Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-283/2025 28.02.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim: Nəsibov Samir Nadir oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Bayramov Tural Ural oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirəndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx 1956-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, təqaüdçü, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir. Belə ki, o, tamah niyyətilə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs2 əri X1 təqaüdünün bərpa edilməsində köməklik edəcəyi barədə yalandan vəd edərək, həmin məsələnin müsbət həlli üçün 20 dekabr 2021-ci il tarixdə ünvan 2 ünvanının qarşısında Şahid1 vasitəsi ilə 3910 manat məbləğində pul vəsaitini Zərərçəkmiş şəxs2 alıb ələ keçirərək, etibarından suiistifadə və aldatma yolu ilə Zərərçəkmiş şəxs2 3910 (üç min doqquz yüz on) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs3 tibb bacısı kimi işə düzəlməsi üçün sertifikasiya imtahanından keçirəcəyi barədə yalandan vəd verərək, həmin məsələnin müsbət həlli üçün 30 dekabr 2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Teymur Yaqubov küçəsində qızı Şahid2 vasitəsilə 4000 manat məbləğində pul vəsaitini Zərərçəkmiş şəxs3 alıb ələ keçirərək, təkrarən etibardan suiistifadə və aldatma yolu ilə Zərərçəkmiş şəxs3 4000 (dörd min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs1 kəsilmiş əlillik təqaüdünün bərpa edilməsində köməklik edəcəyi barədə yalandan vəd edərək, həmin məsələnin müsbət həlli üçün 14 avqust 2023-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən 2 saylı Dəmiryolu poliklinikasının qarşısında 3000 manat məbləğində pul vəsaitini Zərərçəkmiş şəxs1 alın ələ keçirərək, təkrarən etibardan suiistifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs1 3000 (üç min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, etdiyi əməldən peşmandır və hazırda bu hərəkətlərinə görə çox utanır. Zərərçəkmiş şəxsləri onunla rəfiqəsi tanış etmişdir. O, pulları alarkən həqiqətən də zərərçəkmiş şəxslərə kömək etmək fikrində olmuş, lakin ona işlərin dayandırıldığı və gözləməli olması bildirilmişdir. O, aldığı pulları heç kimə verməmiş, şəxsi istifadəsi üçün xərcləmişdir. Lakin, ittiham aktında yazılan məbləğlər bir qədər şişirdilmişdir. İş üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 hər biri ayrı-ayrılıqda məhkəməyə ərizə ünvanlayaraq, Təqsirləndirilən şəxs ilə barışdıqlarını, onlara dəymiş ziyanın tam ödənildiyini və Təqsirləndirilən şəxs qarşı hər hansı tələb və şikayətlərinin olmadığını bildirmişlər. Məhkəmə istintaqı zamanı ifadə verən Şahid1 ifadəsində göstərmişdir ki, tanışları Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs ilə o, tanış etmişdir. 20 dekabr 2021-ci ildə Zərərçəkmiş şəxs2 əri X1 təqaüdünün bərpa edilməsində köməklik göstərilməsi məqsədilə Təqsirləndirilən şəxs verilməsi üçün ona 3910 (üç min doqquz yüz on) manat pul vermiş, Təqsirləndirilən şəxs həmin pulu onun yaşadığı evə gələrək, ondan götürmüşdür. Eyni zamanda 30 dekabr 2022-ci ildə Zərərçəkmiş şəxs3 tibb bacısı kimi işə düzəlməsi üçün sertifikasiya imtahanından keçməsinə köməklik göstərilməsi məqsədilə onun iştirakı ilə Təqsirləndirilən şəxs qızı Stellaya 4000 (dörd min) manat məbləğində pul vermişdir. Bundan başqa, Təqsirləndirilən şəxs onun yanında tanışı Zərərçəkmiş şəxs1 kəsilən əlillik təqaüdünün yenidən bərpa olunmasına köməklik göstərəcəyini vəd edərək, Zərərçəkmiş şəxs1 3000 (üç min) manat məbləğində pul almışdır. O, Təqsirləndirilən şəxs onun tanışlarına yardım edə biləcəyini düşündüyündən, həmin şəxsləri Təqsirləndirilən şəxs ilə tanış etmiş, başqa hər hansı niyyəti olmamışdır. Məhkəmə istintaqı zamanı ifadə verən Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun anasıdır. 30 dekabr 2022-ci ildə anası Gülzarı həkimə aparmışdır. Həkimdən çıxdıqdan sonra anası Gülzar ayağında problem olduğu üçün onunla birlikdə anasının rəfiqəsi Şahid1 evinə getməsini xahiş etmişdir. Onlar taksi tutaraq, həmin ünvana getmişlər. Anasının ayağında problem olduğu üçün taksidə gözləmiş, o, taksidən düşərək Şamamanın evinə getmişdir. Həmin evdə o, adını sonradan bildiyi Zülfiyyə ilə görüşmüşdür. Şamama və Zülfiyyə anasına çatdırmasını deyib, 4000 (dörd min) manat pul vermişlər. O, da həmin pulu götürüb, taksidə gözləyən anasına vermişdir. Həmin pulun anasına nə üçün verilməsi barədə məlumatı olmamışdır. İş materiallarında olan: - “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 60); - “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən ********* saylı cinayət işi üzrə icraat dayandırılmışdır (i.v. 64); - “Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir (i.v. 67); - “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2024cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v. 99-100); - “Üzləşdirmə haqqında” xx.xx.2024-cü il tarixli 01521 nömrəli Protokoldan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs1 üzləşdirilmiş, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs1 kəsilən əlillik təqaüdünün yenidən bərpa edilməsinə köməklik göstərməsi məqsədilə Təqsirləndirilən şəxs 3000 (üç min) manat verdiyini, lakin Təqsirləndirilən şəxs onu aldatdığını bildirmiş, Təqsirləndirilən şəxs isə onun dedikləri ilə razılaşmışdır (i.v. 114-115); - “Üzləşdirmə haqqında” xx.xx.2024-cü il tarixli 01522 nömrəli Protokoldan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs3 üzləşdirilmiş, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs3 tibbi bacısı kimi işə düzəlmək üçün sertifikasiya imtahanından keçməsinə köməklik göstərməsi məqsədilə Gülzara çatdıması üçün onun qızı Stellaya rəfiqəsi Şamamanın iştirakı ilə 4000 (dörd min) manat verdiyini, lakin Təqsirləndirilən şəxs onu aldatdığını bildirmiş, Təqsirləndirilən şəxs isə onun dedikləri ilə razılaşmışdır (i.v. 117- 118); - “Üzləşdirmə haqqında” xx.xx.2024-cü il tarixli 01523 nömrəli Protokoldan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs2 üzləşdirilmiş, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs2 əri X3 veriləcək əlillik təqaüdünün düzəlməsi ilə əlaqədar köməklik göstərməsi məqsədilə Təqsirləndirilən şəxs 3910 (üç min doqquz yüz on) manat pul verdiyini, lakin Təqsirləndirilən şəxs onu aldatdığını bildirmiş, Təqsirləndirilən şəxs isə onun dedikləri ilə razılaşmışdır (i.v. 119-120); - Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur (i.v. 109). Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş şəxslərin və şahidlərin ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması məsələsində qeyd edir ki, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar vardır. Belə ki, məhkəmə baxışında Təqsirləndirilən şəxs müdafiəçisi yazılı vəsatət verərək, müdafiə etdiyi şəxsə verilmiş ittihamın Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 hissəsində 2 illik cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyindən həmin hissələr üzrə verilmiş ittihama xitam verilməsini, digər zərərçəkən Zərərçəkmiş şəxs1 hissəsində isə ziyan 3000 (üç min) manat təşkil etdiyindən və ziyan tam olaraq ödənildiyindən, əməlin Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə tövsif edilməklə cinayət işinə ümumilikdə xitam verilməsini xahiş etmişdir. Məhkəmə baxışında dövlət ittihamçısı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə ittihamdan qismən imtina edərək, ittihamın müdafiəsinin həmin Məcəllənin 178.1-ci maddəsi ilə davam etdirilməsini və onun barəsində cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Dövlət ittihamçısı fikrini onunla əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs üç epizod üzrə törətmiş olduğu əməl nəticəsində vurulmuş ziyan 3910 manat, 4000 manat və 3000 manat təşkil edir. 1-ci epizod üzrə cinayət 2021-ci ilin dekabr, 2-ci epizod üzrə cinayət 2022-ci ilin dekabr, 3-cü epizod üzrə isə cinayət 2023-cü ilin avqust ayında törədilmişdir. Təqsirləndirilən şəxs törətmiş olduğu birinci və ikinci epizod üzrə cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçmişdir. Həmçinin, G.Sərəfovanın Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə ittiham olunması ilə bağlı qeyd edir ki, həmin epizod üzrə ziyan tam ödənildiyindən və zərərçəkmiş şəxsin Təqsirləndirilən şəxs qarşı hər hansı tələbi olmadığından, başlanmış cinayət təqibinə xitam verilməlidir. Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi dövlət ittihamçısının mövqeyi ilə razı olduqlarını bildirdilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 32.2.8-ci maddəsinə müvafiq olaraq dövlət ittihamçısı cinayət təqibini həyata keçirir və cinayət təqibindən imtina edir. Həmin Məcəllənin 41.3-cü maddəsinə əsasən dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən və bu Məcəllənin 40.3-cü və 40.4-cü maddələrində göstərilən cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Dövlət ittihamçısı bəraətverici əsaslar olmadıqda təqsirləndirilən şəxs barəsində ittihamdan müdafiə tərəfinin razılığı ilə imtina edir. Qeyd olunan Məcəllənin 43.1.1-ci maddəsinə uyğun olaraq məhkəmə baxışı gedişində dövlət ittihamçısı cinayət təqibindən imtina etdikdə, 43.1.2-ci maddəsinə uyğun olaraq isə bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Cinayət-Prosessual Məcəllənin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 40.3-cü maddəsinə uyğun olaraq şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Cinayət-Prosessual Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Sözügedən Məcəllənin 318.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə uyğun olaraq bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 75.1.1-ci maddəsinə görə böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 15 mart tarixli Qərarında xüsusilə qeyd edilmişdir ki, təkrarlıq cinayətlərin çoxluğunu ehtiva etdiyindən, şəxsin bu əlamət üzrə məhkum edilməsi mütləq şəkildə onun məhz iki və ya daha çox cinayətin törədilməsində təqsirli bilinməsinə əsaslanmalıdır. Şəxs eyni zamanda iki və ya daha çox eyni və ya həmcins cinayətlərin törədilməsində təqsirli bilinməlidir ki, onun əməlində cinayətlərin çoxluğunu nəzərdə tutan Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddələrinin tərkib əlamətlərinin mövcudluğunu göstərmək mümkün olsun. Məhkəmə baxışı nəticəsində təkrarlığa daxil olan iki cinayətdən birinə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi müəyyən edilərsə və bu səbəbdən həmin əmələ görə cinayət təqibinə xitam verilərsə, təqsirləndirilən şəxsin əməlində cinayətlərin çoxluğu mövcud olmadığından, onun əməlinin təkrarlıq əlaməti üzrə tövsif edilməsi də istisna edilir. Bu səbəbdən ikinci əmələ münasibətdə bütün hüquqi məsələlər, o cümlədən cinayət məsuliyyətinə cəlb etmə müddətinin müəyyən edilməsi ikinci əməlin təkrarən törədilən əməl kimi deyil, belə əlamətlə müşayiət olunmayan cinayət kimi həll edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, eyni və yaxud həmcins yeni cinayətin törədilməsi əvvəlki cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin axımını kəsmir və bu səbəbdən cinayətlərin təkrar törədilməsi vəziyyətində də yeni cinayətin törədilməsi təkrarlığa daxil olan əvvəlki cinayətə müstəqil cinayət kimi yanaşılmasını və ümumiyyətlə təkrarlığı təşkil edən hər bir cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin ayrı-ayrılıqda hesablanmasını istisna etmir. Həmin Qərara əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin tələbləri baxımından hər bir cinayətə görə məsuliyyətə cəlb etmə müddəti müstəqil hesablandığından, eyni və yaxud həmcins cinayətlərin təkrar törədilməsi zamanı əvvəlki əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi halda ikinci əməl təkrarlıq yarada bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cinayət məsuliyyətinə cəlb etmə müddətlərinin keçməsi əsası ilə cinayət təqibindən imtina olunduğundan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs 20 dekabr 2021-ci il tarixdə Zərərçəkmiş şəxs2 3910 (üç min doqquz yüz on) manat, 30 dekabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs3 Ziyad qızına 4000 (dörd min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etməsi epizodları üzrə cinayət təqibinə xitam verilməli, onun əməli Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsindən həmin Məcəllənin 178.1-ci maddəsinə tövsif edilməlidir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 ilə barışdığından və dəymiş ziyanı tamamilə ödədiyindən həmin Məcəllənin 178.1-ci maddəsi üzrə cinayət məsuliyyətindən azad edilərək, onun barəsində cinayət təqibinə xitam verilməli və seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 30 saat üçün nəzərdə tutulan 180 (yüz səksən) manat ödənilməlidir. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 43, 344-347-ci, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Cinayət məsuliyyətinə cəlb etmə müddətlərinin keçməsi əsası ilə cinayət təqibindən imtina olunduğundan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs 20 dekabr 2021-ci il tarixdə Zərərçəkmiş şəxs2 3910 (üç min doqquz yüz on) manat, 30 dekabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs3 Ziyad qızına 4000 (dörd min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etməsi epizodları üzrə cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2ci maddəsindən həmin Məcəllənin 178.1-ci maddəsinə tövsif edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs həmin Məcəllənin 178.1-ci maddəsi üzrə cinayət məsuliyyətindən azad edilsin və onun barəsində cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına 30 saat üçün nəzərdə tutulan 180 (yüz səksən) manat pul ödənilsin və həmin vəsaitin ödənilməsi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilsin. Qərardan elan edildiyi andan 20 gün müddətində Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Samir Nəsibov
Məhkəmə qərarları › İş №1(001)-283/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-283/2025
28.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver