Məhkəmə qərarları › İş №1(001)-276/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-276/2025

23.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-276/2025 23.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1976-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CMin 234.1-ci maddəsilə təqsirli bilinib qəti olaraq 1 il 2 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs naməlum tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,417 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini 01 ədəd bükümdə əldə edərək əynində olan göy rəngli şalvarın qabaq sağ yan cibində saxlamaqla üzərində daşımış, xx.xx.2024-cü ildə saat 10:10-da Bakı şəhəri Binəqədi rayon polis idarəsinin 4-cü polis şöbəsinin əməkdaşları tərəfindən yaşadığı ünvan 2 ünvanın qarşısında saxlanılaraq Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 191 ünvanda yerləşən həmin polis şöbəsinə gətirilmiş və həmin tarixdə saat 11:45-də üzərinə aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli şalvarın qabaq sağ yan cibindən 01 ədəd bükümdə, satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla üzərində daşıdığı xeyli miqdarda, təmiz çəkisi 0,417 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, psixotrop maddələrin metamfetamin kimi tanıdığı növündən istifadə edir. 06 sentyabr 2024-cü ildə səhər saatlarında “Kubinka” adlanan yerdən tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 10 manat müqabilində 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş vəziyyətdə psixotrop maddə metamfetamin almış, sonra həmin bükümü üzərində daşımışdır. Həmin gün, yəni 06 sentyabr 2024-cü ildə, səhər saat 10 radələrində yaşadığı Bakı şəhəri, ünvan 4 ünvanın yaxınlığında piyada olan zaman Binəqədi RPİ-in 4-cü PŞ-in əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmiş, onu 4-cü polis şöbəsinə dəvət etmişlər. Onlarla birlikdə şöbəyə getdikdən sonra şöbədə təhqiqat xidmətinin otağında əynindəki göy rəngli şalvarın sağ yan cibində 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükülünü təqdim etmiş, həmin bükülü açıldıqda, içərisindən kəskin spesifik iyə malik kristal halında olan metamfetamin aşkar olunmuşdur. Həmin bükümdə psixotrop maddə metamfetamin olduğunu bildirmiş, üzərindən aşkar olunmuş psixotrop maddəni şəxsi istifadə etmək üçün almış və həmçinin şəxsi istifadə üçün həmin maddəni üzərində daşımışdır. Onun təqdim etdiyi psixotrop maddə metamfetamin zərfdə qablaşdırılmış, üzəri möhürlənmişdir. Bu barədə protokol tərtib olunmuş, tərtib olunmuş protokol polis əməkdaşları və onun tərəfindən imzalanmışdır. Polis əməkdaşları tərəfindən saxlanılan, bölməyə gətirilən və üzərinə şəxsi axtarış keçirilən zaman ona qarşı hər hansı fiziki zor və sair təzyiqlər göstərilməmişdir. Əməlindən peşmandır. Şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hadisə vaxtı Binəqədi RPİ-in 4-cü PŞ-in CA üzrə əməliyyat müvəkkili vəzifəsində işləmişdir. xx.xx.1976-cı ildə doğulmuş Təqsirləndirilən şəxs psixotrop maddələr əldə edib üzərində saxlaması, daşıması və qəbul etməsi barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması məqsədi ilə əməliyyat qrupunun yaradılmasına dair bölmənin rəhbərliyinə raportla müraciət etmiş, bundan sonra əməliyyat qrupu yaradılmış, o qrupun rəhbəri, iş yoldaşı sahə inspektoru, polis mayoru Şahid2 isə həmin qrupun üzvü təyin edilmişlər. Təqsirləndirilən şəxs bir müddət izlədikdən sonra yaşadığı ünvan 6 ünvanın yaxınlığında piyada hərəkət edən zaman yaxalamış, özlərini ona təqdim edərək polis əməkdaşları olduqlarını bildirib psixotrop maddələri qəbul etdiyi barədə daxil olmuş məlumat əsasında saxlandığını izah edib onu 4-cü PŞ-yə dəvət etmişlər. Həmin vaxt Təqsirləndirilən şəxsla bir yerdə Binəqədi RPİ-in 4-cü PŞ-in inzibati binasına gəlmiş, şöbədə xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşyaların təqdim edilməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın qabaq sağ yan cibindən 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümü çıxararaq masanın üzərinə qoymuşdur. Həmin bükümə baxış keçirilən zaman içərisində ağ rəngli kristal maddə aşkar olunmuş, təhqiqatçı üzərindən aşkar olunaraq götürülmüş kütlənin nə olduğunu Təqsirləndirilən şəxs soruşduğu zaman o, həmin kütlənin psixotrop maddə metamfetamin olduğunu və özü istifadə etməsi məqsədi ilə xx.xx.2024-cü ildə səhər saatlarında Kubinka adlanan yerdən tanımadığı şəxsdən 10 manat pul ödəyərək aldığını bildirmişdir. İçərisində kütlə olan bir ədəd büküm ağ rəngli zərfə qoyularaq möhürlənmiş, bundan sonra o və digər iştirakçılar tərtib edilmiş protokolun düzlüyünü imzalarla təsdiq etmişlər. Saxlanılan və bölməyə gətirilən zaman, eləcə də bölmədə üzərinə şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs qarşı hər hansı bir zor və ya təzyiq göstərilməmişdir. Şahid qismində dindirilmiş Binəqədi RPİ-in 7-ci PB-in sahə inspektoru X3 Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Cinayət işi başlanması barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, faktla bağlı Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılıb icraata qəbul edilmişdir (cild 1, i.v 1). Şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 10:10-da Azərbaycan Respublikası CM-in 234.1ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, i.v 21). Şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 10:10-da Bakı şəhəri Binəqədi rayon polis idarəsinin 4-cü polis şöbəsinin əməkdaşları tərəfindən yaşadığı ünvan 2 ünvanın qarşısında saxlanılaraq Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 191 ünvanda yerləşən həmin polis şöbəsinə gətirilmiş və həmin tarixdə saat 11:45-də üzərinə aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli şalvarın qabaq sağ yan cibindən 01 ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilərək götürülmüşdür (cild 1, i.v 34-36). Məhkəmə kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli 6/4483 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs...” sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 0,417 qram olan ağ rəngli, kristalşəkilli psixotrop maddə metamfetamindir (cild 1, i.v 41-44). Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə ittiham elan edilmişdir (cild 1, i.v. 54-55). Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o mühafizə altında saxlanıldığı Binəqədi RPİ-in MSY-dən azad edilmişdir (cild 1, i.v 76-78). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin xx.xx.2024-cü il tarixli 6637 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1,i.v 109-110). Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üstündən aşkar edilib götürülmüş təmiz çəkisi 0,417 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış, tədqiqata sərf edildikdən sonra qalan qalığı 0,367 qram psixotrop maddə metamfetamin saxlanılması üçün Binəqədi RPİ-yə təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkətini əks etdirən bir ədəd dvd disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir (cild 1, i.v 136-137). Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il 3 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün ona təyin edilmiş cəzanın müddətinə hesablanmaqla üzərində qəti olaraq 1 (bir) il 2 (iki) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır (cild 1, i.v.115-116). Bakı şəhər Probasiya İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 1 (bir) il 2 (iki) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının 1 (bir) ay 4 (dörd) günü həmin tarixə çəkilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi öz ifadəsi ilə yanaşı, ittiham tərəfinin təqdim etdiyi şahidlərin ifadələri və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Ona düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddələri ilə ittiham irəli sürülmüşdür. Onun hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar və əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011ci il tarixli qərarları) Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə Təqsirləndirilən şəxs 2024-cü ilin oktyabr ayında oxşar cinayətə görə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edildiyini, birinci işinə məhkəmədə baxıldığı dövrdə, yəni 2024-cü ilin sentyabr ayında yenidən analoji cinayət törətdiyini nəzərə alıb hesab edir ki, bu dəfə ona təqsirli bilindiyi Cinayət Məcəlləsinun 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası CM-in 66.5-ci maddəsinə əsasən, ona hazırkı hökmlə təyin olunmuş cəza ilə qismən birləşdirilərək üzərində qəti cəza saxlanılmalı, təyin ediləcək cəza Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə, yuxarıda qeyd edilənlərlə yanaşı hesab edir ki, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsində baxılmış 1(001)-597/2024 nömrəli cinayət işi üzrə həbsdə saxlanıldığı 2 (iki) günü, habelə hazırkı cinayət işi üzrə xx.xx.2024-cü ildən xx.xx.2024-cü ilədək tutulduğu 2 (iki) günü, həmçinin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmiş olan 1 (bir) ay 4 (dörd) günü ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının müddətinə hesablanmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməklə o, məhkəmə iclas zalında həbs edilməlidir. Məhkəmə, məhkəmə narkoloji ekspertizanın xx.xx.2024-cü il tarixli 6637 nömrəli rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-in 132.1-ci maddəsinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir:.. 132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qanunun təsvir edilmiş tələblərinə əsasən məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış qalıq çəkisi 0,367 qram olan psixotrop maddə metamfetamin məhv edilməli, şəxsi axtarış və götürmənin əks olunduğu bir ədəd dvd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 197.1-ci maddəsinə görə məhkəmə məsrəfləri aşağıdakılardan ibarətdir:..197.1.4. mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ... Həmin Məcəllənin 198.1-ci maddəsinə görə Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.6-197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Qanunun təsvir edilmiş tələblərinə əsasən məhkəmə hesab edir ki, 89 (səksən doqquz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Həmçinin qeyd edilməlidir ki, Müdafiəçi cinayət işi üzrə Təqsirləndirilən şəxs cəmi 20 (iyirmi) saat müddətində hüquqi yardım göstərmiş, o cümlədən məhkəmədə iclaslarda iştirak etmiş, cinayət işinin materialları ilə tanış olmuş və digər hərəkətlərdə onun hüquqlarını müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 1 (bir) il 3 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası CM-in 68.1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü, azadlıqdan məhrum etmə cəzasının bir gününə, yəni 7 (yeddi) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq hazırkı hökmlə ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 1 (bir) il 4 (dörd) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində baxılmış 1(001)- 597/2024 nömrəli cinayət işi üzrə şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün, habelə hazırkı cinayət işi üzrə xx.xx.2024-cü ildən xx.xx.2024-cü ilədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün, (cəmi 4 gün) ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının müddətinə hesablanmaqla üzərində qəti olaraq 1 (bir) il 3 (üç) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 1 (bir) il 2 (iki) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilmiş olan 1 (bir) ay 4 (dörd) günü CM-in 68.1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü, azadlıqdan məhrum etmə cəzasının bir gününə, yəni 17 (on yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq ona təyin edilmiş 1 (bir) il 3 (üç) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrumetmə cəzasının müddətinə hesablanaraq üzərində qəti olaraq 1 (bir) il 3 (üç) ay 9 (doqquz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli 23 yanvar 2025-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və o dərhal məhkəmə iclas zalında həbs edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Maddi sübutlar – Binəqədi RPİ-də saxlanılan 0,367 qram (qalıq çəkisi) psixotrop maddə metamfetamin məhv edilsin. Bir ədəd dvd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılsın. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 89 (səksən doqquz) manat Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (AZ.MEM, VÖİN **********, X2, KOD 210005, VÖEN********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAAZ22) köçürülsün. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 20 (iyirmi) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı – 120 (yüz iyirmi) manat ödənilsin. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar