Məhkəmə qərarları › İş №1(001)-259/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-259/2021

16.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-259/2021 16.07.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimov Elçin Əhəd oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, ailəli, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, ünvan 8-də qeydiyyatda olan və yaşayan, hal-hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 01.02.2021-ci il tarixdə, axşam saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü mədəndə yerləşən X4 yaxınlığında istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq, ümumilikdə 0,568 qram çəkidə narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, 02 fevral 2021ci il tarixdə, saat 01:30-da Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, ünvan 1 ünvanının yaxınlığında saxlanılaraq ünvan 2 ünvanında yerləşən 43-cü Polis Bölməsinə gətirilmiş və orada üzərinə baxış keçirilərkən əynindəki göy rəngli cins şalvarının arxa sağ cibindən qəhvəyi rəngli pul qabının içərisindən ayrı-ayrılıqda təmiz çəkiləri 0,118 qram, 0,087 qram, 0,120 qram, 0,120 qram və 0,123 qram olmaqla, ümumilikdə 0,568 qram çəkidə 05 ədəd gümüşü-ağ kağız bükümlərdə tünd qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə hesab olunan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 02 fevral 2021-ci il tarixdə, saat 16 radələrində Bakı şəhəri Binəqədi rayonu, Binəqədi qəsəbəsində, mədən-3 ünvanında yerləşən X4 yaxınlığında avtomaşın yolu ilə gedən zaman yerdən şəffaf sellofanın olmasını görmüş, o, həmin sellofanı götürdükdən sonra içərisinə baxış keçirmiş və görmüşdür ki, həmin sellofanın içərisində beş ədəd ağ kağız büküm var. Həmin bükümün içərisini açmış və baxış keçirən zaman həmin bükümün içərisində qəhvəyi rəngli maddə olmasını görmüş, o, həmin maddənin narkotik maddə olan kakos olmasını bilmişdir. O, həmin bükümləri götürərək əynində olan göy rəngli şalvarının arxa cibindəki cüzdanını çıxararaq onun içərisinə qoymuşdur. 02.02.2021-ci il tarixdə, saat 01:30-da yaşadığı evin yaxınlığında yol ilə gedən zaman 2 nəfər polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş və üzərində narkotik vasitə olmasından şübhə edildiyi üçün üzərinə şəxsi axtarış aparılması məqsədi ilə onu Binəqədi RPİ-nin 43-cü PB-yə dəvət etmişlər. O. isə onlara etiraz etməyərək, onlarla birlikdə polis bölməsinə gəlmişdir. 43-cü polis bölməsində ona müdafiəçi təqdim edilərək hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra orada ona öz razılığı ilə müdafiəçinin iştirakı olmadan hüquq və vəzifləri izah edilərək video çəkiliş vasitəsilə üzərimə baxış keçirilmişdir. Polis əməkdaşları üzərində olan əşyaları təqdim etməyi təklif etmişlər. O, etiraz etməyib əynində olan göy rəngli cins şalvarının arxa sağ yan cibindən cüzdanını çıxararaq 05 ədəd ağ kağıza bükülmüş bükümü polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları ondan beş ədəd ağ kağıza bükülmüş bükümün içində nə olduğunu soruşduqda o, onlara bildirmişdir ki, həmin bükümün içində adını “kakos” kimi bildiyi narkotik maddə vardır. Təqdim etdiyi içərisində narkotik vasitə-kakos olan beş ədəd kağıza bükülmüş bükümü onun, polis işçilərinin iştirakı ilə çəkiliş aparılmaqla götürülərək qablaşdırılıb möhürlənmiş və bu barədə protokol tərtib olunmuşdur. Protokol imzalanmazdan əvvəl onun tərəfindən protokola əlavə və düzəlişlər etmək, təklif və iradlarını bildirmək hüququ izah olunmuşdur. Protokola əlavə və düzəlişlərinin, təklif və iradlarının olmadığını bildirdikdən sonra protokol o və polis əməkdaşları tərəfindən imzalanmışdır. Adını kakos kimi bildiyi həmin narkotik vasitəni 02 fevral 2021-ci il tarixdə, saat 16 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində, mədən-3 ünvanında yerləşən X4 yaxınlığında avtomaşın yolu ilə gedən zaman tapmışdır. O, narkotik vasitə olan “nəyşədən” istifadə etdiyini, üzərində aşkar edilərək götürülmüş narkotik vasitə olan heroini 02 fevral 2021-ci il tarixdə, saat 16 radələrində Bakı şəhəri Binəqədi rayonu, Binəqədi qəsəbəsində, mədən-3 ünvanında yerləşən X4 yaxınlığında avtomaşın yolu ilə gedən zaman tapdığını, ona heç bir pisxi və fiziki zor tətbiq edilmədiyini, həmin maddəni bükümdə olmasını gördüyünə görə narkotik maddə olmasını bilmiş, ona görə də götürdüyü həmin maddəni tanışlarından birinə göstərmək məqsədi ilə üzərində gəzdirdiyini, narkotik vasitələrin satışı ilə məşğul olmadığını, üzərində aşkar edilərək götürülmüş 05 büküm narkotik vasitəni marixuana ilə dəyişmək istədiyini, ona görə də həmin narkotik vasitə olan heroini öz üzərində gəzdirdiyini bildirmişdir. Göstərilənləri və himayəsində üç azyaşlı uşağının olmasını nəzərə alınaraq barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Binəqədi RPİ-nin 43-cü PB-nın cinayət axtarışı üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, 01 fevral 2021-ci il tarixdə, xx.xx.1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələrin əldə edərək üzərində gəzdirməsi barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədilə tərəfindən əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuş və buna görə də ondan, Binəqədi RPİ-nin 43-cü PB-nın əməliyyat müvəkkilləri polis baş leytenantı Şahid2 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Bundan sonra o və Şahid2la birlikdə məlumat əsasında 02 fevral 2021-ci il tarixdə, saat 01:30-da ünvan 8 ünvanın yaxınlığında əməliyyat mövqeyi seçmişlər. Həmin vaxt onlar Təqsirləndirilən şəxs əlamətləri ilə üst-üstə düşən şəxsin orada olmasını və özünü şübhəli apardığını görüb, həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim etdikdən sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitələr olması barədə məlumat aldığını bildirib baxış keçirilməsi üçün onu Binəqədi rayon polis idarəsinin 43-cü PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs da heç bir etiraz etmədən onlarla birlikdə polis bölməsinə getmişdir. Bölmədə üzərinə baxış keçiriləcək şəxsiyyəti müəyyən edildikdə həmin şəxsin ünvan 8 ünvanında qeydiyyada olan və yaşayan Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. Bundan sonra ilk öncə Təqsirləndirilən şəxs bölmədə xidməti iş otaqlarının birinə dəvət edilmişdir. Həmin otaqda Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin olunaraq şübhəli şəxs qismində tutulduqdan sonra onun üzərinə videoçəkilişdən istifadə edilməklə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərində qeyri qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsini təklif edildikdə Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının arxa sağ cibindən qəhvəyi rəngli cüzdanı çıxararaq masanın üzərinə qoymuş, cüzdanın içərisinə baxış keçirilən zaman 05 ədəd ağ və gümüşü rəngli kağız bükümlər olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin bükümün içərisində nə olduğunu soruşduqda Təqsirləndirilən şəxs həmin bükümün içərisində narkotik vasitə olan heroin olduğunu, həmin narkotik vasitəni 01.02.2021-ci il tarixdə, 16 radələrində yaşadığı evin yaxınlığında Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü mədəndə yerləşən X4 yaxınlığında avtomaşın yolunun kənarından tapdığını bildirmiş və üzərində saxladığını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və baxış zamanı onun üzərindən başqa heç bir qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Bundan sonra baxış iştirakçılarının iştirakları ilə Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bükümlər qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və onun tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Binəqədi RPİ-nin 43-cü PB-nın cinayət axtarışı üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2, məhkəmə baxışı zamanı dindirilmiş digər Şahid1 ilə oxşar məzmunda ifadə verərək, onun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş: 02.02.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə, psixotrop və güclü təsiredici maddələri əldə edib üzərində saxlaması və daşıması faktına görə CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. (i.v. 1) 02.02.2021-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə, saat 02:10-da Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 19-20) 02.02.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü PB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq polis bölməsinə gətirilmiş və bölmədə onun üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarının arxa sağ yan cibində olan cüzdanından 05-ədəd ağ və gümüşü siqaret kağızı bükümündə qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. (i.v.31- 33) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03.02.2021-ci il tarixli, 5(001)-139/2021 nömrəli qərarından görünür ki, Bakı şəhər Binəqədi Rayon Polis İdarəsinin 43-cü PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 tərəfindən qəbul edilmiş əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair 01.02.2021-ci il tarixli qərar qanuni hesab edilmişdir. (i.v.67-69) Məhkəmə Ekspertizası Mərkəzinin 02.02.2021-ci il tarixli, 6/463 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün №243” möhür əksi, “...Təqsirləndirilən şəxs...” və s. yazılar, imzalar olan zərfdəki 05 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,118 qram; 0,087 qram; 0,120 qram; 0,120 qram; 0,123 qram; ümumi təmiz çəkisi 0,568 qram maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. 05 bükümdəki heroinlər kimyəvi tərkiblərinə görə öz aralarına eynilik təşkil edirlər. (i.v. 51-52) 02.02.2021-ci il tarixli Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ”XİOMİ REDMİ” markalı, “M2004J19G” modelli tünd bənövşəyi rəngli mobil telefonuna baxış keçirilməsi protokolundan görünür ki, baxış keçirilən zaman müəyyən edilmişdir ki, götürülmüş 01 ədəd mobil telefon aparatı “XİOMİ REDMİ” markalı, “M2004J19G” modelli, tünd bənövşəyi rənglidir, mobil telefon aparatının üzərində ***-***-**-** GSM nömrəsi vardır. Həmin mobil telefonun İMEİ kodunu müəyyən etmək məqsədi ilə “ulduz”, “dies” 06 “dies” düymələrini basdıqda ekranda **********76305/01 və **********76313/01 İMEİ kod rəqəmləri əks olundu. Həmin mobil telefonun üzərində hər hansı bir fərqləndirici əlamət yoxdur. Mobil telefona Binəqədi RPİ-nin MSY-də baxış keçirilmiş və baxış zamanı mobil telefonun ekranında çoxlu sayda müxtəlif proqramların olması müəyyən edilmişdir. Mobil telefonun ekranında yuxarıda soldan birinci proqram olan “Whatsapp” proqramına baxış keçirilən zaman müəyyən olunmuşdur ki, 01.02.2021-ci il tarixdə, saat 09:33-də ***-***-**- ** GSM nömrəli, kontakda adı “Tural Mehle” kimi qeyd edilmiş şəxs Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** GSM nömrəli mobil telefona “Whatsapp” proqramı vasitəsi ilə mesaj göndərərək bildirmişdir ki, “gəlirəm, salam qaqas, 1 dənə, hardasan, qaqas”. Təqsirləndirilən şəxs ona cavab olaraq “Tretidə, evdə, yetim ancaq 15 dik qalıb 2 dənə”. Bundan başqa baxış zamanı müəyyən edildi ki, kontaktda adı “X7” kimi qeyd edilmiş şəxs 01.02.2021-ci il tarixdə, saat 00:08-də **********4 nömrəli mobil telefon aparatından “Whatsapp” proqramı vasitəsi ilə mesaj göndərərək bildirmişdir ki, “patiynan dayısan var, talas evə geridəm”. Cavabında Təqsirləndirilən şəxs bildirmişdir ki, “Hardasan, indi qaqaü”. Bundan başqa həmin telefonun mesaj bölməsinə girdikdə ***-***-**-** saylı mobil nömrəsindən 01.02.2021-ci il tarixdə, 05:54-də Təqsirləndirilən şəxs istifadə etdiyi mobil nömrəsinə “Maqa salam necesen nemen emin qaqas bidene 05 kola tapmağ olar?” bildirmişdir. (i.v. 60-61) 03.02.2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsindən həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif edilmişdir. (i.v. 65) 03.02.2021-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 234.2-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. (i.v. 71-72) Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin 12.02.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07.08.2013-cü il tarixli hökmü ilə CM-in 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 2000 manat cərimə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 18.10.2013-cü il tarixli qərarı ilə 07.08.2013-cü il tarixli hökmü dəyişdirilib, 2 il 6 ay 11 gün azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, 29.04.2016-cı il tarixdə cəzasını sonu ilə azad edilmişdir. (i.v. 115) 10.03.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 05 ədəd bükümdə, ümumi təmiz çəkisi 0,568 qram təşkil edən narkotik vasitə heroin cinayət işinə əlavə edilməklə maddi sübut kimi tanınmış və qalıq qalmış 0,518 qram çəkidə narkotik vasitə olan heroin məsul saxlanış üçün Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. (i.v. 133-134) 24.04.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd ”XİOMİ REDMİ” markalı “M2004J19G” modelli tünd bənövşəyi rəngli mobil telefon maddi sübut kimi tanınmış və Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. (i.v. 169-176) Doğum haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 08.12.2019-cu il təvəllüdlü X3 adlı bir azyaşlı uşağı vardır. (i.v.146 ) 29.03.2021-ci il tarixli, 880 saylı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxs Ambulator X1 rəyindən görünür ki, Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarınında sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyatda alınması məsləhət görülür. (i.v.147-148 ) 24.04.2021-ci il tarixli AZF/LGL-140/21 saylı "xxxx" MMC-dən daxil olmuş Təqsirləndirilən şəxs telefon və sms danışıqlarının çıxarılması dair CD formatlı diskə baxış keçirilməsi protokolundan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs müxtəlif vaxtlarda şəxsiyyətləri istintaqa məlum olmayan şəxslərlə narkotik vasitələrin, psixotrop maddələrin və güclü təsiredici maddələrin satışı barədə söhbətlər aparmışdır. (i.v. 155-156) 25.04.2021-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 234.2-ci maddəsi ilə nəzərdə tutulan yenidən ittiham elan olunmuşdur. (i.v. 79-80) Beləliklə məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək məhkəmə iclasında verdiyi narkotik vasitə, psixotrop və güclü təsir edən maddələrin satışı ilə məşğul olmaması barədə ifadəsi iş üzrə toplanmış sübutlarla və işin faktiki halları ilə tam təkzib edildiyindən, həmçinin iş materiallarında olan sübutlarla təsdiq edilmədiyindən və işin faktiki halları ilə uyğunluq təşkil etmədiyindən məhkəmə Təqsirləndirilən şəxs həmin ifadəsini işin faktiki hallarına uyğun olmayan və özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.2-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayətlər hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, CM-in 59.1.4-cü maddəsinə əsasən himayəsində azyaşlı uşağının olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən halla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.2-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən halı nəzərə alaraq, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmədə tədqiq edilmiş və işdə olan 02.02.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 02.02.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03.02.2021-ci il tarixli, 4(001)-106/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli 02.02.2021-ci il tarixdən hesablanmışdır. (i.v.89-84) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30.04.2021-ci il tarixli, 4(001)-403/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsdə saxlanılma müddəti 20 gün müddətinə uzadılmışdır. (i.v.217-221) Göründüyü kimi, Təqsirləndirilən şəxs 02.02.2021-ci il tarixdən hazırkı vaxtadək həbsdə saxlanılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanması müddəti ona təyin olunacaq cəza müddətinə daxil edilməli və cəza müddətinin əvvəli 02.02.2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CM-in 93.1.2-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 0,518 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, eləcə də axtarış və götürmənin görüntülərini özündə əks etdirən 01 ədəd disk və "xxxx" MMC-dən daxil olmuş 1 ədəd disk, cəmi 2 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd ”XİOMİ REDMİ” markalı “M2004J19G” modelli tünd bənövşəyi rəngli mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs ailə üzvlərinə təhvil verilməlidir. Bundan başqa məhkəmə, CPM-in 197.1.4-cü maddəsinə əsasən hesab edir ki, məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş 109 (yüz doqquz) manat 90 (doxsan) qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə cəmi 40 saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 40 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 40 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 205, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli 02 fevral 2021-ci il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi PX-in Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 0,518 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə sübut kimi tanınmış 2 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd ”XİOMİ REDMİ” markalı “M2004J19G” modelli tünd bənövşəyi rəngli mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs ailə üzvlərinə təhvil verilsin. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 109 (yüz doqquz) manat 90 (doxsan) qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X2 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Cinayət işi üzrə xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 40 (qırx) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mahirə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar