Məhkəmə qərarları › İş №1(001)-258/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-258/2023

09.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-258/2023 09.03.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, 27 oktyabr 2022-ci il tarixində səhər saatlarında “Kubinka” adlanan ərazidə istintaqa naməlum şəxsdən 15 manat müqabilində satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 1,224 qram ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini siqaretin ağ rəngli kağızına bükülmüş 01 ədəd bükümdə əldə etməklə əynində olan göy rəngli cins şalvarının sol yan cibində saxlamaqla daşımış, 27 oktyabr 2022-ci il tarixində saat 15.30 radələrində Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində o, ünvan 2 ünvanın yaxınlığında saxlanılaraq ünvan 3vanda yerləşən Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis şöbəsinə gətirilmiş və burada saat 17.00 dəqiqədə üzərində aparılmış şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarının sol yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq siqaretin ağ rəngli kağızına bükülmüş 01 ədəd bükümdə əldə edib üzərində saxlamaqla daşıdığı şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 1,224 qram həmin ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitə və psixotrop maddələrin aludəçisidir. 27 oktyabr 2022-ci il tarixində səhər saatlarında Bakı şəhəri ərazisində «Kubinka» deyilən ərazidə olan zaman əvvəllər tanımadığı, qarayanız, orta boylu, təxminən 25-27 yaşlarıda olan şəxsdən 15 (on beş) manat pulun müqabilində bir ədəd siqaretin ağ rəngli kağız bükümündə «patı» adlanan psixotrop maddə metamfetamini şəxsi istifadəsi üçün alaraq əynindəki göy rəngli cins şalvarın sol yan cibinə qoymuşdur ki, sonradan istifadə etsin. Elə həmin gün, yəni 27 oktyabr 2022-ci il tarixində saat 15:30 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Dəmiryol küçəsində yaşadığı evin yaxınlığında piyada hərəkətdə olduğu vaxt iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq sənədərini təqdim etməklə özlərini Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis şöbəsinin əməkdaşları olduqlarını və onun narkotik vasitələr, habelə psixotrop maddələri qanusuz əldə etməyi barədə məlumat əldə etdiklərini bildirib onu Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis şöbəsinə dəvət etmişlər. O, polis əməkdaşlarının təklifi ilə razılaşaraq onlarla birlikdə Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis şöbəsinə gəlmiş və burada ona hüquq və vəzifələri izah edildikdən sonra hüquqlarının müdafiəsi ilə bağlı ərazi vəkil bürosundan növbətçi vəkil dəvət olunmuşdur. Vəkil gəldikdən sonra konfidensial görüşləri təşkil olunmuş və bundan sonra hüquqları izah olunaraq ona üzərində videoçəkilişdən istifadə olunmaqla axtarış aparılacağı izah edilmişdir. O, polis əməkdaşlarına vəkilin iştirakı olmadan üzərində şəxsi axtarış aparmalarını bildirib bu barədə hətta yazılı ərizə də vermişdir. Bundan sonra polis əməkdaşları şəxsi axtarışın başlanıldığını elan edərək həmin polis şöbəsinin inziati binasının xidməti otaqlarının birində ilk öncə ona üzərində olan qanunsuz əşyaları təqdim etməyi təklif etmiş və o, əynində olan göy rəngli cins şalvarın sol yan cibində gizlədərək saxladığı bir ədəd siqaretin ağ rəngli kağız bükümündə olan «patı» və «şüşə» kimi tanıdığı psixotrop maddə metamfetamini, habelə digər cibində saxladığı üç ədəd bir manatlıq əskinazları təqdim etmişdir. Bundan sonra ona üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edilmiş və o, üstündə başqa heç nə olmadığını bildirmişdir. Sonra da üzərinə şəxsi axtarış keçirilmiş, yəni cibləri və üst-başı yoxlanılmış, lakin ondan qanunla qadağan olunmuş başqa heç nə aşkar edilməmişdir. Ayağında olan ayyaqbıları da çıxarılaraq içərsinə baxılmış və heç nə aşkar edilməmişdir. Sonra onun cibindən aşkar edilərək götürülmüş həmin büküm açılaraq bunun nə olduğu, kimdən, hansı qiymətə və nə məqsədlə alınaraq üstündə gəzdirdiyi sual edilmişdir. Verilən sualları cavablandırarkən o, psixotrop maddə metamfetamini kimdən, hansı məqsədlə, necə, nə vaxt və harada əldə etdiyi barədə polis əməkdaşlarını məlumatlandırmışdır. Üzərindən aşkar edilmiş bir ədəd bükümdəki psixotrop maddə metamfetamin kağız zərfə qoyularaq qablaşdırılmış və üzəri möhürlənmişdir. Bununla bağlı müvafiq protokol tərtib edimiş və həmin protokol ona və digər iştirakçılara uca səslə oxunaraq imzalanmışdır. Daha sonra şəxsi axtarış zamanı onun şalvarının cibindən çıxarıb təqdim etdiyi üç manat pul ona qaytarılmışdır. Hazırda törətdiyi cinayət əməlindən peşman olduğunu qeyd edib, məhkəmdən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, o, Binəqədi Rayon Polis İdarəsinin 4-cü PŞ-nin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili vəzifəsində, polis baş leytenantı rütbəsində xidmət edir. Binəqədi RPİ-nin 4-cü PŞ-nə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə edib, üzərində saxlayaraq daşıması və istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu əməliyyat məlumatının yoxlanılması məqsədi ilə təxirəsalınmaz əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi üçün o, Binəqədi RPİ-nin 4-cü PŞ-nin rəhbərliyinə raportla məlumat vermiş və rəhbərliyin icazəsini aldıqdan sonra əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edərək, Binəqədi RPİ-nin 4-cü PŞ-nin cinayət-axtarış üzrə əməliyyat müvəkkili, polis leytenentı Şahid2 da daxil olduğu və özünün rəhbərlik etdiyi, əməliyyat qrupu təşkil etmişdir. Üzərində psixotrop maddələr və narkotik vasitələri qanunsuz olaraq əldə edib daşımaqda şübhəli bilinən şəxsin müəyyən edilərək yaxalanması, psixotrop maddələrin və narkotik vasitələrin dövriyyədən çıxarılmasının təmin edilməsi məqsədi ilə o, əməliyyat qrupunun üzvü ilə birlikdə 27 oktyabr 2022-ci il tarixində saat 15:30-da xarici əlamətlərindən Təqsirləndirilən şəxs oxşayan şəxsi bir müddət müşahidə etdikdən sonra Bakı şəhəri, Binəqədi rayonu, M.Rəsulzadə qəsəbəsi, Dəmiryol küçəsində yaşadığı evin yaxınlığında piyada olarkən əlverişli şərait yarandığından saxlayaraq özlərini təqdim edərək şəxsiyyəti ilə maraqlanmışlar. Həmin şəxs həqiqətən də xx xxxx 1995-ci il təvəllüdlü Təqsirləndirilən şəxs olduğunu təsdiq etdikdən sonra psixotrop maddələrin və narkotik vasitələrin qanunsuz əldə edib, üzərində saxlayaraq daşımasında və istifadəsi ilə məşğul olmasında şübhəli olduğunu bildirib üzərində şəxsi axtarış və götürmə aparılması məqsədi ilə Binəqədi RPİ-nin 4-cü PŞ-yə gətirmişlər. Burada əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair olan sənədləri Binəqədi RPİ-nin 4-cü PŞ-nin baş təhqiqatçısı, polis mayoru İsmayıl Qurbanova təqdim ediməklə istintaq hərəkətinin aparılması həvalə edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhəri 11 saylı Vəkil bürosundan vəkil dəvət edilmiş və təhqiqatçı İsmayıl Qurbanov tərəfindən əməliyyat qrupu üzvlərinin iştirakı ilə Binəqədi RPİ-nin 4-cü PŞ-nin inzabati binasında xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Təqsirləndirilən şəxs üzərində olan əşyaların könüllü təqdim olunması təklif olunduqda sonuncu əynindəki göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd siqaretin ağ rəngli kağız bükümünü çıxararaq təqdim etmişdir. Həmin büküm açılaraq içərisinə baxıldıqda isə içərisindən kəskin spesifik iyə malik ağ rəngli, kristall şəkilli psixotrop maddə metamfetaminə oxşar kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs bununla bağlı bildirmişdir ki, üzərindən aşkar olunmuş maddə «patı» və ya «şüşə» kimi tanıdığı ağ rəngli kristallik maddə - psixotrop maddə metamfetamindir və həmin maddəni 27 oktyabr 2022-ci il tarixində səhər saatlarında Bakı şəhəri ərazisində «Kubinka» deyilən ərazidə olan zaman 15 (on beş) manat pulun müqabilində şəxsi istifadəsi üçün alaraq üzərində gəzdirmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə, o cümlədən ayaqqabılarına baxış keçirilmiş, lakin başqa qanunsuz heç bir predmet və ya əşya ondan aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminə oxşar kütlə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən kağız zərfə qoyularaq qablaşdırılmış və üstü Daxili İşlər Nazirliyinin müvafiq möhürü ilə möhürlənərək götürülmüşdür. Binəqədi RPİ-nin 4-cü PŞ-nin baş təhqiqatçısı, polis mayoru İsmayıl Qurbanov tərəfindən video çəkilişdən istifadə edilməklə keçirilmiş istintaq hərəkəti başa çatdıqdan sonra müvafiq protokol tərtib edilərək iştirakçılar, o cümlədən Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Məhkəmə iclasına şahid qismində çağırılmış Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid2 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata götürülməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri gəzdirməsi, istifadə etməsi və saxlaması barədə Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinə daxil olmuş məlumat əsasında sonuncunun müəyyən edilib ifşa edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır. Şübhəli şəxsin tutulması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs faktiki azdlığı 27 oktyabr 2022-ci il tarixdə saat 15:30-da məhdudlaşdırılaraq həmin tarixdə saat 16:40-da şübhəli şəxs qismində tutulmuşdur. Şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin inzibati binasında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılan zaman sonuncunun əynindəki göy rəngli cins şalvarının sol yan cibində siqaretin ağ rəngli kağızına bükülmüş bir ədəd bükümdə olan maddə aşkar edilərək götürülmüşdür. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 6/6255 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №173” dairəvi möhür əksləri olan, “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar ...” ad, soyad və imzalar qeyd edilmişbir ədəd zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 1,224 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazrlanmış psixtrop maddə – metamfetamindir.Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanun ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Metamfetaminin təmiz çəkisi – 1,224 qram, tədqiqata sərf edildi – 0,050 qram, qalıq – 1,174 qram. Diskə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş diskdən müəyyən edilmişdir ki, Binəqədi RPİ-nin 4-cü PŞ-nin inzibati otağında Təqsirləndirilən şəxs üzərində aparılan şəxsi axtarış və götürmə zamanı sonuncuya qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edildikdən sonra üzərində olan əşyaları təqdim etməsi təklif edilir, Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sol yan cibində siqaretin ağ rəngli kağızına bükülmüş bir ədəd bükümü masanın üzərinə qoyur, ondan həmin bükümün içərisində nə olduğu soruşulduqda o, bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu, onu xx.xx.2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri ərazisində “Kubinka” deyilən ərazidə olan zaman 15 manata şəxsi istifadəsi üçün aldığını bildirir, bundan başqa Təqsirləndirilən şəxs üzərindən heç bir qeyriqanuni əşya və ya maddə aşkar edilmir, daha sonra büküm zərfə qoyularaq möhürlənib iştirakçılar tərəfindən imzalanır. Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. Əşyanın maddi sübut hesab edilməsi və məsul saxlanışa verilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş təmiz çəkisi 1,224 qram olan metamfetamin iş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra onun 1,174 qram qalmış qalığı saxlanılması üçün Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilmiş həmçinin Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmasının görüntülərini əks etdirən 1 ədəd disk iş üzrə sübut qismində tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Binəqədi rayon prokuroru, baş ədliyyə müşaviri Fuad Məmmədov tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqin vəsatəti təmin edilməmiş və sonuncu saxlanıldığı Binəqədi RPİ-nin MSY-dən azad edilmişdir. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2022ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X4 Şəxsin xx.xx.2022-ci il tarixli, 6461 nömrəli Ambulator X1 rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahının təsdiq edilməsi haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş siyahıdan görünür ki, metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qramdan 2 qramadək müəyyənləşdirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşman olmasını CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs narkotik vasitələrin aludəçisi olmasını və təqsirləndirildiyi maddənin sanksiyasında azadlıqdan məhrum etməyə nisbətən yüngül cəza növünün təyin edilməsinin ona tərbiyəedici və xəbərdaredici təsir göstərməyəcəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Belə ki, məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümumi yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halın olmasını və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 27 oktyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və 29 oktyabr 2022-ci il tarixdə barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilərək həmin tarixdə saxlanıldığı Binəqədi RPİ-nin MSY-dən azad edilməklə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 27 oktyabr 2022-ci il tarixdən 29 oktyabr 2022-ci il tarixədək, yəni 2 (iki) gün müddətində şübhəli və təqsirləndirilən şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs 27 oktyabr 2022-ci il tarixdən 29 oktyabr 2022-ci il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir günü hesabı ilə hesablanıb ona təyin ediləcək cəzadan çıxılmalıdır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli 09 mart 2023-cü il tarixdən hesablanmalıdır. CPM-in 155.3.3-cü maddəsinə əsasən həbs qətimkan tədbiri əvvəllər seçilmiş digər qətimkan tədbirinin şərtlərini pozmuş şəxsə və ya hökmün icrasını təmin etmək məqsədilə, barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilmiş şəxsə tətbiq oluna bilər. Qeyd olunan qanunvericiliyin tələblərinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməklə həmin cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəyindən, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbs edilməlidir. Habelə, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CM-in 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Odur ki, qanunvericiliyin tələblərinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, qeydiyyat yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 1,174 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197 və 198-ci maddələrinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 65 (altmış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə cəmi 26 (iyirmi altı) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 26 (iyirmi altı) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 26 (iyirmi altı) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 156 (yüz əlli altı) manat manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 27 oktyabr 2022-ci il tarixdən 29 oktyabr 2022-ci il tarixədək tutulduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir günü hesabı ilə hesablanib, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 8 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz olunsun və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, ona təyin edilmiş cəzanın əvvəli 09 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi PX-in Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və qeydiyyat yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 1,174 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 65 (altmış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X2 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 26 (iyirmi altı) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 156 (yüz əlli altı) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Fərid Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar