Məhkəmə qərarları › İş №1(001)-289/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-289/2025

03.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-289/2025 03.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhər 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1971-ci il tarixdə Kəlbəcər rayonu, Qaraçanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, ailəli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Kəlbəcər rayonu, Qaraçanlı kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra-CM) 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə şəxsiyyətləri istintaqla araşdırılan Nəsimi və İlham adlı şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs1 Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar metrostansiyasının yaxınlığında məcburi köçkünlər üçün tikiləcək binalardan birində mənzil almağa köməklik göstərilməsi ilə əlaqədar 2019-cu ilin fevral ayında Zərərçəkmiş şəxs1 özünə müraciətindən sonra yüksək vəzifədə işləyən şəxslərlə yaxın münasibətlərinin olduğunu və həmin şəxslər vasitəsi ilə qeyd olunan məsələni həll etmək imkanına malik olmasını yalandan vəd edərək, həmin məsələnin müsbət həlli üçün 2019-cü ilin fevral ayında Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən “Kəlbəcər” kafesində 10.000 manat məbləğində pul vəsaitini sonuncudan alıb ələ keçirərək, etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs1 10.000 (on min) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə şəxsiyyətləri istintaqla araşdırılan Nəsimi və İlham adlı şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs2 Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar metrostansiyasının yaxınlığında məcburi köçkünlər üçün tikiləcək binalardan birində mənzil almağa köməklik göstərilməsi ilə əlaqədar 2019-cu ilin aprel ayında Zərərçəkmiş şəxs2 özünə müraciətindən sonra yüksək vəzifədə işləyən şəxslərlə yaxın münasibətlərinin olduğunu və həmin şəxslər vasitəsi ilə qeyd olunan məsələni həll etmək imkanına malik olmasını yalandan vəd edərək, həmin məsələnin müsbət həlli üçün 2019-cü ilin aprel ayında Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən “Kəlbəcər” kafesində 14000 manat məbləğində pul vəsaitini sonuncudan alıb ələ keçirərək, etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs2 14.000 (on dörd min) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, o, tikinti materialları mağazası işlətmişdir. O, mağazanı işlətdiyi dövrdə əvvəlcə Nəsimi, daha sonra isə Rauf adlı şəxsləri tanımışdır. Həmin Rauf adlı şəxs vasitəsi ilə hazırki iş üzrə zərərçəkmişlər Yasin və Elşadı tanımışdır. Nəsimi adlı şəxslə bir dəfə söhbət zamanı evinin olmamasından bəhs etmiş, Nəsimi isə ona İlham adlı tanışının olduğunu, İlhamın məcburi köçkünlər üçün müəyyən edilmiş evləri istənilən şəxsə düzəldə biləcəyini bildirmişdir. O, ev almaq müqabilində Nəsimigilə pul vermişdir, lakin onun da işi alınmamışdır. Ona ilk dəfə 10000 manat pul verilmiş və o, həmin vəsaiti aparıb İlhama vermiş, İlham isə ona həmin puldan 1000 manat pul vermişdir. Elşaddan aldığı 14000 manatı isə qorxduğu üçün heç kimə verməmiş və özündə saxlamışdır. Fikirləşmişdir ki, 10000 manat verib, amma hələ iş düzəlməmişdir. O da həmin şəxslərin üstünə düşmüşdür ki, məsələni həll etsinlər. Lakin, hər dəfə onu bir bəhanə ilə aldatmışlar. Hətta, İlhamla Yasin və Elşadı görüşdürdükdə, İlham bildirmişdir ki, istəyirlərsə pulu qaytarsın. Lakin, Yasin və Elşad pulun geri qaytarılmasını istəməmiş, evlərin verilməsini istəmişlər. Bundan sonra İlham vəfat etmişdir. Digərləri isə pulun İlham tərəfindən alınmasını və pulun İlhamda olmasını əsas gətirərək məsələni boyunlarından atmışlar. Elşadın verdiyi 14000 manatın hamısı onda qalmış, lakin o, həmin 14000 manatı xərcləmişdir. O, verilmiş ümumi ittiham üzrə ümumilikdə 19500 manat pulu geri qaytarmış, 4500 manat pul qalmışdır ki, həmin məbləği də ödəyəcəkdir. Verilmiş suala cavab olaraq Elşaddan aldığı 14000 manatın onun tərəfindən həmin şəxslərə verilmədiyini, onun özündə qaldığını bilmədiyini bildirmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs1 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, o, Şahid Sumqayıt şəhərində təsadüfən tanımış və dostluqları yaranmışdır. Şahid Sumqayıt və Bakı şəhərlərində məcburi köçkünlər üçün evlərin tikildiyini və hansı səbəbdən oradan ev almadığını dedikdə o tanışının olmadığını bildirmişdir. Rauf isə özünün tanışı olduğunu, bu ev məsələləri ilə bağlı köməklik edə biləcəyini bildirmişdir. O, Raufun dediyi ilə razılaşmış və onlar Təqsirləndirilən şəxslə Xırdalan dairəsində yerləşən Kəlbəcər kafesində görüşmüşlər. Görüşdə o, Rauf və Azər olmuşdur. O, Təqsirləndirilən şəxs həmin görüşdə tanımış və Azər evlə bağlı köməklik edə biləcəyini söyləmişdir. O, Azərə evin alınması üçün ümümilikdə 24000 manat verməli idi. Həmin məbləğin 10000 manatını öncədən, 14000 manatı isə iş alındıqdan sonra verəcəkdi. 10000 manatı həmin görüşdükləri gün verməmişdir. İlkin olaraq Azər onları Yasamala, yəni evlərin tikildiyi yerı aparmış evin orada olacağını bildirmişdir. Azər, 3 otaqlı mənzil üçün təklif etmiş, o da razılaşmışdır. Daha sonra Azər 10 gün möhlət istəmiş və bu işlə məşğul olan adamlarla danışıb məlumat verəcəyini bildirmişdir. 10 gündən sonra onlar yenidən Kəlbəcər kafesində görüşmüşlər. Həmin vaxtı orada özü, Rauf, Elşad və Azər olmuşdur. Orada 10000 manatı Azərə vermişdir. Ondan sonra almaq istədiyi evlər qohumu Zərərçəkmiş şəxs2 xoşuna gəldiyindən o da ev almaq istəmişdir. Elşad ev alınması üçün onun yanında Kəlbəcər adlı kafedə Azərə 14000 manat pul vermişdir. Azər müəyyən vaxt keçdikdən sonra hər dəfə bir bəhanə gətirərək evlərin tikintisinin başa çatmadığını bildirmişdir. Sonda onlar məcbur qalıb, polisə şikayət etmişlər. Azər ilk olaraq ona 3900 manat, daha sonra iki dəhə ayrı ayrı vaxtlarda 3000 manat olmaqla ümumilikdə 9900 manat pul vəsaitini geri qaytarmışdır. Verilmiş suallara cavab olaraq İlham adlı şəxsi yaxından tanımadığını, onlarla görüşə Sənan adlı şəxsin gələcəyini gözlədiklərini, daha sonra onlarla görüşmək üçün bir nəfər şəxsin gəldiyini, Azərin gələn həmin şəxsin Sənanın yaxın adamı olan İlham olduğunu, İlhamın onlara pulların Sənanın seyfində olduğunu, 1-2 həftə gözləmələrini dediyini, binanın artıq tikildiyini, onlara təqdim edilməli evlərin təmirli şəkildə təhvil veriləcəyini bildirmişdir. Onlar hətta binaya girib, mənzillərə də baxmışdılar. O, Nəsimi adlı şəxsin adını istintaqda öyrənmiş, bu söhbətlər baş tutan zaman Nəsimi adını ümumiyyətlə eşitməmişdir. Azərə pulları 2019-cu ilin fevral ayında vermiş, verdiyi puldan Raufa pul çatıb-çatmaması barədə isə heç bir məlumatı yoxdur. Məhkəmə çıxışında Zərərçəkmiş şəxs1 təqsiləndirilən şəxs tərəfindən ödənilməmiş 100 manatın da hazırda ona ödənildiyini, ona vurulmuş bütün ziyanın tam şəkildə ödənildiyini, təqsirləndirilən şəxslə barışdığını və ona qarşı hər hansı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs2 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, Şahid onlara sözügedən yolla ev almağın mümkün olduğunu bildirmişdir. O, Raufu əvvəlcə tanımamış, Raufun haqqında Yasin ona məsələni həll edə biləcəyini deyərək müsbət rəy vermiş, onlar da Raufla razılaşmışlar. Danışıqlardan sonra onlara qiymət və evin yeri bildirilmişdir. Hətta Yasamal rayonunda «İnşaatçılar» metrosunun yanında yerləşən binaya gedərək mənzilə də daxil olub baxmışlar. O, 4 otaqlı mənzilin alınması üçün 14000 manatını əvvəlcədən, 14000 manatını isə evlər hazır olduqdan sonra ödənilməsi şərti ilə ümumilikdə 28000 manata razılaşmışmışlar. 14000 manatı 2019-cu ilin aprel ayında Binəqədi raonu ərazsində Xırdalan dairəsində yerləşən Kəlbəcər adlı kafedə vermişdir. Pulu verərkən kafedə Azər, Yasin və Rauf olmuşdur. Pulu verdikdən xeyli müddət keçməsinə baxmayaraq evlə bağlı heç bir şey həll olunmadığından şübhələnmişlər. Pulu verdikdən sonra onun avtomobili ilə Azərlə birlikdə «Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin» qarşısına getmişlər və orada Azər idarəyə daxil olmuş, özü isə onu çöldə gözləmiş, daha sonra Azər gələrək Sənan adlı şəxslə görüşdüyünü və pulu verdiyini bildirmişdir. Oradan isə Mərdəkana gedərək Azər sənədləri Kəmalə adlı xanıma təqdim etmişdir. Dediklərinə görə, işin düzəlməsində əsas şəxslərdən biri də Kəmalə xanım idi. Onlar həmin xanımla Mərdəkanda Sosial Təminatlar İdarəsinin yanında görüşmüşlər. O, Azərin Kəmalə adlı xanıma sənəd təqdim etməsini görmüşdür. Evlərin 2 aya təhvil veriləcəyi bildirilsə də, evlər təhvil verilməmişdir. Rauf yalanlar danışmağa başlamış və iş uzanmışdır. Onlar əsas şəxs kimi təqdim edilən Sənan gələrək onlarla görüşməsini tələb etmişlər. Lakin, onlarla görüşməyə Sənan gəlməmiş və Sənanın yerinə İlham adlı şəxs gəlmişdir. Azərin şəxsən Sənan adlı şəxslə görüşməsinin şahidi olmamışdır. İlhamla görüş zamanı özünü təqdim edərək Sənanın yerinə gəldiyini və özünün də həmin idarədə işlədiyini bildirmişdir. Həmin görüşdə o, Yasin, Azər və Fuad olmuşdur. Həmin görüş zamanı İlham söz vermişdir ki, 2 həftəyə evlər onlara veriləcəkdir, pullar isə Sənanın seyfindədir. Daha sonra onlar həmin İlham adlı şəxsi bir daha görməmişlər. Verilmiş suallara cavab olaraq isə bildirmişdir ki, Azər tərəfindən ona vurulmuş ziyandan 9500 manatın qaytarıldığını, 4500 manat isə qaytarılmadığını, bütün vəsaiti Azərə verdiyini, Sənan Hüseynov kamera altında və digər şəxslərin iştirakı ilə onu qəbul etdiyini, görüş zamanı Sənan Hüseynova olan problemləri danışdığını və adının hallandığını bildirdiyini, Sənan Hüseynovun isə deyilən şəxsləri tanımadığını bildirdiyini, həmin evlərin əslində məcburi köçkünlərə pulsuz verildiyini, lakin başqa yolla ev əldə edə bilmədiyi üçün bu yola əl atdığını bildirmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, o, Təqsirləndirilən şəxs 2011-ci il tarixdən tanıyır. Zərərçəkmiş şəxs1la isə Sumqayıt şəhərində işləyən zaman tanış olmuşdur. Yasin ona məcburi köçkün kimi ev almaq istəyini və belə bir tanışı olduğu halda xəbər etməyini bildirmişdir. O da Yasini Azərlə tanış etmişdir. Xırdalan dairəsində yerləşən Kəlbəcər adlanan kafedə görüşmüşlər. Orada Yasin və Azər belə razılığa gəlmişlər ki, Yasin əvvəlcə pulun bir hissəsini, yəni 10000 manatını Azərə verəcək, iş baş tutduqdan sonra isə geri qalanını 14000 manatı verəcəkdi. Həmin 10000 manatı Yasin onun yanında Azərə vermiş və Azər isə ona düzələn kimi xəbər verəcəyini bildirmişdir. Sonra isə Yasin Elşad adlı qohumunu gətirmiş və Elşadın da ev istədiyini bildirmişdir. Yenidən Kəlbəcər adlı kafedə o, Elşad və Yasin Azərlə görüşmüş, görüş zamanı Elşad onun yanında ev düzəltmək müqabilində 14000 manat miqdarında pul vəsaitini Azərə vermişdir. Daha sonra isə ev məsələləri alınmamışdır. Onun həmin söhbətlərdə iştirak etməkdə məqsədi sadəcə kömək etmək olmuş, ona heç kim hər hansı bir pul vəsaiti və sair təklif etməmişdir. O, Azərin özündən sonuncun ev düzəltdiyini eşitmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli “Cinayət işi başlanmasının rədd edilməsi barədə qərarın ləğv olunması və cinayət işi başlanması haqqında” qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar ləğv edilərək material üzrə AR CM-nin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. xx.xx.2022-ci il tarixli “Hadisə yerinə baxış keçirilməsi barədə” protokol və əlavə edilmiş foto-cədvəldən görünür ki, hadisənin baş verdiyi “Kəlbəcər” kafesi Bakı şəhəri, Binəqədi rayonu, Bakı-Sumqayıt şossesinin Masazır qəsəbəsi istiqamətində avtomobil yolunun sağında yerləşir. xx.xx.2024-cü il tarixli “Üzləşdirmə haqqında” protokoldan görünür ki, X7 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə aparılmış, X1 Azər Nəriman oğlunun törətdiyi əməli sonuncunun üzünə qarşı demişdir. xx.xx.2024-cü il tarixli “Üzləşdirmə haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə aparılmış, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs törətdiyi əməli sonuncunun üzünə qarşı demişdir. xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. xx.xx.2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilərək ona həmin maddələrlə nəzərdə tutulmuş ittiham elan edilməsi, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 oğlunun əməlində Azərbaycan Respublikası CM-nin 312-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində həmin maddə ilə Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsaən cinayt təqibinin başlanmasının rədd edilməsi, Şahid və X8 barəsində CM-nin 178.2.1,178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, X6 və Nəsimi adlı şəxsi müəyyən etmək mümkün olmadığı üçün ********* nömrəli cinayət işindən onların barəsində CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət işi ayrılaraq icraata götürülməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixli “Cinayət İşinin ayrılması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından X3 və Nəsimi adlı şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmış, ayrılmış cinayət işinə ********* nömrəli cinayət işindən müvafiq sənədlərin əsli və ya surəti siyahı üzrə əlavə edilmiş və cinayət işi müstəntiq tərəfindən icraata qəbul edilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrlə ittiham elan edilmişdir. xx.xx.2024-cü il tarixli “Qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. xx.xx.2024-cü il tarixli “İttiham aktının təsdiq edilmədən cinayət işinin əlavə istintaqa qaytarılması və təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərarın ləğv olunması haqqında” qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Binəqədi rayon polis idarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis polkovnik-leytenantı Elzadə Cəfərov tərəfindən qəbul edilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməklə ittiham aktı təsdiq edilmədən cinayət işi əlavə ibtidai istintaq aparılmasından ötrü Binəqədi rayon polis idarəsinin İstintaq şöbəsinə qaytarılmışdır. xx.xx.2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə ittiham elan edilmişdir. xx.xx.2024-cü il tarixli “Qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə təqdim edərək ona vurulmuş 14000 manat ziyandan 11000 manatının ödənildiyini, 3000 manatın isə ödənilmədiyini bildirmişdir. xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə təqdim edərək ona vurulmuş ziyanın tam şəkildə ödənildiyini, təqsiləndirilən şəxslə barışdığını, ona qarşı hər hansı şikayət və tələbinin olmadığını bildirmişdir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin həm ibtidai istintaq zamanı həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələri, zərərçəkmiş şəxslərin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə və ya təkrar törədildikdə yaxud xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeyd hissəsinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177- 182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ başa düşülür. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarının 1-ci bəndinə əsasən törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarın 4-cü bəndində göstərilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin ifadələrinin və şahidin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4cü maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarının 39-cu bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. Məhkəmə, CM-nin Təqsirləndirilən şəxs 59.1.13-cü maddəsinə əsasən zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 qarşı olan epizod üzrə vurulmuş ziyanı tam olaraq ödəməsini, CM-nin 59.1.14-cü maddəsinə əsasən digər zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 qarşı olan epizod üzrə dəymiş ziyanın qismən ödənilməsi (14000 manatdan 11000 manatının ödənilməsini) və CM-in 59.2-ci maddəsinə əsasən səmimi ifadə verməklə əməlini etiraf etməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, yuxarıda göstərilən cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq təqsirləndirilən şəxsin cəmiyyətdən tam təcrid edilmədən də islah olunmasının mümkün olması qənaətinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi AR CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs üzərinə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, maddi sübut, məhkəmə xərcləri yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi cinayət işinin materialları ilə tanış olmaqla təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 45 (qırx beş) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 270 (iki yüz yetmiş) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il, 3 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 2 ünvanında yerləşən yaşayış yerini gecə saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq və kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın və cəzanın icrası onun yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya İdarəsində həvalə edilsin. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 270 (iki yüz yetmiş) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar