Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-289/2021 10.09.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimov Elçin Əhəd oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Bakı şəhərində doğulmuş, ailəli, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, işləməyən, Bakı şəhəri, ünvan 1 ünvanda qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 11 yanvar 2021-ci il tarixdə, saat 15 radələrində Bakı şəhəri, ünvan 3 ünvanın qarşısında istintaqa məlum olmayan şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək əvvəlcədən aralarında olan razılaşmaya və qurulmuş cinayət planına əsasən o, həmin ünvana Ford Tranzit markalı, Az**-BE-*** dövlət qeydiyyat nişanlı yük avtomobili gətizdirmiş və cinayət qrupunun üzvü ilə birlikdə orada yerə qoyulmuş Zərərçəkmiş şəxs məxsus hər birinin dəyəri 672 manat, uzunluğu 6 metr, diametri 30 sm, çəkisi 250 kq olan 2 ədəd dəmir boruları yük avtomobilinə yükləyərək aparmaqla gizli talayıb zərərçəkmiş şəxsə ümumilikdə 1344 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs, ona Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, H.Ağamalıyev küçəsi, ev 7 saylı ünvanda yerdə dəmir boru olmasını görmüş, həmin borunu götürüb satmaq qərarına gəlmiş, yola çıxaraq bir “Ford Tranzit” markalı avtomobili saxlatdırmışdır. Həmin sürücü ilə 2 ədəd borunun daşınması üçün qiyməti 15 manata razılaşmışlar. O, maşına minərək, həmin borular olan yerə getmişlər, boruları köməkliklə maşına yükləmişlər və dəmir qəbulu məntəqəsinə apararaq orada borunu 79 manata satmışdır. O, cinayəti tək törətdiyini, istintaq zamanı əldə olunmuş video görüntüdə olan boruları avtomobilə yükləməyə kömək edən şəxsi tanımadığını, həmin şəxsi boruları götürdüyü yerə gələn zaman parkda ona kömək etməsini xahiş etdiyi şəxs olmuşdur. Həmin şəxsə boruları oğurlayacağı barədə heç bir söz deməmişdir. “Ford Tranzit” markalı avtomobilin sürücüsü Şahid1 boruları oğurladığı barədə məlumat verməmişdir. Hazırda törətdiyi cinayət əməlindən peşman olmaqla zərərçəkmiş şəxslə barışmış və ona dəymiş ziyanı tamamilə ödənilmişdir. Ona görə də, məhkəmədən yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 177.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, o, yaşadığı evin eyvanının qarşısına təxminən 10-15 il bundan əvvəl 2 ədəd dəmir boruları hər birinin həmin tarixə uyğun məzənnəyə ilə 500 dollara almış, eyvanını artırmağa imkanı çatmamışdır. Həmin boruları uzun müddət eyvanın aşağısında saxlamışdır. 11 yanvar 2021-ci il tarixdə, saat 16 radələrində qonşuları ona zəng vurararaq həyətdən “Ford Tranzit” markalı avtomobilin çıxdığını və üzərində də ona məxsus boruların olduğunu bildirmişlər. O dərhal evə gəlmiş, boruların olmamasını aşkar etmişdir. O, qonşuluqda olan evin kamerasından baxmış, bir “Ford Tranzit” markalı maşının gələrək 3 nəfər sürücü ilə birlikdə aşağı düşüb boruları maşına yükləyib, çıxıb getmələrini görmüşdür. Hazırda satışda həmin borular 1000 manatdan aşağı satılmır. Həmin borular adətən artırılmış eyvanın altına qoyulan dayaq kimi istifadə olunur. Hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, cinayət hadisəsi nəticəsində ona dəymiş ziyan tamamilə ödənilmiş, təqsirləndirilən şəxslə barışmış və ona həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, qeydiyyat şəhadətnaməsi üzrə ona məxsus olan Az**-BE-*** dövlət qeydiyyat nişanlı, “Ford Tranzit” markalı avtomobil ilə fərdi əməklə məşğuldur. Bakı şəhəri, Binəqədi rayonu, Mehdiabad qəsəbəsi tərəfə hərəkətdə olarkən ünvan 4 ünvanın yaxınlığında 2 nəfər əyinlərində köhnə-fəhlə paltarı olan şəxslər avtomobilini saxlatmışlar. Həmin şəxslər onunla yükü “Baksol yolu” deyilən yerə aparılması üçün qiymət 15 manata olmaqla razılığa gəlmişlər. Həmin şəxslərdən biri əynində dəri gödəkcə geyinmiş, sonradan adını bildiyi Təqsirləndirilən şəxs maşınına minmiş, digəri isə piyada getmişdir. Maşında həmin sərnişin gedəcəkləri ünvanı göstərmiş, mindiyi yerdən təxminən 150-200 metr uzaqlığa sürmüşdür, onlar yaşayış binasının qarşısında balkonun altında dayanmışlar. Maşından düşəndən təxminən 1 dəqiqə sonra ikinci şəxs gəlmiş, maşının arxa qapısını açıb, boruları maşına yükləmişlər. Maşına yenə Təqsirləndirilən şəxs minmiş, ikinci şəxs piyada olaraq “Baksol yolu” deyilən yerdə dəmir götürülən yerə gəlmişlər. O, boruları deyilən yerə apararaq maşını tərəziyə çıxartmış, borular ölçülmüşdür. Ona 15 manata razılaşsalar da Təqsirləndirilən şəxs 13 manat yol haqqı verdikdən sonra çıxıb getmişdir. Boruların oğurluq olmasından məlumatı olmamış, zərər çəkmiş şəxsə boruları boşaldıldığı yerdən alaraq özü qaytarmışdır. Məhkəmə iclasına çağırılmış Şahid2 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 25.01.2021-ci il tarixli qərardan görünür ki, 11.01.2021-ci il tarixdə, saat 16:38 dəqiqədə Bakı şəhəri, ünvan 3 ünvanda yaşayan vət.Zərərçəkmiş şəxs telefonla Azərbaycan Respublikası DİN-in 102 zəng xidməti mərkəzinə yaşadığı evin qarşısından ona məxsus olan tikinti materiallarının Az**-BY-*** dövlət qeydiyyat noşanlı avtomobilə yüklənərək oğurlanmasına dair vermiş olduğu məlumat əsasında Binəqədi RPİ-nin 4-cü PŞ-də toplanmış sənədlər, əsas isə qeyd olunan tarixdə həmin ünvandan oğurluq cinayətinin törədilməsi faktına görə CM-in 177.2.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. (i.v.1) 11.01.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, oğurluq hadisəsi Bakı şəhəri, ünvan 6 ünvanda baş vermişdir. (i.v. 8-10) Şahid2 istintaqa təqdim etdiyi 11.01.2021-ci il tarixli kassa məxaric orderi surətindən görünür ki, 11 yanvar 2021-ci il tarixdə Təqsirləndirilən şəxs 282 kq metal boru satmasına görə 79 manat pul verilmişdir. (i.v. 31) 05.02.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs saxlanılan zaman Şahid2 tanınmaya təqdim olunmuş, qarşısında dayanan 4 nəfər kişi cinsinə mənsub şəxslərdən Təqsirləndirilən şəxs tanıyaraq boruları ona satan şəxsin olmasını bildirmişdir. (i.v. 34-36) 05.02.2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs kimi tutulmuşdur. (i.v.50-51) 06.02.2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşmə zamanı Şahid1 istintaqa vermiş olduğu ifadəsini Təqsirləndirilən şəxs üzünə deməklə təsdiqləmişdir. (i.v.61-63) 07.02.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona Azərbaycan Respublikası CM-in 177.2.1ci maddəsi ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. (i.v.65-66) Binəqədi rayon Məhkəməsinin 07.02.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirini seçilməsindən imtina olunmuşdur. (i.v. 84-87) 07.02.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v.88-89) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 31.03.2021-ci il tarixli 9/826 saylı rəyindən müəyyən olunur ki, aparılmış ekspert tədqiqatı nəticəsində, Respublikada yerləşən inşaat materiallarının satışı məntəqələrində mövcud olan qiymətlərə və təqdim edilmiş məktubda olan məlumatlara əsasən, tədqiq edilən 2 ədəd uzunluğu 6 metr, divarın qalınlığı 30 mm, diametri 300 mm olan su boruları hazırki vəziyyətdə, 11 yanvar 2021-ci il tarixə, köhnəlməsini nəzərə alaraq respublika daxili orta bazar pərakəndə satış qiyməti təxminən 1344 manat olması müəyyən edilir. (i.v.111-114) 20.02.2021-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İİnin 26.02.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs 22.12.2003-cü il tarixdə Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsi ilə şərti maliyyə vahidi 500 misli cərimə 2.750.000 manat məbləğində cərimə cəzasına məhkum olunmuşdur. (i.v.98- 99) 1 mart 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuşdur. (i.v.103) 1 mart 2021-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-in 53.1.3-cü maddəsi ilə dayandırılmışdır. (i.v.105) 29 aprel 2021-ci il tarixli protokoldan və məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutularaq Binəqədi RPİ-nin MSY-nə təhvil verilmişdir. (i.v.115-116) 29.04.2021-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə icraat təzələnmişdir. (i.v.117) Binəqədi rayon məhkəməsinin 01.05.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmişdir. (i.v.128) 01 may 2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir.(i.v.129-130) 16.05.2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, iş üzrə maddi sübut kimi tanınmış hər birinin uzunluğu 6 metr, diametri 30 sm, çəkisi 250 kq olan 2 ədəd dəmir boruları saxlanılması üçün sahibi-Zərərçəkmiş şəxs təhvil verilmişdir, 1 ədəd “CD” disk cinayət işinə əlavə edilmişdir. (i.v. 132-137) AZE 11545088 və AZE 11545083 nömrəli şəxsiyyət vəsiqələrindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 10.12.2014-cü il təvəllüdlü X2 adlı və 17.08.2016-cı il təvəllüdlü X3 adlı iki azyaşlı uşağı vardır. 10.09.2021-ci il tarixli ərizədən görünür ki, iş üzrə Zərərçəkmiş şəxs dəymiş ziyan tam olaraq ödənilmiş, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışmış və ona qarşı heç bir şikayəti, tələbi yoxdur. Ona görə də, təqsirləndirilən şəxsə məhkəmədən yüngül cəza təyin olunmasını xahiş etmişdir. Beləliklə məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs ittihamda qeyd olunan əməlləri törətməsi onun qismən etiraf edici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 177.2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs cinayəti tək törətməsi barədə verdiyi ifalədər zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təkzib olunur. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 177.2.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayətlər hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, CM-in 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində az yaşlı uşaqlarının olmasını, 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə edilməsini və yenə həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini səmimi etiraf edərək əməlindən peşman olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 177.2.1-ci maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini və cəzasını yüngülləşdirən halları nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin etməklə onu cəmiyyətdən tam təcrid etmədən yaşayış yeri üzrə azadlığını məhdudlaşdırmaqla onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İ.Hacıyev küçəsi, 26 A saylı evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmədə tədqiq edilmiş və işdə olan 05.02.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 05.02.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 07.02.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Binəqədi RPİ tərəfindən verilmiş vəsatət Binəqədi Rayon Məhkəməsi tərəfindən təmin edilməmiş, 07.02.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yer getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. 29 aprel 2021-ci il tarixli protokoldan və məktubdan görünür ki, Təqsirləndirilən şəxshəmin tarixdə tutularaq Binəqədi RPİ-nin MSY-nə təhvil verilmiş, Binəqədi rayon məhkəməsinin 01.05.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş, 01 may 2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs 05.02.2021-ci il tarixdən 07.02.2021-ci il tarixədək, 29.04.2021-ci il tarixdən 01.05.2021-ci il tarixədək 04 gün şübhəli və təqsirləndirilən şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs, hazırkı cinayət işi üzrə 05.02.2021-ci il tarixdən 07.02.2021-ci il tarixədək, 29.04.2021-ci il tarixdən 01.05.2021-ci il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 04 gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanıb, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, məhkəmə CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış hər birinin uzunluğu 6 metr, diametri 30 sm, çəkisi 250 kq olan 2 ədəd dəmir boruları saxlanılması üçün sahibi-Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalı, 1 ədəd “CD” disk cinayət işi materiallarında saxlanılmalıdır. Həmçinin məhkəmə, CPM-in 197.1.4-cü maddəsinə əsasən hesab edir ki, məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş 50 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclasları zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə cəmi 45 saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə, cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 45 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə iclasları zamanı göstərdiyi cəmi 45 saat hüquqi yardıma görə Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 270 manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 05.02.2021-ci il tarixdən 07.02.2021-ci il tarixədək, 29.04.2021-ci il tarixdən 01.05.2021-ci il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 04 gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İ.Hacıyev küçəsi, 26 A saylı evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə maddi sübut kimi tanınmış hər birinin uzunluğu 6 metr, diametri 30 sm, çəkisi 250 kq olan 2 ədəd dəmir boruları saxlanılması üçün sahibi-Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış 1 (bir) ədəd “CD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işi materiallarında saxlanılsın. İş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X1 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə iclasları zamanı göstərdiyi cəmi 45 (qırx beş) saat hüquqi yardıma görə Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 270 (iki yüz yetmiş) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mahirə Kərimova
Məhkəmə qərarları › İş №1(001)-289/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-289/2021
10.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver