Məhkəmə qərarları › İş №1(001)-284/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-284/2024

19.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-284/2024 19.04.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Hüseynov Xəyal Nemət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Məhəmməd qızının, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1982-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına etap olunmuş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Aparılmış istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2023-cü il tarixdə saat 21:44 radələrində Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospektində yerləşən “Turan.A” restoranında qutab bişirmək üçün nəzərdə tutulmuş otaqdan öz cinayətkar niyyətini həyata keçirmək məqsədi ilə ətrafda heç kəsin olmadığından əmin olduqdan sonra, otağın qapısını açaraq qanunsuz daxil olaraq dolabdan Zərərçəkmiş şəxs Məhəmməd qızına məxsus 30 manat dəyərində əl çantasının içərsindən şəxsiyyət vəsiqəsi, 400 manat dəyərində taxma diş və 800 manat nağd pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs Məhəmməd qızına ümumilikdə 1230 (min iki yüz otuz) manat məbləğində ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ona elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, uzun müddətdir ki, müxtəlif yerlərdən oğurluq edir, bu əməlinə görə bir neçə dəfə məhkum olunmuşdur. Sonuncu dəfə 2021-ci ildə Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi məhkum edilmiş, 14 noyabr 2023-cü il tarixdə azadlığa çıxmışdır. Azadlıqa çıxdıqdan sonra iş tapa bilmədiyi üçün müxtəlif yerlərdən oğurluqlar etmişdir. xx.xx.2023-cü il tarixdə axşam saatlarında Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsinə oğurluq etmək üçün gəzən zaman yaxınlıqda yerləşən “Turan .A” restoranını görmüşdür. Restorana daxil olduqda sol tərəfdə mətbəxdə qutab hazırlamaq üçün nəzərdə tutulmuş otağın olmasını görmüş, həmin otağa kənar şəxslərin girişi qadağan olduğu üçün orada qiymətli əşyaların olmasını düşünmüşdür. Bu səbəbdən qeyd olunan otağın qarşısına gəlmiş ətrafa baxış keçirmiş heç kimin olmadığından əmin olduqdan sonra qapını açıb otağa daxil olmuş, girişdən sağ tərəfdə ağ rəngli qab yığmaq üçün nəzərdə tutulmuş dolabın üzərində bir ədəd qara rəngli qadın çantası olmasını görmüş, dərhal qeyd olunan əl çantasını oğurlayaraq restorandan uzaqlaşmışdır. Restorandan çıxdıqdan sonra çantanın içərisinə baxış keçirmiş, orada 800 manat pulun olmasını görüb, pulu götürmüş, sonra çantada başqa qiymətli əşyanın olmamasından əmin olduğu üçün çantanı restoranın yaxınlığında olan zibil qabının içərisinə atmışdır. Daha sonra oradan uzaqlaşmış, qeyd olunan 800 manat pulu şəxsi ehtiyaclarını ödəmək üçün xərcləmişdir. 30 yanvar 2024-cü il tarixdə polis əməkdaşları onu saxlayarkən qeyd olunan restorandan oğurluq etməsini əks etdirən video görüntünü təqdim etdikdə onlara videodakı şəxsin özü olduğunu və oğurluq hadisəsini törətdiyini etiraf etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs məhkəmədən onun barəsində ədalətli cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs Məhəmməd qızı ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdən Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospektində yerləşən “Turan.A” restoranında qutab bişirən işləyir. Qutab bişirdiyi otaq restoranın mətbəxi ilə bitişikdir. İş saatı gün ərzində 10:30-dan 22:30-a qədərdir. xx.xx.2023-cü il tarixdə saat 10:30 radələrində işə gələrkən geymini dəyişdikdən sonra özünə məxsus bir ay öncə 30 manata aldığı, içərsində 400 manat dəyərində taxma diş, 800 manat nəğd pul və şəxsiyət vəsiqəsi olan qara rəngli əl çantasını qutab hazırladığı otaqda olan dolabın üzərinə qoymuşdur. Otağa kənar şəxslərin girişi qadağan olduğu üçün rahat şəkildə işlərini görməyə başlamışdır. Otağın qapısında kənar şəxslərin qirişinin qadağan olması baradə yazı vardır. xx.xx.2023-cü il tarixdə saat təqribən 22:45 radələrində geyimini dəyişdikdən sonra dolaba yaxınlaşaraq əl çantasını götürmək istəyərkən çantanın yerində olmamasını görmüş, ətrafa baxış keçirmiş lakin çantanı tapmamışdır. Sonra restoranda olan təhlükəsizlik kameralarına baxış keçirən zaman xx.xx.2023-cü il tarixdə saat 21:44 radələrində bir nəfər kişi cinsinə mənsub 40-45 yaşlarında şəxsin qutab hazırladığı otağa qanunsuz daxil olaraq dolabdan əl çantasını oğurlayaraq oradan uzaqlaşdığını görmüşdür. Bu səbəbdən xx.xx.2023-cü il tarixdə DİN-in 102 ximdəti zəng mərkəzinə zəng vurmuş, eyni zamanda ərizə ilə Binəqədi RPİ-nin 4-cü PŞ-nə müraciət etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs Məhəmməd qızı əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs ona məxsus əl çantasını oğurlayan zaman o da qutab bişirilməsi üçün nəzərdə tutulmuş otaqda olmuşdur, lakin şəxsin içəri daxil olduğunu və onun çantasını götürdüyünü görməmişdir. Çantanın içərisində olan pul bacısının yas mərasimi ilə bağlı toplanan pul olmuşdur. O həmin gün işə gəldikdən sonra rayonda bacısının qırx mərasiminə gedəcəyi üçün 800 manat məbləğində pulu da üzərində götürmüşdür. Bundan əlavə təqsirləndirilən şəxs çantada puldan başqa heç bir qiymətli əşyanın olmadığını bildirsə də, ona məxsus olan keramika dişlər də çantada olmuşdur, həmin dişlərə o ümumulikdə 400 manat pul ödəmişdir. Bununla bağlı qəbzləri də ibtidai istintaq zamanı təqdim etmişdir. Hazırki vaxta qədər ona dəymiş olan ziyan ödənilməmişdir, bu səbəbdən ondan şikayətçidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli qərardan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs Məhəmməd qızının əmlakının oğurlanması ilə əlaqədar toplanmış material üzrə fakta görə CM-in 177.1-ci maddəsi ilə cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli hadisə yerinə baxış haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs məxsus əl çantasının oğurlandığı yer Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospektində yerləşən “Turan.A” restoranın qutab hazırlamaq üçün nəzərdə tutulmuş otaqdır. xx.xx.2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş diskdən görünür ki, baxış zamanı müəyyən edilmişdir ki, disk “CD” formatlıdır, disk açıldıqda içərisində bir ədəd “mp4” formatlı görüntü aşkar olunmuşdur. CD-də əks edilən görüntülərdə Təqsirləndirilən şəxsCabbar oğlunun 27 dekabr 2023-cü il tarixdə saat 21:44 -da Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospektində yerləşən “TuranA” restoranın girişdə sol tərəfdə yerləşən otağın qapısında dayanaraq ətrafa baxış keçirir ətrafda heç kimimin olmadığından əmin olduqdan sonra qapını açaraq qanunsuz otağa daxil olur, otaqda sağ tərəfdə yerləşən ağ rəngli dolabın üzərindən Zərərçəkmiş şəxs məxus qara rəngli əl çantasını gizlin olaraq oğurlayaraq restorandan uzaqlaşmışdır. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs Məhəmməd qızı istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. “Uğur Dent” Stomotoloji klinikaya ödənilmiş satış çekinin surətindən görünür ki, keramika üçün xx.xx.2023-cü il tarixdə 200 manat, xx.xx.2023-cü il tarixdə 200 manat olmaqla, ümumilikdə 400 manat pul ödənilmişdir. xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 23:00-da CM-in 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2024-cü il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğurluq cinayətini törətdiyi hadisə yerini əyani olaraq göstərmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl CM-in 177.1-ci maddəsindən həmin Məcəllənin 177.2.3-cü maddəsinə tövsif edilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(001)-92/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. DİN-in Baş Əməliyyat və Satatistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş tələbnamə və müvafiq hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinib barəsində 03 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Azərbaycan Respubilkası Milli Məclisin xx.xx.2021-ci il tarixli amnistiya qərarı ilə cəzadan azad edilmişdir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 177.2.3-cü maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən səmimi peşmanlıq hissi keçirməsini CMin 59.2-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. CM-in 18-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-in 83.3.3 az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmədə tədqiq edilmiş və işdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən, eləcə də müvafiq hökmün surətindən görünür ki, Əliyev X1 Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinib barəsində 03 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Azərbaycan Respubilkası Milli Məclisin xx.xx.2021-ci il tarixli amnistiya aktına əsasən cəzadan azad edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs az ağır cinayətin törədilməsinə görə məhkum edilmiş, məhkumluğu ödənilmədən və ya götürülmədən yenidən AR CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsini cinayətlərin residivi kimi CM-in 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (əvvəllər məhkum olunmasını və məhkumluğunun ödənilməmiş və ya götürülməmiş olmasını), zərər çəkmiş şəxsə vurulmuş olan ziyandan ödəniş etməməsini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 177.2.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümumyaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. CM-in 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmədə tədqiq edilmiş və işdə olan 30 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 30 yanvar 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və saxlanma yerinə təhvil verilmişdir. 01 fevral 2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(001)-92/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs 30 yanvar 2024-cü il tarixdən bu günə kimi həbsdə saxlanılmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddəti ona təyin olunacaq cəza müddətinə daxil edilməli və cəza müddətinin əvvəli 30 yanvar 2024-cü il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə sübut növü kimi tanınmış bir ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə cəmi 30 (otuz) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 30 (otuz) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 180 (yüz səksən) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs Məhəmməd qızı cinayət hadisəsi zamanı ona vurulmuş ziyanın ödənilməməsi ilə bağlı ibtidai istintaq və məhkəmə istintaqı zamanı mülki iddia ilə müraciət etməmişdir. Qeyd olunanlara və CPM-in 180.2-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə Zərərçəkmiş şəxs Məhəmməd qızına cinayət hadisəsi nəticəsində dəymiş ziyanın ödənilməsi məqsədi ilə mülki mühakimə icraatı qaydasında iddia vermək hüququnun olması izah edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə ekspertiza xərci və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 30 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut növü kimi tanınmış bir ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 180 (yüz səksən) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. İş üzrə Zərərçəkmiş şəxs Məhəmməd qızına cinayət hadisəsi nəticəsində dəymiş ziyanın ödənilməsi məqsədi ilə mülki mühakimə icraatı qaydasında iddia vermək hüququnun olması izah edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar