Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-252/2025 28.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Bəbirov Qədir Nadir oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs1 və onun qanuni nümayədəsi Qanuni nümayəndə, müdafiəçi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2003-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Cinayət işi üzrə ibtidai istintaq zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 01 may 2024-cü il tarixdə, saat 17 radələrində şəxsiyyəti istintaqla araşdırılan şəxslər ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında ictimai yer olan ünvan 3 ünvanında yerləşən istirahət parkında ucadan mobil telefonla danışaraq nalayiq ifadələr işlətdiyinə görə Zərərçəkmiş şəxs2 ona irad bildirməsini bəhanə edərək, cəmiyyətdə bərqərar olunmuş birgəyaşayış və davranış qaydalarına məhəl qoymadan ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərib yenidən mobil telefonla danışaraq nalayiq ifadələr işlətməyə davam etmiş, növbəti dəfə intizama dəvət edilməsinə baxmayaraq heç bir əsaslı səbəb olmadan silah qismində istifadə olunan əşya, yumruq və təpiyi ilə vuraraq Zərərçəkmiş şəxs2 göz almasının kontuziyası, travmatik midriaz və görmə itiliyinin 0,7-ə qədər azalması ilə müşayiət olunan sağ göz qapaqları və gözaltı nahiyənin, sağ almacıq nahiyəsinin dərialtı hematoması, sağ üst və alt göz qapağının əzilmiş-cırılmış yaraları, sağ qulaq seyvanı nahiyəsinin, sol yanaq nahiyəsinin qançırları, sol dirsək oynağı nahiyəsinin sıyrıqları və sol diz oynağı nahiyəsinin qançırlı sıyrığı kimi dərəcəsinə görə ümumi əmək qabiliyyətinin cüzi dayanıqlı itirilməsinə (5%) səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirmiş, daha sonra parkda valideyninin xəsarət almasına görə onu arxadan səsləyən Zərərçəkmiş şəxs1 əli ilə vuraraq sonuncuya sağ göz qapaqları və gözaltı nahiyənin dərialtı hematoması, sağ əlin arxa səthinin sıyrığı kimi xəsarətlər yetirərək dərəcəsinə görə ümumilikdə sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirməklə şəxsiyyəti istintaqla araşdırılan şəxslər ilə bir qrup şəxs tərəfindən ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan əşyadan istifadə edilməklə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanliq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 221.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 01 may 2024-cü il tarixdə işdən evə gəlmişdir. Həmin vaxt fəhlə kimi işləyirdi. Dayısıgilin evinin qarşısında olan parkda söhbətgahın içinə daxil olaraq mobil telefonla danışmışdır. Telefonda danışdığı şəxs bir xanım olmuşdur və danışıq zamanı söyüş söyməmişdir. Söhbətgahın içərisinə girdikdə içəridə uşaqların olduğunu görüb onlarla da söhbət etməyə başlamışdır. Az sonra səs eşitmiş və əvvəllər tanımadığı Zərərçəkmiş şəxs2 ona baxaraq uzaqdan əl-qol hərəkətləri etdiyini görmüşdür. O da Rüstəmə saymazyana əlinin arxası ilə “get burdan” işarəsini vermişdir. Daha sonra həmin şəxsin ona durduq yerə söz atdığını, söyüş söydüyünü və üzərinə gəldiyini görmüşdür. O da öz növbəsində “niyə söyürsən, adam kimi danış” dedikdə sonuncu ona yaxınlaşaraq “heyvan özünsən, səni filan yerə aparacam” ifadəsini işlədərək ona yumruq vurmağa cəhd etmişdir. O Rüstəmin canlıcəsədli olmasından qorxduğu üçün refleks olaraq onun zərbəsi qarşısında əyilib Rüstəmə yumruq vurmuş və sonuncu üzüüstə yerə yıxılmışdır. O, söhbətgahdan çıxaraq aralanmışdır. Bundan sonra Rüstəmin yenidən ona qarşı söyüşlər söydüyünü eşitmiş və gəlib yenidən onu vurmasından qorxduğu üçün arxasını çevirmişdir. Bu zaman sonuncu ona söyüş söyə-söyə təpik atmış, o da yenidən yumruq vuraraq qaçmışdır. O, fikirləşmişdir ki, Rüstəm yekəpər adamdır, əlinə keçsə sonuncu ona xəsarətlər yetirəcək. Məhkəmə iclasında Təqsirləndirilən şəxs əlavə olaraq hadisə baş verən zaman Zərərçəkmiş şəxs1 vurmadığını, onu ümumiyyətlə hadisə yerində gördüyünü xatırlamadığını bildirmişdir. Gənc olmasını, idman sahəsində bir sıra nailiyyət əldə etdiyini nəzərə alaraq, məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, ünvan 4 ünvanında həyat yoldaşı Qanuni nümayəndə, övladları 15 yaşlı Nəzrin, 14 yaşlı Əli, 13 yaşlı Hüseyn və 4 yaşlı Rüqəyya ilə birlikdə yaşayır. Yaşadığı bina ilə üzbəüz binanın ortasında istirahət parkı yerləşir. O, çox hallarda kiçik qızı Rüqəyyanı asudə vaxtlarında həmin parka aparıb gəzdirir. 01 may 2024-cü il tarixdə saat 17.30 radələrində o, 4 yaşlı qızı Rüqəyya ilə həmin parka gəlmiş, digər qızı Nəzrinin öz rəfiqəsi ilə bir qədər aralıda parkda oturacaqda oturub söhbət etdiklərini görmüşdür. O, Rüqəyyanı sürüşkənə aparmış və sonuncu orada sürüşdüyü zaman 5-6 metr aralıda yerləşən söhbətgahda 16-20 yaş aralarında təxminən 10-15 nəfər cavan uşaqların toplaşdığını görmüş və söhbətgahın ortasında əvvəllər tanımadığı, sonradan anket məlumatlarını öyrəndiyi Təqsirləndirilən şəxs mobil telefonla kiminləsə yüksək səslə danışıb “ay oğraş aşağı düş sənilə işim var” deməsini eşitmişdir. O, ilk dəfə buna reaksiya verməsə də Vüqarın bu ifadələri təkrarladığını və aqressiv formada danışığını davam etdirərək yenə də “bilət, ay oğraş” kimi ifadələr işlətməsini eşitmiş və bir valideyn kimi Vüqara səslənərək əlini ağzına qoyaraq sonuncuya sakit danışması ilə bağlı işarə vermiş və danışığını kənarda aparmasını, ətrafda uşaq və valideylərin olmasını demişdir. Vüqar da ona “nə deyirsən ala, mənimlə adam kimi danış” ifadəsini işlətmiş, söhbətgahda olanlarla bərabər ona tərəf gəlməsini görmüşdür. Azyaşlı qızı Rüqəyya yanında olduğu üçün digər qızı Nəzrinə tərəf baxmış və sonuncuya Rüqəyyanı ondan uzaqlaşdırmasını işarə etmişdir. Sifətini Vüqara tərəf çevirdikdə sonuncu anidən yumruğu ilə onun sağ gözündən, daha sonra isə sifətinin sol hissəsindən vurmuşdur. İlk aldığı zərbənin gücündən o, elə hiss etmiş ki, Vüqarın əlində hansısa dəmir əşya və ya “beşbarmaq” deyilən əşya vardır. O, Vüqarın əlində hansı əşya olmasını şəxsən görməmişdir. Zərbədən sifəti üstə yerə yıxılmış və 5-10 saniyə müddətində huşunu itirmiş, ayıldıqda görmüş ki, Vüqar əlinin ovuc hissəsi ilə ondan 5-6 metr aralıda olan qızı Nəzrinin sifət nahiyəsindən bir dəfə vurub oradan yanındakı uşaqlarla birlikdə parkdan qaçmağa başlamışdır. O, yerdən qalxaraq qızı Nəzrinə tərəf getmiş və həmin zaman sağ gözündən qan axdığını hiss etmişdir. Həmin vaxt qızı Nəzrinlə söhbət etdikdə öyrənmişdir ki, Vüqarın zərbəsindən sonra yerə yıxılaraq huşunu itirdiyi zaman Vüqarın yanındakıları onun ətrafına toplaşmış və 3-4 nəfəri yerdə onu təpikləmişlər. O, huşunu itirdiyi üçün həmin xüsusatı xatırlamamışdır. Eləcə qızı Nəzrindən öyrənmişdir ki, sonuncu onun döyülməsini görərək ona tərəf gələrək Vüqara irad bildirdikdə sonuncu geri qayıdıb əli ilə Nəzrinə sifətindən xəsarət yetirmişdir. O, bundan sonra DİN-in “102” Xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ona verilən suallara cavab olaraq bildirmişdir ki, Vüqara irad bildirməyi ilə bağlı danışıqları 20-30 saniyə müddətində davam etmişdir, ümumilikdə parkda baş verən münaqişə 10-15 dəqiqə müddətində baş vermişdir. Azyaşlı qızı Rüqəyya həmin münaqişədə xəsarət almasa da psixoloji sarsıntı keçirtmişdir, Vüqara ilk dəfə irad bildirdikdə sonuncu “adam kimi danış ala” ifadəsini işlətdikdə əsəbləşərək ona “heyvan özünsən” kimi ifadə işlətmişdir, ancaq Vüqarı yumruqla vurmağa cəhd etməmişdir. Eyni zamanda hazırki vaxta qədər təqsirləndirilən şəxslə aralarında barışıq əldə edilmədiyini, şikayətçi olduğunu bildirmişdir. Məhkəmə baxışı zamanı qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə dindirilmiş yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, 01 may 2024-cü il tarixdə saat 17.30 radələrində o, rəfiqəsi Şahid1 ilə parkda oturacaqda oturub söhbət edirmiş. Onlardan 10-15 metr aralıda yerləşən söhbətgahda oturmuş 16-20 yaş aralarında təxminin 10-15 nəfər cavan uşaqlar nalayiq söyüşlər söyür və zarafatlar edirmişlər. Təxminən 5-10 dəqiqə sonra onun atası Rüstəm azyaşlı bacısı Rüqəyyanı həmin parka gətirmiş və sonuncunu sürüşkənə aparmışdır. Az sonra atası Rüstəm də söhbətgahın ortasında dayanan əvvəllər tanımadığı, sonradan anket məlumatlarını öyrəndiyi Təqsirləndirilən şəxs mobil telefonla kiminləsə yüksək səslə danışdığını və “ay oğraş aşağı düş səninlə işim var” deməsini eşitmişdir. Vüqar aqressiv formada danışığını davam etdirmiş, yenə də “bilət, ay oğraş” kimi ifadələr işlətmişdir. O, da rəfiqəsi ilə söhbət etdiyi zaman 5-6 dəqiqə sonra görmüşdür ki, Vüqar onun atası Rüstəmə 2 dəfə yumruğu ilə sağ və sol sifətindən vurmağa başlamış, atası isə yerə yıxılmışdır. O, bunu görərək atası Rüstəmə tərəf qaçmağa başlamışdır. Həmin zaman Vüqarın yanındakı şəxslər onun atasının başına toplaşmış, onlardan 3-4 nəfəri atası Rüstəmə yerdə təpiklə vurmağa başlamışlar. O, Vüqarın qaçaraq getməsini görüb arxadan səslənərək dayanmasını tələb etdikdə sonuncu 2-3 metr məsafədən geri qayıdaraq əlinin ovuc hissəsi ilə ona bir dəfə sağ gözündən vurmuşdur. O, Vüqarın sol əlində dəmir parçası olduğunu şəxsən görmüşdür. O, aldığı zərbədən sağ əli üstə yerə yıxılmış və gözlərinin qaraldığını hiss etmişdir. O ayağa qalxaraq atasının yanına getdikdə atası Rüstəmin sağ gözündən qan axdığını görmüşdür. Atası Rüstəm DİN-in “102” Xidmətinə, orada olan şəxslərdən kimsə “103” Xidmətinə zəng etmişlər. Məhkəmə baxışı zamanı qanuni nümayəndəsi X1 iştirakı ilə dindirilmiş yetkinlik yaşına çatmayan Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 onun sinif yoldaşı Zərərçəkmiş şəxs1 atasıdır. O, Nəzrinlə ikinci sinifdən tanışdır və yaxın rəfiqəlik edir. O, asudə vaxtlarında Nəzrinlə əvvəlcədən razılaşaraq sonuncunun yaşadığı bina ilə üzbəüz yerləşən istirahət parkına gedərək orada söhbət edirlərmiş. 01 may 2024-cü il tarixdə saat 17.00 radələrində o, rəfiqəsi Nəzrinlə həmin parkda görüşərək oturacaqda söhbət etmişlər. O, 10-15 metr aralıda yerləşən söhbətkahda 16-20 yaş aralarında təxminin 10-15 nəfər cavan uşaqların oturduğunun, həmin uşaqların nalayiq söyüşlər söydüklərinin və zarafatlar etdiklərinin şahidi olmuşdur. Təxminən 5-10 dəqiqə sonra Nəzrinin atası Rüstəmlə kiçik qızı Rüqəyya həmin parka gəlmiş və sonuncu parkdakı sürüşkəndə sürüşməyə başlamışdır. Az sonra söhbətgahın ortasında dayanan əvvəllər tanımadığı, sonradan anket məlumatlarını öyrəndiyi Təqsirləndirilən şəxs mobil telefonla yüksək səslə danışaraq “ay oğraş aşağı düş səninlə işim var” demiş, aqressiv formada nalayiq ifadələr işlətmişdir. Rüstəm həmin zaman Vüqara uzaqdan sakit danışmasını demişdir. X4 sözlərinə əhəmiyyət vermədən danışığına davam etmişdir. İkinci dəfə Rüstəm uzaqdan Vüqara sakit olmasını desə də sonuncu əlinin arxası ilə “get burdan” işarəsi vermişdir. Rüstəm Vüqara yaxınlaşdıqda sonuncu yumruqla Rüstəmin sifətindən vurmağa başlamış və sonuncu yerə yıxılmışdır. Nəzrin də bunu görərək atası Rüstəmə tərəf qaçmağa başlamış, Vüqarın yanındakı şəxslər Rüstəmin başına toplaşmış, onlardan bir neçəsi Rüstəmə yerdə təpiklə vurmuşlar. Nəzrin səslənərək Vüqara dayanmasını istəmiş, Vüqar da dayanaraq yumruğu ilə Nəzrinə bir dəfə orada sifət nahiyəsindən vurduqda sonuncu yerə yıxılmışdır. Vüqar və yanındakı şəxslər oradan qaçır uzaqlaşmışlar. O, da həmin zaman Rüqəyyanın yanına gedərək sonuncunu yanına çəkmişdir. Sonradan o, Rüstəmə yaxınlaşdıqda sonuncunun gözünün qan içində olmasını, əynindəki köynəyinin cırılmasını görmüşdür. Sonradan kimsə DİN-in “102” Xidmətinə, eləcə də “103” Xidmətinə zəng vuraraq yardım istəmişlər. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, ünvan 5 ünvanda 24 ildir ailə üzvləri ilə birlikdə yaşayır. Yaşadığı evin qarşısında istirahət parkı yerləşir, mənzili 1-ci mərtəbədə yerləşməklə evin pəncərəsi istirahət parkındakı söhbətgaha baxır. 01 may 2024-cü il tarixdə saat 17 radələrində yaşadığı evdə dəstəmaz almış və namaz qılmaq istəyərkən 2-3 dəqiqə müddətində bir nəfər cavan oğlanın parkdakı söhbətgahda mobil telefonla kiminləsə yüksəs səs tonu ilə və təhqiramiz ifadələr işlətməklə danışıq apardığını eşitmişdir. Evdə adətən eynəksiz gəzdiyi üçün 1-2 metr məsafədən pəncərədən bayıra baxmış və pəncərədə ağcaqanad toru olduğundan söhbətgahda söyüş söyən şəxsin sifət nahiyəsini tam olaraq görə bilməmişdir. Namazın vaxtı keçdiyi üçün fikirləşmişdir ki, ilk əvvəl namazı qılsın və sonradan həyətə düşərək söyüş söyən şəxsi oradan uzaqlaşdırsın. Həmin şəxs yüksək danışığına davam edərək danışdığı şəxsə “aşağı düş, söhbət edək” ifadələrini işlədib kimisə aşağı düşməsinə təhrik edirmiş. 5-10 dəqiqə müddətində o, namazını bitirmiş, səsin hələ də gəldiyini eşidib pəncərəyə yaxınlaşaraq söhbətgaha tərəf baxmış və görmüşdür ki, söhbətgahdan 1-2 metr aralıda bəzi cavanlar kimisə yerdə təpikləyirlər, o, qışqıraraq həmin şəxslərin çıxıb getmələrini tələb etmiş, təxminən 7-8 nəfər oradan qaçaraq uzaqlaşmışlar. Pəncərənin qarşısındakı ağacların yarpaqlarından orada nə baş verdiyini tam görə bilməmişdir. Ancaq müşahidə etmişdir ki, söhbətgahın yaxınlığnda qonşuluqda yaşayan Zərərçəkmiş şəxs2 köynəyi cırıq halda əlini gözünə tutub. O, dərhal Rüstəmə yaxınlaşmış və öyrənmişdir ki, sonuncu yüksək səslə danışan şəxsə irad bildirdiyi üçün həmin şəxs və yanında olan tanımadığı bir qrup cavanlar onu və qızı Nəzrini döymüşlər. O, Rüstəmin gözündən qan gəlməsini müşahidə etmişdir. Az sonra hadisə yerinə polis və təcili tibbi yardım avtomobili gəlmiş, Rüstəm və qızı Nəzrini təcili yardım avtomobilində apardıqlarına görə o, yaşadığı evə qayıtmışdır. Ancaq o, Nəzrinin təcili yardım avtomobilinə əyləşdikdə sağ gözünün altında qaraltı olmasını müşahidə etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli qərardan görünür ki, toplanmış material əsasında fakta görə CM-in 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Zərərçəkmiş şəxs2 01 may 2024-cü il tarixdə saat 17:31 radələrində 102 Xidmətinə zəng edərək Binəqədi rayonu, 6-cı mkr, Ü.Hacıbəyov küçəsində yaşadığı binanın arxa hissəsində olan istirahət parkında bir neçə tanımadığı şəxslər tərəfindən təpiklə vuraraq ona və 15 yaşlı qızının sifət nahiyəsinə yumruqla vuraraq xəsarət yetirdiyini bildirmişdir. xx.xx.2024-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə ünvan 6 ünvanında baş vermişdir. xx.xx.2024-cü il tarixli, 912 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” publik hüquqi şəxsin rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs2 bədən səthində aşkar olunmuş xəsarətlər – göz almasının kontuziyası, travmatik midriaz və görmə itiliyinin 0,7-ə qədər azalması ilə müşayiət olunan sağ göz qapaqları və gözaltı nahiyənin, sağ almacıq nahiyəsinin dərialtı hematoması, sağ üst və alt göz qapağının əzilmiş-cırılmış yaraarı, sağ qulaq seyvanı nahiyəsinin, sol yanaq nahiyəsinin qançıarları, sol dirsək oynağı nahiyəsinin sıyrıqları, sol diz oynağı nahiyəsinin qançırlı sıyrığı bərk küt əşyanın (əşyaların) təsirindən onun tibbi yardım üçün “Respublika Neyrocərrahiyyə Xəstəxanası” PHŞ-nə müraciət etdiyi və qərarda göstərilən xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumi əmək qabiliyyətinin cüzi dayanıqlı itirilməsinə (5%) səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddirlər. Vət. Zərərçəkmiş şəxs2 bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyalarını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarda göstərilən şəraitdə, yəni insan bədəninin hissələri (əl, əl barmaqların dırnaqları, yumruq, təpik və s.) və eləcə də küt əşya ilə endirilmiş zərbələr nəticəsində əmələ gələ bilərdilər. Vət. Zərərçəkmiş şəxs2 bədən səthində aşkar olunmuş xəsarətlər bədənin əl çatan nahiyələrində yerləşmələrinə baxmayaraq, həmin xəsarətlərin şəxsin özü tərəfindən yetirilmələri nəticəsində əmələ gələ bilmələri üçün xarakterik deyildir. xx.xx.2024-cü il tarixli, 874 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” publik hüquqi şəxsin rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs1 bədən səthində aşkar olunmuş xəsarətlər – sağ göz qapaqları və gözaltı nahiyənin dərialtı hematoması, sağ əlin arxa səthinin sıyrığı bərk küt əşyanın (əşyaların) təsirindən onun tibbi yardım üçün “Respublika Neyrocərrahiyyə Xəstəxanası” PHŞ-nə müraciət etdiyi və qərarda göstərilən xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığı qısa müddətə pozan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddirlər. Vət. Zərərçəkmiş şəxs1 bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyalarını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarda göstərilən şəraitdə, yəni insan bədəninin hissələri (əl barmaqların dırnaqları, yumruq, və s.) və eləcə də küt əşya ilə endirilmiş zərbələr nəticəsində əmələ gələ bilərdilər. Vət. Zərərçəkmiş şəxs1 bədən səthində aşkar olunmuş xəsarətlər bədənin əl çatan nahiyələrində yerləşmələrinə baxmayaraq, həmin xəsarətlərin şəxsin özü tərəfindən yetirilmələri nəticəsində əmələ gələ bilmələri üçün xarakterik deyildir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Qanuni nümayəndə Qafaq qızı yetkinlik yaşına çatmamış xx.xx.2009-cu il təvəllüdlü Zərərçəkmiş şəxs1 qanuni nümayəndəsi kimi tanınmışdır. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət əməli nəticəsində Zərərçəkmiş şəxs2 bədən xəsarəti yetirildiyinə görə o, iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət əməli nəticəsində Zərərçəkmiş şəxs1 bədən xəsarəti yetirildiyinə görə o, iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 12:00-da CM-in 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və üzləşmə zamanı Zərərçəkmiş şəxs2 ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə qarşı deyərək bir daha təsdiq etmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 128-ci maddəsindən həmin Məcəllənin 221.2.1-ci maddəsinə tövsif edilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-598/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində 02 (iki) ay 14 (on dörd) gün müddətə-22 oktyabr 2024-cü il tarixədək həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddətinin əvvəli 08 avqust 2024-cü il tarixdən hesablanmışdır. Bakı Apellyasiya Məhkəməsinin 4(103)-891/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-598/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 4(001)-708/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CMnin 221.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmiş, ev dustaqlığında saxlama müddəti 22 oktyabr 2024-cü il tarixədək müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixli “Diskə baxış keçirilməsi barədə” protokoldan görünür ki, hadisə ünvan 6 ünvanının yaxınlığında yerləşən istirahət parkında baş vermişdir. Görüntüdə bir qrup şəxsin ağ şalvar və narıncı köynək geyinmiş Zərərçəkmiş şəxs2 ətrafına toplaşaraq onu itələdiyi, sonuncunun yerə yıxıldığı və onu həmin şəxslərdən bir qisminin təpiklədiyi, bir qisminin də ayırdığı müşahidə olunur. Daha sonra ağ rəngli ayaqqabı, göy rəngli idman geymi və qara rəngli gödəkçə geyinmiş Təqsirləndirilən şəxs həmin qrupunun yanından qaçaraq əks istiqamətdə uzaqlaşmaqla kameranın qarşısından keçir. Münaqişədə iştirak edən digər şəxslər isə Təqsirləndirilən şəxs əks istiqamətində hadisə yerindən uzaqlaşırlar. Zərərçəkmiş şəxs2 isə ayağa qalxaraq parkdakı ağaclardan tutaraq ona söykənir. xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 221.2.1ci maddəsi ilə istintaq olunan ********* saylı cinayət işi üzrə icraat Təqsirləndirilən şəxs ağır xəstəliyi ilə əlaqədar dayandırılmışdır. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 221.2.1ci maddəsi ilə istintaq olunan ********* saylı cinayət işi üzrə icraat təzələnmişdir. xx.xx.2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, cinayət işi üzrə hadisə yerində olan görüntüləri özündə əks etdirən bir ədəd DVD disk maddi sübut kimi tanınmış və iş materiallarına əlavə olunmuşdur. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə yenidən ittiham elan olunmuşdur. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun qismən etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, eləcə də ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. CM-in 221.3-cü maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda - iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 07 mart 2005-ci il tarixli Qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli Qərarında göstərilir ki, aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zor tətbiq edilməsi hədəsi; habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Həmin Qərarda ictimai qaydanı kobud surətdə pozan hərəkətlər təqsirkarın nəqliyyatının, müəssisə, idarə, təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plemumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, CM-in xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci tarixli qərarında qeyd edilir ki, CM-in 221.3-cü maddəsi xuliqanlığın digər tövsifedici əlaməti qismində bu cinayət əməlinin silah və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədilməsini nəzərdə tutur. CM-in 221.3-cü maddəsi ilə tövsif olunan xuliqanlıq hərəkətləri odlu silah, eləcə də soyuq silah tətbiq etməklə törədilə bilər. Silah qismində istifadə olunan əşyalara istənilən əşyalar, o cümlədən təsərrüfat-məişət təyinatlı (balta, yaba, mətbəx bıçağı və s.), eləcə də kərpic, daş, dəmir, çubuq, bir sözlə, tətbiqi həyat və ya sağlamlıq üçün təhlükə yaradan bütün əşyalar aid edilir. Xuliqanlıq zamanı silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi - ondan birbaşa sağlamlığa zərər vurulması, habelə zərərçəkmiş şəxsin həyat və ya sağlamlığı üçün real təhlükə yaradan üsulla istifadə olunmasıdır. Silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi ilə insanların həyat və ya sağlamlığı üçün real təhlükə yarandığı sübuta yetirilərsə, bu əməl CM-in 221.3-cü maddəsi ilə tövsif olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 221.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 221.3-cü maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, CM-in 59.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq hissi keçirməsini, gənc olmasını, idman sahəsində nəaliyyətləri onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, cəzasını yüngülləşdirən hallar ilə yanaşı, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (əvvəllər məhkum olunmamasını), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 221.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 12:00-da şübhəli şəxs qismində tutulmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-598/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 02 (iki) ay 14 (on dörd) gün müddətə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddətinin əvvəli 08 avqust 2024-cü il tarixdən hesablanmışdır. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 4(001)-708/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmiş, ev dustaqlığında saxlama müddəti 22 oktyabr 2024-cü il tarixədək müəyyən edilmidir. xx.xx.2024-cü il tarixdə onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs 02 (iki) ay 14 (on dörd) gün müddətə şübhəli və təqsirləndirilən şəxs qismində həbsdə və ev dustaqlığında saxlanılmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində həbsdə və ev dustaqığından saxlanıldığı 02 (iki) ay 14 (on dörd) gün müddət azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməklə həmin cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəyindən, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbs edilməlidir. Habelə, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə cəmi 50 (əlli) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 50 (əlli) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 50 (əlli) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 300 (üç yüz) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia, maddi sübut və ekspertiza xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində həbsdə və ev dustaqlığında saxlanıldığı 02 (iki) ay 14 (on dörd) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 01 (bir) il 09 (doqquz) ay 16 (on altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz olunsun və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəkməklə, ona təyin edilmiş cəzanın əvvəli 28 aprel 2025-ci il tarixdən hesablansın. İş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 50 (əlli) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 300 (üç yüz) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №1(001)-252/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-252/2025
28.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver