Məhkəmə qərarları › İş №1(001)-256/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-256/2024

03.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-256/2024 03.04.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Saat 10.35 Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs, xx xxxxxx 1982-ci il tarixdə Siyəzən rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, halhazırda subay, himayəsində 1 (bir) azyaşlı uşağı olan, işləməyən, Naxçıvan MR Hərbi Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 338.1-ci maddəsi ilə təqsirli bilinərək 07 (yeddi) ay müddətinə sınaq müddəti təyin olunmaqla 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına şərti məhkum edilmiş və məhkumluğu ödənilmiş, Siyazən rayonu,Siyəzən şəhəri, Həzi Aslanov küçəsi, ev 44 ünvanda qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci (təsviri-əsaslandırıcı hissədə CM) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Binəqədi Rayon Məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 04 dekabr 2023-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu ərazisində «Papanin» adlanan yerdə şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən 20 (iyirmi) manat müqabilində satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,297 qram olan qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib daşıyaraq üzərində saxlamış, 04 dekabr 2023-cü il tarixində Binəqədi RPİ-nin 6-cı Polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saat 15:30 radələrində Bakı şəhəri, Binəqədi rayonu, 1 May yaşayış massivində saxlanılaraq Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən Binəqədi Rayon Polis İdarəsinin 6cı Polis bölməsinin inzibati binasına gətirilmiş və orada həmin gün saat 17:00 dəqiqədə üzərində aparılan şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd ağ rəngli kağız bükümdə satış məqsədi olmadan qanunsuz olaraq əldə edib daşımaqla üzərində saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,297 qram olan qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, təxminən yeddi aydır ki, narkotik vasitə və psixotrop maddə istifadəçisidir.Əsasən “kakos” adlandırılan narkotik vasitə heroini buruna ötürmə yolu ilə qəbul edir.Həmin maddələri adətən tanımadığı şəxslərdən müxtəlif qiymətlərə şəxsi istifadəsi üçün əldə etmişdir.Sonuncu dəfə 04 dekabr 2023-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonunda yerləşən «Papanin» adlanan əraziyə getmişdir.Orada tanımadığı, lakin narkotik vasitə satışı ilə məşğul olduğunu bildiyi bir nəfər şəxslə rastlaşmışdır. Ondan bir büküm narkotik vasitə heroin istəmiş, həmin şəxs ona 20 manat qarşılığında bir ədəd ağ rəngli kağız kəsiyinə bükülmüş olan narkotik vasitə heroini satmışdır.O həmin bükümü əynində olan şalvarın sağ yan cibinə qoyub münasib vaxtda istifadə etmək məqsədi ilə saxlamışdır.Lakin bir neçə saat sonra, yəni 04 dekabr 2023-cü il tarixdə saat 15:30-da yaxınlıqda yaşayan qohumunun evinə gedərkən Bakı şəhəri, Binəqədi rayonu, 1 May yaşayış massivində iki nəfər şəxs ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərməklə özlərini polis əməkdaşları kimi təqdim etmiş və onun narkotik vasitə, psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu söyləmişdirlər.Bundan sonra, o, Binəqədi RPİnin 6-cı Polis bölməsinə dəvət edilmişdir. Polis bölməsində ona hüquq və vəzifələri izah olunaraq bölməyə müdafiəçi dəvət olunmuşdur.Bundan sonra üzərində videoçəkilişdən istifadə edilməklə öz razılığı ilə müdafiəçinin iştirakı olmadan axtarış keçirilmişdir.Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olunmuş əşyaları təqdim etmək təklif edilmişdir.Bu təklifdən sonra o əynində olan göy rəngli cins şalvarın sağ yan cibində saxladığı 01 ədəd ağ rəngli kağız kəsiyində olan narkotik vasitə heroini çıxarıb könüllü şəkildə təqdim etmişdir.Həmin bükümün narkotik vasitə olduğunu etiraf etmiş və həmin büküm təhqiqatçı tərəfindən elektron tərəzidə çəkilmiş, qablaşdırma ilə birgə çəkisinin 0,66 qram olduğu görsənmişdir.Bundan sonra üzərində şəxsi axtarış keçirilmiş, lakin başqa hər hansı əşya və ya predmet aşkar edilməmişdir.Bundan sonra təqdim etdiyi büküm müvafiq ekspertizaya göndərilməsi üçün bir ədəd zərfə qoyulmuş və həmin zərf özü də daxil olmaqla iştirakçılar tərəfindən üzərində imzalar çəkilməklə möhürlənmişdir. Sonradan göndərilən məhkəmə-kimyəvi ekspertizanın rəyinə əsasən üzərində aşkar edilmiş narkotik vasitə heorinin təmiz çəkisinin 0,297 qram olduğu müəyyən olunaraq ona elan edilmişdir.O üzərindən aşkar edilmiş narkotik vasitəni özünün şəxsi istifadəsi üçün əldə etmiş, həmin maddədən kiməsə verməmiş və ümumiyyətlə narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. 04 dekabr 2023-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu, Papanin adlanan ərazidə narkotik vasitə heroin əldə etdiyi şəxsin anket məlumatlarını bilmir və həmin şəxs haqqında hansısa məlumatı yoxdur.Habelə həmin şəxsin mobil telefon nömrəsini bilmir və sonuncu ilə heç vaxt telefon əlaqəsi saxlamamışdır. Saxlanılarkən və ya saxlanıldıqdan sonra polis əməkdaşları tərəfindən ona qarşı hər hansı formada fiziki zor və ya təzyiq göstərilməmişdir.Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs təqsirini etiraf etdiyini, əməlindən səmimi peşman olduğunu, himayəsində 1(bir) azyaşlı uşağının olmasını və ailənin yeganə qazanc gətirən şəxs olmasını nəzərə alaraq məhkəmədən ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid1 bildirmişdir ki, o, Binəqədi RPİ-nin 6-cı Polis bölməsinin əməliyyat müvəkkili vəzifəsində çalışır və polis leytenantı rütbəsi daşıyır. xx xxxxxx 1982-ci ildə Siyəzən rayonunda anadan olmuş Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi barədə ona əməliyyat məlumatı daxil olmuşdur.Həmin məlumatla bağlı əməliyyat-axtarış tədbiri keçirilməsi üçün idarə rəhbərliyi tərəfindən müvafiq əmr imzalanmış və 2 nəfərdən ibarət əməliyyat qrupu yaradılmışdır.Əməliyyat qrupunun rəhbəri özü, digər üzvü isə Binəqədi RPİ-nin 6-cı PB-nin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2 olmuşdur. 04 dekabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs hərəkətlərini bir müddət müşahidə etdikdən sonra saat 15:30 radələrində Bakı şəhəri, Binəqədi rayonu, 1 May yaşayış massivində saxlamışdırlar.Xidməti vəsiqələrini göstərərək özlərini ona təqdim etmiş və onu 6-cı polis bölməsinə dəvət etmişdirlər.Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması zərurəti yarandığından, bölməyə Bakı şəhəri, Vəkillər kollegiyasının 11 saylı vəkil bürosundan müdafiəçi dəvət olunmuşdur.Özünün, Binəqədi RPİ-nin 6-cı PB-nin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2 iştirakı ilə Binəqədi RPİ-nin KTQ-nun ekspert-kriminalisti X2 videoçəkiliş aparması ilə Binəqədi RPİ-nin 6-cı PB-in təhqiqatçısı, polis mayoru X6 tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində müdafiəçisinin iştirakı olmadan şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir.X7 şübhəli şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələrini izah etmişdir.Bundan sonra təhqiqatçı şübhəli şəxsə üzərində hər-hansı bir qeyri-qanuni əşya və ya predmet olub olmamasını, əgər varsa könüllü təqdim etməsini təklif etmişdir.Təhqiqatçının bu təklifindən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd ağ rəngli kağıza bükülmüş bükümü çıxarıb masanın üzərinə qoymuşdur.Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi əşyanın “kakos” adlandırılan narkotik vasitə olduğunu, şəxsi istifadəsi üçün Bakı şəhəri, Nəsimi rayonu, Papanin adlanan ərazidə tanımadığı şəxsdən 20 manata şəxsi istifadəsi üçün alıb üzərində saxladığını bildirmişdir.Açıldıqdan sonra içərisində qəhvəyi rəngli, toz şəkilli maddə olduğu görsənən büküm elekron tərəzidə çəkilmiş, qablaşdırma ilə birgə çəkisinin 0,66 qram olduğu müəyyən edilmişdir. Daha sonra şəxsin üzərində tərəfindən axtarış keçirilmiş və üzərində başqa hər hansı əşya və ya predmet aşkarlanmamışdır.Daha sonra X7 şübhəli şəxs tərəfindən təqdim edilmiş bükümü zərfə qoyaraq “175” saylı möhürlə möhürləməklə qablaşdırmışdır.İştirakçıların hər biri zərfin üzərini imzalamış və istintaq hərəkəti protokollaşdırılaraq iştirakçılar tərəfindən imzalanmışdır.Bundan başqa Şahid1 bildirmişdir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə zamanı təqdim etdiyi büküm təhqiqatçı tərəfindən elektron tərəzidə çəkilərkən onun büküldüyü kağız ilə birlikdə kütləsinin elektron tərəzidə 0,66 qram, lakin müvafiq tədqiqat zamanı həmin maddənin təmiz çəkisinin, yəni kağız olmadan çəkisinin 0,297 qram olması iş üzrə ziddiyyətli hal kimi sayıla bilməz. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid2 da Şahid1 göstərdiklərini təsdiq etməklə onunla eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən alınmış 05 dekabr 2023-cü il tarixli, 3-16-16/2-6/6266 nömrəli məhkəmə-kimyəvi ekspertizası rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №175” dairəvi möhür əksi və “...Ş.Ş Ağayev A – imza, təhqiqatçı: T.Osmanov-imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 01 (bir) ədəd bükümdəki təmiz çəkisi – 0,297 qram olan qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin 07 dekabr 2023-cü il tarixli, 8016 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş 25 dekabr 2023-cü il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs oğlu Naxçıvan MR Hərbi Məhkəməsinin 23 sentyabr 2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 338.1-ci maddəsi ilə təqsirli bilinib 07 ay şərti sınaq müddəti ilə 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3 və 83.3.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmiş hesab olunur. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsini, müdafiəçinin çıxışını, şahidlərin ifadələrini dinləyib, dövlət ittihamçısının mövqeyini nəzərə alıb, ekspertiza rəylərini və iş materiallarını araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi məhkəmə iclasında tədqiq olunmuş sübutlar məcmusu ilə tam sübuta yetirilmişdir. Bu isə onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq təqsirləndirilən şəxsin əməli CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların məcmusunu və cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxsə məhz hansı növ cəzanın təyin olunmasını müzakirə edərək CM-nin 234.1-ci maddəsinin sanksiyasına uyğun olaraq azadlığın məhdudlaşdırılması cəzası təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini etiraf etməsini, törətdiyi cinayət əməlindən səmimi peşman olmasını, himayəsində 1 (bi) azyaşlı uşağının olmasını və ailənin yeganə qazanc gətirən şəxs olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.Belə ki, CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, iş materiallarından görünür ki, təqsirləndirilən şəxs təqsirini etiraf edir, əməlindən səmimi peşmandır, himayəsində 1 (bir) azyaşlı uşağı vardır, ailənin yeganə qazanc gətirən şəxsidir, əməlində cəzanı ağırlaşdıran hallar isə ümumiyyətlə yoxdur.Məlum olduğu kimi, Azərbaycan Respublikasında cəza siyasətinin humanistləşdirilməsi məqsədilə aparılan islahatlar çərçivəsində 20 oktyabr 2017-ci il tarixli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə bir sıra dəyişikliklərin edilməsi barədə qanuna əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasına cəza növü olaraq bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması cəzası əlavə edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarında göstərilmişdir ki, cinayət qanunun sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı, başqa daha yüngül cəza tədbiri tətbiq etmənin mümkünlüyünü nəzərdə tutursa, məhkəmə hökmündə nə üçün müttəhimə məhz azadlıqdan məhrum etmə cəzasının tətbiq olunmasının əsasları göstərilməlidir. Eyni mövqe, Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında da təsbit olunmuşdur. Belə ki, həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Məhz həmin qərarda göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir.Baxılan cinayət işi üzrə isə məhkəmə cəzanı yüngülləşdirən halların məcmusunu və heç bir cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq təqsirləndirilən şəxsə məhz azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə uyğun hesab etmişdir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 04 dekabr 2023-cü il saat 15.30 tarixdən 06 dekabr 2023-cü il saat 12.25 tarixədək tutulduğu 02 (iki) gün müddət təyin edilmiş cəzadan çıxılmalı və ona qəti cəza təyin edilməlidir.Belə ki, iş materiallarında olan Binəqədi RPİ-nin 6-cı PB-nin təhqiqatçısı, polis mayoru X6 tərəfindən qəbul olunmuş qərara əsasən məlum olur ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 15.30 tarixdə tutulmuşdur.Həmçinin, Binəqədi rayon prokuroru, baş ədliyyə müşaviri Fuad Məmmədov tərəfindən qəbul olunmuş 06 dekabr 2023-cü il tarixli qərarına əsasən məlum olur ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi, polis baş leytenantı İsaq Həsənovun 06 dekabr 2023-cü il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilmişdir.Həmçinin, Binəqədi RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis baş leytenantı X5 xx.xx.2023-cü il tarixli qərarına əsasən məlum olur ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir və o, həmin tarixdə, yəni xx.xx.2023-cü il tarixdə saat 12.25-də azad edilmişdir. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşadığı – ünvan 1 ünvanda çəkməli və təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməlidir. Eyni zamanda, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 06.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə yaşadığı Siyəzən şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyəcəyi və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Siyəzən rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, qeydiyyatda olduğu yerin narkoloji dispanserində qeydiyyata alınmalıdır. Həmçinin, CPM-nin 353.4.11-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan və Binəqədi RPİ-də saxlanılan narkotik vasitə olan heroinin 0,247 qram qalığı məhv edilməli və iş üzrə maddi sübut - təqsirləndirilən şəxsin üzərinə baxış keçirilməsinə dair görüntüləri özündə əks etdirən 1 ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin, CPM-nin 353.4.10-cu maddəsinə əsasən iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 92 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, müdafiçəsi məhkəmə prosesində təyinatla iştirak etdiyindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli Qərarına əsasən hüquqi yardımın göstərilməsinə görə, hər iş saatı üçün 6 manat miqdarında Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesabına keçirilməlidir. Müəyyən edilir ki, Müdafiəçi hazırki iş üzrə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı 30 saat vaxt sərf etmişdir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 318.1, 344-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 02 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs 04 dekabr 2023-cü il tarixdən 06 dekabr 2023-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə 01 (bir) günə 02 (iki) gün olmaqla təyin edilmiş cəzadan çıxılsın və ona qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşadığı – ünvan 1 ünvanda çəksin. Təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 06.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə yaşadığı Siyəzən rayonun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat erməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Siyəzən rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, qeydiyyatda olduğu yerin narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Binəqədi RPİ-də saxlanılan narkotik vasitə olan heroinin 0,247 qram qalığı məhv edilsin. İş üzrə maddi sübut - 01 (bir) ədəd təqsirləndirilən şəxsin üzərinə baxış keçirilməsinə dair görüntüləri özündə əks etdirən CD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 92 (doxsan iki) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına - VÖEN **********, X3 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilsin. Cinayət işi üzrə Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı sərf etdiyi 30 saat hüquqi xidmətin dəyəri 180 (yüz səksən) manat "xxxx" ASC-nin Binəqədi filialına (kod 200156,VÖEN **********, m/hAZ37NABZ********************.S.W.İ.F.T.B.İ.K:AİİBAZ2X,hesab№AZ48AİİB*************** *****, VÖEN-1000 597151) Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar