Məhkəmə qərarları › İş №1(001)-282/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-282/2021

06.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-282/2021 06.09.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinn prokuroru, ədliyyə müşaviri X2, Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs, xx xxxx 1991-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, ali təhsilli, əvvəllər məhkum olunmamış, “Ovçular” ət və ət məhsulları şirkətində rəis müavini işləyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığının uzun müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Belə ki, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 03.11.2020-ci il tarixdə, saat 14:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, İ.Dadaşov küçəsində yerləşən 248 saylı tam orta məktəbinin həyətində 02 noyabr 2020-ci il tarixdə “Bravo” marketdə mühafizəçi işləyən Zərərçəkmiş şəxs ünvanına “çaqqal” dediyinə görə sonuncu həmin sözə görə ondan üzr istəməsini tələb etsə də, aralarında yaranmış mübahisə nəticəsində təpiklə onun sağ əlinə bir dəfə və bədənin müxtəlif nahiyələrinə bir neçə dəfə vuraraq, sağ əlin İ daraq sümüyünü epifizinin sınığı, boyun nahiyəsinin qançırı, sol əlin V barmağının, sol diz oynağı nahiyəsinin sıyrıqlarından ibarət xəsarət yetirməklə, Zərərçəkmiş şəxs həyatı üçün təhlükəli olmayan və CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə verən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək göstərmişdir ki, 02 noyabr 2020-ci il tarixdə saat 20:30 radələrində Bakı şəhəri, Binəqədi rayonu, İ.Dadaşov küçəsində yerləşən “Bravo” marketə çörək almaq məqsədi ilə getmiş, həmin vaxt marketin mühafizəçisi marketin bağlandığını bildirib onu içəri buraxmamış, ondan israrla xahiş etsə də, onu yenə də, içəri buraxmamış və aralarında sözlə mübahisə yaranmış, o, əsəbləşərək mühafizəçiyə “çaqqal” demiş, həmin vaxtı mühafizəçi adının sonradan bildiyi Sinur ondan mobil nömrəsini istəmiş, ona görə də öz mobil telefon nömrəsini ona vermişdir.Səhəri gün, yəni 03.11.2020-ci il tarixdə saat 14:00 radələrində Sinur onun mobil telefonuna zəng vurmuş və ona məhlədə olduğunu demiş, Sinur onların köhnə məhlələrində olduğundan o, maşınına oturub 8-ci mikrorayona getmiş, həmin vaxtı Sinur və onun yanında adını sonradan bildiyi Elvin adlı şəxs olmuş, Sinuru söhbət etmək məqsədi ilə maşında oturmağa dəvət etmiş, o isə imtina etdiyi üçün maşından düşmüş, onlar birlikdə 248 nömrəli məktəbin arxasına keçmişlər, orda Sinur ondan, ona “çaqqal” dediyinə görə üzr istəməsini tələb etmiş, istəmədiyi halda ona pis olacağını bildirmiş, o isə üzr istəməyəcəyini demiş, həmin vaxt Sinur qəfildən başı ilə onun sifət nahiyəsindən vurmuş, o isə özünün müdafiə edən zaman ikisi də yerə yıxılmış, Sinurun üzərinə keçməyə çalışarkən onun yanında olan Elvin adlı şəxs Sinurun üstündən onu itələmiş və həmin vaxt Sinur yenə onun sifət nahiyəsinə yumruqla vurmuş, sifətindən qan açıldığına görə Sinur sakitləşib və oradan çıxıb getmişlər.Daha sonra halsız vəziyyətdə olduğuna görə qonşuları Şahid2 zəng etmiş, Tural gəlib ona evlərinə getməyinə kömək etmişdir.Aldığı xəsarətlərlə əlaqədar burnu ilə nəfəs ala bilmədiyindən əməliyyat olunmalı olduğunu, həmin mübahisə zamanı Sinuru vurmadığını bildirmişdir. Məhkəmə iclasında çıxış edən Təqsirləndirilən şəxs hal-hazırda, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq, cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs bildirmişdir ki, 02 noyabr 2020-ci il tarixdə saat 20:30 radələrində Bakı şəhəri, Binəqədi rayonu, İ.Dadaşov küçəsində yerləşən mühafizəçi işlədiyi “Bravo” marketdə iş başında olmuşdur.Artıq iş saatı bitdiyindən jalüzlər marketin işçiləri tərəfindən bağlanmışdır.Birdən sonradan tanıdığı Təqsirləndirilən şəxs adlı şəxs ona yaxınlaşmış və içəri girmək istədiyini bildirmişdir.Həmin şəxsə artıq iş saatının bitdiyini, kassaların bağlanıldığını, bu səbəbdən də onu içəri buraxa bilməyəcəyini bildirmişdir.Təqsirləndirilən şəxs mübahisə etməyə başlamış və bu məsələ ilə bağlı ayıca onunla görəşəcəyini demişdir.Həmin şəxs onun nömrəsini götürdükdən sonra təqsirləndirilən şəxslə ayrılmışdır.Sabahısı gün ona zəng etmiş və onu görüşməyə dəvət etmişdir.O, deyilən yerə getmiş və təqsirləndirilən şəxsin hərəkətinin səhv olduğunu ona bildirsə də, ondan işlətdiyi kobud ifadəyə görə üzr istəməyəcəyini bildirdiyinə görə onlar mübahisə və dava-dalaş etmişlər.Tural təpik atdığı üçün onun barmağı qırılmış, o isə Turala başla zərbə vurmuşdur. Bundan sonra onlar aralaşmışlar və hər biri ayrılıqda polisə müraciət etmişdir. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs bildirmişdir ki, o, hal-hazırda, Təqsirləndirilən şəxs ilə barışmışdır, ondan heç bir şikayət və tələbi yoxdur, bu barədə yazılı ərizəsini məhkəməyə təqdim edir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid1 bildirmişdir ki, o, Sinurun dostudur.Hadisə baş verməmişdən bir gün əvvəl Sinur ona zəng edib şəkil göndərmişdir ki, baxıb görsün həmin oğlanı tanıyır, yoxsa yox.O da həmin şəxsi uzaqdan tanıdığını bildirmişdir.Sinur ona axşam işdə problemi olduğunu, Turalın onu təhqir etdiyini demiş, söhbətə aydınlıq gətirilməsi üçün Turalla görüşməyə birlikdə getməyi ona təklif etmiş, o, Sinurla razılaşmış və onunla birlikdə 248 nömrəli məktəbin yanında Turalı gözləmişlər, bir müddət sonra Tural öz avtomobili ilə həmin yerə gəlmiş, salam verməmiş, Sinura maşında oturmağı təklif etmiş, Sinur isə razılaşmadığı üçün maşından düşmüşdür.Sinur ondan onu təhqir etdiyini bildirərək üzr istəməsini tələb etmiş, Tural isə onu təhqir etdiyini etiraf etsə də, üzr istəməyəcəyini bildirmiş və məsələni dalaşmaqla həll edəcəyini demişdir.Sinur yenidən iradını bildirsə də, Tural iradlara əhəmiyyət verməmiş, üzr istəməyəcəyini bir daha təkidlə ona bildirmiş, məktəbin arxasına keçməyi onlara təklif etmişdir.Birlikdə məktəbin arxasına keçmişlər, orada Tural birinci Sinura təpik atmış, təpik Sinurun əlindən dəymiş, Sinur isə özünü müdafiə üçün başıyla Turalın sifət nahiyəsinə vurmuş, həmin vaxt Turalın burnundan qan gəlmişdir.O isə araya girib onları ayırmış, Turala əl-üzünü yumağı təklif etmiş, Tural isə istəmədiyini bildirərək yenidən Sinurun üstünə hücüm çəkmək istəmişdir.Sinur isə ona get Turalı tut, üstünə gəlməsin demiş, o, Turalı kənara çekərək üzünün qanadığını bildirmiş sonra, Tural çıxıb getmişdir. Sinur isə aldığı zərbədən əli sındığı üçün xəstəxanaya getmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid2 bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə eyni ünvanda yaşayır, onu qonşu kimi tanıyır və qonşu kimi Turalla yaxın münasibətləri vardır.03 noyabr 2020-ci il tarixdə günorta radələrində evdə olduğu zaman istifadəsində olan mobil telefona Turaldan zəng gəlmiş, cavab verdiyi zaman Tural həyətdə olduğunu bildirib onu həyətə çağırmış, həyətə düşdüyü zaman Turalı halsız vəziyyətdə, sifətinin və burnunun qanlı olduğunu görmüşdür.Turala nə baş verdiyini sorduqda, Tural ona yaşadıqları evlərinin yaxınlığındakı 248 saylı tam orta məktəbin həyətində Sinur adlı oğlanla dalaşdığını,Sinurun kəllə və yumruqla onu vurduğunu demiş və döyüldüyü üçün sərbəst hərəkət edə bilmədiyindən onu mənzillərinə qaldırmağını ondan xahiş etmişdir.Ona görə də, qonşuları Turala köməklik etmiş, onu yaşadıqları mənzilə qaldırmış və mənzillərinin qapısından içərə ötürmüşlər. Turalın döyülməsi barədə polisə müraciət etdiyini sonradan eşitmiş və digər məsələlərdən məlumatı olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X4” X6 Binəqədi Rayon Şöbəsi tərəfindən verilmiş 05.11.2020-ci il tarixli, 1854 saylı məhkəmə-tibbi ekspertiza rəyinə əsasən məlum olur ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər – sağ əlin İ daraq sümüyünü epifizinin sınığı, boyun nahiyəsinin qançırı, sol əlin V barmağının, sol diz oynağı nahiyəsinin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən onun tibbi yardım üçün Az.Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna müraciət etdiyi 03.11.2020-ci il tarixdən bir qədər əvvəl əmələ gəlmişdir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər qərarda göstərilən tarixdə və təsvir olunan şəraitdə, yəni 03.11.2020-ci il tarixdə insan bədəninin hissələrinin (əl, əl barmaqlarının dırnaqları və s.) təsirindən əmələ gələ bilərdi, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin bədənin əlçatan nahiyələrində yerləşməsinə baxmayaraq şəxsin özü tərəfindən yetirilməsi az inandırıcıdır. İş materiallarında olan cinayət işi üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs məhkəməyə ünvanladığı yazılı ərizəsinə əsasən məlum olur ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, təqsirləndirilən şəxsdən heç bir şikayəti və tələbi yoxdur. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsi, zərərçəkmiş şəxsi, şahidlərin ifadələrini və müdafiəçinin çıxışını dinləyib, dövlət ittihamçısının mövqeyini nəzərə alaraq, habelə məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək belə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini təqsirli olaraq törətməsi məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməli CM-in 127.1-ci maddəsilə düzgün tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinməli, habelə, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışması və bu barədə barışıq ərizəsi verməsi nəzərə alaraq, cinayət təqibinə xitam verilməlidir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsin əməli CM-nin 127.1-ci maddəsilə düzgün tövsif edilmiş və o, həmin maddə ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək zərər çəkmiş şəxslə barışdığına və zərər çəkmiş şəxsin ondan şikayət və tələbləri olmadığına görə cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.5, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən CM-nin 128 və CPM-nin 43, 321 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilinsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən (zərərçəkmiş şəxslə barışıq əldə etdiyinə və vurulmuş ziyanı ödədiyinə görə) Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin və cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri ləğv edilsin. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, qərar qanuni qüvvəyə minir. Sədrlik edən Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar