Məhkəmə qərarları › İş №1(001)-263/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-263/2025

05.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-263/2025 05.02.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Bəbirov Qədir Nadir oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,423 qram çəkidə, ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini 01 ədəd bükümdə əldə edərək əynində olan şalvarın sağ yan cibində saxlamaqla üzərində daşımış, 10 avqust 2024-cü il tarixdə saat 22:00-da Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, 10 May küçəsində yerləşən “Murad” marketin yaxınlığında saxlanılaraq, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 191 ünvanında yerləşən həmin polis şöbəsinə gətirilmiş və 11 avqust 2024-cü il tarixdə saat 00:20-də üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan şalvarın sağ yan cibindən 01 ədəd bükümdə, satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla üzərində daşıdığı xeyli miqdarda, təmiz çəkisi 0,423 qram ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1 -ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək İfadəsində göstərmişdir ki, 4-5 il əvvəl narkotik vasitə qəbul etsə də, son vaxtlar narkotik vasitələrdən uzaq olmuşdur. Lakin təxminən 10 gün əvvəldən yenidən psixotrop maddə olan metamfetamindən istifadə etməyə başlamışdır. 10 avqust 2024-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, 10 May küçəsində yerləşən “Murad" marketin yaxınlığında olarkən tanımadığı şəxsdən 10 manat pula siqaretin gümüşü rəngli kağızı kəsiyində içərisində psixotrop maddə metamfetamin olan bir büküm alıb, sonra istifadə etmək üçün şalvarının sağ yan cibinə qoymuşdur. Metamfetamini aldığı şəxs tez ondan aralanıb getmişdir. O da orada dayanıb taksi gözləməyə başlamışdır. Həmin günü, yəni 10 avqust 2024-cü il tarixdə saat 22 radələrində Bakı şəhəri, Binəqədi rayonu, 10 May küçəsində yerləşən “Murad" marketin yaxınlığında piyada hərəkət edərkən mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşıb, özlərini təqdim edib, anket məlumatlarını öyrəndikdən sonra psixotrop maddə gəzdirməkdə və istifadə etməkdə şübhəli olduğunu deyib saxlamışlar. O da həmin vaxt üzərində bir büküm psixotrop maddə metamfetamin olduğunu bildirmiş, bundan sonra polislər üzərində videoçəkilişlə şəxsi axtarış keçirəcəklərini deyib, onu Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin inzibati binasına aparmış və orada otaqların birinə onun razılığı ilə müdafiəçi dəvət edilərək, videoçəkilişlə hüquq və vəzifələri izah edilmiş, sonra üzərində qanunla saxlanılması qadağan olunmuş əşya varsa, könüllü təqdim etməsi təklif edilmişdir. O da əynindəki göy rəngli cins şalvarının sağ yan cibində olan 01 ədəd bükümü təqdim etmişdir. Bundan sonra polislər onun üzərində şəxsi axtarış keçirsələr də, heç nə tapmayıb, təqdim etdiyi bükümə baxış keçirmişlər və həmin bükümü haradan əldə etdiyini soruşmuşlar. O da bir bükum metamfetamini elə həmin gün Bakı şəhəri, Binəqədi rayonu, 10 May küçəsində yerləşən “Murad" marketin yaxınlığında olarkən tanımadığı şəxsdən 10 manata özü istifadə etmək üçün alıb cibində saxladığını bildirmişdir. Bundan sonra polislər həmin 01 ədəd bükümdə olan metamfetamini elektron tərəzidə çəkib kağız zərfə qoyub, qablaşdırıb götürmüşlər. O və orada iştirak edən şəxslər həmin zərfi və bununla əlaqədar tərtib olunmuş protokolu imzalamışlar. Aldığı həmin metamfetamindən heç kimə satmamış və hədiyyə etməmiş, metamfetamini özü istifadə etmək üçün cibində saxlamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs hazırda törətdiyi cinayət əməlindən səmimi peşmançılıq çəkdiyini bildirərək ona yngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxış iclasında dindirilmiş şahid Binəqədi RPİ-nin 4-cü PŞ-nin c/a üzrə əməlliyat müvəkkili, polis leytenantı Şahid2 ifadəsində göstərmişdir ki, 10 avqust 2024-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Nəsimi küçəsi ev 25, mənzil 8də qeydiyyatda olmaqla həmin yerdə yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etməsi, üzərində gəzdirməsi və Bakı şəhəri, Binəqədi rayonu, 10 May küçəsində yerləşən “Murad” marketin yaxınlığında olacağı barədə məlumat alıb, həmin məlumatı polis şöbəsinin rəhbərliyinə məruzə edib, müvafiq sənədləşdirmə işləri apardıqdan sonra Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid1 ilə birlikdə həmin ünvana gedib gözləməyə başlamışlar. Bir neçə dəqiqədən sonra Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, 10 May küçəsində yerləşən “Murad” marketin yaxınlığında piyada hərəkət etdiyini görüb ona yaxınlaşaraq özlərini təqdim edib, narkotik vasitə və psixotrop maddə istifadəçisi olması barədə məlumatlarının olduğunu bildirib, üzərində şəxsi axtarış keçirilməsi üçün onlarla birlikdə Binəqdi RPİ-nin 4-cü PŞ-nə getməsini söyləmişlər. Təqsirləndirilən şəxs də etiraz etmədən onlarla birlikdə polis şöbəsinin inzibati binasına getmişdir. Onlar bu barədə raportla polis şöbəsinin rəhbərliyinə məruzə etdikdən sonra xidməti otaqların birinə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün vəkil dəvət edib, hüquq və vəzifələrini izah edərək, üzərində videoçəkilişiə şəxsi axtarış keçiriləcəyini bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs razılığı ilə həmin vəkilin iştirakı olmadan üzərində qanunla saxlanılması qadağan edilmiş hər hansı əşya varsa təqdim etməsini təklif etmişlər. Həmin vaxtı Təqsirləndirilən şəxs də üzərində bir büküm psixotrop maddə metamfetamin olduğunu söylmiş və əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən siqaretin gümüşü rəngli kağızında olan 01 ədəd bükümü çıxarıb təqdim etmişdir. Bundan sonra onlar videoçəkilişə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirmişlər. Lakin heç nə tapmayıb, təqdim etdiyi bir bükümə baxış keçirmişlər. Həmin bükümdə aşkar olunmuş ağ rəngli maddə kütləsi təhqiqatçı tərəfindən elektron tərəzidə çəkilərək 0,59 qram olduğu müəyyən edilmişdir. Sonra onlar Təqsirləndirilən şəxs həmin kütləni haradan əldə etdiyini soruşmuşlar. Təqsirləndirilən şəxs də təqdim etdiyi bir büküm metamfetamini 10 avqust 2024-cü ildə saat 21 radələrində Bakı şəhəri, Binəqədi rayonu, 10 May küçəsində yerləşən “Murad” marketin yaxınlığında olarkən tanımadığı şəxsdən 10 manat pul müqabilində özü istifadə etmək üçün alıb cibində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi həmin bir büküm metamfetamin təhqiqatçı tərəfindən kağız zərfə qoyularaq qablaşdırılmışdır və bu barədə protokol tərtib olunmuşdur. O və orada olan digər iştirakçılar həmin zərfi və protokolu imzalamışlar. Məhkəmə iclasına çağrılmış şahid Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsinin Cinayət Axtarışı üzrə əməliyyat müvəkkili Şahid1 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuş və tədqiq edilmiş hesab edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində toplanmış material üzrə CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2024-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 10 avqust 2024-cü il, saat 23:40-da Binəqədi RPİ-nin 4-cü PŞ-nin inzibati otaqlarının birində şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Binəqədi RPİ-nin 4-cü PŞ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs saxlanılaraq polis şöbəsinə gətirilmiş və onun üzərində şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş büküm aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 6/4088 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd bükümdə təmiz çəkisi 0,423 qram ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün Binəqədi Rayon Məhkəməsinə təqdimat verilməsinə dair Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi Fuad Nəsirovun vəsatətinin müdafiə edilməsindən imtina edilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. xx.xx.2024-cü il tarixli “Diskə baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş diskdən görünür ki, Binəqədi RPİ-nin 4-cü PŞ-nin inzibati otağında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı sonuncuya üzərində olan əşyaları təqdim etməsi təklif olunmuş, o, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümü çıxarıb təqdim etmiş, bundan başqa Təqsirləndirilən şəxs üzərindən heç bir qanunsuz əşya aşkar edilməmişdir. xx.xx.2024-cü il tarixli, 5578 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X3 rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli tələbnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 178.2.4, 69.4-cü maddələri ilə təqsirli bilinərək, ona 2000 manat məbləğində cərimə cəzası təyin edilmiş, xx.xx.2016-cı il tarixdə AR Milli Məclisinin xx.xx.2016-cı il tarixli Amnistiya qərarının 1.5-ci bəndinə əsasən cəzadan azad edilmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinmiş, AR CM-nin 73.2-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışdığı və dəymiş ziyanı ödədiyi üçün cinayət işinin icraatına xitam verilmişdir. xx.xx.2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş qalıq çəkisi 0,373 qram psixotrop maddə metamfetamin və şəxsi axtarış və götürmə zamanı qeydə alınmış video görüntülərin köçürüldüyü 01(bir) ədəd CD disk cinayət işi üzrə mühüm əhəmiyyət kəsb etdiyindən iş üzrə maddi sübut kimi tanınmışdır. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, eləcə də ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahının təsdiq edilməsi haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş siyahıdan görünür ki, metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qramdan 2 qramadək müəyyənləşdirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Azemis” elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, xx.xx.2006-cı il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X2 Samir Əliağa oğlunun övladlarıdır. Məhkəmə, CM-in 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşman olmasını və himayəsində 1 azyaşlı övladının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzədə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən etməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (əvvəllər məhkum olunmamasını), cəzasını ağırlaşdıran halların olmamasını, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli qərarının 48-ci bəndinə əsasən cinayət qanununun sanksiyası müəyyən müddətə azadlıqdan məhrum etmə ilə yanaşı, başqa daha yüngül cəza növünü nəzərdə tutursa və təqsirkara məhz azadlıqdan məhrum etmə cəzası təyin edilirsə, hökmdə daha yüngül cəza növünün və ya həddinin təyin edilməməsinin səbəbləri göstərilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halı və cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri olan ünvan 1 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərləri və Abşeron rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq 10 avqust 2024-cü il tarixdə saat 22:00-da məhdudlaşdırılaraq şübhəli şəxs qismində tutulmuş, 12 avqust 2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, həmin gün saat 16:40-dan 17:10-a qədər təqsirləndirilən şəxs qismində dindirilmiş, daha sonra barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair vəsatətlə Binəqədi rayon Prokurorluğuna müraciət edilmiş, Binəqədi rayon prokuroru Fuad Məmmədovun qərarı ilə vəsatətin müdafiə edilməsindən imtina edilmiş və təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs, hazırkı cinayət işi ilə bağlı şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 2 (iki) gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanıb, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CM-in 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Odur ki, qanunvericiliyin tələblərinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 0,373 qram olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə sübut kimi tanınmış 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197 və 198-ci maddələrinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 81 (səksən bir) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 50 (əlli) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 50 (əlli) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 50 (əlli) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 300 (üç yüz) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 2 (iki) gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərləri və Abşeron rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 0,373 qram olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 81 (səksən bir) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X4 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 50 (əlli) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 300 (üç yüz) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar