Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-274/2020 08.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1997-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Sumqayıt şəhəri, Məhəllə 41-ci yataqxana, 2-ci otaq, 18 saylı ünvanda qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, xx.xx.2020-ci il tarixdə, saat 02 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Bakı- Sumqayıt avtomobil yolunun Xırdalan dairəsində yerləşən Zərərçəkmiş şəxs məxsus saxlanc yerinə - ərzaq mağazasına tavanını sökmək yolu ilə tavandan qanunsuz daxil olaraq, mağazadan dəyəri 75 manat olmaqla 25 qutu «Kent» markalı siqareti, dəyəri 56 manat olmaqla 20 qutu «Vinston» markalı siqareti, dəyəri 6 manat olmaqla 02 qutu «Davidof» markalı siqareti, dəyəri 49,5 manat olmaqla 15 qutu «Sobrania» markalı siqareti, dəyəri 19 manat olmaqla 10 qutu «Palmall» markalı siqareti, dəyəri 24 manat olmaqla 02 şüşə viskini, kassadan 30 manat dəyərində qəpiklərdən ibarət pulları, 20 manat dəyərində «Bakcell» mobil operatoruna aid danışıq konturları, 20 manat dəyərində «Azercell» mobil operatoruna aid danışıq konturları və sellofan torbada olan 55 manat dəyərində siqaret qutularını gizli yolla talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 354,5 maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 177.2.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə saat 02 radələrində Xirdalan dairəsi adlanan ərazinin yaxınlığında yolun kənarında “İstisu” kafesində pivə içdikdən sonra kafedən çölə çıxaraq yaşadığı evə getmək üçün Bakı-Sumqayıt şosesinə gəlmiş, lakin taksiyə vermək üçün pulu olmadığından oğurluq etmək qərarına gəlmişdir. Bu zaman Xırdalan dairəsi adlanan yerin yaxınlığında kiçik ərzaq mağazası olduğunu, həmin mağazanın işıqlarının yanılı olduğunu, lakin mağazanın bağlı olduğunu görüb oradan oğurluq etmək qərarına gəlmişdir. Bundan sonra o, həmin mağazanın arxasına keçərək hasarın üstünə çıxıb oradan mağazanın damına çıxmış və əli ilə mağazanın dam örtüyünü sındırıb mağazaya daxil olmuşdur. O, mağazaya daxil olduqdan sonra kassa aparatının siyirməsini açıb orada olan qəpik pulları sellofan torbaya yığmış, kassa aparatının bərkidilmiş olduğu vitrindən müxtəlif adlarda siqaret qutularını götürüb yarısını gödəkcənin içərisinə, yarısını isə qəpikləri tökdüyü sellofan torbaya qoyaraq mağazaya girdiyi yerdən çıxıb Bakı-Sumqayıt yolu istiqamətində getmişdir. Bundan sonra, o, tanımadığı taksi sürücüsü ilə Sumqayıt şəhərinə getmiş və yaşadığı məhəllədə yerləşən xeyir-şər evinin yaxınlığında oğurladığı əşyaları gizlətmişdir. Səhər oğurladığı siqaret və qəpikləri saymış və həmin zaman ona məlum olmuşdur ki, o, mağazadan 20 manat pul və müxtəlif adda 40 qutu siqaret oğurlamışdır. O, həmin gün oğurladığı siqaretləri Sumqayıt şəhərində tanımadığı şəxslərə satıb 80 manat pul əldə etmiş və əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, Zərərçəkmiş şəxs məxsus mağazadan cəmi 40 qutu siqaret, 20 manat puldan başqa hər hansı əşya, danışıq konturları və viskiləri oğurlamamışdır. Ona görə də, barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan dairəsində yerləşən ərzaq mağazasını icarə əsasında işlədir. Mağazanı səhər saat 08 radələrində açır, axşam saat təxminən 24 radələrində isə bağlayır. Həmin mağazada o, oğlu ilə birlikdə növbəlilik qaydasında işləyir. xx xxxxxx 2020-ci il tarixdə saat təxminən 24 radələrində oğlu Elnur mağazanı bağlayaraq evə gəlmişdir. xx xxxxxx 2020-ci il tarixdə saat 08 radələrində həmişə olduğu kimi yenə də o, icarəyə işlətdiyi Binəqədi rayonu, Bakı-Sumqayıt yolunun Sumqayıta gedən istiqamətdə Xırdalan dairəsinin yaxınlığında olan mağazaya gələrək plastik və şüşədən olan qapısını açarla açaraq mağazaya daxil olan zaman görmüşdür ki, mağazanın tavanının bir hissəsi döşəmənin üzərinə tökülüb və tavan təxminən 50-60 sm ölçüdə açıq vəziyyətdədir. O dərhal mağazaya baxış keçirmiş və müəyyən etmişdir ki, mağazadan dəyəri 75 manat olmaqla 25 qutu «Kent» markalı siqaret, dəyəri 56 manat olmaqla 20 qutu «Vinston» markalı siqaret, dəyəri 6 manat olmaqla 02 qutu «Davidof» markalı siqaret, dəyəri 49,5 manat olmaqla 15 qutu «Sobrania» markalı siqaret, dəyəri 19 manat olmaqla 10 qutu «Palmall» markalı siqaret, dəyəri 24 manat olmaqla 02 şüşə viski, kassadan 30 manat dəyərində qəpiklərdən ibarət pullar, 20 manat dəyərində «Bakcell» mobil operatoruna aid danışıq konturları, 20 manat dəyərində «Azercell» mobil operatoruna aid danışıq konturları və sellofan torbada olan 55 manat dəyərində siqaret qutuları oğurlanmışdır. Bundan sonra o, dərhal Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat vermişdir. Baş vermiş hadisə nəticəsində ona ümumilikdə 354,5 manat dəyərində maddi ziyan dəymiş, lakin təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər hazıradək ödənilməmiş və o, Təqsirləndirilən şəxs şikayətçidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2020-ci il tarixli qərardan görünür ki, xx xxxxxx 2020-ci il tarixdə Zərərçəkmiş şəxs naməlum şəxs(lər)in ona məxsus olan Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Bakı- Sumqayıt yolunun Xırdalan dairəsi yaxınlığında yolun kənarında yerləşən ərzaq mağazasına qanunsuz daxil olaraq oğurluq etmələrinə dair toplanmış material üzrə fakta görə CM-in 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, xx xxxxxx 2020-ci il tarixdə Binəqədi rayonu Biləcəri qəsəbəsi Bakı-Sumqayıt yolunun Xırdalan dairəsi yaxınlığında yolun kənarında yerləşən Zərərçəkmiş şəxs məxsus mağazadan oğurluq hadisəsinin baş verməsi və həmin mağazada təhlükəsizlik kamerasının olması müəyyən edilmişdir. xx.xx.2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş diskdən görünür ki, xx.xx.2020-ci il tarixdə saat 02 radələrində Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Bakı- Sumqayıt yolunun Xırdalan dairəsi yaxınlığında yolun kənarında yerləşən Zərərçəkmiş şəxs məxsus mağazaya tavandan Təqsirləndirilən şəxs zahiri əlamətlərinə oxşar kişi cinsində bir nəfər daxil olaraq orada kassa aparatının siyirməsindən qəpikləri götürür, bundan sonra həmin şəxs arxa hissədə yerləşən vitrindən siqaret qutularını sellofan torbaya yığır və çəkilişdən aydın olmayan digər malları götürərək mağazanı tərk edir. Eləcə də, həmin protokoldan müəyyən edilmişdir ki, diskə baxış zamanı Təqsirləndirilən şəxs görüntülərdə əks olunan şəxsin özü olmasını etiraf etmişdir. xx.xx.2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. xx.xx.2020-ci il tarixli qərardan görünür ki, iş üzrə cinayət anını özündə əks etdirən bir ədəd CD formatlı disk sübut növü kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. xx.xx.2020-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 16 saylı Cəzaçəkmə Müəssisəsinin sorğuya cavab məktubundan görünür ki, Bakı Təqsirləndirilən şəxs barəsində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə ona təyin edilmiş 400 (dörd yüz) manat məbləğində cərimə cəzasından ödəniş olunmamışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(001)-274/2020 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Milli Məclisinin “28 May Respublika günü münasibətilə amnistiya elan edilməsi haqqında” xx.xx.2016-cı il tarixli Qərarı üzrə amnistiya aktı tətbiq edilərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 1(008)-112/2013 nömrəli hökmü ilə məhkum edildiyi 400 (dörd yüz) manat məbləğində cərimə cəzasından azad olunmuşdur. Təqsirləndirilən şəxs CM-in 177.2.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək məhkəmə iclasında verdiyi Zərərçəkmiş şəxs məxsus mağazadan cəmi 40 qutu siqaret, 20 manat puldan başqa hər hansı əşya, danışıq konturları və viskiləri oğurlamaması barədə ifadəsi iş üzrə toplanmış sübutlarla və işin faktiki halları ilə tam təkzib edildiyindən, həmçinin iş materiallarında olan sübutlarla təsdiq edilmədiyindən və işin faktiki halları ilə uyğunluq təşkil etmədiyindən məhkəmə Təqsirləndirilən şəxs həmin ifadəsini işin faktiki hallarına uyğun olmayan və özünü müdafiə xarakterli ifadə kimi qiymətləndir. Beləliklə məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 177.2.3-cü maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 59-cu maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2020-ci il tarixli tələbnaməsindən, eləcə də müvafiq hökmlərin və qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 1(008)-112/2013 nömrəli hökmü ilə CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, 400 (dörd yüz) manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 1(101)-162/2014 nömrəli hökmü ilə CM-in 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 180.2.1, 180.2.2 və 180.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-in 66.3-cü maddəsinə əsasən qəti olaraq 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bundan başqa, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 7(103)-464/2018 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 1(101)-162/2014 nömrəli hökmü qanunvericiliyin müddəalarına uyğunlaşdırılaraq həmin hökmlə ona təyin edilmiş qəti cəza 6 (altı) il 6 (altı) aya endirilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə məhkum edilmiş, hazırda məhkumluğu ödənilməmiş və götürülməmişdir. Lakin qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 1(101)- 162/2014 nömrəli hökmü ilə məhkum olduğu cinayət əməlini törədən zaman yetkinlik yaşına çatmadığından onun həmin məhkumluğu cinayətlərin residivini yaratmır. Belə ki, CM-in 18.4.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (əvvəllər məhkum olunmasını və məhkumluğunun ödənilməmiş və ya götürülməmiş olmasını), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 177.2.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Belə ki, iş materiallarından müəyyən edildiyi kimi Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 1(101)-162/2014 nömrəli hökmü ilə CMin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 180.2.1, 180.2.2 və 180.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə baxmayaraq, qeyd edilən cinayət əməli üzrə Təqsirləndirilən şəxs təyin edilmiş həmin cəza onun islah olunmasına və tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına kömək edə bilməmişdir. Məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümumyaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və saxlanma yerinə təhvil verilmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 4(001)-178/2020 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətə “həbs” qətimkan tədbiri seçilmiş və həbsdə saxlanma müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdən hazırkı vaxtadək həbsdə saxlanılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddətinin əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalı və həbsdə saxlanması müddəti ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə sübut növü kimi tanınmış bir ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə cəmi 55 (əlli beş) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 30 (otuz) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 180 (yüz səksən) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs cinayət hadisəsi zamanı onlara vurulmuş ziyanın ödənilməməsi ilə bağlı ibtidai istintaq və məhkəmə istintaqı zamanı mülki iddia ilə müraciət etməmişdir. Qeyd olunanlara və CPM-in 180.2-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə Zərərçəkmiş şəxs cinayət hadisəsi nəticəsində dəymiş ziyanın ödənilməsi məqsədi ilə mülki mühakimə icraatı qaydasında iddia vermək hüququnun olması izah edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə ekspertiza xərci, maddi sübut və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə sübut növü kimi tanınmış bir ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 180 (yüz səksən) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. İş üzrə Zərərçəkmiş şəxs cinayət hadisəsi nəticəsində dəymiş ziyanın ödənilməsi məqsədi ilə mülki mühakimə icraatı qaydasında iddia vermək hüququnun olması izah edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №1(001)-274/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-274/2020
08.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver