Məhkəmə qərarları › İş №1(001)-261/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-261/2021

23.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-261/2021 23.08.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinn prokuroru, kiçik ədliyyə müşaviri X3, Təqsirləndirilən şəxs müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi qızının, Təqsirləndirilən şəxs, xx.xx.1978-ci ildə Tər-Tər şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində 2 (iki) azyaşlı övladı olan, fərdi əməklə məşğul olan, orta təhsilli, məhkumluğu ödənilmiş, Tər-Tər şəhəri, Ə.Paşayev küçəsi, ev 09, mənzil 07-də pasport qeydiyyatında olan və ünvan 1 ünvanda yaşayan, barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1.1-ci (təsviriəsaslandırıcı hissədə CM) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Binəqədi Rayon Məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimini pozmaqla xəstəliklərin yayılması üçün real təhlükə yaratmışdır. Belə ki, Təqsirləndirilən şəxs pul müqabilində sərtləşdirilmiş karantin rejimi dövründə sərbəst hərəkət etmələri üçün qanunvericiliklə müəyyən edilmiş qaydalardan kənar şəkildə ayrı-ayrı şəxslərə elektron icazələri təşkil edərək gəlir əldə etmək məqsədilə heç bir yerdə işləməyən Şahid3, X2, Şahid1, Şahid2 və qeyrilərini, ümumilikdə 33 nəfər şəxsi özünə məxsus ********** nömrəli VÖEN-dən istifadə etməklə Bakı şəhəri Binəqədi rayonu ərazisində “icazə.e-gov.az” icazə portalına daxil olmaqla portalda 60-90 manat pul müqabilində qeydiyyatdan keçirib həmin şəxslərə 17 dekabr 2020-ci il tarixdən 13 yanvar 2021-ci il tarixdək olan müddət ərzində elektron icazələrin qanunsuz verilməsini təşkil etməklə «Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08 dekabr 2020-ci il tarixli 488 nömrəli Qərarına əsasən 14 dekabr 2020-ci il tarixdən 18 yanvar 2021-ci il tarixədək ölkə ərazisində hərəkət məhdudiyyəti tətbiq edilməsi ilə bağlı xüsusi buraxılış rejimi qaydalarına riayət etməyərək epidemiya əleyhinə və karantin rejimlərini qəsdən pozmaqla koronavirus (COVİD-19) pandemiyasının yayılması üçün real təhlükə yaratmışdır. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, ailəlidir, iki azyaşlı övladı vardır. Əvvəllər ticarətlə məşğul olmuşdur.Sonradan ziyana düşdüyündən bütün əmlakını sataraq borclarını bağlamışdır.Hal-hazırda yuxarıda qeyd etdiyi ünvanda kirayədə yaşamışdır.Etibarnamə əsasında idarə etdiyi “Mercedes C180” markalı, **-UB-*** qeydiyyat nişanlı avtomobillə Bakı şəhərindən ölkənin kənd və rayonlarına sərnişin daşıma fəaliyyəti ilə məşğul olmuşdur.O, əsasən Bakı Beynəlxalq Avtovağzalında dayanaraq sərnişin yığır.Əsasən Bakı şəhərindən Tərtər-Bərdə istiqamətlərində sərnişin daşıyır və Bakı şəhərinin özündə də şəhərarası taksi kimi işləyir.Əvvəllər ticarətlə məşğul olduğundan VÖEN açdırmışdır.Lakin həmin VÖEN-i istifadə etmədiyindən nömrəsi yadından çıxmışdır.O yaşadığı Biləcəri qəsəbəsində kiçik bir pal-paltar dükanı açıb işlətmək istəmişdir.Buna görə də, təxminən 2020-ci ilin yay aylarında özünə ********** nömrəli VÖEN açdırmışdır.Lakin həmin dükanı da işlədə bilməmişdir.VÖEN isə onda qalmışdır.2020-ci ilin dekabr ayının əvvəllərində Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə ölkə ərazisində 2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək bütün ölkə üzrə sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilməyə başlanmışdır.Xüsusi karantin rejiminin sərtləşdirilməsindən irəli gələrək 2020ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək ölkənin bütün ərazisində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən edilmiş iş və xidmət sahələri istisna olmaqla digər sahələrdə iş və xidmətlər dayandırılmış, taksi fəaliyyəti ilə məşğul olan şəxslər isə “İcazə.e-gov.az” saytından qeydiyyatdan keçərək xüsusi icazə alaraq hərəkət edə bilmişlər.O tanışlarından həmin icazəni necə ala biləcəyini soruşduqda ona bildirmişlər ki, VÖEN əsasında “İcazə.e-gov.az” saytından qeydiyyatdan keçərək taksi fəaliyyəti ilə məşğul olmaq mümkündür. Özü 18 dekabr 2020-ci il tarixdə həmin “VÖEN”-lə sahibkar kimi qeydiyyatdan keçmiş və taksi fəaliyyəti ilə məşğul olmuşdur. Həmin vaxtı özü tanışlarına, eləcə də onunla birlikdə taksi fəaliyyəti ilə məşğul olan şəxslərə də bu barədə məlumat vermişdir.Həmçinin istəyən olsa onları da qeydiyyatdan keçirdə biləcəyini bildirmişdir. O həmin şəxslərə aylıq 60-70 manat ödəməklə onlara da icazə ala biləcəyini bildirmişdir.Bəzi şəxslərdən isə pulu olmadığından və yaxud da onunla yaxın münasibətdə olduğundan onlardan pul götürməmişdir. Bəzi şəxslərdən isə 60-70 manat pul almışdır. 17 dekabr 2020-ci il tarixdən 13 yanvar 2021-ci il tarixdək olan müddət ərzində Şahid3, Şahid1, Şahid2 və digər şəxsləri, ümumilikdə 33 nəfər şəxsi özünə məxsus VÖEN əsasında guya “kuryer”, “sürücü”, “satıcı” və “sərnişin daşıma” kimi vəzifələrə işə götürməyi barədə sistemə yalnış məlumatları daxil edərək həmin şəxslərin karantin dövründə sərbəst hərəkət etmələrinə şərait yaratmışdır.O, “icazə.egov.az” saytına daxil olaraq öz VÖEN nömrəsini daxil etmiş və bundan sonra kimlərə icazə almaq lazım idisə həmin şəxslərin şəxsiyyəti barədə məlumatları, həmçinin nəqliyyat vasitəsinin məlumatlarını sistemə daxil etmişdir.O bunu edən zaman törətdiyi əməlin ictimai təhlükəliliyini başa düşməmiş, belə qanunsuz hərəkətlər edərək koronovirus (Covid-19) infeksiyasının yayılmasına şərait yaratdığını dərk etməmişdir. O, sadəcə istəmişdir ki, həm özü, həm də tanışları taksi fəaliyyəti ilə məşğul olaraq ailələrini dolandırsınlar.14 yanvar 2021-ci il tarixdə onun istifadəsində olan mobil nömrəyə zəng gəlmişdir.O cavab verən zaman onunla danışan şəxsin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı olduğunu bildirmiş və onu həmin idarəyə dəvət etmişdir.O, Baş idarəyə gələn zaman ona törətdiyi əməl barədə məlumat vermişlər və səmimi şəkildə izahatını yazmışdır.Bundan sonra onu sərbəst buraxmışlar.Törətdiyi əməldən səmimi şəkildə peşmanlıq çəkmişdir.Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs təqsirini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, himayəsində 2 (iki) azyaşlı övladının olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid2 bildirmişdir ki, avtovağzalda dayandığı müddətdə əsasən “Mercedes” markalı minik avtomobili ilə Yevlax-Tərtər-Bərdə istiqamətlərində sərnişin daşıyan Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Onunla sürücü yoldaşı kimi normal münasibəti olmuşdur.Təxminən 2020-ci ilin sonlarında bütün dünyada yayılmış koronavirus (COVİD-19) infeksiyası səbəbindən Azərbaycanda da karantin tədbirləri gücləndirilməsi ilə bağlı Nazirlər Kabineti yanında Operativ qərargahın müəyyən etdiyi qadağalara uyğun olaraq ölkənin kənd rayonlarında qeydiyyatda olan şəxslərin Bakı şəhərinə və Bakı şəhərində qeydiyyatda olan şəxslərin isə rayonlara getməsi qadağan edilmişdir.Onlar da mütəmadi olaraq sərnişin daşıma ilə məşğul olduğlarından belə vəziyyətdə xüsusi karantin postlarından keçə bilməyəcəklərini bilmişdirlər.O, 2020-ci ilin sonlarında növbəti dəfə karantin rejimi sərtləşdirilən zaman bu barədə öz sürücü yoldaşları ilə danışan zaman Təqsirləndirilən şəxs özünün hazırda xatırlamadığı şirkətdə qeydiyyatda olduğunu və istəsə onu da həmin şirkətin vasitəsilə portaldan taksi fəaliyyəti ilə məşğul olan şəxs kimi qeydiyyatdan keçirdə biləcəyini bildirmişdir.Eldəniz ona heç bir sənəd verməmiş və adının portalda qeydiyyatdan keçdiyini bildirmişdir. O da bir xüsusi karantin postlarına yaxınlaşanda şəxsiyyət vəsiqəsini təqdim etmiş və yoxladıqdan sonra onu buraxmışlar.Buna görə də, o, Təqsirləndirilən şəxs ona qanunsuz yolla icazə verməsindən məlumatı olmamışdır.Sonradan onun məlumatı olmuşdur ki, Təqsirləndirilən şəxs onu heç bir şirkətdə taksi kimi qeydiyyatdan keçirməyib, sadəcə olaraq öz adına olan VÖEN ilə guya onu işə götürməsi kimi yalnış məlumatı portala daxil etməklə ona icazə almışdır.Onun Təqsirləndirilən şəxs icazəni bu üsulla almasında heç bir məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid4 eyni məzmunlu ifadə verərək Şahid2 göstərdiklərini mahiyyəti üzrə eynilə təsdiq etmişlər. Məhkəmə iclasında ifadəsi elan olunmuş şahidlər Şahid1 və Şahid3 istintaq zamanı verdikləri ifadələri Şahid2 göstərdiklərini mahiyyəti üzrə eynilə təsdiq etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X6 Publik hüquqi şəxsin məhkəmə-tibbi ekspertizasının 02.02.2021-ci il tarixli, 71/KEŞ №-li ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs “Covid-19” virus infeksiyasına yoluxması ilə əlaqədar labarator müayinənin cavabı olmadığından, həmin tarixlərdə onun qeyd olunan virusa yoluxub-yoluxmaması haqqında fikir söylənilməsi mümkün olmamışdır. Təqsirləndirilən şəxs virusa yoluxduğu halda sanitar-gigiyena qaydalarını pozmaqla bədənində, paltarında və ya digər formada “Covid-19” virus infeksiyasını bir yerdən başqa yerə daşıması və digər şəxsləri yoluxdura biləcəyi istisna edilmir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Tərtər Rayon Məhkəməsinin 21.07.2016-ci il tarixli hökmünə əsasən AR CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il islah işləri cəzasına məhkum olunmuş, daha sonra Gəncə Apellyasiya Məhkəməsinin 18.04.2017-ci il tarixli hökmü ilə Tərtər Rayon Məhkəməsinin hökmü ləğv edilərək, ona AR CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə 01 il şərti sınaq müddəti təyin edilməklə 03 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir.Halzazırda, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsindən daxil olmuş 02 fevral 2021-ci il tarixli **********551400 nömrəli məktubdan görünür ki, “Vergi ödəyicilərinin dövlət reyestri”ndə olan məlumatlara əsasən xx xxxxxx 1978-ci il təvəllüdlü Təqsirləndirilən şəxs 07 aprel 2010-cu il tarixdə ********** nömrəli VÖEN-lə fiziki şəxs (fərdi sahibkar) kimi vergi uçotuna alınmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi məhkəmə iclasında tədqiq olunmuş sübutlar məcmusu ilə tam sübuta yetirilmişdir. Bu isə onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq təqsirləndirilən şəxsin əməli CM-nin 139-1.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, təqsirləndirilən şəxs CM-nin 139-1.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən peşman olmasını, təqsirini etiraf etməsini, himayəsində 2 (iki) azyaşlı övladının olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxsə məhz hansı növ cəzanın təyin olunmasını müzakirə edərək CM-nin 139-1.1-ci maddəsinin sanksiyasına uyğun olaraq azadlığın məhdudlaşdırılması cəzası təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Belə ki, iş materiallarından görünür ki, təqsirləndirilən şəxs təqsirini etiraf edir, əməlindən peşmandır, ailəlidir, himayəsində 2 (iki) azyaşlı övladı var, istintaq müddətində həbs olnmamışdır, əməlində cəzanı ağırlaşdıran hallar ümumiyyətlə yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin «Məhkəmə hökmü haqqında» 27 dekabr 1996-cı il tarixli 4 nömrəli qərarında göstərilmişdir ki, cinayət qanunun sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı, başqa daha yüngül cəza tədbiri tətbiq etmənin mümkünlyünü nəzərdə tutursa, məhkəmə hökmündə nə üçün müttəhimə məhz azadlıqdan məhrum etmə cəzasının tətbiq olunmasının əsasları göstərilməlidir. Eyni mövqe, Azərbaycan Respublikası Ali Məhkəməsinin «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında da təsbit olunmuşdur.Belə ki, həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır.Belə ki, məhz həmin qərarda göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır.Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir.Baxılan cinayət işi üzrə isə məhkəmə cəzanı yüngülləşdirən halların məcmusunu və heç bir cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq məhz təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə uyğun hesab etmişdir. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və o, azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşadığı – ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində çəkməli və təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməlidir. Eyni zamanda, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 06.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat erməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılmalıdır. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” barədə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 318.1, 344-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşadığı – ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində çəksin. Təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs oğlu cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 06.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat erməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm qanuni qüvvəyə minir. Hakim Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar