Məhkəmə qərarları › İş №1(001)-255/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-255/2024

05.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-255/2024 05.08.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlu Məhkəmə iclasının katibi: X2 Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Qusar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, məhkum olunmamış, işləməyən, Qusar rayonu, Avaran kəndində qeydiyyatda olan, barəsində “həbs” qismində qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ondan ötrü təqsirləndirilir ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən özgənin əmlakını açıq yolla talayıb soyğunçuluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən özgənin əmlakını açıq yolla talamaq məqsədilə tanışı Şahid2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs tərkibində birləşib rolları aralarında bölərək 13 fevral 2023cü il tarixdə saat 21 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, sıra 8 ünvanındakı küçə ilə piyada hərəkətdə olan vətəndaş Zərərçəkmiş şəxs görüb əvvəlcədən aralarında olan razılaşmaya əsasən o, bir qədər aralıda kənar şəxslərin müdaxiləsinin qarşısını almaq məqsədilə pusquda dayanmış, Şahid2 isə Zərərçəkmiş şəxs arxadan yaxınlaşıb sonuncunun əlində saxladığı içərisində 250 manat dəyərində “Samsung A3” markalı mobil telefon, balansında 2 manat pul olan 2 manat dəyərində «Baku Bus» kartı, dəyəri olmayan 3 ədəd bank kartları və şəxsiyyət vəsiqəsi olan 150 manat dəyərində əl çantasını əlindən dartıb ələ keçirərək hadisə yerindən qaçmaqla açıq talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 404 manat məbləğində maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ilkin ifadəsində ona verilmiş ittihamda özünü təqsirli bilmədiyini, ittihamda göstərilən əməli törətmədiyini, zərərçəkmiş şəxsi tanımadığını, Şahid2 etdiyi əməllərdən əvvəlcə xəbərsiz olduğunu, onun etdiyi əməldən sonra xəbərinin olduğunu, ona bank kartı verərək bankomatdan anlayışı olmadığı üçün həmin kartın içində pul olub-olmamasını yoxlamağı xahiş etdiyini, özünü sadəcə həmin kartı ondan alaraq yoxlamaqda günahkar bildiyini, hadisə günü, yəni 13 fevral 2023-cü il tarixdə işdə olduğunu, çantanı kimin götürüb qaçdığını, nə olduğundan xəbərinin olmadığını, özünün aqlay ustası olduğunu, müxtəlif ünvanlarda işlədiyini, 13 fevral 2023-cü il tarixdə axşam saat 20-21 radələrində harada olması, Şahid2lə həmin günü görüşməsini dəqiq xatırlamadığını, Şahid2 bank kartını ona verdiyi tarixi də xatırlamadığını, Xırdalan dairəsində Sadiqlə görüşəndə sadəcə kartı bankomatda yoxlamaq üçün axşam saat 10-11 radələrində ona verdiyini, o da kartı bankomatda yoxladığı üçün kameralara düşdüyündən tutulduğunu, bölmədə çanta oğurlanmasını bildiyini, Sadığın Xırdalan dairəsində olduğunu, özünün Mehdiabad ərazsisindən işdən çıxaraq Xırdalan dairəsində Sadıqla görüşdüyünü bildirmişdir. Daha sonrakı ifadələrində Təqsirləndirilən şəxs çanta götürüləndə həmin ərazidə olduğunu, ora Şahid2lə birlikdə getdiyini, özünün kənarda dayandığını, Sadıq Əmərliyevin çantanı götürüb qaçdığını, əvvəlki məhkəmə iclasında tutulacağından qorxduğu və arxasınca gəlib gedəninin olmadığı üçün hadisədən xəbəri olmadığını bildirdiyini, lakin xəbərinin olduğunu, götürülən çantanın onda qalmadığını, çantanı daha əvvəl atdıqlarını, vəsiqəni və kartları da bankomatda yoxladıqdan sonra atdığını, telefonu isə 2 gün saxladıqdan sonra tutulmaqdan qorxduğu üçün Xırdalan ərazisində tulladığını, hər üçünün bankomatdan yuxarıda dayandıqlarını, Şahid2 qabaqda, onun arxasınca isə özünün getdiyini, Nofəl Ramazanovun onlarla gəlmədiyini, Şahid2 zərərçəkən şəxsdən çantanı götürəndə Nofəl arxada olduğu üçün onu görmədiyini, hadisənin baş verdiyi yerdə Şahid2lə ikisinin olduğunu, Sadığın ondan öndə olduğunu, çantanı götürüb ona tərəf geriyə qaçaraq onun yanından keçdiyini, həmin vaxt onun arxasınca daha bir nəfərin qaçdığını, həmin şəxs ona çatanda qaçan şəxsin çantanı oğurlayıb qaçdığını bildirdiyini, onun da oğrudursa tutun dediyini, həmin şəxsin Sadığın arxasınca qaçmağa davam etdiyini, özünün isə geri Nofəlin yanına qayıtdığını, zərərçəkən şəxsin isə onun üzünü görmədiyini, bu hadisəni törətməyi Sadiq Əmrəliyev həyat yoldaşı xəstə olduğundan və pula ehtiyacı olduğundan təklif etdiyini, Sadığın nə yolla olursa olsun pul tapmalı olduğunu bildirdiyini, zərərçəkən şəxsin çantasını götürəndə Nofəlin orda olmadığını, əvvəlki məhkəmə iclasında qorxduğu və xəstə atasından başqa heç kimi olmadığından hadisə günü həmin yerdə olmadığını dediyini, hadisəni Şahid2 etdiyini, özünün ona heç bir köməklik etmədiyini, sadəcə Şahid2 yanında olduğunu və kənarda gözlədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ibtidai istintaq dövründə verdiyi ifadəsi təxmini yadındadır. Hadisə fevral ayında axşam saat 21 radələrində baş vermişdir. O, 3-cü mikrorayon dairəsində yerləşən «Kontakt Home» mağazasından çıxıb evə gedərkən «Yeganə» şadlıq sarayının yanından məhəllə tərəfə dönmüş, həmin məhəllədə çantasını götürməyə çalışmışlar. Həmin vaxt çantası qolunda olmuş və kimsə çantasını dartmağa başlamışdır. Çantasında şəxsiyyət vəsiqəsi, pul kartları, metro kartı və telefon olmuşdur. Çantasını dartıb, qaçmışlar. Yolda olan şəxslər onun arxasınca da qaçmasına baxmayaraq çantasını götürən şəxsi tuta bilməmişlər. Həmçinin 2 nəfər də onun arxasınca qaçmış, həmin 2 nəfərdən biri bir az uzun boylu, digəri isə ondan bir az balaca boy olmuşdur. O, ancaq çantasını dartanın üzünü görmüşdür. O biri şəxslərin isə üzünü görməmişdir. Çantasını götürən şəxs hazırda Təqsirləndirilən şəxs olmamış, onun çantasını qaçıran şəxs balaca boy və arıq biri olmuşdur. Çantasını qaçıran şəxs barədə polislərə bildirmişdir. Çantasını dartanın arxasınca qaçan 2 nəfər olmuş, həmin vaxt onlar telefonla danışmışlar. Çantasını dartan şəxs telefonla danışaraq onun arxasınca gəlmişdir. Həmin vaxt məhəllə qaranlıq olmuşdur. Ondan irəlidə isə 2 nəfər dayanmış, həmin iki nəfərdən biri ortaboy, digəri isə ondan hündür şəxs olmuşdur. Arxadan gələn şəxs onun çantasını dartıb qaçandan sonra, irəlidəki şəxslər də onun arxasınca qaçmağa başlamışlar. Həmin 2 şəxs məhəllənin qabaq hissəsində olmuş, arxasından gələn isə məhəllənin giriş hissəsində olmuşdur. Arxasınca gələn şəxslə onun arasında 1 metr məsafə olmuşdur. Çantasını götürüb qaçanda, qabaqda olan 2 şəxs də güya onun arxasınca qaçmağa və tutmağa çalışmışlar. Məhəllədə olan yaşlı insanlar da onun arxasınca qaçmışlar. Daha sonra zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, çantasını dartıb qaçan şəxsi üzdən tanımış, həmin şəxsi polis əməkdaşlarına göstərmişdir. Polis bölməsində çantasını dartıb qaçan şəxsi digər şəxslərlə birlikdə ona tanınmaya təqdim etmişlər və o da çantasını dartıb qaçan şəxsi polislərə göstərmişdir. Hadisə nəticəsində ona 404 manat ziyan dəymişdir. Çantasını aparan şəxsin valideyni tərəfindən ödənilmiş 200 manat pul vəsaitini də ona polis əməkdaşları təqdim etmişdir. Hal-hazırda şikayətçidir. İrəlidə dayanmış iki nəfər qaçan şəxsin üzlərini qaranlıq olduğu üçün görə bilməmiş, ancaq onların başında papaq olmasını xatırlayır. Təqsirləndirilən şəxs üzünü görmədiyi üçün onun orda olması ilə bağlı heç nə deyə bilmir. İbtidai istintaq zamanı verdiyi ifadəsini oxumadan imzalamışdır. Hadisə zamanı yalnız bir nəfərin üzünü görmüşdür. İstintaqda verdiyi ifadəsi elan olunduqdan sonra verilmiş suallara cavab olaraq zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, 2 nəfər lap qabaqda dayanmış, 1 nəfər isə onun çantasını aparmışdır. Məhəllə adamları bir az yaşlı adamlar olmuşdur. O, həmin vaxtı qışqırdığı üçün səs-küyə çıxmışlar. O yalnız çantasını dartıb qaçan şəxsin üzünü görmüş, digər şəxslərin üzünü isə görməmişdir. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs istintaqda verdiyi ifadəsində qeyd edilmiş «Mənim çantamı alıb qaçan şəxsin ipək, uzun saçları var idi, üzü tüklü idi. Hər ikisinin təxminən 20-25 yaşları olardı və hər ikisi qarayanız idilər. Mobil telefonla danışan şəxsin boyu o birindən bir az hündür idi. Hər ikisinin sifəti yadımdadır, üçüncü şəxsin də yəni onların dalınca qaçan şəxsin də sifəti yadımdadır.” “ Çantanızı aparan və onun yanındakı şəxsi, eləcə də onların dalınca qaçan şəxsi görsəniz tanıyarsınızmı ?”- Bəli, onların hər üçünü görən kimi dərhal tanıyaram, mənə yaxın məsafədə olmuşdur.” məzmunda ifadələr vermədiyini qeyd etmiş, ifadəsinin altında olan imzanın ona məxsus olduğunu bildirmişdir. Bu ziddiyyətlə bağlı verilmiş suallara cavab olaraq qeyd etmişdir ki, o, ifadə verərkən orada olmamış, hadisədən bir neçə ay keçdikdən sonra o istintaqa çağırılaraq hazır vərəqləri imzalamaq üçün ona vermişlər. O, da oxumamış imzalamışdır. Hadisə fevral ayında olmuş, hadisədən bir neçə ay keçdikdən sonra onu istintaqa çağırmışlar. İfadəsini polis əməkdaşlarına şifahi olaraq danışdığını qeyd edərək şikayət ərizəsinin 1 aydan çox polis bölməsində qaldığını qeyd etmişdir. Çantasını dartıb qaçan şəxslə irəlidə dayanan iki nəfər şəxsin əlbir olduqlarını, həmçinin onların telefonla danışdıqlarını, çantanı dartıb qaçanın arxasınca da irəlidəki iki nəfərin eyni istiqamətdə qaçdığını qeyd etmişdir. İbtidai istintaq zamanı ona foto cədvəl göstərilməsini xatırlamadığını, ona canlı şəxslər təqdim edildiyini bildirmişdir. Çantasını dartan şəxsi polis əməkdaşlarına göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, zərərçəkmiş şəxsin çantasını götürüb qaçdığını etiraf etmişdir. Çantanın içində olan kartları da gətirib Mətləbə vermişdir. Onun barəsində bu cinayətə görə 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Daha sonra suallara cavab olaraq Şahid2 bildirmişdir ki, onlar biryerdə işdən çıxaraq ilk öncə “20 Yanvar” metrostansiyasına, daha sonra “Memar Əcəmi” metrostansiyasına gəlmişlər. Orada da bu hadisəni törətmişlər. Aralarında olan razılığa əsasən zərərçəkən şəxsin çantasını o götürmüşdür. Nofəl bankomatın qabağında gözləmiş, Mətləblə isə bir az getdikdən sonra ondan aralanmış və zərərçəkmişə yaxınlaşaraq çantasını dartıb qaçmışdır. Mətləb ondan 100 metr aralıda olmuş, o çantanı götürəndən sonra qaçmağa başladıqdan sonra Nofəllə Mətləb onu tapmışlar. Nofəlin gəlməməyini onlar istəməmiş, çünki onun boyu uzun olmuş və palto geyinmişdir. Onlar Nofələ gözləməyini deyərək qızın arxasınca o, Mətləblə birlikdə getmişlər. O, daha sonra Mətləbdən aralaşıb, qıza yaxınlaşıb, çantasını götürüb zərərçəkmiş şəxsin arxası istiqamətdə qaçmışdır. Mətləb ondan arxada olmuş, o, Mətləb tərəfə deyil, başqa məhəlləyə tərəf dönüb qaçmış, qaçarkən Mətləbi ötüb keçmişdir. Zərərçəkən arxasınca gəlməmiş, arxasınca başqa bir şəxs gəlmiş, lakin o da, onu tapa bilməmişdir. Təxminən 600-700 metr qaçdıqdan sonra bir avtomobilin arxasında gizlənmiş, daha sonra Mətləb və Nofəl gəlmişlər. O, kartları Mətləbə vermişdir. Hadisə yerindən aralı yerdə görüşmüşlər. Çantadan bank kartları, pul və şəxsiyyət vəsiqəsi çıxmış, çantada pul olmamışdır. Daha sonra birlikdə taksi ilə Xırdalan ərazisinə kartları yoxlamaq üçün getmişlər. Mətləb və Nofəl kartları yoxlamışlar. Kartlardan pul çıxara bilməyib hərə öz evinə getmişdir Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 Bayramalı oğlu ifadəsində göstərmişdir ki, ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edir. 2023-cü il fevral ayının 13-ü bazarda iş tapıb işləməyə başlamışlar. Sadıq və Mətləb orada özləri üçün məsləhətləşmişlər ki, axşam gedib bankomatın qabağında duraraq orada pul çıxardanların birindən pulunu götürüb qaçsınlar. Həmin vaxtlarda Sadıqın yoldaşı xəstə olduğu üçün onlarda qalmışdır. Daha sonra üçü birlikdə gedib, bankomatın qabağında durmuşlar. Lakin nə qədər gözləsələr də gəlib pul çıxaran olmadığı üçün o, aralaşıb bir az yuxarıya doğru qalxmışdır. Sadıq və Mətləb isə orada qalmışlar. Daha sonra bir xeyli müddət onları tapa bilməmiş, bir müddət sonra Mətləb qaça-qaça gəlmişdir. Mətləbdən Sadıqın harda olmasını soruşmuş, Mətləb ona Sadıqın bir qadının çantasını götürüb qaçdığını bildirmişdir. Daha sonra Mətləblə birlikdə onu axtarmağa başlamışlar. Sadıqı tapdıqdan sonra Mətləb ondan çantadan nə çıxmasını soruşmuş, Sadıq da bildirmişdir ki, çantadan 10 qəpik, kartlar və bir də telefon var. 5-6 ədəd kart olmuş və Redmi markalı telefon olmuşdur. Sadıq hamısını Mətləbə vermiş, daha sonra onlar oradan birlikdə Xırdalana getmişlər. Həmin ərazidə bankomata yaxınlaşıb, kartdan pul çıxarmağa cəhd etmişlər, lakin kartlardan pul çıxara bilməmişlər. Daha sonra isə qayıdıb evə getmişlər. Telefon Mətləbdə qalmışdır. İlk əvvəl çanta oğurlamaq söhbəti olmamış, bankomatdan pul çıxardanların pulunu götürmək təklif olunmuş, bunu da Sadıqla Mətləb təklif etmiş, pulu götürüb qaçmağı da Sadıq öz üzərinə götürmüşdür. O, əvvəldən Sadıq və Mətləblə razılaşmamışdır. O, qıraqda dayanmış, Mətləb gələrək Sadıqın bir nəfər qadının çantasını götürüb qaçdığını demişdir. Bir nəfər də Sadıqın dalınca qaçdığını görmüş, Mətləb də həmin qaçan adamı aldadıb, Sadıqın oradan tam uzaqlaşmasına kömək etmişdir. Daha sonra yarım saatdan sonra Sadıq gəlmiş və onlar görüşdmüşlər. Daha sonra suallara cavab olaraq pul əldə çanta qaçırmaq söhbətində orada olmadığını, zərərçəkmiş şəxsi ümumiyyətlə görmədiyini bildirmişdir. İlk olaraq bu təklifi kimi etdiyini dəqiq bilmədiyini, Sadıqla Mətləbin öz aralarında söhbət etdiyini bildirmişdir. Daha sonra Sadıq bildirmişdir ki, bu təklifi Mətləb vermişdir. O, da onlarla bankomatdan yuxarıda gedib gözləmişdir. Sadıqın yoldaşı xəstə olduğu üçün pula ehtiyacı olduğunu və nə yolla olur olsun pul tapmalı olduğunu bildirmişdir. Onun isə belə bir niyyəti olmamışdır. Xırdalan ərazisinə bir yerdə getmişlər, çanta isə Mətləbdə qalmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, fakta görə AR CM-nin 180.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmışdır. xx.xx.2023-cü il tarixli “Zərərçəkmiş şəxs kimi tanınma haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* saylı cinayət işi üzrə zərər çəkmiş şəxs qismində tanınmışdır. xx.xx.2023-cü il tarixli “Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, ********* saylı cinayət işi üzrə əməl AR CM-nin 180.1-ci maddəsindən həmin Məcəllənin 180.2.1-ci maddəsinə tövsif edilmişdir. xx.xx.2023-cü il tarixli “Cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, ********* saylı cinayət işindən AR CM-nin 180.2.1-ci maddəsi ilə ayrıca ********* nömrəli cinayət işi ayrılaraq icraata qəbil edilmişdir. xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında” qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci və 326.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi haqqında” qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. xx.xx.2023-cü il tarixli “Axtarışda olan şəxsin tutulması barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saxlanılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(001)-1229/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 26 dekabr 2023-cü il tarixindən hesablanmaqla 2 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyininin Baş X1 İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli tələbnamələrdən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməsi barədə hər hansı məlumat yoxdur. xx.xx.2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci və 326.2-ci maddələrindən həmin Məcəllənin 180.2.1-ci maddəsinə tövsif edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 326.2-ci maddəsi Təqsirləndirilən şəxs elan edilmiş ittihamdan xaric edilmişdir. Zərər çəkmiş şəxsə dəymiş maddi ziyan Zərərçəkmiş şəxs ifadədə göstərdiyi məbləğlə müəyyən edilmişdir. Cinayət işi üzrə zərər çəkmiş şəxsin, təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, protokollar və digər əhəmiyyət kəsb edən sənədlər sübut növü hesab edilmişdir. xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında” qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə yenidən ittiham elan edilmişdir. xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ona verilmiş suallara cavab olaraq fiadəsində 2023-cü ilin fevralın 11-də bibisi oğlu Sadıq ona zəng vuraraq görüşmək istədiyini bildirdiyini, həmin vaxt o, Xırdalan şəhərində kirayədə qaldığını, Sadıq həbsdən çıxandan sonra onu görməmdiyini, Sadıq onu Mehdiabad qəsəbəsinə çağırdığını, orada o, Sadıq və Nofəl oturub çay içərək söhbətləşdiklərini, üçünün də iş axtardıqlarını, sonra hər üçü “Atyalı” qəsəbəsində fərdi evdə bir gün fəhlə işləyərək hərəsinə 15 manat pul aldıqlarını, xx.xx.2023-cü il tarixdə axşamüstü üçü bir yerdə “Atyalı” qəsəbəsindən çıxıb metronun 20 Yanvar stansiyasına gəldiklərini, həmin tarixdə saat 19 radələrində 20 Yanvar metrostansiyasının yaxınlığında olarkən kirayə pulunu verə bilmədiyini, bankomatların yanında durub, kimsə pul çıxarsa pulunu alıb qaçmasını bildirdiyini, Sadıqın ilk olaraq razılaşmasa da sonradan razılaşdığını, onun da evində xəstəsi olduğu üçün pul lazım olduğunu, Nofəl də onlarla razılaşaraq, onun da pula ehtiyacı olduğunu bildirdiyini, üçü də razılaşaraq bankomatdan pul çıxaran şəxsləri güdməyi, pul çıxaran anda pulunu götürüb qaçmağı qərara aldıqlarını, bankomatdan pul çıxaran şəxs əgər pulu cibinə qoyarsa yaxınlaşmaycaqlarını, üçünün də razılaşaraq piyada 20 Yanvar stansiyasından Memar Əcəmi stansiyası istiqamətinə, ordanda 3-cü mkr dairəsinə tərəf getdiklərini, orada bankomatdan pul çıxaran şəxsin olmadığını, bu zaman yanlarından bahalı geyimli, əlində çanta olan bir nəfər qızın keçdiyini, onun çantası uzun olduğundan qız çantanı sallaya sallaya getdiyini, gözlərinin çantaya düşdüyünü və üçü də qızın dalınca düşdüklərini, çantanı qızın əlindən alıb qaçmağı qərarlaşdıqlarını, Nofəl uzun palto geyindiyindən həm də bədəncə çox cüssəli olduğundan ona qızın onu görüb şübhələnərək qorxub qaçacacağını deyərək onları bankomatın yanında gözləməsini dediklərini, Nofəl onlarla getmək istəsə də qoymadıqlarını, gözləməsini bildirdiklərini, özünün Sadıqla qızın arxasınca getdiyini, qız dalana girəndə Sadıqla qızın dalınca getməyi razılaşdıqlarını, razılaşmaya əsasən özü kənarda pusquda dayanacağnı, Sadıqın isə qızın çantasını oğurlayıb qaçacağını, belə ki, özünün ətrafda dayanacağını, Sadıq çantanı götürüb qaçanda maneçilik göstərən kənar şəxs gələrsə o, həmin şəxsin başını qataraq Sadıqın rahat qaça bilməsinə şərait yaradacağını, Sadıqın qıza arxadan yaxınlaşaraq qızın çantasını dartdığını, qız çantanın tutacağından yapışaraq başını arxaya çevirəndə Sadıq çantanı bərkdən dartdığı üçün çanta qızın əlindən çıxdığını, Sadıq qaçmağa başlayanda qız kömək üçün qışqırmağa başladığını, bu zaman oradan keçən bir nəfər şəxs qızın qışqırmağını görərək Sadıqın arxasınca qaçanda o da onların arxasınca qaçdığını və heç nədən xəbəri olmayan şəxs kimi Sadıqın dalınca qaçan şəxsdən nə oluduğunu soruşduğunu, həmin şəxsin qızın çantasını oğurlayan şəxsin dalınca qaçdığını bildirdiyini, onun başını söhbətə qarışdığından Sadıqın isə artıq digər dalana girib qaçaraq gözdən itdiyini, təxminən yarım saatdan sonra Nofəlin onları gözlədiyi yerə gəldiyini, Sadıqla Nofəl orada olduqlarını, Sadıq qızın əlindən oğurladığı çantanın içindən mobil telefon, şəxsiyyət vəsiqəsi, müxtəlif kartlar çıxdığını bildirdiyini, o da kartların işində pul olub-olmamasını yoxlamağı dediyini, Sadıqın çantadan çıxan həmin əşyaların hamsını ona verdiyini, o da dərhal telefon kartını qırıb tulladığını və telefonu cibinə qoyduğunu, taksiyə Xırdalan şəhərinə gəldiklərini, özünün həmin kartları Xırdalan şəhərində bankomata salıb qızın şəxsiyyət vəsiqəsinə baxıb yoxladığını, kartlarda pul olmadığını və kartlar bloklandığını, daha sonra kartların hamsını özü ilə götürdüyünü, qızın şəxsiyyət vəsiqəsini də elə ordaca qırıb tulladığını, özünün Xırdalanda qaldığını, Sadıq və Nofəlin ordan marşrut avtobusuna minərək hər ikisinin Mehdiabad qəsəbəsindəki kirayə qaldıqları evə getdiklərini, mobil telefonu işlətmək istəsə də koda qoyulduğundan işlədə bilmədiyini, mobil telefonu və bank kartlarını həmin gün gecə Xırdalanda yolun kənarındakı xatırlamadığı dəmir zibil qutusuna tulladığını bildirərək, “ifadəm sözlərimlə düzgün yazılıb, əlavəm yoxdur, imzamla təsdiq edirəm” qeydi edərək imzalamışdır. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(001)-82/2024 saylı hökmündən görünür ki, Şahid2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 326.2-ci maddəsində nəzərdə tutulan cinayət tərkibinin olmaması əsası ilə ona həmin maddə ilə bəraət verilmişdir. Həmin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilir ki, məhkəmə iclasında ifadə verən təqsirləndirilən şəxs Şahid2 və Şahid1 öz ifadələrində Təqsirləndirilən şəxs Şahid2 dayısı oğlu olduğunu vurğulamışlar. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini etiraf etməməsinə və soyğunçuluq cinayətində iştirak etməməsi barədə ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi özünü müdafiə xarakteri daşıyır. İlk növbədə vurğulanmalıdır ki, təqsirləndirilən və zərərçəkmiş şəxsin, habelə şahidlərin ifadələri sübut növləri kimi qiymətləndirilir və nəzərə alınır. Məhkəmə də hazırki işdə verilmiş ifadələri hər tərəfli şəkildə, müqayisəli yolla təhlil güzgəcindən keçirir və belə qənaətə gəlir ki, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini əsaslı şübhədən kənar sübut kimi qiymətləndirmək olar. Belə ki, təqsirləndirilən şəxs məhkəmə iclasında sadəcə olaraq Şahid2 yanında olduğunu, ona hər hansı kömək etmədiyini bildirmiş, Şahid2 isə ifadəsində təqsirləndirilən şəxsin ifadəsini təkzib etmiş və əməlin əvvəlcədən düşünülmüş planla törədildiyini bildirmişdir. Şahid2 ifadəsində bildirdiyi əməlin törədilməsi üçün təhrikedici niyyətləri və əvvəlcədən qurduqları planın detalları ilə icra etdikləri əməlin nəticəsi üst-üstə düşür. Bu baxımdan məhkəmə Şahid2 ifadəsini inandırıcı və ağlabatan hesab edir. Çünki, hər ikisinin maddi vəziyyətinin yaxşı olmadığı və pul vəsaitinə ehtiyacları olduğu mübahisələndirilməyən haldır. Göründüyü kimi onların hər ikisinin soyğunçuluq etməyə yönəldən ortaq səbəbləri olmuşdur. Məhkəmə həm də sonuncunun ifadəsinə ona görə inanır ki, Şahid2 ifadəsi xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokolda olan ifadəsi, habelə zərərçəkmiş şəxsin və digər şahidin ifadələri ilə dəstəklənir. Bir nüansda diqqətdə saxlanılmalıdır ki, təqsirləndirilən şəxs yalan ifadə verməyə görə məsuliyyət daşımır, lakin şahidlər bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət daşıyırlar. Bundan əlavə xüsusi bir məqamda vurğulanmalıdır ki, təqsirləndirilən şəxs hazırda hər nə qədər törətdiyi əməli inkar etsə də, Şahid2 Mətləb Əziovla əlbir olduğunu bildirməsi, başqa sözlə qəsdən Təqsirləndirilən şəxs törətdiyi əmələ icraçı kimi cəlb etməklə bağlı yalan ifadələr verməsi üçün əsaslı səbəblər olmalıdır. Məhkəmə araşdırmasında isə bu səbəblərin mövcudluğu özünü biruzə verməmiş, əksinə Sadıqın Mətləbin bibisi oğlu olduğu, onların arasında hər hansı ədavət (düşmənçilik hissi, kin, küdurət, qərəz, birbirilərinə qarşı qəzəb hissləri) olmadığı, hətta əməlin törədilməsindən bir neçə gün əvvəl Sadıqın Mətləbə zəng vuraraq görüşdükləri, habelə eyni yerdə fəhlə kimi işlədikləri məhkəməyə bəyan olmuşdur. Bütün bunlar onu deməyə əsas verir ki, Sadıqla Mətləb həqiqətəndə əlbir olmuşlar. Eyni zamanda o da qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs Sadıq Əmərliyevə kömək etmədiyində israr etsə də, lakin onun Sadıqla birlikdə zərərçəkmişin arxasınca getdiyini və kənarda gözlədiyini (pusquda durduğunu), Sadıqın arxasınca qaçanın fikrini yayındırdığını, çantadan çıxan vəsiqə və kartları yoxladıqdan sonra atdıqlarını, ən əsası telefonu şəxsi istifadə üçün özündə 2 gün saxladıqdan (talanmış əmlakı aparmaq və saxlamaq) sonra atdığını bildirərək, Sadıqa kömək etdiyini dolayı yolla etiraf etmişdir. Mətləbin bu hərəkətləri cinayətin törədilməsində Sadıqa bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlərdir ki, məhz bu hərəkətlər onun cinayətin törədilməsində Sadıqla birgə icraçı edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsinə görə soyğunçuluq, yəni özgənin əmlakını açıq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Göründüyü kimi, təqsirləndirilən şəxsin törətdiyi əməl təqsirləndirildiyi maddənin dispozisiyasına tamamilə uyğundur. Yəni daha sadə formada desək, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olduğu Sadıqla zərərçəkmiş şəxsin əmlakını açıq şəkildə, onun iradəsinə zidd olaraq talamışdır. Mətləbi Əzizovun əməli həm də bu maddənin tövsifinə ona görə uyğundur ki, həmin cinayətin xarakteristik əlamətləri məhz təqsirləndirilən şəxsin planlı şəkildə törətdiyi əməllə uzlaşır. Belə ki, əvvəlcədən açıq şəkildə talamanı planlama, bunun üçün havanın qaralmasını gözləmək (talamanı həyata keçirən şəxs(lər)in tanınmasının çətin olmasına şərait yaradan hal), ətrafda adamların az olması və ya ümumiyyətlə olmaması (kənar şəxslərin müdaxilələrindən qorunma), zərərçəkmiş şəxs barəsində etdikləri seçim (müqavimət göstərmə gücünün daha zəif olmasına görə qadın cinsinin seçilməsi) və digər bütün hallar bu cinayəti məhz digər mülkiyyət əleyhinə olan cinayətlərdən fərqləndirir və tövsifin düzgün olmasına dəlalət edir. Son olaraq məhkəmə bu qənaətdədir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə tövsif edilmişdir. «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikasi Ali Məhkəməsinin Plenumunun 03 mart 2005-ci il tarixli Qərarında göstərilir ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Qərarda həmçinin qeyd edilir ki, «CM-nin 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar CM-nin 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün CM-nin 32-ci maddəsinə istinad edilməsinə ehtiyac yoxdur. Əlavə olaraq həmin qərarın 3-cü bəndində qeyd edilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-ci maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülüb-görülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqazidd xarakter daşıdığını başa düşürlər. Beləliklə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də, Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxslərin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, CM-nin 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 56.1.2-ci maddəsinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə CM-in 59.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin ilk dəfə cinayət törətməsini, gənc olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə onu da qeyd edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilən zaman CMin 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə CM-nin 180.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın minimum həddinin təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saxlanılmış, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 dekabr 2023-cü il tarixli 4(001)-1229/2023 saylı qərarı ilə onun barəsində həbsetmənin əvvəli 26 dekabr 2023-cü il tarixindən hesablanmaqla 2 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir, həmin məhkəmənin xx.xx.2024-cü il tarixli 4(001)-130/2024 saylı qərarı ilə onun həbsdə saxlama müddəti xx.xx.2024-cü il tarixədək uzadılmışdır. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(001)-255/2024 saylı hazırlıq iclasının qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı 26 dekabr 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyindən barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia və məhkəmə məsrəfi yoxdur, cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında ”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 45 (qırx beş) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 45 (qırx beş ) saat hüquqi yardıma Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 270 (iki yüz yetmiş) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il 3 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı 26 dekabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Maddi sübut qismində tanınmış 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 45 (qırx beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 270 (iki yüz yetmiş) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan edildiyi (Təqsirləndirilən şəxs təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar