Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-270/2022 28.10.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1965-ci il tarixdə Şamaxı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Zaqatala rayonu, Car kəndində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə təkrarən dələduzluq etmişdir. Belə ki, o, özgənin əmlakım ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs1 etibardan sui-istifadə edərək özünü mövcud olmayan “Ümüd Qapısı” Yardım fondunun üzvü kimi təqdim edib sonuncuya həmin fondun vasitəsi ilə Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən Yeni yaşayış massivindəki fərdi evinin artırılmasına yardımın göstəriləcəyini yalan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə 10 aprel 2018-ci il tarixdə günorta saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən Yeni yaşayış massivindəki fərdi evində Zərərçəkmiş şəxs1 1000 manat, 14 aprel 2018-ci il tarixdə günorta saatlarında həmin ünvanda 600 manat və 20 aprel 2018-ci il tarixdə günorta saatlarında həmin ünvanda 400 manat alıb ələ keçirərək Zərərçəkmiş şəxs1 ümumilikdə 2000 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs2 etibardan sui-istifadə edərək özünü Binəqədi rayonunun Xocəsən Bələdiyyəsinin işçisi kimi təqdim edib Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən sonuncunun ünvan 3 ünvanda yerləşən yaşayış evi və həyətyani torpaq sahəsi üzərində mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmasını və bu barədə çıxarışın və texniki pasportunun veriləcəyini yalandan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə 03 may 2020-ci il tarixdə səhər saatlarında ünvan 3 ünvanda Zərərçəkmiş şəxs2 300 manat, 07 may 2020-ci il tarixdə günorta saatlarında həmin ünvanda 230 manat, 12 may 2020-ci il tarixdə səhər saatlarında həmin ünvanda 250 manat və 17 may 2020-ci il tarixdə günorta saatlarında həmin ünvanda 20 manat alıb ələ keçirərək Zərərçəkmiş şəxs2 ümumilikdə 800 manat məbləğində ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakım ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs3 etibardan sui-istifadə edərək özünü mövcud olmayan “ümüd Qapısı” Yardım fondunun üzvü kimi təqdim edib sonuncuya həmin fondun vasitəsi ilə güzəştli sosial mənzilin veriləcəyini yalan vəd verib aldadaraq 06 iyun 2020-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən Yeni yaşayış massivindəki sonuncunun yaşadığı fərdi evinin qarşısında 2100 manat alıb ələ keçirərək Zərərçəkmiş şəxs3 həmin məbləğdə ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-in 178.2.2ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 28 aprel 2015-ci il tarixdən 03 avqust 2015-ci il tarixədək Xocəsən bələdiyyəsi ilə bağlanmış xidməti müqavilə əsasında bələdiyyənin inzibati ərazisi daxilində bərk məişət tullantılarının yığılması, ərazidə abadlaşdırma, yaşıllıq sahələrinə qulluq, həmçinin, fiziki şəxslərdən torpaq və əmlak vergisinn yığılmasının təşkili, torpaq və əmlak vergisi ilə əlaqədar bildirişlərin ödəyicilərə paylanması işlərinin aparılması ilə əlaqədar işləmiş, 03 avqust 2015-ci il tarixdə isə öz xahişi ilə müqaviləyə xitam verilərək işdən çıxmışdır. Lakin işdən çıxandan sonra da qeyri rəsmi olaraq bələdiyyənin işçilərinə köməklik etmişdir. Həmin müddət ərzində o, bələdiyyənin ərazisi ilə və həmin ərazinin sakinləri ilə tanış olmuş və sakinlər onu bələdiyyənin işçisi kimi tanımışlar. Bir müddət o, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində kirayədə yaşadığı üçün bu qəsəbənin sakinləri də onu bələdiyyə işçisi kimi tanımışlar. 2018-ci ilin əvvəllərində, o, Sulutəpə qəsəbəsində Zərərçəkmiş şəxs1la tanış olmuşdur. Söhbət əsnasında Zərərçəkmiş şəxs1 ona hazırda kirayədə qaldığını, lakin Binəqədi rayonunun Sulutəpə qəsəbəsində torpaq sahəsinin olduğunu və həmin torpaq sahəsində özünə ev inşa etdirmək istədiyini demişdir. Həmin vaxtı o, Zərərçəkmiş şəxs1 köməklik edə biləcəyini demiş və öz mobil telefonunun nömrəsini vermişdir. Onların söhbətlərindən bir müddət sonra Zərərçəkmiş şəxs1 xəbər olmamışdır. Lakin 2018-ci ilin aprel ayında Zərərçəkmiş şəxs1 ona zəng vurub görüşmək istədiyini bildirmişdir. Görüş zamanı Zərərçəkmiş şəxs1 hal hazırda pulu olduğunu və yeni evin inşası ilə bağlı hər hansı dövlət qurumundan köməklik almaq istədiyini demişdir. Zərərçəkmiş şəxs1 bu məqsədlə ona hissə-hissə 2000 manat pul vermişdir. Bunun müqabilində o, Zərərçəkmiş şəxs1 köməklik etməyə cəhd etmiş, lakin işi alındıra bilməmişdir. O, aldığı pulundan Zərərçəkmiş şəxs1 500 manatını qaytarmışdır. Bundan başqa 2020-ci ilin aprel ayında tanışı Şahid2 ona zəng vurub qohumu Yusif adlı şəxsin yaşadığı evi üçün texniki pasportun alınması ilə bağlı köməklik istəmişdir. O, Kamalın xahişi ilə Zərərçəkmiş şəxs2lə görüşəndə, sonuncu özü ona dəfələrlə Əmlak Komitəsinə müraciət etdiyini, lakin Binəqədi rayonunun 28 May qəsəbəsində yerləşən fərdi evini sənədləşdirə bilmədiyini demişdir. Zərərçəkmiş şəxs2 ondan evinin sənədləşdirilməsində ona köməklik göstərməsini xahiş etmiş və bunun üçün ona hissə-hissə olmaqla ümumilikdə 800 manat pul vermişdir. Lakin pandemiya ilə əlaqədar müəyyən qadağalar qoyulduğuna görə o, Zərərçəkmiş şəxs2 köməklik edə bilməmiş və aldığı 800 manat pulu sonuncuya qaytara bilməmişdir. İbtidai istintaq zamanı Zərərçəkmiş şəxs2 dəymiş zərəri tam olaraq ödəmişdir. Bundan başqa, o, 2020-ci ilin iyun ayında Sulutəpə qəsəbəsində tanış olduğu qəsəbə sakini Zərərçəkmiş şəxs3 güzəştli sosial mənzilin verilməsində köməklik göstərilməsinə dair vəd verərək sonuncudan 2100 manat pul almışdır. Lakin o, Zərərçəkmiş şəxs3 verdiyi vədə əməl edə bilməmiş və aldığı 2100 manat pulu Elşənə qaytara bilməmişdir. İbtidai istintaq və məhkəmənin icraatı zamanı Zərərçəkmiş şəxs3 aldadaraq aldığı 2100 manat puldan 1735 manatını geri qaytarmışdır. Qeyd edilən halların nəzərə alınaraq cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 178.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 2018-ci ilin aprel ayında əvvəllər Təqsirləndirilən şəxs “Ümid Qapısı” Yardım fondunun üzvü olmasını təsdiq edən sənəd göstərərək özünü fondun üzvü kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs onun hazırda yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsindəki yeni yaşayış massivində inşa etdiyi evin tikilməsinə görə fonddan yardım edəcəyinə dair vəd edərək ondan Binəqədi rayonunun Sulutəpə qəsəbəsində yaşadığı evdə xx.xx.2018-ci il tarixdə saat 11 radələrində 1000 manat, xx.xx.2018-ci il tarixdə saat 10 radələrində 600 manat və xx.xx.2018-ci il tarixdə saat 13 radələrində 400 manat, ümumilikdə isə 2000 manat pul almışdır. Lakin sonradan Təqsirləndirilən şəxs verdiyi vədə əməl etməmiş və aldığı 2000 manat pulu ona qaytarmamışdır. Bununla bağlı o, Binəqədi RPİ-nin 40-cı PB-nə ərizə ilə müraciət etmiş və müraciəti əsasında cinayət işi başlanmışdır. İbtidai istintaq dövründə Təqsirləndirilən şəxs ondan aldığı 2000 manatın 500 manatını ona qaytarmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, hazırda yaşadığı ünvan 3 ünvanında yerləşən fərdi evinin sənədləri olmadığına görə 2020ci ilin aprel ayının əvvəllərində Əmlak Komitəsinə müraciət etmişdir. Bir müddət sonra isə pandemiya səbəbindən karantin tətbiq edilmiş və o, özü evinin sənədləşməsi ilə məşğul ola bilməmişdir. Həmin ərəfədə qohumu Şahid2 onu əvvəllər tanımadığı Təqsirləndirilən şəxsla tanış etmiş və sonuncunun Vaqif Xocəsən bələdiyyəsinin işçisi olduğunu, evinin sənədləşməsində Vaqifin köməklik göstərdiyini demişdir. Təqsirləndirilən şəxs da ona özünü Xocəsən bələdiyyəsinin işçisi kimi təqdim etmiş, idarələrə getmək üçün icazəsi olduğunu və evinin sənədləşməsi ilə bağlı işləri başa çatdıra biləcəyini demişdir. Aralarında olan razılaşmaya görə evinə aid Əmlak Komitəsindən mülkiyyət hüququnu təsdiq edən çıxarışın və həyətyanı sahənin texniki pasportunun alınması ilə bağlı bütün işləri Vaqif 800 manata başa çatdırmağı öhdəsinə götürmüşdür. Qeyd olunan işlərin başlanması üçün Vaqif ondan ilkin olaraq 450 manat pul istəmişdir. O, da Təqsirləndirilən şəxs 03 may 2020-ci il tarixdə, saat təxminən 10 radələrində yaşadığı evdə şəxsiyyət vəsiqəsinin surətini, torpaq sahəsinin alğı-satqı müqaviləsinin surətini, adına olan etibarnamənin surətini, torpaq sahəsinin planının və ölçüsünün surətini, icraiyyə komitəsinin qərarından çıxarışın surətini, Hökməli bələdiyyəsinin yer quruluşu planının çıxarışının surətini və 300 manat pul vermişdir. Bundan sonra o, 07 may 2020-ci il tarixdə saat 12 radələrində, yenə də öz yaşadığı evdə Təqsirləndirilən şəxs 230 manat, 12 may 2020-ci il tarixdə saat 11 radələrində Təqsirləndirilən şəxs 250 manat pul vermişdir. O, Təqsirləndirilən şəxs 250 manat verəndən sonra Vaqif onu aldatdığını başa düşmüşdür. Təqsirləndirilən şəxsla aralarında olan razılaşmaya əsasən bəhanələrinin qarşını almaq üçün 17 may 2020-ci il tarixdə saat 15 radələrində öz evində 20 manat pulu da Vaqifə vermişdir. Ümumilikdə 800 manat pulu o, Vaqifə hissə-hissə yaşadığı evdə oğlu Kamranın yanında vermişdir. Bundan sonra o, Vaqif tərəfindən aldadıldığını başa düşüb verdiyi sənədləri və 800 manat pulu qaytarmasını demişdir. Vaqif buna etiraz etməmiş və iki günə verdiyi sənədləri və 800 manat pulu qaytaracağına söz vermişdir. Lakin onların söhbətləri 2 həftədən çox müddət keçməsinə baxmayaraq Vaqif nə verdiyi sənədləri nədə ki, 800 manat pulu müxtəlif bəhanələrlə ona qaytarmamış, ancaq yalan vədlər vermişdir. Buna görə də o, məcburiyyət qarşısında qalıb ərizə ilə Binəqədi RP-nin 40-cı Polis Bölməsinə müraciət etmişdir. Təqsirləndirilən şəxs barəsində istintaqı aparılan cinayət işinin istintaqı zamanı sonuncu ona 800 manat pul qaytarmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 2020-ci ilin iyun ayının 3-də səhər saat 09 radələrində arvadı Şahid3 kirayə yaşadıqları evdən çıxıb işə gedərkən Sulutəpə qəsəbəsində avtobus dayanacağında əvvəllər tanımadığı, adını sonradan bildiyi Təqsirləndirilən şəxs dayanacaqda olan şəxslərlə söhbət etdiyini, özünü “Ümid qapısı" yardım fondunun işçisi kimi təqdim edərək məcburi köçkünlərə və başqa aztəminatlı ailələrə kömək məqsədi ilə güzəştli mənzil təşkil edə biləcəyini dediyini eşitmişdir. Təqsirləndirilən şəxs həmin söhbət Rəsmiyyənin diqqətini cəlb etmiş və kirayə yaşadıqlarını deyib, güzəştli mənzil təşkil etmək üçün neçə kömək edə biləcəyini Vaqifdən soruşmuşdur. Təqsirləndirilən şəxs Rəsmiyyəni aldadaraq onlara güzəştli mənzil düşdüyünü, işlədiyi fondun dəstəyi ilə Hökməli qəsəbəsində hazırda tikilməkdə olan yeni çoxmərtəbəli yaşayış binalardan güzəştli mənzil təşkil edə biləcəyini demişdir. Təqsirləndirilən şəxs Rəsmiyyəyə öz mobil telefon nömrəsini verməklə özünün sonra əlaqə saxlamasını bildirmişdir. Həmin günün axşamı Rəsmiyyəyə işdən evə qayıdanda Təqsirləndirilən şəxsla aralarında olan söhbətlərini ona danışmış və Vaqifin telefon nömrəsini ona vermişdir. O, həmin axşam Vaqifin telefon nömrəsinə zəng etmişdir. Vaqif telefonla ətraflı söhbət edərək görüşməli olduqlarını və ev təminatını təşkil etmək üçün fond tərəfindən verilmiş blankları doldurmaq lazım olduğunu bildirmişdir. O, 2020-ci ilin iyun ayının 4-də axşam saat 21 radələrində Təqsirləndirilən şəxs zəng edib blankları doldurmaq üçün hara gəlməli olduğunu soruşmuşdur. Təqsirləndirilən şəxs isə cavabında Sulutəpə qəsəbəsində yaşadığı evinə gəlmələrini və həmin blankları evdə doldurmaq istədiyini bildirmişdir. O, arvadı Rəsmiyyə ilə birlikdə Təqsirləndirilən şəxs dediyi ünvana gedib sonuncu ilə görüşmüşdür. Arvadı məcburi köçkün olduğuna görə Təqsirləndirilən şəxs “Ümid qapısı” yardım fonduna məxsus iki ədəd blankın ksero surətini Rəsmiyyənin adından doldurulmasını təklif etmişdir. Rəsmiyə də Təqsirləndirilən şəxs təklifi ilə həmin iki ədəd blankı doldurub və imzalayıb Vaqifə qaytarmışdır. Güzəştli mənzilin təşkili ilə bağlı əvvəlcədən çıxacaq xərcləri ilə maraqlananda Təqsirləndirilən şəxs onlara heç bir xərclərin çıxmayacağını bildirmişdir. Rəsmiyyə həmin blankları doldurub imzalayandan sonra onlar yaşadıqları evə qayıtmışlar. 2020-ci ilin iyun ayının 5-də axşam saat 21 radələrində Vaqif onun mobil telefonuna zəng edərək arvadı Rəsmiyyə tərəfindən doldurulmuş blankları fonda verməsini və orada çalışan Nəzrin adlı qadının həmin işlə məşğul olacağını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs birinci növbədə verilən güzəştli mənzillərin yerinin dolduğunu və orada çalışan Nəzrin xanımın köməyi ilə onları birinci növbəyə salmaq üçün ilkin olaraq 2500 manat pulu Kapital Bankın vasitəsi ilə Fonda ödəməyi təklif etmişdir. O, əlində nağd pulu olmadığına görə Vaqifdən bir gün vaxt istəmişdir. 06 iyun 2020-ci il tarixdə o, Vaqifə 2100 manat borc pul aldığını bildirmiş, Vaqif isə çatışmayan 400 manat pulu özü onun 2100 manat pulunun üstünə qoyacağını, sonra həmin pulu ondan alacağını bildirmişdir. O, 2100 manat pulunun həqiqətən Fondun büdcəsinə keçməsini neçə biləcəyi ilə maraqlananda, Təqsirləndirilən şəxs həmin pulu ödədikdən sonra ödəniş qəbzinin gətirib ona verəcəyini bildirmişdir. O, da inanaraq borc aldığı 2100 manat nağd pulu 06 iyun 2020-ci il tarixdə, təxminən saat 15 radələrində Sulutəpə qəsəbədəki Yeni yaşayış massivində, R.Allahverdiyev küçəsində yerləşən yaşadıqları evin qarşısında Vaqif Züfüqarova vermişdir. Təqsirləndirilən şəxs pulu götürəndə axşam ödəniş qəbzini gətirib ona verəcəyini bildirmişdir. Həmin axşam o, verdiyi pulun fonda ödənilməsini dəqiqləşdirmək üçün Təqsirləndirilən şəxs mobil telefonuna zəng edəndə, Vaqif həmin pulu Nəzrin xanıma verdiyini, sabahı günü qəbzi gətirib ona çatdıracağını bildirmişdir. Hətta 09 iyun 2020-ci il tarixdə Vaqif onu Hökməli qəsəbəsində yeni inşa edilən binalardan birinə apararaq həmin binadan onlara ən azı iki otaqlı mənzilin veriləcəyinə söz vermişdir. Lakin sonra Vaqifin müxtəlif bəhanələrlə verdiyi 2100 manat pulun fondun hesabına köçürülməsi barədə qəbzi vermədiyini görüb o, Təqsirləndirilən şəxs onu aldatdığını başa düşüb verdiyi pulu Vaqifdən tələb etməyə başlamışdır. Təqsirləndirilən şəxs isə yenə müxtəlif bəhanələrlə pulu qaytarmaqdan imtina edib istifadəsində olan mobil telefonunu söndürmüşdür. Buna görə də o, məcburiyyət qarşısında qalıb ərizə ilə Binəqədi RPİ- nin 40-cı PB-nə müraciət etmişdir. Cinayət işinin istintaqı aparılan və iş məhkəmənin icraatında olan müddətdə Təqsirləndirilən şəxs ona 1735 manat pul qaytarmışdır. Məhkəmə iclasına şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 onun qohumudur, həmçinin eyni qəsəbədə yaşayırlar. 2020-ci ilin əvvəllərində özünü Xocəsən bələdiyyəsinin işçisi kimi təqdim etmiş Təqsirləndirilən şəxs evinə gələrək dövlət rəhbərliyinin qərarına əsasən bütün sənədsiz evlərin sənədləşdiriləcəyini ona bildirmiş və bütün sənədsiz evlərin qeydiyyata alınacağını demişdir. Təqsirləndirilən şəxs məsləhəti ilə o, hazırda yaşadığı evinə sənəd almışdır. Təqsirləndirilən şəxs verdiyi məsləhətə və çəkdiyi əziyyətinə görə o, Vaqifə 200 manat pul vermişdir. Evinin sənədlərinin alınması zamanı Təqsirləndirilən şəxs onu aldatmamış və etdiyi köməkliyinə və verdiyi məsləhətlərinə görə o, özü könüllü olaraq Vaqifə 200 manat pul vermiş və həmin pul ilə bağlı onun Vaqifə qarşı heç bir narazılığı və ya tələbi olmamışdır. 2020-ci ilin aprel ayında qohumu Zərərçəkmiş şəxs2 evində qonaq olanda Yusif evinə sənəd düzəltmək istədiyini ona demişdir. O, da X1 işləyən Təqsirləndirilən şəxs ona evinin sənədləşdirməsində kömək etdiyini bildirmişdir. Zərərçəkmiş şəxs2 xahişi ilə o, sonuncunu Təqsirləndirilən şəxsla tanış etmişdir. Zərərçəkmiş şəxs2 evində Təqsirləndirilən şəxs Yusifin evinin sənədlərini 800 manat pul müqabilində düzəldəcəyinə söz vermişdir. Zərərçəkmiş şəxs2lə Təqsirləndirilən şəxs aralarında olan sonraki söhbətlərindən onun məlumatı olmamışdır. Lakin Zərərçəkmiş şəxs2 sözlərindən ona məlum olmuşdur ki, evinin sənədlərinin düzəldilməsi üçün Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 hissə-hissə 800 manat pul almış, lakin sonradan verdiyi vədi əməl etməmiş və aldığı 800 manat pulu Yusifə qaytarmamışdır. Məhkəmə iclasına şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2020ci ilin may ayının əvvəllərində o, işə gedərkən Bakı şəhəri, Sulutəpə qəsəbəsində yerləşən avtobus dayanacağında əvvəllər tanımadığı adını sonradan bildiyi Təqsirləndirilən şəxs yolun kənarında bir cavan oğlanla qaz-işıq məsələsi ilə bağlı mübahisə etdiyini görmüşdür. O, həmin şəxslərin yanından keçərək onlardan 10-15 metr ara məsafəsində olan zaman Təqsirləndirilən şəxs ona yaxınlaşmış və üzünü ona tutub mübahisə etdiyi oğlandan gileylənmişdir. Təqsirləndirilən şəxs ondan hansı rayondan olması və harada yaşaması ilə maraqlanmağa başlamışdır. O, da Təqsirləndirilən şəxs həmin qəsəbədə ailəsi ilə birlikdə kirayə yaşadıqlarını bildirmişdir. Təqsirləndirilən şəxs ona yaşadıqları qəsəbədən bir az kənarda güzəştli sosial mənzillər tikildiyini, işlədiyi “Ümid Qapısı” Yardım fondunun köməkliyi ilə onlara həmin evlərdən birində güzəştli mənzil təşkil edə biləcəyini demişdir. Sonra Təqsirləndirilən şəxs ona yaxınlıqda yerləşən tikilməkdə olan hündürmərtəbəli binalardan güzəştli sosial mənzil təşkil edə biləcəyini deyərək yaxınlıqda yaşadığını və orada yerləşən evinin olduğunu bildirmişdir. Avtobus gəldiyindən o, Təqsirləndirilən şəxs aralanıb avtobusa minib işə getmişdir. Həmin söhbətdən təxminən bir ay sonra, 03 iyun 2020-ci il tarixdə səhər saatlarında o, yaşadığı evdən çıxıb işə getmək üçün yaxınlıqda yerləşən avtobus dayanacağına gəlmişdir. Həmin vaxt o, mobil telefonuna baxan zaman bir nəfərin ona salam verdiyini eşitmişdir. O, başını qaldıranda salam verən şəxsin Təqsirləndirilən şəxs olduğunu görmüşdür. Təqsirləndirilən şəxs ona güzəştli sosial mənzil götürməklə bağlı suallar verib güzəştli ev götürməklə bağlı fikrinin olub-olmamasını soruşmuşdur. O. həmin vaxt Təqsirləndirilən şəxs güzəştli sosial mənzilə görə ilkin ödənişlə bağlı suallar vermiş, sonuncu isə cavabında heç bir ödənişin olmayacağını və orada yaşamağa başlayandan sonra ödəniş olunacağını demişdir. O, Təqsirləndirilən şəxsla razılaşıb mobil telefon nömrəsini alıb işə getmişdir. Həmin günün axşamı o, bu barədə əri Zərərçəkmiş şəxs3 demiş və onlar Təqsirləndirilən şəxs zəng edib güzəştli mənzillə bağlı söhbət etmək qərarına gəlmişlər. Elşən Təqsirləndirilən şəxs zəng edərək güzəştli mənzilin verilməsi ilə bağlı söhbət etmişlər. Təqsirləndirilən şəxs əri ilə ətraflı söhbət edərək görüşmələrini və ev təminatın; təşkil etmək üçün fond tərəfindən verilmiş blankları doldurmaq lazım olduğunu bildirmişdir. Elşən Vaqiflə telefonla danışaraq səhər görüşüb bu barədə ətraflı danışmaq üçün vaxt təyin etmişdir. xx.xx.2020-ci il tarixdə saat 21 radələrində əri Təqsirləndirilən şəxs zəng etmiş, görüşüb təklif etdiyi blankları doldurmaq üçün hara gəlmələrini soruşmuşdur. Təqsirləndirilən şəxs isə cavabında Sulutəpə qəsəbəsində yerləşən yaşadığı evinə gəlmələrini və həmin blankları evdə doldurmaq istədiyini bildirmişdir. O, əri Zərərçəkmiş şəxs3la birlikdə Təqsirləndirilən şəxs dediyi ünvana gedib sonuncu ilə görüşmüşlər. O, məcburi köçkün olduğuna görə Təqsirləndirilən şəxs “Ümid qapısı” yardım fonduna məxsus iki ədəd blankın ksero surətini onun adından doldurulmasını təklif etmişdir. O, da Təqsirləndirilən şəxs təklifi ilə həmin iki ədəd blankı doldurub imzalayaraq Vaqifə qaytarmışdır. Güzəştli mənzilin təşkili ilə bağlı əvvəlcədən çıxacaq xərcləri ilə maraqlananda Təqsirləndirilən şəxs onlara heç bir xərclərin çıxmayacağını bildirmişdir. O, həmin blankları doldurub imzalayandan sonra onlar yaşadıqları evlərinə qayıtmışlar. Səhəri günü, yəni xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs özü Elşənə zəng edib imzalanmış sənədləri aparıb Fonda verməsini, lakin birinci sırada veriləcək mənzillərin siyahısının artıq dolduğunu, birinci sıraya düşmək üçün fondun hesabına 2500 manat pul köçürmək lazım olduğunu demişdir. Elşən Təqsirləndirilən şəxs hazırda nağd pullarının olmadığını, dost tanışdan borc ala bilsə səhəri günü özü Təqsirləndirilən şəxs zəng edəcəyini demişdir. Elşən 2100 manat borc alıb, 06 iyun 2020-ci il tarixdə aparıb Təqsirləndirilən şəxs vermişdir. Həmin günün axşamı Elşən verdiyi pulun fondun hesabına köçürülməsi ilə maraqlananda, Vaqif pulu fondun işçisinə verdiyini, pul köçürülən kimi qəbzi gətirib onlara verəcəyini demişdir. Bir gündən sonra onlar Təqsirləndirilən şəxs ödəniş qəbzini tələb etməyə başlamışlar. Təqsirləndirilən şəxs isə müxtəlif bəhanələrlə qəbzi verməkdən yayınmağa başlamışdır. Onlar Vaqifin bu hərəkətlərini görəndən sonra aldandıqlarını başa düşüb verdikləri 2100 manat pulu Vaqifdən istəməyə başlamışlar. Vaqif isə müxtəlif bəhanələrlə aldığı pulu qaytarmaqdan imtina etmişdir. Buna görə də onlar məcburiyyət qarşısında qalıb bununla bağlı 40-cı PB-nə ərizə ilə müraciət etmişlər. Məhkəmə iclasına çağırılmış Şahid1 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdikləri ifadəsi elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2021-ci il tarixli qərardan görünür ki, toplanmıış material üzrə fakta görə CM-in 178.2.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs1 qarşı dələduzluq hadisəsi Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsində yerləşən fərdi yaşayış evində baş vermişdir. xx.xx.2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs2 qarşı dələduzluq hadisəsi ünvan 4 ünvanında baş vermişdir. xx.xx.2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs3 qarşı dələduzluq hadisəsi Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən 313 saylı məktəbin yaxınlığında baş vermişdir. xx.xx.2020-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.1996-cı il tarixli hökmü ilə CMin 94-cü maddəsinin 1,6-cı bəndləri, 145-ci maddəsinin 2-ci hissəsinin 2,3,6-cı bəndləri (köhnə redaksiyada) ilə təqsirli bilinərək 15 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2010-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 13 noyabr 2022-ci il tarixdə saat 20:00-da şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlanıldığı Binəqədi RPİ-nin MSY-dən azad edilmişdir. xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və Zərərçəkmiş şəxs3 istintaqa verdiyi ifadəni təsdiq etməklə Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və Zərərçəkmiş şəxs1 istintaqa verdiyi ifadəni təsdiq etməklə Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 178.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən məhkəmədən barəsində olan cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 178.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Lakin qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs CM-in 178.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan o, qeyd olunan maddə ilə nəzərdə tutulan cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməlidir. Həmçinin Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı çıxış edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs CMin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə ona həmin Məcəllənin 178.2.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə cinayət təqibindən qismən imtina edilsin, əməli CM-in 178.1-ci maddəsinə tövsif olunmaqla barəsində həmin maddə ilə ittihamın müdafiəsi davam etdirilsin və iş üzrə icraata .Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 39.1.3 və 43.3-cü maddələrinə əsasən xitam verilsin. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). CPM-in 43.1.1-ci maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. CPM-in 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. CM-in 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. CM-in 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli Qərarındakı mövqeyini rəhbər tutur. Belə ki, həmin qərara əsasən təkrarlıq cinayətlərin çoxluğunu ehtiva etdiyindən, şəxsin bu əlamət üzrə məhkum edilməsi mütləq şəkildə onun məhz iki və ya daha çox cinayətin törədilməsində təqsirli bilinməsinə əsaslanmalıdır. Şəxs eyni zamanda iki və ya daha çox eyni və ya həmcins cinayətlərin törədilməsində təqsirli bilinməlidir ki, onun əməlində cinayətlərin çoxluğunu nəzərdə tutan CM-in Xüsusi hissəsinin müvafiq maddələrinin tərkib əlamətlərinin mövcudluğunu göstərmək mümkün olsun. Məhkəmə baxışı nəticəsində təkrarlığa daxil olan iki cinayətdən birinə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi müəyyən edilərsə və bu səbəbdən həmin əmələ görə cinayət təqibinə xitam verilərsə, təqsirləndirilən şəxsin əməlində cinayətlərin çoxluğu mövcud olmadığından, onun əməlinin təkrarlıq əlaməti üzrə tövsif edilməsi də istisna edilir. Bu səbəbdən ikinci əmələ münasibətdə bütün hüquqi məsələlər, o cümlədən cinayət məsuliyyətinə cəlb etmə müddətinin müəyyən edilməsi ikinci əməlin təkrarən törədilən əməl kimi deyil, belə əlamətlə müşayiət olunmayan cinayət kimi həll edilməlidir. Həmin qərarda bir daha vurğulanmışdır ki, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2021-ci il 25 yanvar tarixli Qərarında cinayətlərin təkrarlığını bütöv cinayət kimi qəbul etməyərək təkrarlığa daxil olan cinayətlərin məhz ayrıayrılıqda tövsif edilərək təkrarlığa daxil olan hər bir əməlin müstəqil qiymətləndirilməli olduğunu bildirmişdir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, CM-in 16 və 75-ci maddələrinin tələbləri baxımından hər bir cinayətə görə məsuliyyətə cəlb etmə müddəti müstəqil hesablandığından, eyni və yaxud həmcins cinayətlərin təkrar törədilməsi zamanı əvvəlki əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi halda ikinci əməl təkrarlıq yarada bilməz. Məhkəmə qeyd edir ki, Zərərçəkmiş şəxs1 qarşı Təqsirləndirilən şəxs tərəfindən dələduzluq edilməsi ilə bağlı təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamdan göründüyü kimi sonuncu etibardan sui-istifadə edərək vahid niyyətlə əhatə olunan qəsdlə 10 aprel 2018-ci il, 14 aprel 2018-ci il və 20 aprel 2018-ci il tarixlərdə Zərərçəkmiş şəxs1 ümumilikdə 2000 manat məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirərək böyük ictimai təhlükə törətməyən cinayət törətmişdir. CM-in 75.1 və 75.1.1-ci maddələrinin tələblərinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən Qərarındakı mövqeyinə əsasən həmin epizodların hər birinə görə məsuliyyətə cəlb etmə müddəti müstəqil hesablanmalıdır. Həmçinin, bu epizod üzrə Təqsirləndirilən şəxs özünü təqsirli bildiyindən və cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə bağlı müddəaların tətbiq edilməsini xahiş etdiyindən sözügedən epizod üzrə təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və CPM-in 39.1.3 və 43.3-cü maddələrinə əsasən həmin hissədə iş üzrə icraata xitam verilməlidir. Həmçinin, Zərərçəkmiş şəxs1 2000 manat pulunun dələduzluq yolu ilə ələ keçirilməsi epizodu üzrə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad ediləcəyindən və həmin hissədə iş üzrə icraata xitam veriləcəyindən növbəti epizod, yəni sonuncunun təkrarən etibardan sui-istifadə edərək vahid niyyətlə əhatə olunan qəsdlə 03 may 2020-ci il, 07 may 2020-ci il, 12 may 2020-ci il və 17 may 2020-ci il tarixlərdə Zərərçəkmiş şəxs2 məxsus ümumilikdə 800 manat məbləğində pulu dələduzluq yolu ələ keçirməsi epizodundan “təkrarən” sözü xaric edilməlidir. Belə olduğu təqdirdə Zərərçəkmiş şəxs2 qarşı dələduzluq edilməsi ilə bağlı epizod üzrə Təqsirləndirilən şəxs əməli böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Həmçinin, bu epizod üzrə Təqsirləndirilən şəxs özünü təqsirli bildiyindən və cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə bağlı müddəaların tətbiq edilməsini xahiş etdiyindən sözügedən epizod üzrə təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və CPM-in 39.1.3 və 43.3-cü maddələrinə əsasən həmin hissədə iş üzrə icraata xitam verilməlidir. Bununla yanaşı, Zərərçəkmiş şəxs2 800 manat pulunun dələduzluq yolu ilə ələ keçirilməsi epizodu üzrə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad ediləcəyindən və həmin hissədə iş üzrə icraata xitam veriləcəyindən növbəti epizod, yəni sonuncunun təkrarən etibardan sui-istifadə edərək 06 iyun 2020-ci il tarixdə Zərərçəkmiş şəxs3 məxsus 2100 manat məbləğində pulu dələduzluq yolu ələ keçirməsi epizodundan “təkrarən” sözü xaric edilməlidir. Belə olduğu təqdirdə Zərərçəkmiş şəxs3 qarşı dələduzluq edilməsi ilə bağlı epizod üzrə Təqsirləndirilən şəxs əməli böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Həmçinin, bu epizod üzrə Təqsirləndirilən şəxs özünü təqsirli bildiyindən və cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə bağlı müddəaların tətbiq edilməsini xahiş etdiyindən sözügedən epizod üzrə təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və CPM-in 39.1.3 və 43.3-cü maddələrinə əsasən həmin hissədə iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə və qanunvericiliyin tələblərinə əsasən məhkəmə, hesab edir ki, dövlət ittihamçısının Təqsirləndirilən şəxs CM-in 178.2.2-ci maddəsi ilə elan olunmuş ittihamdan qismən imtina etməsi nəzərə alınaraq sonuncunun əməli CM-in 178.1-ci maddəsinə tövsif olunmaqla cinayət məsuliyyətindən azad edilməli və CPM-in 39.1.3 və 43.3-cü maddələrinə əsasən barəsində olan cinayət təqibinə xitam verilməlidir. CPM-in 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 tərəfindən cinayət hadisəsi nəticəsində vurulmuş ziyanla bağlı ibtidai istintaq və məhkəmə istintaqı zamanı mülki iddia ilə müraciət olunmamışdır. Qeyd olunanlara və CPM-in 180.2-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 cinayət hadisəsi nəticəsində dəymiş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında iddia vermək hüquqlarının olması izah edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia, maddi sübut və ekspertiza xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və CPM-in 37, 39, 40, 43, 162, 175, 321, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Dövlət ittihamçısının Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə elan olunmuş ittihamdan qismən imtina etməsi nəzərə alınaraq sonuncunun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə tövsif olunsun. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.3 və 43.3-cü maddələrinə əsasən barəsində olan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə zərərçəkmiş şəxslər zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 cinayət hadisəsi nəticəsində dəymiş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında iddia vermək hüquqlarının olması izah edilsin Qərar elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №1(001)-270/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-270/2022
28.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver