Məhkəmə qərarları › İş №1(001)-274/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-274/2021

02.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-274/2021 02.07.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimov Elçin Əhəd oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Naxçıvan MR, Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, ünvan 2 ünvanda yaşamış, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 14.02.2021-ci il tarixdə, axşam saatlarında Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan yerdən istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 30 manat müqabilində 0,330 qram çəkidə psixotrop maddə-metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, 15.02.2021-ci il tarixdə, saat 20:15 radələrində Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Bakı şəhəri ünvan 4ndə yerləşən “Sahara” kafesində saxlanılaraq ünvan 3 ünvanında yerləşən 5-ci Polis Bölməsinə gətirilmiş və orada üzərinə baxış keçirilən zaman əynindəki qara rəngli qış gödəkçəsinin sağ yan cibindən 02 ədəd ağ rəngli kağızlara bükülmüş ayrıayrılıqda təmiz çəkiləri 0,048 qram və 0,282 qram olmaqla, ümumilikdə təmiz çəkisi 0,330 qram olan ağ rəngli kristal şəkilli maddə Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddə - metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittihamla özünü tam təqsirli hesab edərək ifadəsində göstərmişdir ki, o, 04.02.2021ci il tarixdə, axşam saatlarında Nəsimi rayonu, “Papanin” adlanan ərazidə adını bilmədiyi və tanımadığı şəxsdən 30 manata öz istifadəsi üçün adını “şüşə” kimi bildiyi ağ kağıza bükülmüş 02 büküm psixotrop maddəni almışdır. O, həmin narkotik vasitəni öz istifadəsi üçün almışdır. 15.02.2021 -ci il tarixdə, saat 20:15-də ünvan 4 ünvanında yerləşən Sahara kafesində olan zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş və onun qanunsuz olaraq üzərində narkotik vasitə saxlamaqda şübhəli bilindiyi üçün Binəqədi RPlnin 5-ci PB-nə gətirmişlər. Bölmədə xidməti otaqda ona hüquq və vəzifələri izah olunduqdan sonra onun xahişiylə ona dövlət hesabına müdafiəçi təqdim edilmiş və o, təqdim edilən müdafiəçiyə etiraz etməmişdir. Binəqədi RPİ-nin 5-cı PB-nin inzibati binasında xidməti otaqlardan birində üzərinə onun öz razılığı ilə müdafiəçinin iştirakı olmadan videoçəkiliş altında baxış keçirilərkən əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibindən 2 ədəd ağ kağıza bükülmüş halda olan bükümlər aşkar edilərək götürülmüşdür. Üzərindən aşkar olunmuş bükümlərdən içərisində olan el arasında şüşə deyilən “metamfetamin” adlanan narkotik və hallüsinasiya xüsusiyyətli sintetik maddələr zərfə qoyularaq qablaşdırılaraq möhürlənmişdir. Adını şüşə kimi bildiyi həmin psixotrop vasitəni 14 fevral 2021-ci il tarixdə, axşam saatlarında Nəsimi rayonu “Papanin” deyilən ərazidə adını bilmədiyi və tanımadığı şəxsdən 30 manata öz istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamini çəkmək yolu ilə qəbul etdiyini, narkotik vasitənin satışı ilə məşğul olmadığını bildirmişdir. Təqsirini səmimi etiraf etməsini, əməlindən peşman olmasını, İİİ qrup əlil olmasının nəzərə alınaraq, barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Binəqədi RPİ-nin 5-cı PB-nın YYC işləri üzrə baş inspektoru vəzifəsində işləyir. 15 fevral 2021-ci il tarixdə. xx.xx.1991-ci il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələrin əldə edərək üzərində gəzdirməsi barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədilə Şahid1 tərəfindən əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuş və buna görə də ondan və Binəqədi RPİ-nin 5-ci PB-sı üzrə əməliyyat müvəkkili Şahid1 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Bundan sonra o və Şahid1lə birlikdə məlumat əsasında 15 fevral 2021-ci il tarixdə, saat 20:15-də Bakı şəhəri, ünvan 4ndə yerləşən “Sahara” kafesində onlar Təqsirləndirilən şəxs əlamətləri ilə üst-üstə düşən şəxsin orada olmasını və özünü şübhəli apardığını görüb, həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim etdikdən sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitələr olması barədə məlumat aldıqlarını bildirib baxış keçirilməsi üçün onu Binəqədi rayon polis idarəsinin 5-ci PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs da heç bir etiraz etmədən onlarla birlikdə polis bölməsinə getmişdir. Bölmədə üzərinə baxış keçiriləcək şəxsin şəxsiyyəti müəyyən edildikdə həmin şəxsin Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, 8 mart küçəsi ev 39-da yaşayan Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. Bundan sonra ilk öncə Təqsirləndirilən şəxs bölmədə xidməti iş otaqlarının birinə dəvət edilmişdir. Həmin otaqda Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin olunaraq şübhəli şəxs qismində tutulduqdan sonra onun üzərinə videoçəkilişdən istifadə edilməklə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərində qeyri qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsini təklif edildikdə sonuncu əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibindən 02 ədəd ağ rəngli kağız bükümlər olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin bükümün içərisində nə olduğunu soruşduqda Təqsirləndirilən şəxs həmin bükümün içərisində psixotrop maddə olan “şüşə” olduğunu, həmin psixotrop maddəni bir gün əvvəl 14.02.2021-ci il tarixdə, axşam saatlarında Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan yerdə tanımadığı şəxsdən 30 manata aldığını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirildi və baxış zamanı onun üzərindən başqa heç bir qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Bundan sonra baxış iştirakçılarının iştirakları ilə Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bükümlər qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: “Şübhəli şəxsin tutulması haqqında” 15.02.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (i. v.19) 17.02.2021-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. (i. v.58) Binəqədi rayon məhkəməsinin 17.02.2021-ci il tarixli, 4(001)-152/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (i. v. 75-80) Binəqədi rayon məhkəməsinin 26.02.2021-ci il tarixli, 4(001)-170/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri 15.05.2021-ci il tarixədək ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. (i. v. 85-88) Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış 01.04.2021-ci il tarixli tələbnamədən görünür ki. Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır.(i.v.98) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxin 22.04.2021-ci il tarixli, 1235 saylı rəyindən məlum olmuşdur ki, müayinə zamanı Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından və psixotrop maddə olan metamfetamindən, sui-istifadə edilməsi ilə nəticələnən asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09.02.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq, hal-hazırda Təqsirləndirilən şəxs İİİ qrup əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.(i.v.102-103) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16.02.2021-ci il tarixli, 6/685 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN zərflər üçün N 174” dairəvi möhür əks olunan, üzərində “1 Ə.M Quliyev imza, “Şahid2, 3 vət. Təqsirləndirilən şəxs imza, protokolu tərtib etdi E.Tanarverdiyev” yazı və imzalar olan 2 zərfdə 2 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,048 qram və 0,282 qram olmaqla ümumi çəkisi 0,330 qram ağ rəngli kristal şəkilli maddə psixotrop maddə-metamfetamin olub, xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eynidir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respubliaksının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respubliaksı ərazisində dövriyəsi qadağan edilən psixotrop maddərin” İ siyahısına daxildir. (i.v. 41-44) 10.03.2021-ci il tarixli qərarından məlum olur ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 02 ədəd bükümdə, ümumi ilkin çəkisi 0.330 qram olmaqla psixotrop maddə metamfetamin maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş, lakin tədqiqat zamanı aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 0.29 qram çəkidə psixotrop maddə olan metamfetamin saxlanış üçün Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. (i.v.92) Sübutların qiymətləndirilməsi haqqında 06.05.2021-ci il tarixli qərarından məlum olur ki, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsinin görüntülərini əks etdirən 01 ədəd DVD formatlı disk sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. (i.v.105-110) 097426 saylı vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs İİİ qrup əlildir.(i.v.112-113) Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda ümümi çəkisi 0,330 qram çəkidə psixotrop maddə-metamfetamini əldə edib saxlaması təqsirləndirilən şəxsin, iş üzrə keçən şahidin ifadələri, aparılmış ekspertiza rəyləri və digər iş materialları ilə sübuta yetirilir. Məhkəmə təqsirləndirilən şəxsin, şahidin ifadələrini və iş materiallarında olan digər sübutları araşdırıb, dövlət ittihamçısının təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılması haqqında təklifini dinləyib hesab edir ki, Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Hazırkı cinayət işinin materiallarına, habelə bu materiallardan irəli gələn və yuxarıda işin faktiki halları ilə bağlı gəlinən nəticəyə əsaslanan məhkəmə ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və təqsirləndirilən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahının təsdiq edilməsi haqqında 28.06.2015ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş siyahıdan görünür ki, metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qramadək müəyyənləşdirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003-cü il tarixli 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddə cinayətlərin təsnifatına görə az ağır cinayətlər hesab olunur. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs təqsirini səmimi etiraf etməsini, əməlindən peşman olmasını, İİİ qrup əlil olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayətlər olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən, onun ilk dəfə az ağır cinayət əməli törətməsini, təqsirini səmimi etiraf etməsini, əməlindən peşman olmasını, İİİ qrup əlil olmasını nəzərə alaraq, ona təqsirli bilindiyi CMnin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Bu ədalətli və qanuni olmaqla, cəzanın məqsədlərini də təmin edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları nəzərə alır və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq zamanı 15.02.2021-ci il tarixdən 17.02.2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün, 17.02.2021-ci il tarixdən 26.02.2021-ci il tarixədək həbs qətimkan tədbiri seçildiyi 9 gün, 26.02.2021-ci il tarixdən 02.07.2021-ci il tarixədək ev dustaqlığı qətimkan tədbiri seçildiyi 4 ay 6 gün, cəmi 4 ay 17 gün müddət nəzərə alınmaqla təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli və üzərinə yaşayış yeri olan Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, 8 Mart küçəsi, 39 saylı evi axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və cəzanın icrası yaşayış yeri üzrə Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır və məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 88,70 (səksən səkkiz manat 70 qəpik) Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası CPM-in 132.1-ci maddəsinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir: 132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Məhkəmə, qanunun təsvir edilmiş tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Binəqədi RPl-nin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0.29 qram çəkidə psixotrop maddə olan metamfetamin məhv edilməlidir. Eyni zamanda Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsinin görüntülərini əks etdirən 01 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın təsdiq edilməsi barədə 09.02.2006-cı il tarixli, 39 nömrəli qərarının 3.2-ci bəndinə uyğun olaraq məcburi müalicə narkomanlıq xəstəliyinə düçar olmuş əlilliyi olan şəxslərə tətbiq oluna bilməz. Məhkəmə qərarın qeyd olunan müddəalarını, Təqsirləndirilən şəxs İİİ qrup əlil olmasını və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxin 22.04.2021-ci il tarixli, 1235 saylı rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Həmçinin qeyd edilməlidir ki, Müdafiəçi cinayət işi üzrə təqsirləndirilən şəxsə cəmi 30 (otuz) saat müddətində hüquqi yardım göstərmiş, o cümlədən istintaq orqanında onun hüquqlarını müdafiə etmiş, məhkəmə iclaslarında iştirak etmiş, cinayət işinin materialları ilə tanış olmuş və digər hərəkətlərdə onun hüquqlarını müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 30 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 180 manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib ona 2 (iki) il 9 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 15.02.2021-ci il tarixdən 17.02.2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün, 17.02.2021-ci il tarixdən 26.02.2021-ci il tarixədək həbs qətimkan tədbiri seçildiyi 9 gün, 26.02.2021-ci il tarixdən 02.07.2021-ci il tarixədək ev dustaqlığı qətimkan tədbiri seçildiyi 4 (dörd) ay 6 (altı) gün, cəmi 4 (dörd) ay 17 (on yeddi) gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26(iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri olan Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, 8 Mart küçəsi, 39 saylı evi axşam saat 23:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhəri Probasiya İdarəsinə tapşırılsın. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 88,7 (səksən səkkiz manat 70 qəpik) manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan 0,29 qram psixotrop maddə metafetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi qızına Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 180 (yüz səksən) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mahirə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar