Məhkəmə qərarları › İş №1(001)-27/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-27/2024

27.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-27/2024 27.06.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqova Aynurə Vahid qızının sədrliyi, Bəbirov Qədir Nadir oğlunun katibliyi, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X2 iştirakı ilə, X1 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin baxış iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X3 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 27 mart 2023-cü il tarixdən əvvəllər, yəni xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası CM-nin 178.3.2, 32.4, 312.2 maddələri ilə, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələri ilə, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələri ilə məhkum edilmiş X4 öz (instagram) platformasında yaradılmış "Şahin Verdiyev rüşvətxor və dələduz" adlı paylaşmalarda ona və ailəsinə qarşı guya övladlarına ev almaqda kömək etməsini əsas gətirərək, onu “şərəfsiz, rüşvətxor, dələduz, küçük, namussuz, cındır, haranın küçüyüsən, 14 il həbsdə yatızdıracam”, onun ailəsinə qarşı nalayiq yazışmaları ilə, şantaj, hədə-qorxu ilə, böhtanla, şərlə nəyin bahasına olursa-olsun ona vermiş borc məbləğindən artıqlaması ilə faizin istənilməsi, Azərbaycan Respublikasının Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində araşdırılan materialda tam şəkildə sübuta yetirilərək məlum olmuşdur ki, həqiqətən də ona borcu qalmamışdır, ancaq yuxarıda qeyd etdiyi kimi bir aya yaxındır onu ictimaiyyət içində alçaldaraq, böhtanlı qara yaxmaları ilə minlərlə oxucuların yanında nüfuzdan salmaqda davam etməkdədir. “İnstagram” platformasında onun barəsində yaradılmış neqativ, təhqiredici və böhtanlı yazılar üzrə Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayətin tərkibi mövcuddur və bu əsasla hazırda Azərbaycan Respublikası CPM-nin 293cü maddəsinə uyğun olaraq tərtib edilməklə məhkəməyə təqdim edilən bu şikayət ərizəsi Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri üzrə baş vermiş cinayət hadisəsinin araşdırılmaqla cinayət törətmiş şəxsin əməlinə hüquq qiymət verilməsindən ibarət məqsədə xidmət edir. Xüsusilə də nəzərə almaq lazımdır ki, baş vermiş hadisə nəticəsində təhqir olumaqla yanaşı, böhtana məruz qalmışdır. Belə ki, Dəniz Əsədova onu rüşvətxorluqda və dələduzluqda suçlamaqla və səsləndirməklə onu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 311-ci maddələri ilə nəzərdə tutulan ağır cinayəti törətməkdə ittiham etmişdir, bu isə Dəniz Əsədovanın əməlində Cinayət Məcəlləsinin 147.2-ci maddəsinin tərkibini yaratmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-362/2023 saylı, 28 dekabr 2023-cü il tarixli qərarına əsasən iş üzrə məhkəmə linqivistik ekspertizası təyin olunmuş və iş üzrə icraat dayandırılmışdır. xx.xx.2024-cü tarixdə iş materialları Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 4/141 saylı, 24 aprel 2024-cü il tarixli rəylə məhkəməyə daxil olduğundan iş üzrə icraat təzələnmiş və məhkəmə iclası 17 may 2024-cü il tarixə, saat 12.00-a təyin olunmuşdur. Xüsusi ittiham qaydasında şikayətə məhkəmə hazırlıq iclasında baxılması 26 aprel 2023-cü il tarixə təyin edilmiş, lakin məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmış xüsusi ittiham qaydasında şikayət vermiş X3 məhkəmə iclasına gəlməmişdir. Bu səbəbdən məhkəmə hazırlıq iclası 03 may 2023-cü il tarixə təxirə salınmış, məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada növbəti dəfə məlumatlandırılmış xüsusi ittihamçı X3 təkrarən məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə öncədən məhkəməyə hər hansı məlumat verməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.1.8-ci maddəsinə əsasən şikayət vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 315.1-ci maddəsinə əsasən zərər çəkmiş şəxs (xüsusi ittihamçı) bu Məcəllənin 87.6-cı maddəsinin nəzərdə tutulmuş hüquqlardan istifadə etməklə məhkəmə baxışı zamanı bütün məhkəmə iclaslarında iştirak etmək hüququna malikdir. Bu zaman o, xüsusi ittihamçı kimi həmçinin bu Məcəllənin 88.4-cü maddəsində nəzərdə tutulmuş hüquqlardan istifadə edir. CPM-nin 315.2-ci maddəsinə əsasən zərər çəkmiş şəxs (xüsusi ittihamçı) ictimai və ya ictimaixüsusi ittiham qaydasında həyata keçirilməli cinayət təqibi üzrə məhkəmə iclasına gəlmədikdə, məhkəmə cinayət prosesi tərəflərinin fikrini dinlədikdən sonra onun iştirakı olmadan cinayət təqibi ilə bağlı bütün hallarının hərtərəfli, tam və obyektiv tədqiq edilməsinin, qanuni və əsaslı yekun məhkəmə qərarının çıxarılmasının mümkünlüyü barədə məsələni həll edir. Zəruri hallarda məhkəmə baxışı təxirə salınır və məhkəmə iclası başqa vaxta keçirilir. CPM-nin 315.3-cü maddəsinə əsasən zərər çəkmiş şəxs (xüsusi ittihamçı) ictimai və ya ictimai-xüsusi ittiham üzrə məhkəmə baxışı zamanı məhkəmə iclasına təkrarən gəlmədikdə cinayət prosesi tərəflərindən birinin xahişi ilə məhkəmə baxışı yenidən təxirə salınır və məhkəmə iclası başqa vaxta keçirilir. Lakin belə hallarda zərər çəkmiş şəxs (xüsusi ittihamçı) məhkəmə iclasına üzrlü səbəblərə görə gəlməsinin təkrarən mümkünsüzlüyünü məhkəmə iclası başlananadək məhkəməyə bildirməmişsə, məhkəmə öz qərarı ilə onun barəsində məcburi gətirilmə haqqında qərar çıxara bilər. CPM-nin 315.4-cü maddəsinə əsasən xüsusi ittihamçının xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışı zamanı üzrlü səbəblərə görə məhkəmə iclasına gəlməsi mümkün olmadıqda, o, məhkəmə iclası başlananadək bu barədə məhkəməyə məlumat verməlidir. Məhkəmə xüsusi ittihamçının məhkəmə iclasına gəlməməsi səbəbini üzrlü hesab etdikdə, cinayət işinin məhkəmə baxışı təxirə salınır və məhkəmə iclası başqa vaxta keçirilir. CPM-nin 315.5-cü maddəsinə əsasən xüsusi ittihamçı xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışı zamanı üzrsüz səbəblərə görə təkrarən məhkəmə iclasına gəlmədikdə, məhkəmənin qərarı ilə cinayət işinin məhkəmədə xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilir. Məhkəmə hesab edir ki, xüsusi ittihamçı və vəkili heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlmədiyindən və məhkəmə iclasına gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat vermədiyindən bu hal xüsusi ittihamçının xüsusi ittiham qaydasında şikayətdən imtina etməsinə bərabər tutulmalı və CPM-nin 315-ci maddəsinin tələbinə əsasən xususi ittihamçı X1 barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci və 148-ci maddələri ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 315-ci maddəsinin tələblərini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Xususi ittihamçı X1 barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci və 148-ci maddələri ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilsin. Qərardan, rəsmi qaydada elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məşhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim : Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar