Məhkəmə qərarları › İş №1(001)-277/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-277/2021

07.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-277/2021 07.07.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2, Müdafiəçi1, Zərərçəkmiş şəxs1, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 iştirakları ilə,

1. xx.xx.1992-ci il tarixdə Göyçay rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Xətai rayonu, Fəhlə prospektində 59 nömrəli uşaq bağçasının yaxınlığında yerləşən fərdi yaşayış evində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi PX-in Bakı İstintaq Təcridxanasında saxlanılan,

Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair,

2. xx.xx.1996-cı il tarixdə Ağdaş rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Ağdaş rayonu, Xosrov kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində yerləşən fərdi yaşayış evində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi PX-in Bakı İstintaq Təcridxanasında saxlanılan,

Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə

müəyyən etdi:

1. Təqsirləndirilən şəxs1 ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 25 fevral 2021-ci il tarixdə saat 03:30 radələrində Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, Xocasən yolunda yerləşən «NN» adlı mağazanın qarşısına gələrək orada əvvəlcədən aralarında olan razılaşmaya əsasən o, mağazanın dəmir jalüzün kilid hissəsini və plastik qapısını yerdən götürdüyü dəmir parçası ilə fiziki güc tətbiq etməklə açıb mağazaya qanunsuz daxil olaraq orada kassa aparatının yanında olan plastik qutunun içərisindən 410(dörd yüz on) manat məbləğində qəpikləri, saxlanc yeri hesab olunan kassa aparatından 6 manat pulu və Təqsirləndirilən şəxs2 ilə birlikdə mağazada quraşdırılmış saxlanc yeri hesab olunan «xxxx» MMC-yə məxsus «Emanat» ödəniş terminalını mağazadan çıxarıb mağazanın arxasında yerləşən boş torpaq sahəsində həmin ödəniş terminalını yerdən götürdüyü dəmir parçası ilə qırıb qanunsuz daxil olub açaraq terminalın içərisindəki kassadan 255 (iki yüz əlli beş) ədəd 1 (bir) manatlıq, 103 (yüz üç) ədəd 5 (beş) manatlıq, 30 (otuz) ədəd 10 (on) manatlıq, 27 (iyirmi yeddi) ədəd 20 (iyirmi) manatlıq, 14 (on dörd) ədəd 50 (əlli) manatlıq, 12 (on iki) ədəd 100 (yüz) manatlıq, cəmi 441 (dörd yüz qırx bir) əsginas olmaqla, ümumilikdə 3510 (üç min beş yüz on) manat pulu gizli olaraq talayıb, Zərərçəkmiş şəxs1 ümumilikdə 416 (dörd yüz on altı) manat məbləğində və zərərçəkmiş hüquqi şəxs «xxxx» MMC-yə 3510 (üç min beş yüz on) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir.

2. Təqsirləndirilən şəxs2 ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 25 fevral 2021-ci il tarixdə saat 03:30 radələrində Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, Xocasən yolunda yerləşən «NN» adlı mağazanın qarşısına gələrək orada əvvəlcədən aralarında olan razılaşmaya əsasən Təqsirləndirilən şəxs1 mağazanın dəmir jalüzün kilid hissəsini və plastik qapısını yerdən götürdüyü dəmir parçası ilə fiziki güc tətbiq etməklə açıb mağazaya qanunsuz daxil olaraq orada kassa aparatının yanında olan plastik qutunun içərisindən 410(dörd yüz on) manat məbləğində qəpikləri, saxlanc yeri hesab olunan kassa aparatından 6 manat pulu və Təqsirləndirilən şəxs1 ilə birlikdə mağazada quraşdırılmış saxlanc yeri hesab olunan «xxxx» MMC-yə məxsus «E-manat» ödəniş terminalını mağazadan çıxarıb mağazanın arxasında yerləşən boş torpaq sahəsində həmin ödəniş terminalını yerdən götürdüyü dəmir parçası ilə qırıb qanunsuz daxil olub açaraq terminalın içərisindəki kassadan 255 (iki yüz əlli beş) ədəd 1 (bir) manatlıq, 103 (yüz üç) ədəd 5 (beş) manatlıq, 30 (otuz) ədəd 10 (on) manatlıq, 27 (iyirmi yeddi) ədəd 20 (iyirmi) manatlıq, 14 (on dörd) ədəd 50 (əlli) manatlıq, 12 (on iki) ədəd 100 (yüz) manatlıq, cəmi 441 (dörd yüz qırx bir) əsginas olmaqla, ümumilikdə 3510 (üç min beş yüz on) manat pulu gizli olaraq talayıb, Zərərçəkmiş şəxs1 ümumilikdə 416 (dörd yüz on altı) manat məbləğində və zərərçəkmiş hüquqi şəxs «xxxx» MMC-yə 3510 (üç min beş yüz on) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs1 CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 10.02.2021-ci il tarixdə tanışı Təqsirləndirilən şəxs2la birlikdə olarkən söhbət əsnasında sonuncudan yaşadığı evin yaxınlığında “e-manat” ödəmə terminalının olub-olmadığını soruşmuş və ona rahatlıqla ödəmə terminalının sındırıb içərisindən müəyyən miqdar pul vəsaiti götürməyin mümkün olduğunu bildirmişdir. 20.02.2021-ci il tarixdə axşam saatlarında Rəvan onunla əlaqə saxlamış və yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində yerləşən “NN” marketin içərisində “e-manat” ödəmə terminalının olduğunu və sözü gedən marketin yaxınlığında hər hansı bir müşahidə kamerasının olmadığı rahatlıqda oradan oğurluq etməyin mümkün olduğunu bldirmişdir. Bundan sonra o, Rəvana, tək “e-manat” ödəmə terminalını marketdən çıxara bilməyəcəyini, buna görə də ona əvvəlcədən planlaşdırdıqları oğurluq əməlini etməyə köməklik etməli olduğunu söyləmişdir. İlkin olaraq Rəvan razılaşmamış və qorxduğunu söyləmişdir. Bir neçə gün Rəvanla sosial şəbəkə «Whatsapp» vasitəsi ilə əlaqə saxlamış və heç kimin oğurluq əməlindən xəbəri olmayaçağını və rahatlıqla sözü gedən əməli törədə biləcəklərini bildirmişdir. 24.02.2021-ci il tarixdə Rəvan onun təklifi ilə razılaşmış və 25.02.2021-ci il tarixdə saat 00:40 radələrində sonuncu ilə yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində görüşmüşlər. Bundan sonra o, Rəvanla birlikdə yaxınlıqda yerləşən “NN” marketin qarşısına gəlmişlər. Bir qədər marketin ətrafına baxmış və rahatlıqla marketdən oğurluq etməyin mümkün olduğunu müəyyən etmişdir. Marketə daxil olmaq üçün giriş qapısının sındırmaq lazım olduğundan o, ətrafdan dəmir paçası axtarmağa başlamışlar. Marketin yaxınlığında yolun kənarından iki ədəd dəmir parçası tapmış və həmin günü saat 03 radələrində marketin yaxınlığında heç kimin olmadığına əmin olduqdan sonra marketin divarında olan elektrik naqillərini söndürmüşdür. Yerdən tapdıqları dəmir parçası ilə marketin jaluz qapısını kilidini sındırmış və qapını açmışdır. Daha sonra marketin ağ rəngli plastik metaldan olan qapısını əlində olan dəmir parçası ilə açıb marketə daxil olmuşdur. O, marketdə olan “e-manat” ödəmə terminalını tutub yerə yıxmış və bundan sonra Rəvanı köməyə çağırmışdır. Rəvan içəri daxil olana kimi o, marketin kassanın yanında çox saylı qəpiklərin olduğu plastik qabı və kassadan 6 manat pul götürmüşdür. Daha sonra Rəvan marketə daxil olmuş, sonuncunun köməkliyi ilə “emanat” ödəmə terminalını marketdən çıxarıb, marketin arxasına aparmışlar. Orada dəmir parçası ilə ödəmə terminalının qapısını sındırmışlar və oradan içərisində pul olan qutunu götürərək çıxıb getmişlər. Bir qədər piyada getdikdən sonra dörd tərəfi hasarlı içərisində ev olmayan torpaq sahəsinə daxil olub, əlində olan qara qutunu dəmir parçası ilə sındırmış və həmin qutunun içərisində olan çox sayda pulu Rəvanla birlikdə götürüb ciblərinə yerləşdirmişlər. Daha sonra Rəvanla birlikdə oradan uzaqlaşıb yaşadıqları evə getmişlər. İçərisində çox sayda qəpik olan plastik qutu isə Rəvanda qalmışdır. Yaşadığı evə gəldikdə cibində olan pulları saymamış, oğurluq nəticəsində əldə etdiyi pul vəsaitini şəxsi ehtiyacları üçün xərcləmişdir. Hazırda törətdiyi cinayət əməllərindən peşmandır, Təqsirləndirilən şəxs2 ilə birlikdə törətdikləri oğurluq hadisəsi üzrə zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyan tam ödənilmiş və onlara qarşı heç bir şikayət, tələb yoxdur. Məhkəmədən qeyd olunanları nəzərə alınaraq, barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs2 CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 10.02.2021-ci il tarixdə tanışı Ramin Məmmədovla söhbət edərəkən sonuncu ondan yaşadığı evin yaxınlığında “e-manat” ödəmə terminalının olub-olmadığını soruşmuşdur. Ramin özünün rahatlıqla ödəmə terminalının sındırıb içərisindən müəyyən miqdar pul vəsaiti götürməyin mümkün olduğunu söyləmişdir. Təqsirləndirilən şəxs1la danışdıqdan sonra yaşadığı evin yaxınlığında olan marketlərə diqqət etməyə başlamışdır. 20.02.2021-ci il tarixdə axşam saatlarında yaşadığı evin yaxınlığında piyada hərəkət edərkən yolun qırağında “NN” marketin qarşısında keçən zaman marketin içərisində “emanat” ödəmə terminalın olduğunu, ətrafında müşahidə kamerasının olmadığını görmüşdür. Bundan sonra sözü gedən marketdən oğurluq etməyin mümkün olduğunu başa düşmüşdür. 20.02.2021-ci il tarixdə axşam saatlarında sosial şəbəkə vasitəsi ilə Ramilə əlaqə saxlamış və yaşadığı evin yaxınlığında yerləşən “NN” marketin içərisində “emanat” ödəmə terminalının olduğunu aşkar etdiyini söyləmişdir. Təqsirləndirilən şəxs1 ona onunla birlikdə marketə daxil olaraq oğurluq etməyə köməklik etməyini xahiş etmiş, ilkin olaraq qorxduğundan etiraz etmiş və Raminə bu əməldə hər hansı bir köməklik etməyəcəyini bildirmişdir. Bir neçə gün Raminlə onunla sosial şəbəkə «Whatsapp» vasitəsi ilə müntəzəm əlaqə saxlayaraq heç kimin oğurluq əməlindən xəbəri olmayacağını və rahatlıqla sözü gedən əməli törədə biləcəklərini bildirmişdir. 24.02.2021-ci il tarixdə Raminin təklifi ilə razılaşmış və onunla birlikdə oğurluq əməlini törədəcəyini bildirmişdir. 25.02.2021-ci il tarixdə saat 00:40 radələrində yaşadığı evin yaxınlığında Raminlə görüşmüş və sonuncu ilə birlikdə yaşadığı evin yaxınlığında yerləşən “NN” marketin qarşısına gəlmişlər. Ramin marketin ətrafına baxmış və rahatlıqla marketdən oğurluq etməyin mümkün olduğunu bildirmişdir. Ramin ona marketə daxil olmaq üçün giriş qapısının sındırmaq lazım olduğunu bildirmiş, ətrafdan dəmir paçası axtarmağa başlamışlar və yaxınlıqda iki ədəd dəmir parçası tapmışlar. Həmin gün saat 03 radələrində marketin yaxınlığında heç kimin olmadığına əmin olduğdan sonra Ramin ilkin olaraq marketin divarında olan elektrik naqillərini söndürmüş və yerdən tapdıqları dəmir parçası ilə marketin jaluz qapısının kilidini sındırmış və jaluzu qaldırmışdır. Daha sonra Ramin marketin ağ rəngli plastik metaldan olan qapısını dəmir parçası ilə açıb içəri daxil olmuşdur. Ramin marketdə olan “e-manat” ödəmədə terminalını əli ilə tutub yerə yıxmış və daha sonra onu köməyə çağırmışdır. O, marketə daxil olmamışdan əvvəl Ramin marketdə olan kassanın yanında çox saylı qəpiklərin olduğu plastik qabı götürmüşdür. Daha sonra o, marketə daxil olmuş və “e-manat” ödəmə terminalını marketdən çıxarıb, marketin arxasına aparmışlar. Orada dəmir parçasının köməkliyi ilə Raminlə birlikdə ödəmə terminalının qapısını sındırmış və oradan içərisində pul olan qutunu götürmüşlər. Bir qədər piyada getdikdən sonra dörd tərəfi hasarlı içərisində ev olmayan torpaq sahəsinə daxil olmuşlar . Raminin orada qutunu dəmir parçası ilə sındırmış və sonuncu ilə birlikdə qutunun içərisində olan çox sayda pulu götürüb ciblərinə yerləşdirib oradan uzaqlaşmışlar. Həmin zaman Ramin içərisində çox sayda qəpik olan plastik qutunu Ramin ona vermişdi. Yaşadığı evə gəldikdə cibində olan pulları çıxarıb saymış və ümumilikdə 1252 manat pul olmasını aşkar etmişdir. Oğurluq nəticəsində əldə etdiyi pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. Hazırda törətdiyi cinayət əməllərindən peşmandır, Təqsirləndirilən şəxs1 ilə birlikdə törətdikləri oğurluq hadisəsi üzrə zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyan tam ödənilmiş və onlara qarşı heç bir şikayət, tələb yoxdur. Məhkəmədən qeyd olunanların nəzərə alınaraq, barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 elan edilmiş CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmələri öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 2008-ci il tarixindən etibarən Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində yerləşən qeyri yaşayış sahəsini market kimi işlətmiş və həmin market özünə məxsusdur. Təxminən altı il əvvəl işlətdiyi marketə müqavilə nəticəsində “e-manat” ödəniş terminalı yerləşdirilmişdir. 24.02.2021-ci il saat 22:00-da marketi bağlayıb evinə getmişdir. 25.02.2021-ci il tarixdə saat 08:00-da işə gələn zaman ona məxsus marketin giriş hissəsində jaluzin kilidinin sındırıldığını aşkar etmiş və jaluzi qaldıranda marketin ağ rəngli plastik qapısının kənar müdaxilə nəticəsində açıq olduğunu görmüşdür. Marketin içərisinə daxil olmuş, orada kassanın yanında çox sayda qəpiklərin olduğu plastik qapın oğurlandığını, kassanın içərisində 5-6 manat pul əsginasının və “e-manat” ödəniş terminalının oğurlandığı aşkar etmişdir. Daha sonra o, polis bölməsinə zəng edərək hadisə ilə əlaqədar məlumat vermişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən dəymiş ziyan tam şəkildə ödənilmiş, onlarla barışmış və təqsirləndirilən şəxslərə qarşı heç bir şikayəti tələbi yoxdur. Məhkəmə baxışı zamanı dindirilmiş zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 21 yanvar 2021-ci il tarixdən etibarən “xxxx” MMC-də təhlükəsizlik şöbəsinin meneceri vəzifəsində işləyir. 25.02.2021-ci il tarixdə saat 09 radələrində işlədiyi şirkətə Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində yerləşən “NN” marketdə quraşdırılmış 4251 nömrəli “e-manat” ödəmə terminalının oğurlanması barədə məlumat verilmişdir. Təhlükəsizlik xidmətinin rəhbəri kimi dərhal deyilən ünvana getmişdir. Orada 4251 nömrəli “e-manat” ödəmə terminalının oğurlandığı təsdiqini tapmışdır. Marketin arxasında 4251 nömrəli “e-manat” terminalının sındırıldığını və içərisində pul əsginaslarının yerləşdiyi qara qutunun oğurlandığını aşkar etmişdir. Daha sonra Şirkətin inkassator şöbəsində aparılan araşdırmadan sonra məlum olmuş ki, 25.02.2021-ci il tarixdə oğurlanan 4251 nömrəli “e-manat” ödəmə terminalından ümumilikdə 3510 manat pul olmuşdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən müəssisəyə dəymiş ziyan tam şəkildə ödənilmiş və onların təqsirləndirilən şəxslərdən heç bir şikayəti, tələbi qalmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 01.03.2021-ci il tarixli qərardan görünür ki, 25.02.2021-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, Xocasən yolunda yerləşən «NN» adlı marketdən 300-400 manat dəyərində qəpiklərin, 5-6 manat kağız pulların və «E-manat» ödəniş terminalın oğurlanmasına dair Zərərçəkmiş şəxs1 ərizəsi əsasında toplanmış material üzrə fakta görə CM-in 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. 25.02.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, 25.02.2021-ci il tarixdə olan oğurluq hadisəsi Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, Xocasən yolunda yerləşən «NN» adlı marketdə baş vermiş və həmin marketin yanında sökülmüş vəziyyətdə olan «E-manat» ödəniş terminalı aşkar edilmişdir. 01.03.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 01 mart 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. 01.03.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 01 mart 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. 03.03.2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl CM-in 177.2.3-cü maddəsindən həmin Məcəllənin 177.2.1 və 177.2.3-cü maddələrinə tövsif edilmişdir. 03.03.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərə tutulan ittiham elan olunmuşdur. 03.03.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərə tutulan ittiham elan olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03.03.2021-ci il tarixli, 4(001)-198/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlanma müddətinin əvvəli 01 mart 2021-ci il tarixdən hesablanmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03.03.2021-ci il tarixli, 4(001)-197/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlanma müddətinin əvvəli 01 mart 2021-ci il tarixdən hesablanmışdır. 03.04.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs2 məxsus «İphone 6» markalı mobil telefona baxış keçirilmiş və baxış zamanı mobil telefonun «WhatsApp» proqramında olan yazışmalarda Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 ilə Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, Xocasən yolunda yerləşən «NN» adlı mağazadan oğurluq etməsi barədə əvvəlcədən razılığa gəlmələri müəyyən edilmişdir. 13.04.2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 müsbət xarakterizə olunur. 21.04.2021-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən və müvafiq hökmün surətindən görünür ki, Mahmudov X2 Rayon Məhkəməsinin 18.06.2014-cü il tarixli hökmü ilə CM-in 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 29,177.2.1, 29,177.2.2, 29,177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, 3 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və o, 23.06.2016-cı il tarixdə AR Milli Məclisin 20.05.2016cı il tarixli Amnistiya qərarına əsasən cəzadan azad olunmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs1 Ağdaş Rayon Məhkəməsinin 11.10.2016-cı il tarixli hökmü ilə CM-in 177.2.1, 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, qəti olaraq 3 il 5 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 Göyçay Rayon Məhkəməsinin 04.05.2017-ci il tarixli, 1(046)-18/2017 nömrəli hökmü ilə CM-in 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-in 66.5-ci maddəsinə əsasən qəti olaraq 4 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 18.08.2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. 21.04.2021-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. 03.05.2021-ci il tarixli qərardan görünür ki, «xxxx» MMC-nə məxsus 1 (bir) ədəd «E-manat» ödəniş terminalı, Təqsirləndirilən şəxs1 məxsus 1 (bir) ədəd «İphone 6» markalı mobil telefon və Təqsirləndirilən şəxs2 məxsus 1 (bir) ədəd «İphone 6» markalı mobil telefon iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmişdir. 03.05.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərə tutulan yenidən ittiham elan olunmuşdur. 03.05.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərə tutulan yenidən ittiham elan olunmuşdur. Məhkəmənin Təqsirləndirilən şəxs1 qohumluq məlumatlarına dair portal çıxarışından görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində 27.02.2014-cü il təvəllüdlü X1 adlı bir azyaşlı uşağı vardır. 10.06.2021-ci il tarixli «xxxx» MMC-nin məktubundan görünür ki, təsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən cəmiyyətə dəymiş 4123 manat məbləğində maddi ziyan tam şəkildə ödənildiyindən onlara qarşı heç bir şikayət və tələbləri yoxdur. 07.07.2021-ci il tarixdə Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmiş və onlar barışmışlar. Hazırda Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı heç bir şikayəti, tələbi yoxdur. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onların etiraf edici ifadələri ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin ifadələri, eləcə də istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri ibtidai istintaq orqanı tərəfindən CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi CM-in 177.2.1 və 177.2.3-cü maddələri cinayətlərin təsnifatına görə az ağır cinayətlər hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, CM-in 59.1.4-cü maddəsinə əsasən himayəsində azyaşlı uşağının olmasını, həmin Məcəllənin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsini, həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini, yenə həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini səmimi etiraf edərək əməlindən peşman olmasını Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs1 cəza təyin edilən zaman CMin 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 Göyçay Rayon Məhkəməsinin 04.05.2017-ci il tarixli, 1(046)-18/2017 nömrəli hökmü ilə CM-in 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-in 66.5-ci maddəsinə əsasən qəti olaraq 4 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 18.08.2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 qəsdən az ağır cinayət törətməyə görə əvvəllər məhkum olunmuş və qanunvericilikdə nəzərdə tutulan iki il müddət keçmədən, yəni məhkumluğu ödənilmədən və ya götürülmədən yenidən qəsdən cinayət törətmişdir. Belə ki, CM-in 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. CM-in 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun CM-in 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair 18 mart 2013-cü il tarixli qərarının nəticəvi hissəsindən görünür ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən eyni və ya həmcins cinayətin törədilməsi cinayətin residivi kimi qəbul edilməlidir. Həmin şəxsin əməli eyni zamanda cinayətlərin təkrar törədilməsi əlaməti ilə tövsif edilə bilməz. Cinayətlərin residivi müəyyən edildikdə, CM-in Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs1 tərəfindən yenidən qəsdən cinayətin törədilməsi CM-in 18.1-ci maddəsinə əsasən cinayətlərin residivini yaradır. Belə ki, CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə, CM-in 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində cinayətlərin residivinin olmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. CM-in 18.5-ci maddəsinə əsasən cinayətlərin residivinə görə bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və hədlərdə daha sərt cəza tətbiq edilir. CM-in 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən və ağırlaşdıran hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayətlər olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, CM-in 65.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi CM-in 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Belə ki, iş materiallarından müəyyən edildiyi kimi Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmasına baxmayaraq, ona təyin edilmiş cəzalar onun islah olunmasına və tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına kömək edə bilməmişdir. Məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs1 islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzansını yüngülləşdirən və ağırlaşdıran halların olmasını, eləcə də CM-in 65.1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. CM-in 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisəsində cəzasını çəkməlidir. Təqsirləndirilən şəxs1 əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən və hazırda əməlində cinayətlərin residivinin olması müəyyən edildiyindən, o, təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını CM-in 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 01 mart 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03.03.2021-ci il tarixli, 4(001)-197/2021 nömrəli qərarı ilə barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilərək həbsdə saxlanılma müddətinin əvvəli 01 mart 2021-ci il tarixdən hesablanmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 01 mart 2021-ci il tarixdən hazırkı vaxtadək həbsdə saxlanılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlanma müddəti ona təyin olunacaq cəza müddətə daxil edilməli və cəza müddətinin əvvəli 01 mart 2021-ci il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsini, həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini, yenə həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini səmimi etiraf edərək əməlindən peşman olmasını Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs2 cəza təyin edilən zaman CMin 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs2 əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (müsbət xarakterizə olunmasını), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi CM-in 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs2 islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 üzərinə daimi yaşayış yeri olan Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində yerləşən fərdi yaşayış evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 01 mart 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03.03.2021-ci il tarixli, 4(001)-198/2021 nömrəli qərarı ilə barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlanılma müddətinin əvvəli 01 mart 2021-ci il tarixdən hesablanmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs2 01 mart 2021-ci il tarixdən hazırkı vaxtadək həbsdə saxlanılmışdır. CPM 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs2 01 mart 2021-ci il tarixdən hazırkı vaxtadək həbsdə olduğu 4 (dörd) ay 6 (altı) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanıb, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz olunaraq o, dərhal məhkəmə zalından həbsdən azad edilməli və Təqsirləndirilən şəxs2 barəsində seçiləcək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan 1 (bir) ədəd «E-manat» ödəniş terminalı «xxxx» MMC-nə, 1 (bir) ədəd «İphone 6» markalı mobil telefon Təqsirləndirilən şəxs2 və 1 (bir) ədəd «İphone 6» markalı mobil telefon isə hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs1 ailə üzvlərinə təhvil verilməlidir. Müdafiəçilərin təqdim etdiyi hesabata əsasən Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsinə ümumilikdə 35 (otuz beş) saat, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 isə məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsinə ümumilikdə 30 (otuz) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 təqsirləndirilən şəxslərin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxslərin hüquqlarının müdafiəsinə cəmi 25 (iyirmi beş) saat vaxt sərf etmişlər. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 göstərdiyi cəmi 25 (iyirmi beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 150 (bir yüz əlli) manat, Təqsirləndirilən şəxs2 göstərdiyi cəmi 25 (iyirmi beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 150 (bir yüz əlli) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə

hökm etdi:

1. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzanın əvvəli 01 mart 2021-ci il tarixdən hesablanmaqla, həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın.

2. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 01 mart 2021-ci il tarixdən hazırkı vaxtadək həbsdə olduğu 4 (dörd) ay 6 (altı) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 2 (iki) il 3 (üç) ay 18 (on səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə daimi yaşayış yeri olan Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində yerləşən fərdi yaşayış evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan 1 (bir) ədəd «E-manat» ödəniş terminalı hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə zərərçəkmiş hüquqi şəxs «xxxx» MMC-nə təhvil verilsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan 1 (bir) ədəd «İphone 6» markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs2 təhvil verilsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan 1 (bir) ədəd «İphone 6» markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs1 ailə üzvlərinə təhvil verilsin. Təqsirləndirilən şəxs1 göstərdiyi 25 (iyirmi beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 150 (bir yüz əlli) manat, Təqsirləndirilən şəxs2 göstərdiyi 25 (iyirmi beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 150 (bir yüz əlli) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs1 isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Sədrlik edən: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar