Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-26/2022 25.01.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimov Elçin Əhəd oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, ailəli, natamam orta təhsilli, məhkumluğu olmayan, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan və barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs Gəncə şəhərində istintaqa məlum olmayan vaxt və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd gümüşü rəngli kağıza bükülmüş təmiz çəkisi 0,295 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, 25 aprel 2021-ci il tarixdə, saat 18:15-də Binəqədi RPİ-nin 40-cı PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Bakı şəhəri, Binəqədi rayonu, Matadrom yaşayış massivində saxlanılaraq ünvan 2 ünvanında yerləşən Binəqədi RPİ-nin 40-cı polis bölməsinə gətirilmiş, həmin gün saat 19:10-də üzərinə şəxsi axtarış və götürmə keçirilərkən əynindəki tünd boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd “LD” markalı siqaret qutusunun içərisindən 01 ədəd gümüşü rəngli kağıza bükülmüş təmiz çəkisi 0,295 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 24 aprel 2021-ci il tarixdə Gəncə şəhərində tanımadığı şəxsdən öz istifadəsi üçün bir ədəd gümüşü rəngli kağıza bükülmüş heroin almış və həmin bir büküm narkotik vasitə olan heroini “LD” markalı siqaret qutusunun içərisinə qoymuşdur. 25 aprel 2021-ci il tarixdə, təxminən saat 18 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Matadrom yaşayış massivində olan zaman iki nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşı olmasını bildirərək onu Binəqədi RPİ-nn 40cı PB-nə dəvət etmişlər. O, həmin polis əməkdaşları ilə 40-cı PB-nə gəlmiş və onu orada xidməti otaqların birinə apararaq hüquqları izah olunmaqla dövlət hesabına ona müdafiəçi təyin edilmiş və üzərinə şəxsi axtarış keçiriləcəyi izah olunmuş, o, müdafiəçinin iştirakı olmadan üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etməməyi barədə ərizə yazmışdır. O, üzərinə şəxsi axtarış keçirilməsinə könüllü olaraq razılıq vermiş, həmin vaxtı vidoçəkilişlə ona bir daha hüquqları izah olunmuş və üzərində hər hansı bir qanunla dövriyyəsi qadağan olunmuş əşya və maddə olub olmadığı və vardırsa təqdim etməyi nəzərinə çatdırılmışdır. Belə olan halda o, əynində olan tünd boz rəngli cins şalvarının sağ yan cibindən “LD” markalı siqaret qutusunun içərisində saxladığı bir büküm heroini çıxarıb masanın üzərinə qoymuşdur. Həmin bükülü açıldıqda bükülünün içərisində olan heroini polis əməkdaşları da görmüşlər. Həmin vaxtı o, polis əməkdaşları üzərindən aşkar olunmuş heroini Gəncə şəhərində tanımadığı şəxsdən 20 manat müqabilində aldığını bildirmişdir. Təqsirini səmimi etiraf etməsini, əməlindən peşman olmasını nəzərə alınaraq, barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Binəqədi RPİ-nin 40-cı PB-nin cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, etimad doğuran, qərəzsiz mənbədən daxil olmuş məlumatda Təqsirləndirilən şəxs Binəqədi rayonu ərazisində qanunsuz olaraq üzərində narkotik vasitə gəzdirməsi barədə məlumat daxil olmuşdur. Həmin məlumatın əməliyyat yolu ilə yoxlanılması, Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması, onun cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitələrin, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə yaradılacaq əməliyyat qrupunun üzvlərinin iştirakı ilə təxirəsalınmaz tədbirlər görülməklə qanunvericilikdə nəzərdə tutulmuş qaydada aşkar və gizli üsullarla müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair raportla bölmə rəisinə məruzə edilmişdir. Məlumat əsasında tərəflərindən əməliyyat qrupu təşkil edilmiş və 25 aprel 2021-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə gəzdirməkdə şübhəli bilinən ünvan 4 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs həmin tarixdə, saat 18:15-də Bakı şəhəri, Binəqədi rayonu, Matadrom yaşayış massivində saxlanılmışdır. Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra Binəqdi RPİ-nin 40-cı PB-nə gətirilərək təhvil verilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs polis bölməsinin xidməti otaqların birinə yerləşdirilmiş və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirmək məqsədi ilə hüquqlarını müdafiə etmək üçün müdafiəçi və həmçinin Binəqədi RPİ-nin kriminalisti dəvət olunmuşdur. Təqsirləndirilən şəxs hüquqları izah olunmuş, şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya olub olmaması soruşulmuş, həmin vaxt o, əynindəki tünd boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd “LD” markalı siqaret qutusunun içərisində bir ədəd gümüşü rəngli kağıza bükülmüş bükümü təqdim etmişdir. Həmin kağız açıldıqda bükülüdə heroinə bənzər narkotik vasitə aşkar edilmiş, sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin bükülünün içində olan maddə narkotik vasitə heroindir. Həmçinin Təqsirləndirilən şəxs həmin heroini Gəncə şəhərində tanımadığı şəxsdən 20 manata aldığını bildirmişdir. Daha sonra şəxsi axtarış və götürmə aparılması barədə protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, heç bir təklif və şikayət daxil olmadığı və düzgün tərtib olunduğu üçün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasına çağırılmış şahid Binəqədi rayon Polis İdarəsinin KTQ-nin inspektor kriminalisti Şahid3 eyni məzmunlu ifadə verərək Şahid2 ifadəsində qeyd olunan xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasına çağırılmış şahid Binəqədi RPİ-nin 40-cı PB-nin baş əməliyyat müvəkkili, polis baş-leytenantı Şahid1 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: 26.04.2021-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 234.1 -ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. (i.v.1 ) “Şübhəli şəxsin tutulması haqqında” 25.04.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 18-15-də Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli şəxs qismində tutulmuşdur.(i.v.18-19) 25.04.2021-ci il tarixli “şəxsi axtarış və götürülmə aparılması barədə” protokoldan görünür ki, 25.04.2021-ci il tarixdə video çəkilişdən istifadə etməklə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, sonuncu əynindəki tünd boz rəngli cins şalvarın sağ yan cibindən “LD” markalı siqaret qutusunun içərisindən 01 ədəd gümüşü rəngli kağız bükümü çıxararaq masanın üzərinə qoymuş, həmin gümüşü rəngli kağız büküm açıldıqda Təqsirləndirilən şəxs həmin bükülünün içində olan maddə narkotik vasitə heroini tutulmamışdan əvvəl Gəncə şəhərində tanımadığı şəxsdən 20 manata aldığını bildirmişdi. (i.v. 33-35) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 aprel 2021-ci il tarixli, 6/1641 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,295 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. (i.v.45-50) 27.04.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham edilmişdir. (i.v. 70-71) Binəqədi rayon Məhkəməsinin 26.04.2021-ci il tarixli qərarı ilə Bakı şəhəri Binəqədi RPİ 40-cı PB-nin C/A üzrə baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 əməliyyataxtarış təbdirinin həyata keçirilməsi haqqında 25 aprel 2021-ci il tarixli qərarı qanuni və əsaslı hesab edilmişdir.(i. v. 54-55) 27.04.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş diskdən müəyyən edilmişdir ki, təhqiqatçı üzərinə axtarış aparılmasında videoçəkiliş edilməsinə Təqsirləndirilən şəxs etirazının olmadığını öyrəndikdən sonra ona üzərində qeyri-qanuni və dövriyyəsi qadağan olmuş vasitə olub-olmamasını soruşduqda Təqsirləndirilən şəxs əynindəki tünd boz rəngli cins şalvarın sağ yan cibindən “LD” markalı siqaret qutusunun içərisindən 01 ədəd gümüşü rəngli kağız bükümü çıxararaq masanın üzərinə qoyur, həmin gümüşü rəngli kağız büküm açıldıqda Təqsirləndirilən şəxs həmin bükülünün içində olan maddə narkotik vasitə heroini tutulmamışdan əvvəl Gəncə şəhərində tanımadığı şəxsdən 20 manata aldığını bildirir. Aşkar edilərək götürülmüş 1 ədəd büküm zərfə qoyularaq qablaşdırılmış və möhürlə möhürlənməklə iştirakçılar tərəfindən imzalanmışdır.(i.v. 85-87) Binəqədi rayon məhkəməsinin 27.04.2021-ci il tarixli qərarından görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina olunmuşdur. (i.v.96-98) 27.04.2021-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilmişdir.(i.v.99-101) Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. (i.v. 115-116) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi, X5 Ambulator X1 ekspert komissiyasının 28.04.2021-ci il tarixli, 1272 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində ASİLİLİQ SİNDROMU (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 102-103) 19.06.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və tədqiqatdan sonra qalıq qalan 0,245 qram narkotik vasitə - heroin sübut əhəmiyyəti kəsb etdiyindən iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Binəqədi RPİ-nin anbarına təhvil verilmişdir. Bundan başqa iş üzrə şəxsi axtarış və götürmə prosesini əks etdirən videogörüntünün olduğu 01 ədəd “DVD” formatlı disk iş üzrə maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir. (i.v.120-125) Binəqədi rayon Məhkəməsinin 20 avqust 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmənin hazırlıq iclasına məcburi qaydada gətirilməsi müəyyən edilmişdir. Binəqədi rayon Məhkəməsinin 10.09.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuşdur. Cinayət işi üzrə icraat, Təqsirləndirilən şəxs tapılanadək dayandırılmışdır. Binəqədi rayon Məhkəməsinin 12.11. 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş, sonuncunun barəsində axtarış elan olunmuşdur. Cinayət işi üzrə icraat, Təqsirləndirilən şəxs tapılanadək dayandırılmışdır. Bakı İstintaq Təcridxanının 16.12.2021-ci il tarixdə Binəqədi Rayon Məhkəməsinə daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs 14.12.2021-ci il tarixdə Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin əməkdaşları tərəfindən tutularaq, 16.12.2021-ci il tarixdə Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əynindəki tünd boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd “LD” markalı siqaret qutusunun içərisində bir ədəd gümüşü rəngli kağız bükümdə olan təmiz çəkisi 0.295 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib saxlaması iş üzrə keçən şahidlərin ifadələri, aparılmış ekspertiza rəyləri və digər iş materialları ilə sübuta yetirilir. Məhkəmə şahidlərin ifadələrini və iş materiallarında olan digər sübutları araşdırıb, dövlət ittihamçısının təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılması haqqında təklifini dinləyib hesab edir ki, Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Hazırkı cinayət işinin materiallarına, habelə bu materiallardan irəli gələn və yuxarıda işin faktiki halları ilə bağlı gəlinən nəticəyə əsaslanan məhkəmə ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və təqsirləndirilən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003-cü il tarixli 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddə cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs təqsirini səmimi etiraf etməsini, əməlindən peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, təqsirləndirilən şəxsə cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayətlər olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, üzərində aşkar edilmiş narkotik vasitənin çəkisini, növünün, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən halı, nəzərə alaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. 14.12.2021-ci il tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs 14.12.2021-ci il tarixdə saxlanılaraq Binəqədi RPİ-nin 40-cı polis bölməsinə gətirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının məhkəməyə 16.12.2021-ci il tarixdə daxil olmuş məktubundan görünür ki, Təqsirləndirilən şəxs 14.11.2021-ci il tarixdə Binəqədi RPİ-nin 40-cı polis bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq təcridxanaya gətirilmişdir. Sadalanan iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı azadlığı faktiki 25.04.2021-ci il tarixdə məhdudlaşdırılaraq həmin tarixdə şübhəli şəxs qismində tutulmuş və 27 aprel 2021-ci il tarixdə saxlanıldığı Binəqədi RPİ-nin MSY-dən azad edilmiş və barəsində “başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-361/2021 saylı, 12.11.2021-ci tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş, 14.12.2021-ci il tarixdə Təqsirləndirilən şəxs saxlanılaraq Binəqədi RPİ-nin 40-cı polis bölməsinə gətirilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Eyni zamanda qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs 14.12.2021-ci il tarixdə azadlığı faktiki məhdudlaşdırılaraq tutulmuş və həmin tarixdən hazırkı vaxtadək həbsdə saxlanılır. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddətinin əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalı və həbsdə saxlanması müddəti ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli 14.12.2021-ci il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 81 manat 82 qəpik Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə, CM-in 93.1.2-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası CPM-in 132.1-ci maddəsinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir: 132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Məhkəmə, qanunun təsvir edilmiş tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Binəqədi RPİ-nin anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,245 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Eyni zamanda Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsinin görüntülərini əks etdirən 01 ədəd “DVD” formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Həmçinin qeyd edilməlidir ki, Müdafiəçi cinayət işi üzrə təqsirləndirilən şəxsə cəmi 50 saat müddətində hüquqi yardım göstərmiş, məhkəmə iclaslarında iştirak etmiş, cinayət işinin materialları ilə tanış olmuş və digər hərəkətlərdə onun hüquqlarını müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 50 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 50 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 300 manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib ona 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 25.04.2021-ci il tarixdən 27.04.2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəkməklə ona təyin edilmiş cəzanın əvvəli 14.12.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 81,82 (səksən bir manat səksən iki qəpik) manat Təqsirləndirilən şəxs tutulub X2 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan 0,245 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd “DVD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 50 (əlli) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğluna Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 300 (üç yüz) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Cinayət işi üzrə xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mahirə Kərimova
Məhkəmə qərarları › İş №1(001)-26/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-26/2022
25.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver