Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-28/2025 18.03.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, dövlət ittihamçısı- Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi- Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.1983-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, ali təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yeni Yaşayış massivi, nömrəsiz fərdi evdə yaşamış, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs etibarından sui-istifadə edib sonuncunun oğlu X6 həbsdən azad edilməsi üçün köməklik göstərəcəyinə dair yalandan vəd verib aldadaraq, hissə-hissə olmaqla Zərərçəkmiş şəxs 2023-cü ilin yanvar ayının əvvəllərində Abşeron rayonu, Mehdiabad qəsəbəsində Zərərçəkmiş şəxs yaşadığı evdə 5.000 manat, həmin ilin yanvar ayının ortalarında Binəqədi rayonu ərazisində Cıdır restoranının yaxınlığında 9000 manat, həmin ilin yanvar ayının sonlarında Biləcəri qəsəbəsi, “Soyuq bulaq” restoranının yaxınlığında 1000 manat pulunu alıb ələ keçirərək verdiyi vədə əməl etməyib, vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə zərərçəkmiş şəxsə 15000 manat olmaqla xeyli miqdarda ziyan vurub dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətmişdir. Məhkəmə istintaqında dindirilmiş Təqsirləndirilən şəxs ilkin olaraq ona CM-in 178.2.4-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Gülbadamı çoxdan tanıyır və uşaqlıqdan onların qapısında böyümüş, ailəvi dost olmuşlar. Onun anası 2020-ci il tarixdə rəhmətə getmiş və yas mərasimində aralarında olan münasibətlər daha da isinmişdir. Daha sonra başqa bir yas məclisində Gülbadamın narahat olduğunu görüb nə olduğunu soruşmuş, o da oğlu Lətifin avtoqəza törətdiyi üçün həbs olduğunu, oğlunun həbsdən azad edilməsi üçün evlərini sataraq müəyyən yerlərə pul verdiklərini, lakin onları aldatdıqlarını bildirmişdir. İnternetdə hüquqşünaslar qrupunda ona hüquqi yardım edən Əhməd adlı bir nəfərlə tanış olmuş və onunla Gülbadamgilin yanında danışmış, hətta səsə də birlikdə qulaq asmışlar. Əhməd bu iş üçün 20000 manat istəmiş, ilk öncə 15000 manat, məhkəmənin sonunda isə 5000 verəcəyimizi bildirmişdir. O da razılaşmış, 1 həftədən sonra pulu almışdır. Əhməd onu Azad adlı bir şəxslə tanış edib bildirmişdir ki, bu şəxs onların işinini görəcək. Amma sonradan iş alınmamışdır. Onun yeganə səhvi iş alınmadıqda pulu Gülbadamgilə qaytarmaması olmuşdur. Düşünmüşdür ki, arada olan müddət ərzində həmin pulla nəsə iş görüb əlinə bir az gəlir gətirər. Lakin daha sonra pul qazana bilməmişdir. Daha sonra Gülbadamgillə danışaraq onlara hissə-hissə pulu qaytaracağını bildirmişdir. Zərəçəkmiş şəxsdən 3 dəfəyə ümumilikdə 15000 manat pul almışdır. Onun 5000 manatını evlərində, 9000 manatını 8-ci mikrorayon tərəfdə avtomobildə, 1000 manatını Biləcəri qəsəbəsi, “Soyuq bulaq” restoranının yanında almışdır. Zərərçəkmiş şəxsə vurduğu zərəri hissəhissə ödənişlə qaytaracaqdı, amma sonradan tutulduğu üçün qaytara bilməmişdir. Aldığı puldan ümumilikdə 1100 manat qaytarmışdır. İlk öncə 200 manat karta göndərmiş, 300 manat əlbəəl vermişdir. Daha sonra 600 manat zərərçəkmiş şəxsin yoldaşı Gülbadam tərəfindən göndərilən karta köçürmüşdür. Gülbadam ona məxsus kartın xarab olduğunu bildirərək qardaşı Nazimə məxsus kartı pulu köçürməsi üçün ona göndərmiş, o da həmin karta 600 manat ödəniş etmişdir. Təqsirləndirilən şəxs son sözündə ola bilər ki, tarixlərdə səhv etdiyini, 400 manat əlbəl nağd şəklində, 600 manat karta köçürmə etməklə ümumilikdə 1000 manat pul ödədiyini, mülki iddiadan 15000 manatdan 14000 manatını qəbul etdiyini, azadlığa çıxdıqdan sonra zərəçəkmiş şəxsin pulunu hər ay 1000 manat olmaqla ödəyəcəyini, mənəvi zərəri isə qəbul etmədiyini, özlərinin ondan oğullarını qurtarmağı xahiş etdiyini, himayəsində az yaşlı övladının olmasını nəzərə alaraq məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsin anası onun həyat yoldaşı Gülbadamın xalası ilə qonşu olublar və təqsirləndirilən şəxsi də ordan tanımışdır. X18 avtoqəza törətdiyi üçün Binəqədi Rayon Məhkəməsində barəsində cinayət işi olmuşdur. Hazırda oğluna 5 il 6 ay azadlıqdan məhrum etmə cəzası təyin edilib və 5 saylı cəzaşəkmə müəssisəsində cəza çəkir. Oğlunun həbsdən azad edilməsi üçün təqsirləndirilən şəxsə pul vermişdir. Təqsirləndirilən şəxs İlknur telefonla kimləsə danışdıqdan sonra ona narahat olmamağı bildirərək ilkin olaraq 5000 manat verilməli olduğunu bildirdiyi üçün 5000 manatı İlknura vermişdir. Bundan 3-4 gün keçəndən sonra İlknur ona oğlunun mart ayında evində olması üçün prokurora, hakimə pul çatmalı olduğunu, bunun üçün əlavə 10000 manat pul lazım olduğunu bildirmişdir. O isə həmin vaxtı 9000 manatı olduğundan həmin vəsaiti vermiş, daha sonra isə Biləcəri qəsəbəsində 1000 manatı da İlknura vermişdir. Pulu təqdim etdikdən sonra İlknur ona narahat olmamağı, lazımı admlarla danışdığını, ayın 23ü oğlunu özü ilə gətirəcəyini, oğlunun artıq evdə olacağını bildirmişdir. Lakin daha sonra ona dəfələrlə zəng etsə də telefonlarına cavab verməmişdir. Daha sonra pulu geri istədikdə ona darıxmamağı, evinin olduğunu, həmin evi satıb onun pulunu qaytaracağını bildirmişdir. 3 dəfəyə olmaqla 1 ay ərzində ümumilikdə Təqsirləndirilən şəxs 15000 manat pul vermişdir. Həmin puldan İlknur ona 200 və 300 manat olmaqla cəmi 500 manat pul qayatrılmışdır. Geri qalan məbləği isə bügünədək qaytarmamışdır. Təqsirləndirilən şəxsin 600 manat pul vəsaitinin həyat yoldaşının qardaşının kartına köçürməsi barədə dedikləri isə yalandır ona 600 manat pul çatdırılmayıbdır. Cəmi ona 500 manat pul qaytarılmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, oğlu avtoqəza törətdiyi üçün həbs olunduğunu, təqsirləndirilən şəxsə oğlunun həbsədn azad edilməsi üçün həyat yoldaşı Zərərçəkmiş şəxs tərəfindən 3 dəfəyə 15000 manat pul verdiyini, həmin pullar verilərkən özünün də iştirak etdiyini, artıq 1 il 4 aydan çoxdur ki, təqsiləndirilən şəxsin verdikləri pulu geri qaytarmadığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli “Cinayət işi başlanmasının rədd edilməsi barədə qərarın ləğv olunması və cinayət işinin başlanması haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış material üzrə fakta görə AR CM-nin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanmışdır. (i.v. 1-3) xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs Bakı Şəhəri Binəqədi Rayon Polis İdarəsinə müraciət edərək ona vurulmuş ziyanla bağlı qanuni tədbir görülməsini xahiş etmişdir. (i.v 13) xx.xx.2023-cü il tarixli “Zərər çəkmiş şəxs qismində tanıma haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs zərər çəkmiş şəxs qismində tanınmışdır. (i.v 49) xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. (i.v 103-104) xx.xx.2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, cinayət işi üzrə zərər çəkmiş şəxsin ifadəsi, təqsirləndirilən şəxsin ifadəsi, şahidin ifadəsi, üzləşdirmə, baxış keçirilməsi protokolları işin faktiki hallarına uyğun olduğu üçün sübut növü kimi qiymətləndirilmişdir. (i.v 129-133) Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(001)-324/2022 saylı hökümdən görünür ki, X12 Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 il 6 ay müddətinə nəqliyyat vasitəslərini idarə etmək hüququndan məhrum edilməklə 4 il 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(103)-1683/2022 saylı qərarından görünür ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(001)-324/2022 saylı hökümü dəyişdirilərək X8 təqsirli bilindiyi Cinayət Məcəlləsinin 263.2-ci maddəsi təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti artırılaraq, ona 2 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum olunmaqla 5 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasının əvvəli tutulduğu xx.xx.2022-ci il tarixdən hesablanmaqla cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınmışdır. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs mülki iddia ərizəsi təqdim edərək Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli nəticəsində onu aldadaraq aldığı ümumilikdə 15000 manat məbləğində maddi və 5000 (beş min) manat məbləğində mənəvi ziyan olmaqla, ümumilikdə 20000 (iyirmi min) manat ziyanın Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsini barədə qərar qəbul edilməsini xahiş etmişdir. 4 saylı Bakı DOST Mərkəzinin 04 noyabr 2024-cü il tarixli 3-17-7/2-A-46866/2024 saylı arayışından görünür ki, Zərərçəkmiş şəxs Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar ikinci dərəcə əlilliyə görə 400 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdünü alır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı iddia ərizəsi məhkəmənin icraatına qəbul edilərək, Zərərçəkmiş şəxs mülki iddiaçı, Təqsirləndirilən şəxs isə mülki cavabdeh kimi tanınmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(101)-140/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Resublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlininin törədilməsində təqsirli bilinərək 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəza çəkmə müddətinin əvvəli 20 sentyabr 2021-cil tarixdən hesablanmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(103)-20/2025 saylı qərarından görünür ki, məhkum edilmiş Təqsirləndirilən şəxs, onun müdafiəçisi X1, məhkum edilmiş X9 və zərərçəkmiş şəxs X11 tərəfindən verilmiş apellyasiya şikayətləri, həmçinin müdafiəçi X1 tərəfindən verilmiş apellyasiya şikayətinə əlavə və məhkum edilmiş X9 və müdafiəçisi X3 tərəfindən birgə verilmiş apellyasiya şikayətinə əlavə təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-140/2023 saylı, 05 dekabr 2023-cü il tarixli hökmü zərərçəkmiş şəxs X2 mülki iddiasına aid hissədə dəyişdirilmiş, X4 vurulmuş 189.500 manat ziyan, 494 manat dövlət rüsumu və 5.000 manat mənəvi ziyanın - cəmi 194.994 manat müştərək qaydada təqsirləndirilən şəxslər X9 və Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs X2 xeyrinə tutulmuş, hökm qalan hissələrdə apellyasiya şikayətlərinə və əlavələrə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin həm ibtidai istintaq zamanı həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələri, zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeyd hissəsinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177- 182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ başa düşülür. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarının 1ci bəndinə əsasən törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarın 4-cü bəndində göstərilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarının 39-cu bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. Məhkəmə, CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində X5 adlı azyazşlı övladının olmasını, CM-nin 59.1.14-cü maddəsinə əsasən vurulmuş ziyandan qismən, yəni 500 manat ödəniş etməsini, CM-in 59.2-ci maddəsinə əsasən onun törətdiyi cinayət əməlini etiraf edərək əməlindən peşman olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, həmçinin, qeyd edir ki, Təqsirləndirilən şəxs hazırki hökmlə təyin ediləcək cəza ona Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(101)- 140/2023 saylı hökmü ilə təyin edilmiş cəza ilə qismən toplanılmaqla ona AR CM-nin 66.5ci maddəsinə əsasən qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasə cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” 22 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, yuxarıda göstərilən cəzanı yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmadığını, onun cəmiyyətdən tam təcrid edilmədən islah olunmasının mümkün olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi AR CM-nin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə növündə cəza təyin edilməli, AR CM-nin 66.5-ci maddəsinə əsasən ona hazırkı hökmlə təyin ediləcək cəza Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş cəza ilə qismən toplanılmaqla ona qəti cəza təyin edilməli, cəzasının əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə cinayət əməli təqsirləndirilən şəxs barəsində ittihamedici hökm çıxarılmamışdan əvvəl törədildiyindən Təqsirləndirilən şəxs cəza təyin edilərkən o ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxs hesab edilməli və cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkdiyini nəzərə alaraq hesab edir ki, onun barəsində qətiimkan tədbirinin seçilməsinə zərurət yoxdur. Məhkəmənin mülki iddiaya münasibətdə mövqeyi: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İş materiallarından görünür ki, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs vurulmuş maddi ziyana görə 15000,00 (on beş min ) manat, mənəvi ziyana görə 5000 (beş min) manat olmaqla ümumilikdə 20000,00 (iyirmi min) manat məbləğində pul vəsaitinin Təqsirləndirilən şəxs tutularaq zərəçəkmiş şəxsin xeyrinə ödənilməsi məhkəmədən xahiş etmişdir. Məhkəmə hesab edir ki, mülki iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, məhkəmə sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi nəticəsində Zərərçəkmiş şəxs 15000 manat məbləğində maddi ziyan vurulmuş, həmin ziyandan 500 manat ödənilmiş, 14500 manat isə ödənilməmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ilk öncə vurulmuş ziyandan 200 manat karta köçürdüyünü, 300 manat əlbəəl verdiyini, daha sonra zərərçəkmiş şəxsin yoldaşı Gülbadamın ona məxsus kartın xarab olduğunu bildirərək qardaşı Nazimə məxsus kartı göndərdiyini və 600 manat vəsaiti də həmin karta köçürməklə ümumilikdə 1100 manat ödədiyini bildirsə də, son sözündə 400 manat pulu əlbəəl olaraq , 600 manat pulu isə karta köçürməklə ümumilikdə 1000 manat pul qaytardığını bildirmişdir. Zərəçəkmiş şəxs isə ona yalnız 300 və 200 manat olmaqla ümumilikdə 500 manat pul qaytarıldığını, hər hansı karta 600 manat pulun köçürülmədiyini bildirmişdir. Təqsirləndirilən şəxsin vəsatəti əsasında bank hesablarından çıxarışlar əldə edilmiş, lakin təqsirləndirilən şəxsin qeyd etdiyi 600 manat vəsaitin karta köçürülməsi öz təsdiqini tapmamışdır. Qeyd edilənlərə əsasən də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən qaytarılmış pulun məbləği zərəçəkmiş şəxsin də təsdiq etdiyi 500 manat olaraq qəbul edilməlidir. Vurulmuş ziyan 15000 manat olduğundan və həmin məbləğdən 500 manat qaytarldığından mülki iddia 14500 manat hissədə əsaslı olduğu üçün həmin hissədə təmin edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cinayət əməlinin törədilməsi nəticəsində vurulmuş maddi ziyana görə 14500,00 (on dörd min beş yüz) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq zərəçəkmiş şəxs- mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. Məhkəmə iddia tələbinin “5000 manat mənəvi ziyanın ödənilməsi”nə dair hissəsinə münasibətdə isə qeyd edir ki, iddia həmin hissədə əsassız olduğundan rədd edilməlidir. Belə ki, mənəvi ziyanla bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li 03 noyabr 2008-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmçinin, Plenum yuxarıda adı çəkilən qərarda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən fiziki və mənəvi sarsıntıların keçirilməsini, cavabdehin qanunsuz hərəkət və ya hərəkətsizliyi ilə iddiaçının iddia etdiyi mənəvi ziyan arasında səbəbli əlaqənin olmasına dair hər hansı mötəbər sübutu məhkəməyə təqdim etmədiyindən və ona cavabdehin təqsirli hərəkət və ya hərəkətsizliyi nəticəsində mənəvi zərər vurulmasını məhkəmədə sübut etmədiyindən, habelə onun “mənəvi ziyan dəyməsinə dair” tələbi məhkəmədə işin hər hansı halı və sübutu ilə sübuta yetirilmədiyindən, mənəvi ziyanın ödənilməsinə dair iddia tələbi əsassızdır. Odur ki, iddiaçının iddiası bu hissədə rədd edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə mənəvi zərər hissəsində iddianı əsasız hesab edir. Bundan başqa Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsininin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən isə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respblikasının qanunun 9.1.20-ci bəndinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. İddia tələbi qismən yəni 14500,00 manat məbləğində təmin edildiyindən, həmin məbləğə görə ödənilməli dövlət rüsumu 135.5 manat təşkil etdiyindən və zərəçəkmiş şəxs-mülki iddiaçı dövlət rüsumunu ödəməkdən azad olduğundan həmin 135.5 manat məbləğində dövlət rüsumu təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 83 (səksən üç) saat hüquqi yardıma Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 498 (dörd yüz doxsan səkkiz) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər xx.xx.2023 -cü il tarixli, 1(101)-140/2023 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 06 il müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 6 (altı) il, 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin və cəzasının əvvəli 20 sentyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınsın və barəsində qətimkan tədbiri seçilməsin. Zərəçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia qismən təmin edilsin, vurulmuş maddi ziyana görə 14500,00 (on dörd mün beş yüz) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq zərəçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilsin. Mülki iddia qalan hissədə təmin edilməsin. Mülki iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumunun əvəzi olaraq 133.5 manat vəsait təqsirləndirillən şəxs Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 83 (səksən üç) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 498 (dörd yüz doxsan səkkiz) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan edildiyi (Təqsirləndirilən şəxs təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim:Zamiq Bağırov
Məhkəmə qərarları › İş №1(001)-28/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-28/2025
18.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver