Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-273/2022 18.04.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X2, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X4, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, X4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 147.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi haqqında X2 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin binasında, açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: Xüsusi ittiham qaydasında şikayət vermiş X5 məhkəməyə müraciət edərək, X6 barəsində CM-in 147.1-ci maddəsi ilə cinayət işi başlamaqla cinayət məsuliyyətinə cəlb edilərək cəzalandırılması, ondan ona qarşı etdiyi bu hərəkətə görə 10000 (on min) manat mənəvi ziyana görə pulun tutulması barədə ərar qəbul edilməsini xahiş etmişdir. Xüsusi ittiham qaydasında verilən şikayət onunla əsaslandırılmışdır ki, barəsində şikayət etdiyi şəxs instaqram sosial şəbəkəsində qrup rəhbəri kimi çıxış edir. Qrupda ona qarşı nalayiq sözlər və məlumatları icazəsi və razılığı olmadan yaymaqla məşğul olmuşdur. Bundan əlavə onun şəklini montaj edərək çılpaq və nalayiq şəkildə sosial şəbəkə yayılmasına səbəb olmuşdur. Onun bu nalayiq hərəkətləri səbəbindən istədiyi oğlan nişanını qaytarmışdır. O məhkəmədə gəlib iştirak da edə bilər. Barəsində şikayət etdiyi X6 onun şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən yalan məlumatlar yaymışdır. Eyni zamanda, adıçəkilən şəxs CM-in 147-ci (“Böhtan”) maddəsinə əsasən - “Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma”cinayət məsuliyyətinə cəlb olunmalıdır. Hesab edir ki, bununla da X6 CM-in 147.1 və 147.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Beləliklə hesab edir ki, X6 barəsində CM-in 147.1-ci maddəsi ilə cinayət işi başlamaqla cinayət məsuliyyətinə cəlb edilərək cəzalandırılması barədə müvafiq qərar qəbul edilməlidir. Məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X5 şikayət ərizəsində göstərilənləri müdafiə edərək, xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmə baxışına təyin edilərək X4 CM-in 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək cəzalandırılması və vurulmuş mənəvi ziyana görə sonuncudan 10000 (on min) manat pulun alınaraq ona verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X6 bildirmişdir ki, o, X3 böhtan atmamışdır. X1 onun tərəfindən böhtan olunduğunu iddia edirsə bu barədə sübut təqdim etməlidir. X2 isə bununla bağlı heç bir sübutu yoxdur və belə bir hal olmadığından sübut təqdim edə bilməz. Ona görə də, xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmə baxışına təyin edilməməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi xüsusi ittiham qaydasında şikayət ərizəsinin qanunvericiliyin tələblərinə uyğun olmadığını qeyd edib şikayətin icraata qəbul edilməsindən imtina edilməməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, X5 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət ərizəsi qanunvericiliyin tələblərinə uyğun tərtib edilməməsi səbəbinə görə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. CPM-in 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1- 293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. CPM-in 293.3-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: 293.3.1. şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2. törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4. şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 293.3.5. cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 293.3.6. şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 293.3.7. şikayəti vermiş şəxsin imzası. Məhkəmədə müəyyən edilmişdir ki, X5 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətdə CPM-in 293-cü maddəsində göstərilən tələblərə riayət olunmamış, eləcə də X4 onu təhqir etməsini təsdiq edə biləcək hər hansı sübut iş materiallarına əlavə edilməmişdir. Belə ki, CPM-in 293.3.1-ci maddəsinə əsasən şikayət vermiş şəxs özü haqqında, yəni soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi barədə məlumatları şikayətində göstərməli olduğu halda, X5 vermiş olduğu xüsusi ittiham qaydasında şikayətdə özü haqqında məlumatları tam şəkildə qeyd etməyərək yaşadığı yer barədə məlumatı göstərməmişdir. Bundan başqa, CPM-in 293.3.2-ci maddəsinə əsasən törədilmiş cinayət barədə məlumatlar şikayətdə göstərilməli olduğu halda, X5 vermiş olduğu xüsusi ittiham qaydasında şikayətdə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin nə vaxt törədilməsi barədə məlumatı göstərməmişdir. Bundan başqa, CPM-in 293.3.3-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi şikayətdə göstərilməli olduğu halda, X5 xüsusi ittiham qaydasında verilmiş şikayətdə X6 tərəfindən ona böhtan atılmasını təsdiq edən heç bir sübut göstərilməmiş və bu barədə iş materiallarına heç bir sübut əlavə olunmamışdır. Bundan başqa, CPM-in 293.3.6-cı maddəsinə əsasən şikayətin verildiyi tarix və yer barədə məlumatlar şikayətdə göstərilməli olduğu halda, şikayətdə onun verildiyi il, ay və gün göstərilməmişdir. CPM-in 302.2-ci maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək aşağıdakılar barədə qərarlar çıxarır: 302.2.3-cü maddələrinə əsasən bu Məcəllənin 302.1.2—302.1.4, 302.1.6—302.1.8ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə.... Göründüyü kimi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X5 tərəfindən CPMin 293-cü maddələrinin tələblərinə riayət olunmadan şikayət ərizəsi tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmiş, lakin məhkəmədə irəli sürülmüş ittihamın mahiyyəti üzrə işə baxılması yuxarıda qeyd olunan qanunvericiliyin tələbləri pozulduğundan mümkün olmamışdır. Ona görə də, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməsi qənaətinə gəlmişdir. Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21.02.2014-cü il tarixli, 3 nömrəli qərarının 11-ci bəndində qeyd olunur ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfındən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Məhkəmələrə tövsiyə edilsin ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-in 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-in 302.1.2-302.1.4 və 302.1.6- 302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Həmin Qərarın 12-ci bəndində qeyd edilmişdir ki, kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) təhqir və böhtan xarakterli məlumatı yaymış şəxs özünü bəlli etmədikdə, belə məlumatlar anonim şəkildə yayılmış məlumatlar hesab edilir, onların yayılması ilə bağlı xüsusi ittiham qaydasında verilmiş şikayət isə - CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olmayan şikayət kimi qiymətləndirilir. Belə hallarda məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında qərar qəbul edir. Beləliklə məhkəmə, sadalananlara əsasən belə hesab edir ki, X4 CM-in 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi və mənəvi ziyana görə 10000 (on min) manat pulun verilməsi barədə X2 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilmsəindən imtina edilməlidir. Qeyd olunanlara əsasən və CPM-in 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi haqqında X2 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilmsəindən imtina edilsin. Qərar elan edildiyi vaxtdan 20 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fərid Əmirəliyev
Məhkəmə qərarları › İş №1(001)-273/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-273/2022
18.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver