Məhkəmə qərarları › İş №1(001)-267/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-267/2022

19.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-267/2022 19.12.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs, xx xxxxxx 1986-ci il tarixdə Zəngilan rayonunda anadan olan, orta təhsilli, evli, heç yerdə işləməyən, Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 18 avqust 2016-cı il tarixli, 1(005)-198/2016 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsinə əsasən aylıq qazancından 15% pul tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum olunmuş, xx.xx.2018-ci il tarixdə cəza müddəti qurtardığı üçün şöbənin qeydiyyatından çıxarılmış, məhkumluğu ödənilmiş, Zəngilan rayonu, Mincivan qəsəbəsi, Ə.Əsədov küçəsi, ev 16-da qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq pr-ti 161 a ünvanında yaşayan və barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci (təsviri-əsaslandırıcı hissədə CM) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Binəqədi Rayon Məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə əldə edib üzərində saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 2021-ci ilin dekabr ayının sonlarında, səhər saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 30 manat pul müqabilində - 3 ədəd həbdə təsir maddəsinin ümumi miqdarı 0,12 qram olan sintetik narkotik vasitə metadonu əldə edib üzərində saxlayaraq daşımış, 06 yanvar 2022-ci il tarixdə saat 01:00-da Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Z.Qənbərov küçəsində Binəqədi RPİ 4-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 191 ünvanında yerləşən 4-cü Polis Şöbəsinə gətirilmiş, orada şəxsi axtarış aparılarkən əynindəki qara rəngli şalvarının sağ yan cibindən 1 ədəd üzərində “Methadone40" yazılan konvalyut kəsiyində, üzərində “F/M40” yazılan qəhvəyi rəngli 3 ədəd həbdə metadon təsir maddəsinin ümumi miqdarı 0,12 qram olan sintetik narkotik vasitə metadon aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, təxminən 3 il bundan öncə narkotik vasitədən istifadə etmiş, lakin sonradan valideynləri onu müalicə etdirdiyindən narkotik vasitədən istifadə etməmiş və yalnız ağrıları olanda metadone dərmanı atmağa başlamışdır.Bir neçə müddətdir ki, o, həmin dərmandan istifadə edir. xx.xx.2022-ci il tarixdə, saat təxminən 1 radələrində o, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Z.Qəmbərov küçəsində piyada hərəkətdə olduğu zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərinin polis olduqlarını bildirib xidməti vəsiqələrini təqdim etmiş, ondan da öz anket məlumatlarını soruşmuşlar. O da öz ad-soyadını, doğulduğu tarixi və yeri bildirmişdir.Həmin şəxslər onun narkotik vasitələrdən istifadə etməsi, daşıması və saxlaması barədə məlumat aldıqlarını bildirərək Binəqədi RPİnin 4-cü PŞ-nə dəvət etmişlər və o, da polis əməkdaşlarına etiraz etmədən polis şöbəsinə getmişdir.Polis şöbəsində otaqların birində onun hüquqlarını müdafiə etmək üçün vəkil təyin edilmiş, sonradan özünün də razılığı əsasında vəkilin iştirakı olmadan, videoçəkilişdən istifadə etməklə üzərinə baxış keçirilmiş və həmin vaxtı o, əynində olan qara rəngli şalvarın sağ yan cibində olan 03 ədəd metadon həbini könüllü olaraq çıxarıb masanın üzərinə qoymuşdur.Bundan sonra onun üzərinə baxış keçirilmiş və üzərindən heç nə aşkar edilməmişdir.Sonradan, həmin həblər zərfə qoyulmuş və həmin zərfin ağzı möhürlənərək ekspertizaya göndəriləcəyi bildirilmişdir.Bundan sonra onun üzərinə keçirilmiş axtarış və götürülmə aparılması barədə protokol ucadan oxunmuş və doğru olduğu üçün o da həmin protokolu imza etmişdir.Bundan başqa, o, 03 ədəd metadon həblərini saxlanılmamışdan bir həftə öncə, yəni 30 dekabr 2021-ci il tarixdə Biləcəri qəsəbəsində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 30 manata aldığını bildirmişdir.Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs təqsirini etiraf etdiyini, əməlindən səmimi peşman olduğunu, evli olmasını, ailənin yeganə qazanc gətirən şəxs olmasını, o cümlədən, atasının müharibə veteranı olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində ifadə verən Binəqədi RPİ-nin 4-cü PŞ-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 bildirmişdir ki, 06 yanvar 2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq pr 161 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edərək üzərində saxlaması, gəzdirməsi və istifadə etməsi barədə mötəbər mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Alınmış məlumat bölmənin rəhbərliyinə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs müəyyən edilib ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün Binəqədi RPİ-si 4cü PŞ-nin sahə inspektoru, polis leytenantı Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır.O da həmin əməliyyat qrupuna daxil olmuşdur. Alınmış məlumatın yoxlanılması məqsədi ilə 06 yanvar 2022-ci il tarixdə, təxminən saat 00:30 radələrində əməliyyat qrupu ilə birlikdə o və Şahid2 Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Z.Qəmbərov küçəsinə getmişlər.Təxminən saat 01.00 radələrində həmin küçədə Təqsirləndirilən şəxs əlamətlərinə oxşar şəxsi görüb və həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər.Bundan sonra həmin şəxsə də özünü təqdim etməyi təklif etmişlər.Həmin şəxs özünü 06 yanvar 1986-cı ildə Zəngilan rayonu, Mincivan qəsəbəsində anadan olmuş, Binəqədi rayonu, Azadlıq pr 161 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Bundan sonra, onlar Elsun Təqsirləndirilən şəxs üzərində narkotik vasitələr gəzdirməsi, saxlaması və istifadə etməsi barədə daxil olmuş məlumatla bağlı Binəqədi RPİ-si 4-cü PŞ-nə getməli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs etiraz etmədən könüllü olaraq 4-cü PŞ-nə getmişdir.Polis şöbəsində təhqiqatçı, polis baş leytenantı Nurəddin Firudinli tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət etmiş, Təqsirləndirilən şəxs vəkilin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş, təhqiqatçı tərəfindən müdafiəçinin iştirakı ilə hüquq və vəzifələri izah edilmişdir.Bundan sonra, şöbədə təhqiqatçının xidməti otağında Təqsirləndirilən şəxs özünün razılığı ilə müdafiəçinin iştiraki olmadan video çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır.Şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunan əşyanın olub olmaması soruşulmuş, olduğu halda isə həmin əşyanın könüllü surətdə verməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən 03 ədəd üzərində metadone yazısı olan həbləri masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edildikdə o, üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və heç nə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu həblərin nə olduğu soruşulduqda Təqsirləndirilən şəxs metadon həbləri olduğunu, 30 dekabr 2021 -ci il tarixdə Bakı şəhəri, Biləcəri qəsəbəsində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 30 manata aldığını bildirmişdir.Bundan sonra həmin 03 ədəd həbin çəkisini və tərkibini müəyyən etmək məqsədi ilə ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək götürüləcəyi bildirilmişdir. Əvvəlcə zərfin içərisi təhqiqatçı tərəfindən iştirakçılara göstərilmiş və həmin zərfin içərisinin boş olduğu müəyyən edilmişdir.Bundan sonra həmin 03 ədəd həb təhqiqatçı tərəfindən zərfə qoyularaq zərfin ağzı Binəqədi RPİ-nin 4-cü PŞ-nin zərflər üçün nəzərdə tutulmuş «173» nömrəli möhürü ilə möhürlənmiş və hər bir iştirakçı tərəfindən, o cümlədən Təqsirləndirilən şəxs özü tərəfindən həmin zərfin üzəri imzalanmışdır.Təhqiqatçı tərəfindən elan edilmişdir ki, şəxsi axtarış və götürmə zamanı istifadə edilən videoçəkilişin əks olunduğu məlumat daşıyıcısı protokola əlavə ediləcəkdir.Bundan sonra təhqiqatçı tərəfindən protokol iştirakçılara ucadan oxunmuş, protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur.İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamışdır. Şəxsi axtarışda iştirak etmiş şəxslər tərəfindən qeyd edilmişdir ki, protokol düzgün tərtib edilmişdir və cümlədən də şübhəli şəxs Təqsirləndirilən şəxs özü imzası ilə protokolun düzgünlüyünü təsdiq etmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş şahid Binəqədi RPİ 4-cü PŞ-nin sahə inspektoru, polis leytenantı Şahid2 İsrafil oğlu digər Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/35 saylı rəyinə əsasən məlum olur ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “zərflər üçün №173” möhür əksi “...3.Təqsirləndirilən şəxs imza...” yazıları və imzalar olan zərfdəki 1 ədəd üzərində “Methadone40” yazılan konvalyut kəsiyində, 03 ədəd üzərində “F/M40” yazılan qəhvəyi rəngli, dairəvi formalı həblər sintetik narkotik vasitə olan metadondur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X5 Şəxsin keçirilmiş məhkəmə narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 377 №-li rəyinə əsasən məlum olur ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metanfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur.Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamə və hökmün sürətinə əsasən məlum olur ki, İxtiyarov X4 Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə təqsirli bilinib aylıq qazancından 15% pul tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum olunmuş, xx.xx.2018-ci il tarixdə cəza müddəti qurtardığı üçün şöbənin qeydiyyatından çıxarılmışdır.Beləliklə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsinə əsasən məlum olur ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi məhkəmə iclasında tədqiq olunmuş sübutlar məcmusu ilə tam sübuta yetirilmişdir. Bu isə onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq təqsirləndirilən şəxsin əməli CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən peşman olmasını, təqsirini etiraf etməsini, ailənin yeganə qazanc gətirən şəxs olmasını, o cümlədən atasının müharibə veteranı olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxsə məhz hansı növ cəzanın təyin olunmasını müzakirə edərək CM-nin 234.1-ci maddəsinin sanksiyasına uyğun olaraq azadlığın məhdudlaşdırılması cəzası təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Belə ki, iş materiallarından görünür ki, təqsirləndirilən şəxs təqsirini etiraf edir, əməlindən peşmandır və əməlində cəzanı ağırlaşdıran hallar, ümumiyyətlə, yoxdur. Məlum olduğu kimi Azərbaycan Respublikasında cəza siyasətinin humanistləşdirilməsi məqsədilə aparılan islahatlar çərçivəsində 20 oktyabr 2017-ci il tarixli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə bir sıra dəyişikliklərin edilməsi barədə Qanuna əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasına cəza növü olaraq bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması cəzası əlavə edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarında göstərilmişdir ki, cinayət qanununun sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı, başqa daha yüngül cəza tədbiri tətbiq etmənin mümkünlüyünü nəzərdə tutursa, məhkəmə hökmündə nə üçün müttəhimə məhz azadlıqdan məhrum etmə cəzasının tətbiq olunmasının əsasları göstərilməlidir. Eyni mövqe, Azərbaycan Respublikası Ali Məhkəməsinin «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında da təsbit olunmuşdur.Belə ki, həmin Qərarın 2-ci bəndində göstərilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır.Belə ki, məhz həmin Qərarda göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Baxılan cinayət işi üzrə isə məhkəmə cəzanı yüngülləşdirən halların məcmusunu və heç bir cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq məhz təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə uyğun hesab etmişdir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 06 yanvar 2022-ci il tarixdən 07 yanvar 2022-ci il tarixədək həbsdə olduğu 1 (bir) gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə 1 (bir) günə 2 (iki) gün olmaqla təyin edilmiş cəzadan çıxılmalı və ona qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir.Belə ki, iş materiallarında olan Binəqədi RPİ-nin 4-cü PŞ-nin təhqiqatçısı, polis baş leytenantı Nurəddin Firudinli tərəfindən qəbul olunmuş şübhəli şəxsin tutulması haqqında 06 yanvar 2022-ci il tarixli qərarına əsasən məlum olur ki, Təqsirləndirilən şəxs 06 yanvar 2022-ci il tarixdə tutulmuşdur.Həmçinin, Binəqədi RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru Nahid Məmmədov tərəfindən qəbul edilmiş 07 yanvar 2022-ci il tarixli qərarına əsasən məlum olur ki, 07 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilmiş və o, azad edilmişdir. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşadığı – Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq pr-ti 161 a ünvanında çəkməli və təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməlidir. Eyni zamanda, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 06.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyəcəyi və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər rayon Probasiya Şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” barədə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əziyyət çəkdiyindən, ona narkomaniyadan məcburi müalicə təyin olunmalı və qeydiyyatda olduğu yerin narkoloji dispanserində qeydiyyata alınmalıdır. Eyni zamanda, CPM-nin 353.4.11-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan və Binəqədi RPİ-də saxlanılan psixotrop maddə-metadonun 02 ədəd olan qalığı məhv edilməli və iş üzrə maddi sübut - 01 ədəd təqsirləndirilən şəxsin üzərinə baxış keçirilməsinə dair görüntüləri özündə əks etdirən 1 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin, CPM-nin 353.4.10-cu maddəsinə əsasən iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri- 88,70 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, müdafiçəsi məhkəmə prosesində təyinatla iştirak etdiyindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli Qərarına əsasən hüquqi yardımın göstərilməsinə görə, hər iş saatı üçün 6 manat miqdarında Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesabına keçirilməlidir. Müəyyən edilir ki, Müdafiəçi hazırki iş üzrə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı 28 saat vaxt sərf etmişdir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 318.1, 344-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs 06 yanvar 2022-ci il tarixdən 07 yanvar 2022-ci il tarixədək tutulduğu 1 (bir) gün müddət Təqsirləndirilən şəxs 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşadığı – Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq pr-ti 161 a ünvanında çəksin. Təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 06.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat erməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və qeydiyyatda olduğu yerin narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Binəqədi RPİ-də saxlanılan psixotrop maddə metadonun 2 həb olan qalığı məhv edilsin. İş üzrə maddi sübut - 01 ədəd təqsirləndirilən şəxsin üzərinə baxış keçirilməsinə dair görüntüləri özündə əks etdirən DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 88,70 manat (səksən səkkiz manat yetmiş qəpik) Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına _VÖEN **********, X2 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilsin. Cinayət işi üzrə Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı sərf etdiyi 28 (iyirmi səkkiz) saat hüquqi xidmətin dəyəri 168 (yüz altmış səkkiz) manat "xxxx"ASC-nin Binəqədi filialına (kod 200156,VÖEN **********,m/hAZ37 NABZ******************** S.W.İ.F.T. B.İ.K:AİİBAZ 2X,hesab№AZ48AİİB ********************, VÖEN-1000 597151) Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Hakim Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar