Məhkəmə qərarları › İş №1(001)-264/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-264/2024

28.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-264/2024 28.03.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, şikayət vermiş şəxs X2, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X3 və onun müdafiəçisi “Faiq Nağıyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə məsuliyyətə cəlb edilməsinə dair X2 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: X4 xüsusi ittiham qaydasında şikayət verərək X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. X4 şikayətini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikası radio və televizorlarında musiqi proqramlarına müğənni olaraq dəvət alır və kifayət qədər etik davranışı ilə nüfuz qazanmışdır. X5 ilə tanışlığı çoxdandır. Özünə və ailə üzvlərinə geyim əşyaları almaq üçün uzun müddət Təranə Mehdiyevaya məxsus mağazalardan alış-veriş etmişdir. Aralarında olan səmimi münasibətlərin nəticəsi olaraq alış-veriş zamanı aldığı geyim əşyalarını nisyə olaraq aldığı vaxtlar olmuşdur. T.Mehdiyeva ilə aralarında pul mübahisəsi olmuş və mübahisə məhkəmə qaydasında nizamlanmış, məhkəmə qətnaməsi ilə təyin edilmiş pul vəsaitinin miqdarı reallığı əks etdirmir, buna baxmayaraq qanuni qüvvəsin almış məhkəmə qətnaməsini müzakirə etməyi lüzum bilmir. Onun sosial şəbəkələrdə ictimaiyyətə təqdim olunan verilişlərini Təranə Mehdiyeva öz təhqiramiz, böhtan xarakterli yazılarını yerləşdirməklə onun işgüzar nüfuzunu, şərəf və ləyaqətini təhqir edir və bu halın təkrarlanmaması üçün müraciəti T.Mehdiyeva tərəfindən qəbul olunmur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlləri T.Mehdiyeva tərəfindən törədilmişdir. Göstərilənlərə əsasən X3 Azərbaycan Respublikası CM-nin 147.1, 147.2 və 148-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb etməklə, barəsində ittiham hökmünün çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında xüsusi ittihamçı X4 xüsusi ittiham qaydasında verdiyi şikayətin məhkəmənin icraatına qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X5 məhkəmə iclasında izahat verərək xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmənin icraatına götürülməsindən imtina olunmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X3 müdafiəçisi – “Faiq Nağıyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi bildirmişdir ki, Azərbaycan Respublikası Cinayət Prossesual Məcəlləsinin 302-ci maddəsinin tərkib əlamətlərinə uyğun olaraq, həmin Məcəllənin 302.1.6-cı bəndinə əsasən cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda, eyni zamanda həmin Məcəllənin 302.1.7-ci bəndinə əsasən şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə, hazırlıq iclasında xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmənin icraatına götürülməsindən imtina olunur. Odur ki, məhkəmədən xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmənin icraatına götürülməsindən imtina olunmasını xahiş etmişdir. Məhkəmə şikayət vermiş şəxsi, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsi və onun müdafiəçisini dinləyib, xüsusi ittiham qaydasında verilmiş şikayəti araşdırıb, habelə məhkəmənin hazırlıq iclasında xüsusi ittihamçının dəlillərini nəzərdən keçirərək hesab edir ki, hazırkı şikayət üzrə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 299.1, 299.3 və 299.3.3-cü maddələrinin tələblərinə görə məhkəmənin hazırlıq iclası xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması və şikayətin məzmununun məcəllənin 293.3.1—293.3.7ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələlərə baxılmalıdır. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarın 11-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1- 293.3.7-ci maddələri). Həmin qərarda məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, ifadə azadlığına hər hansı məhdudiyyətin “zəruriliyi” əsaslı qaydada müəyyən edilməlidir. İlk növbədə məhkəmələr məhdudiyyətin tətbiqi üçün “ciddi ictimai tələbatın” mövcud olub-olmadığını müəyyən etməlidirlər; bu halda onların müəyyən mülahizə hüdudları vardır. Mətbuat ilə bağlı işlərdə məhkəmələrin malik olduğu mülahizə hüdudları demokratik cəmiyyətin azad mətbuatı təmin etmək və qorumaq marağı ilə müəyyən edilir. Eynilə, Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndinə əsasən məhdudiyyətin qanuni məqsədə mütənasib olubolmamasının müəyyən edilməsində bu maraq daha ağır çəkiyə malikdir (bax, Fressoz və Ruar Fransaya qarşı (BP), § 45). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. 293.3.1. şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2. törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4. şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 293.3.5. cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 293.3.6. şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 293.3.7. şikayəti vermiş şəxsin imzası göstərilməlidir; 299.3.3-cü maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında üsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1—293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələyə baxılır. 293.3.4-cü maddəsinə əsasən şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazirlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. 302.1.6-cı maddəsinə əsasən cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. 302.1.7-ci maddəsinə əsasən, şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. 302.2.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərarlar çıxarır. Xüsusi ittiham qaydasında şikayətə əlavə edilmiş “Youtube” sosial media platformasında yazılmış rəyləri əks etdirən ekran görüntüsündən görünür ki, “@userje1vv1ho9n” istifadəçi adına sahib profilin sahibinin həmin platformada ad və soyadı “Tarana Mehdiyeva” olaraq qeyd olunmuşdur. Həmin hesabdan “Yalan deyir gizi Kamala akaddmiyani bitirmiyub yarida goyub cunku gec ruscada danişa bilmir na gadar yalan olar anasi efirda deyir haksizdiha uğramişam deyir hecnayim yohdur pmur boyu kirayalarda ona buna ata ata dolanib bilmiram yalan ba gadar olar.” və “Arzu xanım demək olmaz doqquz ildir pul atıb ölkədən qaçıb. deyir dilaniram evim yohdur yanvar ayinda ölkaya qayidib polis tarafinnan sahlanilib mahkamaya gatirilib 500 m carima olunub görun bu biyabirciliha cakliş eliyir smma mahkamsnin garariyla kullu mihdarda pul borcludur. bunum abri hayasi var.gar dafa mahkamiya cihanda kiraya yaşayiram dilaniram bu na yalannan basib bahliyir” məzmununda “Youtube” sosial media platformasında rəylər yazılmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə əsasən böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma — min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsinə əsasən ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma— iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsinə əsasən təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma — min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs tərəfindən şikayətə əlavə edilmiş rəyləri yazmış hesabın sahinin X5 olmasını təsdiq edən yaxud həmin rəylərin X5 tərəfindən yazıldığını təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Halbuki, CPM-nin 293.3.3-cü maddəsinə əsasən şikayət cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi göstərilməlidir. Hazırki iş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin X5 tərəfindən törədilməsini təsdiq edən heç bir mötəbər sübut isə xüsusi ittiham qaydasında verilmiş şikayətə əlavə edilməmişdir. Bundan başqa xüsusi ittiham qaydasında verilmiş şikayətdə X4 tərəfindən yalnız “onun sosial şəbəkələrdə ictimaiyyətə təqdim olunan verilişlərini Təranə Mehdiyeva öz təhqiramiz, böhtan xarakterli yazılarını yerləşdirməklə onun işgüzar nüfuzunu, şərəf və ləyaqətini təhqir edir” qeydi aparılmışdır. X1 onun barəsində yalan olduğunu bilə-bilə şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan hansı məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yaydığını, həmçinin hansı ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə ona böhtan atdığını və hansı formada kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında onun şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltdığını əsaslandırmamışdır. Bundan başqa məhkəmə qeyd edir ki, şikayət ərizəsində X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi xahiş edilsə də, həmin şəxs tərəfindən X2 şərəf və ləyaqəti alçaldan məlumatların hansı tarixdə internet resurslarında yayılması öz əksini tapmamış, şikayətdə sırf hansı ifadələrin onun şərəf və ləyaqətini alçaltdığını qeyd etməmişdir. Həmçinin, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X5 tərəfindən Azərbaycan Respublikası CPM-nin şikayət ərizəsinin məzmununa dair tələblər pozularaq şikayət ərizəsinin harada tərtib olunması, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxsin yaşayış yeri, məşğuliyyəti və vəzifəsi qeyd edilməmişdir. Halbuki, CPM-nin 302.1.7-ci maddəsinə əsasən şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin a yarımbəndinə əsasən, «cinayət törətməkdə ittiham olunan hər kəs ən azı digər hüquqlarla yanaşı ona qarşı irəli sürülmüş ittihamın «xarakteri və əsasları» haqqında bildiyi dildə dərhal və ətraflı məlumatlandırılmaq hüququna malikdir». Azərbaycan Respublikası CPM-nin 91.5.1-ci maddəsinə əsasən, «nədə təqsirləndirildiyini bilmək (ittihamın məzmunu, verilmiş ittihamın faktiki tərəfi və hüquqi tövsifi)» təqsirləndirilən şəxsin hüququdur. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, şikayət əsassız olduğundan və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədiyindən, həmçinin CPM-nin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadığından xüsusi ittiham qaydasında şikayətiin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300.1.3, 302.1.3, 302.2.3 və 384.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X5 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsinə dair şikayət vermiş şəxs X2 xüsusi ittiham qaydasında şikayətinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar