Məhkəmə qərarları › İş №1(001)-275/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-275/2021

28.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-275/2021 28.07.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinn prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs, xx.xx.1992-ci ildə Ağsu rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsili, işləməyən, Sabunçu Rayon Məhkəməsinin 19.03.2020-cu il tarixli,1(008)-103/2020 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 69.3-cü maddələri ilə 01 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 25.04.2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və Abşeron rayonu, Xırdalan şəhəri, AAF parkın yaxınlığında nömrəsiz evdə yaşayan, barəsində «həbs» növündə qətimkan tədbiri seçilmiş, halhazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Binəqədi rayon məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silahı, onun komplet hissəsini və döyüş sursatını əldə edib saxlamış, daşımış və gəzdirmişdir. Belə ki, Təqsirləndirilən şəxs 16.02.2021-ci il tarixdə saat 16:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində yerləşən “Təmiz şəhər” məişət tullantılarının yığıldığı ərazidə qanunsuz olaraq odlu silah hesab edilən 01 ədəd 99 mm kalibrli RQ-8604 №-li Makarov kostruksiyalı PM modelli tapanca, 01 ədəd daraq və 07 ədəd 9x18 mm kalibrli patronları əldə edib daşıyaraq üzərində saxlamış, Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 18.02.2021-ci il tarixdə saat 18:10 radələrində Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi Mərkəzi küçədən Cəfər Cabbarlı küçəsinə gedən yolda saxlanılıb Binəqədi RPİ-nin 43-cü PB-nə gətirilmişdir.Polis bölməsinin inzibati binasında şübhəli şəxs qismində tutulduqdan sonra üstünə baxış keçirilərkən əynində olan boz rəngli şalvarının sağ bel nahiyəsindən 01 ədəd RQ-8604 nömrəli, zavod üsulu ilə keçmiş SSRİ-də 1975-ci ildə istehsal olunmuş, 9 mm kalibrli, yivili oldu döyüş silahı hesab edilən, texniki cəhətdən saz və atəşə yararlı olan Makarov konstruksiyalı tapança, həmin şalvarın sağ yan cibindən bir ədəd 08 ədəd 9x18 mm kalibrli patronların saxlanması üçün nəzərdə tutulmuş zavod üsulu ilə istehsal olunmuş, Makarov konstruksiyalı silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan darağı və darağın içərisindən zavod üsulu ilə istehsal olunmuş, 9x18 mm kalibrli olmaqla həmin kalibri Makarov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursat olan, istifadə və atəş üçün yararlı olan 07 ədəd patronlar aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, 18 fevral 2021 -ci il tarixdə, saat 18:10 radələrində Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi Mərkəzi küçədən Cəfər Cabbarlı küçəsinə gedən yolda piyada gedərkən iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özlərini təqdim etmiş və üzərində odlu silah olmasından şübhə edildiyi üçün üzərinə şəxsi axtarış aparılması məqsədi ilə onu Binəqədi RPİ-nin 43-cü PB-yə dəvət etmişlər.Bundan sonra onun razılığı ilə Binəqədi RPİ-nin 43-cü PB-yə aparılmış və orada ona öz razılığı ilə müdafiəçinin iştirakı olmadan hüquq və vəzifləri izah edilərək video çəkiliş vasitəsilə üzərinə baxış keçirilmişdir.Şəxsi axtarış zamanı üzərində olan geyimində qeyri-qanuni əşyanın olub-olmadığı soruşulduqda o, əynində olan boz rəngli cins şalvarın sol yan cibindən bir ədəd qara rəngli Nokia markalı mobil telefonu, həmin şalvarın sağ yan cibindən bir ədəd içərisində patronlar olan sandıxça, bir ədəd göy rəngli alışqan, həmin şalvarın sağ tərəf bel hissəsindən bir ədəd qara rəngli, üzərində “RQ8604 1975” yazısı olan tapança çıxarıb masanın üzərinə qoymuşdur.Bundan sonra ona üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edildikdə, o, üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Daha sonra ondan boz rəngli şalvarının, yaşıl rəngli gödəkçənin ciblərini açmaq tələb olunmuşdur.Onun şalvarının və gödəkçənin ciblərindən hər hansı qanunİa qadağan olunmuş əşya aşkar olunmamışdır.Ayağında olan qara rəngli ayaqqabı çıxarılaraq içərisini göstərmiş, ayaqqabının içərisindən heçnə aşkar olunmamışdır.Ona üst-başını səliqəyə salmağı tələb olunmuşdur.O, şalvarının sağ bel nahiyəsindən çıxarıb təqdim etdiyi silahı göstərərək həmin silahı iki gün bundan əvvəl saat 16:00 radələrində Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsində yerləşən Təmiz Şəhər məişət tullantılarının yığıldığı ərazidə evə gedərkən yerdən göy rəngli sellofanda tapdığını bildirmişdir.O, həmin silahı ədavətli olduğu şəxslər olduğu üçün özünü müdafiə etmək məqsədilə üzərində gəzdirirmişdir.Həmin silahdan bu günədək istifadə etməmişdir.O, həmin silahı ədavətli olduğu şəxslər olduğu üçün özünü müdafiə etmək məqsədilə üzərində gəzdirdiyini, həmin odlu silahdan atəş açmadığını, həmin odlu silahın onun üzərində olması və daşıması barədə heç kimin məlumatı olmadığını bildirmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs təqsirini etiraf etdiyini, əməlindən peşman olmasını nəzərə alaraq ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid1 bildirmişdir ki, o, Bakı şəhəri, Binəqədi RPİ-nin 43-cü PB-nın üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir.18 fevral 2021ci il tarixdə xx.xx.1992-ci il təvəllüdlü Təqsirləndirilən şəxs odlu silahın əldə edərək üzərində gəzdirməsi barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədilə tərəfindən əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuş və buna görə də ondan, Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü PB-nın kiçik əməliyyat müvəkkili polis serjantı Şahid2 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Bundan sonra, o və Hasillə birlikdə məlumat əsasında 18 fevral 2021-ci il tarixdə saat 18:10 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mərkəzi küçədən Cəfər Cabbarlı küçəsinə gedən yolda Təqsirləndirilən şəxs əlamətləri ilə üst-üstə düşən şəxsin orada olmasını və özünü şübhəli apardığını görüb, həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim etdikdən sonra Təqsirləndirilən şəxs üzərində odlu silahın olması barədə məlumat aldıqlarını bildirib baxış keçirilməsi üçün onu Binəqədi rayon polis idarəsinin 43-cü PB-nə dəvət etmişlər.O da heç bir etiraz etmədən onları birlikdə polis bölməsinə getmişdir.Bölmədə üzərinə baxış keçiriləcək şəxsin şəxsiyyəti müəyyən edildikdə həmin şəxsin Abşeron rayonu, Xırdalan şəhəri AAAF parkın yaxınlığında nömrəsiz evdə yaşayan Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur.Bundan sonra ilk öncə Təqsirləndirilən şəxs bölmədə xidməti iş otaqlarının birinə dəvət edilmişdir.Həmin otaqda Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin olunaraq şübhəli şəxs qismində tutulduqdan sonra onun üzərinə videoçəkilişdən istifadə edilməklə baxış keçirilmişdir.Baxış zamanı Təqsirləndirilən şəxs üzərində qeyri qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsini təklif edildikdə Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən bir ədəd içərisində patronlar olan sandıxça, həmin şalvarın sağ tərəf bel hissəsindən bir ədəd qara rəngli, üzərində “RQ 8604 1975” yazısı olan tapança olması müəyyən edilmişdir.Ehtibardan həmin tapançanı harda əldə etdiyini soruşduqda, o, həmin tapançanı iki gün bundan əvvəl saat 16:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində yerləşən Təmiz Şəhər məişət tullantılarının yığıldığı ərazidən evə gələrkən yerdə göy rəngli sellofanın içərisindən tapdığını bildirmişdir.Sonra Ehtibarın üzərinə baxış keçirilmiş və baxış zamanı onun üzərindən başqa heç bir qanunsuz maddə və ya əşya aşkar olunmamışdır.Bundan sonra baxışda iştirak edən şəxslərin iştirakı ilə Ehtibarın üzərindən aşkar olunmuş tapanca və patronlar qablaşdırılmış, möhürlənmış və iştirakçılar tərəfindən imzalanmışdır.Bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və onun tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid2 ifadəsində şahid qismində ifadə vermiş Şahid1 ifadəsinə uyğun ifadə verərək, onun dediklərini bir daha təsdiqləmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsi tərəfindən verilmiş məhkəmə-ballistik ekspertizasının 19.02.2021-ci il tarixli, 21/143R saylı rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş 01 ədəd RQ-8604 N-li silah, zavod üsulu ilə keçmiş SSRİ-də 1975-ci ildə istehsal olunmuş, 9 mm Kalibrli, Makarov konstruksiyalı tapançadır, yivli odlu döyüş silahıdır, texniki cəhətdən sazdır və atəşə yararlıdır. Silahın hissə və mexanizmlərinin üzərində heç bir əlavə dəyişiklik edilməmişdir.Tədqiqata təqdim edilmiş 07 ədəd patronlar, zavod üsulu ilə istehsal olunmuş, 9x18 mm Kalibrli olmaqla həmin Kalibrli Makarov (PM), Steçkin (APS) konstruksiyalı və s. həmin kalibirli silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatıdır, istifadəyə və atəş üçün yararlıdırlar.Tədqiqata təqdim edilmiş 01 ədəd əşya, zavod üsulu ilə istehsal olunmuşdur, Makarov konstruksiyalı silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan darağıdır, texniki cəhətdən sazdır, bircərgəlidir və 08 ədəd 9x18 mm kalibrli patronların saxlanılması üçün nəzərdə tutulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-dən alınmış tələbnaməyə əsasən məlum olur ki, Təqsirləndirilən şəxs 19.03.2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə Sabunçu Rayon Məhkəməsinin hökmü ilə 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası verilmişdir.Təqsirləndirilən şəxs 25.04.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir.Azərbaycan Respublikası CM-nın 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər təyin olunmuş cəzanı çəkib qurtaqdıları gündən 02 il keçdikdə məhkumluğu ödənilmiş hesab olunurlar.Göründüyü kimi Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzadan çəkib qurtardıqdan sonra 02 il keçməmiş, yenidən qəsdən cinayət törətdiyindən o, məhkum olunmuş hesab edilir.Həmçinin, Azərbaycan Respublikası CM-nın 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayəti residivini yaradır.Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməlində cinayətin residivi mövcuddur. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir.Bu isə onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq təqsirləndirilən şəxsin əməli CM-nin 228.1-ci maddəsi ilə tövsif edilmişdir.Odur ki, Təqsirləndirilən şəxs CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinməlidir. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 33-cü maddəsinə əsasən, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.5 və 349.5.1-ci maddələrinin tələblərinə əsasən, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, məhkəmənin hökmü əsaslı hesab edilir. Eyni zamanda, «Məhkəmə hökmü» haqqında Azərbaycan Respublikası Plenumunun 27 dekabr 1996-cı il tarixli, 4 saylı qərarında göstərilmişdir ki, məhkəmə hökmü ilə şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələ həll edilir.Bu səbəbdən də, hökm işdə olan bütün sübutlar qanunun tələbinə uyğun surətdə tədqiq edilib qiymətləndirilməklə çıxarıla bilər. Məhkəmə Təqsirləndirilən şəxs cinayəti etiraf etməsini, törətdiyi cinayət əməlindən peşman olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.Belə ki, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1- 59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə tərəfindən,Təqsirləndirilən şəxs əməlində cinayətin residivini cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmçinin, Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Eyni zamanda, Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların məcmusunu və cəzanı ağırlaşdıran halların isə olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə CM-nin 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsi qanuni, əsaslı və ədalətlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və o, azadlıqdan məhrum etmə cəzasına məhkum olunmalıdır. Bundan başqa, CM-nin 56.1.3-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin əməlində cinayətin residivi olduğuna görə o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Vidadi oğlunun cəzasının əvvəli, tutulduğu tarixdən, yəni 18 fevral 2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarında olan Binəqədi rayon Pİ-nin 43-cü PB-nin təhqiqatçısı, polis baş leytenantı X3 tərəfindən qəbul edilmiş qərara əsasən məlum olur ki, Təqsirləndirilən şəxs 18 fevral 2021-ci il tarixdə tutulmuşdur. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edildiyindən barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Eyni zamanda, CPM-nin 353.4.11-ci maddəsinə əsasən iş üzrə maddi sübutlar – Binəqədi RPİ-də saxlanılan 01 ədəd PM modelli «Makarov» konstuksiyalı tapança və 01 ədəd sandıxça müsadirə edilməli və istifadə üçün yararlı olduğundan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilməlidir.Həmçinin, iş üzrə maddi sübut – təqsirləndirilən şəxsin üzərinə baxış keçirilməsini əks etdirən- 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və məhkəmə məsrəfi yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli, tutulduğu tarixdən, yəni 18 fevral 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Vidadi oğlunun barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübüt – Binəqədi RPİ-də saxlanılan 01 ədəd PM modelli «Makarov» konstuksiyalı tapança və 01 ədəd sandıxça müsadirə edilərək Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin. İş üzrə maddi sübut - 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar