Məhkəmə qərarları › İş №1(001)-264/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-264/2025

19.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-264/2025 19.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Hacıyeva Nigar Zahid qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhəri rayon məhkəmələrində X2 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvələr məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin halları:

1. Məhkəmənin icraatına Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur.

2. İbtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,543 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini 1 ədəd bükümdə əldə edərək əynində olan cins şalvarın sağ yan cibində saxlamaqla üzərində daşımış, 06 sentyabr 2024-cü il tarixdə saat 11:00da Bakı şəhəri Binəqədi rayon polis idarəsinin 7-ci polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanın qarşısında saxlanılaraq, ünvan 3a yerləşən həmin polis bölməsinə gətirilmiş və həmin tarixdə saat 13:00-da üzərində aparılan şəxsi axtarış ve götürmə zamanı əynində olan cins şalvarın sağ yan cibindən 1 ədəd bükümdə, satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla üzərində daşıdığı xeyli miqdarda, təmiz çəkisi 0,543 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilerek götürülmüşdür. Proses iştirakçılarının ifadələri:

3. Məhkəmənin hazırlıq iclası zamanı Dövlət ittihamçısı vəsatət verərək bildirmişdir ki, məhkəmənin hazırlıq iclası zamanı təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi yazılı vəsatət verərək iş materiallarında onun tərəfindən imzalanmalı olan bir sıra sənədlərin özü tərəfindən imzalanmadığını, həmin sənədlərdə olan imzaların ona məxsus olmadığını qeyd edərək göstərilən xüsusatın araşdırılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə məhkəmə-xəttşünaslıq ekspertizası təyin edilmişdir. Məhkəmə-xətşünaslıq ekspertizasının xx.xx.2025-ci il tarixli 4/461 nömrəli ekspert rəyindən müəyyən edilmişdir ki, müdafiəçinin verdiyi vəsatət əsaslıdır və onun imzaları saxtalaşdırılmışdr. Dövlət ittihamçısı qeyd edilənləri nəzərə alaraq, məhkəmədən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. Məhkəmənin hazırlıq iclası zamanı Təqsirləndirilən şəxs və müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi isə şifahi formada vəsatət verərək bildirmişdir ki, müdafiə tərəfi olaraq, işin istintaqa qaytarılmasına etiraz edirlər. Məhkəmədən işin istintaqa qaytarılmasını deyil, CPM-in 39-cu maddəsinin tələbi baxımından təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilməməsi əsasına görə iş üzrə icraata xitam verilməsini xahiş edirlər.

5. Təqsirləndirilən şəxs müdafiəçisi ilə eyni məzmunlu ifadə verərək, məhkəmədən iş üzrə icraata ximat verilməsini xahiş etmişdir. Məhkəmənin əsaslandırması və mövqeyi

6. Məhkəmə, ittiham və müdafiə tərəfinin vəsatətlərini iş materialları və ekspertiza rəyi ilə birgə nəzərdən keçirərək belə qənaətə gəlir ki, ittiham tərəfinin vəsatəti əsaslı olduğundan təmin edilməlidir.

7. Belə ki, məhkəmə hazırlıq iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələr keçirilərkən, eləcə də cinayət işinin materialları məhkəmə hazırlıq iclasının gedişatında tədqiq olunarkən müəyyən olunmuşdur ki, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis mayoru X3 tərəfindən ********* nömrəli cinayət işi üzrə aparılan istintaq zamanı Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) tələbləri pozulmuş və cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntulara yol verilmişdir.

8. Belə ki, məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələr zamanı təqsirləndirilən şəxsin müdafiəçisi vəsatət verərək bildirmişdir ki, cinayət işinin materiallarına əlavə edilmiş protokollarda bir sıra istintaq hərəkətlərinin həyata keçirilməsi zamanı onun iştirakını təsdiqləyən imzalar atılsa da o imzalar ona məxsus olmamışdır. Məhkəmədən imzaların doğruluğunun yoxlanılması məqsədilə məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsini istəmişdir. Məhkəmə 1(001)-264/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarla müdafiəçinin vəsatətini təmin etmiş və imzaların yoxlanılması üçün məhkəmə-xətşünaslıq ekspertizası təyin etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 4/461 nömrəli, xx.xx.2025-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, ekspertizaya təqdim olunmuş: - cinayət işinin 1-ci cildinin 66-cı vərəqində olan ekspertizanın təyin edilməsi haqqında qərarla təqsirləndirilən şəxsin tanış edilməsi barədə xx.xx.2024-cü il tarixli protokolda; - 67-ci vərəqində olan ekspertiza rəyinin təqsirləndirilən şəxsə elan edilməsi haqqında xx.xx.2024-cü il tarixli protokolda; - 68-69-cu vərəqlərində olan təqsirləndirilən şəxsin dindirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokolda; - 84-85-ci vərəqlərində olan diskə baxış keçirilməsi haqqında xx.xx.2024-cü tarixli protokolda; - 86-cı vərəqində olan mobil telefon aparatına baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokolda; - 121-ci vərəqində olan təqsirləndirilən şəxsin könüllü gəlməsi barədə xx.xx.2024-cü il tarixli protokolda; - 126-cı vərəqində olan ekspertiza rəyinin təqsirləndirilən şəxsə elan edilməsi haqqında 01,12.2024-cü il tarixli protokolda; - 133-cü vərəqində olan təqsirləndirilən şəxsə CPM-in 169.2-ci maddəsinin izah edilməsi barədə 01,12.2024-cü il tarixli protokolda; - 143-cü vərəqində olan ibtidai istintaqın qurtarması barədə təqsirləndirilən şəxsə və onun müdafiəçisinə məlumat verilməsi barədə xx.xx.2024-cü il tarixli protokolda; - 144-cü vərəqində olan təqsirləndirilən şəxsi və onun müdafiəçisinin cinayət işinin materialları ilə tanış etmək haqqında xx.xx.2024-cü il tarixli protokolda “müdafiəçi” qrafalarındakı imzalar; - 158-ci vərəqində ittiham aktının Müdafiəçi təqdim olunması barədəki qəbzdə “İmza” qrafasındakı imza - Müdafiəçi tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.

9. Bununla da, cinayət işi üzrə CPM-in 303.3.1 və 303.3.8-ci maddələrinin tələbləri, yəni təqsirləndirilən şəxsin müdafiə hüququ, o cümlədən məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq CPM-in 284-286, 288-ci maddələrinin tələbləri pozulmuşdur.

10. CPM-in 284.2-ci maddəsinə görə müstəntiq cinayət işinin materialları ilə tanış olmaq üçün zərər çəkmiş şəxsə, mülki iddiaçıya, mülki cavabdehə və ya onların nümayəndələrinə, həmin şəxslərin xahişi olduqda, təqsirləndirilən şəxsə və müdafiəçiyə isə onların xahişindən asılı olmayaraq imkan yaratmalıdır.

11. Məhkəmə qeyd edir ki, müdafiə hüququ təqsirləndirilən şəxsin ən mühüm hüquqlarından biridir. Bu hüququn pozulması yolverilməzdir və bu kimi hallar istər Azərbaycan Respublikasının Cinayət-Prosessual qanunvericiliyi, istərsə də Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq hüquq normaları ilə birmənalı qadağan edilir.

12. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir.

13. Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsinə əsasən hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ, hər bir şəxsin səlahiyyətli dövlət orqanları tərəfindən tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüququ vardır.

14. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsinin 3 “c” yarımbəndində cinayət törətməkdə ittiham olunan hər kəsin şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsilə özünü müdafiə etmək və ya müdafiəçinin xidmətini ödəmək üçün vəsaiti kifayət etmədiyi zaman, ədalət mühakiməsinin maraqları tələb etdikdə, belə müdafiədən pulsuz istifadə etmək hüququ təsbit edilmişdir.

15. Konvensiyanın 6-cı maddəsinin 3 “c” yarımbəndində təsbit olunmuş hüququn məqsədi müdafiə tərəfini adekvat təqdim etməkdən ibarətdir (Avropa Məhkəməsinin Mayzit Rusiyaya qarşı iş üzrə 20 yanvar 2005-cı il tarixli Qərarı, § 65). Çəkişmə prinsipi baxımından bu müddəanın məqsədi təqsirləndirilən şəxsə qarşı tərəflə müqayisədə onu əlverişsiz vəziyyətdə qoymayan şərtlərlə öz müdafiəsini qura bilməsi üçün ağlabatan imkan verməkdir (Avropa Məhkəməsinin Bulut Avstriyaya qarşı iş üzrə 22 fevral 1996-cı il tarixli Qərarı, § 47; Avropa Məhkəməsinin Popov Rusiyaya qarşı iş üzrə 13 sentyabr 2006-cı il tarixli Qərarı, § 177).

16. Puatrimol Fransaya qarşı iş üzrə 23 noyabr 1993-cü il tarixli Qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) qeyd etmişdir ki, hər bir təqsirləndirilən şəxsin müdafiəçi ilə səmərəli müdafiə olunmaq hüququ ədalət mühakiməsinin əsas cəhətlərindən biridir (§34). Təqsirləndirilən şəxsin müdafiəçisi həmçinin cinayət prosesinin qanuniliyinin təminatçısı kimi çıxış edə bilər (İnsan hüquqları üzrə Avropa Komissiyasının Enslin, Baader və Raspe Almaniyaya qarşı iş üzrə 08 iyul 1978-ci il tarixli Qərardadı, 14 DR 64, səh. 114).

17. Pakelli Almaniyaya qarşı iş üzrə 25 aprel 1983-cü il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 3 “c” yarımbəndi cinayət törədilməsində təqsirləndirilən şəxsin üç hüququna zəmanət verir: şəxsən özünü müdafiə etmək, özü tərəfindən seçdiyi müdafiəçiyə malik olmaq və müəyyən şərtlərlə pulsuz müdafiəçiyə malik olmaq. Özünü şəxsən müdafiə etmək istəməyən hər bir təqsirləndirilən şəxs özü tərəfindən seçdiyi müdafiəçinin xidmətlərindən istifadə etmək imkanına malik olmalıdır; müdafiəçinin xidmətini ödəmək üçün vəsaiti kifayət etmədiyi zaman ədalət mühakiməsinin maraqları naminə müdafiəçi ona pulsuz təqdim olunmalıdır (§ 31).

18. Laqerblom İsveçə qarşı iş üzrə 14 yanvar 2003-cü il tarixli Qərarında Avropa Məhkəməsi göstərmişdir ki, təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərilməsini ədalət mühakiməsinin maraqlarının tələb edib-etməməsi məsələsi həll edilərkən cinayətin ağırlıq dərəcəsi, təyin edilə bilən cəzanın sərtliyi və işin mürəkkəbliyi nəzərə alınmalıdır (§51). Beləliklə, cinayət prosesini həyata keçirən orqanlar öz mülahizələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə müdafiəçi təyin edərkən işin konkret hallarını nəzərə almalıdırlar.

19. Bu mənada təqsirləndirilən şəxsin yüksək hüquqi yardım almaq hüququnun təmin edilməsinin zəruriliyi işin hallarının tam, obyektiv və hərtərəfli araşdırılmasına xidmət edir və nəticədə ədalət mühakiməsinin səmərəli həyata keçirilməsinə yönəlmişdir. Belə ki, yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ şəxsin hüquq və azadlıqlarının, həmçinin qanuni mənafelərinin müdafiəsinin təmin edilməsi ilə yanaşı, ədalət mühakiməsinin tərəflərin bərabərliyi və çəkişmə prinsipləri əsasında həyata keçirilməsinin başlanğıc şərti kimi qiymətləndirilməlidir (Konstitusiyanın 127-ci maddəsinin İV və Vİİ hissələri).

20. Eyni zamanda nəzərə almaq lazımdır ki, Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, ədalət mühakiməsinin maraqları naminə təqsirləndirilən şəxsin müdafiəçi ilə məcburi təmsil olunması Konvensiyaya zidd deyil (Avropa Məhkəməsinin Kroysan Almaniyaya qarşı iş üzrə 25 sentyabr 1992-ci il tarixli Qərarı, §27, 29). Başqa sözlə, özünü müdafiə etmək hüququ insan hüquqları sistemində vacib yer tutsa da, mütləq xarakter daşımır. Buna müvafiq olaraq ədalət mühakiməsinin maraqları tələb etmirsə, müdafiəçinin yardımından istifadə etmək hüququnun həyata keçirilməsinə hər hansı məcburiyyət yolverilməzdir.

21. Azərbaycan Respublikasında da ədalət mühakiməsinin maraqlarının təmin edilməsi məqsədilə vəkilin cinayət prosesində məcburi iştirakı halları və CPM-in 92.3-cü maddəsində cinayət prosesində müdafiəçinin iştirakının təmin olunduğu hallar göstərilmişdir. Bu halların hər hansı biri mövcud olduqda cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən şəxsi müdafiəçi ilə təmin etməlidir.

22. Göründüyü kimi, müdafiəçiyə malik olmaq konstitusion hüququnun həyata keçirilməsinin qaydaları və şərtlərini tənzimləyərkən qanunverici CPM-in 92.3-cü maddəsi ilə bu hüququn reallaşdırılmasını şübhəli (təqsirləndirilən) şəxsin iradəsi və ya ədalət mühakiməsinin maraqlarının tələb etdiyi konkret halların mövcudluğu ilə əlaqələndirərək onun realizə edilməsinin cinayət prosesini həyata keçirən orqanın mülahizəsindən asılı olmadığını müəyyən etmişdir. Belə ki, CPM-in 92.3.1-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxs müdafiəçinin iştirakını tələb edə bilər. Bu halda həmin şəxsə özünə müdafiəçi seçmək üçün şərait yaradılmalı, hüquqi yardımı ödəməyə vəsaiti olmadıqda isə ödənişsiz, dövlət hesabına müdafiəçi ilə təmin olunmalıdır. İş materialları araşdırılarkən (iş materialları səh.14) müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün vəkillə təmin olunmasını xahiş etmiş və bildirmişdir ki, onun müdafiə olunmasından ötrü maddi imkanı yoxdur və dövlət hesabına vəkillər təmin olunmaq istəyir. CPM-in 92.12-ci maddəsinə görə hüquqi yardımı ödəmək üçün vəsaitin olmaması üzündən, habelə bu Məcəllənin 92.3.2—92.3.5, 92.3.8, 92.3.12, 92.3.13 və 92.3.16-cı maddələrində nəzərdə tutulmuş hallarda şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçidən imtina etməsi qəbul olunmur, ona müdafiəçi məcburi təyin olunur və ya müdafiəçisi qismində təyin olunmuş vəkilin səlahiyyətləri saxlanılır.

23. Müdafiə olunmaq hüququ və hüquqi yardım almaq hüququ nəinki milli qanunvericilikdə eyni zamanda Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq aktlarda da öz əksini tapmışdır.

24. CPM-in 10.1-ci maddəsinə əsasən, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər.

25. CPM-in 10.5-ci maddəsinə əsasən, qanunun bu maddəsində göstərilən tələblərin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur.

26. Məhkəmə müdafiə tərəfinin vəsatətinə münasibət bildirməyi zəruri hesab edərək bildirir ki, qeyd edilən vəsatət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, müdafiə tərəfi hesab edir ki, məhkəmə CPM-in 39-cu maddəsinə əsasən təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədiyindən iş üzrə icraata xitam verilməlidir. CPM-in 300.1.7-ci maddəsinə görə məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində məhkəmə tərəfindən qəbul edilən qərarlardan biri də cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsidir. CPM-in 305.1-ci maddəsinə görə məhkəmənin hazırlıq iclasında cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi üçün CPM-in 39-cu, habelə 40.3-cü və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar müəyyən edilməli və bu barədə məhkəmə əsaslandırılmış qərar qəul edilməlidir. Müdafiəçi onun imzasının saxtalaşdırılması əsasından çıxış edərək bildirmişdir ki, onun iştirakı olmadan keçirilmiş istintaq hərəkətləri qanuni hesab edilməməli və nəticə etibarilə sübütlar əsaslı hesab edilməməlidir. Belə olduğu halda məhkəmə sübutların mümkünlüyü məsələsini ümumi olaraq nəzərdən keçirməli və əsaslandırılmış yekun qərar qəbul etməlidir. Lakin məhkəmə bildirmək istəyir ki, müdafiəçi tərəfindən mübahisələndirilən hallar iş materiallarında olan bütün istintaq hərəkətlərini əhatə etmir. Belə ki, müdafiəçinin özünün birbaşa iştirak etdiyi istintaq hərəkətləri olduğu kimi (ifadələrin alınması, cəlb qərarı, ekspert rəyi ilə tanışlıq, etiraz hüququnun izahı, təqsirləndirilən şəxsə ittiham elan edilməsi, hüquq və vəzifələrlə tanış edilməsi, məhkəmə-narkoloji ekspertizanın təyin edilməsi, qətimkan tədbirinin seçilməsi haqqında qərar, təqsirləndirilən şəxsin əlavə dindirilməsi), təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış və baxış keçirilməsində təqsirləndirilən şəxsin öz istəyi ilə müdafiəçi iştirak etməmiş və bu ərizə ilə müdafiəçi tanış olaraq imza etmiş, nəticədə də bu imzaların doğruluğu müdafiə tərəfindən təsdiq edilərək mübahisələndirilməmişdir. Belə olduğu halda məhkəmənin CPM-in 39-cu maddəsinə istinad edərək CPM-in 300.1.7-ci maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verməsi mümkünsüzdür.

27. Məhkəmə yuxarıda sadalanan qanunvericiliyin tələblərini rəhbər tutaraq qeyd etməyi zəruri hesab edir ki, məhkəmənin hazırlıq iclası məhkəmə baxışının yüksək səviyyədə hazırlanmasında və keçirilməsində əhəmiyyətli rol oynamaqla məhkəmə baxışında aradan qaldırılması mümkün olmayan qüsur və çatışmamazlıqları olan cinayət işlərinin və cinayət təqibi ilə bağlı digər materialların məhkəmə baxışına keçməsinin qarşısını alır. CPM-in 303.3-cü maddəsində sadalanmış kobud pozuntular mahiyyət etibarilə cinayət mühakimə icraatının, xüsusən də məhkəməyədək icraatın ən mühüm və prinsipial xarakterli tələblərin pozulmasından ibarətdir.

28. Belə ki, CPM-in 303.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud qanun pozuntularına yol verildiyi müəyyən edildikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır.

29. CPM-in 303.3.1-ci maddəsinə əsasən cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün) zamanı kobud pozuntulara yol verildikdə çıxarılır.

30. CPM-in 303.3.8-ci maddəsinə əsasən, məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq həmin Məcəllənin 284-286, 288-ci və ya 296.3.1-ci maddələrinin tələblərinin pozulması da cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilərək ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması üçün əsasdır.

31. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlmişdir ki, ibtidai istintaq orqanı tərəfindən CPM-in 19-cu maddəsinin, yəni cinayət mühakimə icraatının hüquqi yardım almaq və müdafiə hüququnun təmin edilməsi adlı əsas prinsipi pozulmuş və bu pozuntular məhkəmə tərəfindən CPM-in 303.3.1 və 303.3.8-ci maddəsinə müvafiq olaraq cinayət işinin baxılmasına xitam verilməsi və onun prokurora qaytarılması barədə qərar qəbul edilməsi ilə nəticələnməlidir.

32. Beləliklə yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, cinayət işinin baxılmasına xitam verilməli və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır.

33. Məhkəmə, CPM-in 306.1-ci maddəsinə əsasən cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərar qəbul etdikdən sonra təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə məsələyə də baxmışdır. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən öz qüvvəsində saxlanılmalıdır.

34. Göstərilənlərə əsasən və CPM-in 10, 26, 92, 303, və 306-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

1. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəməyədək icraat zamanı kobud qanun pozuntularına yol verildiyindən bu pozuntuların aradan qaldırılması üçün məhkəmənin hazırlıq iclasında cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhər Binəqədi rayon prokuroruna qaytarılsın.

2. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri isə dəyişdirilmədən öz qüvvəsində saxlanılsın.

3. İşin ibtidai istintaqını aparmış Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis mayoru X3 barəsində xüsusi qərar çıxarılsın.

4. Qərarın surəti 3 (üç) gün müddətində təqsirləndirilən şəxsə, zərərçəkmiş şəxsə, müdafiəçiyə və dövlət ittihamçısına göndərilsin.

Hakim: Aytəkin İbrahimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar