Məhkəmə qərarları › İş №1(001)-257/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-257/2024

18.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-257/2024 18.03.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Hüseynov Xəyal Nemət oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X1, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxslər X2, X3, X4 iştirakları ilə, X2, X3, X4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 147 və 148-ci maddələri ilə məsuliyyətə cəlb edilməsi haqqında X1 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: Xüsusi ittiham qaydasında şikayət vermiş X5 məhkəməyə müraciət edərək, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X2, X3, X4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Xüsusi ittiham qaydasında verilən şikayət onunla əsaslandırılmışdır ki, son zamanlar bir qrup şəxs əlbir olaraq qanunsuz yollarla onun işgüzar nüfuzuna zərər vuran təhqiramiz formada məlumatlar yaymağa başlamışdır. Daxil olmuş məlumatlara əsasən, məlum olmuşdur ki, “X11” MMC-nin (bundan sonra - Az Estetik) direktorunun rəhbərliyi altında həmin şirkətin işçiləri tərəfindən mobil nömrələr vasitəsilə ictimaiyyətin nümayəndələrinə, vətəndaşlara və sahibkarlara onun haqqında başladılan çirkin oyunun bir parçası kimi videolar göndərilmişdir. Quraşdırılma videolarla, şübhəsiz, onu və direktoru olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətini (bundan sonra - "xxxx") nüfuzdan salmaq üçün həqiqətə uyğun olmayan məlumatlarla alıcıları çaşdırmaq məqdəsini güdürlər. Həmin şəxslərin bir qismi dərhal "xxxx" məlumat vermiş, onlara naməlum mobil nömrələrdən durmadan "xxxx"i pisləyən mesajlar göndərilməsindən şikayətlənmişlər. Nə qədər çalışsalar da, həmin nömrənin sahibini müəyyən etmək mümkün olmamışdır. Həmin videoya nəzər saldıqda, açıq-aşkar onu ələ saldıqlarını və alçatmaq istədiklərinin aydın şahidi olmaq olar. Barəsində mənfi imic formalaşdırılması üçün ictimai çağırışların edilməsi: Videonun əvvəlində “"xxxx" MMC-nin rəhbəri “Dahi mütəxəssis Kənan Zeynalovun ANALOQSUZ TƏDRİSİNDƏN FRAQMENTLƏR” adlı başlıq yerləşdirilməklə tərəfindən təlimlərin keçirilməsi zamanı səsləndirdiyi ifadələrin müəyyən hissələri montaj olunaraq verilmişdir. Bu montajla elə təəssürat formalaşdırılır ki, guya onun söylədikləri gülüş obyektini təşkil edir. Hər dediyi sözə əlaqəsiz videolar yerləşdirirərək onu savadsız və təcrübəsiz biri kimi təqdim etməyə çalışmışlar. Bu çıxışlar onun nitqinin məhsuludur, istədiyi formada fikrini ifadə etmək azadlığına malikdir. İfadə etdiyi sözlərin hər birinə münasibətdə gülünc səslənən ifadə kimi yanaşılması ona qarşı aparılan kəskin düşmənçiliyin bir hissəsidir. Bununla onu gözdən salmaq niyyətləri özünü bütün çılpaqlığı ilə biruzə verir. Videonun sonunda “"xxxx" MMC-nin rəhbəri Kənan Zeynalov üzünü nə qədər gizlətsə də, əməlləri ifşa olunacaq!” yazısı ilə sanki onun hansısa cinayət əməlini törətmişəmmiş kimi abı-hava yaratmışlar. Halbuki, özlərinin törətdiyi cinayət hüquqpozmaları baş-alıb gedir. Diqqəti özlərindən başqa yerə yönləndirmək üçün onun təmiz adını hər vəchlə ləkələməkdən çəkinmirlər. Böhtan və təhqir kampaniyasına digər şəxslərin cəlb edilməsi: Aydındır ki, öz qanunsuz əməllərini ört-basdır edilməsi üçün “Az Estetik” Sevinc Cəlilova ilə birlikdə biznes etikasından kənar və qeyri-qanuni yollara əl atmışdır. Alçaldıcı informasiyanın əks olunduğu daha bir video başqa şəxslər tərəfindən də internet informasiya ehtiyatında yayılmışdır. Həmin videoda guya onun kimliyi ifşa olunmuş, “Yalançı və böhtan atan “İş adamları”ndan uzaq durun!” başlığı ilə geniş əhali kütləsinə çağırışlar edilmiş, başqa şəxslərin onun və atasının haqqında dediklərinə diqqət yönləndirilmişdir. Sosial şəbəkələrdə atasının adına “Rüşvətxor”, Korrupsiyoner”, “Xəstələri Sağlam, Sağlamları xəstə edən”, “Dövlət əmlakını mənimsəyən” və sair ifadələr səsləndirilmişdir ki, bununla da onun və ailəsi haqqında yanlış təəssüratın yaranmasına səbəb olmuşlar. Xüsusilə qeyd edilməlidir ki, S.Cəlilova bu və bənzər videoların yayılmasında intensiv iştirak etmiş, öz rəsmi “İnstagram”, “Whatsapp” kimi sosial şəbəkə hesablarında videoların paylaşılmasında xüsusi canfəşanlıq göstərmişdir. Bununla əslində “Az Estetik” özünə yönəlmiş neqativ oxları "xxxx"ə çevirməyə cəhd göstərmişdir. Nəzərinizə çatdıraq ki, S.Cəlilova ictimai fiqur olmaqla vətəndaşlara təsir etmək qabiliyyəti olan geniş kütləyə - 70,000 izləyiciyə malikdir. İntsaqramda mavi ulduz da almışdır. Bu da ən azı 70,000 baxış deməkdir.

3. Birbaşa “az estetik” tərəfindən qara kampaniyanın aparılması: “Az Estetik”in rəhbəri Rəşad Qasımov tərəfindən aparılan böhtan kampaniyası artıq təhqir kampansiyasına çevrilmişdir. İrəlisini-gerisini, nəticəsini düşünmədən onun və təmsil etdiyi “AZCOSMETİCS’in ünvanına təhqiredici və yalan ifadələrin sosial şəbəkələrdə təqdim edilməsi intensiv şəkildə davam etdirilir. R.Qasımovun “Facebook” profilinə nəzər salınsa bu paylaşımların nədən ibarət olduğunu və nə məqsəd güddüyünü aydın görmək olar. İlqar Quluzadə ilə birlikdə bu paylaşımlar edilmişdir. Bir rəhbərin biznes etikasından kənara çıxaraq, fikrini ancaq bir məsələyə yönləndirməsi və açıq düşmənçilik etməsi onun təbiətindən xəbər verməkdədir. “Xarab cihaz satdılar” başlıqları ilə paylaşım etmiş, lakin hansı mötəbər mənbəyə əsasən "xxxx"in cihazlarının keyfiyyətsiz olmasını göstərməmişdir. Əlavə olaraq, işgüzar nüfüzun müdafiəsinə dair Bakı Kommersiya Məhkəməsində "xxxx"ə qarşı qələbə çaldığını bildirmişdir. Lakin unutmuşdur ki, həmin məhkəmə qətnaməsi hələ qanuni qüvvəyə minməmişdir, ondan apellyasiya şikayəti verilmişdir. Bu faktlar doğru olsa da, özlərinə sərf etmir deyə həqiqəti açıqlamaqdan və təhrif olunmuş məlumat paylaşmaqdan başqa çarələrinin olmadığını göstərir. Şikayətdə istinad edilən əməlin həqiqətdə baş vermiş olduğu, bu əməlin cinayət tərkibinin əlamətlərini özündə əks etdirdiyi, həmin əməlin barəsində şikayət verilən şəxs tərəfindən törədildiyini təsdiq edən mötəbər və yolverilən sübutlar - video- görüntülər yuxarıda qeyd edilənləri təsdiq edir. Bu çıxışlar "xxxx"in birbaşa fəaliyyəti və onun şəxsi ilə bağlı olan və onun müsbət imicinə, qazandığı etibara ciddi ziyan vuran məsələdir. Həmin məlumatlar cəmiyyət və yaxud ayrı-ayrı qruplar və ya şəxslər arasında "xxxx" və onun barəsində mənfi rəy yaradaraq işgüzar nüfuzunu ləkələmiş, hüquqi məsuliyyətin yaranması üçün əsas kimi çıxış etmişdir.

Məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X5 verilmiş şikayəti müdafiə edərək şikayətin təmin edilməsini, xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbul edilməsi və X2, X3, X4 CM-in 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X2, X3, X6 ayrı-ayrılıqda xüsusi ittiham qaydasında verilmiş şikayətə etiraz edərək xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə hesab edir ki, X5 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət ərizəsi qanunvericiliyin tələblərinə uyğun tərtib edilməməsi səbəbindən məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. CPM-in 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1- 293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. CPM-in 293.3-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: 293.3.1. şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2. törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4. şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 293.3.5. cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 293.3.6. şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 293.3.7. şikayəti vermiş şəxsin imzası. Məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında şikayət qanunvericiliyin tələblərinə riayət edilmədən verilmişdir. Belə ki, CPM-in 293.3.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi) göstərilməlidir. Buna baxmayaraq, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs tərəfindən yalnız barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslərin ad, soyad, ata adı, yaşayış ünvanları sadalanmaqla kifayətlənmiş, onların təvəllüdü, məşğuliyyəti, vəzifəsi kimi məlumatlar qeyd edilməmişdir. Eyni zamanda xüsusi ittiham qaydasında verilmiş şikayətdə barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslərin Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Lakin, CM-in 147-ci maddəsinin hansı bəndləri ilə cinayət məsuliyyətinə cəlb edilməsi məsələsi konkret göstərilməmişdir. CPM-in 302.2-ci maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək aşağıdakılar barədə qərarlar çıxarır: CPM-in 302.2.3-cü maddələrinə əsasən bu Məcəllənin 302.1.2—302.1.4, 302.1.6— 302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə.... Göründüyü kimi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X5 tərəfindən CPMin 293-cü maddələrinin tələblərinə riayət olunmadan şikayət ərizəsi tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmiş, lakin məhkəmədə irəli sürülmüş ittihamın mahiyyəti üzrə işə baxılması yuxarıda qeyd olunan qanunvericiliyin tələbləri pozulduğundan mümkün olmamışdır. Ona görə də, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməsi qənaətinə gəlmişdir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli, 3 nömrəli qərarının 5-ci bəndinə əsasən böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-in 147.1-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Həmin Qərarın 11-ci bəndində qeyd olunur ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfındən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Məhkəmələrə tövsiyə edilsin ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-in 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-in 302.1.2-302.1.4 və 302.1.6- 302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Həmin Qərarın 12-ci bəndində qeyd edilmişdir ki, kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) təhqir və böhtan xarakterli məlumatı yaymış şəxs özünü bəlli etmədikdə, belə məlumatlar anonim şəkildə yayılmış məlumatlar hesab edilir, onların yayılması ilə bağlı xüsusi ittiham qaydasında verilmiş şikayət isə - CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olmayan şikayət kimi qiymətləndirilir. Belə hallarda məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə, sadalananlara əsasən belə hesab edir ki, X2, X3, X6 barəsində CM-in 147 və 148-ci maddələri ilə cinayət təqibi üzrə icraatın başlanılmasına və onların cinayət məsuliyyətinə cəlb edilməsinə dair X1 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Qeyd olunanlara əsasən və CPM-in 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

X2, X3 və X4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə məsuliyyətə cəlb edilməsi haqqında X1 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərar elan edildiyi vaxtdan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar