Məhkəmə qərarları › İş №1(001)-261/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-261/2025

27.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-261/2025 27.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhəri rayon məhkəmələrində X5 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxsin nümayəndəsi X2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1968-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, əvvəllər məhkum olunmamış, "xxxx" MMC-də sürücü işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin faktiki halları:

1. Təqsirləndirilən şəxs, avtomobili idarə edərkən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmasına səbəb olmuşdur.

2. Belə ki, Təqsirləndirilən şəxs 07 oktyabr 2024-cü ildə saat 22:25 radələrində Bakı-Quba-Dağıstan sərhədi yolunun Binəqədi rayonu ərazisindən keçən 8-ci kilometrində idarə etdiyi NEOPLAN CİTYİLNER avtobus markalı 99JA899 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri istiqamətində 50 km/saat sürətlə hərəkətdə olarkən diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, yolun hərəkət hissəsində nasazlıq səbəbindən dayanmış avtomobildən və piyadadan vaxtında hərəkətin təhlükəsizliyini təmin edən təhlükəsiz yan məsafəsi saxlamalı, həmin avtomobil və piyadanın yanından hərəkətin təhlükəsizliyini təmin edib keçməli, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda bunu etməyib «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, hadisənin qarşısını almağa texniki imkanı olsa da ala bilməyib qarşıda eyni zolaqda sürücü Zərərçəkmiş şəxs tərəfindən nasazlıq səbəbindən dayandırılmış TOYOTA PRİUS (HİBRİD) minik markalı 99XN895 dövlət qeydiyyat nişanlı avtomobilin arxasında dayanmış piyada Zərərçəkmiş şəxs avtobusun qabaq hissəsi ilə vuraraq onu TOYOTA PRİUS (HİBRİD) minik markalı avtomobilin arxa hissəsinə sıxmış, nəticədə ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs ümumilikdə insan həyatı üçün təhlükəli olan sol baldır sümüyünün yuxarı 1/3-nin açıq və sağ baldırın qapalı yerdəyişmiş sınığı xəsarətlərini yetirərək sağlamlığına ağır zərər vurulmasına səbəb olmuşdur.

3. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs, CM-in 263.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Sumqayıt şəhərindən 07 oktyabr tarixində, saat 22:30-da yola çıxaraq Bakı avtovağzalına doğru hərəkət etmişdir. Bakı avtovağzalına çatdıqda aralıda görmüşdür ki, işıqlarından biri yanan nəsə dayanmışdır. Elə bilmişdir ki, bu motosikletdir, lakin çatanda “Toyota Prius” markalı avtomobil olduğunu görmüşdür. Bu zaman isə artıq gec olmuşdur. İdarə etdiyi nəqliyyat vasitəsini saxlaya bilmədiyi üçün onu vurmuşdur. Avtomobili 5-10 metr qabaqdan görmüş olsa idi saxlaya bilərdi, lakin həmin vəziyyətdə artıq gec idi. Zərərçəkən həmin vaxt “Toyota Prius” markalı avtomobilin arxa saxlanc hissəsini açıb, avtomobilin arxasında dayanıb nə isə iş görmüşdür. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, zərərçəkənin ayaqları iki avtomobilin arasında sıxılmışdır. O, avtobus zolağında hərəkətdə olmuşdur. Motosiklet onun zolağında dayanaraq, “Toyota Prius” markalı avtomobilin sürücüsü ilə söhbət etmişdir. Təxminən 10 metr qalmış “Toyota Prius” markalı avtomobili görmüş, lakin artıq gec olmuşdur. İdarə etdiyi nəqliyyat vasitəsinin surəti saatda 50-55 km/s olardı. Hadisədən sonra avtomobildən düşüb təcili tibbi yardıma zəng etmişdir. O da xəstəxanaya getmişdir. Zərərçəkən tərəfə 2500 manat verməyi, hər ay isə 250 manat pul ödəməyi təklif etmişdir. Hadisənin qarşısını almağa imkanı olmamışdır. O, motosikletə dəyməmiş, ondan qaçıranda “Toyota Prius” markalı avtomobilə dəymişdir. Hazırda zərərçəkmiş şəxs X8 ilə barışmış və ona dəymiş ziyanı ödədiyindən zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Ona görə də, məhkəmədən barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir.

4. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 263.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır.

5. Məhkəmə baxışı zamanı dindirilmiş zərərçəkmiş şəxsin nümayəndəsi X4 ifadəsində göstərmişdir ki, zərərçəkmiş şəxs onun oğludur. Hadisə oktyabr ayında baş vermişdir. Oğlunun idarə etdiyi avtomobilin qəza işıqları yanılı olmuş, həmin nəqliyyat vasitəsini insan təkbaşına itəliyərək kənara çıxara bilməzdi. Oğlunu əməliyyat etdirmiş, həkimlər ayağının kəsiləcəyini demişlər, lakin sonda bir həkim onu əməliyyat etmiş və ayağı kəsilməmişdir. Övladının üç uşağı vardır və üçü də məktəbə gedir. Evdə yeganə qazanc gətirən şəxs oğlu olmuşdur. Gündə iki-üç nəfər çağırır ki, oğlunun qulluğunu həyata keçirə bilsin. Oğlu ayağından xəsarət alması və yeriyə bilməməsi səbəbindən məhkəmə iclaslarına gələ bilmir. Onlar təqsirləndirilən şəxslə razılığa gəlmişlər və vurulmuş ziyan ödənilmişdir. Bu səbəbdən Təqsirləndirilən şəxs ilə barışmışlar. Ona görə də, Təqsirləndirilən şəxs heç bir şikayət və tələbləri yoxdur. Məhkəmədən Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş:

6. Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, toplanmış material əsasında fakta görə CM-in 263.1-1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir.

7. Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan, ona əlavə edilmiş sxemdən və fotoşəkillərdən görünür ki, yol-nəqliyyat hadisəsi Bakı-Quba-Dağıstan sərhədi yolunun Binəqədi rayonu ərazisindən keçən 8-ci kilometrində baş vermişdir.

8. xx.xx.2024-cü il tarixli, 5446 nömrəli Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı ayıq vəziyyətdə olmuşdur.

9. BC 023801 nömrəli sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs verilmiş B1,B,C1,C,D1,D kateqoriyalı sürücülük vəsiqəsi xx.xx.2022-ci il tarixdən xx.xx.2032-ci il tarixədək etibarlıdır.

10. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır.

11. Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-13-16/2-173309/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə (xx.xx.2032-ci il tarixədək etibarlı olan) BC 023801 nömrəli “BCD” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı məlumat qeydə alınmamışdır.

12. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 8/2889 nömrəli rəyindən görünür ki, təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən Neoplan Citylinet markalı, **-JA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hisssəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur.

13. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X6” X10 xx.xx.2024-cü il tarixli, 2258 nömrəli rəyindən görünür ki, vət. E.N.Məmmədov xx.xx.2024-cü il tarixdə “X11” PHŞ-nə müraciət edərkən ona “Baldırın çoxsaylı sınıqları” və həmin tarixdə “Az.Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” PHŞ-nə müraciət edərkən ona “Sol baldır sümüyünün yuxarı yuxarı 1/3-nin açıq, sağ küt baldırın qapalı yerdəyişmiş sınığı” diaqnozları qoyulmuşdur. Qeyd olunan diaqnozlar bərk küt əşyanın (əşyaların) təsirindən onun tibbi yardım üçün “X11” PHŞ-nə müraciət etdiyi xx.xx.2024-cü il tarixdə saat 00:00-dan bir qədər əvvəl əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərərvurmaya aiddirlər.

14. Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, iş üzrə “Neoplan Cityliner” markalı, **-JA-*** dövlət qeydiyyat nişanlı və “Toyota Prius (Hyibrid)” markalı, **-XN-*** dövlət qeydiyyat nişanlı avtomobillər maddi sübut kimi tanınmış və saxlanılması üçün sahiblərinə təhvil verilmişdir.

15. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 263.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur.

16. Qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir.

17. Zərərçəkmiş şəxsin nümayəndəsi X4 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışlar, vurulmuş ziyan ödənilmişdir, ondan heç bir şikayət və tələbləri yoxdur.

18. Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, zərərçəkmiş şəxslə barışmış, ona dəymiş ziyan ödənilmişdir. Ona görə də, məhkəmədən cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq, məhkəmənin əsaslandırması və mövqeyi:

19. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

20. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır.

21. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərəçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir.

22. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 263.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Lakin qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs CM-in 263.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan o, qeyd olunan maddə ilə nəzərdə tutulan cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməlidir.

23. Məhkəmə, hazırkı işin halları ilə oxşar olan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 iyul 2022-ci il tarixli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin şərh edilməsinə dair” qərarında ifadə edilmiş hüquqi mövqeyinə müraciət edilməsini zəruri hesab edir. Konstitusiya Məhkəməsinin həmin qərarda ifadə edilmiş hüquqi mövqeyinə görə cinayət törətmiş şəxsin dövlət məcburetmə tədbirlərinə məruz qalmalı olması cinayət qanunvericiliyinin ümumi qəbul olunmuş yanaşmasıdır. Bu zaman cinayətlərin törədilməsinin qarşısını alan ən təsirli vasitə cəzanın ağırlığı deyil, onun qaçılmazlığıdır (ubi culpa est, ibi poena subesse debet). Bununla yanaşı qanunla nəzərdə tutulan bir sıra hallarda cinayət törətmiş şəxs cinayət məsuliyyətindən azad edilə bilər. Müasir cinayət ədalət mühakiməsi sisteminin fərqləndirici xüsusiyyəti cinayət məsuliyyətindən azad etmənin həm məhkəməyədək mərhələdə, həm də məhkəmə icraatı mərhələsində mümkün olması, bununla da cinayət təqibinə xitam verilməsilə əlaqədar cinayət işlərinin sayının azalma prosesidir.

24. Həmin institutun həyata keçirilməsinin fərqli ölkələrdə müxtəlif prosedurlarının olmasına baxmayaraq hüquqi mahiyyəti hər yerdə eyni qalır – prosessual qanunvericilikdə nəzərdə tutulmuş hallarda cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi. Qeyd edilməlidir ki, cinayət məsuliyyətindən azad etməni o zaman əsaslandırılmış və ədalətli hesab etmək olar ki, cinayət törətdikdən sonra təqsirləndirilən şəxsin cinayət cəzası təyin edilmədən azad edilməsi şəxsin hüquq və azadlıqlarının, bütün hüquq qaydalarının cinayətkar qəsddən müdafiəsinə maneə olmur və bununla yanaşı təqsirkar şəxsin islah olunmasına, yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına yardımçı, cinayət qanunvericiliyinin vəzifələrinə isə müvafiq olur və cəzanı tətbiq etmədən də onun məqsədlərinə nail olmağa imkan verir. Konstitusiya Məhkəməsi həmin qərarda daha sonra göstərmişdir ki, tərəflərin barışması səbəbindən cinayət təqibinə xitam verilməsi ilə cinayət məsuliyyətindən azad etmə özünün mühüm şərti kimi cinayət törətmiş şəxs və zərərçəkmiş şəxs arasında elə bir barışıq vəziyyətini nəzərdə tutur ki, bu, münaqişənin davamından imtinaya gətirib çıxarır. Onların razılaşdırılmış, aydın, sərbəst və birmənalı bəyanlarının qanunun tələbindən irəli gələrək səlahiyyətli orqan tərəfindən də tanınmasını tələb edir.

25. Cinayət Məcəlləsinin 11-ci fəslində cinayət məsuliyyətindən azad etmənin əsasları göstərilmiş və bu əsaslar sırasında zərərçəkmiş şəxslə barışmaqla bağlı cinayət məsuliyyətindən azad etmə (Cinayət Məcəlləsinin 73-cü maddəsi) xüsusi yer tutur.

26. Cinayət təqibi ictimai-xüsusi və ictimai ittiham qaydasında həyata keçirilərkən CM-in 73-cü maddəsində nəzərdə tutulmuş hallar aşkar olunduqda, cinayət təqibi icraatın məhkəməyədək mərhələsində təhqiqatçının və müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən başlanılmaya və ya ona xitam verilə bilər. Bu hal məhkəmə baxışının gedişində müəyyən edildikdə isə cinayət təqibinə müdafiə tərəfinin razılığı ilə xitam verilə bilər.

27. Cinayət Məcəlləsinin 73-cü maddəsinin tələblərinə əsasən zərərçəkmiş şəxslə barışıq cinayət məsuliyyətindən azad edilmənin müstəqil şərti kimi nəzərdə tutulmuşdur. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq, cinayət törətmiş şəxsin cəzalanmalı olub-olmaması məsələsinin zərərçəkmiş şəxsin mülahizəsinə verilməsi qanunvericinin zərərçəkmiş şəxsin maraqlarına hörmətlə yanaşmasına dəlalət edir və sosial ədalətin bərpa edilməsi məqsədini daşıyır.

28. Bununla belə, zərər çəkmişin təqsirləndirilən şəxslə barışmasına dair ərizəsinə baxılarkən nəinki bunun üçün qanunla nəzərdə tutulan əsasların olub-olmaması yoxlanılmalı, həmçinin törədilmiş əməlin ictimai təhlükəliliyi, təqsirləndirilənin şəxsiyyəti, cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar da daxil olmaqla, konkret işin bütün halları nəzərə alınmalıdır. Cinayət prosesini həyata keçirən orqan Cinayət Məcəlləsinin 73-cü maddəsinin tətbiqi ilə bağlı yekun nəticəyə gələrkən zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışmasına dair iradəsinin təzyiq və yaxud hədə-qorxu ilə deyil, məhz sərbəst və şüurlu şəkildə ifadə edildiyini nəzərə almalıdır. Bu zaman barışığın cinayət-hüquqi əhəmiyyəti, şəxsin pozulmuş hüquqlarının və qanuni maraqlarının müdafiəsinin təmin edilməsi və əldə edilmiş barışıqdan hər-hansı sui-istifadə halının qarşısının alınması zəruridir. Konstitusiya Məhkəməsinin həmin qərarda ifadə edilmiş hüquqi mövqeyinə görə də səlahiyyətli orqan zərərçəkmiş şəxsin barışıqla bağlı mövqeyini təzyiq və yaxud hədəqorxu ilə deyil, məhz sərbəst və şüurlu şəkildə ifadə edildiyini nəzərə almalıdır.

29. Beləliklə, məhkəmədə işə baxılarkən müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs iş üzrə zərərçəkmiş şəxs X8 ilə barışaraq ona dəymiş ziyanı tamamilə ödəmişdir.

30. Dəymiş zərərin ödənilməsi cinayət məsuliyyətindən azad edilmənin vacib şərtlərindən biridir.

31. Həmin maddələrdə nəzərdə tutulmuş zərərin ödənilməsi dedikdə, zərərin əvəzinin ödənilməsi ilə yanaşı, həmçinin cinayət nəticəsində zərərçəkmiş şəxsin pozulmuş hüquqlarının və qanuni maraqlarının bərpa edilməsinə yönəlmiş sair tədbirlər başa düşülməlidir.

32. Cinayət ilə (cinayət nəticəsində) zərərçəkmişə fiziki, maddi və mənəvi zərər vurula bilər. Nəzəriyyədə fiziki zərər dedikdə zərərçəkmiş şəxsin həyat və sağlamlığına vurulmuş zərər nəzərdə tutulur. Fiziki zərər ödənilə bilməz, söhbət yalnız onun pul kompensasiyasından gedə bilər.

33. Maddi zərərə zərərçəkmiş şəxsin maddi vəziyyətində baş verən mənfi nəticələr daxildir. Maddi zərərin ödənilməsinə real zərərin və əldən çıxmış faydanın ödənilməsi daxil ola bilər.

34. Qeyd olunmalıdır ki, Cinayət-Prosessual Məcəlləsinin 12.3-cü maddəsinin tələbinə görə, cinayət prosesi gedişində hər kəsin özünün Konstitusiya ilə təsbit edilmiş hüquq və azadlıqlarını qanunla qadağan edilməyən bütün üsul və vasitələrlə müdafiə etməyə hüququ vardır.

35. Odur ki, barışığın cinayət-hüquqi əhəmiyyətini, şəxsin pozulmuş hüquqlarının və qanuni maraqlarının müdafiəsinin təmin edilməsinin və əldə edilmiş barışıqdan hər-hansı sui-istifadə halının qarşısının alınmasının zəruriliyini nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, cinayət işi üzrə icraata xitam verilməsi barədə qərardan verilmiş şikayətdə həmin qərarın mübahisələndirilməsinə səbəb olmuş dəlillər ətraflı göstərilərək hüquqi cəhətdən əsaslandırılmalıdır.

36. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)- 2034/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 3 ulduzlu qərarında barışıqla cinayət işinə xitam verilməsi əsası izah edilərkən tərəflər arasında sonrakı münasibətlərə belə yanaşılmışdır: tərəflər arasında barışıq əldə edildikdən sonra zərərçəkmiş şəxsin məhz hadisə zamanı almış olduğu xəsarətlə bağlı yeni müalicə xərclərinin yaranması mümkündür, lakin bu problemin həlli barışıq əsasında qəbul edilmiş qanuni və əsaslı qərarın yalnız bu əsasla ləğvi yolu ilə deyil, mülki mühakimə üsulu qaydasında birinci instansiya məhkəməsində iddia qaldırmaq yolu ilə həll olunmalıdır. Eyni zamanda, qeyd edilməsi zəruridir ki, əgər zərərçəkmiş şəxs barışıqla bağlı iradəsini sərbəst şəkildə bildirirsə, bu barədə notariat qaydasında təsdiq edilmiş ərizəsini istintaq orqanına təqdim edirsə və ya bu iradəni məhkəmə qarşısında şifahi şəkildə bəyan edirsə və müvafiq yoxlamadan sonra istintaq orqanı və ya məhkəmə zərərçəkmiş şəxsin barışıq barədə bəyanını əsas götürməklə qanunamüvafiq qaydada müvafiq qərar qəbul edirsə, zərərçəkmiş şəxsin sonradan həmin qərardan şikayət etməsi, notariat qaydasında vermiş olduğu ərizəni notariat orqanında ləğv etdirməsi barışıqla bağlı qəbul edilmiş qərarın ləğv edilməsi üçün əsas kimi qəbul edilməməlidir. Belə ki, əgər hər hansı bir cinayət əməli törətmiş şəxslə zərərçəkmiş şəxs arasında barışıq əldə edilirsə və bu barışıq səlahiyyətli dövlət orqanı qarşısında bəyan edilirsə, səlahiyyətli orqana notariat orqanı tərəfindən təsdiq edilmiş və zərərçəkmiş şəxsin idarəsi ifadə edilmiş ərizə təqdim edilirsə və yalnız bundan sonra istintaq və məhkəmə orqanları tərəfindən öz səlahiyyəti çərçivəsində CPM-in tələblərinə uyğun müvafiq qərar qəbul edilirsə, artıq zərərçəkmiş şəxsin əvvəlki iradə ifadəsindən imtina edilməsi nəticəsində qanunamüvafiq qaydada qəbul edilmiş qərarların ləğv edilməsi hallarına yol verilməmlidir. Əks yanaşma qanunamüvafiq qaydada qəbul edilmiş qərarlara güvən və etibarı azaltmaqla yanaşı tərəflər arasında olan mübahisələrin sonsuz qayada uzanmasına səbəb olur. Cinayət əməli nəticəsində sağlamlığa vurulmuş zərərlə bağlı barışıqdan sonra reabilitasiya ilə bağlı yeni xərclərin meydana gəlməsi istisna edilmir, lakin bu zaman barışıq əsasında qəbul edilmiş qanuni qərar ləğv edilməməli, yeni xərclərin mülki mühakimə üsulu qaydasında tələb edilməsinin mümkünlüyü mübahisə edən tərəfə izah edilməlidir.

37. Göstərilənləri və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə, hesab edir ki, CM-in 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə Təqsirləndirilən şəxs həmin maddənin Qeyd hissəsinə əsasən cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət təqibinə xitam verilməlidir.

38. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir).

39. CPM-in 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır.

40. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində inzibati xəta tərkibinin əlamətlərinin olması ilə əlaqədar qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməlidir.

41. Belə ki, CM-in 263.1-1-ci maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 263.1-1 və ya 263.1-1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Lakin məhkəmə onu da qeyd etmək istəyir ki, inzibati məsuliyyətə cəlb etmə zamanı səlahiyyətli orqan “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 9 mart 2022-ci il tarixli Qərarını əsas götürməli non bis in idem və ədalətlilik prinsipinin pozulmaması üçün zəruri addımları atmalıdır.

42. CPM-in 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır.

43. Məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir.

44. Məhkəmə, CPM-in 132-ci maddəsinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış “Neoplan Cityliner” markalı, **-JA-*** dövlət qeydiyyat nişanlı və “Toyota Prius (Hyibrid)” markalı, **-XN-*** dövlət qeydiyyat nişanlı avtomobillərin saxlanılması üçün sahiblərinə təhvil verilməsi nəzərə alınmalıdır.

45. Bundan başqa, məhkəmə CPM-in 197 və 198-ci maddələrinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 128 (yüz iyimi səkkiz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır.

46. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə ümumilikdə 20 (iyirmi) saat vaxt sərf etmişdir.

47. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir.

48. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir.

49. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 20 (iyirmi) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 20 (iyirmi) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 120 (yüz iyirmi) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir.

50. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur.

51. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə bildirir ki, məhkənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir.

52. Beləliklə, yuxarıda göstərilənlərə əsasən və CPM-in 37, 39, 40, 43, 132, 162, 175, 321, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə Təqsirləndirilən şəxs həmin Məcəllənin 263-cü maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut kimi tanınmış “Neoplan Cityliner” markalı, **-JA-*** dövlət qeydiyyat nişanlı və “Toyota Prius (Hyibrid)” markalı, **-XN-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanılması üçün sahiblərinə təhvil verilməsi nəzərə alınsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 128 (yüz iyimi səkkiz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X3 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 20 (iyirmi) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 120 (yüz iyirmi) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərar elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Hakim: Aytəkin İbrahimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar