Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-261/2023 17.08.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, Məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhər 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə 01 iyun 1967-ci il tarixdə Gədəbəy rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, barəsində 04 fevral 2023-ci il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Şəmkir rayonu, Kür qəsəbəsi, S.Vurğun küçəsi, ev 1, mənzil 5-də qeydiyyatda olan, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Füzuli küçəsi, YYM nömrəsiz evdə yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra–CM) 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 16:30 radələrində yaşadığı Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Füzuli küçəsində yerləşən fərdi evin qarşısında qonşusu Zərərçəkmiş şəxs küçəyə toplanmış yağış suyunu bel vasitəsi ilə evinin qarşısına yönəltməsinə irad bildirməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə əlində olan bel ilə bir neçə dəfə vurub-döş qəfəsinin, bel nahiysinin əzilmiş yaraları, sol bud nahiyəsinin, sağ diz oynağı nahiyəsinin sol bud nahiyəsinin səthi əzilmiş yaraları sol said nahiyəsinin sol bud nahiyəsinin qançırları, döş qəfəsinin sol bud nahiyəsinin sıyrıqları kimi xəsarətlər yetirməklə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 20 ilə yaxındır ki, Zərərçəkmiş şəxsla qonşuluqda yaşayırlar. Zərərçəkmiş şəxs və ailəsi ilə qonşu münasibətləri əvvəllər yaxşı olmuşdur. xx.xx.2022-ci il tarixdə saat 16:30 radələrində yaşadığı evin qarşısında küçədə lapatka (bel) ilə yağış sularını uzaqlaşdırmağa çalışmışdır. Bu zaman qonşusu Fuad içkili vəziyyətdə yaşadığı evin həyətindən çıxaraq onunla nalayiq sözlərlə danşmağa başlamışdır. Fuad ondan nə üçün yağış sularını onun yaşadığı evin qarşısına ötürdüyünü soruşmuşdur. Fuada yağış sularını onun həyətinə yönəltmədiyini bildirsə də, Fuad buna məhəl qoymayaraq onu yenidən təhqir etməyə başlamışdır. Fuad vəfat etmiş anasını söydüyü üçün əsəbləşərək əlində olan bel ilə qonşu Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə ardıcıl olaraq zərbə vurmuşdur. Bunu görən Zərərçəkmiş şəxs həyat yoldaşı Elnarə yaxınlaşaraq Fuadı uzaqlaşdırmaq istəmişdir. Buz zaman Fuadın evindən tanımadığı kişi çıxaraq onları aralaşdırmışdır və Fuadı yaşadığı evə aparmışdır. Hazırda əməlindən səmimi olaraq peşmandır və zərərçəkmiş şəxslə barışıq əldə etmişdir. Məhkəmədən törətdiyi əməli etiraf etməsini, özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, hazırda zərərçəkmiş şəxslə barışdığını, ondan üzr istədiyini və ona vurmuş olduğu ziyanın tam şəkildə ödənildiyini nəzərə alaraq, işin icraatına xitam verilməsini xahiş etdi. Təqsirləndirilən şəxsin cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı şahid ifadələri, ekspert rəyləri və iş üzrə toplanmış digər sübutlarla təsdiq olunur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2002-ci ildən onlarla eyni ünvanda qonşuluqda Muxtar adlı şəxs öz ailəsi ilə birlikdə yaşayır. Roza qonşusu Muxtarın həyat yoldaşıdır. Təxminən bir il bundan əvvəl Roza yağış sularını onun yaşadığı evin qarşısına yönəltdiyi üçün aralarındada mübahisə baş vermişdir. Bu səbəbdən də qonşuluq münasibətləri korlanmışdır. xx.xx.2022-ci il tarixdə saat 16:28 radələrində dostu Rəşadla yaşadığı ünvanda olan zaman yenidən qonşuluqda yaşayan Roza adlı qadının yağış sularını onun yaşadığı evin qarşısına yönəltdiyini yaşadığı evdə quraşdırılmış kamera vasitəsi ilə görmüşdür. Roza ilə münasibəti olmadığından və kadın olduğu üçün həyat yoldaşı Şahid1 küçəyə göndərərək, Rozaya yağış sularını evin qarşısına yönəltməməsini deməsini bildirmişdir. Sonra həyat yoldaşı ilə birlikdə küçəyə çıxmış və Elnarə ondan uzaqlaşaraq Rozaya onun dediklərini bildirmişdir. Həmin vaxt Roza ona məhəl qoymayaraq mübahisə etməyə başlamışdır. Rozaya uzaqdan öz iradını bildirdikdə aralarında sözlə mübahisə baş vermişdir. Mübahisə zamanı Roza əlində olan lapatka (bel) ilə üzərinə hücum çəkərək ona bir neçə dəfə bədəninin müxtəlif yerlərinə yəni döş qəfəsinə, belinə, sol buduna, sağ dizinə, sağ said nahiyələrinə zərbə vurmuşdur. Həmin vaxt yanında olan həyat yoldaşı Şahid1 və evində qonaq olan dostu Rəşad adlı şəxs araya girərək onları aralaşdırmışdır. Bundan sonra DİN-nin 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Polis bölməsində olan zaman da, Roza onun ünavnına nalayiq ifadələr işlətməklə valideynlərini təhqir etməyə davam etmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır və ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən təqsirləndirilən şəxslə barışdığını, səhhətinə vurulmuş xəsarətlə bağlı ona dəymiş ziyanın tam ödənildiyini, bununla əlaqədar təqsirləndirilən şəxsdən şikayət və tələbinin olmadığını və məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 16:30 radələrində evdə olan zaman evə quraşdırılmış kamera vasitəsilə qonşuluqda yaşayan Roza adlı qadının yenidən yağış sularını onların yaşadığı evin qarşısına yönəltdiyini görmüşlər. Roza qadın olduğu üçün həyat yoldaşı Zərərçəkmiş şəxs ona küçəyə çıxaraq Rozaya yağış sularını evin qarşısına yönəltməməsini bildirməsini demişdir. O, küçəyə çıxmaq istəyərkən Fuad onun dalıncan küçəyə gəlmişdir. O, Rozaya yağış sularını onların evinin qarşısına yönəltməməyini bildirdikdə Roza onun sözünə məhəl qoymamışdır. Bu səbəbdən həyat yoldaşı Zərərçəkmiş şəxs ona öz iradını bildirdikdə aralarında mübahisə baş vermişdir. Mübahisə zamanı Roza əlində olan lapatka ilə Fuadın bədəninin müxtəlif nahiyələrinə zərbə vurmuşdur. Bu zaman Fuadın dostu Rəşad onların yanına gəlmiş və onları aralayaraq evə gətirmişdir. Bundan sonra DİN-nin 102 xidmətinə zəng edilərək bu barədə məlumat verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun uşaqlıq dostudur, ailəvi gediş-gəlişləri vardır. Bu səbəbdən də xx.xx.2022-ci il tarixdə saat 16:30 radələrində dostu Fuadın evinə qonaq getmişdir. Onlar Fuadla yeyib-içərkən Fuad həyat yoldaşına bildirmişdir ki, küçədə olan Roza adlı qadına desinki, yağış sularını onların yaşadığı evin qarşısına yönəltməsin. Həmin sözdən bir neçə dəqiqə sonra Fuad qəflətən masadan durub getmişdir. Təxminən 2-3 dəqiqədən sonra küçədə səs-küy eşidərək küçəyə çıxmışdır. Küçəyə çıxarkən tanımadığı qadın əlində olan bellə Fuadın bədəninə zərbələr endirmişdir. O, dərhal ora yaxınlaşaraq araya girmiş, lakin buna baxmayaraq həmin qadın Fuada bel ilə zərbə vurmuşdur. Fuadı oradan uzaqlaşdıraraq öz evinə gətirmişdir. Bundan sonra Fuad DİN-nin 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CMnin CM-in 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs hadisəni törədən zaman hadisənin təhlükəsizlik kamerası vasitəsilə qeydə alınmış video görüntünü özündə əks etdirən bir ədəd DVD disk sübut kimi qiymətləndirilərək cinayət işinin materiallarına əlavə edilmişdir. Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 xx.xx.2022-ci il tarixli 2249 saylı məhkəmə-tibbi ekspertizası rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər-döş qəfəsinin, bel nahiyəsinin əzilmiş yaraları, sol bud nahiyəsinin, sağ diz oynağı nahiyəsinin, sol bud nahiyəsinin səthi əzilmiş yaraları, sol said nahiyəsinin, sol bud nahiyəsinin qançırları, döş qəfəsinin sol bud nahiyəsinin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən onun tibbi yardım üçün Bakı şəhər TTYS-nin 17 saylı bölməsinə müraciət etdiyi xx.xx.2022-ci il saat 15.56-dan bir qədər əvvəl əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. Vət. Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlərin xarkterini və lokalizasiyalarını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər zərərçəkənin təsvir etdiyi şəraitdə, yəni küt əşya (ola bilsin bel ilə) endirilmiş zərbələrin təsirindən əmələ gələ bilərdilər. Vət. Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlərin bədənin əlçatan nahiyələrində yerləşmələrinə baxmayaraq, şəxsin özü tərəfindən yetirilməsi və eləcə də şəxsin öz boyu hündürlüyündən yıxılaraq yerin bərk səthinə dəyməsi nəticəsində əmələ gələ bilmələri az inandırıcıdır. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin ifadəsinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Lakin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar vardır. Belə ki, Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən həmin Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. CPM-nin 43.1.2-ci maddəsinə əsasən həmin Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Hazırkı iş üzrə müəyyən edilir ki, təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edir, özünü ona qarşı verilmiş ittiham üzrə tam təqsirli bilir, əməlindən peşmandır, zərər çəkmiş şəxslə təqsirləndirilən şəxs barışmışdır, səhhətinə vurulmuş xəsarətlə bağlı zərər çəkmiş şəxsə dəymiş ziyan tam ödənilmişdir, bununla əlaqədar zərər çəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, təqsirləndirilən şəxs və zərər çəkmiş şəxs cinayət işinin icraatına xitam verilməsini xahiş edirlər. Qeyd edilən hüquq normalarına əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs həmin maddə üzrə cinayət məsuliyyətindən azad edilməli və cinayət təqibinə xitam verilməlidir. CPM-in 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə baddi sübut kimi tanınmış 01 ədəd bel adlanan məişət əşyasının Təqsirləndirilən şəxs saxlanılması nəzərə alınmalı, hadisəni əks etdirən video görüntü olan 01 ədəd DVD disk cinayət işinin materialında saxlanılmalıdır. Müdafiəçi Bakı şəhəri Binəqdi rayon 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə ümumilikdə 45 (qırx beş) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri Binəqdi rayon 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 45(qırx beş) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 45(qırx beş) saat hüquqi yardıma görə Bakı şəhəri Binəqdi rayon 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 270 (iki yüz yetmiş) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi ekspertiza xərci və üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 43, 321, 344-347, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə baddi sübut kimi tanınmış 01 ədəd bel adlanan məişət əşyasının Təqsirləndirilən şəxs saxlanılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış hadisəni əks etdirən video görüntü olan 01 ədəd DVD disk cinayət işinin materialında saxlanılsın. Təqsirləndirilən şəxs oğluna məhkəmə iclaslarında göstərdiyi cəmi 45 (qırx beş) saat hüquqi yardıma görə Bakı şəhəri Binəqdi rayon 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 270(iki yüz yetmiş) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərardan 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №1(001)-261/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-261/2023
17.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver