Məhkəmə qərarları › İş №1(001)-277/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-277/2022

23.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-277/2022 23.06.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimov Elçin Əhəd oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1968-cı il tarixdə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, məhkumluğu olmayan, Lənkəran rayonu, Nərimanabad kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində, fərdi evdə kirayədə yaşamış barəsində həbs qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 10 radələrində Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan ərazidə şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,826 qram narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, xx.xx.2022-ci il tarixdə, saat 21:15-də Binəqədi RPİ-nin 4-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 189 ünvanında saxlanılaraq Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 191 ünvanda yerləşən 4-cü PŞ-nə gətirilmiş, həmin gün saat 22:40-da üzərinə keçirilmiş şəxsi axtarış və götürmə zamanı əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən siqaretin qara kağızına bükülmüş şəffaf sellofanın içində saxladığı, təmiz çəkisi 0,826 qram olan qəhvəyi rəngli maddə küstar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə, saat 10 radələrində Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan ərazidə adını və anket məlumatlarını bilmədiyi şəxsdən öz istifadə üçün 20 manata bir büküm narkotik vasitə olan heroin almışdır. Həmin heroin bir bükümdən ibarət siqaretin qara kağızına bükülmüş şəffaf sellofanın içində olmuş, həmin bükümü əynində olan göy rəngli cins şalvarın sağ yan cibində saxlamış, xx.xx.2022-ci il tarixdə, saat 21:15-də Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 189 ünvanının qarşısında piyada gedən zaman 2 nəfər mülki geyimdə olan şəxslər yaxınlaşaraq özlərini təqdim edərək Binəqədi RPİ-nin 4-cü PŞ-nin polis əməkdaşları olduqlarını bildirmiş və narkotik vasitələrin qanunsuz olaraq gəzdirilməsində və istifadə edilməsində şübhəli bilindiyi üçün üzərinə şəxsi axtarış keçirilməsi məqsədi ilə Binəqədi RPİ-nin 4-cü PŞ-nə dəvət edilmidir. Polis Şöbəsində olan zaman hüquqlarının müdafiə edilməsi üçün dövlət hesabına müdafiəçi təyin edilməklə həmin müdafiəçi təqdim edilmiş və həmin müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra videogörüntü ilə üzərinə şəxsi axtarış keçirilməsi təklif edildikdə müdafiəçinin iştirakı olmadan üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etməmişdir. Üzərinə şəxsi axtarış keçirilən zaman üzərində hər hansı bir qanunsuz əşya və maddə olduğu təqdirdə təqdim edilməsi təklif edildikdə əynində olan göy rəngli cins şalvarın sağ yan cibində saxladığı bir bükümdən ibarət siqaretin qara kağızına bükülmüş şəffaf sellofanın içində olan heroini cibindən çıxararaq masanın üzərinə qoymuşdur. Məhkəmədən təqsirini səmimi etiraf etməsini, cinayət əməlindən peşman olmasını nəzərə alınaraq ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 oğlu ifadəsində göstərmişdir ki, o, Binəqədi RPİ-nin 4-cü PŞ-nin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Etimad doğuran, qərəzsiz mənbədən daxil olmuş məlumatda Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitələr gəzdirməsi barədə məlumat daxil olmuş, həmin məlumatın əməliyyat yolu ilə yoxlanılması, Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması, onun cinayət törədərkən, yaxud tərəfdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitələrin, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə yaradılacaq əməliyyat qrupunun üzvlərinin iştirakı ilə təxirəsalınmaz tədbirlər görülməklə qanunvericilikdə nəzərdə tutulmuş qaydada aşkar və gizli üsullarla müvafiq əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsinə dair raportla bölmə rəisinə məruzə edilmişdir. Məlumat əsasında əməliyyat qrupu təşkil edilmiş və xx.xx.2022-ci il tarixdə, saat 21:15-də Binəqədi RPİ-nin 4-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 189 ünvanında saxlanılaraq Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 191 ünvanda yerləşən 4-cü PŞ-nə gətirilmiş, həmin gün saat 22:40-da üzərinə keçirilmiş şəxsi axtarış və götürmə zamanı əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən siqaretin qara kağızına bükülmüş şəffaf sellofanın içində saxladığı heroinə bənzər maddə aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı dindirilmiş Şahid2 ifadəsindən məlum olur ki, o, Şahid1 göstərdiyi xüsusatları təsdiq etməklə onunla eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 234.1 ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. (i.v.1) xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 26) xx.xx.2022-ci il tarixli «şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman üzərində hər hansı bir qanunsuz əşya və maddə olduğu təqdirdə təqdim edilməsi təklif edildikdə əynində olan göy rəngli cins şalvarın sağ yan cibində saxladığı bir bükümdən ibarət siqaretin qara kağızına bükülmüş şəffaf sellofanda bükümü masanın üzərinə qoymuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümün içərisində olan maddənin narkotik vasitə heroin olduğunu bildirmişdir. (i.v.37-38) Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 6/567 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Elçin Adgözəlov” sözü, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfdə bükümdə təmiz çəkisi 0,826 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. (i.v. 47-48) xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş diskdən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman üzərində hər hansı bir qanunsuz əşya və maddə olduğu təqdirdə təqdim edilməsi təklif edildikdə əynində olan göy rəngli cins şalvarın sağ yan cibində saxladığı bir bükümdən ibarət siqaretin qara kağızına bükülmüş şəffaf sellofanda bükümü masanın üzərinə qoymuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümün içərisində olan maddənin narkotik vasitə heroin olduğunu bildirmişdir. (i.v. 68) xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona həmin maddə ilə ittiham elan olunmuşdur.(i.v. 71-72) Binəqədi rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır.(i.v. 95-99) Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Nəsimi rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə CM-in 320.1-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən aylıq qazancının 20 faizi məbləğində dövlət nəfinə tutulmaqla 01 il 11 ay 26 gün islah işləri cəzasına məhrum edilmişdir. (i.v. 102-109,11-114) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin publik hüquqi şəxsin Ambulator X1 ekspert komissiyasının xx.xx.2022-ci il tarixli, 410 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asliliq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.(i.v. 125-126) xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş 0.826 qram heroin maddi sübut kimi tanınmış, tədqiqatdan sonra qalıq qalmış 0.776 qram heroin saxlanılması üçün Binəqədi RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. Eyni zamanda şəxsi axtarış və baxış zamanı aparılmış video çəkilişin köçürüldüyü bir ədəd “DVD” formatlı disk maddi sübut kimi tanınmışdır. (i.v.128-132) Lənkəran rayon icra və probasiya şöbəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Nəsimi rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə CM-in 320.1-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən aylıq qazancının 20 faizi məbləğində dövlət nəfinə tutulmaqla 01 il 11 ay 26 gün islah işləri cəzasına məhrum edilmişdir. “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarı tətbiq edilməklə o, islah işləri cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Beləliklə məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahının təsdiq edilməsi haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş siyahıdan görünür ki, heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qramdan 2 qramadək müəyyənləşdirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs təqsirini səmimi etiraf etməsini, əməlindən peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Belə ki, “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarı tətbiq edilməklə o, islah işləri cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Həmin qərarın 7-ci hissəsinə əsasən bu Qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülür. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı, cəzasını ağırlaşdıran halların olmamasını, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2022-ci il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Sadalanan iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı azadlığı faktiki xx.xx.2022-ci il tarixdə, saat 21.15-də məhdudlaşdırılaraq həmin tarixdə şübhəli şəxs qismində tutulmuş və xx.xx.2022-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Göründüyü kimi, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə azadlığı faktiki məhdudlaşdırılaraq eyni tarixdə şübhəli şəxs qismində tutulmuş və həmin tarixdən hazırkı vaxtadək həbsdə saxlanılır. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddətinin əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalı və həbsdə saxlanması müddəti ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CM-in 93.1.2-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 0.776 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə 01 ədəd “DVD” formatlı disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197.1.4-cü maddəsinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 65 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X2 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesabına keçirilməlidir. Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə cəmi 36 saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 36 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Müdafiəçi göstərdiyi cəmi 36 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 216 manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə ona təyin edilmiş cəzanın əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 0.776 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə sübut kimi tanınmış 01 (bir) ədəd “DVD” formatlı disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 65 (altmış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X2 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Cinayət işi üzrə xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 36 (otuz altı) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 216 (iki yüz on altı) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mahirə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar