin yaxınlığında Zərərçəkmiş şəxs2 idarə etdiyi “Opel” markalı “Astra” modelli **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobildə baş vermişdir. (i.v. 24-27) xx.xx.2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və fotoşəkillərdən görünür ki, 26 noyabr 2022-ci il tarixdə, saat 02:40 radələrində olan soyğunçuluq hadisəsi ünvan 3 ünvanında Zərərçəkmiş şəxs3 idarə etdiyi “Chevrolet” markalı “Cruze” modelli **-NC-*** dövlət qeydiyyat nişanlı avtomobildə baş vermişdir. (i.v. 41-44) xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 18:30-da şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs azadlığı xx.xx.2022-ci il tarixdə, saat 18.15-dən məhdudlaşdırılmışdır. (i.v 67-68) xx.xx.2021-ci il tarixli əşyanın könüllü təqdim edilməsi protokolundan görünür ki, Şahid2 tanışı, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 məxsus “Samsung” markalı “Galaxy A 50” modelli mobil telefon aparatını könüllü təqdim etmişdir. (i.v. 101) xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. ( i.v. 106-108) xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki Təqsirləndirilən şəxs ifadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, “Mərkəz” adlanan ərazidə, “Rec Elektroniks” mağazasının qarşısında, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci Mədən, “Al” Marketin yaxınlığında və Binəqədi rayonu, Binəqədi qəsəbəsi, C.Cabbarlı küçəsi, 1 ünvanında törədilmiş hadisələrin baş vermə mexanizmini əyani şəkildə göstərmişdir. (i.v. 119-122) Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(001)-1343/2022 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində xx.xx.2022-ci il tarixdən hesablanmaqla, 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (i.v. 129-133) Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v. 141) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 5/1530-9/8790 nömrəli rəyində qeyd edilmişdir ki, təqdim edilmiş bir ədəd sensor ekranlı “Android” əməliyyat sistemi ilə təhciz olunmuş “Samsung Galaxy A 50” markalı arxa markalanma göstəricisinə görə “SM-A505FN/DS” modelli 3566xx/xx/836975/7, 3566xx/xx/836975/4 İMEİ kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. Ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd “Samsung Galaxy A 50” markalı arxa markalanma göstəricisinə görə “SM-A505FN/DS” modelli 3566xx/xx/836975/7, 3566xx/xx/836975/4 İMEİ kodlu mobil telefon aparatının satış üçün komplektləşdirilməsinə daxil edilən aksessuarların olmamasını və istifadədə olmasını nəzərə alaraq zədələnməmişdən əvvəl normal vəziyyətdə orta bazar qiyməti təxminən 180,00 manat, hal-hazırda zədəli vəziyyətdə 120,00 manat müəyyən edilir. (i.v. 150-152) xx.xx.2023-cü il tarixli qərardan və qəbzdən görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs soyğunçuluqla ələ keçirdiyi və istintaq zamanı aşkar edilərək götürülmüş 3566xx/xx/836975/7, 3566xx/xx/836975/4 İMEİ kodları olan “Samsung Galaxy A 50” markalı “SM-A505FN/DS” modelli mobil telefon aparatı cinayət işi üzrə xüsusi əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış və istintaq tamamlandıqdan sonra işin məhkəmə baxışının sonuna kimi saxlanılması üçün Zərərçəkmiş şəxs1 təhvil verilmişdir. (i.v. 155, 195) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.2-ci maddəsi ilə yenidən ittiham elan olunmuşdur. ( i.v. 173-175) Zərərçəkmiş şəxs3 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyan ödənildiyindən sonuncu ilə barışmış, şikayət və tələbi yoxdur, təqsirləndirilən şəxs barəsində ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyan ödənildiyindən sonuncu ilə barışmış, şikayət və tələbi yoxdur, təqsirləndirilən şəxs barəsində ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyan ödənildiyindən sonuncu ilə barışmış, şikayət və tələbi yoxdur, təqsirləndirilən şəxs barəsində ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-nin 180.2.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 180.2.2-ci maddələri cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-nin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CMnin 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə, CM-in 59.1.12, 59.1.13, 59.2-ci maddəsinə əsasən zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsi, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi, törətdiyi cinayət əməlindən peşman olmasını, ilk dəfə az ağır cinayət törətməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 180.2.2-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən halları nəzərə alaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 18:30-də şübhəli şəxs qismində tutulmuş, azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən, saat 18:15dən tutulmuş hesab edilmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(001)-1343/2022 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində xx.xx.2022-ci il tarixdən hesablanmaqla, 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə azadlığı faktiki məhdudlaşdırılaraq eyni tarixdə şübhəli şəxs qismində tutulmuş və həmin tarixdən hazırkı vaxtadək həbsdə saxlanılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddətinin əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən, saat 18:15-dən hesablanmalı və həbsdə saxlanması müddəti ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə sübut kimi tanınmış 3566xx/xx/836975/7, 3566xx/xx/836975/4 İMEİ kodları olan “Samsung Galaxy A 50” markalı “SM-A505FN/DS” modelli mobil telefon aparatı saxlanılması üçün Zərərçəkmiş şəxs1 təhvil verilməsi nəzərə alınmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197.1.4-cü maddəsinə əsasən hesab edir ki, ekspertizasının keçirilməsinə xərclənmiş 80 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabatlara əsasən o, məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 30 saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 30 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 180 manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli xx.xx.2022-ci il tarixdən, saat 18:15-dən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 3566xx/xx/836975/7, 3566xx/xx/836975/4 İMEİ kodları olan “Samsung Galaxy A 50” markalı “SM-A505FN/DS” modelli mobil telefon aparatı saxlanması üçün sahibi Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 80 (səksən) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X1 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Cinayət işi üzrə xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 180 (yüz səksən) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mahirə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar