Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-281/2023 27.04.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1963-cü il tarixdə Ermənistan Respublikası, Qafan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta ixtisas təhsilli, məhkumluğu olmayan, işləməyən, Bakı şəhəri, Nəsimi rayonu, 2-ci mikrorayon, Hüseyn Seyidzadə küçəsi, ev 17, mənzil 20-də qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, günorta saatlarında Bakı şəhəri, Binəqədi rayonu, «Xutor» qəsəbəsində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq, 25 manat müqabilində 01 ədəd bükümdə təmiz çəkisi 0,061 qram psixotrop maddə metamfetamini və şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 0,444 qram narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, həmin tarixdə, saat 17:55 radələrində Binəqədi RPİ-nin 7-cı PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən «Yeganə» şadlıq sarayının yaxınlığında saxlanılaraq, ünvan 1 ünvanında yerləşən Binəqədi RPİ-nin 7-cı PB-nə gətirilmiş və orada üzərinə şəxsi axtarış və götürmə keçirilərkən əynindəki göy rəngli qısaqol gödəkcəsinin sol cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükümdə, təmiz çəkisi 0,444 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükümdə təmiz çəkisi 0,061 qram ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, xx.xx.2022-ci il tarixdə, təxminən günorta saatlarında, Bakı şəhəri, Binəqədi rayonu, Xutor qəsəbəsində yerləşən «Yeganə» şadlıq sarayının yaxınlığında həyət evləri tərəfdə tanımadığı bir şəxsdən özü üçün istifadə etmək məqsədilə 25 manata 1 büküm «şüşə» adlanan metafetamin və 1 büküm «kakos» adlanan narkotik vasitə heroin almışdır. Oradan yaşadığı ünvana doğru hərəkət etməyə başlamışdır. Həmin tarixdə, saat 17:55 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Xutor qəsəbəsində yerləşən «Yeganə» şadlıq sarayının yaxınlığında olarkən ona 2 nəfər mülki geyimdə polis əməkdaşları yaxınlaşaraq özlərini təqdim etmişlər və qanunsuz olaraq üzərində narkotik vasitə və psixotrop maddə saxlamaqla şübhəli bilindiyi üçün onu Binəqədi RPİ-nin 7-ci Polis bölməsinə dəvət etmişlər. O, da heç bir narazılıq bildirmədən polis əməkdaşları ilə birlikdə Binəqədi RPİ-nin 7-ci PB-nə gəlmiş və bölmənin xidməti otaqlarının birində ona hüquq və vəzifələri izah edildikdən sonra onun xahişi ilə ona dövlət hesabına müdafiəçi təqdim edilmiş, o, təqdim edilən müdafiəçiyə etiraz etməmişdir. Həmin xidməti otaqda onun razılığı ilə müdafiəçinin iştirakı olmadan videoçəkiliş altında üzərində qeyri-qanuni əşyalar varsa polis əməkdaşlarına təqdim etməsi təklif olunmuşdur. O, əynində olan göy rəngli qısaqol gödəkçəsinin sol cibindən, ümumilikdə 02 büküm olmaqla şəffaf sellofana və gümüşü rəngli siqaret kağızına bükülmüş bükümləri, gödəkcəsinin sağ cibindən 2 ədəd 1 manatlıq pul əskinazlarını, əynində olan qara rəngi idman şalvarının sol cibindən isə yaşadığı ünvanın açarlarını çıxardıb masanın üzərinə qoymuşdur. Onun üzərində aşkar olunmuş gümüşü rəngli siqaret kağızına bükülmüş və şəffaf sellofana bükülmüş bükümlərin açılması təklif olunmuşdur. O, da gümüşü rəngli siqaret kağızına bükülmüş bükümü açdıqda orada olan ağ rəngli «şüşə» adlanan psixotrop maddə metafetamin, şəffaf sellofan bükümdə isə qəhvəyi rəngli narkotik vasitə heroin aşkar edilmişdir. O, həmin psixotrop maddənin «Şüşə», yəni metamfetamin və qəhvəyi rəngli maddənin «kokos» yəni narkotik vasitə heroin olduğunu bildirmişdir. Sorğu zamanı o, həmin maddələri xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Xutor qəsəbəsində yerləşən «Yeganə» şadlıq sarayının yaxınlığında tanımadığı şəxsdən özü üçün istifadə etmək məqsədilə 25 manata aldığını bildirmişdir. Üzərində olan maddələrin çəkisi və ölçüsü müəyyən edilməsi üçün ekspertiza tədqiqatına göndərilməsi məqsədilə üzərində aşkar olunmuş psixotrop maddə və narkotik vasitə boş zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Bu barədə tərtib olunmuş protokolun doğruluğunu və zərfi imzalarla təsdiq etmişdir. O, cinayəti səmimi etiraf edərək əməlindən peşman olmasının, yaşlı, xəstə olmasının nəzərə alınmaqla barəsində azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, hazırda Binəqədi RPİ-nin 7-ci PB-nin C/A üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 04 noyabr 2022-ci il tarixdə, saat 17:55 radələrində o, Binəqədi RPİ-nin 7-ci PB-nin sahə inspektoru polis kapitanı Şahid2 ilə birlikdə Faiq adlı şəxsin qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə edib üzərində gəzdirməsi barədə daxil olmuş əməliyyat məlumatının yoxlanılması məqsədi ilə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən «Yeganə» şadlıq sarayının yaxınlığında Təqsirləndirilən şəxs gizli müşahidə edib izlədikdən sonra saxlayaraq 7-ci PB-yə gətirmişlər. Belə ki, polis bölməsinə gəldikdən sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəçisi və ya özündə saxlamasına şübhələr olduğundan, PB-də Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılacağı bildirilərək, ona hüquq və vəzifələri izah edilmiş və onun hüquqlarının müdafiəsi üçün vəkil dəvət edildikdən sonra, üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış və götürmə aparılmışdır. Belə ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli qısaqol gödəkcəsinin sol cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükümdə narkotik vasitə heroin və bir ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükümdə psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs qarşı onlar tərəfindən heç bir zor, hədə-qorxu olmamışdır. Məhkəmə iclasına çağırılmış Şahid2 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. (i.v. 1) xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 18:50-də Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (i. v. 22-23) xx.xx.2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan göy rəngli qısa qol gödəkcənin sol cibindən 01 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükümü və 01 ədəd şəffaf sellofana bükülmüş bükümü, gödəkçəsinin sağ cibindən 02 ədəd 1 manatlıq pul əskinasını, əynində olan qara rəngli idman şalvarının sol cibindən yaşadığı ünvana məxsus mənzilin açarlarını çıxardaraq masanın üzərinə qoymuş, həmin bükümlərdən birinin içərisində olan ağ rəngli maddənin psixotrop maddə olan “şüşə” olmasını, digər bükümdəki maddənin isə “kakos” olduğunu, həmin narkotik vasitələri xx.xx.2022-ci il tarixdə günorta radələrində Binəqədi rayonu ərazisində “Xutor” adlanan yerdən tanımadığı şəxsdən 25 manata aldığını bildirmişdir. (i.v. 35-36) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/6419 saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün № 176” möhür əksi, “...Təqsirləndirilən şəxs...” və s. yazılar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,061 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, 01 ədəd bükümdə təmiz çəkisi 0,444 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş siyahılar üzrə Heroin “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ), Metamfetamin “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. (i.v. 47-49) xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi icraata qəbul edilmiş və istintaqı davam etdirilmişdir. (i.v. 57) xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (i. v. 61-62) xx.xx.2022-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilərək sonuncunun saxlandığı Binəqədi RPİ-nin MSY-dən azad edilmiş, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 76-79) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi, X4 Ambulator X1 ekspert komissiyasının 6752 saylı, xx.xx.2022-ci il tarixli rəyinə əsasən müəyyən olmuşdur ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimlyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.(i.v. 86-87) xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş diskdən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan göy rəngli qısa qol gödəkcənin sol cibindən 01 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükümü və 01 ədəd şəffaf sellofana bükülmüş bükümü, gödəkçəsinin sağ cibindən 02 ədəd 1 manatlıq pul əskinasını, əynində olan qara rəngli idman şalvarının sol cibindən yaşadığı ünvana məxsus mənzilin açarlarını çıxardaraq masanın üzərinə qoymuş, həmin bükümlərdən birinin içərisində olan ağ rəngli maddənin psixotrop maddə olan “şüşə” olmasını, digər bükümdəki maddənin isə “kakos” olduğunu, həmin narkotik vasitələri xx.xx.2022-ci il tarixdə günorta radələrində Binəqədi rayonu ərazisində “Xutor” adlanan yerdən tanımadığı şəxsdən 25 manata aldığını bildirmişdir. (i.v. 89-90) xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş 01 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş halda olan təmiz çəkisi 0,444 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd şəffaf sellofana bükülmüş təmiz çəkisi 0,061 qram ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və və tədqiqatdan sonra 0,394 qram heroin və 0,021 qram metamfetamin çəkidə qalmış hissələri Binəqədi RPİ-nin MSK-na təhvil verilmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə zamanı aparılmış video çəkilişin əks olunduğu bir ədəd “CD” formatlı disk maddi sübut kimi tanınmış və cinayət işində saxlanılır. (i.v. 91-92) Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən və müvafiq hökmdən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 07 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, xx.xx.2012-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 1(006)-230/2014 saylı, xx.xx.2014-cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 04 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, xx.xx.2016-cı il tarixdə Bakı şəhəri Nizami rayon Məhkəməsinin qərarına əsasən 01 ay 24 gün müddətinə vaxtından əvvəl şərti azad olunmuşdur. (i.v. 101-103, 105-111) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xəstə olduğu üçün istintaqa gələ bilmədiyindən və ibtidai istintaq müddətinin lüzumsuz axınının qarşısını almaq məqsədi ilə cinayət işi üzrə icraat dayandırılmışdır. (i.v. 121) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmiş və icraata qəbul edilərək istintaqı davam etdirilmişdir. (i.v. 124) Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ittihamda qeyd olunan əməlin törədilməsi təqsirləndirilən şəxsin, iş üzrə keçən şahidlərin ifadələri, aparılmış ekspertiza rəyləri və digər iş materialları ilə sübuta yetirilir. Məhkəmə təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini və iş materiallarında olan digər sübutları araşdırıb, dövlət ittihamçısının təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılması haqqında təklifini dinləyib hesab edir ki, Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Hazırkı cinayət işinin materiallarına, habelə bu materiallardan irəli gələn və yuxarıda işin faktiki halları ilə bağlı gəlinən nəticəyə əsaslanan məhkəmə ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və təqsirləndirilən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. CM-nin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsaslanmaqla təqsirləndirilən şəxsin təqsirini səmimi etiraf etməsini, əməlindən peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayətlər olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən, onun cəzasını yüngülləşdirən halları nəzərə alaraq, ona təqsirli bilindiyi CM-nin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Bu ədalətli və qanuni olmaqla, cəzanın məqsədlərini də təmin edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli sərəncamında göstərilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları nəzərə alır və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq zamanı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət nəzərə alınmaqla təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli və üzərinə yaşayış yeri olan Bakı şəhəri, Nəsimi rayonu, 2-ci mikrorayon, Hüseyn Seyidzadə küçəsi, ev 17, 20 saylı mənzili axşam saat 22:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və cəzanın icrası yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır və məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 110 manat Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. CPM-in 132.1-ci maddəsinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir: 132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Məhkəmə, qanunun təsvir edilmiş tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Binəqədi RPİ-nin MSK-da saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,394 qram heroin və 0,021 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Eyni zamanda Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd “CD” formatlı disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, CM-in 93.1.2-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Həmçinin qeyd edilməlidir ki, Müdafiəçi cinayət işi üzrə təqsirləndirilən şəxsə cəmi 40 saat müddətində hüquqi yardım göstərmiş, məhkəmə iclaslarında iştirak etmiş, cinayət işinin materialları ilə tanış olmuş və digər hərəkətlərdə onun hüquqlarını müdafiə etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 40 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 40 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib ona 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri olan Bakı şəhəri, Nəsimi rayonu, 2-ci mikrorayon, Hüseyn Seyidzadə küçəsi, ev 17, 20 saylı mənzili axşam saat 22:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın və hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhəri Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 110 (yüz on) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X2 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Binəqədi RPİ-nin MSK-da saxlanılan 0,394 qram heroin və 0,021 qram metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd “CD” formatlı disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 40 (qırx) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Mahirə Kərimova
Məhkəmə qərarları › İş №1(001)-281/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-281/2023
27.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver