Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-265/2024 23.04.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Ramazanova Gözəl Şamil qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon S.S.Axundov küçəsi 1, inzibati binada qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Aslanov küçəsi, döngə 11-də yerləşən fərdi yaşayış evində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 11 dekabr 2023-cü il tarixdə saat 13 radələrində Zərərçəkmiş şəxs yaşadığı ünvan 1 ünvanının həyətinə hasardan aşıb qanunsuz daxil olaraq pəncərənin qarşısında olan dəmir barmaqlığı həyətdən götürdüyü dəmir parçası ilə sındırmaqla və plastik pəncərəni sıxıb açmaqla yaşayış yeri hesab edilən evə qanunsuz daxil olaraq yataq otağındakı saxlanc yeri hesab edilən paltar dolabından 3600 manat dəyərində 01 ədəd qalın yolka formalı, 750 əyarlı, 30 qram çəkidə qızıl boyunbağını, 3060 manat dəyərində 01 ədəd yolka formalı, 750 əyarlı, 30 qram çəkidə qızıl saatlı bilərziyi, 1200 manat dəyərində 750 əyarlı, 10 qram çəkidə, 1 ədəd üzük və 01 cüt sırğadan ibarət qızıl dəsti, 971 manat dəyərində 1 ədəd sarı-gümüşü rəngli, üzərində ağ şəffaf qaşları olan -üzərində “750” əyar damğası həkk olunmuş, metalı 750 əyarlı qızıla uyğun, çəkisi 7,75 qram, qaşları brilyant, 17 ədədinin hər birinin ölçüsü 0,0008 karat, 4/3 keyfiyyətli olan qızıl üzüyü və 480 manat dəyərində 01 ədəd gül formalı, 4 qram çəkidə, 750 əyarlı qızıl üzüyü gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 9311 manat, yəni xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 177.2.3 və 177.2.4cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 11 dekabrda Şəfəq xanımın evinə girməmişdir. O, Əhmədlidə olarkən, qapılarına adam gəlmişdir. Qapını anası açıb onun evdə olmadığını demişdir. Nə məsələ olduğunu öyrənmək üçün zəng etdikdə demişlər ki, gələrsən danışarıq. O da demişdir ki, 6-cı Polis Bölməsinə gələr məsələni həll edərlər. Şəfəq xanım ilə xalası qonşudur, o da xalasıgilin qapısından çıxanda kameraya düşmüşdür. Səhəri günü bölmədə ondan oğurluq edib-etmədiyini soruşduqda, o da oğurlu etmədiyini bildirmişdir. Sonra Şamaxinkadakı lombard yerini soruşmuşlar, o da oraya üzük verdiyini və lazımdırsa göstərə biləcəyini demişdir. Üzüyü həmin yerə 630 manata qoymuşdur. 600 manat üzük olmuş, 30 manat isə komissiya haqqı. Sonradan onu Binəqədi rayon Polis İdarəsinə aparmışlar. Müstəntiq Şəfəq xanıma yığıb üzüyü soruşduqda Şəfəq xanım elə üzüyünün olmadığını demişdir. Telefon danışıqları vardır və onlara baxıla bilər. Birinci 630 manata ekspert rəyi çıxarılmış, sonra o pul 4000 manat olmuş, bundan sonra 7600 manata qalmış, ən sonda da məbləğ 9300 manata qalxmışdır. Məhkəmədən qeyd olunanların nəzərə alınmasını və ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, məktəbdən evə qayıdarkən pəncərənin açıq olduğunu görmüşdür. Eyninin bir neçə gündür ki, onu izlədiyindən şübhələnmişdir. Çünki Eyni xalasıgilə gəlirdi və o, məktəbə getdiyi saatları izləmişdir. Pəncərəni açıq görəndə də ilk şübhəsi o olmuşdur. Qızıllarının hamısı birlikdə olmuşdur. Görmüdşür ki, dolabı açıqdır və bütün paltarları tökülmüşdür. Evində arxa qapı vardır və şübhələnmişdir ki, Eyni arxa qapıdan çıxmışdır. O, Eyninin xalasına evin açarını güvənərək vermişdir. Yəqin ki, açarı götürərək dublikatını çıxarmışdır. Çünki ön qapının önündə qonşuların kamerası vardır. Buna görə də, arxa qapıdan çıxdığını güman edir. Eyni bəy müstəntiqlə onun yanında evə girdiyini və qızılları götürdüyünü etiraf etmişdir. Bu zaman orada silahı olan və çox adam olmamışdır. Qızılların biri ona qaytarılmış, digər qızılların qiyməti üçün ekspert rəy çıxarmışdır. Müstəntiq ona üzüyü göstərib soruşanda öz üzüyü olduğunu demişdir. Eyni bəy yerdə qalan qızılların yerini deməmiş, lakin bütün qızılları bir yerdə olmuşdur. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, müstəntiq oğurluqdan təxminən 2-3 gün sonra ona zəng etmişdir. Qızılın şəkli çəkilib ona atılmışdır. Götürülmüş qızıl onun qızılı olmuşdur. Eyni bəyə demişdir ki, əgər qızıllarının yerini desə və ona qaytarsa şikayətimi geri çəkəcəkdir. O, hər gün dərsə 1-ə 10-15 dəqiqə qalmış getmiş və saat 6-nın yarısında da evdə olmuşdur. Eyni özü də onun gediş-gəliş saatlarını izlədiyini etiraf etmişdir. Oğurlanan əşyalar 1 bilərzik, 1 boyunbağı, 1 komplekt, qaşlı üzük və nişan üzüyü olmaqla 5 predmetdən ibarət olmuşdur. Sadəcə lombarddan götürülən nişan üzüyü ona qaytarılmışdır. Qızıllar qədimi olmuş və ona təxmini olaraq 9000 nə qədər isə ziyan dəymişdir. Ekspert bu barədə rəy çıxarmışdır. Hazırda Təqsirləndirilən şəxs şikayətçidir və ondan qalan qızılların və ya onların pulunun qaytarılmasını tələb edir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, zərgerdir və lombardda işləmişdir. 1 ədəd 750 əyar brilliant qızıl üzük təhvil almış və səhv etmirsə üzüyün müqabilində 630 manat ödəniş edilmişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, qızıl qoyulduqdan təxminən 3 gün sonra polislər lombarda gəlmiş və həmin vaxt o da orada olmuşdur. Həin vaxt onu 6-cı Polis Bölməsinə aparmışlar. Üzük müdiriyyətdə olmuş və daha sonra onu polisə göndərmişlər. Üzüyü ona Eyni adlı şəxs ona sadəcə bir üzük təqdim etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə CM-in 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. Baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs məxsus əşyaların oğurlandığı yer ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evidir. Şübhəli şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 13 dekabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutularaq saxlanılma yerinə təhvil verilmişdir. S-6931 №-li müqavilədən, ona əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surəti və 01 ədəd qızılk üzüyün fotoşəklindən görünür ki, 1 (bir) ədəd qızıl üzük Təqsirləndirilən şəxs tərəfindən “SAF999” lombarda girov qoyulmuş və əvəzində 630 manat pul kreditə götürülmüşdür. Götürmə aparılması və baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə vətəndaş Şahid 750 əyar damğası və 17 ədəd qaşları olan 01 ədəd üzüyü istintaqa təqdim etmiş və qeyd olunan əşyalar qablaşdırılaraq götürülmüşdür. Əşyanın tanınmaya təqdim edilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, üzərində 750 əyar damğası və 17 ədəd qaşları olan 01 ədəd üzük tanınma üçün Zərərçəkmiş şəxs təqdim edilmiş və sonuncu həmin üzüyü tanıyaraq, üzüyün ona məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən oğurlandığını bildirmişdir. Üzləşdirmə haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və Zərərçəkmiş şəxs istintaqa verdiyi ifadəni təsdiq etməklə Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl CM-in 177.2.3-cü maddəsindən həmin Məcəllənin 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilmişdir. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(001)- 1213/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilərək, həbsdə saxlanılma müddətinin əvvəli 13 dekabr 2023-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuş, lakin hazırda ödənilməmiş və ya götürülməmiş məhkumluğu yoxdur. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 6/356-9/417 nömrəli rəyindən görünür ki, tədqiqatına təqdim edilmiş 1 (bir) ədəd sarı-gümüşü rəngli, üzərində ağ şəffaf qaşları olan üzük-üzərində “750” əyar damğası həkk olunmuşdur, metalı 750 əyarlı qızıla uyğundur, çəkisi 7,75 qram, qaşları brilyantdır, 17 ədədinin hər birinin ölçüsü 0,0008 karat, 4/3 keyfiyyətlidirlər. Aparılmış fiziki-kimyəvi tədqiqatın nəticələrinə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş və qərarın təsviri hissəsində göstərilən qızıl-zinət əşyalarının hadisə baş verən tarixə, yəni 2023-cü ilin dekabr ayına olan bazar qiyməti təxminən aşağıdakıkimi müəyyən edilir: -1 (bir) ədəd sarı-gümüşü rəngli, üzərində ağ şəffaf qaşları olan -üzərində “750” əyar damğası həkk olunmuş, metalı 750 əyarlı qızıla uyğu, çəkisi 7,75 qram, qaşları brilyant, 17 ədədinin hər birinin ölçüsü 0,0008 karat, 4/3 keyfiyyətli olan qızıl üzük-971,00 manat. Nəzəri qaydada: - 1 (bir) ədəd qalın yolka formalı, 750 əyarlı, 30 qram çəkidə qızıl boyunbağı- 3600,00 manat; - 1 (bir) ədəd yolka formalı, 750 əyarlı, 30 qram çəkidə qızıl saatlı bilərzik-3060,00 manat; - 750 əyarlı, 10 qram çəkidə, 1 ədəd üzük və 01 cüt sırğadan ibarət qızıl dəsti- 1200,00 manat; - 1 (bir) ədəd gül formalı, 4 qram çəkidə, 750 əyarlı qızıl üzük-480,00 manat Maddi sübut qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, 1 (bir) ədəd sarı-gümüşü rəngli, üzərində ağ şəffaf qaşları olan üzərində “750” əyar damğası həkk olunmuş, metalı 750 əyarlı qızıla uyğu, çəkisi 7,75 qram, qaşları brilyant, 17 (on yeddi) ədədinin hər birinin ölçüsü 0,0008 karat, 4/3 keyfiyyətli olan qızıl üzük iş üzrə sübut əhəmiyyətini nəzərə alaraq maddi sübut qismində tanınmış və saxlanılması üçün ibtidai istintaqın sonunda Zərərçəkmiş şəxs qaytarılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(001)-169/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 20 gün müddətə, yəni 02 aprel 2024-cü il tarixədək uzadılmışdır. Beləliklə məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri, eləcə də istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Həmçinin məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü qismən təqsirli bilməsinə dair verdiyi ifadəsinə hüquqi qiymət verilməsini zəruri hesab edib qeyd edir ki, təqsirləndirilən şəxsin ifadələrini, istintaq hərəkətlərinin aparılması haqqında protokolların və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutların qarşılıqlı şəkildə tədqiqi belə qənaətə gəlməyə əsas verir ki, təqsirləndirilən şəxs tərəfindən elan edilmiş ittiham üzrə cinayətin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və təqsirləndirilən şəxsin məhkəmə araşdırması zamanı heç bir mötəbər hala əsaslanmayan ifadəsi ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Başqa sözlə desək, ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihamda göstərilən cinayət əməlini törətməsi məhkəmə tərəfindən tədqiq edilmiş sübutlarla təsdiq edilərək tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 177.2.3 və 177.2.4-cü maddələri cinayətlərin təsnifatına görə az ağır cinayətlər hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini həmin Məcəllənin 59.1.14-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq cəzasını yüngülləşdirən hallarla yanaşı, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (əvvəllər məhkum olunmasını), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmasını və belə olan halda təqsirləndirildiyi maddənin sanksiyasında azadlıqdan məhrum etməyə nisbətən yüngül cəza növünün təyin edilməsinin ona tərbiyəedici və xəbərdaredici təsir göstərməyəcəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Belə ki, məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halın olmasını və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 13 dekabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(001)-1213/2023 nömrəli qərarı ilə barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilərək həbsdə saxlanılma müddətinin əvvəli 13 dekabr 2023-cü il tarixdən hesablanmış, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 4(001)-169/2024 nömrəli qərarı ilə həbsdə saxlanılma müddəti 20 gün müddətə, yəni 02 aprel 2024-cü il tarixədək uzadılmış və sonuncu həmin tarixdən hazırkı vaxtadək həbsdə olmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti ona təyin olunacaq cəza müddətə daxil edilməli və cəza müddətinin əvvəli 13 dekabr 2023-cü il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 1 (bir) ədəd sarı-gümüşü rəngli, üzərində 17 (on yeddi) ədəd ağ şəffaf qaşları olan “750” əyar damğası həkk olunmuş qızıl üzüyün saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197 və 198-ci maddələrinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 150 (yüz əlli) manat məbləğində olan pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. CPM-in 180.2-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə Zərərçəkmiş şəxs cinayət hadisəsi nəticəsində dəymiş ziyanın ödənilməmiş hissəsi ilə bağlı mülki mühakimə icraatı qaydasında iddia vermək hüquqlarının olması izah edilməlidir. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə cəmi 35 (otuz beş) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 35 (otuz beş) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 35 (otuz beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 210 (iki yüz on) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli 13 dekabr 2023-cü il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 1 (bir) ədəd sarı-gümüşü rəngli, üzərində 17 (on yeddi) ədəd ağ şəffaf qaşları olan “750” əyar damğası həkk olunmuş qızıl üzüyün saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 150 (yüz əlli) manat məbləğində olan pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X1 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. İş üzrə Zərərçəkmiş şəxs cinayət hadisəsi nəticəsində dəymiş ziyanın ödənilməmiş hissəsi ilə bağlı mülki mühakimə icraatı qaydasında iddia vermək hüquqlarının olması izah edilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 35 (otuz beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 210 (iki yüz on) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Fərid Əmirəliyev
Məhkəmə qərarları › İş №1(001)-265/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-265/2024
23.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver