Məhkəmə qərarları › İş №1(001)-282/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-282/2022

17.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-282/2022 17.08.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X6, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs, xx.xx.1984-cü ildə Naxçıvan MR, Şərur rayonu, Zeyvə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Abşeron Rayon Məhkəməsinin 20 aprel 2016-cı il tarixli hökmü ilə 01 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2016-cı ildə Milli Məclisin Amnitsiya Qərarına əsasən cəzadan azad edilmiş, məhkumluğu ödənilmiş, Naxçıvan MR Şərur rayonu, Zeyvə kəndində qeydiyyatda olan və ünvan 1 ünvanda yaşayan, ünvan 2ərarı ilə barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci (təsviri-əsaslandırıcı hissədə CM) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Binəqədi rayon Məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə axşam saatlarında Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan ərazidə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda - 0,546 qram narkotik vasitə heroini əldə edib daşıyaraq üzərində saxlamış, xx.xx.2022-ci il tarixdə, saat 00:10-da Binəqədi RPİ-nin 7-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 3 ünvanında yerləşən Binəqədi RPİ-nin 7-ci PB-nə gətirilmiş və orada saat 02:05-də üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki tünd boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd gümüşü kağıza bükülmüş təmiz çəkisi 0.546 qram olan qəhvəyi rəngli maddə- kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında çıxış edən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, uzun müddətdir ki, narkotik vasitə aludəçisidir, əsasən heroin narkotik vasitəsindən istifadə edir.Həmin narkotiki əsasən Bakı şəhərində, “Papanin” adlanan ərazidə «İlham» kimi tanıdığı şəxsdən 20 manat pul müqabilində alır.Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə Nəsimi rayon “Papanin” adlanan ərazidən İlham kimi tanıdığı şəxsdən 20 manat pul müqabilində şəxsi istifadəsi üçün almış, xx.xx.2022-ci il tarixdə 00:10 radələrdə polis əməkdaşları tərəfindən ünvan 5 ünvanında yol ilə gedən zaman saxlanılaraq Binəqədi RPİ-nin 7-ci PB-nin inzibati binasına gətirilmişdir.Daha sonra Təqsirləndirilən şəxs götürülmüş maddə qablaşdırılaraq DİN-nin 175 saylı möhürü ilə möhürlənmiş, şəxsi axtarış və götürmə aparılması barədə protokol tərtib olunmuş, protokol ucadan oxunduqdan sonra iştirakçılar tərəfindən imzalanmışdır.Təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, narkotik vasitələrin satışı ilə məşğul olmamış, əldə etdiyi narkotik vasitə olan heroini hər hansı bir şəxsə satmaq, hədiyyə vermək və ya ötürmək məqsədi olmamışdır.Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs təqsirini etiraf etdiyini və əməlindən səmimi peşman olduğunu nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində ifadə verən Binəqədi RPİ-nin 7-ci PB-nin əməliyyat müvəkkili Şahid1 bildirmişdir ki, 18 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu ərazisində qanunsuz olaraq narkotik vasitə olan heroinin qəbulunda və saxlanılmasında şübhəli olması barədə əməliyyat yolu ilə məlumat daxil olmuş, məlumata əsasən raportla Binəqədi RPİ-nin 7-ci PB-nin rəis müavininə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs müəyyən edilib ifşa olunması istiqamətində Bakı şəhəri, Binəqədi rayonu ərazisində əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul edilmişdir.Həmin qərarın icrası ilə əlaqədar Binəqədi RPİ-nin 7-ci PB-nin rəis müavininə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs müəyyən edilib ifşa olunması istiqamətində Bakı şəhəri, Binəqədi rayonu ərazisində əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul edilmişdir.Həmin qərarın icrası ilə əlaqədar Binəqədi RPİ-nin 7-ci PB-nin CA üzrə əməliyyat müvəkkili X3 ilə birgə keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı, 19 yanvar 2022-ci il tarixdə saat 00:10 radələrində Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 1-ci Şimal Tingliyi, ev 5 ünvanında zahiri əlamətləri əvvəlcədən məlum olan Təqsirləndirilən şəxs yaxınlaşaraq xidməti vəsiqələrini təqdim etmiş, ondan da şəxsiyyətini təsdiq edən sənəd istəmişlər. Təqsirləndirilən şəxs üzərində heç bir sənədin olmadığını bildirərək özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir.Sonra ona qanunsuz olaraq narkotik vasitələrin qəbulu və saxlanılmasında şübhəli olduğu izah edilmiş, o da həmin şəxslərin dəvəti ilə Binəqədi RPİ-nin 7-ci PB-nə getmişdir. Təqsirləndirilən şəxs polis bölməsində xidməti otaqlardan birinə yerləşdirilmiş, hüquqlarının müdafiəsi üçün müdafiəçi dəvət olunmuş və Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmişdir. Sonra müdafiəçinin də iştirakı ilə, o cümlədən, videoçəkilişdən istifadə olunmaqla üzərinə şəxsi axtarış və götürmə keçirilmişdir.Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya olub-olmaması soruşulmuşdur.Bu zaman o, əynindəki tünd boz rəngli cins şalvarının sağ yan cibindən bir ədəd gümüşü rəngli sellofan büküm çıxarmış, bükümdəki qəhvəyi rəngli tozşəkilli maddənin narkotik vasitə olan heroin olduğunu, onu xx.xx.2022-ci il tarixdə Nəsimi rayonunda “Papanin” adlanan ərazidən İlham kimi tanıdığı şəxsdən 20 manat pul müqabilində, şəxsi istifadə məqsədilə aldığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs götürülmiş maddə qablaşdırılaraq DİN-in 175 saylı möhürü ilə möhürlənmiş, şəxsi axtarış və götürmə aparılması barədə protokol tərtib olunmuş, protokol ucadan oxunduqdan sonra iştirakçılar tərəfindən imzalanmışdır.Şahid1 həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə satışı ilə məşğul olması barədə onlara heç bir məlumat daxil olmamış, yalnız onun qanunsuz narkotik vasitə əldə etməsi və istifadəsi ilə bağlı məlumat daxil olmuşdur. Məhkəmə iclasında şahid qismində ifadə verən Binəqədi RPİ-nin 7-ci PB-nin əməliyyat müvəkkili X2 şahid qismində ifadə vermiş Şahid1 oğlu ilə eyni məzmunlu analoji ifadə vermişdirlər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/328 saylı rəyindən görünür ki, təqdiqata təqdim edilmiş üzərində “DİN Zərflər üçün No 176” dairəvi möhür əksi və “...Təqsirləndirilən şəxs- imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,546 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir.Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. İş materiallarında olan ambulator Azərbaycan Respublikası Səhiyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin məcburi-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 460 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur.Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnaməsindən və Abşeron rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.xx.xx.2016-cı ildə Milli Məclisin xx.xx.2016-cı il tarixli Amnitsiya qərarının 2.5-ci bəndinə əsasən cəzadan azad edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi məhkəmə iclasında tədqiq olunmuş sübutlar məcmusu ilə tam sübuta yetirilmişdir. Bu isə onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq təqsirləndirilən şəxsin əməli CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən peşman olmasını və təqsirini etiraf etməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.Belə ki, CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların məcmusunu və cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxsə məhz hansı növ cəzanın təyin olunmasını müzakirə edərək CM-nin 234.1-ci maddəsinin sanksiyasına uyğun olaraq azadlıqdan məhrum etmə cəzası təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması və istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydalarının kobud pozuntularla aparılması ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 33-cü maddəsinə əsasən, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirir və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.5 və 349.5.1-ci maddələrinin tələblərinə əsasən, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, məhkəmənin hökmü əsaslı hesab edilir. Eyni zamanda, «Məhkəmə hökmü» haqqında Azərbaycan Respublikası Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 saylı qərarında göstərilmişdir ki, məhkəmə hökmü ilə şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələ həll edilir. Bu səbəbdən də, hökm işdə olan bütün sübutlar qanunun tələbinə uyğun surətdə tədqiq edilib qiymətləndirilməklə çıxarıla bilər. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 19 yanvar 2022-ci il tarixdən 20 yanvar 2022-ci il tarixədək həbsdə olduğu 2 gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs yekun olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir.Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 7-ci PB-nin təhqiqatçısı, polis baş leytenantı Elgün Abdurəhmanov tərəfindən qəbul olunmuş qərara əsasən məlum olur ki, Təqsirləndirilən şəxs 19 yanvar 2022-ci il saat 01.20 tarixdə tutulmuşdur.Həmçinin, Binəqədi rayon prokuroru, baş ədliyyə müşaviri Fuad Məmmədov tərəfindən qəbul olunmuş qərara əsasən məlum olur ki, Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan başqa qətimkan tədbiri seçilmiş və Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı Binəqədi RPİ-nin MSY-dən dərhal azad edilmişdir.Bundan sonra, Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi, polis polkovnik-leytenantı Rasim Məmmədov tərəfindən qəbul olunmuş 20 yanvar 2022-ci il tarixli qərara əsasən məlum olur ki, həmin tarixdə saat 11.40-da Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmişdir. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasının əvvəli tutulduğu tarixdən, yəni 18 may 2022-ci il tarixdən hesablanmalıdır.Belə ki, ünvan 2ərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş, 18 may 2022-ci il tarixdə Bakı şəhəri Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinin əməkdaşları tərəfindən tutulmuş və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Həmçinin, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin olunduğuna görə onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri qüvvədə saxlanılmalıdır. Eyni zamanda, ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan əziyyət çəkdiyi və müalicəyə ehtiyacı olduğuna görə ona narkomaniyadan məcburi müalicə təyin olunmalı və qeydiyyatda olduğu yerin narkoloji dispanserində qeydiyyata alınmalıdır. Bundan başqa, CMP-nin 353.4.10-cü maddəsinə əsasən iş üzrə ekspertizanın keçirilməsi üçün məhkəmə xərci – 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Həmçinin CPM-nin 353.5.5-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan və Binəqədi RPİ-də saxlanılan narkotik vasitə olan qalıq çəkisi 0,496 qram heroin qalığı məhv edilməli və iş üzrə maddi sübut- təqsirləndirilən şəxsin üzərinə axtarış keçirilməsini özündə əks etdirən 1ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, müdafiçəsi məhkəmə prosesində təyinatla iştirak etdiyindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli Qərarına əsasən hüquqi yardımın göstərilməsinə görə, hər iş saatı üçün 6 manat miqdarında Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesabına keçirilməlidir. Müəyyən edilir ki, Müdafiəçi hazırki iş üzrə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı 30 saat vaxt sərf etmişdir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 318.1, 344-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs 19 yanvar 2022-ci il tarixdən 20 yanvar 2022-ci il tarixədək həbsdə olduğu 02 (iki) gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs yekun olaraq 7 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli tutulduğu tarixdən, yəni 18 may 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və qeydiyyatda olduğu yerin narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə ekspertizanın keçirilməsi üçün məhkəmə xərci – 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına – VÖEN **********, X5 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT.Bik CTREAZ 22 hesabına ödənilsin. İş üzrə maddi sübut olan və Binəqədi RPİ-də saxlanılan narkotik vasitə olan qalıq çəkisi 0,496 qram heroin qalığı məhv edilsin. İş üzrə maddi sübut-təqsirləndirilən şəxsin üzərinə axtarış keçirilməsini özündə əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı sərf etdiyi 30 saat hüquqi xidmətin dəyəri 180 (yüz səksən) manat "xxxx"ASC-nin Binəqədi filialına(kod 200156,VÖEN **********,m/hAZ37 NABZ********************. S.W.İ.F.T. B.İ.K:AİİBAZ 2X,hesab№AZ48AİİB ********************, VÖEN-1000 597151) Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar