Məhkəmə qərarları › İş №1(001)-258/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-258/2024

05.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-258/2024 05.04.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi1, Müdafiəçi – “Femida” vəkil bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakı ilə, 01 avqust 1987-ci ildə Naxçıvan MR Babək rayonu Zeynəddin kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, tikinti sahəsində işləyən, əvvəllər məhkum olunmamış, Naxçıvan MR Babək rayonu Zeynəddin kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 230-cu maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi tərəfindən ona təqdim edilən ov silahının saxlanılması və təyinatı üzrə istifadə edilməsinə dair 19 may 2021-ci il tarixli 1333 nömrəli şəhadətnamə ilə qanuni əsaslarla sahib olduğu 12200154 nömrəli, 12 kalibrli, “Churchil” modelli, sürüşən lüləaltı yastıq vasitəsilə təkrar doldurulan, texniki cəhətdən saz və atəş üçün yararlı odlu yivsiz silah olan ov tüfəngini 2021-ci ilin may ayından etibarən əldə etdikdən sonra “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun tələbinə və Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş “Xidməti və mülki silahın uçotu, saxlanılması, gəzdirilməsi, daşınması, göndərilməsi və təyinatı üzrə istifadə olunması” Qaydalarının 3.13-cü bəndinə əsasən əldə etdiyi mülki silahı özünün yaşayış yerində həmin silahın mühafizəsini, təhlükəsizliyini təmin edən və kənar şəxslər tərəfindən onun ələ keçirilməsini istisna edən etibarlı şəkildə bağlı olan yerlərdə saxlamalı olduğu halda bu tələblərə riayət etməyib yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 7-ci mədən, korpus 7 ünvanda yerləşən fərdi yaşayış evində həmin silahı öz yataq otağının girişdən sağ tərəfdə yerləşən qapılarının kilidi olmamaqla açıq olan taxta materialdan hazırlanmış paltar şkafında, sökülməmiş formada, həmçinin içərisində 12 kalibrli ov silahlarından atəş açmaq üçün nəzərdə tutulmuş 01 ədəd ov patronu ilə doldurulmuş, kənar şəxslərin asanlıqla əldə edə biləcəyi vəziyyətdə diqqətsiz saxlaması ilə 20 yanvar 2023-cü il tarixdə saat 18 radələrində övladı cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmamış, 24 avqust 2014-cü il təvəllüdlü Şahid3 həmin silahdan istifadə etməsinə şərait yaratması sonuncunun qapısı açıq vəziyyətdə olan yataq otağına daxil olaraq qeyd edilən yerdən maneəsiz formada əldə etdiyi əvvəlcədən patronla doldurulmuş silahı sürüşkən lülə yatağını bir dəfə arxa və önə hərəkət etdirməklə atəşə hazır vəziyyətə gətirib ehtiyatsızlıqdan açdığı atəş ilə həmin tarixdə evlərinə qonaq gəlmiş onunla birlikdə otaqda olan qohumu, xx xxxxxxxx 2016-cı il təvəllüdlü Zərərçəkmiş şəxs döş qəfəsinin ön səthinin sol yarısının, sol yan səthinin, arxa səthinin sol yuxarı yarısının və sol bazunun orta-yuxarı 1/3 hissəsinin arxa iç səthinin çapıq toxumaları, sol kürək nahiyəsinin cüzi serozlu ifrazatlı yarası ilə nəticələnən ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vurulması kimi ağır nəticələrə səbəb olmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 230-cu maddəsi ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 2021-ci may ayında Bakı şəhəri X6 küçəsində yerləşən ovçular mağazasında işləyən Zaur adlı şəxsdən bir ədəd 12 kalibrli “Churchill” markalı yivsiz lüləli ov silahını 1.000 manat müqabilində almışdır. Həmin silahı almazdan əvvəl narkoloji, psixoloji və digər zəruri olan bütün yoxlamalardan keçmiş, silah əldə etməyi ilə bağlı ərizə formasını doldurmuşdur. Toplanmış bütün sənədlər Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə göndərilmiş və təxminən 15 gün sonra ona silahın saxlanılması və təyinatı üzrə istifadə edilməsi üçün 1333 nömrəli şəhadətnamə təqdim edilmişdir. Bütün bu proseslərdən sonra silahı əldə edə bilmişdir. Silahı aldığı zaman həmin silahı konkret olaraq hansı şəraitdə saxlamalı olması barədə ona ətraflı izah verilməmişdir. Həmin silahı ov etmək məqsədilə almış olsa da heç vaxt ova getməmişdir. Almış olduğu ov silahını patronla birlikdə əvvəl ailəsi ilə birlikdə yaşadığı Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 7-ci mədən, korpus 7 ünvanda yerləşən fərdi yaşayış evində öz yataq otağında olan taxta şkafın içində saxlamışdır. Həmin şkafın içində o, kiçik bir taxta materialdan hazırlanmış dolab düzəltmiş və məhz həmin dolabın içində tüfəngi saxlamışdır. Həmin dolabın qapısının üzərində kilid yeri olmuş və o, oranı açarla bağlamışdır. Silah şkafda sökülmüş vəziyyətdə saxlanılmışdır. Hazırda həmin ünvanda digər şəxslər yaşayır, belə ki, o evi kirayə vermişdir. Taxta şkafın içində olan taxta kiçik dolabın qapısı xarab olduğu üçün dolabı atmışdır, həmçinin oranın açarının da hazırda harada olduğunu bilmir. Şahid1 onun yeznəsi Fərid Qasımovun bacısının əridir. Münasibətləri yaxşı olmuş, mütəmadi olaraq ailəvi şəkildə bir-birilərinin evinə qonaq gedibgəlmişlər. 2023-cü ilin yanvar ayında bacısı Zeynəbin uşağı dünyaya gəlmiş və Şahid1 ailəsi ilə birlikdə Zeynəbə baş çəkmək üçün evlərinə, yəni həmin vaxt yaşadıqları Binəqədi qəsəbəsində yerləşən fərdi yaşayış evinə qonaq gəlmişlər. O, isə həmin gün, yəni 20 yanvar 2023-cü il tarixdə, səhər saatlarında işi ilə əlaqədar olaraq evdən getmişdir. Həmin gün axşam saat 18 radələrində yoldaşı Səkinə ona zəng edərək həyəcanlı vəziyyətdə evdə bədbəxt hadisənin baş verdiyini demiş və təcili olaraq “28 May” metrostansiyasının yaxınlığında yerləşən “X4” xəstəxanasına gəlməyini istəmişdir. Telefonda o, dəqiq olaraq nəyin baş verdiyini başa düşə bilməmiş və cəld şəkildə həmin xəstəxanaya yollanmışdır. Xəstəxanaya çatdıqda orada Bəhruzun əlində azyaşlı uşağı Öməri saxlayaraq xəstəxananın giriş tərəfinə qaçdığını görmüşdür. O da onların ardınca xəstəxanaya daxil olmuş, onun ailəsi və Bəhruzun ailəsi tam tərkibdə orada olmuşlar. Xəstəxanada qohumlarının deməsindən öyrənmişdir ki, Bəhruzun övladı Ömər və onun uşağı Fərid evində yataq otağına daxil olub orada oynayarkən silahı tapmışlar və oğlunun silahla ehtiyatsız davranması nəticəsində açılmış atəşlə Ömər ağciyər və çiyin nahiyələrindən ağır xəsarətlər almışdır. Bəhruzun oğlu uzun müddət xəstəxanada stasionar qaydada müalicə almışdır. Müalicə aldığı müddətdə o, bir neçə dəfə Bəhruza müalicəsini qarşılamağını təklif etmiş, lakin Bəhruz köməyindən imtina etmişdir. Oğlu Fərid psixoloji sarsıntı keçirdiyi üçün o, yalnız bir neçə ay bundan əvvəl baş verənlər barədə soruşa bilmişdir. Oğlu Fərid dəqiqliklə silahı haradan götürdüyünü dəməmiş, yalnız onu demişdir ki, həmin gün silahı götürdükdən sonra qəflətən atəş açılmış və Ömər yerə yıxılmışdır. Oğlu psixoloji sarsıntı keçirdiyi üçün o, hadisə barədə çox şey soruşmamışdır. Silahı taxta şkafın içində olan qapısı kilidlənmiş vəziyyətdə kiçik taxta dolabın içində saxlamış və uşaqlar yataq otağında oynayarkən çox guman ki, şkafın açarını haradansa taparaq oranı açıb şkafda olan ayrıca qoyulmuş 01 ədəd patronu silaha yerləşdirmişlər və bundan sonra silahdan atəş açılmışdır. Həmin hadisə ilə bağlı cinayət işi başlanılmış və o, bu barədə Binəqədi Rayon Polis İdarəsində ifadə vermişdir. İstintaq zamanı ov tüfəngi, giliz və qırmalar polis əməkdaşları tərəfindən evindən götürülmüş və müvafiq ekspertiza təyin edilmişdir. Cinayət işinə xitam verildikdən sonra isə o, silahı və paketin içində olan giliz və qırmaları istintaqı aparan müstəntiqdən təhvil almışdır. Giliz və qırmalar ona lazım olmadıqları üçün onları işi ilə əlaqədar olaraq Qarabağ bölgəsinə getdiyi zaman yolda atmış, onların hazırda harada olduğunu bilmir. Silahı müstəntiqdən götürdükdən sonra idarə etdiyi “BMW 525” markalı **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa saxlanc yerində sökülmüş vəziyyətdə saxlamışdır. Silahı yataq otağında taxta şkafın içində saxlamağının qanuna zidd olduğunu sonradan, yəni hadisə baş verdikdən sonra bilmiş, etdiyi diqqətsizlik səbəbindən baş verən hadisəyə görə peşmandır. Zərər çəkmiş şəxsin ailəsinin ondan şikayət və tələbləri olmamış və hazırda da yoxdur. Cəza təyin edərkən ilk dəfə ehtiyatsızlıqdan cinayət törətdiyinin, əməlindən peşman olduğunun, zərər çəkmiş tərəfin şikayət və tələbinin olmadığının nəzərə alınmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Şahid1 onun atasıdır. Fərid adlı tanışı ondan iki il böyükdür, elə olurmuşdur ki, onların ailələri bir-biri ilə görüşəndə Fəridi görmüş, onlar birlikdə oynamışlar. 20 yanvar 2023-cü il tarixdə ailəsi, yəni atası, anası və bacısı Ayşə ilə birlikdə Fəridgilə qonaq getmişlər. Qonaq gəldikdən sonra o və Fərid böyüklərdən ayrı oynamaq üçün digər otağa keçmişlər. Otağa keçdikdən sonra mobil telefon götürüb orada bir oyunu oynamaq istəmişdir. Həmin oyun “Pub G” imiş, oyun silaha aiddir, onun başı oyuna qarışmış, Fərid isə tüfənglə onu vurmuşdur. Onlar həmin zaman böyüklərdən ayrı başqa otaqda imişlər. Yara aldıqdan sonra huşunu itirmiş və uzun müddət xəstəxanada müalicə almışdır. Fərid tüfəngi masaya oxşar bir yerdən götürmüş, silah açıq bir yerdə imiş, Fəridin hansısa qapını açaraq silahı götürməsi yadında deyil, həmin yer şkaf deyilmiş, silah haradasa üstdə imiş. Onlar otağa keçdikdən 2 dəqiqə sonra hadisə baş vermiş, onlar otağa keçdikdə Fərid oraya baxmış, sonra hadisə olmuşdur. O, həmin zaman telefonda oyun oynamış, Fəridə baxmamışdır. Şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 10 ildir ki, tanıyır. Aralarında uzaq qohumluq əlaqələri var. Elçin ilə aralarında bir o qədərdə yaxın münasibət olmamışdır. Ailəvi olaraq və yaxud o, özü tək heç vaxt Elçinin evinə getməmişdir. 2023-cü ilin yanvar ayının ortalarında qaynı Fərid Qasımovun övladı dünyaya gəlmiş və sonuncu Naxçıvanda polis orqanlarında işlədiyi üçün yoldaşı Zeynəb Qasımova yeni dünyaya gəlmiş övladı ilə birlikdə bir neçə gün ərzində yoldaşı Bakıya gələnədək Təqsirləndirilən şəxs evində yaşamışdır. O da ailəsi ilə birlikdə Fəridin yoldaşına dəstək olmaq və övladının dünyaya gəlməsi münasibətilə xeyir-dua vermək üçün qeyri-iş günü hesab edilən 20 yanvar 2023-cü il tarixdə vaxt tapıb Elçinin yaşadığı Binəqədi qəsəbəsində yerləşən fərdi yaşayış evinə getmişdir. Yoldaşı Şahid2, qızı Ayşə Əmirli və oğlu Zərərçəkmiş şəxs ilə birlikdə oraya getmişlər. Onları orada Zeynəbin anası Sahibə xanım qarşılamış, daha sonra onlar qonaq otağına keçmiş və Zeynəb yeni dünyaya gəlmiş oğlunu baxmaqları üçün yanına gətirmişdir. Onlar uşağa baxaraq öz arzu və diləklərini Zeynəbə çatdırmış, bu zaman oğlu X2 Nəbiyev ilə digər otaqda oynamaq istədiyini söyləmişdir. O, buna etiraz etməmiş və uşaqlar evin yataq otağına keçmişlər. Uşaqların getdiyi otağın qapısının açıq olub-olmamasını dəqiq xatırlamır. Uşaqların otağa daxil olmaqlarından 5 dəqiqə sonra, saat təxminən 18 radələrində uşaqların oynadıqları yataq otağından atəş səsinə oxşar güclü bir səs eşidilmişdir. O və evdə olan digər adamlar həmin səsə çox qorxmuş və dərhal yataq otağına keçmişlər. Yataq otağına daxil olduqda o, oğlu Ömərin yatağın üzərində çırpındığını, Fəridin isə şok və qorxu içində əllərini üzünün üzərində saxladığını görmüşdür. Ömərin yanına gəlmiş və sonuncunun qan içində olduğunu, artıq gözlərinin yumulduğunu görmüş və buna görə dərhal Öməri əli ilə qucağına götürüb xəstəxanaya aparmaq qərarına gəlmişdir. Oğlunun bu cür vəziyyətdə olduğunu gördükdən sonra yataq otağında olan digər bir şeylərə fikir verə bilməmişdir. O, yoldaşı və qaynı Fərid oğlunu “28 May” metrostansiyasının yaxınlığında yerləşən “X3”ya aparmışlar. Evdən oraya təxminən yarım saat ərzində çatmışlar. Oraya çatdıqda Öməri dərhal reanimasiya şöbəsinə aparmışlar və həmin gün əməliyyat olunmuşdur. Orada həkimlərin rəyi ilə oğlunun sol ağciyər və sol çiyin nahiyələrindən odlu silahdan açılmış atəş nəticəsində yaralar alması müəyyən edilmişdir. O, başa düşmüşdür ki, Təqsirləndirilən şəxs yaşadığı evin yataq otağında heç bir qanun və standartlara uyğun olmayan vəziyyətdə patronlarla dolu halda olan odlu silah saxlamış və sonuncunun oğlu Fəridin ehtiyatsızlıqdan həmin silahdan atəş açması nəticəsində oğlu Ömər xəsarət almışdır. Onun oğlu Ömər Fərid ilə birlikdə yataq otağına keçib atəşin açılmasınadək təxminən 5 dəqiqə vaxt keçmiş, o başa düşmüşdür ki, silah otağın görünən hissəsində qoyulmuşdur. Uşaq 19 gün ərzində xəstəxanada koma vəziyyətində yatmış, təxminən bir ay sonra səhhəti biraz yaxşılaşdıqda onlar müalicəsini ambulator şəraitdə evdə davam etdirmişlər. İndiyədək oğlu həmin günün fəsadları ucbatından psixoloji cəhətdən sarsıntılar yaşayır. O, Ömərin psixologiyasının korlanmaması üçün hadisədən bir neçə ay sonra həmin gün nəyin baş verdiyini soruşmuşdur. Təxminən 2023-cü ilin aprel ayında psixoloqun köməyi ilə o, nəhayət həmin gün nəyin baş verdiyini soruşmuşdur. Ömər demişdir ki, Fərid ilə yataq otağına keçib 2-3 dəqiqə ərzində oynadıqdan sonra Ömər özü mobil telefonunda oyun oynamağa başlamış, Fəridə fikir vermədiyi zaman isə qəflətən sonuncunun olduğu tərəfdən atəş açılmış və güclü ağrı hiss edərək huşunu itirmişdir. Atəş Fərid tərəfdən gəlmiş, həmin zaman Fərid otağın giriş hissəsində Ömər isə otağın digər tərəfində olmuşdur. Ömər həmin vaxt Fərid ilə oynamadığı üçün başı digər şeylərə qarışdığından silahı və konkret olaraq ona atəş açılma anını görməmişdir. Həmin hadisədən sonra Təqsirləndirilən şəxs bir neçə dəfə onunla görüşüb üzrxahlıq etmiş, evində həqiqətən də odlu silah saxladığını bildirmişdir. Uşaqların bağlanmış vəziyyətdə olan şkafın qapısını açıb daha sonra patronları odlu silaha yerləşdirməkləri tamamilə qeyri-mümkündür. Belə ki, uşaqların yataq otağına keçməkləri və oradan atəş səsinin gəlməsinə qədər təxminən 5 dəqiqə vaxt keçmiş və bu müddət ərzində balaca uşaqlar tərəfindən şkafın qapısının açarla açılması və ən əsası odlu silahın patronla doldurulması qeyri-mümkündür. Həmin odlu silah çox güman ki, otaqda yatağın üzərində yataq örtüyünə bükülmüş və patronlarla doldurulmuş vəziyyətdə olmuşdur. Atəş səsi biraz boğanıq, yəni tam güclə çıxmadığı üçün ehtimal edir ki, silah yataq örtüyünə bükülmüş vəziyyətdə olmuşdur. Oğlunun qan içində olduğunu gördükdən sonra onun ağlında yalnız Öməri xilas etmək fikri olmuş və buna görə yataq otağında nəyin olmasına diqqət yetirə bilməmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Şahid qismində dindirilmiş Şahid2 və Şahid4 Şahid1 ifadəsinə uyğun ifadə vermişlər. Şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun atasıdır, Ömər də onunla həmyaşıddır, ailəsi ilə birlikdə bir neçə dəfə onların evinə qonaq gəldiyi üçün Öməri tanımışdır. 20 yanvar 2023-cü il tarixdə yaşadığı evə tanıdığı Ömər adlı dostu ailəsi ilə birlikdə gəlmişlər. Həmin vaxt onların evlərində o, bacısı Fatimə, bibisi Zeynəb, anası Səkinə var imiş. Ömər atası Bəhruz və adlarını bilmədiyi anası və bacısı ilə birlikdə qonaq gəlmişlər. Evə gəldikdən bir neçə dəqiqə sonra o, əvvəllər də tanıdığı Ömərlə ayrıca oynamaq üçün hər ikisi evin yataq otağına getmişlər. Orada o, Ömərlə “dzenqa” adlı masaüstü oyunu oynamaq istəmiş və buna görə yataq otağında olan taxta şkafın içindən həmin oyunu götürməli imiş. Həmin şkafın qapısı açıq olmuş və o, əli ilə qapısını açdıqda orada oyunun əvəzinə tüfəngin olduğunu görmüşdür. Həmin tüfəngi əlinə götürüb oynatmaq istəmişdir. Əlini uzadıb tüfəngi şkafın içindən götürmüş və bundan sonra əli ilə silahı çəkərək döyüş halına gətirmişdir. Tüfəngi necə çəkməli olduğunu oyunlardan və kinolardan öyrənmişdir. Bundan sonra o, tüfəngin tətiyinə basmış və bu zaman atəş açılmışdır. Bir neçə saniyə sonra səs-küyə evdə olan bütün şəxslər gəlmişlər. O, həmin zaman Ömərin xəsarət aldığını xatırlaya bilmir, çünki özü şok vəziyyətində olmuş, Ömərin yıxıldığını və yaxud qan içində olduğunu xatırlamır. Bu məqamlar yaddaşından silinmişdir. Bundan sonra isə Ömərin valideynləri onu xəstəxanaya aparmışlar. Tüfəngi yaşadığı evin yataq otağında olan taxta şkafın içindən götürmüşdür. Şkafın qapısı açarla bağlanmamış, o, sadəcə olaraq qapısını əli ilə açıb orada tüfəngin olduğunu görmüş və oynamaq üçün oradan götürmüşdür. Tüfəngə patron doldurmamış, silahı çəkib döyüş halına gətirmiş, guman edirdi ki oyuncaq tüfəngdir. Evdə tüfəngin olması barədə ona heç kim deməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Cinayət işi başlanması barədə 20 yanvar 2023-cü il tarixli qərardan görünür ki, faktla bağlı Azərbaycan Respublikası CM-in 131-ci maddəsi ilə cinayət işi başlanılıb icraata qəbul edilmişdir (cild 1, i.v 1). Məhkəmə-ballistik ekspertizasının 30 yanvar 2023-cü il tarixli 23/72 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd 12200154 nömrəli silah, İngiltərə dövlətində zavod üsulu ilə istehsal olunmuş 12 kalibrli “Churchil” modelli çaxmaqsız, hamar tək lüləli, sürüşən lüləaltı yastıq vasitəsilə təkrar doldurulan ov tüfəngidir, odlu yivsiz silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissə-mexanizmləri üzərində kustar üsulla sonradan heç bir əlavə və dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 01 ədəd giliz, 12 kalibrli ov silahlarından atəş açmaq üçün nəzərdə tutulmuş ov patronunun bir hissəsidir - boş atılmış gilizidir. Hal-hazırda atəş üçün yararsızdır və döyüş sursatı hesab edilmir. 12 kalibrli 12200154 nömrəli “Churchil” modelli ov tüfəngindən atılmışdır. Tədqiqata təqdim edilmiş 13 ədəd dairəvi formada olan metal əşyalar, zavod üsulu ilə istehsal olunmuşdur, 12 kalibrli ov patronunun içərisində yerləşən komponentlərdən biri olan atılmış qırmalardır. Hal-hazırda təyinatı üzrə istifadə üçün yararsızdırlar və döyüş sursatı hesab edilmirlər (cild 1, i.v 38-44). Məhkəmə-tibbi ekspertizasının 18 mart 2023-cü il tarixli 499 nömrəli rəyindən görünür ki, azyaşlı Zərərçəkmiş şəxs bədəni üzərində döş qəfəsinin ön səthində sol yarısının, sol yan səthinin, arxa səthinin sol yuxarı yarısının və sol bazunun orta-yuxarı 1/3-in arxa-iç səthinin çapıq toxumaları, sol kürək nahiyəsinin cüzi serozlu-ifrazatlı yarası xəsarətləri aşkar edilmişdir. Çapıq toxumaları həmin nahiyələrdə olmuş odlu silah yarası izləri olub patronu qırma ilə (qırmalarla) doldurulmuş odlu silahdan atılmış atəş nəticəsində törənmişdir. Yara dəlib-keçən olmaqla yara kanalı boyu döş qəfəsinin sol ön, yan və arxa divarının, sol bazunun orta-yuxarı 1/3-in arxa-iç səthinin yumşaq toxuma və əzələləri, sol ağciyərin aşağı payı zədələnmiş, bunlar ümumilikdə kəskin daxili və xarici qanaxmaya, sol plevra boşluğuna qan və havanın toplanmasına (hemopnevmotoraks) və postravmatik pnevmoniyaya (ağciyərin iltihabı prosesi) səbəb olmuşlar, 20 yanvar 2023-cü il tarixdə kənar şəxs tərəfindən atılmış atəş nəticəsində əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddirlər (cild 1, i.v 70- 74). Əməlin tövsif edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-in 131-ci maddəsindən həmin Məcəllənin 131.2 və 230-cu maddələrinə tövsif olunmuşdur (cild 1, i.v 90-91). Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-in 230-cu maddəsində nəzərdə tutulan cinayəti törətməkdə ittiham elan edilmişdir (cild 1, i.v 189-191). Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbri seçilmişdir (cild 1, i.v 202-204). Cinayət işi üzrə əməlin tövsif edilməsi və sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-in 131.2 və 230-cu maddələrindən həmin Məcəllənin 230-cu maddəsinə tövsif olunmuş, 01 ədəd 12200154 nömrəli, 12 kalibrli, “Churchil” modelli odlu yivsiz ov tüfəngi maddi sübut hesab edilməklə Bakı şəhər Baş Polis İdarəsinin Təchizat Şöbəsinə təhvil verilmiş, həmçinin maddi sübut hesab olunmuş 01 ədəd 12 kalibrli ov silahlarından atəş açmaq üçün nəzərdə tutulmuş ov patronun hissəsi olan boş atılmış giliz və 13 ədəd dairəvi formalı 12 kalibrli ov patronunun içərisində yerləşən komponentlərdən olan atılmış qırmaların Binəqədi Rayon Polis İdarəsinin İstintaq şöbəsi tərəfindən Təqsirləndirilən şəxs geri qaytarıldıqdan sonra sonuncu tərəfindən naməlum şəraitdə itirilməsi nəzərə alınmışdır (cild 1, i.v 225-226). Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Bu mənada məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 230-cu maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi öz ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Ona düzgün olaraq Cinayət Məcəlləsinin 230-cu maddələri ilə ittiham irəli sürülmüşdür. Onun hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar və əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011ci il tarixli qərarları) Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-dən verilmiş xx.xx.2023cü il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir (cild 1, i.v 69). Cinayət işinin materiallarında olan zərər çəkmiş şəxs azyaşlı X1 qanuni nümayəndəsi (atası) Şahid1 xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur (cild 1, i.v 63). Elektron Məhkəmə İnformasiya Sistemində olan şəxsin qohumluq məlumatlarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2011-ci il təvəllüdlü Fatimə və xx.xx.2014-cü il təvəllüdlü Fərid adlı uşaqları vardır. Məhkəmə Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağın olmasını, həmin Məcəllənin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə edilməsini onun cəzasını yüngülləşdirən hallar kimi müəyyən edir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza növü ilə bağlı qeyd edir ki, müəyyən müddətə azadlıqdan məhrumetmə və azadlığın məhdudlaşdırılması cəzaları daha ağır cinayət-hüquqi nəticələr yaratdığından mövcud halda cəzanın məqsədinə uyğun gəlmir. Belə ki, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayətdə təqsirləndirilir. İlk dəfədir ki, cinayət məsuliyyətinə cəlb edilir. Törətdiyi cinayət ehtiyatsızlıqdan törədilmişdir. Zərər çəkmiş tərəfin ona qarşı şikayəti və tələbi yoxdur. Bu baxımdan məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq və eyni zamanda sanksiyada nəzərdə tutulmuş islah işləri cəzasının onun islah olunması üçün təsirli olacağı qənatinə gələrək belə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sankiyası həddində islah işləri cəzasının təyin edilməsi daha məqsədəmüvafiqdir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cərimə cəzası cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilmiş islah işləri cəzasını probasiya idarəsinin müəyyən etdiyi yerdə çəkməli, cəzasının əvvəli qazancından dövlət nəfinə ilk tutulmalar aparıldığı vaxtdan hesablanmalıdır. Məhkəmə maddi sübutların həlli ilə bağlı hesab edir ki, maddi sübut kimi tanınmaqla Bakı şəhər Baş Polis İdarəsinin Təchizat Şöbəsinə təhvil verilmiş 01 ədəd 12200154 nömrəli, 12 kalibrli, “Churchil” modelli odlu yivsiz ov tüfəngi sahibi Təqsirləndirilən şəxs qaytarılmalı, 01 ədəd 12 kalibrli ov silahlarından atəş açmaq üçün nəzərdə tutulmuş ov patronun hissəsi olan boş atılmış giliz və 13 ədəd dairəvi formalı 12 kalibrli ov patronunun içərisində yerləşən komponentlərdən olan atılmış qırmaların Binəqədi Rayon Polis İdarəsinin İstintaq şöbəsi tərəfindən Təqsirləndirilən şəxs geri qaytarıldıqdan sonra sonuncu tərəfindən naməlum şəraitdə itirilməsi nəzərə alınmalıdır. İş üzrə məhkəmə xərci yoxdur, mülki iddia verilməmişdir. Həmçinin qeyd edilməlidir ki, Müdafiəçi1 cinayət işi üzrə Təqsirləndirilən şəxs cəmi 35 (otuz beş) saat müddətində hüquqi yardım göstərmiş, o cümlədən məhkəmədə iclaslarda iştirak etmiş, cinayət işinin materialları ilə tanış olmuş və digər hərəkətlərdə onun hüquqlarını müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azrbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 230-cu maddəsi ilə təqsirli bilinib hər ay qazancından dövlət nəfinə 20 faiz məbləğində pul tutulmaqla 2 (iki) il müddətə islah işləri cəzasına məhkum edilsin. Cəzasını probasiya idarəsinin müəyyən etdiyi yerdə çəksin. Cəzaçəkmə müddətinin əvvəli qazancından dövlət nəfinə ilk tutulmalar aparıldığı vaxtdan hesablansın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübutlar - Baş Polis İdarəsinin Təchizat Şöbəsinə təhvil verilmiş 01 ədəd 12200154 nömrəli, 12 kalibrli, “Churchil” modelli odlu yivsiz ov tüfəngi sahibi Təqsirləndirilən şəxs qaytarılsın. 01 ədəd 12 kalibrli ov silahlarından atəş açmaq üçün nəzərdə tutulmuş ov patronun hissəsi olan boş atılmış giliz və 13 ədəd dairəvi formalı 12 kalibrli ov patronunun içərisində yerləşən komponentlərdən olan atılmış qırmaların Binəqədi Rayon Polis İdarəsinin İstintaq şöbəsi tərəfindən Təqsirləndirilən şəxs geri qaytarıldıqdan sonra sonuncu tərəfindən naməlum şəraitdə itirilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 35 (otuz beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı – 210 (iki yüz on) manat ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar