Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-259/2024 15.04.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxxx 1995-ci ildə Goranboy rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Goranboy rayonu Şadılı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 180.1-ci və 29, 318.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmə məqsədi ilə xx.xx.2023-cü il tarixdə saat 16 radələrində Binəqədi rayonu S.S.Axundov küçəsində yerləşən “Azadlıq prospekti” metrostansiyasının yaxınlığındakı Zərərçəkmiş şəxs işlətdiyi "xxxx" lotoreya biletlərinin satışı məntəqəsinə yaxınlaşaraq masanın üzərində olan hər birinin dəyəri 05 manat təşkil edən 520 manat dəyərində 104 ədəd "xxxx" biletlərini qəflətən götürüb açıq talayaraq ələ keçirib hadisə yerindən qaçmaqla Zərərçəkmiş şəxs ümumilikdə 520 manat məbləğində maddi ziyan vuraraq soyğunçuluq etmişdir. Bundan başqa o, Azərbaycan Respublikasının vətəndaşı olmaqla Azərbaycan Respublikası dövlət sərhədini İran İslam Respublikasına qanunsuz olaraq keçmək məqsədilə xx.xx.2023-cü il tarixdə gecə saatlarında Biləsuvar rayonuna gələrək orada xx.xx.2023-cü ildə saat 10:05-də Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Biləsuvar rayonunda yerləşən N nömrəli hərbi hissəsinin 2-ci sərhəd zastavasının xidməti ərazisindən məftillərin altından qəsdən Azərbaycan Respublikasının sərhədindən qanunsuz olaraq keçməyə cəhd etmiş, Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən 2-ci sahədə 66/2 nömrəli köməkçi sərhəd nişanından təqribən 150 metr sağda, dövlət sərhəd xəttindən təqribən 300 metr aralıda, əsas mühəndis-texniki çəpərdən 400 metr içəridə saxlanıldığından bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyərək cinayət etməyə cəhd etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 180.1-ci və 29, 318.1-ci maddələrində özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2023-cü ilin fevral ayının əvvəllərində “Vasmoy bazarı” adlanan yerdə Xəyal adlı şəxslə tanış olmuş, bir neçə dəfə görüşmüşlər. xx.xx.2023-cü ildə Xəyalla birlikdə olarkən ona qohumugildə işinin olduğunu və birlikdə oraya getməyi təklif etmişdir. Bu məqsədlə birlikdə avtobusların biri ilə Abşeron rayonu Mehdiabad qəsəbəsinə yollanmışdır. Təxminən bir qədər vaxt keçdikdən sonra o, Xəyala pul almalı olduğunu deyib “Azadlıq prospekti” və “20 Yanvar” metrostasiyalarına getməli olduğunu bildirdikdə Xəyal da onunla getməyə razılaşmışdır. Həmin gün günorta saatlarında Mehdiabad qəsəbəsindən taksi sifariş vermiş, “Toyota Prius” markalı takiyə əyləşib birlikdə sifariş verdiyi ünvanlara yollanmışlar. Taksi ilk olaraq “Azadlıq Prospekti” metrostansiyasının yaxınlığında yerləşən ünvana gəlib çatdıqda o, sürücüyə 5 dəqiqə gözləməsini bildirərək maşından düşüb getmişdir. Üzərində pul olmadığından oğurluq etməyə qərar vermişdir. Bu məqsədlə o, "xxxx" biletlərinin satışı ilə məşğul olan məntəqəyə yaxınlaşmış, satıcının başının qarışıq olduğunu görüb dəst halında olan "xxxx" biletlərini götürüb cibinə qoyaraq oradan dərhal uzaqlaşıb qaçmağa başlamışdır. Adını sonradan bildiyi satıcı olan şəxs Novruzəli arxasınca düşərək “qaçma dayan” deyə onu səsləsə də, o, qaçmağa davam etmişdir. Bir qədər yol getdikdən sonra kimsənin gəlmədiyini gördükdən sonra taksi istiqamətində hərəkət etmiş, taksiyə əyləşib oradan “20 Yanvar” metrostansiyası istiqamətində getmişlər. “20 Yanvar” metrostansiyasının yaxınlığındakı keçiddə maşını saxlatmış, Xəyal sürücüyə 8 manat gediş haqqı ödəmişdir. Maşından düşdükdən sonra Xəyala buralarda işinin olduğunu və təcili getməli olduğunu deyib ondan aralanmış, vaxt itirmədən oğurladığı "xxxx" biletlərini tanımadığı şəxslərə 200 manata satmış, əldə etdiyi pulu isə şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa, maddi durumu pis vəziyyətdə olduğundan, həmçinin də təxminən 2020-ci il ildə “Umico” onlayn mağazasından 1000 azn məbləğində kreditlə “Samsung A52” smartfonu alıb pulunu verə bilmədiyindən Goranboy rayonu İcra və Probasiya şöbəsi tərəfindən axtarışa verilməklə ölkədən çıxışına qadağa qoyulmuşdur. Bu səbəbdən tutulmamaq üçün ölkədən qeyri-qanuni yolla İrana getməyi qərara almışdır. Bu məqsədlə o, xx.xx.2023-cü il tarixdə gecə saat 23:40 radələrində Bakı şəhərində 3-cü mikrorayon dairəsi yaxınlığında İmişli rayonu istiqamətinə hərəkət edən tanımadığı yol taksilərinin birinə minib birbaşa Biləsuvar rayonuna getmişdir. xx.xx.2023-cü il tarixdə saat 02 radələrində Biləsuvar rayonundakı hansısa parkın yanında taksidən düşüb oradan Biləsuvar rayonu 6 nömrəli qəsəbəyə doğru getmişdir. Müəyyən müddət piyada hərəkət edəndən sonra tikanlı məftillərə yaxınlaşmışdır. Orada təxminən 1-2 saat gözləyəndən sonra məftillərin altından keçib İran istiqamətinə dövlət sərhədinə doğru hərəkət etmişdir. Təxminən 1 kilometr məsafə qət edəndən sonra otluqda gizlənmiş və hava işıqlaşandan sonra bir neçə nəfər silahlı hərbçilər onu saxlayıb zastavaya aparmışlar. Əməllərindən peşmandır. Soyğunçuluq nəticəsində zərər çəkmiş şəxsə vurduğu ziyanı tam olaraq ödəmişdir. Zərər çəkmiş şəxsin ona qarşı şikayəti və tələbi yoxdur. Ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki,Binəqədi rayonu,S.S.Axundov küçəsi, “Azadlıq Prospekti” metrostansiyasının aşağı çıxışında yerləşən yerdə "xxxx" ASC-yə məxsus olan "xxxx" məntəqəsini işlədir. Əsas işi qeyd olunan "xxxx" ASC-yə məxsus olan uduş təyinatlı "xxxx" biletlərini nəğd şəkildə həmin ASC-dən əldə edərək üzərinə bir qədər pul qoymaqla onların satışını həyata keçirməkdən ibarətdir. 06 fevral 2023-cü il tarixdə saat 16 radələrində işdə olan zaman bir nəfər tanımadığı şəxs müştəri qismində məntəqəyə yaxınlaşıb "xxxx" biletlərini almaq istədiyini bildirmişdir. Həmin tanımadığı şəxs başının qarışdığını görüb 104 ədəd lotoreyanı əlinə götürüb dərhal qaçmış, o da həmin şəxsin arxasınca qaçaraq “qaçma dayan” deyə səslənsə də, şəxs qaçmağa davam etmişdir. Bir qədər məsafə qət etdikdən sonra müvazinətini itirib yerə yıxılmış, həmin şəxsin isə sonradan hara getdiyini görə bilməmişdir. Baş vermiş hadisə ilə bağlı polisə məlumat vermişdir. Hadisə nəticəsində ona ümumilikdə 520 manat miqdarda maddi ziyan dəymiş, ziyan tam şəkildə ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş DSX-in N nömrəli hərbi hissənin 17ci sərhəd zastavasının əsgəri Şahid4 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 08:40-da 2-ci sahə istiqamətində sərhəd naryadı tərəfindən dumanlı havada qaraltı müşahidə edilmiş və bu barədə dərhal zastavaya məruzə olunmuşdur. Zastava dərhal “Silaha” komandasına qaldırılaraq “Pərdələyici dəstə”-lər tərkibində həmin istiqamətə doğru hərəkət etmiş və nəticədə saat 10 radələrində, 2-ci sahədə əsas mühəndis-texnikı çəpərdən içəridə Təqsirləndirilən şəxs saxlanılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş DSX-in N nömrəli hərbi hissənin 17ci sərhəd zastavasının zabiti Şahid5 da Şahid4 ilə oxşar məzmunda ifadə vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: Cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in 318.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır (cild 1, i.v.1). Cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in 180.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır (cild 1, i.v.24). Cinayət işlərinin bir icraatda birləşdirilməsi və əməlin tövsif edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, 23004111 nömrəli və ********* nömrəli cinayət işləri bir icraatda birləşdirilməklə əməl Azərbaycan Respublikası CM-in 180.1 və 318.1-ci maddələrinə tövsif edilmişdir (cild 1, i.v.21-22). Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması barədə xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-in 180.1-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsinə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, i.v.96). Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-in 180.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir (cild 1, i.v.120-121). Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir (cild 1, i.v.143-145). Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən və iş materiallarına əlavə edilmiş hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Goranboy Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə qaydasını pozmağa görə Goranboy Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsi 06 ay 03 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş və xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir (cild 1, i.v.160-175). Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-in 180.1 və 29, 318.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir (cild 1, i.v.221-222). Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası CMin 180.1-ci və 29, 318.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində Təqsirləndirilən şəxs təqsirliliyi öz ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, habelə işin digər materialları ilə tam sübuta yetirilir və ona düzgün olaraq həmin maddələr ilə ittiham irəli sürülmüşdür. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri sübuta yetirildiyinə görə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarına əlavə olunmuş zərər çəkmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, ona dəymiş zərər tam şəkildə ödənilmişdir, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsaslanmaqla cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi müəyyən edir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə təyin olunacaq cəzanın təqsirkar şəxsin islah olunmasına mümkün təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi CM-in müvafiq maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli tutulduğu tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təyin ediləcək cəza Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. İş üzrə məhkəmə xərci və maddi sübut yoxdur, mülki iddia verilməmişdir. Həmçinin qeyd edilməlidir ki, müdafiəçi Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi cinayət işi üzrə təqsirləndirilən şəxsə cəmi 30 (otuz) saat müddətində hüquqi yardım göstərmiş, o cümlədən məhkəmədə iclaslarda iştirak etmiş, cinayət işinin materialları ilə tanış olmuş və digər hərəkətlərdə onların hüquqlarını müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 180.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 29, 318.1-ci maddəsi ilə təqsirli bilinib 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 1 (bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli 15 noyabr 2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı – 180 (yüz səksən) manat ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Elçin Ağayev
Məhkəmə qərarları › İş №1(001)-259/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-259/2024
15.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver