Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-281/2025 10.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ (cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Nəsibov Samir Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi Rəhimova Aynurə Şirzad qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. Cinayət işinə məhkəmədə baxılarkən Dövlət ittihamçısı vəsatətlə məhkəməyə müraciət edərək, ittiham aktının tərtib edilməsində nöqsanlara yol verildiyi müəyyən edildiyinə görə, təqsirləndirilən şəxsə irəli sürülmüş ittiham üzrə cinayət işinin baxılmasına xitam verilməsi və ittiham aktına düzəliş edilməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dövlət ittihamçısı vəsatətini onunla əsaslandırmışdır ki, sözügedən cinayət işinin başlanmasına səbəb və əsas Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin PPXB-nin əməkdaşları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Təqsirləndirilən şəxs 23 sentyabr 2024-cü il tarixdə saat 01:35 radələrində saxlanılaraq 6-cı Polis Bölməsinə aparılması, orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd şəffaf sellofana bükülmüş, təmiz çəkisi 0,91 qram olan qəhvəyi rəngli, kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 1 ədəd ağ sellofana bülükmüş, təmiz çəkisi 0,721 qram ağ rəngli kristallik maddə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin aşkar olunaraq götürülməsi faktı və həmin fakt üzrə toplanmış ilkin yoxlama materialı olmuşdur. 22 sentyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, 23 sentyabr 2024-cü il tarixdə o, həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Sonradan 06 dekabr 2024-cü il tarixdə ona CM-in 234.2-ci maddəsində nəzərdə tutulan yeni ittiham elan edilmişdir. CM-in 234.2-ci maddəsi satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmanı nəzərdə tutur. Lakin, ittiham aktının təsviri-əsaslandırıcı hissəsinin 1-ci sətrində təqsirləndirilən şəxsin narkotik və psixotrop maddəni satış məqsədi olmadan əldə etdiyi göstərilmişdir. Eyni anlaşılmazlığa ittiham aktının nəticəvi hissəsində də yol verilmiş, belə ki, 2-ci sətrin başlanğıcında “satış məqsədi ilə” ifadəsi işlədilsə də, səirin sonlarında “satış məqsədi olmadan” sözləri qeyd edilmişdir. Məhkəmə ittiham aktını nəzərdən keçirərkən dövlət ittihamçısının vəsatətində qeyd etdiyi yanlışlıqların mövcud olduğunu müəyyənləşdirdiyindən, hesab edir ki, vəsatət təmin edilməlidir. Həmçinin, məhkəmə tərəfindən cinayət işinin materialları öyrənilərkən müəyyən edilmişdir ki, Binəqədi RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi X1 tərəfindən qəbul edilmiş 06 dekabr 2024-cü il tarixli “təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” qərarda da eyni məzmunlu yanlışlığa yol verilmiş, belə ki, qərarın “Müəyyən etdim” hissəsinin 2-ci sətrinin əvvəllərində “satış məqsədi ilə” ifadəsi işlənsə də, sətrin sonunda “satış məqsədi olmadan” sözləri qeyd edilmişdir. Digər tərəfdən ittiham aktından görünür ki, təqsirləndirilən şəxs özünü Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilmədiyini ifadə etsə də, onun ifadəsində özünü həmin maddə ilə təqsirli bildiyi qeyd olunmuşdur. Bundan başqa, iş materiallarında 120-ci səhifədə olan “diskə baxış keçirilməsi haqqında” protokolun bu cinayət işi ilə aidiyyəti yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (CPM): 289.3-cü maddəsinə əsasən, ittiham aktının təsviri-əsaslandırıcı hissəsində aşağıdakılar göstərilir: 289.3.1. cinayətin törədilmə yeri, vaxtı, üsulları, motivləri, nəticələri və digər mühüm hallar; 289.3.2. təqsirləndirilən şəxsin təqsirliliyini təsdiq edən sübutlar; 289.3.3. təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlillər və həmin dəlillərin yoxlanılması zamanı toplanmış sübutlar... 289.4-cü maddəsinə əsasən, ittiham aktının nəticəvi hissəsində təqsirləndirilən şəxs haqqında məlumatlar və cinayət qanununun maddəsi göstərilməklə verilmiş ittihamın təsviri əks etdirilir. 300.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində aşağıdakı qərarlardan biri qəbul edilir: 300.1.5. cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə. 303.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. 303.2-ci maddəsinə əsasən, cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması məhkəmənin əsaslandırılmış qərarı ilə həyata keçirilir. 303.3-cü maddəsinə əsasən, cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar aşağıdakı kobud pozuntulara yol verildikdə çıxarılır: 303.3.6. cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmaması. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin göstərilən maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin və ittiham aktının Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 289-cu maddəsinin tələblərinə uyğun tərtib edilməsinin təmin olunması üçün iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Qərarın surəti 3 (üç) gün müddətində dövlət ittihamçısına, müdafiəçiyə, təqsirləndirilən şəxsə və həbsdə saxlanma yerinin müdiriyyətinə göndərilsin. Sədrlik edən Samir Nəsibov
Məhkəmə qərarları › İş №1(001)-281/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-281/2025
10.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver