Məhkəmə qərarları › İş №1(001)-275/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-275/2022

17.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-275/2022 17.05.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızı Məhkəmə iclasının katibi: X3 Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 11 saylı vəkillər bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə xx.xx.1971-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, məhkumluğu olmayan, orta təhsilli, ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşamış və barəsində “həbs qətimkan tədbiri seçilmiş” Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan şəxsdən naməlum vaxtda və şəraitdə qanunsuz olaraq keçmiş SSRİ dövlətində Tula silah zavodunda 1944-cü ildə istehsal olunmuş, TOKAREV (TT) konstruksiyalı, 7.62 mm kalibrli, texniki cəhətdən saz və atəş üçün yararlı, üzərindən sonradan kustar üsulla heç bir əlavə və dəyişiklik edilməmiş yivli odlu silah hesab edilən 01 ədəd tapançanı və TOKAREV (TT) konstruksiyalı tapançaların komplekt hissəsi sayılan zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 7,62x25 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz və təyinat üçün istifadəyə yararlı, sonradan kustar üsulla heç bir əlavə və dəyişiklik edilməmiş 01 ədəd darağı əldə edib saxlamaqla əynindəki boz rəngli cins şalvarın üzərindəki qara rəngli dəridən olan kəmərin sağ tərəfinə keçirməklə gəzdirərək daşımış, 10 fevral 2022-ci il tarixdə saat 14.00 dəqiqədə Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən qəbristanlığın yaxınlığında Bakı şəhəri, Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Bakı şəhəri, Binəqədi rayonu, X6 küçəsi 6 ünvanında yerləşən Bakı şəhəri, Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis bölməsinə gətirilmiş və həmin gün saat 15.20 dəqiqədə üzərində aparılan axtarış zamanı əynindəki boz rəngli cins şalvarın üzərindəki qara rəngli dəridən olan kəmərin sağ tərəfinə keçirdiyi qanunsuz olaraq əldə edib saxlamaqla üzərində daşıyaraq gəzdirdiyi SSRİ dövlətində Tula silah zavodunda 1944-cü ildə istehsal olunmuş, TOKAREV (TT) konstruksiyalı, 7.62 mm kalibrli, texniki cəhətdən saz və atəş üçün yararlı, üzərindən sonradan kustar üsulla heç bir əlavə və dəyişiklik edilməmiş yivli odlu silah hesab edilən 01 ədəd tapança və TOKAREV (TT) konstruksiyalı tapançaların komplekt hissəsi sayılan zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 7,62x25 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz və təyinat üçün istifadəyə yararlı, sonradan kustar üsulla heç bir əlavə və dəyişiklik edilməmiş 01 ədəd daraq aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, saxlanıldığı gündən təxminən 10-15 gün əvvəl Binəqədi rayonu A.Kunanbayev küçəsində qəbirstanlığın yaxınlığında bir ədəd qara metaldan olan tapançanı tapıb üzərində saxlamışdır. 10 fevral 2022-ci il tarixdə, saat təxminən 14:00 radələrində Binəqədi rayonu A.Kunanbayev küçəsində qəbirstanlığın yaxınlığında olduğu zaman mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərib Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis bölməsinin əməkdaşları olduqlarını, barəsində polis əməkdaşlarına qanunsuz odlu silah və komplekt hissələrini qanunsuz əldə etməyi və üzərində gəzdirməyi haqqında əməliyyat məlumatı daxil olduğunu bildirmişlər. Daha sonra polis əməkdaşları sonuncularla birlikdə Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis bölməsinə getməyi təklif etmişlər. O, buna etiraz etməmiş və həmin bölmədə xidməti otaqda ona hüquq və vəzifələri izah olunduqdan sonra onun xahişi ilə ona dövlət hesabına müdafiəçi təqdim edilmiş və o təqdim edilən müdafiəçiyə etiraz etməmişdir. Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis bölməsinin inzibati binasında xidməti otaqlardan birində üzərimdə onun öz razılığı ilə müdafiəçinin iştirakı olmadan videoçəkiliş altında axtarış aparılmışdır. Axtarış zamanı əynində olan boz rəngli cins şalvarın sağ tərəfdən qara rəngli dəridən olan kəmərə keçirilmiş 01 ədəd qara rəngli odlu silah hesab edilən tapança aşkar edilərək götürülmüşdür. Üzərindən aşkar olunmuş odlu silah-tapança zərfə qoyularaq qablaşdırılıb, möhürlənmişdir. Təqsirləndirilən şəxs ifadəsinə əlavə olaraq bildirmişdir ki, o, Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində qəbirstanlığın yaxınlığında bir ədəd qara metaldan olan tapançanı tapıb üzərində saxlamış, o, odlu silahın satışı ilə məşğul olmamışdır. Onda odlu silahlara qarşı maraq olduğundan fikirləşmişdir ki, əldə etdiyi odlu silahı üzərində gəzdirsin, lakin tapançanın içərisində bir ədəd darağı olsa da, güllə olmamışdır. Odlu silahı təhvil vermək niyyəti olsa da bunun hüquq mühafizə orqanlarıına müraciət etməmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Binəqədi RPİ-nin 5-ci PB-nin CA üzrə baş əməliyyat müvəkkili vəzifəsində çalışır, polis baş leytenantı xüsusi rütbəsi daşıyır. Təqsirləndirilən şəxs adlı şəxsi əvvəllər tanımamış, sonuncu ilə heç bir ədavəti və ya qohumluğu olmamışdır. 10 fevral 2022-ci il tarixdə polis bölməsinə Təqsirləndirilən şəxs adlı şəxsin qanunsuz olaraq odlu silah əldə edib daşıması barədə daxil olmuş məlumat raportla bölmə rəhbərliyi adına məruzə olunaraq əməliyyat tədbirlərinin keçirilməsinə dair razılıq əldə edilmişdir. Əməliyyat tədbirləri nəticəsində həmin gün saat 14:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində qəbirstanlığın yaxınlığına gəldik və orada xarici əlamətləri Təqsirləndirilən şəxs adlı şəxsin əlamətləri ilə üst-üstə düşən şəxsə yaxınlaşaraq xidməti vəsiqələrini nümayiş etdirməklə özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirərək, həmin şəxsə özünü təqdim etməsi təklif olunmuşdur. Onlar Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah əldə etmə və daşımada şübhəli olmasını bildirərək, onlarla birlikdə Binəqədi RPİ-nin 5-ci PB-nə getməsini təklif etmişlər. Həmin şəxs etiraz etmədən onlarla birlikdə Binəqədi RPİ-nin inzibati binasına gəlmişdir. Polis bölməsində hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət olunaraq sonuncuların görüşü təmin edildikdən sonra, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçiriləcəyi elan edilərək üzərində hər hansı bir qanunsuz əşya varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarının sağdan qara rəngli dəridən olan kəmərinə keçirilmiş qara rəngli odlu silah tapançaya bənzər əşya aşkar edilərək götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs həmin əşyanı haradan əldə etməsi soruşulduqda, tapançanı qəbirstanlığın yaxınlığında taparaq üzərində saxlamaqla daşıdığını bildirmişdir. Bundan sonra aşkar olunmuş silah qablaşdırılmaqla bu barədə protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş digər Şahid2 Şahid1 ilə eyniməzmunlu izaahat verərək əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs əməlini səmimi etiraf etmiş və onlara müqavimət göstərməmişdir. Məhkəmə istintaqı zamanı iş materiallarına əlavə edilmiş diskə baxış zamanı müəyyən edilmişdir ki, Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis bölməsinin təhqiqtaçısı, polis baş leytenantı Elvin Tanarverdiyev tərəfindən saxlanılan Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra Binəqədi Rayon Polis İdarəsinin Kriminalistik Tədqiqatlar qrupunun eksperti, polis mayoru X1, Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis bölməsinin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1, Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis bölməsinin baş əməliyyat müvəkkili, polis baş leytenantı X2 iştirakları ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasından əvvəl ona qanunla qadağan edilmiş əşyaların təqdim edilməsi təklif edilmiş, o, əynində olan boz rəngli cins şalvarın üzərindəki qara rəngli dəridən olan kəmərin sağ tərəfinə keçirdiyi 01 ədəd odlu silahtapançaya bənzər əşyanı təqdim edərək stolun üzərinə qoymuşdur. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, qanunla dövriyyəsi qadağan edilmiş, eləcə də iş üçün maddi sübut əhəmiyyətli heç bir əşya və ya predmet aşkar edilməmişdir. Verilən sualları cavablandıran Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş oldu silaha bənzər əşyanın tapança olduğunu, 10 gün əvvəl Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində qəbirstanlğın yaxınlığından yerdə tapdığını və üzərində gəzdirdiyini bildirmişdir. Daha sonra aşkar olunmuş həmin odlu silaha bənzər əşya içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmışdır. Baxışda iştirak edən Təqsirləndirilən şəxs, videokadrda görüntülənən şəxsin özü olduğunu təsdiq etmişdir İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 10.02.2022-ci il tarixli tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğlu 10.02.2022-ci il saat 14:00-da tutulmuşdur. 11.02.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs oğlunun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. 12.02.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi üzrə ittiham elan edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12.02.2022-ci il tarixli, 4(001)-148/2022 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 11 fevral 2022-ci il tarixli 22/127R nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş 01 ədəd №-si silinmiş silah, keçmiş SSRİ dövlətində, Tula silah zavodunda 1944-cü ildə istehsal olunmuş Tokarev (TT) konstruksiyalı, 7,62 mm kalibrli tapançadır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissə və mexanizmlərinin üzərində sonradan kustar üsulla heç bir əlavə dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 8 ədəd 7,62x25 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Tokarev (TT) konstruksiyalı tapançaların komplekt hissəsidirdarağıdır, texniki cəhətdən sazdır və təyinatı üzrə istifadəyə yararlıdır. Darağın hissələrinin üzərində sonradan kustar üsulla heç bir əlavə dəyişiklik edilməmişdir. Eksperimental atəşlər zamanı əldə olunmuş güllə və gilizlər Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsində yerləşən “güllə-giliz” kartotekasında olan açılmamış cinayətlər üzrə hadisə yerindən götürülmüş güllə-gilizlərlə müqayisə ediləcəkdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 17 fevral 2022-ci il tarixli 011-1797-1222 saylı məktubunda qeyd edilmişdir ki, təqdim edilmiş 01 ədəd 7,62 mm kalibrli nömrəsi silinmiş Tokarev (TT) konstruksiyalı tapançadan eksperimental qaydada atılmış güllə-giliz nümunələri idarənin «güllə-giliz» kartotekasında «ARSENAL» avtomoatlaşdırılmış balistik sistemi vasitəsilə yoxlanıldı. Müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə edilən sorğu nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin 24 dekabr 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 02 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 10 noyabr 2015ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs oğlu tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinə əsasən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. «Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 may 2005-ci il tarixli 2 saylı Qərarının 9-cu bəndi ilə məhkəmələrə izah edilmişdir ki, Cinayət Məcəlləsinin 228.1-ci maddəsində odlu silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz əldə edilməsi dedikdə, onların satın alınması, başqa əmlakla və ya əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, habelə qeyd olunan predmetlər tapıldıqda, onların mənimsənilməsi və s. hərəkətlər başa düşülür. Odlu silahın və bu cinayətin digər predmetlərinin qanunsuz gəzdirilməsi dedikdə, onların təqsirli şəxsin bilavasitə paltarlarında, bədəninin üstündə olması, eyni zamanda çantada, portfeldə və s. əl yükündə gəzdirilməsi başa düşülməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-cimaddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğunolmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədiilətətbiqedilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş sayılır. Hazırki iş üzrə Təqsirləndirilən şəxs əvvəlki cinayətinə görə o cəzanı çəkib qurtardığı gündən 02 ildən artıq müddət keçdiyindən onun məhkumluğu ödənilmiş hesab edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən peşman olmasını, səmimi etirafını nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi, əvvəllər dəfələrlə məhkum edilməsi onun şəxsiyyətini mənfi səciyyələndirən hallar kimi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini düzgün hesab edir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 08 (səkkiz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 48 (qırx səkkiz) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.1-cimaddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, azadlıqdan məhrum etmə cəzasının başlanğıcı tutulduğu tarixdən hesablanmalı, azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut kimi tanınan 1 ədəd tapança və daraq dövlət nəfinə müsadirə edilməli, məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə vəkilə dövlət büdcəsi hesabından vəsait ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli 10 fevral 2022-ci il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan SSRİ Tula silah zavodunda 1944-cü ildə istehsal olunmuş, bir ədəd 7.62 mm. kalibrli “TOKAREV (TT)” konstruksiyalı tapança və “TOKAREV (TT)” konstruksiyalı tapançanın komplekt hissəsi sayılan zavod üsulu ilə istehsal olunmuş 01 ədəd daraq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 ödənilmək üçün 48 (qırx səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 11 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Aygün Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar