Məhkəmə qərarları › İş №1(001)-277/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-277/2020

11.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-277/2020 11.08.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1996-cı il tarixdə Ağstafa rayonu, Həsənsu kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, Ağstafa rayonu, Həsənsu kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən fərdi yaşayış evində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 180.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, özgənin əmlakını ələ keçirmək məqsədi ilə xx xxxx 2019-cu il tarixdə saat 04 radələrində Bakı şəhəri, Binəqədi rayonu, DSK yolu adlanan ərazidə yerləşən “Angel” gecə klubunda müştəri qismində olan Zərərçəkmiş şəxs yaxınlaşıb, onun həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə əlində olan kaskası silah qismində istifadə edib bir dəfə Zərərçəkmiş şəxs sağ sifət nahiyəsindən vuraraq ona sağ gözaltı və yanaq nahiyələrindəki qançırlardan ibarət dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirib sonuncuya məxsus üzərində 14 manat dəyərində ***-***-**-** və ***-***-**-** saylı nömrələr olan 200 manat dəyərindəki mobil telefonu əlindən alaraq özü ilə aparmaqla özgənin əmlakını açıq yolla talayıb Zərərçəkmiş şəxs cəmi 214 (iki yüz on dörd ) manat məbləğində maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 180.2.4-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər Bakı şəhəri, Binəqədi rayonu, DSK yolu adlanan ərazidə yerləşən “Angel” gecə klubuna tez-tez gedib gəlmişdir. xx xxxx 2019-cu il tarixdə saat 04 radələrində Bakı şəhəri, Binəqədi rayonu, DSK yolu adlanan ərazidə yerləşən “Angel” gecə klubunda olan zaman orada tanımadığı şəxslər arasında dava baş vermişdir. Bu zaman sonradan adını bildiyi və davada iştirak edən Zərərçəkmiş şəxs polisə zəng etməsini görüb sonuncunun əlində olan telefonu alaraq oradan uzaqlaşıb getmişdir. Onu niyyəti Rasimə məxsus mobil telefonu ələ keçirmək olmamış, məqsədi sadəcə olaraq sonuncunun polisə zəng edib hadisə barədə məlumat verməsini qarşısını almaq olmuş, eləcə də həmin zaman əlində hər hansı bir əşya olmamış və o, Rasimi vurmamışdır. O, sonradan telefonu sahibinə qaytarmaq istəsə də, Rasimi tapa bilməmiş və sonuncuya məxsus mobil telefonu bir müddət istifadə edərək zibilliyə atmışdır. Hazırda törətdiyi cinayət əməlindən peşmandır, Zərərçəkmiş şəxs ilə barışmış, ona dəymiş ziyanı tamamilə ödəmiş və zərərçəkmiş şəxsin ondan heç bir şikayəti tələbi yoxdur. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 180.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx xxxx 2019-cu il tarixdə axşam saatlarında qardaşı Şahid1, dostları X2 və Şahid2 ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən restoranların birlikdə oturub çörək yeyərək bir qədər spirtli içki qəbul etmişlər. Daha sonra onlar “Angel” adlı gecə klubuna getmişlər. Həmin klubda olan zaman qardaşı Vasif özünə məxsus “Samsung J2” markalı mobil telefonun cərəyana taxmaq üçün klubun tanımadığı işçisinə vermişdir. Qardaşı Vasif təxminən 10-15 dəqiqədən sonra telefonunu sağ-salamat həmin şəxsdən təhvil almış, lakin telefonun cərəyanın faizi yenə düşdüyündən bir daha klubun işçisinə telefonunu verərək cərəyana taxmağı xahiş etmişdir. Bir neçə dəqiqədən sonra Vasif bar masasına yaxınlaşıb telefonunu geriyə istədikdə, klubun işçisi qardaşına heç bir telefon vermədiyini demiş, bu səbəbdən aralarında mübahisə baş vermişdir. Həmin vaxtı klubu işlədən Elçin qardaşına yaxınlşaraq məsələyə aydınlıq gətirmək üçün videogörüntülərə birlikdə baxmağı təklif etmiş, sonuncu qardaşı ilə birlikdə kamera otağına getmişdir. O, qardaşının tez bir zamanda qayıtmamasından narahat olaraq Loğmanla birlikdə qardaşının arxası ilə getmişlər. Bu zaman o, qardaşı, Elçin adlı şəxs və iki nəfər digər şəxsin kamera otağından mübahisə edərək çıxmalarını görmüşdür. Həmin vaxt o, qeyd edilən şəxslərin qardaşını yerə yıxaraq təpiklə vurmasının şahidi olmuşdur. Loğman qardaşına kömək etmək məqsədi ilə Vasifə yaxınlaşıb qucaqlayaraq özü ilə küçəyə aparıb bir yük maşının arxasında gizlətmişdir. O, isə klubu işlədən Elçin adlı şəxsə yaxınlaşaraq nəyə görə söyüş söydüklərini və qardaşını döydüklərini soruşduqda, Elçin və yanında olan şəxslər onun Vasifin qardaşı olmasını bilmiş və həmin şəxslər onu döyməyə başlamışdır. O, qeyd edilən şəxslərin əlindən çıxaraq kənara çəkilmiş və özünə məxsus cibində olan üzərində 14 manat dəyərində 051 ***-**-** və 077 ***-**-** nömrələr olan 200 manat dəyərindəki “Samsumg J3” markalı mobil telefonu çıxardaraq polisə məlumat vermək istədikdə, bir nəfər əlində motosiklet kaskası olan şəxs ona yaxınlaşaraq “sən kimə zəng edirsən” deyərək əlindəki kaska ilə sağ sifət nahiyəsindən vurub mobil telefonunu əlindən almışdır. O, sonradan bilmişdir ki, onu kaska ilə sifət nahiyəsindən vuraraq əlindən mobil telefonu almış şəxs Təqsirləndirilən şəxsdur. Bundan sonra orada olan digər şəxslər onu döyməyə davam etmiş, Roman isə onu həmin şəxslərin əlindən ayırmağa çalışan zaman xəsarət almışdır. Bundan sonra qardaşı Vasif DİN-nin 102 xidmətinə məlumat vermiş və təcilli tibbi yardım çağırmışdır. Təcilli tibbi yardım avtomobili gəldikdən sonra o, Loğmala birlikdə X6 aparılmışdır. Hazırda Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan tam şəkildə ödənildiyindən, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid2 ifadəsində görətmişdir ki, xx xxxx 2019cu il tarixdə axşam saatlarında Rasim, X2 və Rasimin qardaşı Şahid1 ilə birlikdə Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində yerləşən restoranların birində oturub çörək yeyərək bir qədər spirtli içki qəbul etmişlər. Daha sonra onlar “Angel” adlı gecə klubuna getmişlər. Bir müddət sonra Vasifin klubda barmen işləyən Aqil adlı şəxslə barın qarşısında mübahisə etdiyini görmüşdür. Mübahisənin səbəbini bilməsə də, məsələyə aydınlıq gətirmək üçün Vasiflə Aqili ayırmaq istəmiş və bu zaman qəflətən onu tanımadığı şəxs sağ gözaltı nahiyəsindən vuraraq xəsarət yetirmişdir. O, bundan sonra bir neçə dəqiqə ərzində özünə gəlib klubun çölünə çıxmış və orada Rasimin tanımadığı iki nəfər şəxs tərəfindən döyüldüyünü görərək yaxınlaşıb onları aralamışdır. Həmin vaxt Loğmanın kafenin qarşısında olduğunu görmüş, Rasimi ayırandan sonra o, Loğmanla birlikdə bir qədər kənara çəkilmişdir. Bir müddət keçəndən sonra kafenin qarşısına polis əməkdaşları patrul avtomaşını ilə gələrək onu və orada olan şəxsləri Binəqədi RPİ-nin 4-cü PŞ-nə aparmışlar. Sonradan ona məlum olmuşdur ki, hadisə vaxtı Rasim DİN-nin 102 xidmətinə zəng etmək istədikdə orada olan bir nəfər şəxs Rasimi baş nahiyəsindən kaska ilə vuraraq “Samsung” markalı mobil telefonunu əlindən almışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2018-ci ilin noyabr ayından 2019-cu ilin yay aylarınadək “Angel” adlı klubda ofisiant işləmişdir. O, həmin klubda işləyən zaman Təqsirləndirilən şəxs müştəri kimi tanımış və münasibətləri normal olmuşdur. Sənan yaxın münasibətdə olduğu və onun rəfiqəlik etdiyi Lamiyə adlı qızla mütəmadi olaraq kluba gəlib-getmişdir. Onun istifadəsində ***-***-**-** mobil nömrəsi olmuşdur. 2019-cu ilin yanvar ayında Sənan ondan həmin mobil nömrəni istəmiş, o, da həmin nömrəni Sənana hədiyyə etmişdir. xx xxxx 2019-cu ildə o, işdə olmamış, 1-2 gün sonra işə getdikdə eşitmişdir ki, kafedə olan bir neçə müştəri ilə Elçin arasında münaqişə yaranmış, aralarında dava düşmüşdür. ***-***-**-** mobil nömrə onun olsa da, həmin nömrəni 2019-cu ilin yanvar ayından Sənan işlətmişdir. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid1 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2020-ci il tarixli qərardan görünür ki, CM-in 221.2.1-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işindən CM-in 180.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrılaraq istintaqın davam etdirilməsi üçün icraata götürülmüşdür. xx.xx.2019-cu il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2019-cu il tarixdə törətdiyi soyğunçuluq əməli Bakı şəhəri, Binəqədi rayonu, DSK yolu adlanan ərazidə yerləşən “Angel” gecə klubunda baş vermişdir. xx.xx.2019-cu il tarixli, 511 nömrəli Məhkəmə-Tibbi Ekspertiza və X5-Təcrübi və X3 rayon şöbəsinin rəyindən görünür ki, Zərərçəkmiş şəxs Talib oğlunun bədəni üzərində aşkar edilmiş xəsarətlər - qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi ilə müşayiət olunan başın alın-təpə nahiyəsindəki şişkinlikli qançır, sağ qaşüstü nahiyədəki əzilmiş yara, eləcə də sağ gözaltı və yanaq nahiyələrindəki qançır, sol körpücüküstü nahiyədəki sıyrıqlar küt əşyanın (əşyaların) təsirindən müayinədən 4-5 gün əvvəl törənmişdir, yetirilmə müddəti qərarda göstərilən xx.xx.2019-cu il tarixinə uyğun gəlir və dərəcəsinə görə qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi ilə müşayiət olunan başın təpə nahiyəsindəki şişkinlikli qançır, sağ qaşüstü nahiyədəki əzilmiş yara sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir, sağ gözaltı və yanaq nahiyələrində qançır, sol körpücüküstü nahiyədəki sıyrıqlar hər biri ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Vət. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər qərarda göstərilən şəraitdə, yəni başqa şəxs (şəxslər) tərəfindən əllə və yumruqla vurulan zərbələrin təsirindən əmələ gələ bilərdilər. Sol körpücüküstü nahiyədəki sıyrıqların əl barmaqlarının dırnaqlarının təsirindən yetirilməsi inkar edilmir. 3.Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin xarakterinə və yerləşmə yerinə görə demək olar ki, onların Zərərçəkmiş şəxs öz boyu hündürlüyündən yıxılaraq bərk küt əşyaya (əşyalara) dəyməsi nəticəsində əmələ gəlməsi və şəxsin özü tərəfindən yetirilməsi inandırıcı deyildir. xx.xx.2020-ci il tarixli, 03/511 nömrəli Məhkəmə-Tibbi Ekspertiza və X5-Təcrübi və X3 rayon şöbəsinin rəyindən görünür ki, Zərərçəkmiş şəxs Talib oğlunun bədəni üzərində aşkar edilmiş xəsarətlər - qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi ilə müşayiət olunan başın alın-təpə nahiyəsindəki şişkinlikli qançır, sağ qaşüstü nahiyədəki əzilmiş yara, eləcə də sağ gözaltı və yanaq nahiyələrindəki qançır, sol körpücüküstü nahiyədəki sıyrıqlar küt əşyanın (əşyaların) təsirindən müayinədən 4-5 gün əvvəl törənmişdir, yetirilmə müddəti qərarda göstərilən xx.xx.2019-cu il tarixinə uyğun gəlir və dərəcəsinə görə qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi ilə müşayiət olunan başın təpə nahiyəsindəki şişkinlikli qançır, sağ qaşüstü nahiyədəki əzilmiş yara sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir, sağ gözaltı və yanaq nahiyələrində qançır, sol körpücüküstü nahiyədəki sıyrıqlar hər biri ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Vət. Zərərçəkmiş şəxs baş nahiyəsində aşkar edilmiş xəsarətlər qərarda göstərilən şəraitdə, yəni başqa şəxs (şəxslər) tərəfindən yumruq və təpiklə, həmçinin kaska ilə (sərt şapka ilə) vurulan zərbələrin təsirindən əmələ gələ bilərdilər. xx.xx.2020-ci il protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs fotoşəkil üzrə tanınmaya Zərərçəkmiş şəxs təqdim edilmiş və tanınma zamanı Zərərçəkmiş şəxs tanınan şəxslər sırasından Təqsirləndirilən şəxs fotoşəkilini göstərərək sonuncunun xx.xx.2019-cu il tarixdə “Angel” klubda ona qarşı soyğunçuluq edən şəxs olduğunu bildirmişdir. xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və Zərərçəkmiş şəxs istintaqa verdiyi ifadəni təsdiq etməklə Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 180.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur. xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı ərizə verərək ona dəymiş ziyanın Təqsirləndirilən şəxs tərəfindən ödənildiyini və sonuncudan heç bir tələb, şikayətinin olmadığını bildirmişdir. xx.xx.2020-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən və müvafiq hökmün surətindən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 1(001)-76/2017 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs CM-in 221.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinib, CM-in 69.3-cü maddəsinə əsasən qəti olaraq 3 (üç) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2017-ci il tarixdən hesablanmışdır. Bundan başqa, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 1(001)-76/2017 nömrəli hökm yeni qanunvericiliyin müddəalarına uyğunlaşdırılaraq ona təyin edilmiş qəti cəza 2 (iki) il 8 (səkkiz) ay 28 (iyirmi səkkiz) günə endirilmişdir. Bundan başqa, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 1(001)-76/2017 nömrəli hökmü üzrə məhkum olduğu azadlıqdan məhrum etmə cəzasını çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmışdır. xx.xx.2020-ci il tarixli, 835 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Məhkəmə X1 X7 rəyindən görünür ki, Təqsirləndirilən şəxs hadisədən əvvəl və hazırda ictimai təhlükəli əməli törətdiyi zaman onda xroniki psixi xəstəlik qeyd olunmamışdır. Həmin dövrdə Təqsirləndirilən şəxs “Emosional davamsız şəxsiyyət pozuntusu” qeyd edilmişdir. Təqsirləndirilən şəxs qeyd edilən şəxsiyyət pozuntusu onun törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. S.A.Səgərov ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hərəkətləri CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs emosional davamsız şəxsiyyət pozuntusu fondunda simulyativ davranış müəyyən edilir. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malikdir. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs dəymiş maddi ziyanın məbləği 214 manat hesab edilmişdir. xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ilə, onun ailəsi ilə barışdığını, onun təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs CM-in 180.2.4-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək məhkəmə iclasında verdiyi Zərərçəkmiş şəxs məxsus mobil telefonu ələ keçirmək niyyətinin olmaması, məqsədinin sonuncunun polisə zəng edib hadisə barədə məlumat verməsini qarşısını almaq olması, eləcə də əlində həmin zaman hər hansı bir əşyanın olmaması və Zərərçəkmiş şəxs vurmaması barədə ifadəsi iş üzrə toplanmış sübutlarla və işin faktiki halları ilə tam təkzib edildiyindən, həmçinin iş materiallarında olan sübutlarla təsdiq edilmədiyindən və işin faktiki halları ilə uyğunluq təşkil etmədiyindən məhkəmə Təqsirləndirilən şəxs həmin ifadəsini işin faktiki hallarına uyğun olmayan və özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirərək sübut qismində qəbul etmir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 180.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 180.2.4-cü maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 1(001)-76/2017 nömrəli hökmü ilə CM-in 221.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinib, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən qəti olaraq 3 (üç) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2017-ci il tarixdən hesablanmışdır. Bundan başqa, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 1(001)-76/2017 nömrəli hökm yeni qanunvericiliyin müddəalarına uyğunlaşdırılaraq ona təyin edilmiş qəti cəza 2 (iki) il 8 (səkkiz) ay 28 (iyirmi səkkiz) günə endirilmişdir. Bundan başqa, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 1(001)-76/2017 nömrəli hökmü üzrə məhkum olduğu azadlıqdan məhrum etmə cəzasını çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Təqsirləndirilən şəxs hazırda baxılan cinayət işi üzrə CM-in 180.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini xx xxxx 2019-cu il tarixdə törətmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs hazırda baxılan cinayət işi üzrə təqsirləndirildiyi cinayət əməlini cəzasının çəkilməmiş hissəsi ərzində, yəni cəzadan şərti olaraq vaxtından əvvəl azad edildiyi dövrdə törətmiş və həmin əməli törədərkən onun məhkumluğu ödənilməmişdir. Belə ki, CM-in 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. CM-in 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun CM-in 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair xx xxxx 2013-cü il tarixli qərarının nəticəvi hissəsindən görünür ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən eyni və ya həmcins cinayətin törədilməsi cinayətin residivi kimi qəbul edilməlidir. Həmin şəxsin əməli eyni zamanda cinayətlərin təkrar törədilməsi əlaməti ilə tövsif edilə bilməz. Cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi CM-in 18.1-ci maddəsinə əsasən cinayətlərin residivini yaradır. Belə ki, CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə, CM-in 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. CM-in 18.5-ci maddəsinə əsasən cinayətlərin residivinə görə bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və hədlərdə daha sərt cəza tətbiq edilir. CM-in 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən və ağırlaşdıran hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, CM-in 65.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 180.2.4-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, eləcə də CM-in 65.1-ci maddəsinin tələblərini nəzərə alaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 1(001)-76/2017 nömrəli hökmü ilə təyin olunmuş (Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə endirilmiş) cəzanın Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə çəkilməmiş qalan 10 (on) ay 4 (dörd) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edildiyi dövrdə, yəni cəzasının çəkilməmiş hissəsi ərzində törətmişdir. CM-in 76.6 və 76.6.3-cü maddəsinə əsasən cəzanın çəkilməmiş hissəsi ərzində məhkum qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Qeyd olunan qanunvericiliyin tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 1(001)-76/2017 nömrəli hökmü ilə təyin olunmuş (Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə endirilmiş) cəzanın çəkilməmiş qalan 10 (on) ay 4 (dörd) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunması ləğv edilməli, həmin cəzanın çəkilməmiş 10 (on) ay 4 (dörd) günü hazırkı hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. CM-in 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisəsində cəzasını çəkməlidir. Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən və hazırda əməlində cinayətlərin residivinin olması müəyyən edildiyindən, o, təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını CM-in 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2020 il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmədə tədqiq edilmiş və işdə olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 4(001)-201/2020 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx xxx 2020-ci il tarixədək həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlanma müddətinin əvvəli xx xxxx 2020-ci il tarixdən heablanmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdən hazırkı vaxtadək həbsdə saxlanılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanması müddəti ona təyin olunacaq cəza müddətinə daxil edilməli və cəza müddətinin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, iş materialları ilə tanış olmaqla ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 55 (əlli beş) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində iş materialları ilə tanış olmaqla ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 55 (əlli beş) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 55 (əlli beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 330 (üç yüz otuz) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia, maddi sübut və ekspertiza xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 76.6 və 76.6.3-cü maddələrinə əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 1(001)-76/2017 nömrəli hökmü ilə təyin olunmuş və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə endirilmiş cəzanın çəkilməmiş qalan 10 (on) ay 4 (dörd) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunması ləğv edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 1(001)-76/2017 nömrəli hökmü ilə təyin olunmuş və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə endirilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 10 (on) ay 4 (dörd) günü hazırkı hökmlə təyin edilmiş 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 3 (üç) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 55 (əlli beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 330 (üç yüz otuz) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar