Məhkəmə qərarları › İş №1(001)-262/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-262/2023

03.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-262/2023 03.04.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 1991-ci ildə Abşeron rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Abşeron rayonu Novxanı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 17 oktyabr 2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri Nəsimi rayonu “Papanin” adlanan ərazidə naməlum mənbədən satış məqsədi olmadan 30 manat müqabilində qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1,328 qram çəkidə narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, həmin gün saat 19:00-da Binəqədi RPİ-in 5-ci PB-in əməkdaşları tərəfindən ünvan 2 ünvanın qarşısında saxlanılaraq ünvan 3 RPİ-in 5-ci Polis Bölməsinin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli cins şalvarın qabaq sol yan cibindən bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 1,328 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitə olan heroindən istifadə edir. Narkotik vasitəni əsasən çəkmə yolu ilə qəbul edir. xx.xx.2022-ci ildə səhər saatlarında Bakı şəhəri Nəsimi rayonu “Papanin” adlanan ərazidə tanımadığı şəxsdən 30 manat müqabilində bir büküm narkotik vasitə heroin almış, lakin gün ərzində həmin narkotik vasitədən istifadə edə bilməmişdir. Həmin gün saat 19:00-da ünvan 2 ünvanın yaxınlığında olan zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim edib üzərində narkotik vasitə olmasından şübhə edildiyi üçün üzərinə şəxsi axtarış keçirilməsi məqsədi ilə onlarla birlikdə Binəqədi RPİ-in 5-ci PB-yə getməli olduğunu bildirmişlər. O da hər hansı bir etiraz etmədən həmin iki nəfər mülki geyimli şəxslə birlikdə Binəqədi RPİ-in 5-ci PB-in inzibati binasına gəlmişdir. İnzibati binada yerləşən xidməti otaqların birində ona narkotik vasitələrin qəbulu, istifadəsi, saxlanması və gəzdirilməsi ilə məşğul olmaqla şübhəli olduğu barədə əməliyyat məlumatı olduğu bildirilərək şübhəli şəxs kimi hüquq və vəzifələri izah olunmuşdur. Hüquqlarının dövlət hesabına müdafiəsi üçün öz razılığı ilə ona müdaifəçi təyin edilmiş və o, həmin müdafiəçi tərəfindən hüquqlarının müdafiə olunmasına etirazının olmadığını bildirmişdir. Daha sonra isə polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində və geyim əşyalarında şəxsi axtarış aparılmağa başlanmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl üzərində və geyim əşyalarında olan qanunla dövriyyəsi qadağan edilmiş və ya məhdudlaşdırılmış əşyaları və ya sənədləri könüllü surətdə təqdim etmək təklif olunmuşdur. Həmin vaxt o, əynində olan göy rəngli cins şalvarın qabaq sol yan cibindən bir ədəd bükümü çıxarıb içərisində olan narkotik vasitə heroin olduğunu deyib masanın üzərinə qoymuşdur. Bükümü açan zaman o, həmin bükülünün içərisində narkotik vasitə olan heroin olmasını bildirmişdir. Polis əməkdaşları ondan həmin narkotik vasitə heroini kimdən, nə vaxt və hansı məqsədlə əldə etməyini soruşduqda o, xx.xx.2022-ci il tarixdə səhər saatlarında “Papanin” adlanan yerdən tanımadığı şəxsdən 30 manat müqabilində aldığını bildirmişdir. Daha sonra geyim paltarlarında, əşyalarında və bədənində aparılmış şəxsi axtarış zamanı üzərindən hər hansı bir digər əşya və ya predmet aşkar olunmamışdır. Üzərində saxladığı bir ədəd bükümdə olan narkotik vasitə heroin zərfə qoyulub qablaşdırılmışdır. Zərfin üzəri möhürlə möhürlənmiş və şəxsi axtarışda iştirak edən hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanmışdır. Həmçinin üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuş və protokol da axtarışda iştirak etmiş polis əməkdaşları və tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Binəqədi RPİ-in 5-ci PB-də əməliyyat müvəkkili vəzifəsində işləyir. Daxil olmuş məlumat əsasında Binəqədi RPİ-in 5-ci PB-də əməliyyat qrupu yaradılmışdır. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində 17 oktyabr 2022-ci il tarixdə saat 19:00-da ünvan 5 ünvanın qarşısında Vüqara yaxınlaşmışlar. Özlərini təqdim edərək həmin şəxsi yaxınlıqda yerləşən Binəqədi RPİ-in 5-ci PB-yə dəvət etmişlər. Bundan sonra Vüqar onlarla birlikdə RPİ-in 5-ci PB-yə gəlmişdir. PB-in təhqiqatçısı tərəfindən ona qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması, istifadəsi və daşımasında şübhəli bilindiyi üçün şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra həmin xidməti otaqda onun üzərinə videoçəkiliş vasitəsi ilə baxış keçiriləcəyini bildirib ona üzərində dövriyyəsi məhdudlaşdırılmış eləcədə qadağan olunmuş hər hansı bir əşya varsa çıxarıb təqdim etməsi təklif edilmiş və o, heç bir etiraz bildirmədən könüllü olaraq əynində olan göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd şəffaf sellofan bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Həmin bükümün içərisində narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı iş üzrə sübut əhəmiyyəti kəsb edən heç bir əşya və ya predmet aşkar olunmamışdır. Üzərindən aşkar olunmuş narkotik vasitə heroini həmin gün səhər “Papanin” adlanan yerdən naməlum mənbədən satış məqsədi olmadan 30 manat müqabilində şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Həmin aşkar olunmuş narkotik vasitə bir ədəd zərfə qoyularaq qablaşdırılmış və zərfin üzəri möhürlə möhürlənmişdir. O və digər işitrakçılar həmin zərfin üzərini imzalamışlar, daha sonra bu barədə protokol tərtib olunmuş və protokol da tərəfindən və digər iştirakçılar tərəfindən imzalanmışdır. Şahid qismində dindirilmiş Binəqədi RPİ-in 5-ci PB-in əməliyyat müvəkkili Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Cinayət işi başlanması barədə xx.xx.2022-ci il tarixli qərardan görünür ki, faktla bağlı Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılıb icraata qəbul edilmişdir (cild 1, i.v 1). Şübhəli şəxsin tutulması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, i.v 20). Şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 17 oktyabr 2022-ci il tarixdə 19:00-da Binəqədi RPİ-in 5-ci PB-in əməkdaşları tərəfindən ünvan 2 ünvanın qarşısında saxlanılaraq ünvan 3 RPİ-in 5-ci Polis Bölməsinin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli cins şalvarın qabaq sol yan cibindən bir ədəd şəffaf sellofan bükümdə qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlə aşkar edilib götürülmüşdür (cild 1, i.v 30-32). Məhkəmə kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 6/6003 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “..Təqsirləndirilən şəxs...” sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisindəki 1 ədəd bükümdə təmiz çəkisi 1,328 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroidir (cild 1, i.v 42-45). Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə ittiham elan edilmişdir (cild 1, i.v. 56-57). Qətimkan tədbiri seçilməsi barədə xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və saxlandığı Binəqədi RPİ-in MSY-dan azad edilmişdir (cild 1, i.v 79-81). Azərbaycan Respublikası DİN-dən verilmiş xx.xx.2022-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1,i.v.93). Məhkəmə-narkoloji ekspertizanın xx.xx.2022-ci il tarixli 6161 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan Narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1,i.v.94-95). Maddi sübut kimi tanıma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üstündən aşkar edilib götürülmüş 1,328 qram çəkidə olan narkotik vasitə heroin maddi sübut tanınmaqla tədqiqata sərf edildikdən sonra qalan qalığı 1,228 qram çəkidə olan narkotik vasitə heroin saxlanılması üçün Binəqədi RPİ-yə təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkətini əks etdirən bir ədəd dvd disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir (cild 1,i.v.100). Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Bu mənada məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi öz ifadəsi ilə yanaşı, şahidlərin ifadələri və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Ona düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddələri ilə ittiham irəli sürülmüşdür. Onun hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar və əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011ci il tarixli qərarları) Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan AA0851274 nömrəli və AA2522088 nömrəli şəxsiyyət vəsiqələrinin surətindən və təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs elektron məhkəmə sistemindəki qohumluq məlumatlarından görünür ki, onun himayəsində xx.xx.2015-ci il təvəllüdlü Səma və xx.xx.2017-ci il təvəllüdlü Günay adlı uşaqları var. Məhkəmə Cinayət Məcəllənin 59.1.4-cü maddəsinə əsaslanmaqla himayəsində azyaşlı uşaqları olmasını təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi müəyyən edir. Məhkəmə təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, onun narkotik vasitələr aludəçisi olmaqla narkotik vasitələrin qəbulundan psixi və fiziki asılılığı yarandığını, üzərindən aşkar edilmiş narkotik vasitə heroinin miqdarının şəxsi istehlak miqdarından təxminən 9 dəfə çox olduğunu nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, təyin ediləcək cəza Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən az ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün müəyyən edilmiş ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə, yuxarıda qeyd edilənlərlə yanaşı hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilərək o, məhkəmə iclas zalından həbs edilməli, cəzaçəkmə müddətinin əvvəli 03 aprel 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69-cu maddəsinin tələbləri baxımından məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilədək həbsdə saxlanıldığı müddət (cəmi 2 gün) ona təyin ediləcək cəza müddətinə hesablanmalıdır. Məhkəmə, məhkəmə narkoloji ekspertizanın xx.xx.2022-ci il tarixli 6161 nömrəli rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 93.1.2ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalı və o ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-in 132.1-ci maddəsinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir:.. 132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qanunun təsvir edilmiş tələblərinə əsasən məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış qalıq çəkisi 1,228 qram olan narkotik vasitə heroin məhv edilməli, şəxsi axtarış və götürmənin əks olunduğu bir ədəd dvd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 197.1-ci maddəsinə görə məhkəmə məsrəfləri aşağıdakılardan ibarətdir:..197.1.4. mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ... Həmin Məcəllənin 198.1-ci maddəsinə görə Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.6-197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Qanunun təsvir edilmiş tələblərinə əsasən məhkəmə hesab edir ki, 114 (yüz on dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Həmçinin qeyd edilməlidir ki, Müdafiəçi1 cinayət işi üzrə Təqsirləndirilən şəxs cəmi 30 (otuz) saat müddətində hüquqi yardım göstərmiş, o cümlədən məhkəmədə iclaslarda iştirak etmiş, cinayət işinin materialları ilə tanış olmuş və digər hərəkətlərdə onun hüquqlarını müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə saxlandığı 2 (iki) gün cəza müddətinə hesablanaraq üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və o dərhal məhkəmə iclas zalında həbs edilsin. Cəzaçəkmə müddətinin əvvəli 03 aprel 2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Maddi sübutlar - Binəqədi RPİ-də saxlanılan 1,228 qram (qalıq çəkisi) narkotik vasitə heroin məhv edilsin. Bir ədəd dvd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılsın. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (AZ.MEM, VÖİN **********, X2, KOD 210005, VÖEN********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAAZ22) köçürülsün. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı – 180 (yüz səksən) manat ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar