Məhkəmə qərarları › İş №1(001)-266/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-266/2025

18.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-266/2025 18.02.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1991-ci ildə Füzuli rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə qəti olaraq 05 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Füzuli rayonu, Şəkərcik kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanda yaşamış, ********* nömrəli cinayət işi üzrə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs naməlum tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,307 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroini 1 ədəd bükümdə əldə edərək əynində olan qara rəngli idman şalvarın sağ yan cibində saxlamaqla üzərində daşımış, 25 avqust 2024-cü ildə saat 13:10-da Bakı şəhəri Binəqədi rayon polis idarəsinin 4-cü polis şöbəsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Zəngəzur küçəsində saxlanılaraq, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 191 ünvanda yerləşən həmin polis şöbəsinə gətirilmiş və həmin tarixdə saat 15:10-da üzərində aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli idman şalvarın sağ yan cibindən 1 ədəd bükümdə, satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla üzərində daşıdığı xeyli miqdarda, təmiz çəkisi 0,307 qram qəhvəyi rəngli kustar usulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, narkotik vasitə istifadəçisidir. 25 avqust 2024-cü ildə saat 13 radələrində M.Ə.Rəsulzadə qəsəbəsi, Zəngəzur küçəsində 4-cü polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılmışdır. Oradan həmin polis şöbəsinə gətirilmiş və üzərində aparılan axtarış zamanı heç bir narkotik vasitə aşkar edilməmişdir. Ona qarşı fiziki zor tətbiq edilməsə də, təklif etmişlər ki, bir büküm narkotik vasitə heroini üzərinə götürməlidir. Məcbur olub bir büküm narkotik vasitə heroini üzərinə götürmüşdür. Sonra üzərinə videoçəkilişlə axtarış keçirilmiş, axtarış zamanı əynində olan qara rəngli idman şalvarın sağ yan cibindən həmin 1 ədəd bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Heç bir cinayət törətmədiyini nəzərə alıb, barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Binəqədi RPİ-in 4-cü PŞ-də əməliyyat müvəkkili vəzifəsində işləyir. Şöbəyə daxil olmuş əməliyyat məlumatlarında xx xxxxxx 1991-ci ildə Füzuli rayonunda anadan olan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələri əldə etməsi, daşıması və saxlaması ilə məşğul olması bildirilmişdir. Həmin məlumat əsasında raportla rəhbərliyə məruzə olunmuş, ondan və Binəqədi RPİ-in 4-cü PŞ-in sahə inspektoru, polis mayoru Şahid2 ibarət əməliyyat qrupu yaradılmış, qrupun rəhbəri o, təyin edilmişdir. Daha sonra 25 avqust 2024-cü ildə saat 13:10-da Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Zərgəzur küçəsinin yaxınlığında piyada olan zaman əvvəlcədən alınmış məlumatda Təqsirləndirilən şəxs adlı şəxsin zahiri əlamətləri ilə uyğun gələn şəxs saxlanılmışdır. Onlar həmin şəxsə özlərini təqdim etmişlər. Saxlanılan şəxs özünü onlara Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Daha sonra onlar Təqsirləndirilən şəxs bildirmişlər ki, o, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəlidir. Onlar Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi üçün həmin şəxsi Binəqədi RPİ-in 4-ci PŞ-in inzibati binasına dəvət etmişlər. Təqsirləndirilən şəxs razılaşaraq onlarla birlikdə 4-cü PŞ-in inzibati binasına gəlmiş və inzibati binanın xidməti otaqların birinə dəvət olunmuşdur. Vəkil ona təqdim edildikdən və hüquq və vəzifələri bir daha izah edildikdən sonra Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz saxladığı əşyaları könüllü təqdim etməsi bildirilmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd siqaretin gümüşü rəngli kağız bükümü çıxardaraq, masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərində başqa qanunsuz əşya və yaxud predmet yoxdur. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin heç bir əşya yaxu predmet aşkar edilməmişdir. Sonra Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu maddənin nə olduğunu deməsi təklif olunduqda, o, bir ədəd bükümün içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Ondan həmin bükümü haradan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyini soruşduqda 25 avqust 2024-cü ildə Zəngəzur küçəsində tanımadığı şəxsdən öz istifadəsi üçün on manata aldığını və üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd büküm elektron tərəzinin üzərinə qoyulmuş və çəkisi 0,46 qram olmuşdur. Aşkar edilən narkotik vasitə heroin boş zərfə qoyularaq möhürlənmişdir. Keçirilmiş şəxsi axtarışla bağlı protokol tərtib edilmiş və həmin protokol ucadan oxunmuş, həm zərf, həm də protokol şəxsi axtarışda iştirak edən iştirakçılar tərəfindən imzalanmışdır. Saxlanılan və şöbəyə gətirilən zaman, eləcə də şöbədə üzərinə şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs qarşı hər hansı bir zor və ya təzyiq göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Binəqədi RPİ-in 4-cü PŞ-in sahə inspektoru, polis mayoru Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Cinayət işi başlanması barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, faktla bağlı Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılıb icraata qəbul edilmişdir (cild 1, i.v 1). Şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü ildə saat 13:10-da Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, i.v 28). Şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 25 avqust 2024-cü ildə saat 13:10-da Bakı şəhəri Binəqədi rayon polis idarəsinin 4-cü polis şöbəsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Zəngəzur küçəsində saxlanılaraq, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 191 ünvanda yerləşən həmin polis şöbəsinə gətirilmiş və həmin tarixdə saat 15:10-da üzərində aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli idman şalvarın sağ yan cibindən 1 ədəd bükümdə qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür (cild 1, i.v 39-40). Məhkəmə kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli 6/4328 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs aşkar edilmiş...” sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 0,307 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (cild 1, i.v 49-53). Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə ittiham elan edilmişdir (cild 1, i.v 65). Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o həmin tarixdə mühafizə altında saxlanıldığı Binəqədi RPİ-in MSY-dən azad edilmişdir (cild 1, i.v 81-85). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin xx.xx.2024-cü il tarixli 5900 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1,i.v 102-103). Axtarışda olan şəxsin tutulması barədə xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutularaq Binəqədi RPİ-in MSY-yə təhvil verilmişdir (cild 1,i.v 130). Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o həmin tarixdə mühafizə altında saxlanıldığı Binəqədi RPİ-in MSY-dən azad edilmişdir (cild 1, i.v 139-144). Sübutların qiymətləndirilməsi və əşyanın maddi sübut hesab edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üstündən aşkar edilib götürülmüş təmiz çəkisi 0,307 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmış, tədqiqata sərf edildikdən sonra qalan qalığı 0,257 qram narkotik vasitə heroin saxlanılması üçün Binəqədi RPİ-yə təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkətini əks etdirən bir ədəd dvd disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir (cild 1, i.v 152-153). Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-537/2024 nömrəli xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 2 (iki) gün ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının müddətinə hesablanmaqla üzərində qəti olaraq 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, cəzaçəkmə müddətinin əvvəli 10 dekabr 2024-cü il tarixdən hesablanmışdır. Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi ittiham tərəfinin təqdim etdiyi şahidlərin ifadələri və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Ona düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddələri ilə ittiham irəli sürülmüşdür. Onun hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar və əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ittiham olunduğu cinayəti törətmədiyi barədə ifadəsində göstərdiyi xüsusatları əsaslı hesab etmir. Belə ki, işdə olan vəkilin şübhəli şəxsə təqdim edilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, həmin gün Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim edilmiş və o, hüquqlarının vəkil Müdafiəçi tərəfindən müdafiə edilməsinə etirazı olmadığını bildirmişdir. Cinayət işinin materiallarından görünür ki, müdafiəçi təqdim edildikdən sonra Təqsirləndirilən şəxs ilə aparılmış bütün istintaq hərəkətləri vəkilin iştirakı ilə keçirilmiş, Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə dindirilərkən cinayətlə bağlı etirafedici ifadələr vermişdir. Məhkəmədə də Təqsirləndirilən şəxs hüquqları həmin müdafiəçi tərəfindən müdafiə edildiyindən bu xüsusat əlavə olaraq Təqsirləndirilən şəxs soruşulmuş və o, müdafiəçisi Ş.Şiriyevə onunla etdiyi söhbətlərdə bir dəfə də olsun məhkəmədə verdiyi ifadəsinə uyğun söz demədiyini bildirmiş, bunun səbəbini izah edə bilməmişdir. Bundan başqa, iş üzrə şahid qismində keçən Binəqədi RPİ-in 4-cü PŞ-in əməkdaşları Şahid1 və Şahid2 Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində göstərdiklərini təkzib etmiş, şahidlər onu 25 avqust 2024-cü ildə saat 13:10-da Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Zəngəzur küçəsində saxladıqlarını, təhlükəsizlik tədbirləri nəzərə alınaraq onu 4-cü PŞ-in inzibati bınasına gətirdiklərini, orada müdafiəçinin və onların iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparıldığını, şəxsi axtarış keçirilməmişdən əvvəl Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan qara rəngli idman şalvarın sağ yan cibindən 1 ədəd bükümdə narkotik vasitə heroini çıxarıb təqdim etdiyini, sorğu-sual zamanı cibindən çıxardığı bükümdəki kütlənin heroin olduğunu, heroini 25 avqust 2024-cü ildə Zəngəzur küçəsində tanımadığı şəxsdən öz istifadəsi üçün on manata aldığını dediyini bildirmişlər. Şahidlərin ifadələri Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılarkən videokamera vasitəsi ilə qeydə alınmış videogörüntü ilə də təsdiq olunur. Belə ki, videoya baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən ona üzərində olan qanunsuz əşyaları könüllü olaraq təqdim etməsi təklif edilmiş, bundan sonra o, əynində olan qara rəngli idman şalvarın sağ yan cibindən 1 ədəd bükümdə narkotik vasitə heroini çıxarıb təqdim etmişdir. Ona qarşı heç bir təsir və təzyiq edilməmişdir. Bundan başqa, cinayət işinin materiallarında olan məhkəmə tibbi-ekspertizasının xx.xx.2024-cü il tarixli 1869 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs bədən səthində xəsarət aşkar olunmamışdır (cild 1, i.v.99-100). Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs gətirdiyi dəlillər həmin dəlillərin yoxlanılması zamanı öz təsdiqini tapmadığından özünümüdafiə xarakterli qiymətləndirilib rədd edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011ci il tarixli qərarları) Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə Təqsirləndirilən şəxs narkotik vasitələr aludəçisi olduğunu, yenidən oxşar cinayət törətdiyini və bu mənada azadlığın məhdudlaşdırılması cəzasının ona tərbiyəedici və xəbərdaredici təsir göstərməyəcəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzası CM-in 66.5-ci maddəsinə əsasən, ona hazırkı hökmlə təyin olunmuş cəza ilə qismən birləşdirilərək üzərində qəti cəza saxlanılmalı, təyin ediləcək cəza Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə, yuxarıda qeyd edilənlərlə yanaşı hesab edir ki, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində baxılmış 1(001)-537/2024 nömrəli cinayət işi üzrə həbsdə saxlanıldığı 2 (iki) gün, habelə hazırkı cinayət işi üzrə xx.xx.2024-cü ildən xx.xx.2024-cü ilədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün, habelə xx.xx.2024-cü ildən xx.xx.2024-cü ilədək təqsirləndirilən şəxs qismində tutulduğu 2 (iki) gün (cəmi 6 gün) ona təyin edilmiş cəza müddətinə hesablanmalı, cəzaçəkmə müddətinin əvvəli 10 dekabr 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməlidir. Məhkəmə, məhkəmə narkoloji ekspertizanın xx.xx.2024-cü il tarixli 5900 nömrəli rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-in 132.1-ci maddəsinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir:.. 132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qanunun təsvir edilmiş tələblərinə əsasən məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış qalıq çəkisi 0,257 qram olan narkotik vasitə heroin məhv edilməli, şəxsi axtarış və götürmənin əks olunduğu bir ədəd dvd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 197.1-ci maddəsinə görə məhkəmə məsrəfləri aşağıdakılardan ibarətdir:..197.1.4. mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ... Həmin Məcəllənin 198.1-ci maddəsinə görə Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.6-197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Qanunun təsvir edilmiş tələblərinə əsasən məhkəmə hesab edir ki, 60 (altmış) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Həmçinin qeyd edilməlidir ki, Müdafiəçi cinayət işi üzrə Təqsirləndirilən şəxs cəmi 30 (otuz) saat müddətində hüquqi yardım göstərmiş, o cümlədən məhkəmədə iclaslarda iştirak etmiş, cinayət işinin materialları ilə tanış olmuş və digər hərəkətlərdə onun hüquqlarını müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 9 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə ona təyin edilmiş 9 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 1 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Binəqədi Rayon Məhkəməsində baxılmış 1(001)-537/2024 nömrəli cinayət işi üzrə şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün, habelə hazırkı cinayət işi üzrə xx.xx.2024-cü ildən xx.xx.2024-cü ilədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün, habelə xx.xx.2024-cü ildən xx.xx.2024-cü ilədək təqsirləndirilən şəxs qismində tutulduğu 2 (iki) gün (cəmi 6 gün) ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının müddətinə hesablanmaqla üzərində qəti olaraq 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli 10 dekabr 2024-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Maddi sübutlar – Binəqədi RPİ-də saxlanılan 0,257 qram (qalıq çəkisi) narkotik vasitə heroin məhv edilsin. Bir ədəd sd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılsın. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 60 (altmış) manat Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (AZ.MEM, VÖİN **********, X2, KOD 210005, VÖEN********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAAZ22) köçürülsün. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı – 180 (yüz səksən) manat ödənilsin. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar