Məhkəmə qərarları › İş №1(001)-253/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-253/2024

16.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-253/2024 16.05.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızının, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Quliyeva (Qasımova) Qərənfil Qahir qızının, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Müdafiəçi: Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1982-ci ildə Gədəbəy rayonu, Arabaçı kəndində doğulmuş, fərdi əməklə məşğul olan, subay, orta təhsilli, əvvəllər məhkum olunmayan, Azərbaycan Respublikası vətəndaşı, Gədəbəy rayonu, Çiçəkli kəndində qeydiyyatda olan və ünvan 2də kirayədə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs cаvаbdеh kimi оndаn, xx.xx.2021-ci il tarixdən başlayaraq, övladları xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 175,00 manat olmaqla, cəmi 350,00 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməsi barədə Abşeron Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(012)-4108/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzürsüz səbəbdən yerinə yetirmədiyinə görə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 500,00 manat nzibati cərimə olunmuş və Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 8 gün müddətinə inzibati qaydada həbs olunmasına və icra sənədindəki tələbləri icra etməsi üçün ona xx.xx.2023-cü il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, şəxsi maraq niyyətiylə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 11 sentyabr 2023-cü il tarixədək 8055,00 manat məbləğində aliment borcunu tələbkara ödəməməklə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq qəsdən icra etməmiş, bununla da Zərərçəkmiş şəxs qeyd olunan məbləğdə maddi ziyan vurmaqla yanaşı ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci tarixli qətnaməsi ilə birgə nikahlarına xitam verilərək, ondan xx.xx.2021-ci il tarixdən hesablanmaqla xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 175,00 manat olmaqla, cəmi 350,00 manat sabit pul məbləğində alimentin tutularaq Quliyeva (Qasımova) Qərənfil Qahir qızına verilməsi qət edilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci tarixli qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra aidiyyəti üzrə icra olunması məqsədi ilə Binəqədi rayon icra şöbəsinə göndərilmiş və həmin qurumdan qeyd edilən məbləğdə alimentin Qərənfil (Qasımova) Quliyevaya ödənilməsi barədə ona rəsmi qaydada bildiriş təqdim edilmişdir. O, qanuni qüvvəyə minmiş qətnaməni icra etmədiyi üçün, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə inzibati qaydada 500,00 manat məbləğində cərimə və həmin məhkəmənin xx.xx.2023-cü il tarixli qərarı ilə 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilmiş, həmçinin icra məmurunun təqdimatına əsasən, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Bütün bu olanlara baxmayaraq, o, Qərənfil (Qasımova) Quliyevaya olan aliment borcunu ödəməmiş, bundan sonra icra məmuru tərəfindən ona yeni müddətlər verilərək, cinayət məsuliyyəti barədə xəbərdarlıqlar edilsə də, təqdimat verilən günə, yəni xx.xx.2023-cü il tarixədək yaranmış olan 8055,00 manat aliment borcunu ödəməmişdir. Hal hazırda qalan aliment borcundan heç bir ödəniş edə bilmir. Əlavə olaraq göstərmişdir ki, o, Quliyeva (Qasımova) Qərənfil Qahir qızı ilə evli olduğu müddətdə mebel ustası kimi fəaliyyət göstərmiş, hal hazırda da həmin işlə məşğul olaraq aylıq 600-800 manat qazanc əldə edir və daima fərdi əmək fəaliyyəti ilə məşğul olduğu üçün işsizliklə bağlı məşğulluq mərkəzinə müraciət etməmişdir. Həmin borcu ödəməməsi səbbəbini xəstə olması ilə əlaqəndirərək məhkəmə istintaqı dövründə tələbkara 2400 manat məbləğində ödəniş etdiyini, hər ay mütəmadi olaraq aliment borcunu ödəyəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş, Quliyeva (Qasımova) Qərənfil Qahir qızı ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə ailə quraraq evlənmiş, birgə nikahdan övladları anadan olmuşdur. Evli olduqları müddətdə bir birlərini başa düşmüş, aralarında heç bir narazılıq olmamışdır. Bir müddət keçəndən sonra ailədə yaranmış mübahisələr nəticəsində birgə yaşamaqları mümkünsüz olmuş və mövcüd nikah əlaqələri faktiki olaraq kəsilmişdir. Abşeron Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(012)- 4108/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan, yəni xx.xx.2021-ci il tarixdən başlayaraq xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 175,00 manat olmaqla, cəmi 350,00 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə həmin qətnamə üzrə Binəqədi rayon icra şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli təqdimat verilən tarixə olan 8055,00 manat aliment borcunu Təqsirləndirilən şəxs ödəməkdən yayınmış, Təqsirləndirilən şəxs yaşadığı ünvana borcunun ödənilməsi ilə əlaqədar xəbərdarlıq ünvanlanlansa da, tələb yenə icra olunmamışdır. Əlavə olaraq Təqsirləndirilən şəxs fərdi əmək fəaliyyəti ilə yəni mebel ustası kimi fəaliyyət göstərdiyini, maddi vəziyyətinin yaxşı olmasına baxmayarq aliment ödənişindən yayındığını bildirmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona 2400 manat ödəniş etmişdir. Məhkəmədən Təqsirləndirilən şəxs barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, "xxxx" MMC-nin yanında yerləşən özünə məxsus mebel sexini işlədir, Təqsirləndirilən şəxs doğma əmisi oğludur, hal hazırda Təqsirləndirilən şəxs ona məxsus mebel sexində usta işləyərək 600–800 manat əməkhaqqı alır. xx.xx.2024cü il tarixində Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən tutulandan sonra ona zəng edərək bildirmişdir ki, uzun müddət aliment ödəmədiyi üçün barəsində cinayət işi başlanılmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Binəqədi rayon icra şöbəsinin icra məmuru Şahid2 ifadəsində göstərmişdir ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-4108/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh Təqsirləndirilən şəxs iddiaçı Zərərçəkmiş şəxs xeyrinə xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 175,00 manat olmaqla, cəmi 350,00 manat miqdarında aliment tutulmalıdır. Alimentin tutulmasının əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmalıdır. İcra vərəqəsi 02.022022-ci il tarixində Abşeron rayon icra və probasiya şöbəsindən ərazi aidiyyatı üzrə Binəqədi rayon icra şöbəsinə daxil olmuşdur və həmin tarixdə də tələbin könüllü icrasına dair bildiriş cavabdeh Təqsirləndirilən şəxs ünvanına göndərilmişdir. Borclu Təqsirləndirilən şəxs qərar və bildirişi qəbuk etsə də, icra sənədinin icrasını təmin etməmişdir. İcra sənədinin icrasının təminin etmək məqsədi ilə cavabdehin əmlak vəziyyəti yoxlanılmış. Lakin borclunun adında tələbin yönəldilə biləcəyi hər hansı bir daşınar-daşınmaz əmlakı və bank hesabları aşkar olunmamışdır. Borcun məcburi icrası üçün görülən tədbirlər də nəticə verməmişdir. Borcun ödənilməsi məqsədilə cavabdeh Təqsirləndirilən şəxs dəfələrlə şifahi və yazılı müraciət olunsada, lakin o alimenti ödəməkdən yayınmışdır. Bununla bağlı Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixində icra şöbəsinə dəvət olunmuş, onun izahatı alınmış və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən inzibati protokol tərtib edilərək Binəqədi Rayon Məhkəməsinə aparılmışdır. Binəqədi Rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs 3(001)-2296/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarla inzibati qaydada 500 (beş yüz) manat cərimə olunmuşdur. İnzibati tənbehdən sonra aliment tələbinin ödənilməsi ilə bağlı borclu Təqsirləndirilən şəxs məsuliyyəti elan olunmaqla ona bir daha xəbərdarlıq edilmişdir. Tələb yenə icra olunmamışdır. Bununla bağlı Təqsirləndirilən şəxs ilə bağlı Binəqədi rayon icra şöbəsinə dəvət edilsə də, o, şöbəyə gəlməkdən qərəzli olaraq yayınmışdır .Bu səbəbdən Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixdə axtarış qərarı qəbul edilərək Gədəbəy rayon polis şöbəsinə göndərilmişdir. xx.xx.2023-cü il tarixində cavabdeh Təqsirləndirilən şəxs Binəqədi rayon icra şöbəsinə gəlməsi təmin olunmuş, həmin tarixdə də Təqsirləndirilən şəxs izahatı alınmış və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən inzibati protokol tərtib edilərək Binəqədi Rayon Məhkəməsinə aparılmışdır. Binəqədi Rayon Məhkəməsinin 3(001)-2203/2023 saylı, xx.xx.2023-cü tarixli qərarı ilə Təqsirləndirilən şəxs 8 (səkkiz) gün müddətində inzibati qaydada həbs olunmuşdur. xx.xx.2023-cü il tarixində yaranmış aliment borcunun və aylıq aliment pulunun ödənilməsi ilə bağlı cavabdeh Təqsirləndirilən şəxs rəsmi xəbərdarlıq verilmişdir. Cavabdeh Təqsirləndirilən şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudulaşdılması üçün xx.xx.2023-cü il tarixində Binəqədi Rayon Məhkəməsinə təqdimatla müraciət olunmuşdur. Binəqədi Rayon Məhkəməsinin 8(001)-568/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən cavabdehin ölkədən getmək hüququ məhdudulaşdırılmışdır. Materiallardan göründüyü kimi borclu Abşeron Rayon Məhkəməsinin 2(012)-4108/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsini, ona inzibati tənbeh tətbiq olunmasına və məsuliyyəti elan olunmaqla rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq icra etməməkdə davam etməklə həmdə faktiki imkanlarından istifadə etməmiş, əməlində qərəzlilik müşahidə olunmuşdur. Əlavə olaraq alimentin hesablanma tarixi qətnamə qanuni qüvvəyə mindiyi gündən yəni xx.xx.2021-ci il tarixindən nəzərdə tutulmuşdur. Tələbkarın Binəqədi rayon icra şöbəsinə ünvanlandığı ərizəsindən və bank çıxarışlarından müəyyən olunmuşdur ki, cavabdeh Təqsirləndirilən şəxs hal-hazırda tələbkara 8055,00 (səkkiz min əlli beş) manat aliment borcu var. İcraat zamanı Təqsirləndirilən şəxsа dəfələrlə xəbərdarlıq edilməsinə, inzibati məsuliyyətə cəlb olunmasına, onunla profilaktik söhbətlər aparılmasına baxmayaraq qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasını təmin etməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Binəqədi rayon icra şöbəsinin icra məmuru Şahid3 eyni məzmunlu ifadə verərək, Şahid2 göstərdikləri xüsusatları tam təsdiq edərək ifadəsində Təqsirləndirilən şəxs tərəfindən məhkəmə qətnaməsini qərəzli icra etməməsini bir daha göstərmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə başlanmışdır. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, lakin o istintaqdan gizləndiyi üçün barəsində axtarış elan olunaraq cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsi ilə dayandırmışdır. Qasımov X7 RPŞ-nin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə saat 20:00 dəqiqədə tutularaq Yasamal RPŞ-nin MSY-nə təqdim edilmiş, iş üzrə icraat xx.xx.2024-cü il tarixdə təzələnərək icraata qəbul edilmiş və həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmiş, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-4108/2021 saylı qanuni qüvvəyə minmiş qətnaməsi Təqsirləndirilən şəxs tərəfindən qərəzli olaraq icra olunmadığı üçün Binəqədi rayon icra şöbəsinin icra məmuru təqdimat ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ölkədən getmək hüququnun müvəqqəti olaraq məhdudlaşdırılması barədə qərar qəbul edilməsini xahiş etmiş və Binəqədi Rayon Məhkəməsinin 8(001)- 568/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə təqdimat təmin olunmuşdur. İstintaq zamanı Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, 12/2-157123 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvəllər məhkum olunmamışdır. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxs Qərənfil Quliyevaya 2000 manat məbləğində pul vəsaiti ödənilmişdir. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxs Qərənfil Quliyevaya 400 manat məbləğində pul vəsaiti ödənilmişdir. Cinayət işində olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Məşğulluq Agentliyinin Bakı X6 Filialının məktubundan görünür ki, Təqsirləndirilən şəxs Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” altsistemində işaxtaran və ya işsiz kimi qeydiyyatı mövcud deyildir. Azərbaycan Rеspublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8 nömrəli qərarının 8.2-ci bəndində qeyd edilmişdir ki, aliment ödəyən əmək qabiliyyətli valideyinin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağın saxlamaq, qanunvericilikdə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Cinayət işində olan xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan, eyni zamanda Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(001)-2203/2023 saylı qərarından və digər sənədlərdən görünür ki, Qasımov X8 Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)- 4108/2021 saylı qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsinə, şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə tövsif edilmişdir. Bununla da, təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə istintaq zamanı müəyyən olunmuşdur ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs fərdi əməklə məşğul olaraq, yəni mebel ustası işləyərək aylıq 600-800 manat qazanc əldə etdiyi halda, icra tələbini tam şəkildə ödəməyə maddi imkanının olmasına, habelə ona məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin icrası üçün dəfələrlə bildiriş və xəbərdarlıqlar göndərilməsinə, qətnaməni icra etmədiyi üçün ölkədən getmə hüququnun məhdudlaşdırılmasına baxmayaraq, qərəzli olaraq məhkəmə qətnaməsini icra etməmiş və cinayət işi üzrə zərərçəkmiş şəxs Quliyeva (Qasımova) Qərənfil Qahir qızına məhkəmə qətnaməsi üzrə alimentə görə borclu olduğu 8055,00 manat məbləğində borcdan 2400,00 manat hissəsini məhkəmə istintaqı zamanı ödəmişdir. Törədilmiş cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır cinayət olmaqla, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətməni nəzərdə tutulur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Həmin Qanunun 82.3-cü maddəsinə əsasən icra sənədi qərəzli olaraq icra edilmədikdə, icra məmuru məhkəmə qərarını icra etməyə borclu olan şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana (bu Qanunun 84-2.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla), icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” 2 oktyabr 2012-ci il tarixli Qərarı ilə müəyyən etmişdir ki, “CM-in 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktını icra etməməsinə görə İXM-in 313-1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən həmin icra sənədinin yenidən qərəzli olaraq icra edilmədiyi hallarda yaranır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun CM-in 306.1-ci maddəsinin şərh edilməsinə dair 02 oktyabr 2012-ci il tarixli qərarına əsasən Cinayət Məcəlləsinin 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci (yeni redaksiyada İXM-in 528.1) maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra yaranır. Lakin şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci (yeni redaksiyada İXM-in 528.1) maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmiş olması qeyd-şərtsiz olaraq onun Cinayət Məcəlləsinin 306-cı maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə səbəb ola bilməz. Məhkəmə qərarını icra etməyən şəxsin bunu qərəzli olaraq edib-etməməsi və ya məhkəmə aktlarının icrasına maneçilik törətməsi həmin şəxs inzibati məsuliyyətə cəlb edildikdən sonra aydınlaşdırılmalıdır və yalnız bu əlamət mövcud olduqda cinayət təqibi başlana bilər. Məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda CM-in 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Həmin qərarda qeyd edilmişdir ki, məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Eyni zamanda, tələbin yönəldilməsi mümkün olan əmlakın və pul vəsaitinin gizlədilməsi, icradan yayınmaq məqsədilə əmlakın özgəninkiləşdirilməsi və borcun tam ödənilməsi imkanı olduğu halda kiçik məbləğin ödənilməsi ilə məhkəmə qərarının icrasından yayınma məhkəmə aktlarının qərəzli icra edilməməsi kimi qiymətləndirilməlidir. Məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda CM-in 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: -məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; -borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; -borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; -borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; -borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Belə hərəkətlər nəticəsində borclu icra sənədini qərəzli olaraq icra etmədikdə, icra məmuru həmin şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana, icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verməlidir (“İcra haqqında” Qanunun 82.3-cü maddəsi). Bununla yanaşı nəzərə alınmalıdır ki, CM-in 306.1-ci maddəsində müəyyən edilmiş “qərəzli” müddəası qiymətləndirici (tövsifedici) əlamət olduğundan ibtidai istintaq aparan orqan və ya məhkəmə yalnız konkret işin hallarına uyğun olaraq bu əlamətin mövcud olub-olmamasını müəyyən etməlidir.». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair» 18 dekabr 2014cü il qərarında göstərilmişdir ki, inzibati tənbeh təkcə inzibati hüquq pozuntusu ilə deyil, həm də cinayətlə mübarizədə hüquqi vasitə hesab edilir. Belə ki, inzibati pozuntu törətmiş və buna görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs təkrarən eyni pozuntunu törətməsi halında cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə xəbərdar edilir. İnzibati məsuliyyətə cəlb edilmənin nəticəsiz qalması, bu inzibati tənbehin tərbiyəedici, xəbərdaredici təsir göstərmədiyini sübut edir. Belə olan halda, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilir. İnzibati tənbehin icrası zamanı və qanunla nəzərdə tutulmuş icradan sonrakı müddət şəxsin inzibati məsuliyyətə cəlb olunmuş hesab edildiyi müddətdir. Bu müddət ərzində şəxsin yeni inzibati xəta törətməsi faktı onun üçün hüquqi xarakterli mənfi nəticələr (inzibati məsuliyyəti ağırlaşdıran hal və daha ciddi inzibati tənbehin tətbiqi üçün tövsifedici əlamət) yarada bilər. İnzibati tənbehin ödənilməsi müddəti sınaq müddəti hesab edilir və bu müddətdə məsuliyyətə cəlb olunmuş şəxs özünün islah olunmasını sübut etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Cəza təyin edilərkən ədalət və humanizm prinsiplərinə əməl edilməli olduğundan, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamı və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarındakı tövsiyyələr nəzərə alınmalıdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli qeyd edilən Sərəncamının 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ilk dəfə cinayət törətməsini, törətdiyi əməli etiraf etməsini, məhkəmə iclası zamanı aliment borcunun müəyyən bir hissəsini ödəməsini təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini nəzərə alaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunmasını mümkün hesab edir. Hazırkı cinayətə görə cəzanın həddini müəyyən edərkən aşağıdakılar nəzərə alınır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir. CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, CM-nin 59.2-ci maddəsinə əsasən ilk dəfə cinayət törətməsini, törətdiyi cinayət əməlini etiraf etməsini, məhkəmə istintaqı zamanı aliment borcunu qismən ödəməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il saat 20:00 dəqiqədən xx.xx.2024-cü il barəsində başqa yerə getməmnək haqqında iltizam qətimkan tədbiri seçilərək MSY-dən azad edilənədək tutulduğu 2 gün müddətin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Beləliklə məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona azadlığın məhdudlaşdırılması növündə sanksiya həddində cəza təyin edilməli, Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri olan ünvan 2 ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhəri və Sumqayıt şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 45 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 270 manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə mülki iddia, ekspertiza xərci və maddi sübut yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1 maddəsilə təqsirli bilinsin və ona 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulduğu 02 gün müddətin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 2 ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhəri və Sumqayıt şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Sumqayıt şəhər Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə maddi sübut , mülki iddia, ekspertiza xərci yoxdur. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 45 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 270 (iki yüz yetmiş) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Aygün Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar